Folklor janrı kimi mənqəbələr
Azərbaycan folklorunun bu günə qədər tədqiq edilməyən və ya çox az araşdırılan janrlarından biri də mənqəbələrdir. Yalnız Füzuli Bayat bir məqaləsində və Türkiyədə çıxan kitablarında mənqəbə janrı haqqında elmi-nəzəri məlumat vermiş, bu janrın əfsanə, rəvayət kimi digər janrlardan fərqli tərəflərini göstərmişdir. Xüsusən, dini məzmunlu söyləntilərdən hansılarının bu janra uyğun gəldiyi məsələsi elmi şəkildə həll edilmişdir (7, 3-18). Türkiyədə mənqəbə janrı haqqında ən geniş məlumatı təbii ki, Əhməd Yaşar Ocaq vermişdir.
Altay şamanları haqqında yaranan əfsanə və memoratlarda olduğu kimi (49) övliyalarla bağlı da bir çox əfsanələr yaranmışdır ki, biz bunları özəlliklərinə, poetikasına, söyləyiş tərzinə görə mənqəbə adlandırır və bu başlıq altında öyrənirik. Bəllidir ki, İslam dünyasında IX əsrdən etibarən təsəvvüf cərəyanı, XI əsrdən sonra da təriqətlər ortaya çıxmağa başladı. Təriqətlərin yaranması ilə mürşidlik və şeyxlik qurumu və bunun təbii nəticəsi kimi övliya kultu ortaya çıxdı. Buna paralel olaraq hər hansı bir vəlinin kəramətlərindən danışan və qısa hekayələr mənasına gələn mənqəbə janrı formalaşdı (65, 20). Dərvişlərin, müridlərin söylədikləri, sonradan isə kitablaşdırdıqları mənqəbələr, əslində Haqqa çatmış, vəhdətə qovuşmuş övliyanın kəramətləri haqqında tərcümeyi-hal mahiyyətində kiçik əxlaqi, mənəvi hekayətlərdir.
Xalq inancına görə, vəhdətə çatan, Haqqa qovuşan insanın da digər sıravi insanlardan bəzi fərqli xüsusiyyətlərə sahib olması və bunu bir şəkildə göstərməsi lazım idi. Belə olduqda türk xalqlarının onsuz da şamanlardan gördüyü, tanış olduğu fövqəladə hadisələri reallaşdıra bilmək xüsusiyyəti kəramət göstəricisi adı altında vəliyə aid edildi. Zamanla bu yolla yaranan mənqəbələr müsəlmanlar arasında geniş yayılmağa başladı. Əhməd Yaşar Ocağın yazdığına görə mənqəbə, təsəvvüf tarixində sufilərin göstərdikləri qeyri-adi hadisələr deməkdir. Onun fikrincə, mənqəbə bu fərqliliklərin göstəricisi olan kəramətləri nəql edən kiçik hekayələr mənasında təxminən IX yüzildən etibarən istifadə edilməyə başlanmışdır (65, 27). Təbii ki, İslamiyyətin qəbul edilməsindən sonra əskidən şamanların, Buddist rahiblərin və Xristian əzizlərinin göstərdikləri fövqəladəliklərin də yeni bir janr kimi formalaşan mənqəbələrin məzmununda yer aldığını demək lazımdır. Ancaq sadalananlar hər nə qədər övliya mənqəbələrinin qaynağı rolunda olsa da, bunlar yeni şəraitdə, İslam dininə, İslam əxlaqına uyğun bir şəkildə yenidən qurulmağa başladığı üçün İslami hekayələrdir. İslam alimləri və böyük mütəsəvvüflər müsəlman olmayan əhalidən buddistlərin, xristianların, bütpərəstlərin və digərlərinin reallaşdırdığı ecazkar hadisələrə "istidraç", müsəlman vəlilərin göstərdiklərinə isə "kəramət" adını verdilər. İstidraçın qaynağında, mayasında sehr və cadu varkən, kəramət Allahın icazəsiylə hikmətin sərgilənməsi hesab edildi (7, 13-14). O nöqteyi-nəzərdən sufizmi mənqəbələrin tək və şəriksiz qaynağı kimi göstərmək mümkün olmasa da, bu janra son şəklini verən ünsürün təsəvvüf cərəyanı və onun təşkilati forması olan təriqətlər olduğunu rahatca söyləyə bilərik.
Mənqəbə janrı müasir dövrün ən çox söylənən və söyləndikcə də zənginləşən, yeniləşən canlı növlərindən biri olduğu üçün xalq arasında geniş yayılımışdır. İslam dininin yayıldığı bütün ölkələrdə, ən əsası da şifahi mədəniyyətləri zəngin olan türk xalqları arasında dini rəvayətlər və ya mənqəbələr ateist təbliğatın bütün cəhdlərinə baxmayaraq varlığını qoruya bilmişdir. Ona görə də mənəvi kəramətləri ilə şöhrət qazanan övliya mənqəbələri və ya imam övladı olan seyidlərin kəramətləri Azərbaycanın hər tərəfində xalq ədəbiyyatının əsas söylənən janrı olaraq qalır. Mənqəbələr təbii ki, İslamın ilk dövrlərindən başlayaraq sürətlə yayılan dini əfsanələrin bazasında yarandı, miflərdən, rəvayətlərdən bir çox ünsürləri almaqla yeni bir janr kimi formalaşdı və söyləyici repertuarında özünə xüsusi yer tutdu.
