KUTADQU BİLİK”DƏ DÖVLƏTÇİLİK
Qədim türk dövlətçilik fikrinin geniş əks olunduğu yazılı abidələrdən biri də Yusif Xas Xacib Balasaqunlunun “Kutadqu bilik” əsəridir. Kaşqarlı Mahmudun “Divan”ı ilə təxminən eyni vaxtda yazılmış “Kutadqu bilik” türk xalqlarının ədəbiyyatında ilk poema kimi xüsusi bir ədəbi mövqeyə malikdir. Yusif Balasaqunlu “bu əsəri on səkkiz ay müddətində yazaraq 1069-cu ildə doğma şəhəri olan Balasaqunda (Kuz-Orda) tamamlamışdır. Əsər Qaraxani hökmdarlarından olan Tafqaç Buqra Qaraxan əbu Əli Həsən ibn Süleyman Arslan Qaraxana həsr edilmiş və Xaqan da bu əsəri yüksək qiymətləndirərək onun müəllifinə “xas hacib” fəxri adı vermişdir” (19, 24).
Əsərin dil və üslub baxımından Kaşqarlı “Divan”ı ilə səsləşdiyini, Firdovsinin “Şahnaməsi” kimi əruzun mütəqarib bəhrində yazıldığını qeyd edən Ə. Səfərli və X. Yusifov yazır: “Kutadqu bilik” əxlaqi-didaktik əsərdir. Şair türk xalqlarının zəngin şifahi ədəbiyyatından, lətifə və məsəllərindən, rəvayət və dastanlarından istifadə etməklə öz əxlaqi-fəlsəfi mülahizələrini irəli sürmüş, öz dövrü üçün ədəbi-tərbiyəvi əhəmiyyətə malik olan bir əsər yaratmışdır” (19, 25). Əsər orta əsr ənənələrinə uyğun olaraq Allahın, peyğəmbərin və dörd xəlifənin tərifi ilə başlanır, dini-fəlsəfi baxışların ifadəsinə geniş yer verilir, Həsən Buğra xan tərif olunur. Münazirə şəklində qurulan poemada dörd personaj arasında söhbət gedir. “Bunlardan xaqan Gündoğdı ədaləti, qanunu, onun vəziri Aytoldı səadəti, Aytoldının oğlu Ögdülmüş ağlı, zəkanı, qardaşı Odqurmuş isə taleyi, aqibəti təmsil edir” (19,25). Şair ağıla, zəkaya,elmə, biliyə, xeyir əməllərə çağırır. Əsərin məzmunundan aydın şəkildə görünür ki, “təsvir olunan ayrı-ayrı hekayə və rəvayətlərdə, personajların mübahisə və məktublaşmalarında şairin zəmanəsini düşündürən bir sıra ictimai-siyasi və əxlaqi məsələlərə toxunulur. Dövlət və hökmdar, hökmdar və xalq, dövləti idarə etmək üsulları, dünya nemətləri və onlardan istifadə etmək yolları və s. məsələlər haqqında mütərəqqi fikirlər irəli sürülür. Şərab içmək, qumar oynamaq, tiryək çəkmək, yalan danışmaq, ikiüzlülük, inadkarlıq və lovğalıq kimi mənfi sifətlər pislənilir. Bunların əksinə olaraq düzlük, xeyirxahlıq, təmizlik, sədaqət, fədakarlıq, mərdlik, nəciblik və s. kimi gözəl xüsusiyyətlər yüksək tutulur. Hər bir insanda bu keyfiyyətlərin olması zəruri sayılır. Balasaqunlu Yusif dövlət işlərində çalışan bəy, vəzir, hacib, sərkərdə, xidmətçi və başqalarının vəzifələrini aydınlaşdırır, onlara yol göstərir, ibrətamiz hekayə və misallarla öz fikirlərini möhkəmləndirir. Şairə görə, hökmdar hər şeydən əvvəl xalqın rəğbətini qazanmalı, xalqın ürəyinə yol tapmalı, qaçaq-quldurlarla mübarizə aparmalı, məmurları öz ləyaqətinə görə mükafatlandırmalı, bilikli və mərifətli adamlara arxalanmalı, cahil və namərdlərdən isə uzaqlaşmalıdır” (19,26-27). Yusif Balasaqunlunun əsərində yaradılmış hökmdar surəti xalq yaradıcılığındakı dövlətçilik düşüncələrindən qaynaqlanır və bu kimi əsərlərdə artıq ədəbiyyata daxil olur. “Yusifin ədalətli hökmdar surəti olan Xaqanı kimi Nizaminin İsgəndərini də təxminən eyni məsələlər düşündürür. Hər iki hökmdar bütün həyatları boyu səadət, xoşbəxtlik haqqında düşünüb-danışır, həqiqət axtarırlar. Şər qüvvələrə qarşı çıxaraq cəmiyyətin işıqlı qüvvələrinə pərəstiş edir, həyatın əsil mənasını bilik əldə etməkdə görürlər. Xaqan kimi Bəhram da ölkəni yaxşı idarə etmək üçün yollar axtarır və bu işdə ağıllı. tədbirli adamlara ehtiyac duyur, onlarla hesablaşır” (19, 27). Xalq yaradıcılığının və xalq müdrikliyinin zəngin örnəklərini özündə birləşdirən bu kitab qeyd olunduğu kimi, dörd əsas təməl üzərində qurulmuşdur. Bunlardan “ birincisi ədalət, ikincisi dövlət, üçüncüsü ağıl, dördüncüsü isə qənaətdir. Müəllif bunların hərəsinə türkcə birər ad vermişdir. Ədalətə Gündoğdu Elik (hökmdar – tərc.) adını verərək, onu padşah mərtəbəsində tutmuşdur. Dövlətə Aydoldu adını verib, vəzir məqamına qoymuşdur. Ağılı Öydülmüş adlandırıb vəzirin oğlu və qənaətə Odqurmuş adını verib, vəzirin qardaşı hesab etmişdir. Müəllif öz fikirlərini onlar arasında sual-cavab şəklində ifadə etmişdir ki, oxuyanın könlü açılıb müəllifi xeyir- dua ilə yad etsin” (22,3-4).
Kitab müdrik kəlamlar toplusunu xatırladır. Burada çoxlu sayda atalar sözü işlədilmişdir. Bununla müəllif xalqın dövlətçilik ənənəsinin təməlində dayanan mənəvi ehtiyatları bir daha səfərbər etmiş, onu hökmdarların istifadə etdiyi kitabında cəmləşdirmişdir. Kitab dövlət, dövlət başçısı, məmurlar, xalqı idarə etməyin humanist prinsipləri necə olmalıdır sualına çox geniş və dolğun şəkildə cavab verir. Burada dövlət başçısı bəydir. Bəy, başqa sözlə dövlət başçısı necə olmalıdır sualının cavabı belə verilir:
“Bəy nəcabətli nəsildən olmalıdır,
Bəy igid, cəsur, qəhrəman, şirürəkli olmalıdır.
Atası bəydirsə, oğul bəy doğular,
O da ataları kimi bəy olar!
Bəy bilikli və ağıllı olmalıdır,
Comərd və xoşxasiyyət də olmalıdır.
Bəylər biliklə xalqa baş oldular,
Ağılla elin işini gördülər.
Bəy adı bilik sözü ilə bağlıdır,
Biliyin lamı getsə bəy adı qalar” (22,158).
Kitabda dövlət başçısı olmağın zəruri xarakterik xüsusiyyətləri ilə yanaşı məqbul sayılmayan cəhətləri də göstərilir:
Sərvəti əldə etmək üçün xalq varlı olmalıdır,
Xalqın varlı olması üçün yaxşı qanunlar lazımdır.
Bunlardan biri unudulsa, dördü də puç olar,
Dördü də unudulsa, bəylik puç olar.
Adı- sanı yayılsın deyə bəy
Bu beş şeydən uzaq olmalıdır.
Birinci - tələsmək, ikinci - xəsislik, üçüncü - qəzəb,
Bunlara heç vaxt məğlub olma, müqavimət göstər.
Bəyə əsla yaraşmayan dördüncü şey inaddır,
Yaramaz şeylərin beşincisi isə yalançılıqdır” (22,165).
Elin, yəni dövlətin əsasının möhkəmliyi üçün verilən nəsihətlərdə deyilir:
Elin dirəyi, təməli və sağlamlığı,
Əsası və kökü iki şeyə bağlıdır:
Bunlardan biri xalq üçün yaxşı qanun,
Digəri isə xidmətçilərə verilən gümüşdür.
Xalq qanun sayəsində sevinc içində yaşamalı,
Pulu görən xidmətçilərin üzü gülməlidir.
Bu ikisi bəydən razı qalsa,
Bəyin eli nizamlı olar, bəy rahat olar.
Əgər bəy xalqa qanun verməsə,
Xalqı qorumasa, xalqı talasalar,
O bəy xalqın içinə od atmış olar,
El dağılar, bəyliyin təməli yıxılar.
