Variantlaşma folklorun əsas qanunu olduğu üçündür ki, mənqəbələrin və dini əfsanələrin bir çox motivləri Orta Asiyadan Anadoluya, Balkanlara qədər türklərin yaşadıqları hər bölgədə müştərəkdir. Bu müştərək motivlər içində daşa dönməkdən, quş donuna girib uçmaqdan, uzaq məsafəni qısa bir zamanda qət etməkdən, vaxtından əvvəl meyvə yetişdirməkdən başlayaraq bir çox mövzuları görürük. Bir-biri ilə məzmunca eyni olsalar da, bu dini əfsanə və mənqəbə motivləri yerli özünəməxsusluqla yeni çalar, yeni forma gözəlliyi qazanmışdır. Müştərək motiv dedikdə:
1. Biz türk dünyasında məşhur olan övliya kəramətləri ilə az və ya çox dərəcədə səsləşən motivləri,
2. Ümumi olaraq Azərbaycanda, konkret olaraq Cənub bölgəsində, daha konkret Masallıda seyidlərlə bağlı söylənən mənqəbələrin müştərək motivlərini nəzərdə tutmuşuq.
Təbii ki, övliyalarla bağlı müştərək motivlərin çoxunun Hz.Əli Cəngnamələrindən gəldiyini də vurğulamaq lazımdır. Belə ki, Hz.Əlinin mənqəbələri zamanla türk vəlilərinin kəramətləri şəklində ortaya çıxmış, daha da genişlənmişdir. Digər peyğəmbərlərin, böyük sufilərin kəramətlərindəki bir sıra ortaq motivlərdən yeni-yeni kəramət çeşidləri formalaşdırılmışdır. Məsələn, Hz.Eyyubun, Hz.Yusifin möcüzələri bu gün bir az dəyişik forma və məzmunda bir çox övliyaya aid edilərək yaşamaqda davam edir. Belə müştərək motivlərə türk İslam dünyasının hər yerində rast gəlmək mümkündür.
Müştərək motivlərin başında övliyanın surət dəyişdirməsi (dona girməsi) gəlir. Övliyaların demək olar ki, hamısı surət dəyişdirmə qabiliyyətinə malikdirlər. Onlardan çoxu şahin, göyərçin donuna girə bildikləri kimi, aslana, qızıl buynuzlu ceyrana, hətta ağzından alov püskürən əjdahaya da çevrilə bilirlər. Övliya dəyişik heyvan donuna girə bildiyi kimi, heyvanlara hökm edə, onlarla danışa da bilir. Azərbaycanın Masallı bölgəsində seyidlərin kəramətləri içində onun heyvana, quşa çevrilməsi motivinə rast gəlinməsə də, bu müqəddəslərin məzarını qoruyan ilan motivinə çox rast gəlmək mümkündür. Hər halda bu kəramətin əsasında heyvana çevrilmə motivinin olduğunu demək mümkündür.
Mənqəbə motivləri tək-tək tədqiq edildikdə görürük ki, bu motivlər şamanlıq dönəmlərindən qalmadır. Övliyanın kəramətinin dərviş kəramətinə bu qədər çox bənzəməsinin səbəbi də buradadır. Məsələn, Hacı Bəktaş Vəli, Hacı Bayram Vəli, Otman Baba, Dəmir Baba, Doğrul Baba kimi bütün Anadolu övliyaları başda olmaqla Azərbaycana və Orta Asiyaya qədər uzanan böyük bir ərazidə tez-tez qarşılaşdığımız quşa çevrilmə, aslanı minmək, daşı yeritmək, xəstələri sağaltmaq, yağış yağdırmaq və s. şamanlıq qalıqlarıdır və şaman kəramətlərinin sufi variantlarıdır. Bunu şaman əfsanələri də təsdiqləyir.
“Haqıstaayın şər ruhu şahin şəklinə girib tək başına şərqə doğru uçmağa başladı. Şəfəq yeri yenicə söküləndə şahin Haas-Ataahın yaşadığı yerə çatdı. Burada balaca bir çadır olduğunu gördü. Sağdan, cənub tərəfdən çadırın yaxınlığında bir baxça vardı, ancaq baxça pis görünürdü. Bu yoxsul bir adamın baxçası idi. Baxçanın ortasında at bağlamaq üçün bir ağac vardı.
