AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­


L Lap o qarat qumarbazlardandır. Lələ köçüb, yurdu qalıb – dağılan bir yerə deyərlər. M



Yüklə 2,25 Mb.
səhifə7/19
tarix21.03.2017
ölçüsü2,25 Mb.
#12161
1   2   3   4   5   6   7   8   9   10   ...   19

L

Lap o qarat qumarbazlardandır.

Lələ köçüb, yurdu qalıb – dağılan bir yerə deyərlər.
M

Mal kimi başın saldı aşağa.

Meşdqıloşdu – bu mənasız bir şeyi hədəf götürüb, daş, ya belənçi bir şeylə vurmaq istəyəndə, diqqəti artırmaq üçün deyirlər.

Mədəm küsüb – iştaham yoxdur.

Mələyə-mələyə aldı – ağlayıb, sızlayıb, yalvara-yalvara aldı.

Mən ki dədəyə oğul olmayacağam.

Məni bəd basıb.

Məni xətaya qoydu – oyun açdı başıma.

Məni qaralayıb.

Mənim daşım onun başına düşüb – paxıllığımı edir.

Mənimlə bürüz gəzir – məndən küsüb.

Məcazım çəkmir – o şeyi yemək istəmirəm.

Mızığına dəydi– acığına gəldi və küsdü.

Min cırığa bir yamaq salar – yalançı adam.

Mindiyin hesaba eləmir – sürdüyün hesaba eləyir.

Min közəyə qulaq qoymaq – hər işə qol qoyub işləyən adama deyərlər.


N

Nənəsinin əmcəyini kəsənlərdəndir.

Nə ki varın başına çevirərəm.

Nəqd mənim, nisyələr sənin.

Nə ölüsü var, nə dirisi – itib-batıbdır.

Nəyin nəsi?! (Misal: Sən nə bilirsən, nəyin nəsidir).

Nə isteysən bacunnan, bacun öley acınnan (Nə istəyirsən bacından, bacın ölür acından).

Nə cütünə gedirəm, nə kuruşnəni yeyirəm.

Nə yağan yağışdan oldum, nə bitən qamışdan.
O

O bilmir? – Çaya baxarsa balığın da erkək-dişisin bilər.

Oğrunun yadına daş salmaq – bir söz deyib özünü giriftar eləmək.

Od qoydu beləsinə – misal, Əhməd tərəfə gör neçə od qoyub ki, oda dönüb bunu bıçaqlayıb.

Odnan suyun arasında qalma-– çarəsiz qalmaq.

Orada olub, ölüb gedəm.

On adamı bir-birinin üstünə qoyar – güclüdür.

Ona dişi batmadı – ona gücü çatmadı.

On iki imamın altısı sənə qənim olsun, altısı mənə– ziyanı yarı bölək.

Ona dili çıxmır – ondan qorxur.

Ondan elə qorxur ki, az qalırda g... öpə.

Onlar bu yolda külüng sındırıblar – onların təcrü­bəsin­dən gərək yararlanaq.

Onu elə burublar ki... – onun başına bir oyun gətiriblər ki, daha onda cürət, cəsarət və kişlik qüruru qalmayıbdır.

Onu özünə iş eyləyib – işləmək bəhanəsi.

Onu görəndə elə bir anamın oynaşın görürəm – ondan zəhləm gedir.

Onu görənməzsən!

Onun cızığına girmək olmaz.

Onun qarasıyla getdim – onu özgədən təqib etdim.

Onunla aramız açıqdır – hər sözü bir-birimizə deyirik.

Onunla mənim nə alıb-verməm – onunla mənim nə rabitəmiz var, niyə mənə sataşır?

Ondan gözün olsun.

Onun yerini verməz – o, bundan yaxşıdır.

Onun ipinin üstünə odun yığmaq olmaz.

Onun bir barmağı da olmaz.

Ovuc ilə dağ daşımaq.

O yana keçir yaman deyir, bu yana keçir yaman deyir.

Oyun açdı başıma– məni zəhmətə və müsibətə saldı.
Ö

Öküzün böyügü töylədədir – hələ işin çətini qalır.

Öküz kimidir – güclü, kobud adamdır.

Öküz yeriməz, cütə getməz – məsələn, verdiyin pul, şey azdır.

Öləsən də, qalasan da, pul görənməzsən.

Örkənin üstünə odun yığma – ona etibar eləmə.

Ölü itin başının altın gəzmək – çox döymək, çox vurmaq.

Özüm deyirəm, özüm eşidirəm – sözümə qulaq asmır.

Özün gör, kimə qoşub – bir nəfər əsgik adamla yaman­laşıb, savaşanda, ona bu sözü deyirlər.

P

Palanını aşırdı – çaxır içmişdi kefləndi.

Pıçaq vursan, qanı çıxmaz.

Pişigimiz oğlan doğub – işimiz çətin olub.

Pul tələsigidir – davamsızdır.

P..... südündən çıxıb – böyümüş uşaq.

P ........vandan çıxmayıb – hələ uşaqdır (misal: p...... mənə lotuluq edir).
R

Rəng verdi, rəng aldı – qızardı-bozardı.

Rəng atdı – üzünün rəngi qaçdı, ağardı (məsələn, qor­xudan).
S

Saçıb sovurdu – mal-dövlətin ona-buna, o yana, bu yana xərclədi.

Sağır cücəsən, büzüş yat.

Salamın uca alıblar – getdiyi yerdə hörmətlə qarşılanıb, daha gəlmək istəmir.

Saman altdan su yeridəndi.

Saf– çürük etmək.

Savaşdı qijqırıb – bir yazı-pozu bilən, savadı az olan adam, məsələn, bir məktub oxumaqda səhvi olarsa, deyirlər, savadı qıjqırıb.

Sevəllənə– sevəllənə gəlir – xəyalsız, gəzə– gəzə gəlir.

Səhərin gözündən – səhər, lap tezdən.

Səhləmin çatdı – tayları baş-başa tikib eşşəyin belinə aşırdı.

Səsin atdı başına – oxumağa başladı.

Səsi özünə xoş gəlib.

Səsi başıma düşür – səsi məni rahatsız edir.

Səsi küçəni gütdü.

Sən deyən olsun – qal yatsın.

Sən nə deyirsən, mən nə deyirəm.

Sənin qıyımını ona verməz.

Sənin geyimini ona vermərəm – sənin təəssübünü çəkərəm.

Siçan dəliyini satın almaq – qorxudan hər yerə qaçıb soxulmaq.

Sillə ilə üz qızartmax.

Sinə qoyublar – gündə birinin evinə yığışırlar.

Sinsiməli adam deyil – əzab-əziyyət çəkməli adam deyil.

Sonbeşikdir, zor gəlir də, bərkə qoymaq olmur.

Sondan görmüş.

Soyub-soyub quyruğunda murdar etmək.

Söz burada qalsın – öz aramızda qalsın.

Söhbəti şirin gəlib – işlər tökülüb qalır.

Sümügü yoğunlayıb – tərbiyə götürməli vaxtı keçib, söz eşitmir.

Sütün tökülüb mırtlanırsan?

Süpürülmüş yer gəzir – işin hazırını istəyir.

Süftə eləməmiş daxilə girmək – söz almamış irad çıxart­maq.

Sudan yaxşı çıxmadı.

Suyu kəsilib – Bir adam bir yerdən tələsik qacar. Hara­dan suyu kəsilməsin?
Ş

Şadlığına şüvənlik eləmə.

Şalvarının ayağını kəsərəm.

Şapatladı – onu döydü.

Şapba ilə üz qızardır.

Şah ilə pilov yemir ki, buğum yağa batar.

Şah Abbasa yarı, Keçəl Abbasa yox.

Şeytana papış tikər.

Şeytanın başına börk qoyar.

Şəhərin açıb-bağlayanıdır – şəhərin bütün imtiyazatı onun əlindədir.

Şərihli malıya yetməz.

Şimbil ilə oynayır – qızbazlıq və arvadbazlıq edən gənc, ya kişiyə deyilir.

Şip düşüb yatdı – yorğunluğundan.

Şor tutub beləsin – ağıl üzrə davranmır.


T

Taxmamış taqqıldadır.

Tanrı da gəlsə bununla bacarmaz – inadkar adamdır.

Tanrısına təpig atmaq – naşükürlük eləmək.

Təzə başa düşüb – bir sürə vaxtı fövta verdikdən sonra.

Tək eşşəkli – bir işi tez-tez görən adama deyirlər.

Toyda donun tanımaq – fürsəti qənimət bilib, öz malını birindən istəmək, ya bir şeyə yiyələnmək.

Torbadan vurdu dağarcıqdan çıxdı, dağarcıqdan vurdu torbadan çıxdı.

Tutması var – hərdən dəliliyi tutur.

Tük özü içəridədi – Motalın tüklü üzü içəri tərəfdə olar. Üzünə baxma içərisi yamandı.


Ü

Ürəgimin yağın yedim – nigaranlıq və izitirab cəkdim.

Ürəgi tətöyüzə düşüb – nigarandır, iztirabı var.

Ürəgin boşaltdı – ağlayıb təskinlik tapdı.

