LƏLƏ HAQQINDA
I mətn
Lələ çəliyin atarmış, çəliyi hara düşsə, orda qalarmış. Rəvayətə görə, çəliyini atanda gəlif düşüf bizim qəbirsannığın yanına. Orda da dünyasını dəyişif. O günnən bu günə biz bir ojax kimi gedif Lələnin qəbrini ziyarat eliyərik, nəzir qoyarıx, çırax yandırarıx.
II mətn
Bura (Əhmədallar kəndi – top.) onun qışlağıymış, Lələtəpə də yaylağıymış. Zəvvarlar Həcc ziyaratına, Kərbala ziyaratına gedəndə gəlif burdan keçirmişdər. Bir kişi də gəlif ayləsiynən burdan keçəndə Lələnin evində düşüllər. Lələnin də atasının, anasının uşağı yoxuymuş, sonsuzuymuşdar. Düşüflər orda çay içiflər, çörək yeyiflər. Deyiflər:
– Qardaş, oğuldan-uşaxdan nəyin var?
Deyif:
– Heş bir şeyimiz yoxdu.
O kişi deyif ki, gedirəm həcc ziyarətinə. Onda da gedif gəlmək bir il çəkirmiş. Mən gələndə gördüm ki, Allah-taala sənə bir övlad verif, demək mənim ziyaratım qabul oluf. Yox, vermiyifsə, deməli mənim ziyaratım qabul döylü.
Vaxt gəlir, vədə gəlir. Ər-arvad deyillər, neyniyək? Neynəsinnər? Eylə döylü ki, palçıxdan düzəldələr. Ziyaratdan gələnnərdən qabax atdılar gəlirmiş ki, bəs zəvvarlar ziyaratdan gəlir. Xəbər gəlif çatır ki, bəs zəvvarlar gəlir, səhərə, bürsüyünə çatajaxlar. Deyif, ə, neyniyək, nətər eliyək? Bular ər-arvad məsləhətdəşillər. Yüyrüh qurullar, içinə uzun daş qoyullar, üsdünü də örtüllər. Deyillər, gələndə deyək ki, uşağımız var, yatıf. Allaha şükür, ziyaratınız qəbuldu. Qoy buların ürəyi arxayın olsun.
Kişi gələndə çıxıflar qabağına. Deyif:
– Hələ məni bir arxayın eliyin görüm, mənim ziyaratım qabul oluf? Allah-taala sizə övlad verif?
Deyir:
– Əşi, bəs nətəri? Ziyaratın qabul oluf, düş gəl bəri.
Kişi sevincək düşüf. Deyif:
– O uşağı maa göstərin.
Deyiflər ki, otur, hələ bir dincəl. Uşağ ağlağanın biridi, güjnən yatırmışıx. Deyir, yox, fərq eləməz, gərək görəm. Qalırlar məhətdəl. Gediflər yaylığı belə qaldıranda görüllər uşax əliynən, ayağıynan oynuyur. Kişi də qalıf məhətdəl, arvad da qalıf məhətdəl. Deyiflər, qardaş, əsil qabul olunan ziyarat səninkidi. Qara daşı gör Allah-taala necə övlada çevirdi. Bizim övladımız yoxuydu, and bu, Quran bu, daş idi, qoymuşdux ora. Bu söhbət Lələnin yadında qalıf. Deyif:
Lələyəm başdan mən,
Yemərəm hər aşdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.
-
ƏLİ BULAĞI3
Əli bulağı çox möcüzəli bir bulaxdı. Ev boyda qayadı, bir yerində yarığı var. Rəvayətə görə, deyillər burda susunnan qırılırmışdar. Həzrət Əli gəlif zülfüqarnan buranı vurufdu. Su başdıyıfdı çıxmağa. Bu gün də o su ordan axır. Qara daşın içinnən o su axır. Daşın da üsdündə bir dənə böyük əl izi var. Onu da deyillər, guya Həzrət Əli o qədər zərbnən vurur ku, o qaya aşmax isdiyif, əlini verif dayandırıf. Elə heylə də duruf.
Ora qurban aparırdılar. On qoyundan, on beş qoyundan biri, indi kimin nəziri qəbul olurdusa, düşürən kimi özü o bulağın başına fırranırdı. Qurbannıx qoyun gəlirdi, əl-ayağın bağlamaq lazım olmurdu. Yıxıf kəsirdilər çabalamırdı. Bir də orda bir möcüzə var. O qayanın üsdündə narlar bitir. Amma qəlbi nar döyüldü. Nə böyüyüf qalxmırdı, nə də quruyuf getmirdi. Nar vaxdı o nar çiçəhliyirdi, yarpaxlıyırdı, nar bağlıyırdı. Narın pipiyi olur ha, düz piyinnən gül açırdı. İyi də cənnət iyi, behişt iyi deyillər ey, bax o iydən idi. Doymax olmurdu. Bir ay, bir ay on gün orda qalırdı, sora o gül solurdu.