Hansı bəy əsgərlərin sevindirməsə,
Onda qılınclar qından çıxmaz” (22, 170).
“Qutadqu bilik” əsərində xalq yaradıcılığından gələn xalqın dövlətçilik haqqında düşüncələrinin ən zəngin nümunəsini görürük. Kitabın əsas məqsədi və qayəsi də dövlətçilik tərbiyəsidir, dövlət başçısı, məmur və vətəndaş tərbiyəsidir. Əsər türk dövlətçiliyinin yüksək mənəvi-əxlaqi keyfiyyətlərini təbliğ edir.
“SİYASƏTNAMƏ”DƏ DÖVLƏTÇİLİK
Türk dövlətçilik fikrinin və ənənəsinin geniş əks olunduğu qaynaqlardan biri də Nizamülmülkün “Siyasətnamə” əsəridir. “Əbu Əli Xacə Nizamülmülk (1017-1092) Tus vilayətində (indiki Şərqi İran ərazisindədir) anadan olmuş, səlcuq sultanlarından Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri olmuşdur. Onun otuz illik vəzirliyi dövründə Səlcuq türk dövləti çox güclənmişdi. Həmin dövrdə Azərbaycan da Səlcuq dövlətinin tərkibində idi. Nizamülmülkün sarayda vəzirliyi dövrü ölkədə apardığı düzgün islahatlar və təcrübəli məsləhətləri nəticəsində iqtisadi tərəqqi və hərbi qələbələr əldə edilmişdi və bütün bunlar onun nüfuzunu xeyli artırmışdı. Məlik şah hakimiyyətə gələndə 17 yaşında idi və təcrübəli vəzirin məsləhətlərinə daha çox ehtiyacı var idi. Bütövlükdə Nizamülmülk, dövrünün müdrik dövlət xadimi olmuşdur” (1,9). “Nizamülmülk Şərqin tanınmış, tədbirli,bacarıqlı vəzirlərindən biri idi. O, dövləti və ölkəni yalnız silahlı qüvvələrin gücü ilə deyil, eyni zamanda bilikli, təcrübəli dövlət xadimləri və din başçıları vasitəsilə idarə edirdi. Bunları tərbiyə edib hazırlamaq üçün elm ocaqlarının yaradılmasına çoxlu vəsait ayırırdı. Bağdadda və digər şəhərlərdə məktəblər təsis etməsi həmin məqsədə yönəldilmişdi. Bu məktəblər sonralar “Nizamiyyə” adı ilə məşhurlaşmışdır” (29,26). Məlumatlara görə, Nizamülmülkə xəlifə Müqtədi tərəfindən “Əmirəlmöminin” adı verilmişdir (30,17). Tədqiqatlardan məlum olur ki, “Nizamülmülk bu əsəri ömrünün sonlarında, hətta Məlikşahın arvadı Türkan xatunun intiriqası nəticəsində vəzirlik məqamından düşəndən sonra yazmışdır. Fəqət XVII əsr müəllifi Hacı Xəlifənin verdiyi məlumat bundan bir qədər fərqlidir. Onun qənaətinə görə Nizamülmülk bu əsəri 1076-cı ildə 30 fəsildə yazıb Məlikşaha təqdim etmişdir. Sonradan Əlyəmin adlı bir katib ona 15 fəsil əlavə etmiş və nəhayət, əsərə başqa katiblərin də əlavəsi olmuş, kitab 50 və ya 51 fəslə çatmışdır” (29,26). Əsər xalq yaradıcılığı örnəkləri ilə də zəngindir. Burada müdrik xalq deyimlərindən, atalar sözü və zərb məsəllərdən, əfsanə və rəvayətlərdən geniş istifadə olunmuşdur. Bunlar həm əsərin bədii- estetik cəhətdən zənginləşməsinə və bununla da siyasi ədəbiyyatın oxunaqlı olmasına öz müsbət təsirini göstərmiş, həm də xalq yaradıcılığından gələn dövlətçilik ideyalarını idarəçilik təcrübəsinə daxil etmişdir. “Göründüyü kimi, Nizamülmülkün bir çox nəsihətləri dövlət başçısının sarayda gördüyü işlərlə bağlıdır. Burada hökmdara səbrli olmaq, müqəssiri cəzalandırmaq üçün dərhal qərar qəbul etməmək, əliaçıq olmaq kimi məsləhətlər verilir. Müəllif yazır: “Rəvayətdə deyilmişdir ki, çörək süfrəsini xalq üzünə açıq saxlayan hökmdarın ömrü uzun, dövləti möhkəm, ölkəsi abad olar” ( 28, 115; 30, 12).
“Elə ki, rəiyyət itaət edib öz işləri ilə məşğul olmağa başladı, onları incitməməli, öz ədaləti nəticəsində rahat güzəran keçirmələrinə imkan yaratmalıdır. Lakin xidmətçilərdən və mənsəb sahiblərindən biri yenidən nalayiq işlərlə məşğul olub əliuzunluq etməyə başlasa, öyüd, nəsihət, qulaqburması ilə səhvini başa düşüb düzəlsə, onu həmin işdə saxlamaq olar, yox, qəflət yuxusundan ayılmasa, təxirə salınmayıb, dərhal layiqli bir şəxslə əvəz edilməlidir” (28, 32). Əsərdə xalq yaradıcılığından gələn ibrətamiz nümunələr çoxdur. Dövlət məmurlarının qayda-qanunlara riayət etmələrini izah edən yerdə deyilir: “Atalar yaxşı deyib ki, ət iylənəndə ona duz vurarlar, bəs duz iylənsə çarəsi nədir? Bütün zülmlər üçün qaziyə şikayətə gedirlər, bəs qazi zülm etdikdə kimə şikayətə getsinlər” (28,81).
“İndi Allah-Taala elə istəmişdir ki, keçmiş tarix yenidən təkrar edilsin, əvvəlki şahların rəftarı bərpa olunsun, xalq bundan əvvəlkilərin ağlına belə gəlməmiş bir xoşbəxtliyə çatsın, ona görə o, nəsli iki böyük nəslə (şah və üləma), ata-babası gedib Əfrasiyaba çatan, dünyanın hökmdarı və ən böyük sultanını yaratdı, onu dünyanın şahlarına nəsib olmamış kəramət və üstünlüklərlə bəzədi, şahlara nə lazımsa, gözəllik, xoşxasiyyət, ədalət, mərdlik, qoçaqlıq, at çapmaq, silah oynatmaq, bilik, bütün sənətlərdən istifadə etməyi bacarmaq, şəfəqqət və mərhəmət, səxavət və sədaqət, nəzir vermək, ehsan paylamaq, dini doğru, etiqadı təmiz, ibadətçi olmaq, Allahın buyruğunu yerinə yetirmək, çox gecə namazı qılıb, artıq oruc tutmaq, elm damlarına hörmət edib zahidlərə əl tutmaq, əməlisaleh və hikmət sahiblərinə kəramət göstərmək, yoxsullara sədəqə, məzlumlara yaxşılıq, xidmətçilərlə xoş rəftar etmək, rəiyyəti zülm edənlərdən qorumaq – o, bunların hamısını ona bəxş etdi” (28, 33). Burada dövlət başçısının üzərinə düşən vəzifələr və onun mənəvi keyfiyyətləri yuxarıdakı örnəkdə təsvir olunmuşdur. “Dövlət küfr ilə dağılmaz, zülm ilə dağılar” (28,34) xalq kəlamı da bu tipli məsələlərin şərhində diqqətə çatdırılır. Müəllif dövlətçilik məsələlərini şərh edərkən tez-tez hekayət və rəvayətlərdən istifadə edir. Görünür bu ondan irəli gəlir ki, hələ qanunların bir çox məsələləri əhatə edə bilməməsi folklora müraciəti zərurətə çevirmişdir. Çünki xalq yaradıcılığında bütün situasiyalar üçün ədalətli davranış formulları mövcuddur. Dövlətçilik işlərində ondan aktiv istifadə olunduğu müşahidə edilir. Rəvayətlərdən birində deyilir: “Xalq üzərində hökmranlıq etmiş adamları məhşər ayağına əlləri boyunlarına bağlı gətirəcəklər, adil olublarsa, ədalət onların əllərini açacaq, behiştə gedəcəklər, zalım olublarsa, eləcə əlibağlı cəhənnəmə salacaqlar” (28,34). Başqa bir rəvayətdə deyilir: “Deyirlər Abdullah bin Ömər əl Xəttab (Allah onların hər ikisindən razı olsun) atası can üstə olarkən ondan soruşdu: “Ey ata, səni nə vaxt görəcəyəm?” Dedi: “O dünyada”. Dedi: “Tez istəyirəm”. Dedi: “Ya birinci, ya ikinci, ya da üçüncü gecə məni yuxuda görəcəksən”. On iki il keçdi, lakin onu yuxuda görmədi. On iki ildən sonra onu bir dəfə yuxuda gördü və soruşdu: “Ey ata, sən deməmişdinmi ki, üç gecədən