Ürəgini basdı? – Ürəyini istədigi kimi oldu?

Üstünə çıxmaq – bir adamı pis iş gördügü halda qəfildən tutmaq.

Üz-bəhs etmərəm – onunla üz-üzə durub bəhs etmərəm.

Üzdən-gözdən salmaq – bir adama çox üz vurub utandır­maq.

Üzdədir -(məsələn, hirslənməyi üzdədir, yoxsa ürəyi onu istəyir. Ya məsələn, deyirlər qohumluğu üzdədir).

Üz verdikcə artırır.

Üzə qayıtmaq (misal: indiyədək anamın üzünə qayıtma­mışam).

Üzümə it dərisi çəkdim– özümü qiymətdən saldım.

Üzümün dərisi getdi – birindən xahiş etmək üçün adam­lar saqqal tutarlar, saqqalı olmayanlar saqqal tutan kimi əlini üzünə çəkər. Bu sözdən mənzur, yəni çox xahiş etdim.

Üzünü görək yoxsan, görsənmirsən.

Üzünə saldı.

Üzünə gətirmir – özünü o yola qoymur.


V

Vaxtsız beçə olma.

Vurdu aradan çıxdı – münasib fürsətdən yara­la­nıb. Məsələn: çoxlu pul qazandı, ya bir mülkə yiyələndi.

Vur gəldim!

Vurmayan kişi deyil – bir adam birini hədələyir, məsə­lən, deyir, vuraram əngin dağılar! Tərəf cavabında bu sözü deyir.

Vurhay– şiddətlə, dayanmadan.


Y

Ya sənə verən Allah, ya mənə verən Allah – ikimizdən birimizin şansımıza.

Yağış tutdu – işə düşdü.

Yağlı əlin çək öz başa.

Yağmasan da, gurulda.

Yaxama qıyıx sancmeyibsanki.

Yumurtası tərsə gəlib.

Yumurtası tərsə gələn toyuq kimi vırnıxır.

Yüz sənin kimilərin dəryaya susuz aparıb susuz gətirər.

Yüz dənə bıçaq qayırsa, birinin dəstəsi yoxdu.

Yuvadan çıxmış kor quş kimidi.

Yat-yut oldu – hadisə, ya bir işin üstündən bir müddət keçdi, yadlardan çıxdı.

Yaxşı ətəgimə cörək qoydun – sənin mənim üçün yol göstərməyin ziyanıma tamam oldu.

Yaxşı eyləyir gözünü oyur – yəni, sən düz toxumsan, dinc dur o səni döyməsin.

Yaxşı qabına qoydun... – biləsinə yaxşı ilişdirdin, əsəbi cavab verməklə onu yaxşı tənbeh etdin.

Yalan yarğan deyil ki, adam yıxıla qıçı sına – yalan danışan nədən qorxacaq, danışar da.

Yanından yel keçəndə soyuq dəyir.

Yayda bişməz, qışda üşüməz – heç nəyə fikir eləməyən.

Yaz qoduğu kimi o yana tızıxır, bu yana tızıxır.

Yer altından yasa getmək – saman altının suyu.

Yetmiş iki millətdən azaddır – hər cür kefi çəkir, o cür əməl eyləyir, heç cürə qeydi qəbul etmir.

Yedi, üstündən də su içdi.

Yeddi dəyirmanda üzünün suyu tökülüb.

Yersiz çıxdım – bu şeyi alıb-satdıqda bir azda ziyan qoydum.

Yerin yatırtmaq – bir zadın yerin bəlləyib nişanlamaq, məsələn, köynəgin yerin yatırtmışam, sabah gedəcəgəm alam.

Yerlə bir oldu – məsələn, noxud səpələndi, yerlə bir oldu.

Yerin altın da bilir, üstün də – çox bilmiş adamdır.

Yerindən duran (misal: qabaqkılar deyil, indi yerindən duran televizor alır).

Yeyir, qarının yoğunladır – müftəxor adam.

Yudu arıtladı.

Yuyub yarpuz üstə qoymaq – çox tərif eləmək.

Yüz altına dəyməz – dəyərsiz bir şeydir.

Yüz min tümənə pul demir – iştahası artıbdır, çox pul qazanır.

Yoldan keçənə yumaq sarıtdırmaq – öz işin onun-bunun boynuna atmaq.


Z

Zurnanı gen başından püfləyər.

Zəhər tuluğudur.

Zırpının biridir.

Zırna çalma – bir adam birinə toxunan söz deyərsə, o adamın cavabında bu sözü deyir.

BAYATILAR


Savalan qırağın buz bağlar,

Dört bir yanın yarpız bağlar.

Doqquz oğullu canım

Öləndə çənəmi qız bağlar.


Ulağında gənə var,

Yata bilmirəm gənə var.

Qarı düşmən dost olmaz,

Getməz ürəyində, kini var.


Qərib yerdə daş ağlar,

Qələm ağlar, qaş ağlar,

Sevgisi gedən qızlar

Hamıdan yavaş ağlar.


Çatdıyıb döşün dağlar,

Bilinməz yaşın dağlar,

Ayrılıq sənə düşdü

Ağrıdı başın daşlar.


Bu dağlar uca dağlar,

Ağlaram uca dağlar.

Məni yardan ayırdız,

Mən dözüm necə dağlar.


Ulduzlar yatmaz ağlar,

Yarı oyatmaz ağlar.

Yar yardan ayrı düşsə,

Gecələr yatmaz ağlar.


Ayrılığa daş ağlar,

Gözlərim qan-yaş ağlar.

Yar yardan ayrılanda,

Ağlasa yavaş ağlar.


Bağbanam bağım ağlar,

Qəmdən yarpağım ağlar.

Diriyəm gözüm ağlar,

Ölsəm, torpağım ağlar.


Qəbrimi qazan ağlar,

Od düşər, qazan ağlar.

Bir götürüb, bir qoyan

Qəbrimi qazan ağlar.


Gədələr, qurumsaqlar,

Hisli dam qurum saxlar.

Kişilik öldü, getdi,

Sevinin qurumsaqlar.


Axşamlar, ay axşamlar,

Axşamlar yanar şamlar.

Yalqız evə gedənlər

Bəs nə çəkər axşamlar.


Mərcanlar, ay mərcanlar,

Qırmızı köynək, ay canlar.

Qızlar toya gedəndə

Həsrət çəkər oğlanlar.


Bulaq başı toz olar,

Dəstə-dəstə qız olar,

Əyil dəsmalın götür,

Mən götürsəm söz olar.


Yağış yağar, gül olar,

Karvan keçər, yol olar.

Gözüm yarı görəndə,

Dil tutular, lal olar.


Qəriblik yaman olar,

Yel gələr zaman olar,

Qərib yerdə qalanın

Ömrü tez talan olar.


Atlılar, ay atlılar,

Atlıları tutdular.

Hamının atlısı gəldi,

Mənim atlım tutdular.


Eşikdə qaraçılar,

Oturub fal açırlar,

Deyirlər yarın gəlir

Hanı bə, yalançılar.


Narıncı doğradılar,

Dəsmala bağladılar.

Bu yar mənim deyildi,

Boynuma bağladılar.


Arazı ayırdılar,

Qumunan doyurdular.

Mən səndən ayrılmazdım,

Zülümnən ayırdılar.


Dağlar duman arzular,

Çaylar çəmən arzular,

Mənim də dəli könlüm

Səni yaman arzular.


İstəkanda araq var,

Gəlmə evə qonaq var.

Gətir başın darayım,

Məndə qızıl daraq var.


Dəryada çox balıqlar

Ruzi verən xalıqlar,

Cavanlar evlənməyir

Deyirlər bahalıq var.


Dərvişəm kəşkülüm var,

Hər bağda beş gülüm var.

Çağıraram ya ilahi,

Sən açan müşkülüm var.


Bu dağda maralım var,

Ox dəymiş yaralım var.

Nə gecə yuxum gəlir,

Nə gündüz qararım var.


Başımda kulahım var,

Sənin tək pənahım var.

Göz gördü, könül sevdi,

Mənim nə günahım var.

Dalan altda dalan var,

Dalanda yer salan var.

Boşlayın, çıxım gedim

Gözü yolda qalan var.


Yeri, yeri nadan yar,

Qaş-gözün oynadan yar.

Sən ki, belə deyildin

Olma, bir öyrədən var.


Bu dağların düzü var,

Düzlərində quzu var.

İki gönül bir olsa,

Kimin ona sözü var.


Baxçamızda quyu var,

Sərin-sərin suyu var,

Bir danə yar sevmişəm,

Gözəl halı, xuyu var.


Əzizim ay qabağı,

Buluddur ay qabağı,

Yetimin üzü gülməz,

Açılmaz qaş -qabağı.


Dəryada çırağ yanar,

Baxdıqca uzaq yanar.

Ayrılığın şərbətin

İçdikcə ürək yanar.


Qocalıqdan qorxmayın,

Qorxu yoxdur qorxmayın.

Çün mən cavanlığımda

Qocalmışam qorxmayın!


Araz, Araz, can Araz,

Sultan, Araz, xan Araz.