Ora əsas uşağı olmuyannar gedirdi. Kimsə nəzir eliyirdi ki, Əli bulağına qoyun nəzir eliyirəm, evladım olsun. O nəzir hasil olanda o qoyunu aparıf kəsirdi. Əgər həmin vaxt orda ayrı adam varsa, ona da pay verirdi, yoxsa gətirirdi kətdə paylıyırdı.
-
ÇIRAQ OCAĞI
Çıraqlı dağı var, böyük dağdı. O dağının düz təpəsində gəvənin ortası boyda belə çala var, ora pir deyirdilər. Ora hər adam çıxa bilməzdi. Əsasən yağınnıx illərində, quraxlıx illərində camaat çıxırdı pirə, ziyarət eliyirdi, qayıdıf gəlif heyvan alıf kəsif kasıba-kusuba paylıyırdı. Heç beş gün çəkmirdi, yağış dünyanı dağıdırdı. Yağınnıx olanda çıxırdılar yalvarırdılar, kəsirdi. Dolu duası deyirdilər. Onu aparıf o pirdə hərriyif, gətirif sərhətdərimizə basdırırdılar. O ili aşağı kəndi dolu dağıdırdı, bizimkinə dəymirdi. Ora da adi çala idi, amma dağın düz zirvəsində idi. Ancaq onun qəribə bir möcüzəsi var idi. Gejə hardan baxırdınsa, orda bir dənə şəfəq var idi. Da yalo döyüldü ki, göyə qalxa. Yaxınnaşırdın on beş metr qalanda görürdün yanır da, amma onnan yaxına gəlirdin, görürdün heş nə yoxdu. Aralaşırdın, görürdün genə yanır.
-
EŞQ-ABDAL ZİYARƏTGAHI4
O pirin yüz əlli il tarixi olar. Bizim kəntdə bir dənə arvad Baharrı kəndinə ərə gedif. Özü də çox varrı-hallı bir yerə ərə gedifdi. Deməli, o arvada orda nə qədər dünyanın nazın-nemətin töküflər, deyif yox ey, mən Abdalsız yaşıya bilmirəm. Vallah, ürəyimə yatmır. Neçə il orda yaşıyıf bilmirəm. Bir gejə duruf qarda-qiyamatda, çovğunda qaçıf ordan ki, gedirəm kəndə, dözə bilmirəm. Gəlif o Eşq-Abdal deyilən yerdə ölüf. Onu da səhər gəlif tapıflar. Görüflər ki, ölüfdü. Onnan ora ziyarətgaha dönüf. O arvad niyə öldü? Abdalın eşqinə öldü də. Eşq-Abdal ordan qalmadı. O arvad da abdallar nəslindən oluf, ocaq oluf.
-
QƏRVƏND OCAĞI
I mətn
Avdaləmda bir ojax varıdı, o ojağa Qərvənd ojağı deyirdilər. O vaxtı aylarnan, illərnən Kərbəlaya, Haca gedərdilər atnan, uzunqulaxnan. Neçə aya da gəlif çıxardılar. Ordan bir daş gətirif qoyufdular həmən o dediyim ojağa. O daşı mən bir yol görmüşəm. Bax, sənin bu diktafonun boydadı. Zər qoymur ku, ona əməlli baxasan. Adamın gözünə girir o daşın işıxları. Həylə bir daşıdı. Sora dedilər orda oturan nəyrahat adamlara görə o daş gedif. Divarın içində bir oyux vardı, o daş ordaydı, onu da iki ilan qoruyurdu. Ağzı əyilmiş adamlar gəlif orda gejəliyirdilər, səhər duruf görürdün kü, ağzı düzəlif. O ilannar adamı vurmurdu, onnar ojax ilanıydı.
Həmən o ojağın üsdündə oturan Firəngiz arvad, çirkin bir arvadıdı, di gəl Allah onun xətrin çox isdiyirdi, xoş bir insanıdı. Anamın əmisi arvadıydı Firəngiz. Can verəndə anam dedi ki, onun yanında mən oturmalıyam. Ağbirçəhdi dayna, ta bunun çənəsin-zadın çəhsin. Dedi ki, Firəngiz hələ canın tapşırmamışdı, elə ölməh üzreydi ki, ilan gəldi əyağımızın yanına. Tərpəmmədih qorxumuzdan, dörd arvad oturmuşdux. Balaja nəzih ilan gəldi onun ağzınnan, üzünnən yalıyan kimi canı çıxdı. Belə inanılmış ojaxlarımız varıdı.