sonra səni yuxuda görəcəyəm?!” Dedi: “Başım qarışıq idi, Bağdadın ətrafında bir körpü uçulmuşdu, məmurlar isə onu təmir etməmişdilər. Bir qoyunun ayağı körpüdəki deşiklərdən birinə keçib sınmışdı. İndiyə qədər onun cavabını verməklə məşğul idim” (28,34-35). Musa peyğəmbərlə bağlı bir rəvayət də ibrətamiz məzmunu ilə diqqəti çəkir: “Fironun süfrəsində hər gün dörd yüz qoyun, dörd yüz inək, iki yüz dəvə kəsilər və buna müvafiq olaraq müxtəlif xuruş, çərəz, şirniyyat və başqa şeyləri olardı. Misirin bütün əhalisi və qoşunu onun süfrəsindən xörək yeyərdi. O, dörd yüz il allahlıq iddiası edirdi. Həmişə də belə süfrə açırdı. Musa (ə.s.) dua edib dedi: “İlahi Fironu məhv et!” Allah Musanın duasını qəbul etdi və dedi: “onu suda batıracağam, bütün dövlətini, arvadlarını, qoşunlarını sənə və sənin ümmətlərinə bağışlayacağam” (28,115). Bu vədədən xeyli müddət keçməsinə baxmayaraq Allah Fironu məhv etmir. Peyqəmbər onun küfrünü davam etdirməsi haqqında Allaha yenidən müraciət edir. “Allah-təaladan nida gəldi ki: “Ya Musa, sənə lazımdır ki, nə qədər mümkünsə onu tez məhv edim, hər gün min bəndəyə lazımdır ki, onu saxlayım, çünki onun nemətini yeyir, onun sayəsində güzəran keçirirlər. And olsun mənim izzətimə, nə qədər ki, o, xalqa çörək verir, dövlətini əsirgəmir, onu məhv etməyəcəyəm”. Musa dedi: “Bəs sənin vədinin müddəti nə vaxt qurtaracaq?” Cavab gəldi: “O, çörək verməyi azaltdıqda bil ki, onun əcəli çatmışdır” (28,115-116). Dövlətin gələcək üçün görülmüş işlərə verdiyi əhəmiyyəti göstərmək üçün belə bir hekayət nəql olunur: “Deyirlər bir gün Nuşirəvan ata minib yaxın adamları ilə ova gedirmiş. Bir kəndin kənarından keçəndə doxsan yaşlı qoca bir kişinin qoz ağacı əkdiyini görüb təəccüb etdi, çünki qoz ağacı yalnız iyirmi ildən sonra bar gətirir. Dedi: “A qoca, qoz əkirsən?” Dedi: “Bəli, ağam”. Soruşdu: ”Nə qədər yaşamaq fikrindəsən ki, barını da yeyəsən?!” Qoca dedi: “Əkiblər yemişik, əkirik yesinlər!” Nuşirəvanın xoşu gəldi, dedi: “Afərin!” Dərhal xəzinəçiyə əmr etdi, qocaya min dirhəm versin...” (19,117). Əsərdə dövlətçiliyin xalq yaradıcılığından gələn dərin fəlsəfəsi vardır. Hər bir işin ağılla, haqq-ədalətlə, səbr və təmkinlə görülməsi təbliğ olunur. “Tələsmək şeytandan, təmkinlilik allahdandır”(19,119) kəlamı hökmdar davranışı üçün əsas keyfiyyətlərdən birini ifadə etməklə idarəçilikdə emosional yanaşmalara da müəyyən bir istiqamət verir.
“XƏMSƏ”DƏ DÖVLƏTÇİLİK
Folklor və dövlətçilik məsələlərinin geniş yer aldığı yazılı mənbələrdən biri də Nizami Gəncəvinin əsərləridir. “XII əsrdə yaşamış dahi mütəfəkkir Nizami Gəncəvi (1141- 1209) siyasi xadim olmasa da, onun şah əsərlərindən biri olan “İsgəndərnamə” poemasında və “Xəmsə”yə daxil olan digər dörd əsərdə dövlətçiliyə dair məsələlər geniş şərh edilmişdir” (1,16). T.Kərimlinin də yazdığı kimi, “Nizami yaradıcılığında ideal ədalətli hökmdar probleminin aparıcı rolu nizamişünaslıq elmi üçün hələlik mübahisəedilməz bir faktdır. Bütövlükdə Nizami humanizmindən və məzlum xalqa qarşı ürəyiyananlıqdan, qayğıkeşlikdən irəli gələn bu ideyanın köklərini harada axtarmaq lazımdır? Yəqin ki, ilk növbədə Nizami humanizminin demokratizmində və bununla bağlı olaraq əsrlər boyu folklorda kök salmış ədalətli hökmdar ideyasında. Çünki Nizami başlıca olaraq şahların həyatını təsvir etsə də, əslində. xalq şairi idi; xalqın düşünən beyni və susmayan dili idi. “Xəmsə” boyu şirin və ibrətamiz xalq nağıllarından sevə-sevə istifadə edən Nizami, xalqın ədalətli hökmdar haqqındakı arzularını özü üçün yaradıcılıq amalına çevirmişdi” (31,153). Nizami yaradıcılığının qaynaqlarından birinin folklor olduğunu qeyd edən S.Rzasoya görə, “Nizaminin istifadə etdiyi folklor mətni hansısa əsərin folklorlaşmış variantı, yaxud yazılı abidə folklor süjetinin, əsatiri-xronik hədisin müəllif tərəfinədn bədiiləşdirilmiş varintı ola bilərdi. Məsələn, Firdovsi “Şahnamə”sinin böyük bir hissəsi İran teokratik dövlətçilik ənənəsinin mifoloji mətnlər əsasında nəzmə çəkilməsindən ibarətdir. Və bu halda Firdovsi şifahi ənənənin yazılıya dəyişdiricisi kimi çıxış edir. Sasani xronikası ənənə baxımından Firdovsidə çox qüvvətlidir. Nizamidə isə bu xronikanın ənənə sərhədləri zəifləyir və xronik vahidlər “Yeddi gözəlin” konkret ideyasının verilişi üçün qurum materiallarına çevrilir” (32,37-38). “Ədalətli hökmdar problemi şairin ilk poeması olan “Sirlər xəzinəsi”ndən Nizami yaradıcılığında özünü qabarıq şəkildə göstərməyə başlayır. Poemadakı iyirmi məqalətdən yalnız doqquzunda hökmdarlardan, hökmdar təbiətinin müxtəlif çalarlarından və təzahür formalarından söhbət açılır. Bunların üçü mifik hökmdar, üçü-ümumiyyətlə adsız-ünvansız hökmdar və yalnız üçü real tarixi şəxsiyyətdir... Poemadakı mifik hökmdarlar – Süleyman, Cəmşid və Fridundur. Tarixi şəxsiyyətlər isə Ədalətli Nuşirəvan, Harun ər-Rəşid və Sultan Səncərdir. Konkret adı çəkilməyən hökmdarlar Nizami tərəfindən “Ümidsiz padişah, Zülmkar padişah və Cavan şahzadə” adlandırılmışdır” (31,153-154). Y.Qarayevə görə, “Nizami dühası bəzən Renesans qəhrəmanlarını da qabaqlayır: “İsgəndərnamə”dəki utopik cəmiyyət Tomas Morun, Kampanellanın yaratdığı ideal cəmiyyətdən daha demokratikdir; burada qullar və siniflər yoxdur. Qərb humanistləri hər cür mənəvi, dini və mistik buxovdan birinci növbədə real təcrübi məişəti, mənəvi duyğuları, Nizami isə ruhu, ürəyi və mənəviyyat aləmini azad etməyə çağırır. Nizami epoxa və yol ayrıcında dayanan Dante libaslı bir müsafir də deyil. Onun idealları nə “orta əsrlərin” sonu, nə də “yeni dövrə” keçidi başlayan dönüşün əvvəli demək deyildi. Burada dahinin öz dövrünə, öz əsrinə saldığı nəzərin yeniliyindən və ucalığından danışmaq olar” (33, 160). Nizami yaradıcılığında fərdi və ictimai mənəviyyat məsələlərinə diqqət yetirən müəllifə görə, “sonralar ən dahi humanistləri düşündürmüş mənəvi mətləblər Nizamini də düşündürüb: şəxsiyyətin ziddiyyətləri, ictimai ədalət problemi, dövlət quruluşu, tragik sevgi, fərdi əxlaqi cavabdehlik! İnsanın həm şəxsi, həm də ictimai səadətinin sorağında şair bizə ideal şah surətləri, hətta ideal şahsız, qullarsız və quldarlarsız ideal cəmiyyət quruluşu təsvir edir! Şah hüzuruna kəfən geyib gələn qocanın, Sultan Səncəri ittiham edən qarının, “Yeddi gözəl”dəki yeddi məhbusun şikayəti, şah