Diqqətlə tədqiq edildikdə mənqəbələrdəki bəzi motivlərin mənşəyinin türk mifoloji mətnlərindən, əfsanə, dastan və hətta nağıllardan gəldiyini söyləmək mümkündür. Xüsusilə, Bəktaşi mənaqibnamələrində və xalq arasında məşhur olan yerli vəlilərlə əlaqəli söylənən mənqəbəyə bənzər xatirələrdə bunun nümunələrinə sıx rast gəlinir. Bunlar Azərbaycanda, Orta Asiyada, Anadoluda, Balkanlarda, Volqaboyunda ilk missioner dərvişlərin qeyri-müsəlman əhali arasında İslam dinini yaymağa çalışdıqları dövrün xatirələridir (65, 74). Mənqəbələrdə yer alan əjdaha, div, qeyri-adi məxluqlar bunu açıqca göstərir. Məsələn, kafirlər mağaraya gəldikdə namaz qılmaqda olan “Hacı Bəktaş Vəli onların səslərini eşidir, “ya Rəbbim”, – deyir, sən mənə kömək et, yeddibaşlı bir əjdaha göndər, mağaranı qorusun. Tanrı yeddibaşlı əjdahaya əmr edir. Əjdaha dərhal gəlib mağaranı əhatə edib yatır. Gələn kafirlər bunu görür və qorxub qaçırlar. Hacı Bəktaş bir müddət o mağaradan çıxmır. Tam bir il ibadət edir. İnananlar mağaraya gedib Hünkarı ziyarət edirlər. Ancaq yenə də bəziləri kafir olmaqda israr edirlər. Hacı Bəktaş bu dəfə, “ya Rəbbim”, - deyir, “Mustafa və Murtəzanın hörmətinə, şeyxim Əhməd Yəsəvinin ucalığı haqqı üçün əjdahaya əmr et, münkirləri həlak etsin”. Hacı Bəktaşın duası qəbul olur. Əjdaha hücum edib münkirlərin hamısını udur” (56, 12-13).
Yenə bir başqa Bəktaşi mənqəbəsində mifoloji ünsür olduğunu iddia edə biləcəyimiz və sehirli nağıllarda tez-tez rast gəldiyimiz bir div obrazı vardır. Mənqəbədə deyilir ki, Rum ərənləri öz yerlərinə getmək üçün Hacı Bəktaşdan icazə istəyirlər. Hünkar hər birinə bir nəsib təqdim edir. “Qaraca Əhmədə Sultan Xoca Əhməd Yəsəvi bir div vermişdi. O vaxtdan bəri o div bizə xidmət edir, onu sənə hədiyyə verdim, artıq sizə xidmət etsin, ölümünüzdən sonra da məzarınızı qorusun”, – deyir. Ərənlər icazə alıb öz yerlərinə gedirlər (56, 20).
Burada mənqəbə ilə mifoloji mətn, əfsanə və nağıl iç-içədir. Yeri gəlmişkən, miflə nağıl arasındakı keçid də mənqəbə janrını anlamaqda açar ola bilər. Belə ki, mifin zamanla nağıla transformasiyası, miflə nağılın fərqləri Azərbaycan folklorşünaslığında problem kimi qoyulmuş və ətraflı şəkildə həll edilmişdir (24). Mənqəbə ilə mifoloji mətn arasındakı fərq yavaş-yavaş sezilməyə başlasa da, İslami keçid hələ tam olaraq gerçəkləşməmişdir. Buna baxmayaraq bu janrlar arasında fərq tarixi-xronoloji olmaqdan çox struktur-semantikdir. Tədqiqatçı A.Ay da bu fərqi belə açıqlamışdır: “Mənqəbələrin mövzusu gerçək insanlardır. Bu nöqtədən etibarən mənqəbə nağıldan və əfsanədən ayrılır. Halbuki nağıl və əfsanələrdə zaman və məkan naməlumdur. Ya da simvolik bir yer və ya zamandır. Mənqəbələrə müqəddəslik izafə edilir və buna inanılır. Onu nağıl və əfsanələrdən ayıran ən əhəmiyyətli fərq də budur” (40, 32).
Mənqəbələrin bir qisiminin dastani bir hava daşıması da diqqətə dəyər bir başqa nöqtədir. İ.Abbaslı da bu özəlliyi gördüyü üçün hətta mənqəbə ilə dastanı eyniləşdirmişdir (2). Türk dastanlarında ox ataraq, oxun düşdüyü yerdə yurd qurulması bir ənənədir. Oğuz Kağan da oğullarının hansı məkanı yurd edəcəklərini təyin etmək üçün eyni üsuldan istifadə etmişdir. Türkmənlərin tarixini yazan XVII əsrin məşhur tarixçisi Əbülqazi Bahadır Xan Oğuz əhvalatını şərh edərkən Oğuz Xanın bir bəyinə qızıl bir yay ilə üç gümüş ox verdiyini, yayı şərqdə, oxları isə qərbdə kimsəsiz bir səhrada yarıyacan basdırıb gəlməsini əmr etdiyini yazır. Oğuz Xan bundan sonra oğlanlarını ova göndərir və şərqdə bu qızıl yayı tapanlara hökmdarlıq, gümüş oxu tapanlara isə vəzirlik verir. Və bunun da Tanrının təqdiri olduğunu söyləyir. Ancaq dastanın uyğur variantında yay-ox mətnə yuxu vasitəsi ilə daxil edilir (46, 88-90). Bütün bunlar İslamiyyətdən qabaqkı mifoloji obrazların İslam müqəddəslərinin simasında dini əfsanələrə və mənqəbələrə keçdiyini göstərir.
Əbdülqadir İnana görə də Dədə Qorqud İslamdan əvvəlki dövrdən İslami dövrə keçən əfsanəvi bir şəxsiyyətdir və türklər müsəlman olduqdan sonra onu qopuzuyla birlikdə bir vəli səviyyəsinə ucaltmışlar (59, 165-166). Dədə Qorqud həm şaman, həm də vəli arasında gedib-gələn, hər iki dünyagörüşün özəlliklərini daşıyan şəxsdir. Xüsusilə, onun gələcəkdən xəbər verməsi, bir iş görüləcəyi zaman onunla məsləhətləşməsi, oğuzların çətin vəziyyətində Xızır kimi köməyə çatması və s. kimi funksiyaları onu İslamiyyətdən əvvəlki şamana və İslamiyyətdən sonrakı övliyaya bənzədir. Hz.Məhəmmədin zamanında yaşadığı rəvayət edilən Qorqud Ata, Ər Qorqud kimi adlarla da xatırlanan Dədə Qorqud haqqında söylənən əfsanə və rəvayətlərin tarixi məlumatlarla uyğunlaşmaması onun tarixdə yaşamayan əfsanəvi bir şəxsiyyət olduğunu düşündürməkdədir. Çünki vəlilər arasında gerçəkdə yaşamamış və ya yaşadığı şübhəli olan əfsanəvi şəxslərə də rast gəlmək mümkündür. Dədə Qorqud da Sibir hövzələrində, qazax, qırğız və Türküstan sahələrində, Tyan-şan və Ural türkləri arasında, qısacası, çox əski dövrlərdən bəri bütün türk ellərində ortaq mifoloji obraz olmuşdur. Onun şaman dualarında xatırlanması da bunu təsdiq edir (42).