Səni görüm yanasan!

Bir dərdimi qan Araz.


Urus gəldi, son verdi,

Oğlum Yəhya can verdi.

Hansı evi yıxılmış

Təbrizi nişan verdi.


Sözlərin oldu yalan,

Könlümü etdi talan.

Yarından ayrı düşsün,

Bizə ayrılıq salan.


Şirvanın şirin narı,

Tuş narı, şirin narı.

Soğatı sizin olsun

Göndərin bizim yarı.


Yol belə daşlı qala,

Çınqıllı, daşlı qala.

Qorxuram, düşüm ölüm,

Yar gözü yaşlı qala.


Əzizim gül dərərəm,

Dərib günə sərərəm.

Sən bizə qonaq gəlsən,

Onu sənə verərəm.

Mən aşiq yasdı dağlar,

Söküldü basdı dağlar.

Uç ay toylu, bayramlı,

Doqquz ay yasdı dağlar.


Əzizim yara vurma,

Ox vurma, yara vurma,

Yarım məndən kusubsə

Ay falçı, fala vurma.


Qaradı bəxtim qara,

Mənə vurdun yara.

Görüm olasan səni

Dünyada bəxti qara.


Əzizim bayram olmaz,

Qışdan tez bayram olmaz.

Bunu bil hara getsəm,

Bir günüm sənsiz olmaz.


Araz səndən kim keçdi?

Kim qərq oldu, kim keçdi?

Fələk, gəl səbat eylə

Hansı günüm xoş keçdi?


Əzizinəm, at gedə,

Qəmi başdan at gedə.

Qüssədən haray olmaz

Qul olmağı at gedə.


Güvərçinim uçaram,

Qalmaram, mən uçaram.

Yar gedib bu diyardan,

Yar yanına qaçaram.


Balaca cib bıçağı,

Oldum ellər qaçağı.

Bir səhər gəl, bir axşam,

Bir də günorta çağı.


Aman haraya gəlin,

Bacım, saraya gəlin.

Burda bir qərib ölüb

Qəbrin qazmağa gəlin.


Qaşların qəlbə kahdı,

Qiblə desəm günahdı,

Dağları duman alsa,

Bil ki, mən çəkən ahdı.


Mən aşiq dərd əkərəm,

Dərdliyəm dərd əkərəm.

Qoşaram qəm cütünü

Özümə dərd əkərəm.


Mən aşiq su ilanı

Sal teştə bu ilanı.

Bu ilan məni sancıb

Tanıyıram bu ilanı.


Arazı keçən də var,

Suyunnan içən də var.

Tutma namərd adını

Ürəyi keçən də var.

Yar gəldi bu diyara,

Göylümə etdi çara.

Bir gözəl qız sevmişəm

Özü ağ, gözü qara.


Mən aşiq lalə dərdim,

Gül dərdim, lalə dərdim.

Guneydə xarı gördüm,

Quzeydən lalə dərdim.


Əzizim deyib qaçallar,

Duzu yeyib qaçallar.

Düz əməyi el bilir,

İmkansızlar qaçallar.


Əzizim gündə dara,

Aç zülfün gündə dara.

Əlim səndən üzmərəm,

Çəksələr gündə dara.


Dam üstədir damımız,

Qoşadır eyvanımız.

Sən ordan bax, mən burdan

Kor olsun düşmanımız.


Aşıq başına bağlar,

Zülfün başına bağlar.

Bülbül öldü, gül öldu,

Qaldı başına bağlar.


Bu dağlar kömürdəndi,

Keçən gün ömürdəndi,

Fələyin bir quşu var

Dimdiyi dəmirdəndi.


Sarılaydım belinə,

Məni apar elinə.

Nə canda can qalıbdı,

Nə də ürəkdə pinə!


Haray dumanlı dağlar,

Qarlı, boranalı dağlar.

Burda bir qərib ölüb

Göy kişnər, bulud ağlar.


Əzizim sulu gözlər,

Tar çalar, simi gözlər.

Sağ gözüm sənə qurban,

Sol gözüm kimi gözlər.


Allah yarı öldürmə,

Heş vaxt yarı öldürmə.

Gər məni öldürsən də,

Rəhm et, yarı öldürmə.


Əzizim buda məni,

Xəncər al, buda məni.

Gör nə günə qalmışam

Bəyənmir bu da məni.


Dilində sözüm yoxdu,

Ürəkdə dözüm yoxdu.

Bir sənə bağlıyam mən

Özgədə gözüm yoxdu.

Əzizim bala axşamlar,

Çırağ yanar axşamlar.

Öylü evində yatar

Qərib harada axşamlar?


Qızıl iynənin sapı,

Görsənir sizin qapı.

Məni yardan eyləyən

Dilənsin qapı-qapı.


Əzizim sulu gözlər,

Tar çalar simi gözlər.

Qaşın kimi qaş olmaz,

Gözlərin kimi gözlər.


Bu gələn haralıdı,

Dağların maralıdı.

Əyil üzündən öpüm

Ürəyim yaralıdı.


Haray çimənli çöllər,

Ördəkli, qazlı göllər,

Cavanlığın çağında

Xəzana döndü göllər.


Gəzərəm yana-yana,

Ürəyim dönub qana,

Yaralı bu gönlümü,

Dindirmə dönər qana.


Araz axar liliylən,

Dəstə-dəstə güliylən.

Mən yarımı sevirəm

Şirin-şirin diliylən.


Əzizim dağlara bax,

Dağa bax, dağlara bax,

Dağlar mənə vurulur,

Sən də dağ vurana bax?


Gəzirdim ağ daşda mən,

Qələm gördüm qaşda mən.

Göydən bəla gələndə

Yazılmışdım başda mən.


Sarı xoruz bannamaz,

Bannasa vaxt annamaz.

Bannasa bir söz demə

Annamayıb, annamaz.


Əzizim bala divanə,

Yada salma biganə.

Düşmanın huri olsa,

Cənnət olar viranə.


Ayağında məsi var,

Qızıldan düyməsi var.

Qoymayır gedim yanına,

Bir zalım nənəsi var.


Su gələr, açar gedər,

Yandırıb yaxar gedər.

Bu dünya bir güzgüdü,

Hər gələn baxar gedər.

Söyüd bağı bizimdi,

Hər tərəfi üzümdü.

Bu sözlər nəyə gərək,

Bir oğlan bir qızındı.


Dəsmalın arasında,

Gül verdim anasına.

Gözəllər bir dəstədi

Yar düşüb arasına.


Bayatı yazar ağlar,

Yurdunda azar ağlar.

Elindən ayrı düşüb

Dolanıb gəzər ağlar.


Allah, hara gedim mən?

Kim var, hara gedim mən.

Yar ölüb qəbirdədi,

Rəhm et, ora gedim mən.


Ay batdı hara getdi,

Göy safdı hara getdi?

Mənim vəfasız yarım,

Kim görüb, hara getdi?


Dağlarda laləm qaldı,

Başında balam qaldı,

Düşman vurdu, mən öldüm,

Bir ağlar balam qaldı.


Dəryada dəryalıq var,

Suda oynar balıq var.

Qolların sal boynuma

Deyillər ayrılıq var.


Bağlayıb ağ başına,

Qarğayıb tağ başına,

Bostançı xeyir görsə,

Dolanar tağ başına.


Sünbülüm sevda yandı,

Qara yeldə talandı.

Yarım məndən dönübdü,

Ürəyim laxtalandı.


Araz daşı, daş-daşı,

Qələmdi yarın qaşı.

Nadan ilə bal yemə,

Ağıllanar daş-daşı.


Odlan fələk, yan fələk,

Qəlbin olsun qan fələk.

Kimsəsinə dərd verib,

Kiminə fərman fələk.


Əzizim maşa qaldı,

Vurmadım daşa qaldı.

Zəhmət çəkdim yar sevdim,

Mənə tamaşa qaldı.


Əziziyəm, gündə mən,

Gölgədə sən, gündə mən.

İldə qurban bir olsa,

Sənə qurban gündə mən.

Dağlarda gəzmək olmaz,

Daşını düzmək olmaz,

Deyibsən ki, gələrəm,

Yubanma, dözmək olmaz.


Bu dərd məndə özgüdür,

Meydanını düz gördü.

Niyə əl çəkməz məndən?

Çün məni yalqız gördü?


Çıxdım uca divara,

Baxdım o nazlı yara,

Mən baxdım, o baxmadı,

Qəlbimə vurdu yara.


Çıxdım uca dağlara,

Endim yaşıl bağlara.

Rəhmin olsun söz vermə

Mənim kimi ağlara.


Əzizim içənə qurban,

Sünbül biçənə qurban.

Bülbül gülə gec baxsa,

Qanın içənə qurban.


Bu bağda göy çağala,

Dövrəsin yarpaq ala.

Allah bir qayda qoya

Sevən sevəni ala.


Gülü taxdım divara,

Bülbül gələ suvara,

Oxu bülbülüm, oxu,

Bir gün yetərsən yara.


Qapıdan biri gəldi,

Gözümüz nuru gəldi.

Bu arxı kim arıtdı?