zülmündən məmnun qalan iki bayquşun söhbətləri – şairin sənətkar və mütəfəkkir təlaşı ilə faş etdiyi bütün bu ictimai haqsızlıq faktlarının əsasında çox aydın bir dünyagörüşü, poetik-fəlsəfi bir təlim dayanmışdır” (33,164). Heç şübhəsiz ki, bu təlim xalqın etnik-mədəni dəyərlərindən, mənəvi resurslarından və bunları özündə birləşdirən folklorundan qaynaqlanır. Şərq və türk dövlətçilik ənənələrinin xalq yaddaşında yaşayan dəyərlərini yazılı mədəniyyətin materialına çevirən Nizami hər yerdə bu dəyərlərə sadiq mövqe nümayiş etdirir. Nizami üçün dövlətin ədalətlə idarə olunması ən mühüm məsələdir. Bunun bir daha təsdiqi üçün o, türk folklor ənənəsində mövcud olan ictimai mənafenin fərdi və ya ailə mənafeyindən üstün tutulması faktlarından faydalanır. Məlumdur ki, Oğuz xan atası Qara xanı dini baxışlarına görə öldürür və ya Dirsə xan oğlu Buğacı ictimai əxlaqı pozduğuna görə (yalan motivi sonradan aşkarlanır) ölümcül yaralayır. Varislik ənənəsindəki belə kəskin motivlər Nizamidə bir qədər yumşaldılır. Burada islam görüşlərinin və şəriət qaydalarının rolu öz təsirini göstərir. “Yəzdigürdün ölümündən sonra, Bəhramın da atası kimi zalım olacağından ehtiyatlanan iranlılar özlərinə “tacidar nəslindən” olan bir qocanı şah seçirlər. Bəhram İrana hücum çəkir, şərt əsasında iki şirə qalib gəlib, öz qanuni tacına yiyələnir. Bundan sonra o “atasının zülmünə son qoyur, İranda hətta Allahın belə rəğbət və səxavətinə səbəb olan Kosmik Sahman yaradır” (32,39). Nizami bütün hallarda öz qəhrəmanlarını xeyir və şər qütbləri arasında bölür. Bununla yanaşı bu qütblər arasında hərəkət edən qəhrəmanlar da yaradır. Haqqın və nahaqqın Allah tərəfindən hər birinin öz əməlinə uyğun qiymətləndirilməsini göstərmək üçün müəllif bu yolu seçir. Bəhram da öz fəaliyyətinə görə belə mənfi və müsbət arasında dəyişən bir qəhrəman kimi səciyyələnir. “Bəhramın atası zalımdır və Nizaminin onu bu cür təsvir etməsində tarixi bir həqiqət var. Belə ki, 399-421-ci illərdə İran taxtına oturmuş I Şah Yəzdigürd zərdüşt kahinlərinə yox, xristianlara arxalanır. O, bununla da sərbəst siyasi hakimiyyətə malik yerli əyan və kahinlərin nifrətini qazanır. Lakin sonralar get-gedə artan bu narazılıqdan və xristianların Bizansla artan əlaqələrindən qorxuya düşüb siyasətini dəyişir” (32,41). Tarix və folklor münasibətlərini türk dövlətçiliyi ilə əlaqəli şəkildə araşdıran H.İsmayılova görə, tarix bu və ya başqa şəkildə folklorda öz əksini tapır:”Tarixi qaynaqlardan anlaşılır ki, Məlikşahın hakimiyyəti imperatorluğun inkişafının son mərhələsi olmuşdur. Onun ölümündən sonra oğulları arasında hakimiyyət uğrunda bir neçə il mübarizə getmişdir. Böyükyarığın və qardaşı Məhəmmədin zamanında dövlət ərazisi iki hissəyə parçalanmış, Sultan Məlik şahın üçüncü oğlu Sultan Səncərin zamanında (1118-1157) dövlət tənəzzül etmiş və onun ərazisi bir neçə yerə bölünmüşdür (34,292). Bununla bağlı pis hökmdara xalq münasibətindən doğan neqativ məzmunlu örnəklər yaranmışdır. Bunlardan biri də N.Gəncəvinin “Sultan Səncər və qarı” hekayəsinə mövzu vermişdir” (35,80). Nizaminin digər əsərlərində də dövlətçilik fikri və kamil dövlət ideyası dini və milli-mənəvi dəyərlərin səfərbərliyi ilə yaradılan kamil insan obrazından qaynaqlanır. Y.Qarayevin gəldiyi qənaətə görə, “Nizaminin sosial utopiyası bilavasitə Nizamini yetirən xalqın öz sosial-demokratik ənənələri ilə şərtlənib və Nizamiyə qədərki farsdilli ənənə ən yaxşı halda ideal monarxiya zirvəsindən yüksəyə qalxa bilməyib” (33,161). Nizami xalq yaradıcılığından yaradıcı şəkildə istifadə etməklə türk dövlətçilik ənənələrini əsərlərində geniş şəkildə əks etdirib. “Nizami eləcə də ümumbəşəri dövlət yaradılması məsələsini ortaya atır və hesab edir ki, bəlkə belə bir dövlət dünyada zülmə son qoya bilər. Nizaminin “İsgəndərnamə”ni yazmaqda əsas məqsədi insan səadəti yollarını axtarıb tapmaq idi. Və Nizami bu nəticəyə gəlir ki, insan xoşbəxtliyi yalnız dost insanların yaşadığı ədalətli cəmiyyətdə ola bilər. Buna görə də həm bu əsərində, həm də digər dörd irihəcmli poemasında Nizami hökmdarları ədalətli olmağa dəvət edir və azad, xoşbəxt insan cəmiyəti yaratmağı geniş təbliğ etmişdir. İdeal hökmdar konsepsiyası isə “İsgəndərnamə” poemasında daha geniş planda işlənmişdir” (1,16). Nizami əsərlərinin və bu əsərlərdəki ideyaların xalq ruhuna yaxınlığı isə hər şeydən öncə onun folklor motivləri üzərində qurulmasıdır. Çünki burada xalq yaddaşında yaşayan əfsanə, rəvayət, atalar sözü və məsəllər, nağıl süjetləri və nağıl üslubu geniş işlənmişdir. Məsələn, “İsgəndərin zülmətə getməsi” əhvalatı İsgəndərlə bağlı xalq əfsanələrindən biridir. Fatehliyə xalq münasibəti İsgəndərin dəfni ilə bağlı başqa bir əfsanədə qalmaqdadır. Burada İsgəndərin əlinə torpaq tökəndən sonra onu normal dəfn etmək mümkün olur. Bu kimi bir çox əfsanələr “Xəmsə”də olmasa da xalq yaddaşında qorunmuşdur. “Nizaminin “İsgəndərnamə” əsərində azadlıq, bərabərlik və ədalət ideyaları geniş təbliğ olunur. Bu ideyaların tərənnümçüsü kimi Nizami şahlara və hökmdarlara ədalət prinsiplərini müdafiə etməyi nəsihət edir və məsləhət görürdü. Nizaminin “Xosrov və Şirin” poemasında “ədalətli hökmdar haqqında şaha nəsihət” adlı xüsusi bir bölmə də vardır” (1,21). Türk dövlət başçıları xalq ənənəsindən gələn dövlətçilik məsələlərinə böyük diqqətlə yanaşmış və saraylarda saxladıqları müdrik insanların məsləhətlərini daim dinləmişlər. Nizaminin özü də dövrünün böyük hökmdarı Alp Arslan tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmuşdur. Nizami şahın məclisinə gələrkən şahın onu ayağa qalxaraq necə səmimi qarşılaması haqqında da “Xosrov və Şirin” əsərində məlumat verir (1,21).
Nizaminin əsərlərində təsvir olunan dövlətçilik düşüncəsi çağdaş qloballaşan dünyanın mütərəqqi ideyaları ilə səsləşir və bir çox məqamları ilə hətta onu üstələyir. Çünki Nizami xalqın xəyallarındakı dövləti gerçəklik kimi görmək istəyib. Xəyallar və xalq təxəyyülü isə həmişə gerçəklikdən çox irəlidə olur. “Nizami Gəncəvi dünya söz sənətinin dahi təkləri sırasına daxildir. Elə dahi təkləri ki, sənəti sabaha və əbədiyyətə aparan yolda indi də bizdən səkkiz əsr əvvəldə yox, səkkiz əsr qabaqda, irəlidə addımlamaqda davam edirlər. Tarix, bəşəriyyət keçmişdən uzaqlaşdıqca onlara yaxınlaşır” (33,154).