II mətn
Məmməd kişi ziyarətə getməh isdiyir Məşədə – İmam Rza Ağanın qəbrinə. Bir gün yola düşür. Onda da piyada gedif gəlirmişdər. İndiki kimi samalyot, maşın yoxuymuş. Həvgə olur iki gözlü, atırmışdar çiyinə. Bir gün bu xurcunun içinə iki dənə təndir çörəyi qoyur, bir qumuma5 da su qoyur, düşür yola. Allah-taala buna nətər rusqat verirsə, bu üç ay yol gedir eyni çörəhnən, bir bardax suynan. Elə yolda yorulurmuş, otururmuş, yeyirmiş, içirmiş, qoyurmuş xurcuna, genə də oturanda baxırmış eynidi: iki çörəh burdadı, bir bardax su burda. Bu minvalnan gedif çatır ora.
Orda qapıda duran bir kişi varımış. Deyifdi ki, gəl ay Allahın bəxtəvəri, bunnan altıncı səfərdi sən bura gəlirsən. Deyir, sən nə danışırsan? Mən hələ birinci səfərdi bura gəlirəm. Deyir, sən nə danışırsan ey, qırx ildi mən bu qapının ağzında otururam, sən bura altıncı dəfədi gəlirsən.
Heş demə ruhu gedirmiş də, o qədər əməli-saleh insanımış ki, ruhu gedif hərrənif gəlirmiş. Nəysə, bu ziyarət eliyif qayıdanda, bu qurban olduğum İmam Rzanın üsdünnən bir dənə beləcə qara daş hoppanır düşür bunun xurcununa. Kişi bunu yavaşcaja xurcunnan götürüf aparır qoyur qəbrin üstünə, bu beş addım belə gələndə, genə də gəlif düşür xurcuna. Üçüncü səfər bu qapının ağzında oturan kişi buna deyir ki, bəs Allah saa ömürrüh ruzu yetirif, apar. Deyir, qorxuram. Deyir, qorxma, apar. Onnan sora daşı qoyur xurcuna, genə iki dənə çörəhnən, o bir bardax suynan qayıdır. Üç ay gedif, üç ay gəlirmiş. Gəlir evə. Elə bil ki, bunnan irəlidəki evlərin divarında belə balaca oymalar olurdu, daşı qoyuf ora, üsdün örtüf.
Bu ora gedif gələnnən sorasına elə bil hər axşam (onun evi bir az yüksəklikdeydi, evinin aşağısı dərə kimiydi) yeddi dənə maral gəlirmiş, bu kişi bunu sağırmış, gedirmiş. Bu maralın südün bütün qonum-qonşuya verirmiş. Marallar gələnə yaxın bu hər axşam arvadın bir bəhaneynən atası evinə göndərirmiş, nəysə bir iş dalınca ki, bu maralları görməsin. Arvad xeylağıdı də. Səbri çatmıyıf, deyifdi ki, bunu güdəjəm, görüm məni axşamlar niyə göndərir? Sual verir ki, a kişi, bir helə süd hardandı? Deyir, sənə nə, Allah saa ruzudu də yetirif. Yediyini ye, yemədiyini də ver qonşulara, imamın ehsanıdı.
Nəysə, arvad bir gün dözmüyüf, məəm kimi səbirsiz oluf, deyifdi ki, bunu güdəjəm, görüm bu neyniyir? Bir gün də genə axşamüstü olanda deyir ki, mən gedirəm atamgilə. Deyir, yaxşı get. Gedəndə, bunnan irəli evlərin üstündə baja olurmuş. Arvad çıxır yuxarı evin üstünə, kişidən xəlvət. Baxır bajadan. Baxıf görür kü, axşam toran düşəndə aşağıdan – dərədən yeddi dənə maral gəldi. Bu vedrəni götdü getdi maralları sağdı, marallar qayıtdı getdi. Düşür bajadan, qayıdıf gəlir. Deyir ki, kişi, elə bildin kələyi tapbıyajam? Kələyi tutdum. İndi məni agah elə, görüm o marallar nə marallardı? Deyəndə, arvada deyifdi ki, Allah saa nəhlət eləsin, gördün? Ta görmüyəssən. Elə bax o günnən də maralların əyağı kəsildi.
O Qərvənd ojağı elə bir ojağıdı kı, ağzın gedif dururdu, uzax olsun, qulağının divində, bir gejə gedif yatırdın, sabertən duruf görürdün kü, düpbədüzdü. Bu pir, həmən o kişinin evidi. Bu evdə sora bir Firəngiz arvad otururdu, həmən o Məmməd kişinin qızıydı. Kişi ölənnən sora ev qızına qaldı.
Xavərin anasıynan məəm qoja nənəm Sara o arvadın vəzyəti ağırraşanda gedif ona keşih çəkirdilər, elə bil yanında otururdular. Mən uşağıdım onda, onnar gəldilər and işdilər ki, iki dənə ilan biri bu əyağınnan, biri bu əyağınnan o arvadı yalıya-yalıya gəldi, başına çatanda arvadın canı çıxdı. Onnar elə bil qurban olduxlarım olur da.