Su belə duru gəldi.


Dağ başını qar gördü,

Göz qamaşdı tor gördü.

Cəfasını mən çəkdim,

Səfasın əğyar gördü.


Göydə ulduz az qaldı,

Sinəm üstə saz qaldı.

Əlivi ver əlimə,

Ölməyimə az qaldı.


Bir ah çəksəm dərindən,

Dağlar oynar yerindən.

Vəfalı yara qurban

Düşmən adım dilindən.


Namərd aman əlindən,

Düşüb kaman əlindən,

Canım fəğanə gəldi

Axır zaman əlindən.


Mən gələndə yaz idi,

Göllər dolu qaz idi.

İstədim namə yazam

Mürəkkəbim az idi.

Mən aşığam nə sazdı?

Nə söhbətdi, nə sazdı?

Qocaldım elə qurban,

Demə kefim nasazdı.


Bu dağda maral azdı,

Ovçu çox, maral azdı.

Qəm çəkmə, dəli könlüm,

Ölmərəm, yaram azdı.


Mən aşiq işıq oldu,

Zülfü dolaşıq oldu.

Yarım çıxdı gün kimi

Elə yaraşıq oldu.


Aşığam yara mən də,

Dərd məndə yara məndə.

Dözərəm bu hicrana

Yetərəm yara mən də.


Ayax saxla axırı,

Şüşə saxlar çaxırı.

Qəm çəkmə dəli gönlüm,

Yar sənindir axırı.


Aşıq gəlir sazı var,

Qəmzəsi var, nazı var.

Hər payızın bir qışı,

Hər qışın bir yazı var.


Ovçu vurar maralı,

Maral düşər yaralı,

Fələkə neyləmişəm,

Yardan saldı aralı.


Yar gəldi bu diyara,

Gönlümə etdi çara.

Bir gözəl qız sevmişəm,

Üzü ağ, gözü qara.


Oğlan adın Rəşiddi,

Gün dağlara düşübdü.

Sən göndərən üzüklər

Barmağımdan düşübdü.


Arxalığın büzmə yar,

Əlin məndən üzmə yar.

Kirpiklərin ox kimi,

Sinəm üstə düzmə yar.


Sənin ala gözlərin,

Gəlmir yola gözlərin.

Hər baxanda az qalır

Canım ala gözlərin.


Mənim anam öz anam,

Qəlbimdəki köz anam,

Yad gəlir yalan ağlar,

Qoy ağlasın öz anam.


Çəkdim illər bu dərdi,

Çəkən bilər bu dərdi.

Gönlüm dərdli olanda,

Yarım silər bu dərdi.

Dam üsdədi damımız,

Qoşadır eyvanımız.

Sən ordan bax, mən burdan

Kor olsun duşmanımız.


Dağların başı vardı,

Başının daşı vardı,

Burdan keçən maralın

Əcəb göz– qaşı vardı.


Su atdım yara dəydi,

Əlim divara dəydi.

Dilim ağzımda yansın,

Nə dedim yara dəydi.


Dəryalar asta neylim,

Naqqalar utsa neylim,

Hamısı atıb gedib,

Sevgilim atsa neylim?


Dağlara dolu düşər,

Qar düşər, dolu düşər.

Qəbrimi yol üstə qaz

Anamın yolu düşər.


Dəryada gəmi qaldı,

Biçmədim zəmi qaldı.

Cəfasını mən çəkdim,

Bir mənə qəmi qaldı!


Oğlan adın Yaqubdu,

Əksin məndə qalıbdı.

Sən göndərən üzüklər

Barmağımda qalıbdı.


Mən aşiq işıqlara,

Zülfü dolaşıqlara.

Əlimə bir saz alam

Quşullam aşıqlara.


Əzizim alma qara,

Geyməyə alma qara.

Gizlində bir yar sevdim

Saldılar qalmaqala.


Əzizim gülə-gülə ,

Gül adım gülə-gülə.

Düşman evimi yıxdı

Üzümə gülə-gülə.


Əzizinəm, qalma gəl,

Sözüm yerə salma, gəl.

Mərd iyiddən zəhər al,

Namərddən bal alma gəl.


Əzizim nar ağacı,

Kəsməzlər bar ağacı.

Ayrılmaram yarımdan,

Qurula dar ağacı.


Bulaq başı toz olar,

Üsdü dolu qız olar.

Əyil dəsmalın götür,

Mən götürsəm söz olar.

Əzizim elə bağla,

Ümüdün elə bağla.

El gülərsə, sən də gül,

Ağlasa, sən də ağla.


Yar bağını gəzərəm,

Güllərini bəzərəm.

Mənim olsa ala göz,

Hər dərdinə dözərəm.


Bülbül gələr yaz ilən,

Yarım oynar saz ilən.

Ürəyimə çalar köz,

Yar baxanda nazilən.


Əzizim dağıt üzə,

Saçların dağıt üzə.

Qorxuram bir ah çəkim,

Döndərəm dağı düzə.


Qürbətə düşdü yolum,

Düşman alıb sağ-solum.

Eldən ayrı düşəli

Buxovlanıbdı qolum.


Alma versəm almassan,

Sən almadan qalmassan.

Hansı bağın gülüsən?

İylədikcə solmassan.


Bu dağlar haram dağlar,

Gül yoxdu dərəm dağlar.

Ürəyim ah çəkmədən,

Bağlayıb vərəm dağlar.


Yar bağında sarı gül,

Yarı gonca, yarı gül,

Nə tez açıb, tez soldun?!

Açmayaydın barı gül.


Əzizim üç gül açar,

Üç yarpaq, üç gül açar.

Çağır mollanı gəlsin,

O yaxşı müşkül açar.


Qardaşlar, ay qardaşlar,

Qar kəsər, yağış başlar.

Ölsə, bacılar ölsün,

Heç ölməsin qardaşlar.


Əzizim şirin elər,

Hər işin şirin elər.

Yar özü şirin olsa,

Hər işin şirin elər.


Yel dəydi, telin əsdi,

Səbrimi yenə kəsdi,

Sağ gözüm sənə qurban,

Sol gözüm mənə bəsdi.


Mən əziz quzu qurban,

Qoç qurban, quzu qurban.

Mərdin bir tək tükünə,

Namərdin yüzü qurban.

Əzizim axar gedər,

Su gələr axar gedər,

Bu dünya pəncərədi

Hər gələn baxar gedər.


Əzizim dolu bağlar,

Sulu, meyvəli bağlar.

Yar yadıma düşəndə

Gözlərim dolub ağlar.


Əzizim bir də-bir də,

Çox iş var bu səbirdə.

Öləndə cüt olaydıq

İkimiz bir qəbirdə.


Əzizinəm, gülə naz,

Bülbül eylər gülə naz.

Bu dünya qəmxanadı,

Ağlayan çox, gülən az.


Gəl bir gedək o yana,

Məskənimdi virana.

Sən oxu, mən ağlıyım,

Bəlkə baxtım oyana.


Mənim anam baş ağlar,

Başı yuvar, baş ağlar.

Gah məni deyər ağlar,

Gah bağrına daş bağlar.


Əzizinəm vay dərdim,

Vay dərmanım, vay dərdim.

Hamı gül əkdi, gül dərdi,

Mən gül əkdim, vay dərdim.


Karvan yola düzülüb,

Xumar gözlər süzülüb.

Necə mən qəm çəkməyim?

Əlim yardan üzülüb.


Əzizim Xoy çəməni,

Mərəndin Xoy çəməni.

Ya mələrəm taparam,

Ya vurar ovçu məni.


Əzizinəm baxan yar,

Qızıl düymə taxan yar.

Bir dənə gül olaydım

Taxılaydım yaxan yar.


Araqçının dar -darı,

Gəl başımın sərdarı.

Öz evimizə gəlmirsən,

Qonşumuza gəl barı.


Durma qapı dalında,

Gözüm qalıb xalında.

Gedim anama deyim,

Gəlim qalım yanında.


Stəkanım qanlıdı,

İçmişəm dərmanlıdı.

Bu məclis şahid olsun,

Mən öləm yar qanlıdı.

Əzizim gecədən gedər,

Karvan gecədən gedər.

Gecə uzun, həmdəm yox,

Zəhləm gecədən gedər.


Bu dağdan əsli getdi,

Səbrimi kəsdi getdi.

Şahid ol, badi-səba,

Yar məndən küsdü getdi.


Fələyin qəhri mənə,

Gəlmədi rəhmi mənə,

Doldurdu qəm badəsin

İçdirdi zəhəri mənə.


Əzizim, sərin ellər,

Yel gələr sərin ellər.

İki dostun arasın

Bir kağaz sərin eylər.


Bu ağac bir gül açar,

Üç ağac üç gül açar.

Çağır qolsuz Abbası

O gələr müşkül açar.


Mən aşıq qara bağı,

Gəl gəzək Qarabağı.

Mən bir ceyran itirdim,

Boynunda qara bağı.


Əzizim bala öldürmə,

Bülbülü zar öldürmə.

Bülbülsüz çəmən olmaz,

Bülbülü xar öldürmə.


Aşıq qaralı qoyma,

Ovçu maralı qoyma.