“ƏXLAQİ-NASİRİ”DƏ DÖVLƏTÇİLİK
Orta əsrlər türk dövlətçilik fikrinin əks olunduğu mənbələrdən biri də Nəsirəddin Tusinin (1201-1274) “Əxlaqi-nasiri” əsəridir. “Əxlaqi-nasiri” Tusi tərəfindən ən azı üç dəfə yenidən işlənmişdir. Birinci dəfə o, 1232-33-cü illərdə Möhtəşəmin təkidi ilə onun adına yazılmış, ikinci dəfə təxminən 21-22 ildən sonra (1254-55-ci illər) ismaillilər darmadağın edildikdən və moğollar hakimiyyət başına keçdikdən sonra, üçüncü dəfə isə Əbdül Əziz Nişaburinin arzusu ilə, təqribən 1272-73-cü illərdə yenidən nəzərdən keçirilmişdir” (37,12). Əsər adından da göründüyü kimi hər şeydən öncə əxlaq kitabıdır. “Mənəvi təmizliyə, əxlaq saflığına, vicdan billurluğuna son dərəcə böyük əhəmiyyət verən Tusi hər şeydən əvvəl uşaqların və gənclərin mənəvi-əxlaqi tərbiyəsi ilə məşğul olmağı, onları düzlüyə, doğruluğa, bir sözlə, vicdanlı olmağa öyrətməyi, sonra isə başqa tərbiyə işləri ilə məşğul olmağı məsləhət verir” (37,17). Tusi cəmiyyətin gələcəyini əxlaqi təkamüldə görür. Ona görə də kitabında əsas aparıcı xətt də əxlaq tərbiyəsidir. Kitab müqəddimədən sonra birbaşa “əxlaqın saflaşdırılması haqqında” fəsillə başlanır. Əsərdə “o zaman yunan, ərəb və fars dillərində son dərəcə böyük şöhrət tapmış Əflatun, Ərəstun, İbn-Sina, Qəzali, Biruni kimi alimlərin fəlsəfə və əxlaqa aid kitablarından, “Kəlilə və Dimnə”, “Ərdəşir Babəkan”, “Ənuşirəvanın vəsiyyətləri” kimi xalq müdrikliyi ilə dolu olan dastan və folklor ədəbiyyatından “Siyasətnamə”, “Mərzbannamə” kimi tərbiyə, siyasət və dövlət məsələlərinə həsr edilmiş kitablardan da yeri gəldikcə “Əxlaqi-nasiri”yə daxil etmişdir” (37,13). Tusi əsərdə əsas məqsəd kimi cəmiyyətin mənəvi tərbiyəsi məsələsini qoyur. Bu “məqsədə çatmaq, cəmiyyətdə vicdanlı, namuslu, bacarıqlı, xeyirxah, işgüzar adamların tərbiyə edilib hazırlanması üçün, döyülüb-danlamaq da daxil olmaqla bütün üsulların tətbiq edilməsini mümkün hesab edir, lakin tərif, təhsin, mükafat, şirnikləndirmələrə üstünlük verir” (37,17). Əsərdə dövlətçilik ənənələrinin təsvirinə və təbliğinə geniş yer verilir. Belə ki, kitabda üçüncü məqalənin dördüncü fəsli “ölkə dolandırmaq siyasəti və şahların xisləti” adlanır. Burada deyilir ki, şah siyasəti iki cür olur: “Birinci - fazilə (fəzilətli) siyasət, buna “imamət” də deyilir. Bunun məqsədi xalqı kamilləşdirmək, nəticəsi də səadətə çatdırmaq olar. İkinci-naqis( nöqsanlı) siyasət, buna zorakılıq da deyilir. Bunun məqsədi xalqı qul halına salmaq, nəticəsi isə bədbəxtlik və məzəmmət olar” (36, 209). Cəmiyyətin maddi və mənəvi ehtiyaclarının ödənməsində dövlətin və dövlət başçısının üzərinə böyük vəzifələr qoyulur. Əgər hökmdar fazil siyasət aparsa onda xalqın güzəranı da yaxşı olar. Dövlətçilik üçün xalqın da üzərinə düşən vəzifələr aydınlaşdırılır: “Xalqın xeyri əmin-amanlıq, sakitlik, bir-birinə kömək, dostluq, ədalət, sədaqət, iffət, mehribanlıq və bu kimi işlərdə olar. Xalqın zərəri qarışıqlıq, iztirab, qorxu, vahimə, iğtişaş, dava-dalaş, zülm, əziyyət, paxıllıq, riyakarlıq, xəyanət, təhqir, qeybət və bu kimi işlərdə olar. Hər iki halda camaat gözlərini hökmdara dikər, özlərini onlar kimi aparmağa çalışarlar. Buna görə deyiblər ki, “insanlar ata-babalarından çox şahlarını təqlid edər, keçmişlərin deyil, öz zəmanəsinin adamı olmağa çalışarlar” (36, 209). Xalq dövlətçilik ənənələrinə görə dövlət başçısı olmağın vacib şərtləri vardır. Əsərdə bunlar “yeddi xislət” kimi səciyyələndirilmişdir: “Birinci-atalıq. Bu, hər kəsin özünə görə münasibət, xalqın ürəklərinə yol tapmaq, hamıya mehribanlıq göstərmək, hirs və qəzəbini uda bilmək vasitəsi ilə asanlıqla əldə edilə bilər. İkinci-alicənablıq. Bu nəfsani qüvvələri tərbiyə edib saflaşdırdıqdan, “əsəb” qüvvəsini mülayimləşdirdikdən, “şəhvət” qüvvəsini məhv etdikdən sonra əmələ gələr. Üçüncü-mətinlik. Bu, qəti nöqteyi-nəzər, fitri-iradə, dərin mühakimə, ciddi mübahisə, düzgün fikir, böyük təcrübə və keçmişdəkilərin tərcümeyi-hallarından ibrət dərsi götürməklə ələ gələr.
Dördüncü – tam əzm. Buna kişilik əzmi, şahlar əzmi də deyilir. Bu, düzgün rəy tam iradənin birləşməsindən əmələ gələn mürəkkəb bir fəzilətdir. Heç bir fəzilətə sahib olmaq, heç bir rəzilətdən can qurtarmaq bu fəzilətsiz mümkün deyil. Bu fəslin əsas məqsədi də məhz bu fəzilətin məziyyətlərindən danışmaqdır, çünki şahların hamıdan çox buna ehtiyacı vardır. Beşinci-səbrli olmaq. Bu, ağır və çətin günlərdə, ümidsiz anlarda, çıxılmaz vəziyyətdə davam gətirə bilməyə deyilir, bütün mətləblərin açarı səbrdir deyiblər. Altıncı – var-dövlət. Bu, xalqın amalına göz dikməmək və tamah salmamaq üçün lazımdır. Yeddinci – sadiq və əməlisaleh köməkçilər” (36,209-210). Digər bir yerdə isə dövlətin tənəzzülünün mənəvi məsələləri diqqətə çəkilir: “Dövlətin inkişafdan dayanması və inhitata uğramasının bir səbəbi də hökmdarların mal toplamağa, sərmayə yığmağa, vəzifə tutmağa aludə olmalarıdır. Dövlət düşkünlüyü get-gedə bunların artmasını tələb edər. Elə ki, öyrəşdilər, adətkərdə oldular (hər halda kəmağıllar tapılar və belə şeylərə rəğbət göstərərlər), bu xasiyyət başqalarına da sirayət etməyə başlayar, onlar da öz əvvəlki təbiətlərini dəyişdirib varlanmağa, müxtəlif yollarla mal toplamağa, eyş-işrətlə məşğul olmağa həvəslənərlər, silahları yerə qoyar, müdafiə qüvvəsini zəiflədər, döyüş vərdişlərini unudar, zəhmətsevərliyi əldən verər, rahatlıq axtaran, yeyib-yatan, ətalət əsiri olan tənbəllərə çevrilərlər. Belə halda zəif bir düşmən də onlara hücum etsə, bu camaatı məğlub etmək onlara asan olar” (36,211). İdarəçiliyin əsas prinsipləri belə şərh olunur: “Rəiyyəti ədalət, fəzilət və hikmət qanunları əsasında idarə etmək lazımdır. Bədən-təbiətlərin, təbiətlər – nəfsin, nəfs-əqlin sayəsində möhkəmləndiyi kimi, şəhərlərin möhkəmliyi şaha, şahın möhkəmliyi siyasətə, siyasətin möhkəmliyi isə hikmətə bağlıdır” (36, 215). Göründüyü kimi burada ən mühüm cəhət hikmət sayılır. Bunun üçün müəllif xalq hikmətlərini dövlətçilik işinə səfərbər edir, onların əsasında bu mükəmməl əsəri yazır. Heç şübhəsiz ki, Nəsirəddin Tusi Şərqin müdrik bir şəxsiyyəti idi və onun yazdığı yuzə qədər əsər də xalq yaradıcılığının müdriklik çeşməsindən qaynaqlanır. Əslində o, özünəqədərki əxlaqi dəyərləri və dövlətçilik düşüncələrini bir məcmu halına gətirib, sistemləşdirib və mükəmməl bir əsərə çevirib. Onun Şərqdə və türk dünyasında çox geniş yayılmış xalq lətifələrinin qəhrəmanının prototipi olması ehtimalı da təsadüfi deyil (38,118;39,219; 40,16; 41;42 və b.). Çünki Tusi Şərqin Farabi, Biruni, İbn Sina, Bəhmənyar kimi dahi mütəfəkkirlərindən biri idi.