Uçub gələn quş at bağlanan ağaca qondu. Elə bu vaxt çadırın qapısı aralandı. Qapıdan qar kimi ağ saçları olan qoca bir adam çölə çıxdı. Onun üzü qızarmışdı, mis rəngli gözləri güclə görünürdü. Üzərində paltar yox idi, yalnız at dərisindən olan paltosunu çiyinlərinə atmışdı. Yalın ayağına qısa dəridən bir ayaqqabı geymişdi, ancaq ayaqqabının bağı yox idi...
Qoca şaman işini görüb çadıra girdi. Elə bu vaxt şahin donuna girib ağacın üstündə oturan şaman bir səs eşitdi. Qoca şaman böyük bir quşa çevrilərək şahin donuna girən şər ruhlu şamana hücum etdi. Bu böyük və qorxunc quş qanadlarını açmış, pəncəsini geniş bir şəkildə ayırmış, uzun dimdiyini önə uzadaraq düz şahinin üstünə gəlirdi.
Haqıstaayı bu gözlənilməz hücum hürkütdü. Haraya qaçacağını bilmədi” (49, 216).
Masallıdan toplanmış seyid kəramətlərində yağış yağdırmaq seyidi sınamaq üçün edilir. Bu cür müştərək motivlər Masallı seyidləri arasında çox yayılmışdır.
“Mir Abdullaynan Mir Ələsgər Ağa azğın düşürlər. Gəlirlər çıxırlar bizim bu vilayətə. Özü də mənim həyətimə çıxırlar. Mən də evdə olmamışam, mənim qaynatamın atası Maştamalı olub. Heç onda qaynatam da olmayıb. O vaxt gəliblər iki dənə uşağ, başlarında əmmama, əllərində əba. Bu kişi sübh namazına duranda görüb, iki dənə uşağ boyun boyunluğa verib oturublar. Gəlir, bular bizim dili bilmirlər. Qaynatam da buların əlindən tutub aparır bizim məçidimizə. Aparıb ora. Məçiddə axundlar, mollalar deyirlər ki, buların üzündən nur tökülür.
Yağış yağmır, göy bitmir. Əgər bularda bir möcüzat varsa, olar dua eləsin Allaha, yağış yağsın bilək ki, bularda nəsə var. Mir Abdulla başından əmmaməni götürür, Allaha öz dilində yalvarır. Bir yağış tökür, bir yağış tökür ki, gəl görəsən. Mir Ələsgər Ağa qurşağın atır, yalvarır Allaha, yağış dayanır” (25, 118-119).
Sovet idarəçilərinin seyidləri, axundları, şeyxləri təqib etdiyi, ocaqları, pirləri bağladıqları qatı ateist dövrünün 60-cı illərində raykom katibləri bəzən seyidlərin həqiqətən də müqəddəs, kəramət sahibi insanlar olduğunu yoxlamaq üçün çox vaxt onları sınağa çəkirdilər. Bu sınaq növlərindən biri də yağış yağdırmaq, taxıl zəmilərini basmış çəyirtkələri qovmaq, susuz bir yerdən su çıxartmaq kimi dəyişik tələblər var idi. Bu cür müştərək motivlərə Naxçıvanda, Şirvan zonasında, Qarabağda, Göyçədə, Şəkidə və digər yerlərdə də rast gəlinir. Qeyd edək ki, geniş yayılan bu motiv Orta Asiya türklərində də vardır.
Türk dərvişlərinin bir müştərək motivi də Həcc ziyarətində olan mürşidinə və ya ağasına bir anda yemək götürməsi, yəni qiyabi şəkildə hacı olmasıdır. Bu motiv Anadoluda o qədər geniş yayılmışdır ki, hətta hər bölgədə, hər şəhərdə söylənilir. Azərbaycanda seyidlərin müştərək motivlərinin başında isə seyidin yanından laqeyd keçən və ya seyidi götürmək istəməyən və ya seyidi zorla aparmaq üçün gələn maşının yerindən tərpənməməsi gəlir. Məsələn, Masallının Ərkivan qəsəbəsində məşhur Seyid Sadiq Ağa haqqında deyirlər ki: “Bi dəfə ağam çıxıbmış yola maşına əl eliyib. İndi o yazığın da vacib işi olub, ya nəsə saxlamağ istəmiyib, elə bir-iki metr gedib maşın qabağda dayanıb. Hə indi gəl də. Deyib, ədə, ağanı get tap. Ağanı gətiriblər. Ağa maşının dalınnan viran kimi maşın tərpənib” (111).