III mətn
Bizim kətdə bir kişi varımış, bax o Şakirin babası olufdu. Daşa inanmıyıf. Deyif ki, Məmməd gedif çaylaxdan bir daş yuyuf gətirif qoyuf, camaatı alladır. Daşı ordan oğurruyur qoyur cibinə, aparır qoyur sandığa, ağzın da kilitdiyir. Sabertən gəlif deyir ki, Məmməd, gedif çaylaxdan bir daş yuyuf gətirmisən, elə camaatı alladırsan. İndi get görüm o daş yerindədimi? Məmməd deyir, Allah saa nəhlət eləsin, indi get özün bax. Kişi gedif, pərdəni belə eliyif baxıf, görüf kü, daş yerindədi. Onnan sora kişi elə bil qorxusunnan, and içillər ki, bir ay yatdı.
IV mətn
Həmən daşı kənd alınanda gətimişdilər Ağdamın hansısa bir kəndinə, daş özü qayıdıf getmişdi. Arvadın bir yeznəsi varıydı, içəniydi. Biz qaşqın düşdüh, gəldih Ağdamın Xındırıstan kəndinə, ora o arvat da gəlmişdi. Otağın elə bil ortasın kəsiflər pərdeynən, yuxarda arvad olurmuş, aşağıda da bunnar. Kişi indi işmiş imişmi, nədisə, babalı öz boynuna, daş ordan çıxmışdı.
Mən də onda Xındırıstandeydım. Taxıl qarolçusu varıydı, orda təpə kimi yer var, çıxıf ora taxıla baxırmış, görüm taxıla heyvan girmiyifmi. Görüf kü, bax belə şakqaşax-şakqaşax nəysə gedir, sünbüllər də ayna aşır, bayna aşır. Kişi deyirmiş ki, maraxlandım qaşdım dalınca. Getdim gördüm kü, bu boyda qara bir daşdı şakqıldıya-şakqıldıya, hopbana-hopbana gedir. Bax, heylə qayıdıf getmişdi.
-
İLANLI PİR
Muradbəylinin özündə bir dənə də pir oluf. Qoca nənəmin dediyinə görə, ora İlannı pir deyirmişdər. Ətraf kəntdərdən kimi ilan vururmuşsa, ata minif qaçırdırmışdar həmin ocağa. Arvadın dediyinə görə, ilan çalan adam ilannan tez gəlsə, öz-özünə sağalırmış. Yox, əgər ilan onnan qabax gəlif o ocağı yalasaymış, o adam sağalmırmış. Ona görə də ən qaçağan atdara minif gəlirmişdər o ocağa.
Bir gün də anamın əmisi oğlu olur. Bu gedir düzdə atıynan nəysə axtarırmış, deyəsən danasını axtarırmış. O yana, bu yana, qalır şər vaxtına. Bu şər vaxtına qalanda birdən bunun başının üsdünnən nəysə keçir. Bu ha baxır, onu görə bilmir. Bir də ötür keçir, bu kürükür də. Deyir, görən bu nədi belə? Atdan düşür görür ki, ilandı, amma uçur, qanatdarı var, sərçə kimi. Nazih balaca ilanıydı ağapbax, amma başında buynuz kimi bir şey varıydı, qanatdarı varıydı.
Deməli, bu bunu çalmır, uçur da. Uçur gəlir bu yanağına dəyir, o yanağına dəyir. Elə bil şilləliyir bunu, qorxuzur bunu. Bu yazıx axırda bir təhər özünü topalıyır, minir ata, ata bir qamçı düz həmən o ocağa, bu ilan da bunun dalınca uça-uça. Amma elə olur ki, ocağ evinin qapısı bağlı olur, bu gəlir açır özünü onnan qabax salır içəri, ilan axı özünü sala bilmir. Deyir, elə ilan ordaca yıxılıf öldü. Hamı ona yığılıf tamaşa eliyir, çox təəccüb qalıllar ki, Azərbaycanda qanatdarı olan heylə buynuzdu ilan oluf. Bu köhnə dövürdə baş verif, hardasa inqilabdan qabax, Sovet hökümətinnən qabağın söhbətin eliyirəm mən.
-
DEŞİKLİ AĞAC
Ağdamın Qasımlı kəndində bir deşihli ağac varıydı. Deməli, ağac nətəriydi? Yerdən təh gövdə çıxmışdı, sora qayıdıf aralanmışdı, bir də gəlif başdan birləşmişdi. Ortası deşih kimi qalmışdı.
Novruz bayramı olanda ətraf kətdərdən, lap Muradbəylidən də (mən uşax vaxtı getmişəm ora), hamı yığılardı, gedərdi orda qəşəng yelləncəh asardılar, o ağacın yırtığınnan keçərdilər, çilə kəsdirərdilər də. Teyxa bənövşəliyidi, ağaşdığıdı, meşəliyidi. Uşağı olmıyan gəlinnər yoxdu? Gedirdilər o ağacın deşiyinnən keçirdilər. Əgər keçə bilirdilərsə, onun övladı olurdu. Elə adam varıydı, arıx olurdu, amma keçə bilmirdi, onun işi düzəlmirdi.