Dədə Qorqudun bir tərəfdən şamanlıqdan övliyalığa keçiddə əhəmiyyətli bir rol oynadığı məlumdursa, digər tərəfdən, vəli mənqəbələri arasında Dədə Qorqud hekayələrini xatırladan bəzi motivlər və ya parçalar da görmək mümkündür. Dədə Qorqudun ozanlığı, qopuzu icad etməsi, ölümlə savaşı və s. dini əfsanə şəklində formalaşsa da, mənqəbəyə keçid kimi xarakterizə edilir. Məsələn, Hacı Bəktaş Vəlinin doğumu ilə əlaqədar bu keçid bizə “Kitabi-Dədə Qorqud”un ilk hekayəsi olan Buğaç Xanın doğumunu xatırlatmaqdadır: nəzir-niyaz, tək uşaq olma və s. həm Buğac, həm də Hacı Bəktaş Vəli üçün müştərək motivlərdir.
Buraya qədər deyilənlərdən də göründüyü kimi, mənqəbələrin başlıca qaynaqlarından biri əgər mifoloji mətnlər, dini əfsanələrdirsə, digəri də şaman əfsanələridir. Bunu övliya mənqəbələrinin şamanlıq və şaman əfsanələri ilə bağlı F.Bayatın (20 səhifədə) maddələr halında göstərdiyi kitabından istifadə etməklə və mövzumuzla bağlayaraq aşağıdakı kimi təqdim etdik:
-
Şamanlıqda ana heyvan ruhları vardır ki, şamanlar ehtiyac duyduqda, çətin məqamlarda, qurtulmaq istədiklərində, bir sözlə, istədikləri zaman bu heyvanın donuna girə bilirlər. Övliya mənqəbələrində dərvişlərin çətin anlarda heyvan və ya quş donuna girmələri şamanlıqdan qalma çevrilmə hadisəsidir.
-
Vəli və şamanın cəmiyyətdəki funksiyaları tamamən bir-birinə bənzəyir. Şaman kult xarakterli ritualları icra edir, xəstəliyi müalicə edir, fal açır, sehirbazlıq edir, tufan qoparır, qar yağdırır, qeybdən xəbərlər verir. Övliya da eyni şəkildə iflic olmuşları və ruhi xəstələri sağaldır, gələcəkdən xəbər verir, təbiət hadisələrinə təsir edərək yağış, qar yağdırır, tufan qoparır, su çıxarır və s.
-
Şaman olmaqda namizədin keçdiyi mərtəbələr sufinin keçdiyi mərtəbələrə transformasiya edilmişdir. Dərvişin mənəvi kamillik yolunda çəkdiyi fiziki əzablar, öz mənini yox edib Haqla birləşməsi bütün hallarda şamanın şaman olmaq istəməməsi və bu yolda ruhların ona verdiyi fiziki əzablarla üst-üstə düşür.
-
Xalq sufizmindəki iki dəfə doğulmayan Haqqın sirrinə çatmaz, formulu şamanlıqda şamanın iki dəfə doğulması əfsanələrindən gəlmədir. Şaman ikinci doğuşunda ruhlar tərəfindən o biri aləmə aparılaraq əti doğranır, sümükləri ətdən ayrılır, bişirilir. Sonra əti ruhlar tərəfindən yeyilir, sümükləri təmizlənib yenidən ətlə örtülür və təkrar dirildilir. Sufi də fani dünya qoxusundan qurtarmaq üçün qazanda qaynadılır. Tam bişdikdən sonra dünyaya gətirilir. Qısacası, ölmədən öncə ölmək fəlsəfəsi hər iki dünyagörüşdə eynidir.
-
Yuxuda vergi almaqla Haqq aşığı olmaq həm şamanlıqda, həm də dərvişlikdə vardır. Bu, şamanın yeni statusa keçməsidirsə, dərvişin də gözündən qəflət pərdəsinin qalxması, batin gözünün açılmasıdır.
-
Həm şamanın, həm də dərvişin divanəliyi, ruhi dəliliyi, qohumları tərəfındən əl-qolunun bağlanması şamanlıqda olduğu kimi sufilikdə də aşılması gərəkən məqamdır. Bu divanəlik status dəyişmədə ilk mərhələdir. Şaman kimi övliya olmaq da divanəlikdən keçir.
-
Həm şaman, həm də övliya zümrəsi üçün fəqirlik önəmli bir özəllikdir. Şaman bu vəzifəni insanlara xidmət etmək üçün yerinə yetirir. Övliya da bütün həyatı boyu nəfsinə hakim olmaq üçün mal-mülkdən qaçır, dünya nemətlərinə bel bağlamır, fani olanı əbədi olanla əvəz edir.
-
Şaman ruhlarla insanlar, görünən dünyayla görünməyən aləmlər arasında əlaqə yaradan kult icraçısıdır. Övliya da qismən uca varlıqla insanlar arasında bir növü əlaqə yaradır, hər nə istərsə Haqdan istəyir, Haqqın dili ilə danışır, insanları irşada çağırır.
-
Riyazət yolu ilə nəfsi öldürmə şamanlıqda olduğu kimi övliyalıqda da vardır. Dərviş çilə çıxartmaq üçün mağaraya, quyuya və ya bu məqsədlə tikilmiş kiçik və dar bir yerə girərək inzivaya çəkilir. Bu zaman içində övliya az yatıb, az yeyir, çox ibadət edir. Şaman da uca məqama çatmaq üçün dünya nemətlərindən yalnız qara su içməklə qurtulmağa, nəfsini bu şəkildə tərbiyə etməyə çalışır.
-
Övliya mənqəbələrinin tədqiqi onların şaman əfsanələrinin bir variantı qədər bənzərlik göstərdiyini isbatlayır. Məsələn, odda yanmamaq, suyun üstü ilə yerimək, cansız varlıqları hərəkət etdirmək, vaxtından əvvəl meyvə yetişdirmək və s. kimi övliya kəramətləri şaman qaynaqlıdır.
-
Xalqın şamana və övliyaya münasibəti də eynidir. Sufi şeyxlərinin məzarı üstündə türbə tikilməsi, türbələrin ziyarətgaha çevrilməsi və onlardan mədət umulması, türbələrin ətrafında olan ağaclara əski, yaylıq, saç bağlanması, beşik asılması, türbələrdə şam yandırılması şamanlıq qalıqları olaraq bilinir. Belə ki, şamanların da məzarı ziyarət edilir, bu məzarların öz soyunu qoruduğuna inanılır.