Övliyaların göstərdikləri kəramətlər içində vaxtından əvvəl meyvə yetişdirmə də çox yayğındır. Məsələn, Hacı Bəktaş Vəli qış günü alma yetişdirir.
“Hünkar, bismillah, deyən kimi ağacın üstündə oldu. Ağac o saat da yaşıllandı, yarpağ gətirdi, tumurcuqlandı, çiçəkləndi, çiçəyi töküldü, bir anda almalar böyüdü, ağacdan sallanmağa başladı” (14, 91).
Buna bənzər bir motiv də Masallı bölgəsindən toplanmışdır. Masallının Şıxlar kəndində qış günü gəlinin xiyar istəməsi üzərinə seyidin ”inşallah, sabah xiyar gələr” - deməsi və doğrudan da, səhər tezdən bir adamın bir neçə təzə yetişmiş xiyarı seyidə pay gətirməsi baş verir. Bu, vaxtından qabaq meyvə yetişdirmənin yerli variantıdır. Mir Əlican Ağanın kəramətini oğlu belə danışdı:
“Mən Moskvada oxuyurdum, ailəynən gəlmişik, otpuskaya. Axşam nəsə söbət olub, yoldaşım deeb ki, mart ayı idi, görəsən xiyar çıxıb? Bırda kət camaatı tez əkir də. Baba rəhmətdik deer ki, yəqin ki, çıxar. Səhər-səhər saat 6, 7-yə işdəmiş maşın siqnal verdi, ay Ağa, ay Ağa. Mən şəxsən özüm durdum çıxdım. Gördüm ağa əlində bu qədər bükülü xiyar gəlir. Deməli, qonşu kətdə kimsə əkib, bazara satmağa aparır, siftəsin ağeyçün gətirir. Ağa gətirib deer gəlin, nə istəmişdün dünən? Gəlin deer ki, ağa, bunnan ötrü bazara getmisən?
Deeb ki, bala, mən bazara getməmişəm, Allahım özü göndərib” (121).
Digər tərəfdən dərviş olma, nəfsini öldürmə, çilə çıxarma, yeni statusa keçmə eyniylə şaman olmağa çox yaxın struktur-semantik özəllik göstərir. Və nəhayət, yuxarıda da dediyimiz kimi, ölmədən əvvəl ölmək kimi təməl sufi konsepsiyası şamanlığın ölüb-dirilmə, yenidən can bulma konsepsiyasının eynisidir.
O halda türk sufizmi, türk mifoloji sistemini, şamanlığı qorumaqla ortaya yeni bir mədəniyyət sintezi çıxarmışdır. Həqiqətən də, türk təriqətləri şaman dünyagörüşünü yeni bir şəkildə və yeni mədəniyyət içində yaşadaraq tarix qarşısında missiyalarını yerinə yetirmiş oldular (15, 390-391).
Müştərək motivlərdən biri də Hünkar Hacı Bəktaş Vəlinin mənqəbələrində tez-tez qarşımıza çıxan yeməyin azalmaması, əksinə artması, ancaq daşmaması hadisəsidir. Burada vəlinin Allah dostu olduğuna işarə edilmişdir:
“Bir gün Qadıncıq başqa arvadlarla bərabər paltar yumağa getmişdi. Birdən Hacı Bəktaş ora gəldi. Başında qızılı tac, əynində Ərəbistan xalatı vardı. Paltar yuyan qadınlara:
– Bacılar, qarnım acdır, – dedi. Tanrı eşqinə, yeməyə bir şeyiniz varsa verin.
Qadınlar:
– Burada yemək nə gəzir ki, sənə də verək, – dedilər.
Qadıncıq isə cəld ayağa durub evinə tərəf qaçdı, bir parça çörəyin içinə yağ qoydu, gətirib Hünkara verdi. Hacı Bəktaş:
– Artsın, əskilməsin, daşsın, tökülməsin, – dedi.
Hünkar oradan düz Sulucaqaraköyük məscidinə gəldi. Girib məsciddə oturdu...