Və yaxud, niyət tuturdular, deyirdilər ki, mən bu ağacın deşiyinnən keçsəm, bu niyyətim hasil olajax. Baxırdın ki, gövdəli-gövdəli adamlar sürüşüf ordan şıpbıltıynan keşdilər. Amma elə insanlar varıydı, bax elə bircə tikə boyu var, keçə bilmir, neyniyir o deşihdən keçə bilmir. Kim o deşihdən keşsə, sevinə-sevinə gəlirdi ki, işim düzələjəh. İndi bu da xalqın bir inancıymış. Kim də keçə bilmirdi, görürdün kü, məyus oldu. Özdəriynən ora yeməh, işməh aparırdılar, bişirirdilər, düşürürdülər, hamı bir-birin qonax eliyirdi, onnan sora görüşmüyənnər görüşürdü. Pirdə ziyarətdərin eliyif qayıdıf gəlirdilər.
-
SEYİD ƏŞRƏF AĞA
I mətn
Deməli, balaca qardaşı İdris beş yaşında olanda Əşrəf yeddi yaşındaymış. Qaynatam ambardar işdiyirmiş – Seyid Əhməd ağa, cəddinə qurban olduğum. Əşrəf birinci sinifə gedirmiş, dərs bağlanıf. Həmən o vaxt ambardar olannar, sağıcılar sürü-zad aparmırdılar dağa. Bullar gedəndə kişi deyir ki, ay Fatimə, qoy bu uşağı mən bu arvatdarnan göndərim, gözdəri kimi baxajaxlar. Sən gedə bilməzsən. Qoy getsin, Kəlbəcər dağında bir əz dincəlsinnər. Hər şeynən təmin eliyəjəhlər, yeməhlərin, içməhlərin verəjəhlər. Buların ikisin də təhvil verir, göndərir dağa. O qədər dəjəliymiş ki, bu Əşrəf. Tut ağacının lələhlərində gəzirmiş. Heylə uşağmış. Bu gedir o qədər gülün-çiçəyin içində oynuyur. Ona hökm verilən vaxdı elə bil günün gedər vaxtıymış. Bu orda yorulur yıxılır, bu güllərin içində yatır. Uşağmış da. Yatanda görür ki, bir dənə nurani kişi gəldi, girdi bunun yuxusuna. Deyir ki, niyə burda yatmısan? Bu deyir ki, yoruluf yatmışam, baba. Bu deyif ki, nə bildin ki, mən sənin babanam. Deyif, mən nurru kişilərə, başında belə papağı olan kişilərə baba deyirəm. Deyif, mən sənin həqiqətən babanam. Gəlmişəm cəddimin hökmün saa verməyə, bala. Ancax Allah-taala tərəfinnəndi bu. Mənim nəvələrimin, balalarımın içində ancax bu hökmü sən saxlıya bilərsən. Hökmü bu günnən sora verrəm saa. Bu duruf başdıyıf əsməyə. Onnan sora o xəstələndi da, paraliş kimi, bir tərəfi işdəmirdi.
Onun möcüzəsinin biri də həmin vaxt dağda olufdu. Bu yuxudan ayılanda çobanın biri yürüf ki, “seyid balası, seyid balası”, bir qartal yendi aşağa. Qoyunnarın içinnən sizə bir dənə quzu ayırmışdım ki, qayıdanda aparıf qapıza bağlıyajam da, nəzir eləmişəm. Boğazına da ip bağlamışdım ki, dəəşih düşməsin. Qartal yenməynən həmən quzunu aparmağı bir oldu. Deyif ki, əmi, o, əgər mənim quzumu aparıfdısa, qaytarıf gətirəjəh. Çobannar sora gəlif dədəsinə deellər ki, seyid, cəddin hakqı (günün yarısı gedif, batıf dağın dalına), gördüh həmən o gün tərəfdən bir dənə quş çıxıf gəlir. Elə gəlir, elə gəlir, elə bil güllüynən vurmusan. Amma caynağında da nəysə gətirir. Gətdi deyir, o quzunu qoydu sürünün içinə, quzu durdu məliyə-məliyə girdi sürüyə. Ancax qayıtdı başını qoydu yerə, ağzınnan iki damcı qan düşdü, öldü qartal. Bu oldu dana.
İndi çobanın birinin bunnan xəbəri yoxdu. Möcüzəni deyirəm ey... Həmən dəyqələrdə olanı deyirəm. Çobanın biri gəlir ki, əyə, seyid balası, cədda qurban olax. Deyirsiz seyidih dana, bir möcüzə elə. Deyif, inanmırsan mənə, deyirsən möcüzə elə? İndi onca dəyqiyə sən inanassan. Buna inanmayan çoban ata minir gedir. Ata minif elə beş dəyqə aralanmışmış, at götürür bunu çırpır yerə, qılçası sınır. Bir də görüllər, budu, gətirillər, qılçası yanında. Deyir, nədi, indi inandın mənə? Onnan sora burda çox möcüzələr eliyir.