Oxun sinəmdə qaldı,

Öldüm yaralı qoyma.


Əzizim bala, gözəl al,

Otur, axtar, gözəl al,

Camaldan gözəl olmaz,

Kamal axtar, gözəl al.


Əzizim nar ağaçı,

Əkərəm nar ağacı.

Mən səndən əl çəkmərəm,

Çəksələr dar ağacı.


Çayı keçək ayrılaq,

Suyun içək ayrılaq,

Gəl bir yol bütün olaq

Halallaşaq ayrılaq.


Mən aşiq Mərəndə gəl,

Güllərin dərəndə gəl.

Bir gəldin xəstə gördün,

Bir də can verəndə gəl.


Burdan uzaq Əhərdi,

Mənim işim səhərdi.

Yatdım yuxuya qaldım,

Durdum gördüm səhərdi.

O tayda yatan oğlan,

Əlini satan oğlan.

Nişanlın apardılar,

Xəbərsiz yatan oğlan.


Əzizinəm, gün batar,

Ay çıxmamış gün batar.

Xoş o aşıq halına

Sevdiyi yara çatar.


Bülbül gəzər aşikar,

Xarə o bülbül şikar.

Çirkin üzün gizlədər,

Gözəl gəzər aşikar.


Ay çıxar parlı-parlı,

Qapılar quşa nərli.

Girəsən yar qoynuna,

Çıxasan tərli-tərli.


Dəryada gəmim qaldı,

Əkmədim zəmim qaldı.

Arzun gözündə qalsın,

Necə ki, mənim qaldı.


Göydə ulduz çəməni,

Öldürdü qüssə məni.

Dəsmalın kəfən eylə,

Göz yaşıyla yu məni.


Dağların başı qova,

Dibi gül, başı qova.

Məni bir qız oxladı,

Gözü göy, qaşı qara.


Dəryada quş üzümü,

Oğlan, eşit sözümü.

Eşitməyəsən sözümü,

Öldürərəm öz özümü.


Bağa girdim bağbansız,

Dəvə gördüm sarvansız.

Aləmə dərman oldum,

Öldüm özüm dərmansız.


Bağça məndə, yar məndə,

Heyva məndə, yar səndə.

Sinəm əttar tükanı,

Hər nə desən var məndə.


Bu dağda əkdim əkin,

Aldılar əlimdəkin.

Heç kafir, müsəlman

Olmasın mənim təkin.


Əzizim, bala, mən zamin,

Bağda gülə mən zamin.

Əyil üzündən öpəm

Düşsə ləkə mən zamin.


Əzizim su ayandı,

Sünbülüm suda yandı.

Mən dərdim suya dedim,

Od tutub su da yandı.

Əzizim yazana qaldı,

Qəbir qazana qaldı.

Qələm düşman əlində

İnsaf yazana qaldı.


Kipriyin qana batar,

Məni torpağa atar.

Əlim sənə çatmasa,

Ahım dağlara çatar.


Əzizim düzə düşdü,

Göyərçin düzə düşdü.

Püşk atdıq el içində

Ayrılıq bizə düşdü.


Əzizim ayda görüm,

Görmüşəm yenə görüm.

Gecələr çıx bax aya,

Gül üzün yenə görüm.


Əziziyəm qonşudan,

Yar sevəsən qonşudan.

Yaman gündə dərdivə

Dərman olar qonşudan.


Arazı daşladılar,

Çimməyə başladılar.

Bir oyun oynadılar,

Gözləri yaşladılar.


Muğamı düz hasarı,

Yollardan üz hasarı.

Mərdin ağac gölgəsi,

Namərdin yüz hasarı.


Mən aşiq sakar keçər,

İldırım şaxar keçər.

Qürbətdə qərib ölsə,

Hər gələn baxar geçər.


Əzizim gül gözümə,

Biri bəsdi özümə.

Yuxuma sən gəlməsən,

Yuxu gəlməz gözümə.


Əzizim səndə qalsın,

Səndə bir səndə qalsın.

Can məndə qərar tutmaz

Göndərim səndə qalsın.


Sığal vurur telə o,

Kəmər bağlar belə o.

İyid elləri saxlar,

Arxa olsa elə o.


Tərlan evin sar alı,

Mənzil gedər sar alı,

Qəm çəkmədən aşiqin,

Rəngi, ruhu saralı.


Göydə ulduz naşıdı,

Kim ulduzun yaşıdı?

İyidə ellər qurban,

İyid ürək başıdı.

Mən aşiq yarpaq tökülür,

Payızda yarpaq tökülür.

Ömür keçər, gün azalar

Üsdüvə torpaq tökülər.


Kirpiyin meşə bildim,

Ox idi, meşə bildim.

Dalıncan sürünməyi

Özüm peşə bildim.


Bu dönüb elə dağlar,

Gəlibdir dilə dağlar,

Bülbül çoşub oxuyur,

Bürünüb gülə dağlar.


Əgər sevsə el səni,

Yıxa bilməz sel səni.

Namərdə boyun əymə,

Qoy aparsın sel səni.


Yandım, Allahım, yandım,

Sinə billahım, yandım.

Daş olsaydım ərirdim,

Torpağıdım dayandım.


Əzizim qız aranda,

Dan yeri qızaranda.

Qalsa da oğlan qalsın,

Qalmasın qız aranda.


Rübət çək üzə dağlar,

Gölgə sal düzə dağlar.

El sinəndə yurd salmasın,

Gəlməsin gözə dağlar.


Al kəməri belə bağla,

Saçlarını tez bağla.

Nə yada sirrini de,

Nə namərdə bel bağla.


Mən əzizim axıtmaz,

Daşları çay axıtmaz.

El tikən bir köməni,

Tufan gəlsə dağıtmaz.


Mən aşiq, o gün eylər,

O quzey, o güneylər.

Dost dostuna çatanda

Bayramın o gün eylər.


Əzizim daşa çalı,

Ömrümü daşa çalı.

Yesən namərd çörəyin,

Qayıdar başa çalı.


Mən aşiq olan gündə,

Dəryalar dolan gündə,

Ruhum ruhun sevibdi

Ruhlar yaranan günnən.


Bu dağlar qoşa dağlar,

Verib baş-başa dağlar,

Yarım səndə gəzibdi,

Səni yüz yaşa dağlar.

Əlimə saz verdilər,

Sazı telsiz verdilər.

İşlədim işləmədim,

Haqqımı az verdilər.


Qərənfil haça bətdi,

Sana gör neçə bətdi.

Vəfalıya can qurban,

Bivəfa heçə bətdi.


Mən aşiq xoş adalı,

Xoş üzlü, xoş ədalı,

Mərd iyiddə qaydadı

Meydanda xoş ad alı.


Kəman bəla, ox bəla,

El gələli yox bəla.

Namərd ilə dost olsan,

Başın çəkər çox bəla.


Yar başa qara bağlar,

Ürəyi yara bağlar.

Vətəndən ayrı düşsə,

Ümidin hara bağlar?


Əzizim sərin ayaz,

Göy-bulud sərin ayaz.

Dosta gələn qadanı,

Düşmənin şərinə yaz.


Aman fələk, dad fələk,

Heç olmadım şad fələk.

İçdirdiyin şərbətdən,

Özün də bir dad fələk.


Əzizim ötmək olmaz,

Köhləni ötmək olmaz.

Elin atdığı daşı,

Yerdən tərpətmək olmaz.


Salxımı üzmə barı,

Nimçəyə düzmə barı,

Aşnalığı üzmüsən

Dostluğu üzmə barı.


Çıxdım dağın başına,

Yazı yazdım daşına.

Gələn gedən oxusun,

Nələr gəlmiş başıma.


Əzizim gülün yansın,

Pis adam, gülün yansın.

Məni yardan edənin,

Ağzında dili yansın.


Gözüm gördü o kamı,

O sultanı, o xanı.

Sinəmə nişan tikdim,

Gəldim deyəm ox hanı?


Yar gəlir bədö atda,

Arxalığı göy qatda,

İyid oğul bəd gündə,

Ya atda, ya yer altda.

Quşum qaşdı tüləkdən,

Qolum düşdü kürəkdən.

Mənimki belə gəldi

Çərxi dönmüş fələkdən.


Əzizinəm dilən gəz,

Bağda gülə dilən gəz.

Qürbətdə xan olunca,

Vətənində dilən gəz.


Mən aşiq yara səni,

Göz gördü yar, a səni.

İllər ayırsa canım,

Yetirəm yara səni.


Əzizim yoxdu arxam,

Qanadım yoxdu qalxam.

Çıxam uca dağlara

Vətənə doğru baxam.


Mən aşiq sazaq oldu,

Yel əsib, sazaq oldu.

Mən görmürəm da səni,

Fasilə uzaq oldu.


Çəkilib dərd hasarı,

Gedirəm dərdə sarı.

Namərd dizimi qırsa,

Sürünnəm mərdə sarı.


Aşiq gedər hər yana,

Sözün deyər mərdana.

İyidə ürək verir

Bərk ayaqda mərd ana.


Bir qurban kasad olmaz,

Mərd əli kasad olmaz.