-
Qurban kəsmə mərasimləri də şamanlıqla sufiliyi eyniləşdirir. Şamanlar ruhlara qurban kəsərkən qanını yerə tökməməyə çalışır, dərisini və sümüklərini ocaqda yandırırlar. Bəktaşilikdə də qurbanın sümüyü qırılmadan kəsilir, bağırsaqları və sümüyü özəl bir yerə basdırılır.
-
Al basmasına və ya qarabasmaya qarşı seyidlərin, ocaqlı adamların müdaxiləsi eyni ilə şamanın yeraltı ruhlarına qarşı müdaxiləsini xatırladır.
-
İslam dininin ilk yayılma illərində övliyaların taxta qılınca qurşanması, taxtadan yay-ox taxmaları, savaşa getmələri şamanların yanlarında silah, özəlliklə də simvolik yay və ox daşımalarına semantik cəhətdən çox bənzəyir (12, 76-96).
Türklərdəki övliya mənqəbələrinin qaynaqları arasında yalnız yuxarıda zikr edilən mifoloji mətnləri və şamanlığı saymaq və bununla kifayətlənmək təbii ki, səhv olar. Çünki türk xalqlarının arasında öz şeyxlərindən başqa ərəb və İran mənşəli dərvişlər də İslamiyyəti yaymağa çalışırdılar. Bunlar XI əsrə qədər İslam dünyasında məşhurlaşmış, haqqlarında olan mənqəbələr də türkcə söylənmişdir. Maraq doğuran bu əhvalatlar türklərin yeni mənqəbələr formalaşdırmasına kömək etmişdir (65, 32). Hətta İslamiyyətdən əvvəl ərəb dünyasında mövcud olan əski əfsanə və miflərin də türk xalqlarının vəli mənqəbələrinin yaranmasına təsiri olmuşdur. Bunlara misal olaraq Qazavatnamələri, Battalnamələri, Əba Müslimnamələri, Danişməndnamələri və başqalarını göstərə bilərik (28; 71; 87; 107). Öncələri qissəxanlar vasitəsi ilə türklərin arasında söylənən bu əhvalatlar müsəlman xalq tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bunların nəql etdikləri əfsanələr təfsir və tarix kitablarına girdiyi kimi, təsəvvüfün yayıldığı xalq mühitlərində də IX əsrdən etibarən, bəlkə də daha əvvəllər övliya mənqəbələrinə çevrilmişdir. Bu vəziyyət dini əsaslara zidd olmamasına diqqət yetirilərək təsəvvüf qaynaqlarında nəql edilən vəli kəramətlərinə bənzər folklor qaynaqlarından bəhrələnmək surətiylə yeni kəramətlərin əlavə olunması nəticəsində yaranmışdır (66, 31). Bu halda türk övliya mənqəbələrinin yaranmasında qaynaq kimi dini əfsanələrlə, şamanlıqla bərabər İslam rəvayətlərini, digər müsəlman xalqların, özəlliklə İran və ərəb əfsanələrini də göstərmək yanlış olmaz.
Belə ki, əslində öncə ərəblərin şıfahi söz sənətində folklorlaşan Hz.Əli kultu zamanla özünün ən yayğın və güclü dönəmini türk xalqları arasında yaşamışdır. Hətta Hz.Əli soyundan gələnlərə də ən böyük hörməti türk xalqları göstərmiş, imam övladları olan seyidlərə xüsusi rəğbət bəsləmişlər. Digər tərəfdən, seyidlik bir qurum kimi daha çox türk xalqlarının arasında yayılmışdır. Sonradan seyidlərin kəramətləri özünəməxsus mənqəbə nümunələri şəklində yenidən qurulmuşdur. Bu dini əfsanələrin mövzusu kəramət olan mənqəbələrin daha öncə var olan mifoloji hekayələrdən bəhrələndiyi onların təhlili zamanı da ortaya çıxır. Hz.Əli və övladları və Hz.Hüseynin soyundan gələn və İslam dünyasının hər tərəfinə yayılmış seyidlər haqqında dini əfsanələr əski əfsanələrin yeni forması kimi çıxış etmişdir. Təbii ki, Hz.Əli, Hz.peyğəmbər haqqında türk xalqlarının söylədikləri mənqəbələrlə bərabər, İran və ərəb yazılı ədəbiyyatında mövcud olan əfsanələr də savadlı din nümayəndələri tərəfindən türkcələşdirilərək məclislərdə söylənmiş, sonradan bu əfsanələr şifahi şəkildə ağızdan-ağıza keçərək yeni xalq variantına çevrilmiş, əsli isə unudulub getmişdir.
Atalar kultu, şamanlıq, buddizm, yəhudilik, xristianlıq kimi inanc və dinlərlə bərabər, İslamın ilk dövrlərini ehtiva edən ərəb və fars dünyası da türk övliya mənqəbələri üçün əsas qaynaq təşkil etmişdir. Hz.Məhəmmədin göstərdiyi möcüzələr, dörd xəlifəylə əlaqədar mənqəbələr, xüsusilə Hz.Əlinin cəngnamələri və mənqəbələri zamanla türk vəlilərinə aid edilmiş, türk övliyalarının adına yazılmışdır. Və ya bu motivlər tam uyğunlaşdırılmasa da, bir sıra ortaq motivlərdən istifadə edilmişdir. Məsələn, Hz.Məhəmmədin döyüş əsnasında bir xurmayla bir çox adamı doyurması möcüzəsi bu gün az çörək və ya az yeməklə çox adamı doyurma şəklində bir çox övliyaya, imam övladı olan seyidlərə aid edilərək yaşamağa davam edir. Hacı Bəktaş Vəli ilə bərabər Masallıda yaşadığı bilinən bir çox vəlinin kəramətləri arasında az yeməklə çox adamı doyurma kəraməti məhz eyni qaynaqdan çıxaraq milli koloritlə yoğrulmuşdur.