II mətn
Bir gün Arpa çayı daşmışımış. Bu da uşağımış də, gəlif çaya baxdığı yerdə çobannara deyif ki, siz ata minin bu çayı keçin o tərəfə. Deyillər, seyid balası, cədda qurban olax, deyirsən, bu çayı keçəh, balalarımız yetim qalsın? Bizi sel götürüf gedər. Deyif, Allah hakqı, bunu mən deyirəm, siz çayı o tərəfə keçməsaaz, burda yıxılıf öləssiz. Bunu sizə mən deyirəm. O tərəfə keçin, əgər atıızın əəğində su olsa mən cavabdehəm. Bullar, deyir ki, eləməliyih, bu uşağın dediyi olur. Ata oturullar, o tuğyan çayın üsdünnən addıyıllar o yana (Allahın altında o çobannar sağ oleydi). Otdux deyir, keşdih. Onun cəddi hakqı, deyir, atın tükündə bir nəm vardısa. Əliynən belə elədi ki, gəlin keçin bı tərəfə. Gəldih keşdih, atın tükündə bir qram su yoxudu.
III mətn
Deməli, son vaxtdardı, torpaxlar az qalırdı alınsın də. Onda Cəbrayıldan bir yaxşı, imkannı yerin qızının uşağı olmurmuş. Bullar Əşrəfi görmüyüflər, amma adını eşitmişdər ki, belə bir seyid var. Bunun cəddinə nəzir eliyiflər. Gəlif bının bir dənə oğlu oluf. Bullar yığılıflar gəliflər ki, seyidin özün görələr, həm də ağaya qurban gətiriflər. Demir varıdı ey, onun qabağında çinar ağacı varıdı ey. Burda duruflar, soruşuflar. Deellər, hara gessə seyid burdan gəlif gedəjəhdi, yanı burda gözdüyün. Bullar da tanımıllar axı. Bu ağacın başında da quşdar hamısı ”cif-cif-cif” eliyif gəzirmişdər. Bu uşax qışqırıf ki, yekəlmişmiş də, nə bilim neçə aylıxmış, onu maa tut ver, quşu maa tut ver. Anası da uşağın yanına vuruf ki, onu nətər tutum verim? Bu mametdə Əşrəf gəlir çıxır bunun üsdünə. Gör işə bax, möcüzüyə bax. Deyif, ay qızım, uşağı niyə vurursan? Axı, uşağı vurmağa bunun ürəyi yoxudu. Uşaxlardan ötrü həyatın verirdi. Gəlin deyif ki, əşi, görmürsən? Maa deyir ki, o quşu tut ver maa. Yanındakılar deellər ki, aaz, sən kimnən heylə danışırsan? Ağzıı hara vermisən? Aaz, Seyid Əşrəf ağadı ey bu. Oooy, bullar yıxılır: “Ay Seyid, sənin cədda qurban olax, biz elə səni axtarırdıx”. Əlinnən öpən kim, əəğinnən öpən kim. Deyif, kənara durun, day o quşu şaxdırım verim uşağa. Bax, cəddi hakqı. Deyif, bunnan hasad nə var ki, bunnan ötrü uşağı döyürsən? Barmağın belə qaldıran kimi quş gəlif qonur burasına (əli ilə çiynini göstərir – top.), tutur verir uşağa. Uşağ əlində belə saxlıya bilmir, pırıldıyır çıxır quş. Barmağın bir də qaldırır, bir də yendirir. Deyir ki, üçüncü dəfə mənnən dööl ha, qaşsa, mənnih dööl. Uşaxdı da, əlində hərriyir, bir də uçur. Bullar tutullar, ay seyid, cədda qurban olax, gəzdiyin torpağa qurban olax. Bəs biz sənin cəddi çaarmışıx, bu uşağı tapmışıx. Heylə, bala, gəlmişdilər bizə, soora da gedif qurban kəsdilər. Hə... Həmən vaxtı quşu saldırmışdı...
-
SEYİD HƏZİM AĞA VƏ İBRAHİM XAN
Bir dəfə Seyid Həzim ağa yolnan gedirmiş. Seyid Əhməd dədəmin – Əşrəfin atasının onda beş yaşı olufdu. Seyid Həzim ağa Şuşada oluf. Mir Mövsüm Nəvvabın babasıynan doğma əmioğlu oluf. Şuşa da onda balaca şəhərimiş də. Cəddinə qurban olax, Seyid Həzim ağa çox məşhurdu, möcüzələri var.