Yüz namərdin çörəyin

Doğrasan kasad olmaz.


Gün dolanar ay olar,

Pis gün aya tay olar.

Harada şahlıq oldu,

Cəllad olar, tay olar.


Donu tik büz ilməni,

Sana tək düz ilməni.

Vəfalı dost yad olmaz,

Görməsə yüz il məni.


Bulut getdi ay hanı?

Qaşın kimi yay hanı?

Gəzdim eli, obanı

Yarım kimi yar hanı?


Aşıq yüz ilə dəyər,

Şana yüz telə dəyər.

İl var bir günə dəyməz,

Gün var yüz ilə dəyər.


Mən aşiq nə vəfası,

Nə əhdi, nə vəfası.

Vəfalıya can qurban,

Namərdin nə vəfası.

Gün gedər elə dağlar,

Gəlibdir dilə dağlar.

Bülbül kimi hay salıb,

Dönüb bülbülə dağlar.


Mən aşığam gülə naz,

Bülbül eylər gülə naz.

Bu il hicran ilidi,

Ağlıyan çox, gülən az.


Durna sayınnan keçər,

Ötər sayınnan keçər.

İyid vətən yolunda

Ölər canınan keçər.


Can çıxdı salı bağlar

Dəryada salı bağlar.

Xəyalım hər dəm səni,

Yadına salıb dağlar.


Axar su gedər, qalmaz,

Ürəkdə kədər qalmaz.

Vəfalıya can qurban,

Bivəfa gedər, qalmaz.


Əzizinəm mərdanə,

Sözüm dedim mərdanə.

Qorxağa oğul deməz,

Qoçax ata, mərd ana.


Qolunda var qüvvətin,

Arzum var olsun mətin.

El yolunda baş qoyan

Qazanar el hörmətin.


Aşığam gördüyünü,

Xəstənin gördüyünü,

Cənnətdə görməz aşiq

Sən ilə gördüyümü.


Mən aşiq baxdı yarım,

Baxtımın taxtı yarım.

Üzündə göz izi var,

Sənə kim baxdı yarım?


Yol gedər Ordubada,

Salmasnan Ordubada.

Sərkərdə qoçaq olsa,

Heç getməz ordu bada.


Bayatılar başlandı,

Dərd ürəkdən daşlandı.

Tarix mənə lütf etdi,

Günahım bağışlandı.


Bulağın başı ilə,

Dibinin daşı ilə,

İyidə alqış dedim

Gözümün yaşı ilə.


Bu dağlar qanlı dağlar,

Laləli, qanlı dağlar.

Yığılmış aşiq üstə,

El ağlar, ürək dağlar.

Bu dağda maral gəzər,

Dırnağın daşlar əzər.

Mən yara neyləmişəm,

Yar məndən kənar gəzər.


Aşmağa asan dağlar,

Qar başın basan dağlar.

Qərib çox çətin gülər

Ağlasa asan ağlar.


Nəbini gül incidir,

Bülbülü gül incidir.

Düşman atar daş nədir?

Dost atan gül incidir.


Əzizim kim sadağa,

Kim qurban, kim sadağa.

Mən Məcnun varisiyəm

Qoymaram kimsə dağa.


Bağında üzüm qaldı,

Yemədim gözüm qaldı.

İki əmi qızının

Birində gözüm qaldı.


İbrahim ahın dilər,

Göz yaşı, ahın dilər.

Yar ilə keçən günlər

Olaydı kaş indilər.


Mən aşığam axşamlar,

Gün batar ay axşamlar.

Hər kəs evinə gedər,

Qərib harda axşamlar?


Qızıl gülü dərəllər,

Məxmər üstə sərəllər.

Aralıxda düşman çox

Səni məndən eləllər.


Mey dağlar, məzə dağlar,

Yaz gələ gəzə dağlar.

Qoymaram namərd gəzə

Bağrımı əzə dağlar.


Yaman gündü, bez gətir,

Arşın apar, tez gətir.

Nə qonşudan söz apar,

Nə qonşudan söz gətir.


Pəncərədən daş gəlir,

Xumar gözdən yaş gəlir.

Səni mənə versələr,

Hər görənə xoş gələr.


Endim başa dağ üstə,

Şəki, Şirvan bağ üstə.

Nə qaydadı o yarda,

Dağı çəkər dağ üstə.


Əzizim qar üstündə,

Buz dönüb qar üstündə.

Mən bu hala qalmışam,

Bivəfa yar üstündə.

Pəncərəni bağlama,

Mən gedirəm ağlama.

Gedərəm genə gəlləm,

Özgəyə bel bağlama.


Dağlara çən düşəndə,

Göllərə dən düşəndə,

Ruhum bədəndə oynar,

Yadıma sən düşəndə.


Pəncərənin milləri,

Açıb qızıl gülləri,

Oğlanı yoldan eylər

Qızın şirin dilləri.


Laylay dedim bir dənə,

Hər biri dənə-dənə,

İldə qurban bir olsa,

Səndə gündə min dənə.


Yeri-yeri naz oğlan,

Bazarda bəzzaz oğlan.

Al qələmi əlivə

Hər nə desəm yaz oğlan.


Dağlar başı qoyundu,

Ay qız, bu nə oyundu?

Yatdım yuxuda gördüm,

Cuma axşamı toyundu.


Dəsmalında qara var,

Ürəyimdə yara var.

Nə ölürəm qurtaram,

Nə dərdimə çara var.


Aç üzündən duvağı,

Görüm o gül yanağı.

Əlini ver əlimə,

Gəzək çəmənli bağı.


Dağda yel əsər gedər.

Söz qılıcdı, kəsər gedər,

Qızın oynaşı çox olsa,

Söz deməmiş küsər gedər.


Yeri-yeri düşən var,

Yeri eşqa düşən yar.

Elçiləri yorulmuş

Özü elçi gedən yar.


Yara dedim saz alsın,

Çalım dərdim azalsın,

Məgər mən ölmüşəm ki,

Yarım özgə qız alsın.


Dağlar dağımdı mənim,

Qəm yatağımdı mənim,

Dindirmə qan ağlaram

Yaman çağımdı mənim.


Kağız yazdım biləsən,

Oxuyasan güləsən,

Sən ki mənə gəlmədin,

Səni çavan öləsən.

Bu gələn haralıdı?

Dağların maralıdı.

Əyil üzündən öpüm,

Ürəyim yaralıdı.


Atam evi yolumdu,

Qanadımdı, qolumdu.

Gedib evə görməsəm,

Onda mənə ölümdü.


Köynəyin ağ saxlaram,

Yığaram tağ saxlaram.

Bir də səfərdən gəlsən,

Səni qonağ saxlaram.


Mən aşığam, gül ağlar,

Bülbül oxur, gül ağlar.

İstəklidən ayrılan

Başa səpər kül ağlar.


Mən aşıq hacı bağlar,

Hacı mihrabı bağlar.

Qardaşa Allah dəysə,

Yarasın bacı bağlar.


Mən aşıq al yorğanı,

Üstünə sal yorğanı.

Qardaş səfərdən gəlsə,

Bacı kəsər qurbanı.


Mən aşıq qara dərdim,

Gül dərdim, qara dərdim,

Dərdivi çəkənmirəm,

Aparram gora dərdim.


Bağında su ilanı,

Yenər bağı dolanı.

Sənin dərdindən ölləm,

Sözlərin qurtulanı.


Alma atdım nar gəldi,

Köynək biçdim, dar gəldi.

Mən səndən ayrılandan,

Başıma nələr gəldi.


Dam üstə basdım taya,

Gölgəsi düşdü aya.

Cəfa çəkdim, yar sevdim,

Zəhmətim getdi zaya.


Yaralıyam yatmaram,

Yatsan sən oyatmaram.

Çıxıb getsən qürbətə

Yadımnan çıxartmaram.


Qoynunu mən açaram,

Açar versən açaram.

Girsəm evə, görməsəm,

Qayıdaram, qaçaram.


Ağaşda püstə mənəm,

Dibində xəstə mənəm.

Gedsən səfərə tez gəl,

Səndən pay istə mənəm.

Aşıq hava yaxşıdı,

Dərdə dəva yaxşıdı.

Qonşunun minnətindən

Sınıq tava yaxşıdı.


Qardaşım var, qalam var,

Ərşə çıxan naləm var.

Qardaş evə qoymasa,

Hara gedim, haram var?


Ağaşda göy mazılar,

Onu göylüm arzılar.

Gedəsən dost bağına,

Baxalar tamarzılar.


Qardaşlar, hay qardaşlar,

Yağış yağar, qar başlar,

Bacı yolların gözlər,

Gəlməsələr qardaşlar.


Dağların sinə-sinə,

Qar yağar sinə-sinə,

Bir cüt qurban kəsərəm,

Gözlərin giləsinə.


Gedərəm oturmaram,

Tənə söz götürmərəm.

Dünya-dünya dan olar,

Səndən əl götürmərəm.


Bostanda tağım ağlar,

Basma, yarpağım ağlar.

Qardaş, səndən ayrılsam,

Ölsəm, torpağım ağlar.