Hacı Bəktaş yoxsul bir ailənin xəmirinin heç bitməməsini arzu edərkən və bu istək gerçəkləşərkən, Azərbaycanda da buna bənzər kəramət haqqında mənqəbə danışılır. Digər tərəfdən Hz.Əlinin öz cənazəsini özünün qaldırması kəraməti eyni şəkildə Hacı Bəktaş Vəliyə, oradan da Anadoludakı digər bir çox vəliyə aid edilərək söylənmişdir. Mənqəbədə deyildiyi kimi, Hacı Bəktaş Vəlinin ölümündən sonra üzü yaşıl niqabla örtülü, boz atlı bir ərən gələrək, xəlvətə girir, cəsədi yuyur və kəfənləyərək tabuta qoyur. Namazı da qıldıqdan sonra atına minib getmək istəyir. Hünkarın xəlifələrindən olan Sarı İsmayıl bu üzü niqablı adamın kim olduğu ilə maraqlanaraq arxasınca gedir. Sarı İsmayılın niyazına dözə bilməyən üzü niqablı şəxs üzünü açar. Sarı İsmayıl bir də baxır ki, qarşısındakı Hacı Bəktaş Vəlidir. Sarı İsmayıl üzr istəyir. Hünkar, “Ər odur ki, ölmədən ölər, öz cənazəsini özü yuyar. Sən də var, buna cəhd göstər”, – deyir (56, 89), sonra da atını qamçılayıb gözdən qeyb olur. Azərbaycanda bu mənqəbəyə bənzər hər hansı bir mətnə rast gəlinmədi, ancaq bu və ya buna bənzər mənqəbələrin zamanında yazıya alınmadığı üçün yaddaşlardan silindiyini söyləmək mümkündür.
O baxımdan mənqəbələri araşdırarkən bəzi motiv və vəli tiplərini diqqətə alaraq mənqəbə qaynaqları arasında tarixi hadisələri və şəxsiyyətləri göstərmək də olduqca vacibdir. Belə tarixi şəxsiyyətlərin çoxu yaxın tarixdə yaşamış, aldıqları nəzirləri kasıblara, ehtiyacı olanlara paylamış seyidlərdir. Bunlara misal olaraq XX əsrdə Masallı bölgəsində yaşamış Ağa Mir Həsən Ağanı (Qızılağac), Mir Cəfər Ağanı (Qızılağac), Mir Heydər Ağanı (Masallı), Seyid Sadiqi (Ərkivan) və onlarca başqalarını göstərmək olar. Övliya mənqəbələri bir qayda olaraq müəyyən bir coğrafi məkanda və müəyyən bir tarixi şəraitdə yaranır. Ancaq bunların bir qismi də deyilən tarix və coğrafiyayla uyğunlaşmırsa da, bir qismi də yaşanmış hadisələrdən doğrudan-doğruya alınmışdır. Hər halda mənqəbələrdə məqsəd övliyanı və ya kəraməti olan seyidi xalqın gözündə ucaltmaq olduğundan, bu gerçək hadisələr mənqəbə motivləriylə doldurularaq xalq arasında yayılmışdır. Özəlliklə dinə Sovetlər İttifaqı zamanında da sıx bağlı olan Cənub bölgəsi insanlarının şifahi xalq ədəbiyyatı nümunəsi kimi ən çox danışdıqları seyid mənqəbələri olmuşdur.
Bütün bunların yanında Azərbaycanda hər hansı bir sufi cərəyanla əlaqəsi olmayan, hər hansı bir təriqətə daxil olmayan seyidlərin, əfəndilərin həm sağlıqlarında, həm də öldükdən sonra göstərdikləri kəramətləri ilə yad edildikləri də vardır. Əslində seyidlərin ocaqları və ya seyidlərə ocaqlı deyilməsi də onların sufiliklə birbaşa olmasa da, əlaqəsinin varlığından xəbər verir, cünki təriqətin Hz.Əlidən qaldığı, sufiliyin altıncı imam Cəfər Sadiqin ezoterik yorumu ilə formalaşdığını (15) nəzərə alsaq, özlərinə imam övladı deyən seyidlərin təsəvvüflə bağlılığı aydın olar. Digər tərəfdən seyidlərin kəramət göstərmələri də sufiliklə bağlıdır və övliyalara aid edilən cəhətdir ki, bunların eyni ilə seyidlərə də aid edilməsi onları müəyyən bir təriqətlə bağlamış olur.
Övliya mənqəbələrində də kəramət göstərən ərənlərin çoxunun nəsil baxımından seyid olduğunu görürük. Məsələn, Hacı Bəktaş Vəli mənqəbələrində Seyid Mahmud Heyrani, Seyid Camal və övliyaların ən böyüklərindən biri olan Seyid Qazi buna misal ola bilər. Ona görə də övliya elə seyiddir, hər seyid də müəyyən mənada övliyadır, demək mümkündür. Ancaq bütün övliyalar seyid olmadığı kimi, bütün seyidlər də övliya deyildir. Burada bir çox sünni kəsimdən çıxmış seyid ünvanlı övliyaları və ya dərvişləri də qeyd etmək lazımdır. Kəramət sahibi olan bu sünni görünümlü seyidlərin mənqəbələrindən də göründüyü kimi, onlar bütün hallarda nəsil şəcərələrini Hz.Əliyə bağlayırlar. Hər halda şiə inancında yalnız Hz.Əli və Hz.Fatimə soyundan gələnlər seyid olduğu halda, sünni türk inancında Hz.Fatimədən olmayan ancaq Hz.Əli soyundan gələnlər də seyid adlanırlar. Həm dini əfsanələrdə, həm də mənqəbələrdə seyidlər çox vaxt seyid olmayan övliyalardan üstün hesab edilirlər. Məsələn, Lənkəranda seyidlər zahidiyyə təriqətinin qurucusu Şeyx Zahid Gilanidən üstün hesab edilir. “Bizdə biz gedirik Şıxəkərandə (Şıxəkəran Lənkəranda kənd adıdır) Şıx Zahid var ora, Şıxəkəranə seyidlər ziyarətə getmillər. Çünki seyidlər ondən yüksəkdirlər. O Şıx olub, olar ama, seyitdi. Dünən söhbət elədilər, bi dənə seyid var idi ordə, o dedi ki, bizə düşmür ora getməy. Günahdı” (128).
Süleyman Hakim Ata mənqəbəsində deyilir ki, Seyid Ata Süleyman Hakim Atanın türbəsində mücavir olmaq istəyir və orda mücavir olan Şeyx Cəlaləddindən bu vəzifəni ona verməsini istəyir. İş könüllü olmadıqda hər ikisi niyaz üçün Hakim Atanın məzarının yanında yatırlar ki, Hakim Ata onlardan hansını seçdiyini desin. Hakim Ata Şeyx Cəlaləddinin yuxusuna girib ona belə deyir: “Ey oğlum, Şeyx Cəlaləddin, bil və agah ol ki, Seyid Ata buraya peyğəmbər salavatullahın əmri ilə gəldi. Mücavirliyi qoy o etsin” (14, 53). Buradan da seyidlərin övliya türbələrində mücavir olmalarını, imam, peyğəmbər övladı olduqları üçün əziz tutulduqlarını öyrənmiş oluruq. Ona görə də Azərbaycanda həm övliya türbələri, həm də seyid məzarları ziyarət yeridir, övliyalarla bərabər seyidlər də kəramət sahibidirlər. Həm də seyidlərin təmiz əxlaqı, ehtiyacı olanlara yardım etməsi, heyvana, quşa rəhm etməsi məşhurdur. “Mir Həsən Ağa öz evində ata-baba ocağında məhərrəmlikdə, qədr gecələrində həmişə ehsan verərmiş. Mötəbər adamlar, ağanı sevənlər ağaya divarlarında quşlar yuva salan köhnə evini söküb, yerində təzəsini tikməyi məsləhət görərmişlər.
Mir Həsən Ağanın sora istiyiblər ki, evini söküb təzəliyələr. Onun da evində hələ çalğı çalınmıyıb. Deyirlər ki, gəl ay Ağa, köhnə evdi də, qədimnən qalmadı, gəl bunu sökək, təzəliyək. Deyir:
– Yaxşı, təzələdiz, bəs bu sərçələrin yuvaları hara gedəcək?
Qoymuyub ona təzə ev tikməyə” (113).
Məlum olduğu kimi, mənqəbələrin əsas mövzusu övliyaların, seyidlərin, ocaqlı insanların göstərdikləri kəramətlərdir. Ona görə də mənqəbələrlə bağlı təsnifatların hamısında kəramət motivləri sıralanmışdır. Türk mənqəbələri ilə əlaqədar ilk motiv təsnifatını Pertev Naili Boratav etmiş, təsbit etdiyi motivlərin qaynağını da göstərmişdir (51, 42-45). Daha sonra bu məsələyə Ə.Y.Ocak (65, 88-92) yenidən müraciət etmiş, türk mənqəbələri ilə əlaqədar əhatəli bir təsnifat tipi önə sürmüş, bu təsnifatda kəramət motivlərini aşağıdakı kimi qruplaşdırmışdır. Burada heç bir dəyişiklik etmədən Ə.Y.Ocağın təsnifatını veririk:
A. Vəlinin öz üzərində cərəyan edən kəramət motivləri:
1. Doğum əsnasında fövqəladə halların zühuru,
2. Ruhun bədəni tərk edib gəzdikdən sonra geri dönməsi,
3. Yanındakılara eyni anda dəyişik donlarda görünmə,
4. Bir anda çox uzaq məsafələri qət edə bilmə,
5. Müxtəlif heyvanların donuna girmə:
a. Quş (göyərçin, şahin, qartal) olma,
b. Maral və ya maral cinsindən bir heyvana çevrilmə,
c. Başqa bir heyvan şəklinə bürünmə,
6. Öldükdən sonra yenidən dirilmə,
7. Kölgəsinin yerə düşməməsi,
8. Göylərdə uçma,
9. Eyni anda bir neçə yerdə görünmə,
10. Yemədən, içmədən, yatmadan uzun zaman dayana bilmə,
11. Öldürücü və korlayıcı şeylərin təsir etməməsi:
a) Atəşdə yanmama,
b) Suda qaynayıb ölməmə,
c) Soyuğun təsir etməməsi,
d) Silah, zəhər və s. kimi öldürücü şeylərin təsirsiz qalması,
12. Cinsi duyğulardan uzaq olma,
13. Öləcəyi yeri və zamanı əvvəldən bilmə,
14. Bədəni ölmədən dünyadakı varlığını yox etmə:
a) Qeyb olma,
b) At üstündə göyə yüksəlmə,
c) Mələklər tərəfindən göyə götürülmə,
15. Ölüm əsnasında və sonrasında fövqəladə halların zühuru,
B. Təbiət varlıqları və əşya üzərində cərəyan edən kəramət motivləri:
1. Cansız varlıqları özbaşlarına hərəkət etdirmə:
a) Dağları, təpələri, daş və qayaları icad etmə,
b) Əşyaları icad edib çox uzaqlara sövq etmə,
c) Axar suları dayandırma, tərsinə axıtma,
2. Maddələrin mahiyyət və xüsusiyyətlərini dəyişdirmə:
a) Suyu və digər içkiləri yağ, bal və ya başqa bir maddəyə çevirmə,
b) Bitkiləri daşa çevirmə,
c) Daşı, torpağı qızıl, yaxud ləl-cəvahirat halına gətirmə,
3. Maddələrin formalarını dəyişdirmə, böyüdüb kiçiltmə, uzadıb qısaltma,
4. Qurumuş ağac və ya odun parçasını yaşıl ağac halına gətirmə:
a) Odun parçasını ağac etmə,
b) Əsanı, dəyənəyi ağac etmə,
c) Ox, mizraq və bənzəri silahları ağac etmə,
5. Bir maddəni, əşyanı və ya cisimi yoxdan var etmə,
6. Mövsümü gəlmədən ağacların çiçək açması və ya meyvə verməsi,
7. Meyvə ağacı olmayan ağaclarda meyvə yetişdirmə,
8. Təbiət qüvvətlərini və hadisələri istədiyi kimi idarə etmə:
a. Yağış, qar və dolu yağdırma.
b. Külək və fırtına çıxarma,
c. Şimşək çaxdırma və ildırımdan istifadə etmə,
d. Yağan qarı, dolunu və yağışı dayandırma, külək və fırtına qaldırma,
9. Yerdən, daş və ya qayadan su fışkırtma,
10. Çay, göl və ya dəniz üstündə getmə,
11. Çay, göl və ya dənizi yarıb qarşıya keçmə,
12. Cansız varlıqların zikr və təsbehləni duy/eşitmə, eşitdirmə,
13. Cansız varlıqları danışdırma,
14. Cansız varlıqları xidmətində istifadə etmə, onlara söz keçirmə,
C. Heyvanlar üzərində cərəyan edən kəramət motivləri:
1. Vəhşi heyvanları itaətə alma,
a) Vəhşi heyvanları zərər verməz hala gətirmə,
b) Vəhşi heyvanlardan istifadə etmə,
c) Vəhşi heyvanlarla dostluq qurma,
d) Bütün heyvanlara söz keçirmə.
2. Heyvanları daşa çevirmə,
3. Heyvanları danışdırma.
D. Gizli şeylər üzərində cərəyan edən kəramət motivləri:
1. Ağıldan keçənləri bilmə, düşüncəni oxuma,
2. Başqa yerlərdə baş verən hadisələri, mövcud kəsləri görmə, başqalarına göstərmə,
3. Gizli əşya və maddələri tapıb çıxarma,
4. Keçmişdə olub bitənləri bildirmə,
5. Gələcəkdə olacaqları xəbər vermə,
6. Qəbirdə baş verənlərdən agah olma.
E. Müqəddəs, fövqəlbəşər və gizli güclər üzərində cərəyan edən kəramət motivləri:
1. Allahı görmə,
2. Peyğəmbərləri görmə, onun tərəfindən irşad edilmə:
a) Birbaşa görmə,
b) Yuxuda görmə.
3. Xıdır və digər qeyb çatanlarıyla görüşmə,
4. Şeytanı görüb yoxlama, pisliklərinə qapılmama,
5. Cinlərlə təmas qurma, pisliklərini yox edib xidmətində istifadə etmə.
F. Bioloji mahiyyətdə kəramət motivləri:
1. Ölünü diriltmə:
a) İnsanı diriltmə,
b) Heyvanı diriltmə,
2. Sümüklərdən diriltmə,
3. Cinsiyyət dəyişdirmə,
4. Sonsuz olan ər-arvadı, yaxud yaşlı qadın və kişini uşaq sahibi etmə,
5. Xəstəlikləri yaxşılaşdırma,
6. Bədən qəzalarını aradan qaldırma,
G. Vəliliyini qəbul edənlərə istiqamətli kəramət motivləri:
1. Başqalarını çatmışlığa qovuşdurma,
2. Bərəkət gətirmə,
3. Az yemək ilə çox adamı doyurma,
4. Başqalarını xəbərdarlıq edib pisliyə, təhlükəyə düşməkdən qurtarma,
a) Yanlarında ikən,
b) Yanlarında olmadığı halda gözlərinə görünərək,
c) Yuxularına girərək.
5. Təhlükə və ya fəlakətə məruz qalanları həqiqətən qurtarma,
a) Yanlarında ikən,
b) Çox uzaqlarda müdaxilə ilə,
6. Əjdaha ilə döyüşüb öldürərək xalqı qurtarma.
H. Vəliliyini qəbul etməyənlər üçün söylənən kəramət motivləri:
1. Başqa bir vəliyə kəramət qüvvətiylə üstün gəlmə, onu özünə təbii / tabe etmə,
2. Rəqiblərini qarğış edərək müxtəlif şəkillərdə cəzalandırma:
a) Başına bir fəlakət gətirərək,
b) Bir orqanından məhrum edərək,
c) Yerə basdıraraq,
d) Birdən öldürərək,
e) Daş halına gətirərək,
3. Rəqiblərinə qorxu və dəhşət verəcək donlara düşmək,
4. Əlindəki əsa və ya dəyənəyi əjdahaya çevirib qarşısındakılarda qorxu oyatmaq,
5. Rəqiblərinə fəlakət göndərmək:
a) Oturduqları yerləri yox edərək,
b) Zəlzələ və yanğın yaradaraq,
c) Yerə batıraraq,
d) Göydən atəş yağdırmaq.
Burada qısaldaraq verdiyimiz bu təsnifata diqqətlə baxıldıqda, bunlardan çoxunun Cənub bölgəsi, xüsusən də Masallı ocaq və pirləri haqqında söylənən kəramətlərlə oxşarlığını görürük. Qeyd etmək lazımdır ki, bu bölgə üçün spesifik olan və çox sıx təkrarlanan kəramət motivləri də vardır ki, bu da yerli şəraitlə və bütövlükdə isə Azərbaycanın ateist bir sistemdə yaşaması ilə əlaqəlidir. Məsələn, Masallıda imam övladları olan seyidlərin qeyri-adi gücündən, qeyri-adi sürətindən, duyumundan bəhs edən çox sayda kəramət motivləri ilə bərabər pirləri, ocaqları sökməyə və seyidləri həbs etməyə gələn hüquq işçilərinin, əsgərlərin qeyri-adi şəkildə cəzalandırılması, qorxudulması kimi yerli və sovet ideologiyası ilə bağlı kəramət motivləri də vardır. Bu spesifik kəramətlərdən birində, konkret olaraq Mir Əlican Ağa haqqında deyilir ki, o batan maşını tək başına çıxarıb.
“Əlqərəz, maşını saxladım, baba düşdü, getdi dəstəmaz almağa. Mən də dedim da maşını arxaya cevirim, batdı maşın. Elə batdı ki, təkərin axırına qədər. Nə qədər elədim, gördüm ki, qeyri-mümkündü çıxartmağ. İndi fikirrəşirəm ki, traktordan-zaddan tapım bu maşını çıxartmağa. Bi də gördüm ağa əlindəki suqabını qoydu gəldi. Dedi, mən sənə dedim axı girmə bura. Dedi, maşını xodda. Dedim, ağa, maşın xoddadı. Əlin deer ki, maşına vurmağnan elə bil ki, maşını böyük bir traktor götürdü qoydu kənara. Maşın elə o sürətnən də evə gəldi. Evə gəldim, təzə evlənmişdim, ağlıyıram, yoldaşım baxır ki, sənə noolub. Dedim ki, heç nə, ağanın möcüzəsin görmüşəm. Sora kimə o maşın batan yeri göstərib deyirdim ki, mən burdan çıxmışam, heç kəsin inanmağı gəlmirdi” (121).
Və ya yolda seyidi maşına oturdub gedəcəyi yerə götürmək istəyənə seyidin sən get, mən gələrəm, deməsi və maşından qabaq deyilən yerdə olması kimi kəramətlər bu bölgənin seyidləri üçün söylənən spesifik mənqəbələrdir. Bundan başqa, insanlar seyidi eyni anda bir-birindən uzaq fərqli məkanlarda gördüklərini söyləyirlər.
Mifoloji dövrdən bu yana yaşanılan hər hadisə, qəbul edilən hər dəyər etnik mədəniyyətdə müəyyən iz buraxmışdır. Bu cəhətdən övliya mənqəbələri üçün həm mifoloji dövrlərdə, həm də sonrakı dövrlərdə əfsanə, dastan, nağıl, rəvayət və s. janrların zəmin təşkil etdiyi həqiqətdir. Digər tərəfdən mənqəbələrin formalaşmasında hər nə qədər başqa janrların və ya əhvalatların əhəmiyyətli rolu olsa da, türk xalqlarında bu janrın doğuşunun İslamiyyətlə birlikdə gələn təsəvvüfün təsirilə olduğu da şübhəsizdir. İslam tarixinin ilk əsrindən etibarən bir zühd və təqva anlayışı şəklində ortaya çıxmağa başlayan təsəvvüf hərəkatı IX yüzildən sonra geniş və mürəkkəb bir təfəkkür sistemi olmuşdur. XI əsrdə isə yavaş-yavaş təriqətlərin təşəkkülü və XII əsrdə İslam aləminin hər tərəfini əhatə etməsilə təsəvvüf hərəkati son böyük hücumunu etmiş oldu. Vəli anlayışı və bununla birlikdə mənaqibnamələr də eyni mərhələlərə paralel inkişaf prosesi keçmişdir. Təsəvvüf düşüncəsində mövcud olan ölmədən əvvəl ölərək vəhdətə çatma anlayışı dünya ilə bağlarını kəsərək tərbiyə olma fəlsəfəsini inkişaf etdirmişdir. Bu yolda irəliləyərək hal və məqamları keçən və sonunda Haqq ilə Haqq olan dərvişə övliya deyilmişdir. Ona görə də vəli “Allah dostu, Allahla birləşmiş adam” mənalarını verdiyindən türk-İslam dünyasında böyük hörmət görmüşdür. Allah dostları haqqında söylənən mənqəbələr həm Azərbaycanda, həm də bütün İslam dünyasında bu gün də geniş yayılmışdır.
Təsəvvüfün müstəqil bir dünyagörüş kimi ortaya çıxışı, yaşanan İslami həyatın zaman keçdikcə əski gücünü itirməsinin, zühdi həyatın zəifləməsinin bir nəticəsidir. İslam təsəvvüfünün zühdi həyata verdiyi əhəmiyyət, bu elmin təməl əsasının “masiva” ilə əlaqənin kəsilməsi formasında reallaşmasını təmin etmişdir (54, 29). Təsəvvüf dünyanın bütün şirinliklərindən üz çevirmək, insanların hər zaman meylli olduğu keçici ləzzətlərdən qorunmaq, Haqq ilə birgə Haqqa yönəlmək məqsədiylə meydana gəlmişdir. Hətta Allah dostları olan bu insanlar pis adamları da bağışlamağı, bəzən onların halına acımağı da bacarmışlar. Məsələn, Masallının Qızılağac kəndindən olan, səxavəti, əxlaqı və ideal davranışı ilə bütün bölgənin dərin hörmətini qazanan Mir Həsən Ağa onun həyətindən oğurluq edəni də bağışlayır, halına acıyır:
“Yenə bir gün onun həyətinə oğru girir, soğan oğruluğuna. Deyirlər ki, ay Ağa, oğru girib soğanlığa. Deyib, ola bilməz. Gəlib baxır görür ki, soğanı dəriblər. Həyətin də hər tərəfi kolluğdu. Deyib oğru üçün:
– Ay bala, ay bala, sən nə əziyyət çəkmisən. Halal xoşun olsun” (113).
Burada əsas məqsəd Haqqın razılığını qazanmaq üçün nəfsi təmizləməkdən, gözəl əxlaq sahibi olmağa çalışmaqdan, qısaca Allahın və Rəsulunun əxlaqıyla əxlaqlanmaqdan ibarətdir. Təsəvvüf ədəbiyyatında önəmli bir yer tutan övliya mənqəbələrinin diqqətlə araşdırılması göstərir ki, bir folklor janrı kimi mənqəbələrin əsas funksiyası insanları təvazökar olmağa səsləməklə, əxlaqın ən böyük nemət olduğunu, hər kəsin Allah (cc) qatında bərabər olduğunu göstərməkdən ibarətdir. Türk təsəvvüf cərəyanının və təriqət sisteminin ilk nümayəndəsi kimi qəbul edilən Xoca Əhməd Yəsəvidən, Hacı Bəktaş Vəlidən tutmuş yerli şeyxlərə, xalq arasında imam övladı kimi hörmət görən seyidlərə qədər kəramətləri haqqında danışılan şəxslər sinkretik bir janrın – mənqəbələrin formalaşmasına səbəb olmuşlar.
Azərbaycan keçid məntəqəsi kimi bir çox təriqətin yarandığı, inkişaf etdiyi yer olmuşdur. O cəhətdən bu yerlər övliya mənqəbələri baxımından çox zəngin olmuşdur. Ancaq bir tərəfdən dərvişlərin, şeyxlərin, seyidlərin yavaş-yavaş pay yığan, dilənçilik edən kəslərə çevrilməsi, digər tərəfdən, sovetlərin ateist təbliğatının nəticəsində bu zəngin irs itib-batmışdır. Cənub bölgəsində, konkret olaraq Masallıda pirlərin, ocaqların araşdırılması zamanı hələ də çox sayıda mənqəbələrin mövcudluğunun şahidi olduq. Danışılan mənqəbələrdə Xoca Əhməd Yəsəvi, Hacı Bəktaş Vəli, Otman Baba, Şəms Təbrizi, Şeyx Səfiəddin Ərdəbili, Yunus Əmrə kimi böyük dərvişlərin mənqəbə motivlərini görmək mümkündür. Hətta Anadoluda bir neçə yerdə məqamı olan Yunus Əmrənin, mürşidi Tapdıq Əmrənin Azərbaycanın Qax bölgəsində də pirlərinin olması vəli kultunun müştərəkliyindən, mənqəbə motivlərinin səyyarlığından xəbər verir.
Dostları ilə paylaş: |