Tədqiqatlara görə, “adı dillər əzbəri olan Molla (xoca) Nəsrəddin mənşəsiz olub bu qədər şöhrətlənə bilməzdi. Bu şöhrətli şəxsin adındakı “Nəsrəddin”, şübhəsiz XIII əsrdə Xacə Nəsrəddin Tusidən başqa bir adamla bağlı deyildir. Müəllif göstərir ki, Xoca Nəsrəddinə istinad edilən alimlik, məşhurliq, hazırcavablıq və s. bu kimi yüksək sifətlər məhz Xacə Nəsrəddin Tusidə vardır. O da istedadlı münəccim, ağıllı dövlət xadimi, hazırcavab müəllim, xalqın hörmətini qazanmış alimlər alimi və hikmət sahibi filosof idi. Yalnız belə bir məşhur şəxsiyyət ağızlara düşə bilər və gözəl-gözəl lətifələrin sahibi kimi qələmə verilə bilərdi” (39,219). Məmmədağa Sultanovun bu fikirləri Təhmasib Fərzəliyev tərəfindən bir daha diqqətə çatdırılır. Oxşar fikirlərə M. Təhmasibin araşdırmalarında da rast gəlinir (40,16). Məhz lətifələrin özündən çıxış edən M. Təhmasib yazır: “Bizcə Molla Nəsrəddin lətifələrinin əsası XIII əsrdə onun prototipi olan Mövlanə Xacə Nəsrəddin Tusi ilə əlaqədar olaraq yaranmışdır” (40,16).
“OĞUZNAMƏ”LƏRDƏ DÖVLƏTÇİLK
Türk dövlətçilik ənənələri orta əsrlərdə geniş yayılmış “Oğuznamə”lərdə də əks olunub. Məlumdur ki, “Oğuznamə” oğuzların kitabı deməkdir. Bu kitab orta əsrlər oğuz ənənəsinə uyğun olaraq özündə zəngin folklor irsini əks etdirir. Bununla yanaşı bu kitablarda oğuzların dövlətçilik tarixləri və ənənləri də geniş yer alır. Əski “Oğuznamə”lərdən biri haqqında “1309-1340-cı illərdə Misirdə yaşamış oğuz-səlcuq mənşəli Əbubəkr ibn Abdullah ibn Aybək əd-Dəvadari özünün ərəb dilində yazaraq 1309-cu ildə tamaladığı “Dürər ət-tican və təvarix qürər əz-zəman” (“Şöhrətləndirilmişlərin tarixindən bir inci”) adlı kiçik həcmli tarix əsərində məlumat verir və ilk dəfə “Oğuznamə” sözünü də o işlədir. Onun göstərdiyinə görə Sasani hökmdarı Ənuşirvanın (hakimiyyət illəri: 531-573) Mərvdən Buzurq Mihr Baxtanq Farsiyə məxsus orta fars dilində yazılmış həmin kitab Əbu Müslüm Xorasaninin (755- ci ildə öldürülmüşdür) xəzinəsindən tapılmışdır. Aybək Dəvadarinin haqqında danışdığı əsər çox güman ki, türkcə yazılmış bir qəhrəmanlıq dastanı olmuş və 826-cı ildə Bağdadda yaşayan suriyalı həkim Cəbrayıl Bəhşi tərəfindən ərəb dilinə tərcümə olunmuşdur. Həmin nüsxədən istifadə edən Aybək Dəvadari kitab haqqında yazır: “Mən istəyirəm bu tayfanın (türklərin – İ.O.) haradan gəldikləri və onların sələfləri haqqında bunların özlərinin doğma dillərində (uyğur dilində) yazılmış “Ulu xan Ata Bitiqçi” adlı kitablarına əsaslanaraq danışım. Bunun adının mənası “Böyük hökmdar- Ata haqqında kitab” deməkdir. Bu elə bir kitabdır ki, qədim türklərdən monqollar və qıpçaqlar bununla sevinir və məmnun olurdular, bu kitabın onların yanında böyük hörməti vardı. Həmçinin digər türklərin “Oğuznamə” adlı bir kitabları vardır. Onu əldən-ələ gəzdirirlər. Onda onların başına gələn rəvayətlər və ilk hökmdarları haqqında məlumat vardır” (43, 5-6). F. Bayata görə, “Oğuznamələrin tarixi xronikalarda geniş yer alması, daha doğrusu salnamələrin özündə mifik səciyyəli Oğuz şəcərəsini əritməsi, oğuznamə motivlərinin türk mədəniyyətində eninə və dərininə yayılmasını göstərir. Türk dastan ənənəsinin tarixi xronikalara keçməsi, epik yaradıcılığın “tarixləşməsi” etnokulturoloji baxımdan eyni informasiyanın müxtəlif yönlərdən təqdimi idi. Bu informasiyanın özəyində fütuhatçılıq ideyası dururdu. Oğuznamə motivlərinin türk epik ənənəsində geniş yayılmasına səbəb də bu idi” (4,5-6). K. V. Nərimanoğlu və F.Uğurlu “Oğuznamə”ni böyük bir mədəniyyət hadisəsi kimi səciyyələndirərək bu şəkildə xarakterizə edirlər:
“Oğuznamə – türk xalqının həyatını, mübarizəsini, mənəviyyatını əks etdirən ədəbi-tarixi qaynaqdır.
Oğuznamə – oğuz eposudur.
Oğuznamə – oğuz tarixidir.
Oğuznamə – oğuz mədəniyyətinin nəsildən keçə-keçə yaşayan həyat kitabıdır” (56,3). Oğuznamələrin materialını təşkil edən atalar sözləri, əfsanə və rəvayətlər özlərində dövlətçilik ənənlərini daşıyan zəngin məlumata malikdir. Burada mif və tarix bir-birinə qovuşmuş, gerçəklik əfsanələşmişdir. Amma bu əfsanəvi tarix oğuzlar tərəfindən yaşadılmış və orta əsrlərin sonlarında da gerçək bir tarix kimi qəbul olunmuşdur. Buna Əbül Qazi xan Xivəlinin “Şəcəreyi tərakimə”sində də rast gəlirik. Oğuz dövlət başçıları öz nəsil şəcərələrini Nuh peyğəmbərdən, əfsanəvi Oğuz xandan və onun böyük oğlu Gün xandan başlayırlar. Məlumdur ki, XI əsr oğuzların dövlətçilik tarixlərində mühüm bir dövrdür. “XI əsrdə Azərbaycana gəlmiş oğuzlar burada kifayət qədər kompakt yaşayan türkdilli yerli əhali ilə qarşılaşdılar. Gəlmə oğuz-qıpçaqların artıq Azərbaycanın əsl əhalisinə çevrilmiş Hun mənşəli türklərlə etnik yaxınlığı çoxsaylı faktlarla təsdiqlənir. Məsələn, tarixi əsərlərdə və eposda Oğuz xanın Hun hökmdarı Mete ilə eyniliyi haqqında çox deyilmişdir. Oğuzların 12 sağ, 12 sol ( yaxud İç və Daş oğuzlar) qanada bölünmüş 24 oğuz tayfası hunların bölgüsünə (tümənbaşı ümumi adını daşıyan 24 hun ağsaqqalı) tam uyğun gəlir. Şərq tərəfin knyaz və başçıları Şərqdə, Qərb tərəfin knyaz və başçıları Qərbdə yerləşmişdilər. S.P.Tolstov belə hesab edir ki, hun tarixi ənənəsi X-XI əsrlərdə onların xələfləri olan oğuz tayfaları tərəfindən qəbul edilmişdi” (45, 14-15). Bu ənənənin davam etdirilməsi “Oğuznamə”lərdə (56;57;58) tam aydınlığı ilə görünməkdədir. Tədqiqatlarda oğuzların mifoloji əcdadı Oğuz xan haqqında müxtəlif fikir və mülahizələr mövcuddur (46; 47; 48; 49; 50; 51 və b.). Bu tipli araşdırmalar əsasən tarix və folklor münasibətləri çərçivəsində aparılır. Folklorşünas alim B. Abdulla Oğuz xanla bağlı fikirləri belə ümumiləşdirir: “ N.Y. Biçurin xeyli araşdırma aparmaqla hökm vermişdir ki, Mete ilə Oğuz xan elə bir adamdır. Ziya Göyalp Oğuz xanı gah Mete, gah da “Kitab”ın ( Kitabi Dədə Qorqud nəzərdə tutulur – A.X.) birinci boyundakı Dirsə xanın oğlu Buğac bilmişdir. Ə. B. Ərcilasun da bu fikrə tərəfdar durmuşdur. Böyük türkoloq V.V. Rodlovun fikrinə görə, maniliyi öz dövlətinin rəsmi dini səviyyəsinə ucaldan Begü Teqin, yaxud Begü Xaqan gerçək olaraq elə Oğuz xandır, R. Nura görə, Oğuzun mənası “öküz”dür, yunan hökmdarı İsgəndər Zülqərneyn (qoşabuynuzlu) də buynuzludur. Deməli, Oğuz xan Makedoniyalı Filippin oğlu İsgəndərdir ki, var. Q.N. Potanin Oğuz xanla monqol əfsanələrində adı keçən Kirey xanla, Uxur-Bama xan arasında oxşarlıq, uyğunluq aramışdır. Alman şərqşünası İ. Morquart Oğuz xanı Çingiz xanla bir bilmişdir” (36, 5-6). F. Bayata görə, “cahan dövləti qurmaq ideyası Oğuz adı ilə bağlı olub türk mədəniyyətində bir neçə dəfə müxtəlif tarixi və mifoloji obrazlara transformasiya olunub. Bu baxımdan Çin mənbələrinin təqdim etdiyi Mete kompleksi türk-islam salnaməçilərinin oğuznamələrinə tam adekvatdır. Oğuz-Mete paralelliyi hər şeydən əvvəl Metenin də cahan dövləti qurması, hunların xilaskarı olması, hun ordu, inzibati, idarə institutlarının yaradıcısı kimi verilməsi ilə ilişgilidir. Belə bir yaxınlıq N.Biçurinə Mete ilə Oğuzu eyniləşdirməyə imkan vermişdir, çünki türklərin xilaskarı və el quran hökmdarları bu və ya digər dərəcədə Oğuza bənzəyirdi və ya bənzədilirdi” (4,6). Məlumdur ki, Oğuz xan oğuz türklərinin mifoloji əcdadı, soybaşçısıdır. Oğuz dövlətçiliyi də Oğuz xandan başlanır. Bu özünü hökmdar nəslinin şəcərələrində də göstərir. Oğuzların tarix səhnəsinə çıxdıqları zamandan Oğuz haqqında əfsanə və rəvayətlər də yaranmışdır. Yazı mədəniyyəti dövründə isə oğuz tarixi folklor yaddaşından yazıya alınmışdır. Bu səbəbdən də bu əfsanəvi bir tarixi xatırladır”. Mövcud elmi fikrə görə əski çağlardan Oğuz dastanları şərq (Türkistan, Uzaq Şərq) və qərb (Azərbaycan və Ön Asiya) variantlarında mövcud olmuşdur. Bu variantlardan biri bizə qədər N.Biçurinin tərcüməsində gəlib çatan Çin qaynaqlarının Mete haqqında verdikləri yarıtarixi əfsanədir. Qərb variantına “Oğuz kağan” dastanı, Rəşidəddinin (XIV əsr), Yazıçıoğlu Əlinin (XV əsr), Hafiz Abrunun (XV əsr), Mahmudoğlu Həsən Bayatlının (XV əsr), Xandəmirin (XVI əsr), Salır Baba Qulalı oğlunun (XVI əsr), Əbül Qazinin (XVII əsr) və b. tarixçilərin əsərləri daxildir” (4,7). Fəzlullah Rəşidəddinin “Oğuznamə”si yazılı mənbələrdən götürülmüşdür. “Fəzlullah Rəşidəddin Həmədani Qazan xanın (hakimiyyət illəri: 1295-1304) əmri ilə 1300/01-ci ildə yazmağa başladığı “Cami ət-təvarix” (Tarixlər toplusu) adlı məşhur əsərini Olcaytu xan (hakimiyyət illəri: 1304-1316) dövründə – 1310-cu ildə tamamladı” (43, 6). Rəşidəddinin “Cami ət-təvarix” əsəri iki hissədən ibarətdir. Birinci hissə monqolların, ikinci hissə isə türklərin tarixinə həsr olunmuşdur. Əsər Hülakilərin zamanında və onların sifarişi ilə hazırlandığından monqol tarixi əvvəldə verilmişdir. “Oğuzların və türklərin tarixi” adlı hissədə Oğuzun doğulması, uşaqlığı, Tanrıya iman etməsi, evlənməsi və zəfər yürüşləri nəql olunur. Eyni zamanda oğuz cəmiyyətinin sosial strukturu, mərkəzi hakimiyyət və onun qolları, tamqa və onqonları, yəni əski dövlət rəmzləri haqqında müfəssəl məlumatlar verilir. “Cami ət-təvarix”də oğuzların mənşəyi fəslində yazılır ki, 24 bou bərabər sayda olmaq üzrə Oğuz xanın altı oğlundan törəmişdir. Ancaq daha diqqətəlayiq cəhət budur ki, damğaları ayrı-ayrı olduğu halda hər dörd boy bir müştərək onqona malikdir. Bu fakt 24 oğuz boyunun da qədim zamanlarda altı boy halında yaşadığını göstərir. Bu altı onqonun hamısı meşə zonalarında yaşayan yırtıcı quşlardır” (2,28). Hakimiyyətin mütənasib şəkildə bölgüsünü humanist dövlətçilik ənənələri ilə əlaqələndirən T.Hacıyev bu dəyərlərə yüksək qiymət verərək yazır: ”Qədim türk cəmiyyətində kamil humanizm təsadüfi deyil. Bu, mükəmməl dövlətçiliklə bağlıdır. Təsəvvür edək ki, kapitalizmin yaranması zamanı parlament idarə üsulunu yüksək demokratiya faktı kimi qiymətləndirirlər. Bu parlamentdə sağlar və sollar olur ki, demokratizmi şərtləndirən də bu palatalar arasındakı ictimai-sosial “duetlərdir”. Buyurun qədim Oğuzda həmin iki palatalı sistem – dibdə – ortada seçmə (xas) bəylər, sağ tərəfdə sağlar, sol tərəfdə sollar, eşikdə də qaydaya-intizama nəzarət edən yaxınlar:
Sağda oturan sağ bəylər,
Solda oturan sol bəylər,
Eşikdki inaqlar,
Düpdə oturan xas bəylər” ( 52, 93).
Oğuzların “Cami ət-təvarix” də verilmiş əfsanəvi tarixlərindən dövlətə başçılıq edən yabqular haqqında məlumat var. Burada yabqulardan bir çoxunun adı çəkilmişdir. Yabqular qışda Sır-Dəryanın mənbəyi yaxınlığında yerləşən Yeni-Kənddə yaşayırdılar. Yabquların bizə məlum olan aşağıdakı məmurları vardı: sübaşı, yəni ordu komandanı. Səlcuq dövründə sübaşı ünvanı bölgələrin hərbi valilərinə verilirdi. Yabquların yüksək məmuru Kül-ərkin idi. Kül-ərkin yabqunun naibi və ya vəkili deməkdir. Türkiyə səlcuqlarında bir səltənət naibliyi vəzifəsi mövcud olmuşdur. Bundan əlavə, türkmən hökmdarlarının, bəylərinin də naibləri olduğu məlumdur. Oğuz yabqu dövlətində tarxan və yınal ünvanlarını daşıyan şəxslər də olmuşdur. Lakin bunların sadəcə olaraq əsilzadə titulları, yoxsa məmur ünvanları kimi işləndiyi bilinmir. Türkiyə səlcuqlarında mövcud olan bəylərbəyi vəzifəsinin yabqular dövlətində olub-olmadığı məlum deyil (2,72).
Yabquların möhür və fərmanlarına tuğraq (tuğra) deyilməsi haqqında məlumat vardır. Sonralar Səlcuq dövlətində tuğralıq (nişançılıq) adlı bir məmur vəzifəsi də olmuşdur. Oğuzların divanı, vergi yığan məmurları, orduda ovçubaşı, əmir-axur kimi məmurları, çavuşları (təşrifat məmurları), bəkçiləri (mühafizəçilər) olması haqqında da bilgilər verilir (2,72). O da məlum olur ki, “oğuzlar işlərini məclislər quraraq məsləhət (gənəşmə) yolu ilə həll edərdilər. Oğuz sübaşısı Ətrək tarxan, yınal kimi oğuz başçılarını çağıraraq xəlifənin nümayəndə heyətinə qarşı necə davranmaq barədə onlarla məsləhətləşmişdi. Oğuz yabqu dövləti X əsrin birinci yarısında müstəqil və qüdrətli bir dövlət idi. O heç bir zaman bu və ya digər dövlətə, qövmə tabe olmamışdır” (2,72-73). Türk dövlətçiliyi islam dönəmində yeni keyfiyyətlər qazanır. Burada bəy, xaqan, yabqu, xan deyil, sultan və əmirlər dövləti idarə edirlər. Padşah, vəzir, vəkil idarəçiliyi isə bundan sonrakı dövrlərə aiddir. Türkiyədə sultanlıq, Azərbaycanda isə şahlıq idarə sistemləri uzun müddət saxlanmışdır. Ağqoyunlular dönəmində dövlət başçısı bəy və ya padşah, Səfəvilər dövründə isə şah adlanırdı.