Yerində duz yeri,

Əlində vardı beli.

Evin aşağı başı,

Məzlumun yatar yeri.


Günün keçdim gölgəyə,

Dəsmal verdim sevgiyə,

Zəhmət çəkdim yar sevdim,

Qismət oldu özgəyə.


Qardaş demə qan ola,

Yel əssə tufan ola,

Qardaş gəzən yerlərə

Bacılar qurban ola.


Dağda duman yeri var,

Qaşda kaman yeri var.

Gəlim sizdən axtarım,

Sizdə guman yeri var.


Suvanam söymə məni,

Boşqaba qoyma məni.

Havax gəlsəm qapıva,

Qapınnan qovma məni.


Yaralandım yanımnan,

Quşlar doydu qanımnan,

Göydə mələk yatmadı

Mənim ahi zarımnan.

Gedirəm qoyuna mən,

Düşmüşəm oyuna mən.

Zəhmət çəkdim, yar sevdim

Baxmadım boyuna mən.


Qoyun kövşəndə mələr,

Otdar kövşəndə mələr.

Nənələr balasından

Ayrı düşəndə mələr.


İpək atdım çiyninə,

Ucu düşdü düyünə.

Tək əlin səsi çıxmaz,

Verək çiyin-çiyinə.


Qəlyanı mən çəkərəm,

Doldur ver, mən çəkərəm.

Qəmin olsa, yaz yolla,

Onu da mən çəkərəm.


Qəlyanı günə qoydum,

Doldurdum, günə qoydum.

Yar qoydun çıxdın getdin,

Məni nə günə qoydun.


Qaşın qaralar məni,

Eldən aralar məni,

Güllə vursan ovçusu

Gələr yaralar məni.


Yaralı qoydun məni,

Nar kimin oydun məni.

Gölgədə bəslənmişdim,

Nə günə qoydun məni.


O tayda qoç yatıbdı,

Qoç buynuzun çatıbdı.

Heyifim qoca gələr,

Quru yerdə yatıbdır.


Məna aşıq həkim dərdi,

Doğruyam, tökəm dərdi.

Nə anam var, nə bacım,

Kiminin çəkim dərdi.


Mən aşıq gözəl ağlar,

Gözlərin gözəl ağlar,

Mən ölsəm yad ağlamaz,

Öz anam, gözəl ağlar.


Dağda, dağlar dumanı,

Yoxdu yarın imanı,

Qızıldan körpü saldım

Gümüşdən nərdivanı.


Əzizim üşüdüm gəl,

Yad bağına düşdüm gəl.

Şad günlərimin dostu,

Yaman günə düşdüm gəl.


Bazara yerdə gəldi,

Satıldı bir də gəldi.

Qərib yerdə çox qaldım,

Ürəyim dərdə gəldi.

Əzizim üzüm ağacı,

Özüm dözüm ağacı,

Bağa baltalı girdi,

Kəsdi bizim ağacı.


Obadan baxan gözəl,

Yandırıb yaxan gözəl,

Rəhm elə bir az mənə

Evimi yaxan gözəl.


Bağda gül solmayacaq,

Gözlərin dolmayacaq.

Fələyin çərxi dönüb,

Ayrılıq olmayacaq.


Əlində fənər gözəl,

Alışıb yanar gözəl,

Söz içində söz demə

Ağıllar qanar gözəl.


Arazam yelə bəndim,

Bülbülüm gülə bəndim.

Mən gedəlgi qonağıyam,

Bir şirin dilə bəndim.


Axşamlar, ay axşamlar,

Axşamlar yanar şamlar.

Hərə evinə gedər,

“Xödək” harda axşamlar?


Gedərəm genə gəlləm,

Kafirəm dinə gəlləm.

On il zindanda qalsam,

Qurtulsam genə gəlləm.


Əzizim demə barı,

Demə əkdim demə barı,

Dosta deyin şad olsun,

Düşmana demə barı.


Qızılgül həşəm oldu,

Dərmədim həşəm oldu.

Mən səndən ayrılanı

Ağlamaq peşəm oldu.


Ağ almanı soyallar,

Boşqab üstə qoyallar.

Uzaxdan baxmağılan

Məgər yardan doyallar.


Ağ alma, qızıl alma,

Boşqaba düzül alma.

Bilsəm yar iyləyəcək,

Saxlaram yüz il alma.


Sarı qavun dilimi,

İtirmişəm gülümü.

Gəl gedək bizim evə

Deyim dərdi– dilimi.


Almanı atdım çaya,

Camalın bənzəyir aya.

Ömrüm qurtuldu Allah,

Günləri saya-saya.

Bazara keçi gəldi,

Satıldı üçü gəldi.

Çəkilin kənar durun,

Dostumun köçü gəldi.


Bu bağda mal mələdi,

Dili yox, lal mələdi.

Fələk qarnın doyurdu,

Yaxasın düyməlidi.


Gedərəm qoyuna mən,

Düşmüşəm oyuna mən,

Yaxşı bala böyütdüm,

Baxmadım boyuna mən.


Alma verdim yeyəsən,

Vermədim iyləyəsən.

Elə qoyub gedərəm,

Ta qədrimi biləsən.


Ağacda püstə mənəm,

Dibində xəstə mənəm.

Sən Allah gəl evinə,

Mən sovqat istəmənəm.


Mən aşiq al yorğanı,

Üstümdə sal yorğanı.

Yoxladım şəfa tapdım,

Üstümdən al yorğanı.


Qapıvı mən açaram,

Açar versən açaram.

Görsəm evdə deyilsən,

Dalı-dalı qaçaram.


Mən aşiq qana doldu,

Söylədi qana doldu.

Dədəsiz dözdüm Allah,

Ürəyim qana doldu.


Qurbanam gözlərivə,

Malıyam sözlərivə.

Yalvarıram heyvanata,

Dəyməsin gözlərivə.


Qaşın qaralar məni,

Eldən aralar məni.

Namərd düşman giribdi,

Səndən aralar məni.


Bağında var gül alı,

Yetişəndə saralı.

Dedin qayıdacağam,

Qürbətin var qaralı.


Gedərəm oturmaram,

Tənə söz götürmərəm,

Dünya-dünyadan ola,

Səndən əl götürmərəm.


Gedərəm Gilana mən,

Dolana-dolana mən,

Adam tapdım dərd deyim,

Bir dərman bulana mən.

Yaralıyam yatmaram,

Sən yatdın oyatmaram,

Sənin nisgillərini

Yadımdan çıxartmaram.


O tayda quzu mələr,

Tükü qırmızı mələr.

Mən səndən ayrılmaram,

Başıma gəlib nələr.


Bu dağda əkin olmaz,

Əkməsən əkin olmaz.

Səni gəlib görməsəm,

Ürəyim sakin olmaz.


Mən aşığam ağam gəl,

Ölməmişəm, sağam gəl.

Sinəmdə qəm zənciri,

Qapımda dustağam gəl.


Mərənd üstü Xoy, Salmas,

Alma göndərrəm almaz.

Elə göstəribdilər,

Salamını da almaz.


Gilanarım calandı,

Yığmaram acılandı.

O qədər dərdim vardı,

Qonşular sancılandı.


Ay getdi batdı gəlməz,

Günün yubatdı gəlməz.

Düşdü fələk əlinə,

Məni allatdı gəlməz.


Almanı atdım çaya,

Cəmalın bənzər aya.

Ömrüm qurtuldu Allah,

Günləri saya-saya.


Mən aşiq aralandım,

Ürəkdən yaralandım.

Evimdən böyük getdi,

Yarımdan aralandım.


Qardaşım var, qalam var,

Ərşə çıxar naləm var.

Qardaşsız hara gedim,

Allah mənim haram var?


Mən aşiq gülə-gülə,

Dərdivi dənə gülə.

Sən Allah qapımı aç,

Gəlginən gülə-gülə.


Bağın yolu miyanə,

Bu bağ gedir hayana,

Mən necə layla çalım,

Bəlkə yatan oyana.


Mən aşiqəm gülə naz,

Bülbül elə gülə naz.

Dünya belə dünyadı,

Ağlayan çox, gülən az.

Əlimdə nar bəzərəm,

Narı hamar bəzərəm.

Gedəsən gəlməyəsən,

Həmməşə xar gəzərəm.


Bostanda tağım ağlar,

Basma yarpağım ağlar.

Ta sağam ağlayaram,

Ölsəm torpağım ağlar.


Bülbül bağda yatıbdı,

Qışların uzadıbdı.

Mən ondan dönməmişəm

O məni bərk atıbdı.


Ağacda xəzəl ağlar,

Dibində gözəl ağlar.

Bunun nənəsi ölsə,

O məndən gözəl ağlar.


Almanı fallamışam,

Boşqaba fallamışam.

Sən gedənnən o yana,

Həmişə ağlamışam.


Bağçasında sarı gül,

Yarı qonca, yarı gül.

Tez açıldı, tez soldu,

Olmayaydı barı gül.


Gülüm gülü neylərəm,

Gülə xidmət eylərəm.

Versinlər öz balamı,

Özgəninkin neylərəm.