İbrahim xan deyir ki, mən onun cəddinin hökmün görmüyüncə, mən ona inanmıyajam. Deyir, bir gün böyüh yeməh, işməh hazırradır. Vəziri, vəkili, nə qədər üləmaları varsa yığır, deyir, mən bu gün Seyid Həzim ağanı bura çağırajam, möcüzəsin görməh isdiyirəm. Əgər bir adam o məclisə girəndə ona salam versə, onun başın vurdurajam. Heç kəs ona salam verməsin, nə də yer gösdərməsin. Xəbər verir keşihçilərə-zada. Namaz vaxdıymış. Gəlillər, deyillər ki, cədda qurban olax, ağa, bəs İbrahim xan səni qonax çağırır. Bu kişi o qədər həssas adammış ki, o dəyqə bilif ki, burda bir əmma var, yəqin məni sınamax isdiyir. Def, qoy namazımı qılım, sora. Gözdüyün bir əz. Namazın qılır, gedillər. Tay çağırıf da xan. Qapını açıllar, girir içəri, əssalami-əleykim (Çox da gözəl oluf ey!). Əssalami-əleykim eliyir. Görür bir nəfər də başın qaldırmadı. Xan da oturuf başda eləcə. Heç kəs başın qaldırmır. Fikirrəşir, vallah, qışın günüdü – qarrı gündü, divar sobası yanır. Bircə sobanın üsdüdü də boş. Tay oturmağa yer yoxdu. Küşdən fırranır gedir, görür divar sobası yanır, belə çuxasın qaldırır, oturur divar sobasının üsdündə – o qaynar sobanın üsdündə. Bu şah başın qaldırır görür ki, bu getdi otdu sobanın üsdündə, qıraxlarınnan da od qalxır. Şah deyir ki, ağa, qalx ayağa. Deyir ki, siz oturtmadız ki, özüm oturmuşam, nə sözüüz var, nə tələbiz var mən sizin qulluğunuzdayam. Deyin, məni nədən ötrü çaarmısınız? Oturmuşam, yerim rahatdı. Nə qədər eliyir şah, bu, yerinnən qalxmır. Şah deyir ki, mənim məqsədim buydu ki, sizi sınaxdan keçirim. Sınağa layix seyidsiniz. Özü durur gəlir ayağa, əlin vurur kişinin kürəyinə, qaldırır. Bu belə bir möcüzəydi. Bullar Museyi-Kazımın nəslindən oluf.
-
İMAM PƏRİ
Yaşdı adamlar deyillər ki, bu pirdə İmam Rzanın qız nəvəsi yatır. Elə Horadizdədi. Hamı ziyarət eliyir. Deyillər ki, vaxdıynan bı təh qabırın yanında elatın çoxu yaşıyırmış. Qabır bir az təpənin üsdündədi. Camaat gejələr görürmüş ki, qabırdan işıx gəlir. Gedirmişdər baxmağa, qabırdakı işıx sönürmüş. Bir belə, beş belə, axırda camaat bıra inanır. Başdıyıllar ziyarat eləməyə. Qojalarımız derdi ki, bir dəfə axşam üsdüymüş, bir arvat yun əyirirmiş, cəhrənin arxasındaymış. Görüf kü, birdən qapıda ağ atın üsdündə bir ağ sakqallı nurani kişi dayanıf. Heş arvat qorxmuyuf. Atdı gəlif, dayanıf qənşərində. Salam verif, sora deyif ki, camaata da xavar verin, tezdənnən bırdan köçün.
Deyif:
Deyif ki, sizin mal-heyvanız bıranı mındarrıyır. Arvat səər ərinə, qohum-əqrabasına deyif, heş kim bına inanmıyıf. Üç ağ atdı genə gəlif. Gəlif genə deyif ki, bəs köçün, yoxsa axırız xeyir olmaz. Nəysə, köçən köçüf, qalan qalıf... Deellər üş günnən sora, bırda bir tufan, boran başdıyıf ki, hər şeyi dağıdıf – taxılı, bosdanı, otu, ələfi. Bir şinnik qoymuyuf. Camaatın da çoxu Beyləqana, Dəvəçiyə köçüf.
TAYFA, NƏSİL VƏ YER ADLARI HAQQINDA RƏVAYƏTLƏR
-
BOYƏHMƏDLİ
I mətn
Bizim kəndin bura gəlişi təsadüf edir 1732-1736-cı illərə. Bizim kəndimizdə elə tayfalar var ki, bir-birinə qız vermillər. Bura ən birinci gəlibdi Qazaxməmmədli tayfası. Olar gəliflər Qazaxdan. Daş Salaxlının böyründə oların olduğu kəndin xarabalıxları var. Onnan sora bizim kəndimizə gəlibdi kəndin ən böyük tayfası olan Şillər tayfası. O da Qazaxdan gəlib. Başında duran olubdu Şil Musa, şilliyi olubdu və qardaşı olubdu Dosdməmməd. Qumrunun çinarınnan o tərəfdəkilər Şillər tayfasıdır. Sora bu kəndə gəlif Cirdəxannı tayfası. Olar əriyib yox olublar. Olar Qaradırnaxnan bizim aramızda olublar. Qohumluğ əlaqələrindən bəlli olur ki, oların kökü Göyçəyə çıxır. Onnan sora gəlibdi kəpənəkçilər tayfası. Olar gəlibdi Marneulinin Kəpənəkçi kəndinnən. Bura gəlifdi əfəndilər, cənnətdilər tayfası. Cənnətdilər tayfasının bir tərəfi Gəncəbasar, bir tərəfi göyçəlidi. Bu dəyqə də bu nəslin əksəriyyəti sazda çala bilir, oxuya bilir. Bizim kəndin toylarını aparan da həmin nəslin nümayəndəsidir. Onnan sora bura gəlibdi arabaçılar tayfası. O tayafa da Tapdıq müəllimgil yaşıyan aradadır. Oların Goranboynan qarışığı var.
Tərtərin adı Çaparxana olub. Müharibə başdıyanda – 1991-ci ildə hətda Çaparxana batalyonu da düzəltmişdilər. Şiravannan çıxan çapar Tərtərdə atını nalladıb və ya dəyişib ordan addıyırmış Qarabağ xannığına.
Bura ən axırıncı gələn tayfa 1861-ci ildən sora bizim tayfadı – bozok tayfası. Bozoklar gəlibdi Goranboyun Qaraçinarısınnan. Bizim tayfa dalaşqan tayfa olub. Hətda deyirdilər, bir az olardan aralı gəzin, olar cocoxor6 tayfadı.
Bura gəlib həməş tayfası. Olar həbəş deməkdi. Həmin tayfanın bu dəyqə başı həbəşlər kimi qıvrımdı, dodaxları çöyürmədi, sifətləri həbəşi sifətidi.
Mollamətili, Mollaisələr, Gülgəzdi, Ana Göyüşdü, Bala Göyüşdü, Sərkarlar, Arabaçılar, Cırdaxannılar, Qaradırnax, Hüseynalılar, Həməşdər, Qazaxməmmədlilər, Şillər, Bozoklar, Əfəndilər, Dəmirçihasannılar – otuz iki para kənd hamısı Boyəhmədlidi. Boyəhmədli kəndinin tarixində ən çox rol oynayan bozok tayfasıdır. Kəndin adına əvəllər Halva Boyəhmədli deyirdilər. Bu camaat bura gəlməymiş deyə şahsevənnər buranı talıyırmış. Həftədə bir dəfə beşatılannan bir dəsdə oğlan gəlirmiş buların qoyununu-malını götürüf gedillərmiş. Bizim tayfa burda yerrəşif, bir az özünə gələnnən sora olardan nə qədər adam qırıblar, nə qədər qoyun, mal-qara gətiriblər.
Bir dəfə bizim bir bəyin atı itir. Atı gəzə-gəzə gedir çıxır düz Arazın qırağına, şahsevən camaatının içinə. Gedir görür ki, onun atı hörühlüdü. Obada itdər hürüşür. Bir ağsakqal çıxır ki, bala, kimsən? Deyir, atımı gəzirəm. Deyir, bə nə yaxşı bura gəlmisən? Deyir, bax, o mənim atımdı. Deyir, ay bala, itiyi belə gəzməzdər. Sən atı gösdərirsən, onnan ötrü səni öldürəllər. Sən düz itiyinin üsdünə gəlmisən. Deyir, bala, hardansan? Deyir, Boyəhmədlidən. Deyir, Halva Boyəhmədlidən. Söz kişini tutur. Düzdü, atını verillər, bunu yola salıllar. Bura gələn kimi Qazanpapağ oğlu Məhəmmədin, Balədənin (Bala gədə - top.), Şahmurad oğlu Əsədin yanına gedir. Deyir, bala, başına dönüm. Biz soradan gəlsək də, qaynıyıb qarışmışıx. Bular nətər olur bizə Halva Boyəhmətdi deyillər. Buların ağsakqalı deyir ki, a bala, deməlidilər də. Bu kəndi həmişə olar çapıf-talıyıf, yeyiflər. Bular durullar beş-altı dayıoğlu, xalaoğlu, əmoğlu, hərəsi üş dənə tüfəy götürür. Hər biri bir aynalı götürür, mauzer, beşatılan götürüllər, gedillər oların obalarını alıllar mühasirəyə. Burdan atırmışlar, ordan atırmışlar. Tüfəylər müxtəlifdi axı. Burdan onatılannan atırmış, qaçıb gedib o tərəfdə üçatılannan, mauzernən, naqannan atırmış. Haynan-huynan oların atını, eşşəyini, qoyununu yığıb gətirillər bura. Bir aydan sora oların ağsakqalı gəlir. Deyillər gəlin barışıx eliyək, bir də siz bu kəndə hüjum eləmiyəjehsiz və bu kəndin adına halva demiyəjehsiz.
Dostları ilə paylaş: |