“KİTABİ-DİYARBƏKRİYYƏ”DƏ DÖVLƏTÇİLİK
1470-1471-ci illərdə Əbubəkr Tehrani tərəfindən yazılmış “Kitabi- Diyarbəkriyyə” o dövrün iki Azərbaycan dövləti – Ağqoyunlu və Qaraqoyunlu dövlətləri haqqında məlumat verir və dövrün sosial-mədəni həyatını təsəvvürlərdə canlandırmağa imkan verir. “Kitabi-Diyarbəkriyyə” istər həcminə, istərsə də məzmununa görə Ağqoyunluların və bütövlükdə dövrün tarixinə dair ən mühüm və ən qiymətli mənbə kimi dəyərləndirilməlidir. Əvvəla, o, Ağqoyunlu sülaləsinin iki ən parlaq nümayəndəsinin, Ağqoyunlu dövlətinin qurucusu olan iki görkəmli tarixi şəxsiyyətin – Qara Yülük Osmanın (1403-1435) və Uzun Həsənin (1457-1478) siyasi və hərbi fəaliyyətini dolğun şəkildə əks etdirir. Yəni Ağqoyunluların təqribən bir əsrlik gerçək tarixinin səksən ili burada öz inikasını tapmışdır. Özü də bu zəngin məlumatları ehtiva edən material geniş tarixi fonda, Ağqoyunluların, Qaraqoyunlular, Teymurilər, Anadolu bəylikləri, Osmanlılar və Məmlüklərlə siyasi münasibətləri kontekstində verilmişdir. Digər tərəfdən, əsərin müəllifi Uzun Həsənin sarayında xidmət etmiş, necə deyərlər, birinci əldən informasiya almaq imkanına malik bir şəxs olmuşdur” (55,3). Əsərdə türk dövlətçiliyinin bir çox məqamları öz əksini tapıb. Burada verilən bəzi məlumatların Rəşidəddinin “Cami ət-təvarix”indən götürüldüyü şübhəsizdir. Amma bununla yanaşı müəllif digər mənbələrdən də istifadə edib. “Kitabi Diyarbəkriyyə”nin bilavasitə giriş hissəsindən sonra gələn fəsli əsərin strukturunda özünəməxsus yer tutur. “Həzrəti Sahibqranın əcdadı və əsl-nəsəbi haqqında” adlanan və kitaba bir növ müqəddimə təsiri bağışlayan həmin fəsildə Ağqoyunluların rəsmi genelogiyası verilir. Əbubəkr Tehrani “mötəbər müəlliflərin etibarlı ravilərin yoxlanılmış və dəqiq məlumatlarına” istinad edərək, göstərir ki, Uzun Həsəndən “bəşərin atası” Adəm peyğəmbərə qədər yetmiş nəsil gedib çıxır, yəni Uzun Həsən sülalənin yetmiş birinci nümayəndəsi kimi təqdim olunur” (55,18). Bu genelogiyada Bayandur xan Oğuzun oğlu Gün xanın oğlu kimi təqdim olunur. Rəşidəddinin verdiyi şəcərədə isə Bayandur Oğuzun oğlu Göy xanın oğludur. Burada müşahidə edilən bəzi dəyişikliklər təsadüfi olmayıb müəyyən məqsədə xidmət etmişdir. Çünki Orta əsr türk dövlətçilik ənənəsində soy, nəsil şəcərəsinin ciddi rolu olmuşdur. Yaddaşlarda yaşayan ənənəyə görə Oğuz xan hakimiyyətin varisliyini oğlu Gün xana və onun başçısı olduğu sağ qola və ya boz oqlara vermişdir. Buraya Gün, Ay və Ulduz xan daxildir. Oğuzun digər üç oğlu- Göy, Dağ, Dəniz isə sol qola və ya uç oqlara aiddir. Ali hakimiyyət bozoqlara vəsiyyət olunduğundan sonrakı şəcərələrdə hökmdarlar özlərini mütləq onlara bağlamağa çalışırdılar. Başqa halda hakimiyyətin legitimliyi şübhə altında qalırdı. Bu tipli şəcərə tərtibi bir növ norma halını almışdı. Çünki bu variant sonralar da başqa müəlliflər tərəfindən verilirdi. Məsələn, XVI əsrin sonu XVII əsrin əvvəllərində yazılmış “Qızılbaşlar tarixi”ndə (Tarixi-Qızılbaşan) Ağqoyunlular barədə deyilir: “Bayandur xan ki, bu tayfa özünü onun nəsli hesab edir, Gün xan ibn Oğuz xanın oğludur və Oğuz xan Həsən padşahın əlli birinci babasıdır” (64,7). “Kitabi- Diyarbəkriyyə”yə görə isə Oğuz xan Uzun Həsənin əlli beşinci babası olaraq göstərilir. Həmin dövrdə digər türk sülalələri (Teymurilər, Qaraqoyunlular, Osmanlılar və s.) də bu bu cür yarımmifik şəcərələrdən istifadə edirdilər (55,19). Belə folklor-mifoloji məlumatla yanaşı Əbubəkr Tehrani Uzun Həsəni tamamilə real bir insan, müdrik və ədalətli dövlət xadimi, ağıllı və uzaqgörən siyasətçi, cəsur və şücaətli bir sərkərdə kimi təqdim edir, hətta onun ağır anlarını, o cümlədən, maddi çətinliklə üzləşdiyi çağları da qələmə alır, Buna uyğun olaraq, müəllif uzun Həsənin siyasi rəqibləri, xüsusən Cahanşah və Əbu Səid barədə təhqiramiz ifadələrə yol vermir, onlara kifayət qədər loyal və ehtiramla yanaşır. Uzun Həsən ilk dəfə Təbrizə daxil olarkən, Cahanşahın və onun övladlarının qəbrini ziyarət etməsini də müəllif, fikrimizcə, məhz öz düşüncəsinə və əxlaqına uyğun gəldiyi üçün yüksək sözlərlə təqdir edir” (55,15). Cənub şərqi Anadoluda Oğuz-türkmanların hakimiyyəti dövründə xalq ədəbiyyatı inkişaf edir. Əski ozan boyları, atalar sözləri və oğuz alpları hakkındakı ötgülər oğuznamələrə daxil olurdu. “Oğuzların qəhrəmanlıq dastanları dövlətçilik ideologiyasının məhsulu kimi meydana çıxdı. Bunu oğuzçuluq hərəkatı da təsdiq edir. Oğuzçuluq quru söz təbliğatı deyil, qopuzun sədaları altında ifa etdiyi dastanlaşmış bir təbliğat idi. Bu sənət əsərlərinin böyüklüyü də məhz ideoloji təməlin türkçülüyə, dövlətçiliyə dayanmasında idi” (4, 94). Oğuzdilli xalq ədəbiyyatının inkişafı, dastan şəklinin bu çevrəyə daxil olması, əfsanə, rəvayət, hekayət və mənqəbəvi tarixin qovuşuğunda yaranan oğuznamələrin yeni silsiləsinin meydana çıxması səlcuqlardan sonra sürətli bir xarakter almağa başlayır. Mifoloji məzmundan, əsatiri xatirələrdən başqa tarixi gerçəkləri də özündə əks etdirən yeni tipli dastanlar kütləşmiş yaddaşları oyadır, oğuzları türk törəsinə dayanan dövlət qurmağa ruhlandırırdı. Monqol yürüşləri oğuzçuluğun inkişafına təkan verdi. Bundan dolayı səlcuqlar dönəmində geniş yayıla bilməyən oğuzçuluq hərəkatı, köçəri maldar dövləti olan Elxanilər zamanında hərtərəfli qorundu. Bu zamandan da oğuz dastanlarının salnamələşmə ənənəsi başlandı (4, 94; 35, 800-801). Bu dövrün siyasi gerçəkliyinin folklorda izlərini müşahidə edən H.İsmayılovun yazdığına görə dönəmin mədəni prosesləri folklora da öz təsirlərini göstərir. Əfsanəvi xalq qəhrəmanı Koroğlunun ən yaxın silahdaşı kimi Dəli Həsənin folklor düşüncəsinə daxil olması, Əmir Teymurla xoş münasibətin Dəmirçioğlu adında əks olunması gerçəkliyin bədii qavranılmasından doğmuş özəl düşüncə modelləri kimi özünü göstərir. Diqqəti “ Kitabi Dədə Qorqud”dakı Qazan xan haqqında söylənmiş “Amit soyunun aslanı” ifadəsinə yönəldən müəllif qeyd edir ki, Qazan Elxaniləri simvolizə edir. Bizə gəlib çatan əlyazma da XV əsrə aid olduğundan məhz Amitin (Diyarbəkirin) himayəçisi kimi Qazan (və ya həmin ifadə- A.X.) bura daxil edilmişdir (35,801). Məlumdur ki, Diyarbəkir Ağqoyunlu dövlətinin paytaxtı olmuşdur. Amit də Diyarbəkirin əski adıdır.
Səlcuqlarla başlanan türk dövlətçilik ənənəsində fasilə yaranmır. Bunun davamı olaraq Ağqoyunlu və Qaraqoyunlu dövlətləri, Osmanlı imperatorluğu yaranır. Səlcuq oğuzlarının varisləri olan Oğuz-türkman bəyləri Qaraqoyunlu və Ağqoyunlu dövlətinin yerində Səfəvi dövlətini qururlar.
Dostları ilə paylaş: |