Mən aşıq bostana gəl,

Bağa gəl, bostana gəl.

Məni göylün istəsə,

Xarab qəbirstana gəl.


Bu dağda quzu mələr,

Başıma gəldi nələr.

Bağla viran xabıvı,

Görsənməsin sinələr.


Mərənd üstü yolumdu,

Qanatımdı, qolumdu.

Gəlib səni görməsəm,

Onda mənə ölümdü.


Qızılgül əsdi neylim?

Səbrimi kəsdi neylim?

Üzdə dost, dalda düşman,

Mən belə dostu neylim?


Mən aşiq bəsdi fələk,

Səbrimi kəsdi fələk.

Hər yanda çadır qurdum,

Kənəfim kəsdi fələk.


Qala başı üzüm var,

Ağlamağa gözüm var.

Bir belə qəm çəkməyə,

Məgər məndə dözüm var?

Qala başı, daş başı.

Yatmağa kəhriz başı.

Abdullayla bal yemə,

Qənbər ilə daş daşı.


Mən aşiq alma dərdimi,

Nar dərdi, alma dərdimi.

Çəkdim çəkə bilmədim,

Aparram gora dərdimi.


Mən aşiq sulu dağlar ,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölüb,

Göy kişnər, bulud ağlar.


Qəribi el götürür,

El yığar, el götürür.

Hərə bir baş ağlasa,

Dünyanı sel götürür.


Qəribəm vətənim yox,

Bu gündən satanım yox,

Qəriblikdə ölürəm,

Əlimdən tutanım yox.


Almanın iyisinə,

Vuruldum birisinə,

Məni çoban yazardın,

Qızların sürüsünə.


Başıva mən dolanım,

Mən durum, mən dolanım.

Olginən sən bir ağac,

Kölgəndə mən dolanım.


Havanın küləyi var,

Qarı var, küləyi var.

Səni vuran ovçunun,

Qurtuğum biləyi var.


Bala demə qan olar,

Yel əsər, tufan olar.

Bala gəzən yerlərə,

Nənələr qurban olar.


Bacılar bacısıyam,

Şirinlər acısıyam.

Hər kim desə bacınam,

Mən onun bacısıyam.


Mən aşiq mehman ollam,

Bir gecə mehman ollam.

Çox yalvarsam gəlməsən,

Mən sənə qurban ollam.


Gedərəm dağ başına,

Örtübdü ağ başına.

Kim şamama bəsləsə,

Dolanar tağ başına.


Gülü taxdım duvara,

Bülbül gəlsə su ara,

Yayı sənlə keçirdim,

Qışda qaldım avara.

Bu küçədən yol gedər,

Qoşun gələr bol gedər.

Sən gəlib çıxanacan,

Ürəyim qanı gedər.


Tut ağacı tut verər,

Yarpaqları qurt verər.

Qız sevəsən alasan,

Gör bir necə dad verər.


Dağları gəzdim gəldim,

Daşını düzdüm gəldim.

Səni bivəfa gördüm,

Əlimi üzdüm gəldim.


Ay dolana-dolana,

Düşdü bizim dalana.

Mən səni alacağam

Barmaqlarım doğrana.


Fələk məni dindirdi,

Qəm atına mindirdi.

Düşmənin qapısında

Çaldı yerə sındırdı.


Mən aşiq tikan gülə,

Dolaşıb tikan gülə.

Görəsən kim gözünü,

Tikib mən tikən gülə.


Mən aşiq neylim sənə,

Düşübdür meylim sənə.

Mən dönsəm üzüm dönsün,

Sən dönsən neylim sənə.


Mən aşiq qaz ayağı,

Güllərdən qaz ayağı.

Qurudu gözüm yaşı,

Çəkildi qaz ayağı.


Bağda üzüm qoradı,

Dərməmisən qoradı.

Yanına oturmadım,

Ondan üzüm qaradı.


Gəlginən bağa gedək,

Qar yağa bağa gedək.

Sən yağış ol, mən bulut,

Hay salıb axıb gedək.


Göyərçin göyə bənzər,

Göz yaşım selə bənzər.

Gedəsən, gəlməyəsən,

Ev -eşiyin çölə bənzər.


Mən aşiq aparmışam,

Gül verib nar almışam.

Qovunun xarab olubdu,

Gör necə saralmışam.


Saralmışam solmuşam,

Bulut kimi dolmuşam.

Ağlamayım neyləyim,

Mən səndən ayrılmışam.

Qoyun kaşanda mələr,

Otdar kaşanda mələr.

Nənələr balalardan

Ayrı düşəndə mələr.


Mələ, qoyunum mələ,

Quzu verilməz ələ.

Mən ağlayıram gəlməyir,

Sən ağla bəlkə gələ.


Qardaşlar, ay qardaşlar,

Yağış yağar, qar başlar.

Tabutum ayrı gedər,

Yapışmaya qardaşlar.


Alma verdim yeyəsən,

Vermədim iyləyəsən.

Öz qədrivi nə bildin,

Mənimkinin nə biləsən?


Mən aşiq yatan yerdə,

Gül əkdim yatan yerdə.

Sənə köynək olaydım,

Soyunub yatan yerdə.


Mən aşiq yaralandım,

Ovçu vur yaralandım,

Mən sənnən ayrılmazdım,

Zülmünən aralandım.


Mən aşiq puta-puta,

Gül əkdim puta-puta,

Nə olardı ilahi,

Sevgi-sevgiyə çata.


Suları bulandırma,

Qapımı dolandırma.

Allah səni yandırsın,

Məni belə yandırma.


Mən aşiq günüm xoşdu,

Yatmısan, yerin xoşdu.

Özün getdin qurtuldun,

Mənim də yerim xoşdu.


İpək atdım çiynimə,

Ucu düşdü düyünə.

Qoy gəlsin bacılarım

Verək çiyin-çiyinə


Yad ağlar yalan ağlar,

Oduma yanan ağlar.

Qoy gəlsin xanım nənə,

O məndən gözəl ağlar.


Gülüm, gülüm neylərəm,

Gülə xidmət eylərəm.

Versinlər öz gülümü,

Özgə gülü neylərəm?


Gilanarım ağ doldu,

Yandı bağrım talx oldu.

Çıxım qapıda durum,

Yarım gələn vaxt oldu.

Bir yaralı qoçam mən,

Yerim yoxdu qaçam mən.

Gönül süfrə deyil ki,

Hər gələnə açam mən.


Əzizim dağda mələr,

Başıma gəldi nələr.

Düymələ köynəyinnən,

Görsənər ağ məmələr.


Mən aşiq mənim atam,

Ox alam, özüm atam,

Günüm onda xoş keçər,

Bir gecə sənnən yatam.


Gəlirdim dağdan qoşa,

Əlim çıxıbdı boşa,

İstəməyirsən məni,

Dur gedək məni boşa.


Gəlirdim dağ arası,

Tapdım məxmər parası.

Gördüm iki qız gəlir,

Üzündə diş yarası.


Qəlyanı mən çəkərəm,

Doldur ver, mən çəkərəm.

Bala dağı görmüyüm,

Hər nə versən çəkərəm.


Dağ başında minarə,

Şövqü düşüb çinara.

Qismətim qürbət oldu,

Sən başına qıl çara.


Bu yolu gedən gəlməz,

Bilmirəm nədən gəlməz.

Qırılıb qatarından,

Çıxıb cərgədən gəlməz.


Qardaş gəl, ay qardaş gəl,

Qarlı dağları aş gəl.

Qürbət eldir, kimsən yox

Tökər gözüm qan– yaş gəl.


Su içəcəm çanakdan,

Bal süzülər dodaqdan.

Neylim gələ bilmirəm,

Salamım var uzaxdan.


Dağlar başı ala qar,

Ala yaylaq, ala qar.

Nə qədər qar yağmışdı,

Yağmamışdı belə qar.


Bu dağlar, qoşa dağlar,

Verib baş-başa dağlar.

Mən ki avara oldum,

Sən barı yaşa dağlar.


Mən aşığam gül ey vay,

Bülbül ey vay, gül ey vay.

Bir bağa bağban oldum,

Heç dərmədim gül ey vay.

Aşiq dağ arasında,

Duman dağ arasında,

Şam kimi şölə çəkdim

Yandım dağ arasında.


Mən aşiq öz məzəli,

Tellərin düz məzəli,

Aşıq sevgili yardan

Ölüncə üzməz əli.


Aşığam yaxşı qala,

Ocağı yaxşı qala,

İstərəm bu dünyada

Pis ölə, yaxşı qala.


Aşıq günlər üzünü,

Tel sünbullər üzünü.


Çəkərəm yar həsrəti

Aylar, illər uzunu.


Mən aşıq tikə-tikə,

Al qəlbimi tikə-tikə.

Mən səndən dönmərəm

Doğransam tikə-tikə.


Aşıq qara yaxşıdı,

Xalı qara yaxşıdı.

Düşmanlar al geyinsin,

Mənə qara yaxşıdı.


Mən aşiq o yar mənim,

Qəm bağrım oyar mənim.

Məkkəmdi, Mədinəmdi,

Qibləmdi o yar mənim.




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin