II mətn
Sarıyerdə Əyricənin yataq yerləri vardı, xüsusiyyətçilik devrində mal-qaranı ora aparırdıq. Nənəm deyirdi ki, o vaxdı aranda qalan olmurdu, hamı gedirdi. Deyirdi, biçinçini Kürün o üzünnən gətirirdik. Dağa gedəndə onları burda qoymurdux, özümüznən dağa aparırdıq ki, onlar da dincəlsinlər. Dədəmgilin kəli, kotanı varmış, onları nökərə verirmiş. Toxum da verirmiş, deyirmiş torpağı ək. Dədəmin anbarı vardı. Dədəm deyirdi, onda pulu olana kişi demirdilər, kimin anbarı vardı ona kişi deyirdilər. Bu tərəfin adamları imkannı olub, Kürün o üzünün camaatı bura dolanışığa gəlirdi. Nənəm deyirdi, peyğəmbər bir bura, bir də Ağcabədiyə çəliyini vurub. Ona görə bu rayonlar heç vaxt ac olmaz.
III mətn
Mamalarımı sürgünə göndəriblər. Beş uşaqnan gediblər, ikicəciyi gəlib. Üçü acınnan ölüb. Rusdar gələndə Molla İvrahımı öldürüllər, aparıb Kürə tulluyullar, arvatdarını da – Sitara xanımı, Bənövşə xanımı yeddi il sürgün eliyillər. Beş uşaxnan getmişlər, gələndə ikicəciyi gəlib. Acından qırılıb hamısı. Deyir, yeddi ilin tamamında aminist çıxarılıb, arvadlar gələsidi kəndə. Burdan qohum-əqraba pul göndərib, faytonçu buları gətirməlidi. Faytonçu da rus imiş. Deyif ki, arabanı saxlamağa ixdiyarım yoxdu, yavaş sürəjəm, yolnan getdiyim yerdə daldan minərsiz. Bənövşə arvad minir, mənim mamam Sitara xanım minəmmir. Minəmmiyəndə rus ayna-bayna baxıb, görür heş kim görmür. Atın başını buraxır, düşüb arvadı qujağına alıb qoyur arabaya. Gəliblər bura. Arvad danışırdı ki, gejələr rusun zibilxanasında qavıx-zad yığırdıx ki, ajınnan qırılmıyax. Heylə olub uşaxların üçü ajınnan qırılıb.
-
OĞLANBABA
I mətn
Baba (söyləyicinin cədd babası – top.) düşmənçilik edib, öldürülməkdən qorxub qaçıb gəlib. Burda olduğunu bilən olmasın deyə meşəyə düşüb. Hardan gəldiyi dəqiq bəlli deyil. Babanın üç oğlu olub: Nəsib, Qaraca, Çıraq. Çıraqlılar Mollalıdadı, Qaracallar Nazırlıda, Nəsiblilər isə Məmmədli kəndindədir. Bu kəndin siftəsi meşəyə düşüb. Baba cavan olduğuna görə onu tanımıyan elə bilirmiş ki, yaşdı adamdı. Tanıyan da deyirmiş ki, yaşdı deyil ey, oğlandı. Meşənin adı ona görə Oğlanbaba qalır. 1936-cı ildə Kür daşıb, ondan sora kənd indiki yerinə köçüb. İndi də meşədə yer adları qalır. Ojaxqulular suatı, Qaradağlı suatı, Alyar cüürü12. O vaxdı Kürün qırağı qalın meşə idi. Hər yerdən çayın kənarına enmək mümkün döyülmüş. Alyar ordan bir cığır acıb, camaat həmin cığırnan enib Kürdən su götürürmüş. Ona görə həmin cığırın adı qalıb Alyar cüürü.
Nəsibin üç oğlu olub: Vəli, Əkbər, Ələsgər. Vəlidən qalannara Qırmızı Vəlinin övladları deyillər. Nəyə görə Qırmızı Vəli? Nəsibin oğlanları Hacc ziyaratına gediblərmiş. Geri qayıdanda Hacı Əkbər xəsdələnir. Hacı Əkbər balaca qardaş imiş, uşaqları körpə imiş. Böyük qardaşı Hacı Vəli namaz qılır, ibadət eliyir, sora da əlini tutuf göyə Allaha yalvarıb ki, ay Allah, mənim qardaşımın balaları körpədi, mən onun uşaqlarına cavab verə bilmiyəjəm. O sağalsın, mənim canımı al. Bir günün içində kiçik qardaş sağalıb qalxıb ayağa, Vəli xəsdələnib rəhmətə gedir. Vəlini kəfənləyib Qırmızı dənizdə dəfn eliyillər.
Söyləyicinin şəcərəsi: atası Əli – Kərim – Məşədi Hümmətalı – Hacı Ələsgər – Nəsib – Baba.
II mətn
Köş vaxdı qardaşdarıynan Babanın mübahisəsi düşür. Baba küsüb. Bizim nəsibliyə adətən deyillər küsəyən adamlardı. Bu xüsusiyyət indi də var hamımızda, xətrini isdədiyimiz adamlardan tez küsürük, inciyirik. Guya bu, qardaşlarından küsüb gedib Beyləqan zonasına. Orda bir imkannı adamın yanına gedir. Baxıb görüllər bu diri adamdı. Deyir, mən yetiməm. Bunu bir müddət saxlıyıllar. Bu kişi görür ki, yox, bu yetim adama oxşamır. Bunun malına, heyvanına baxır, qazancından buna da mal-heyvan verir. Dörd-beş il burda yaşıyır, özünə bir sürü heyvan qazanır. Bir gün deyir, mən gedəjəm öz yerimə-yurduma. Deyir, getmə. Deyir, yox, gedəjəm. O vaxt gəlib çıxır Kürün qırağına ki, artıq camaat köç eliyib gedibmiş dağa. Gəlif Nazırlıynan bizim kəndin ərazisində meşənin qırağında bir yer tapıb. Yer düzəldib heyvanın saxlıyır orda ki, artıq gejdi, təkbaşına dağa gedə bilməz. Bir gün görür ki, meşədə nəysə takqatak səs gəlir. Görür ki, biri yarpaq qırır. Öz-özünə deyir ki, bu məni gördü, vəzyətim ağırdı. Keçəjəh o üzə xəbər verəjək, mən tək, bunlar məni birtəər eliyəjək. Xəlvətcə bunu güdür, çəkildən düşən kimi çökür bunun boğazına ki, səni öldürəjəm. Bu da yalvarır buna ki, a kişi, məni niyə öldürürsən? Deyir ki, ya məə söz verginən ki, mənim yerim haqda heş kimə məlumat vermiyəssən, ya da sənin başı kəsib burda tulluyajam. Nəysə, razılığa gəlillər. And-aman eliyir ki, narahat olma, heş kimə yeri demiyəjəm. Deməli bu buna çörəkdən-zaddan tapıb gətirirmiş, bu da heyvanın südünnən, qatığınnan buna verirmiş. O kişiynən heylə dosdaşır, el dağdan gələnə kimi orda keçinir.
Gələnnən sora qardaşdarı buna deyillər ki, Oğlanbaba tərəfi sənin olsun. Deyilənə görə, Oğlanbaba meşəsi o Babanın adınnan götürülüb. Nəsiblər bizim kəntdədi, qaracalar Nazırlıdadı, çıraqlı Mollalıdadı.
-
YARANAL MƏDƏTOV
I mətn
İsbəndiyar xozeynin matorundan bəri çökək vardı. Deyirdilər ki, ora Mədədoy yaranalın dayı tutulan yerdi. Xam atı gətirib burda dərədə tutublar. Bir də Həzi Aslanov deyillər, orda kalafa yeri vardı, olardı bir əlli-yüz metr. Deyillərdi, bura Mədədoy yaranalın atının töləsi olub.
II mətn
Mədətov erməni əsilli general olub. El arasında ona Mədədoy deyirdilər. “Səhlivat yeri” deyirik, kəndin arxa tərəfinə düşür. Çar Rusiyası həmin əraziləri ona hədiyyə edir. O da orda atçılıq ferması yaradır. Sora Mədətov bu əraziləri tərk edir. Onun Qılınc adında bir təsərrüfat müdiri olub, bu əraziləri Qılınca tapşırıb gedibdi.
-
QARAATILAN YER
Qara Nazırlı kəndindən olub. Ağdaşın, Qarabağın qaçaqları Qaraatılan yerdə gizlənirmişlər. Şaalıq kəndində də atdı-sannı qaçaqlar olub: Yusuf, Asif qardaşları. Qara da bulara çörək aparırmış, paltarların yuduzdurub aparırmış. Sora atriyad gəlib. Atriyatdakılar örgənir ki, Qara qaçaqlarnan əlaqədədi. Qaranı qatıb qabaxlarına aparıllar meşəyə ki, qaçaqların yerin gösdərsin. Aparanda qarolda duran qaçaqlar görüllər ki, Qaranı qatıb qənşərlərinə gətirillər. Atriyatdakının biri deyir, Qara deyən fırrı qoax buradı (İndi Kotavan kəndinin ərazisindədir – top.). Həmin qoağın altı lağımlar idi. Qaçağın biri qaçıb xəbər verir ki, yerimizi bilillər. Elə ordaca qaçaqlar Qaranı atıblar. Camaat səhər gedib onun meyidini gətiriblər. Onnan sora oranın adı qalır Qaraatılan yer.
-
BƏRDƏ HAQQINDA
Bərdədən Kürə kimi şəhərimiş. Deyillər, Bərdədən bir dənə buzoy çıxıf. Buzoy düşüf küçəyə, getdikcə yiyəsi də dalıncan gedib. Düz gedib Kürə dirənibdi, Kürdən qaytarıb aparıb. Heylə dar şəhər imiş.
-
BƏCİRƏVAN
İngilislər qul alveriynən bağlı gəlif gedərlərmiş. Gəlif bu çaydan keçəndə orda rüsum verif Bərdəyə gedirmişlər. Bəcirəvan sözü də bunnan əlaqədardır, yəni bac verif yoluna davam etmək.
-
XANƏRƏB
Xanərəblər Kufədən gəlmiş ərəblərdi. Ağsakqallar deyidilər, bular Kufə ərəblərdi, adam burda baş çıxarmaz. Ərəb xilafətinin devrində mərkəz bura imiş. Bütün vergilər burda yığılırmış. Ərəb dilini də son vaxtlara qədər qoruyub saxlıyırlardı. Bu ərazidə nə qədər vergi yığılırsa, hamısı burda cəmləşirmiş. Boy-buxuna, sifət qurluşuna görə seçilirlər. Bərdə rayonunda ən yaxşı yer onlardadı, ən kasıb camaat da onlardı. Tənbəldilər, işdəməzlər.
-
SÜBHANVERDİ
Asdan kişi maa dedi ki, bu kəndə sifdə gəlif bünövrə qoyan Sübhan addı kişi oluf. Qalannarı da yığışıf onun başına, oluf bir kənd. Elə o kəndə Sübhanverdi deyirdilər. Bu irəvannılar gələnnən sora olar soğanverdi dedilər, kəndin adı da onnan Soğanverdilər qaldı.
Kəntdəki nəsillər: Hajılar, babalar, bəylik, dərələyəzdi, təhlə, sarıqurbannı, qarahümmətdi, ilxıçılar. Əsas köklü nəsil hajılardı, bəylikdi.
-
BƏHMƏNLİ
I mətn
Böyük Bəhmənli kəndindəki tayfalar: Qurbannı, seyidlər, qarçıqaylı, zeynallı, hümətalılar, həmzəlilər, məmmədli, yəhyalılar, fərzililər, dəlləklilər, kəbirli, qulular, arasbarlı, murtuzalılar, gülməmmədlilər, cuvanşirlər, dərvişdi, qaraqasımlılar, cilovxannı.
Dədəmin xalası oğlu vardı. O deyirdi ki, üç qardaş oluflar. Hansı müharibədəsə, harasa gəlif gedəndə bu qardaşdarın biri bu ərazidə həlak olur, onu burda dəfn eliyirlər. Müharibə qutarannan sora Şuşadan o qardaşın qohumlarının beş-altısı gəlif burda məskunlaşırlar. Məmmədli tayfası onnan bağlıdı.
Qurbannı tayfası Qurbanın adınadı. Qurbanın bura gəlişi Şuşanın salındığı dövrə təsadüf eliyir. İranın Ərdəbil şəhərinin yaxınnığında Pireybat kəndi var, Qurban ordan gəlmədir. Orda yüzbaşı seçkisi olanda mübahisə yaranır. Bu, qardaşın seçdirmək isdiyirmiş. Amma elə olur ki, bunun qardaşına səs verən adamlar o səsin arxasından qaçıb onu müdafiyə eləmirlər. Kütləvi dava düşür, qan tökülür. O qana görə ordan çıxası olur. İki övladı oluf, böyük oğlu Abbasdı, kiçik oğlu Namazəlidi. Anaları ayrı-ayrıdı. O iki oğlunu götürüb, varidatın yığıb üç balaca kisəyə, atın tərkində keçib buyza. Onda böyük oğlu Abbasın on iki yaşı olardı. Şahsevən tərəfə keçib, Daşburunun tuşuna. Qannıçılığa görə bir il oralarda daldalanıbdı. Orda yayda uşaxları malarya tutufdu. Yazı düzünə yaylağa gedəndə ordan xəbər göndərib ki, qızılın birin verdim kinə13 aldım, uşağı sağaltdım. Mən daha ora qayıtmax isdəmirəm. Orda soraxlıyıf ki, hardan torpax almaq olar. Onda da Bəhmənninin böyüyən vaxdı idi. Bizdən qabax beş-altı tayfa var idi. Bəhmənnilərin biri deyif ki, Böyük Bəhmənnidə Hümmətalılar tayfası var, oların sayı azdı, torpaxları çoxdu. Sən olardan torpax ala bilərsən. Soraxlıyıf görüf ki, orda bir dənə dul qadınnan bir qızı var. Soraxlıyıf həmin qadının atasını tapır. Deyir, cehiz-zad isdəmirəm, maa nə qədər torpax verə bilərsən? Deyir, əlli hektar cehiz verirəm saa. Deyir, tayfanın obşi torpağı nə qədərdi? Deyir, filan qədər torpağım var. Əlli hektarın cehiz verir, qalan ərazini (altı yüz hektardı buyünnəri), pulnan alır. O dul qadınnan da evlənir, onnan da bir oğlu olur, adını qoyur Alı. Deməli, üç oğlu olur: Abbas, Namazalı, Alı. Böyük oğlunu da qadının yanındakı qıznan evləndirir. Belə məskunnaşır, qalır burda. Onnan üç qol yaranır. Bizə Abbas qolu deyillər, o birinə Namazalı, axırıncı oğluna isə Alı qolu deyillər.
Otuz il ərzində cəhd eliyillər ki, o tərəfnən barışıx olsun. İki oğlunun anası o tərəfdəndi, orda qohumları var. Qurbanın Pəri adında qızı oluf. Pəri yetişif, ərsəyə gəlifdi. O taydakılar deyiflər ki, ya o qızı ver bizə, ya oğlannara biz burdan qız verək, bu pərtdik ortadan götürülsün. Ordan qız almağa razılıx vermiyib, amma qızı verməyə razılıx verif. Toy-zad oluf, gəlif qızı aparanda o tərəfdən toya gələn adamların içərisində bir nəfəri görür. Bu adamı görəndə deyir yox, bu barışıx-zad döylü, bunnar qızı ayrı şeydən ötrü aparıllar. Burdan silahların götürür başının adamları ilə İncilli dərə deyilən yerdə gəcavənin qabağını kəsir, tutur gülləyə, qızı alıf qaytarır. Bir-iki adamı da orda öldürür, təzdən bir də qan tökülür. Onnan da əlaqələr itir. Qurbannı indi kənddə iki-üç böyük tayfadan biridir.
Söyləyicinin şəcərəsi: cədd babası Məhəmmədhüseyn-Sultanhüseyn-Şahüseyn-Qurban-Abbas-Nəcəfalı-Saleh-Valeh-Qulam
II mətn
Bizim kənd (Bala Bəhmənli – top.) Böyük Bəhmənnidən ayrılmadı. Ordan üş nəfər bura ova gəliflər. Bular ova gələndə görüflər kəndin ortasınnan bir arx gedir. O arxın mənbəyi Maralyan arxındandı. Deyillər, bura bax ey, burda qəşəh düz yer var, həm də arx gedir. O birsi deyir ki, onda belə eliyək da. Bir az çörək qoyax, gedək. Əgər çörəyi qurd-quş aparıfsa, demək çörəksiz yerdi. Gəlif görəjeyihsə çörək yerindədi, demək çörəkli yerdi. Bular çörək qoyuf gediflər. Sabah günorta gəliflər ki, çörək yerindədi. Növbəti ilin yazında beş rahat14, iki bəy Böyük Bəhmənnidən ayrılıf gəlif bura. Bura gələn Baxşalı bəyin babası oluf, bir də Baa bəy. Beş rahatdan biri mənim ulu babam Gülmalı oluf, Tanrıverdi oğlu Allahverdinin ulu babasıdı, Cəfərridi, maşat babalılardı, turabxannıdı. Bu yeddi ev ordan gəlif tikiliflər burda.
III mətn
Mir Cəfər Bağırov o vaxdı gəlif Baxşalıya deyif ki, hamıdan gülləsin almışıx, amma bu Kərimdən ala bilmirik də. Gedək Baxşalı, sənin sözə baxar. Baxşalı deyir, vallah, o bir az tərs adamdı, anası özünnən də tərsdi. Qağam, deyir, getdik. Doqquz atdı getdik. Yeddi nəfər bizdən, iki nəfər də Mir Cəfər Bağırovnan onun adamıdı. Bular gediflər Kərim bəyin qapısına. Kərim bəyin anası çıxıf deyif ki, Baxşalı, gəlmisən ki, Kərimi tutuf başı qoyasan mənim göbəyimin üsdünə? Mənim oğlum Mircəfər Bağırovu tanımır, tanımax da isdəmir. Mir Cəfər Bağırov özü də ordadı, amma arvad onun burda olduğun bilmir axı. Adamölən adlanan yerə gəlirlər. Kirvə vardı Möhsüm. Onun atası Hajıya deyiflər ki, sən onsuz da atışan deyilsən. Qaş get kəntdən adam götür gəl, bizə kömək eləsin, bu dəyqə atışma düşəjək. Orda atışma düşür, Kərim bəyin dəsdəsinnən iki nəfəri öldürüllər. Birini qəlbidə vuruflar, birini aşağıda. Ona görə ora “Adamölən” deyirlər.
IV mətn
1932-ci ildə kalxozdux qurulanda Baxşəli bəy gətirif yetmiş pud buğda qoyuf, əlli pud arpa, on iki öküz, iki kəl, beş xış, iki siyav15 qoyur. Qabağına stol qoyuf başdıyır qarpızı yeməyə. Mənim babamın da bajısı oluf Gülü. Bu da kamsamolun özək katibi oluf. Kalxozdux qurulur, Allahverdini qoyurlar kalxoz sədri. Deyiflər, kalxozun adını nə qoyax? Baxşalı bəy deyif ki, kalxoza Mir Cəfər Bağırovun adını verək. Allahverdi kişi deyif ki, yox, İyirmi altılar adına qoyajeyih. Bu bir də çevirəndə deyir, ə, mən sənə deyirəm ki, Mir Cəfər Bağırovun adını verəjeyih. Deyif, səə deyirəm kalxoz sədri mənəm, İyirmi altılar adına qoyajeyih. Bu da qarpız qabığın götürüf tulluyur Allahverdiyə. Mənim babamın bayısı Gülü deyif ki, Baxşalı, bəylik söhbəti tay qutarıf. Deyif, Gülü, sən bilirsən ki, mən ona qarpız qabığı atmaram. O mənim sözümü çəvirir. Deyir, qutardı ey. Sənin bəyliyin qutardı. Bunnan da küsüf neçə qardaşdısa duruf çıxıflar iclasdan. Kalxoza saxlıyıf bir siyav, iyirmi beş pud arpa, əlli pud buğda. Qalanını götürüf gedif Əhmədbəyli kəndinə. Ora yığışannan sora baxıf görüllər o kalxoz bu kalxoz, fərqi yoxdu. Ordan köçüf gediflər OUSA – Daşburunun girəcəyinə. Ora gedənnən sora oları tutdular. Bizim kəntdən getməsinə səbəb də o qarpız diliminin atılması oldu. Orda Baxşalı tutuldu, onun qardaşları Cümşüd, Firidun, Paşa tutuldu. Beşinci qardaşları dörd yaşında olduğuna görə ona dəymiyiflər.
V mətn
O vaxdı İmişli Sərxannısında Sərxan bəy oluf. Dönə-dönə yenə üzr isdiyirəm. Orda bir qadın oluf, buna deyif gəl maa. Deyif, mənim axı ərim var. Deyir, ərin var, nəyin var, bilmirəm, gəl maa. O da deyif, sənnən şərt kəsirəm. Baxşalı bəy mənim qardaşımı öldürüf. Onun başın maa gətir, ər-mər bilmirəm, gəlif oturajam ojağı qırağında. İmişlinin girəcəyində üşmərtəbə çayxana var, onun sol tərəfində yılğınnıxda vayenni çast vardı. 1921-ci ildə Sərxannı bəyliyi o vayenni çastnan gəlif bizim kəndin üsdünə ki, Baxşalı bəyi öldürüf başın aparıf versinnər o qadına. O vaxdı da bu dəmiryol xəttinin torpağı tökülmüşdü, amma hələ dəmiryolu salınmamışdı. Burdan adam yolluyurlar Xazar xanın üsdünə ki (Arazın o tayına – top.), bəs belə-belə. Sərxannı bəyliyi üsdümüzə kazax ordusu gətirir, bizə kömək lazımdı. Deyillər, sizə köməyə gəlirik bir şərtnən, fişək bizimdi. Yəni kimi öldürəjəyiksə, gülləsi bizimdi. Deyir, ə rəhmətdiyin oğlu, biz öldürəni də götürün, təki bizə köməyə gəlin. Böyük Bəhmənni, bizim kənd, bir də Xazar xanın dəstəsi gəlifdi. Böyük Bəhmənninin ordusu durufdu meşənin qabağında. İrannılar duruf dəmiryolunun qırağında, bizim kənd duruf Qırna tərəfdə. Pe şəklində duruflar, buları salıllar tələyə. O vaxdı burda olardan (səraxanlılardan – top.) xeylax adam ölüf. Qağam deyirdi, çox olardı iyirmi-iyirmi beş nəfər mühasirəni yardı keşdi Kürd Mahmudduya tərəf. Olar çıxdı, qalanı qırıldı. Dəmir yolun qırağında köhnə hamam var, onun bəri üzündə qəbirsannıx var. Oların hamısın orda dəfn eliyiflər. Həmin hadisədən sora – 1921-ci ildə bizim kənd bütöv köçüf gedif İrana. Baxşalı bəy deyif ki, burda qalsax kazak ordusu gəlif bizi qırajax. Heylə bizim kənd hamısı köçüf gedif İrana. El dağdan qayıdanda Xazar xanın qardaşı Baxşalının bayısını isdiyif. Baxşalı bəy deyif, gör bizi nə qədər adam saymır ki, mənim bajımı isdiyir. Kazak ordusu bizi öldürsə, bunnan yaxşıdı. Heylə oluf 1922-ci ildə qayıdıf gəliflər. Qayıdıf gələndə tək-tək adam gəlif bura, qalanı Şam Mahmuddusuna, Böyük Bəhmənniyə düşüf. Sora kənd yenidən yığılıf bir yerə.
-
YAĞLIVƏND
I mətn
Burda məskən salıb beş tayfa: xəlfəli, şirvannı, irannı, külədərli, hafsalı. Mənim ata tərəfim Bərdənin şirvannısınnan gəlib. Nətəri gəlib? Atam ferma müdiri olanda mən gedirdim yanına. Bir yaşdı kişi mənə dedi ki, siz əsl yağlıvəndli deyilsiz ha, əsliz-köküz burdan deyil. Dedim, niyə? Dedi, sizin ulu babaz Şirvannan gəlib. Öz babam sağ idi. Gəldim onnan soruşdum ki, filankəs bizə belə deyir. Dedi, düz deyir. Onnan sora başdadı izah eləməyə. Onun dediyinə görə, indi qapı-qapı düşüb alver eliyənnər var ey, o devrdə də ağacdan qayrılma çömçə, qaşığı torbalara yığıb satırmışlar. Nuru addı bir nəfər gəlir bizim kəndə. Alı addı üç adam varmış bu kəntdə. Birinə Balaca Alı deyirmişdər, onun bacısını alır. Onnan Hacı addı oğlu olur. Hacı da İran tərəfdən gəlmiş bir tayfaynan evlənir, onun da Qasımalı adında bir oğlu olur. Qasımalıdan Allahverdi, Allahverdidən də mən törəmişəm.
II mətn
Yerli yağlıvəndlilər iki tayfa olub. Birinə hafsalı deyirlər, o birinə külədərli. Burda bir Yağlıvənd də var, Yuxarı Yağlıvənd. Oranın da əsli-kökü burdandı. Bunnar tərəkəməymişlər. Bura şamlıx oluf, ora təpəlik, dağlıxdı. Bir qardaş gəlif burda mal saxlıyır, bir qardaş da orda gedif əkin əkirmiş. Kolxozlux qurulanda ordakı qardaş orda qalıb, burdakı burda. Özü də 26-cı ilə qədər buları heş kəs aranda saxlıya bilmiyif, oturuf əkin-zad əkmiyiflər. Bəhmənnidə bir daş ev oluf. Həmin evin yiyəsi İranda təhsil alıb, bu zonanın qazısıymış. Dəmiryolu onun evinin üsdünə düşürmüş, ona görə dəmiryolunu ordan qaytartdırıf. Bagirov da gələndə onun evinə düşürmüş. İyirmi beşin axırı, iyirmi altının əvvəlində Bagirov gəlif, hər kəntdən iki nəfər başbiləni çağırmışmış ora. Deyifmiş ki, İrana keçmiyin, bir də oturun əkin əkin. Mənim ata babam çox sakit olub, amma ana babam bir gejədə üş dəfə İran tərəfə oğurruğa gedif-gəlirmiş. Burdan gedif Hadrutda zastavanın atın oğurruyuf. Heylə dəjəl-xataymış. Bunu da çağıtdırır, bir də kəntdən ayrısını. Deyir, getmiyin İrana, qayıdın əkin əkin. Onda da Qaryagin Şuşa qəza komitəsinə baxırmış. Ana babam qəza komitəsinin rəhbərriyinnən dosduymuşlar, onun əsli Füzulidən imiş. Həftənin bir günün gəlirmiş Füzuliyə. Burdan çıxandan sora deyif, gedək öz dosdumuzun yanına, bu kimdi? Gedək ona deyək, görək nə deyir. Məmmədxanmış adı. Deyillər ki, qaqa, bəs belə-belə, bizi Bagirov çağırmışdı filan yerə. Bizə dedi daha köçmüyün, qalın əkin əkin, bir də İrana keşmiyin. Deyif ki, düz deyir, daha qavaxkı vəzyət deyil. Mən də qorxuram, tay sizi saxlıya bilmeyjəm. Gedin əkin əkin. Bunnar deyir, əşi, o kimdi? Başdıyır o ili gənə köşməyə. Onnan dörd ay sora dağdan qayıtmağa az qalanda Əhmədbəylidən bəri Kültəpə var, Bagirov bu kəntdən on dörd nəfəri aparıb orda sıraya düzdürür, hamısının da təpəsinə gülləynən vurur. Deyir, köpəkuşağı, indi gedin İrana da keçin, dağa da gedin. Onnan sora hamı oturur.
III mətn
Bu kənd oğurruğnan ad çıxarıf. Mənim babam özü nağıl eliyirdi ki, İranda toy olanda bizi dəvət eliyirdilər. Ayazxan adında bir bəy dəvət elədi, təxminən on-on beş atdı getdik İrana. Toyda, deyir, iki şərt qoydular. At çapajeyih, kimin atı geri qaldı, düşüf onun atın qulağın kəsəjeyih. Kimin atı qabağa çıxdı, ona neçə at da pay verəjeyih. O vaxdı da atın qulağın kəsmək təhqir idi da. Sora ikinci mərhələdə papağı qoyajaxlar, üsdünə də yumurtanı qoyajaxlar. Kim o yumurtanı vursa, on inək, əlli qoyun alajax. Babam deyir, bizə təklif elədilər ki, Qarabağdan gələnnər çıxsın qavaxca. Deyif ki, biz durax, yoxsa vurax? Deyiflər ki, hansın istiyirsız? Babam deyir, mənnən bir yaşdı kişi getmişdi, Kor Qara deyirdilər, qoçax adamıydı. Gözünün biri çəp kimiydi, yaxşı görmürdü. Kor Qara deyif ki, kim durur dursun, mən vurajam. Deyir, kopoğlu gözün qıymaxnan yumurtanı nətər vurdusa, partdadı dağıldı. Deyir, tay nələrnən qayıtdıx ordan, nə sevincnən qayıtdıx. At yarışında da bizim bir atımızın, oların dörd atının qulağı kəsildi.
IV mətn
Burda iki qoçax adam olur. Birinin adı olur Həsi, birinin adı Şirin oğlu Abbas olur. Özü də ikisi də əmoğlu olur. Bekarçılıx olur. Abbas deyir ki, xaloğlu, dur atı min, gedək İrana. Həsi deyir, nəyə? Deyir, gedək görək İranda səni yaxşı tanıyırlar, məni. Həsi deyir ki, nə deyirəm, gedək. Durullar gedillər. Bir kəntdən keçillər, ikinci kəntdən keçillər, üçüncü kəndin yanınnan keçəndə görüllər uşax bərk ağlıyır. Uşax ağlıyanda anası bərkdən qışqırır üsdünə ki, kəs səsini, qarabağlı Həsi gəlif səni aparajax. Şirin oğlu Abbas deyir ki, xaloğlu, səni mənnən yaxşı tanıdılar, gəl qayıdax.
V mətn
Gəncədə İnstitutda oxuyurdum. İnstitutun rektoru Cəbrayılın Məmmədbəyli kəndinnən idi. Bizə psixologiyadan dərs deyirdi. Dərsi danışıf qayıdanda maa dedi ki, hardansan? Dedim ki, Füzulidənəm. Dedi, harasındansan? Dedim, Yağlıvənddənəm. – “Ə, aşağıdakınnansan, yuxarıdakınnan? Dedim ki, aşağı-yuxarı ikisi də eynidi. Dedi, yox, sən de görüm hansındansan? Dedim ki, aşağıdakınnan. – “Ə, siz indi də oğurrux eliyırsınız?” Dedim, nədi ki? Dedi, mənim babam tapşırırdı ki (Biz axı dağa gedirdik. Dağa gedəndə Soltannının içindəki geniş yolnan gedirdik), havaxt eşitdız ki, Yağlıvəndin köçü azalıf bəri gəlməyə, nəyiz var salın pəyəyə, ağzına da kilit vurun durun qabağında. Kilidi də sındırajax onnar. Onnar nə belə gedəndə əli boş getmiyəjəh, nə belə gələndə. Bax, malıızı belə saxlıyın ha. Dedi, indi də heylə oğrudular? Dedim, vallah yox, indi düşəndədi.
VI mətn
Maşat Paşa Bağırovla yola getmiyif. Bağırov gələnnən sora qaçaxçılıx eliyif. Balaca kişi imiş, amma çox qoçax adammış. Beş yüz qoyunu varmış. İrannılar o tərəfdən gəlif Maşat Səfəralını vurullar, qoyunu çəkillər. Hay düşür ki, kişini vuruflar. Burdan qardaşdarı gedir. İbiş adında bir adam oluf, o da qoçax adam oluf. Bular gedillər, kişini gətirif dəfn eliyillər. Dəfn eliyənnən sora İbiş gedif oturur Arazın qırağında əlində də tüfəng ki, o tərəfdən gələn olsa vursun.
Maşat Paşa kişi gedir əvəzin çıxır. Burdan adam götürmür ki, məni satarlar. Dilağardan Ağacan adında adam olur, onu götürür, Arazdan keçir gedir. Ayaz xanın böyük ilxısı olur. Buna deyir ki, sən mənim atımı gözdə, gedif ilxını gətirəjəm. Əgər gəldim, gəldim. Gördün güllə atdılar, bil ki, məni vuruflar, sən qayıt get. Amma nə qədər güllə atılmıyıf, burda məni gözdüyərsən. Gedir təkcə girir ilxının içinə, dokqazı açır, atlar çıxır çölə. Yarıdan kəsir, atları qatır qabağına, gətirir. Sayırlar, qırx üç at olur. Atam deyir ki, onun hamısını paylaşdırdılar, qoyunnan dəyişdilər, qoyun gəldi əvvəlkindən çox çıxdı. Sora, deyir, iki dənə molla gəldi, Səfəralını vuran adamı qatıf qabaxlarına, boynunda qılınc gəldilər bizim qapıya. Dedilər ki, bu qılınc, bu vuran, bu da siz. Ya qılıncı çıxardın boynun vurun, ya da əfv eliyin. Ticarət əlaqəsi var axı. Bu zonadan gedif-gəlirlər. Onnan sora barışıflar.
VII mətn
Maşat Səfəralının oğlannarınnan biri çox atıcı adam oluf. Bir dəfə bu zonanın adamlarıynan Ayaz bəyin adamları arasında yarış keçirdillər. Bu kişinin də bir dənə yabısı varmış. Deyillər, hara gedirsən? Deyir, gedəjəm mən də at yarışına. Deyillər, sən bu yabıynan at yarışına gedirsən? Deyir, bəxtimi sınıyajam, ya Allah maa verər, ya olara. Atın minir gedir. At da atımış da, kişi atına inanırmış. Bu Arazdan keçəndə çoxlu ilqın çubuğu yığır, bağlıyr atın tərkinə. Yarışda atı çapdıxça ilqın çubuğuynan vurur, at qızışır, nəhayət birinci bu adam çatır.
Dostları ilə paylaş: |