Qadıncıq paltar yaxalamağa getdiyindən İdrisin anası, gəlin paltar yumağa getdi, gətirim yeməyi mən bişirim, – dedi. Yeməyi ocağa qoydu, küpdən yağ götürmək istəyəndə, baxdı ki, küp ağzına qədər yağla doludur. Qadıncıq evə gələndə qaynanası dedi:
– Gəlin, yağı haradan alıb küpü doldurmusan?
Qadıncıq:
– Mən yağ almamışam, ancaq paltar yaxalayanda, bir dərviş bizdən yeməyə bir şey istədi. Mən də gəlib evdən ona bir az yağla, bir az çörək verdim. Olsa-olsa, onun duasının kəramətindən küp dolmuş olar, – dedi.
İdris evə gələndə əhvalatı ona da danışdılar. O, bu dərviş məsciddəki dərviş olacaq, – dedi” (14, 81).
Bir az dəyişikliklə eyni motivə Masallının Qızılağac kəndində Seyid Camalla bağlı söylənən mənqəbə motivində də rast gəldik:
“Seyid Camal babamız olub bizim. Mənim anam seyid qızıdı. Mənim Seyid Camal babam əslən İsfahandan olub. Onun iki oğlu olub. Biri Mir Abdulla, biri Mir Ələsgər. O gəlib Şuradaya gələndə Mir Ələsgər Ağa on səkkiz yaşında, Mir Abdulla on iki yaşında imişlər. Mir Ələsgər deyib ki, baba, farsca deyib:
– Biz acımışıq. Təam istiyirik biz.
Görüb bir tayfanın kişiləri cüt sürür. Bi arvad oturub çöldə – həmin yerdə.
Piyada gəlirmişlər. Deyir:
– Ay arvad, səndə təam var. Bular seyid balasıdı. Başında əmmama, əlində əba, üzündən nur tökülür. Bular acıblar. Səndə təam var? Varsa gətir, bulara bir az təam ver.
Bu arvadın da əri cüt sürürmüş. Bu da cücə bişiribmiş, isti çörək bişiribmiş. Verir bu seyid balalarına.
Gətirir çörəydən də kəsir, cücədən də kəsir. Sora cücə ilə çörəyi aparır ərinin yanına. Əhvalatı ərinə danışır. Deyir:
– A kişi bəs mən bundan verdim seyid balasına. Üzündən-gözündən nur tökülürdü. Olara verdim. Ona görə də cücə də çörək də yarımçıqdı. Əri baxıb görür ki, cücə də tamdı, çörək də tamdı. Əri deyir:
– Ay arvad, bəs bular nədi?
Arvad təccüb qalır. Deyir:
– A kişi, olar imam övladı imişlər” (25, 117-118).
Bu motivin bir az dəyişik variantını yenə də Qızılağacla bağlı söylənən bir əhvalatda gördük:
“Bizim buralara Lənkəran tərəfdən zəvvar gəlir. Bizim bu çayın üstü var ha. Çayın üstündə bir-iki dənə ev var imiş. Bizim bu yer də dəniz olub. Bular gəlillər ki, süfrə sərsinnər, oları daşa basıllar. Daşlıyanda, zəvvarlar şeylərini yığırlar düşürlər yola. Deyirlər ki, suyuvuz şor olsun, gözüvüz kor olsun, çörəyiviz hec olmasın. Bizi qarğıyıllar.
Pramoy gedillər Masallıya. Gedirlər oturullar Masallıda. Süfrələrin açıllar yeyillər, içillər. Bulara dəyib-dolaşan olmur. Süfrəni çırpıllar deyillər, çörəyivüz çox olsun, ruzuvuz bol olsun, özüvüz də şən olasız” (25, 119).
Əgər bir ümumiləşdirmə aparsaq, o zaman Masallıda kəramətləri danışılan seyidlərin, övliyaların ən yayğın müştərək motivlərini aşağıdakı kimi qruplaşdıra bilərik:
a) Öləcəkləri günü öncədən bilmək (Mir Rəsul Ağa, Mir Tağı Ağa)
b) Aldıqları nəzirləri kasıblara paylamaq (Mir Həsən Ağa, Bədəlanlı Mir Tağı Ağa, Seyid Sadiq Ağa və b. haqqında söylənənlər)
c) Bir-biriləri ilə gecələr məzarlarının üstündən qalxan işıqla xəbərləşmək və s. Bu kəramət motivi Anadoluda da geniş yayılmışdır. Xüsusən, şara bənzər işıq topunun övliyanın məzarı üstündən qalxıb bir başqa yerdə olan övliya məzarına doğru uçduğu haqqında söylənənlər bunu təsdiq edir.
d) Quyu qazmaqla şirin su çıxarmaq. Bu halda seyid deyərmiş ki, məni qovun, harada yorulub dayansam, oranı qazın (Mir Həsən Ağa), oradan su cıxacaq. Ağa söyüddən kəsdiyi ağacı at kimi minərək çapır, kəndin qabağında dayanır, ayağını yerə vurur, deyir, buranı qazın, qazırlar şirin su çıxır (Seyid Miriş Ağa) və s.
Müştərək motivlərdən biri də Masallı seyidləri arasında çox yayılmış olan əyri ağzı düzəltmək (Mir Tağı Ağa, Seyid Sadiq Ağa, Mir Heydər Ağa, İmamzadə piri) və ya övladsıza övlad (Lal Seyid, Mir Heydər Ağa, Mir Tağı Ağa) verməkdir. Əyri ağzı düzəltmək motivi, əsasən, Masallı seyidləri üçün müştərəkdir. Əyri ağzı düzəltmək bir neçə formada reallaşır. Məsələn, seyid ağzı əylmiş adamın ağzına şillə ilə vurur, seyid əyilmiş ağıza əli ilə toxunur, ağzı əyilmiş adam, sadəcə olaraq, nəzir deyib bir və ya bir neçə gün ocaqda yatır, oradan götürülmüş torpaqdan əyri ağza sürtülür və s. Məsələn, Banbaşı kəndində məşhur Mir Heydər Ağanın ocağı haqqında danışılan mənkabələrin birində onun əyri ağzı düzəltdiyi danışılır. Burada əsas məsələ seyidin oğlu olan söyləyicinin də bunun Allahın lütfü olduğuna inanması və bunu xüsusi olaraq vurğulamasıdır (122).
Bir önəmli müştərək motiv də kəramət sahibi imam övladlarının öz ölümlərini qabaqcadan bilmələridir. Bu motiv bir az özü-özünü yuyub kəfənləyən, cənazə namazını qılan Hünkar Hacı Bəktaş Vəli və ya İmam Əli haqqında söylənən mənqəbəyə bir başqa bucaq altında baxışın nəticəsidir. Ölümünü qabaqcadan bilmək motivinə misal olaraq Masallıda yaşadığı ev ocaq kimi ziyarət edilən Mir Tağı Ağanı, Şıxlar kəndindən Mir Rəsul Ağanı və b. göstərmək olar. Mir Tağı Ağanın oğlu atasının ölümünü belə söylədi:
“Ölümünə qədər bilmişdi. Səhərə yaxın idi, namazını qılmışdı. Mən də bırda yatmırdım, o ocağ evində yatırdım. Gördüm o balaca qardaşım gəldi ki, bəs kişinin nəsə halı dönüb. Gəldim bıra gördüm, kişi uzanıb üzü qibliyə, tər basıb. Sildüy tərini-zadını sildik, dedi:
– Bala, qorxmeyün, bı tər o tərdən döyül. Mən gedirəm. Bir-birüzdən müğayət olun. Mənim vaxtım tamamlandı. Heş nədən qorxmeyün, heş nədən çəkinmeyün. Ölüm ölümdü. Bir gün gəlmişüy, bir gün gedəcəyüy” (120).
Eyni ilə Mir Əlican Ağanın da oğlu babasının öləcəyini qabaqcadan bilməsini belə nəql etdi:
“Baba rəhmətdiy ölməmişdən 40 gün əvvəl nə vaxt öləcəyini özü dedi. Təcili ağamı, yəni atamı çağırdı yanına. Dedi:
– Bala, mən getməliyəm.
Dedi:
– Ay ağa, noolub, necə?
Dedi:
– Gəlmişdi imamlarımız, kimsə qarşısına çıxıb. Deyib, məni də apar. Deyib, sən qeyb olmamalısan. Biz gedirik, sən də qırx günnən sora gələrsən.
Aşura günü imamın birinci günü rəhmətə getdi. Dedi ki:
– Mən ehsan verməliyəm, axı mənim babalarım deyəcək ki, sənin qapiva gəlmişdik, sən bizçin neynədin?
Nəisə çadır quruldu, heyvannar kəsildi, baba ehsan verdirdi. Sonuncu dəfə bir tikə o ehsannan yedi. Biz günnəri sayırdığ, çünki demişdi ki 40 gün tamamında getməliyəm. Dediyi kimi də oldu. 40 gün tamamında da rəhmətə getdi. Dediyi vaxtda. Deyirdi Məhəmməd peyğəmbərdən nəyim artığdı. Mənim vaxtımdı, mən getməliyəm. Elə də oldu, qırxıncı gün öldü” (121).
Sovet rejimi dövründə ziyarət yerlərinin bağlanması, məzarlarının sökülməsi ilə bağlı söylənənlər içində ocağı uçurmağa gələn traktorun yerindən tərpənməməsi, məzarı və ya ziyarət yerini uçurmağa gələnlərin qarşısına ikibaşlı ilanın çıxması (məsələn, Mürsəl ocağını uçurmağa gələnləri ikibaşlı ilanın qarşılaması haqqında xalq arasında söylənən mənqəbələr) buna misal ola bilər. Sadəcə, Masallıda deyil, Azərbaycanın bir çox yerində söylənən kəramətlərdən biri də sovetləşmədən dərhal sonra, xüsusən də 30-cu illərdə seyidləri, mömin adamları, din xadimlərini təqib etmək, onları xalqın NKVD dediyi təhlükəsizlik orqanına apararaq sorğu-suala çəkməsidir. Bu aparmalar çox zaman gedər-gəlməzə çevrilirdi. NKVD işçiləri ruhanilərimizi, seyidlərimizi günahlandırıb sürgünə göndərir, vətəndən didərgin salırdılar. Xalq arasında geniş yayılan inanca görə, bu müqəddəs insanları aparmağa gələn maşın yerindən tərpənmir, beləliklə də seyid və ya övliya labüd həbsdən və ya ölümdən qurtulurdu. Məsələn, Mir Həsən Ağa haqqında belə bir mənqəbə danışılır:
“Bir gün NKVD işçiləri Mir Həsən Ağanı dini təbliğ etdiyi üçün günahlandırıb, maşınla harasa aparmaq istəyirlər. Maşın yerindən tərpənmir. Ağanı düşürürlər. Maşın işə düşür, ağanı mindirirlər, maşın işə düşmür. Qərəz, bu möcüzə bir neçə dəfə təkrar olunduqdan sonra gələnlər:
– Biz səni görməmişik, buraya da heç gəlməmişik hesab elə -deyə kor-peşiman geri qayıdırlar.”
Eyni zamanda, müqəddəs yerləri sökməyə gələn traktorun da yerindən tərpənmədiyi və ya o yeri qoruyan ilanın görünməsi də müştərək motivlərdəndir.
Bir başqa mənqəbə də Mürsəl ocağı haqqında danışılır. Masallıda Sığdaş kəndində Mürsəl ocağı adı ilə bilinən ziyarət yerini sökməyə gələnlərin gözünə ikibaşlı ilan görünür:
“Möcüzə mən burda görmüşəm ki, bi dənə iki başdı ilan görmüşəm. Oranı sökürdülər, iki başdı ilan peyda oldu, sökməyə gələnnər qorxub qaşdılar. İki başdı ilan bi də görünmədi” (114).
Sovet İttifaqı dövründə məscidləri, ziyarət yerlərini bağlamaq ideoloji savaşın başında gəlirdi. Ateist bir toplum yaratmaq üçün bütün müqəddəs yerlər, dini-mənəvi dəyərlər xalqın əlindən alınıb, məhv edilir, sonra da yeni nəslə unutdurulurdu. Ona görə də Hişkədərə kəndindəki İmamzadə pirini də bağlamaq istədilər. Bu hadisəni söyləyici belə xatırlayır.
“Bizdə kolxoz var idi, təftişkomun sədri var idi. Ona deyiblər ki, get İmamzadəni bağla. Bu da gəlir İmamzadənin qapısına qıfil vurur, çəpərdən keçəndə paya batır bının boğazına. Onun üzü elə ölənəcən elə şiş qaldı. Sora dedilər ki, bəs bu niyə oldu? Deyir ki, bəs gedirdim ocağı bağlamağa, onnandı. Gəlib görüllər ki, aaa, qıfıl yoxdu üstundə” (127).
Seyidlərin bir mühüm özəlliyi budur ki, ozləri də sadə və kasıb olsalar belə aldıqları nəzirləri kasıblara paylamışlar. Bu özəllik demək olar ki, bütün seyidlər üçün müştərəkdir. Masallı bölgəsində məşhur olan, hətta ölərkən mənim üstümdə türbə tikməyin deyən, sadə və əxlaqlı yaşayışı ilə insanlara örnək olan Mir Həsən Ağa haqqında deyilənlərə görə aldığı nəziri dərhal da paylarmış. Belə bir əhvalat danışırlar.
Bir dəfə ağayla birlikdə uzaq yoldan bir nəfər adam gəlirmiş. Ağanın səxavətindən və əliaçıqlığından heyrətə gələn adam deyir:
– Cəddinə qurban olum, ay ağa, elə et ki, heç olmasa, günorta yeməyə pul saxla!
Mir Həsən Ağanın səxavəti haqqında danışılan əhvalatlara misal olaraq bir mənqəbəni aşağıda olduğu kimi veririk:
“Mir Həsən Ağa o vaxtlar Masallının kəndlərini gəzərmiş. Hacıtəpə kəndində savadlı ədəbiyyat müəllimi (indi rəhmətlik) Yaqub Əsədovun da bir inəyi varmış ki, balası doğulan kimi də ölərmiş. Anası, arvadı deyirlər:
– Yaqub, sən gəl inəyin doğulan balasını Mir Həsən Ağaya nəzir de.
Yaqub müəllim belə şeylərə çox inanmasa da, razı olur. Yaqub müəllim inəyin doğulacaq balasını qabaqcadan Mir Həsən Ağaya nəzir deyir. Gəlir bu dəfə inəyin balası ölmür. İnəyin sonrakı balaları da qalır. Nəzir deyilən buzov da böyüyüb bala verir. Ancaq Mir Həsən Ağa kəndə gəlmir ki, ona boyun alınan nəziri, yəni buzovu, ona versinlər. Bir gün Yaqub müəllimə uşaqları deyirlər ki, ata, Mir Həsən Ağa bizim evin qabağından keçir. Yaqub müəllim Ağanı evə dəvət edir. Deyir:
– Ağa, bu yanı balalı inək sizindir. İnəyimin balaları ölməsin deyə bunu sizə nəzir dedim, şükür, doğulan balaların hamısı sağ qaldı.
Mir Həsən Ağa deyir:
– İndi ki, bu yanı balalı inək mənimdir, mən də onu satıram. Ancaq ilk sənə təklif edirəm, zəhmət çəkmisən, otunu-suyunu vermisən. Beş manat ver inəyi balası ilə sənə verim.
Yaqub müəllim çox təəccüblənir. Deyir:
– Ağa, bu inəyin balası ilə bərabər qiyməti iki yüz manatdan çox edər. Siz nə danışırsız?
Ağa deyir:
– Müəllim, inək mənim deyil?
Deyir:
– Sənindir.
Deyir:
– Onda istədiyim qiymətə sataram. İnəyin qiyməti oldu üç manat. Verirsən sənə satım, yoxsa kənddə birinə satacağam.
Yaqub müəllim naəlac qalıb üç manatı verir, inəyi və balasını alır. Mir Həsən Ağa da üç manatı Yaqub müəllimin həyətdə oynayan uşaqlarına verib deyir ki, gedin özünüzə kanfetdən-filannan alın” (108).
Müştərək motivlərdən biri də övliyanın sirrinin faş olmasıdır. Əslində bu sirr Haqq ilə Haqq olmuş, ancaq bunu xalqa bəlli etməyən övliyanın sirridir. Hər halda Anadoluda Somuncu Baba və Orta Asiyada Hubbi Xoca sirri açilan övliya motivləri içində çox məşhurdur (14, 47-50). Masallı bölgəsinin qədim yaşayış məskənlərindən biri olan Qızılağac kəndində türbəsi olan Sultan pir ziyarəti haqqında da sirri açılan və övliyalığı bilinən, bundan sonra qeybə çəkilən bir təriqət dərvişi haqqında əhvalat söylənilir. Sirri agah olan qələndər məşrəbli övliyalardan olan Sutan Pir ocağı XVI əsrdən qalma abidə kimi bilinir.
Ancaq bu pirin hansı təriqətə mənsub olduğu, neçənci əsrdə yaşadığı, göstərdiyi digər kəramətlər haqqında məlumatımız azdır. Əldə olan bir mənqəbə mətni isə belədir:
“O dövürdə tarixi bizə bəlli olmayan zamanda bu şəhərə rəhbərlik edən hökmdar tərəfindən şəhərin abadlığ-quruculuğ işləri yerinə yetirmək üçün şəhər əhalisini səfərbərliyə alırlar. O, kiçik, yaşlı iş qabiliyyəti olanlardan tutmuş qocalara qədər hamını iməciliyə cəlb edir. O cümlədən həmin dövrdə qoca bir kişi vardı Sultan adlı, o da işə cəlb edilir.
Sultan Pir, elə kəramətli insan idi ki, heç kim onun uca məqamını (vəliliyini) bilməzdi, o da bu şəhərdə yaşıyırdı. Onun yaşının çox olmağına baxmayaraq, şəhər rəhbərliyi onu da səfərbərliyə cəlb etdi. Lakin Allah tərəfindən kəramətli şəxslər özlərini bəlli etmədikləri kimi Sultan Pir də öz mövqeyini bildirmədi. Bu Sultan Pir həmin vaxt şəhərdə tikinti işləri aparan ustalar üçün su daşımağ tapşırığını aldı.
Sultan Pir əlində səhəng daşlı quyunun yanına gəlir. Dolu vedrəni dərin quyudan çəkib yanındaki səhəngə tökür (səhəng bişmiş palçıqdan hazırlanan su qabıdır, yayda suyu çox sərin saxlayır).
Sultan Pir səhəng dolusu suyla bir neçə dəfə ustalara xidmət göstərir. İsti hava şəraitində işləyən ustaların ciyərləri yandığı üçün yenə su tələb edirlər. Sultan Pir yorulub, ehtiyacı ödəmək qüvvəsinə malik olmadığını bilir. Nə etməli? İşdən yayına bilməyəcək. Çarə ancaq Allaha yalvarmaqdadır.
Sultan Pir yenə vedrəni quyudan doldurub səhəngə tökür. Hər tərəfdən su tələb edirlər. Sultan səhəngi götürüb onu səsləyən ustanın yanına gedir. Usta su qabını götürüb qocanın əlində olan səhəngə yaxınlaşdırır. Usta baxıb görür ki, səhəngdən su tökülmür. Bu vaxt deyir:
– Ay Sultan, nə üçün boş səhəngi gətirmisən? Axı bizə su lazımdır.
Sultan and içir:
– And olsun Allahın izzəti-cəlalına səhəngin içində su var.
Usta inanmır, baxırlar görürlər ki, səhəngin içindəki su buz bağlıyıb. İsti yay günündə səhəngdəki su buza dönüb. Sultan Pir və yanında olan nəvəsi hadisənin cərəyan etməsini görəndə oradan uzaqlaşırlar.
Xəbər şəhərin başçısına çatır. Hökmdar Sultan Piri tutub saxlamaq haqda göstəriş verir. Həmin vaxt Sultan Pir qiblə səmtinə üz tutub yeyin addımlarla hərəkət edir. Arxaya nəzər edəndə görür ki, onu təqib edirlər. İndiki qəbristanlıqda olan oçağın yerində onu təqib edənlərin gözünün qabağında qeyb olur. Şah gəlir o yerə çatanda qocanın hara girdiyini soruşur. Deyirlər ki, burada gözümüzün qabağında qeyb oldu. Həmin yerdə şah iki qəbir tərtib elətdirir. Böyük qəbir Sultan Pirin, kiçik qəbir isə nəvəsinindir. O gündən həmin yer ziyarətgaha çevrilir. Sonradan qəbirlərin üstündə bina inşa edilir. Ona “Ocaq” adı veriblər. Sultan Pir oçağı kimi məşhurlaşıb” (113).
Seyid əslində insanların qəlblərindən keçənləri bilən biridir. Seyid ona boyun olunan nəziri qabaqcadan bilir. Ancaq aldığı nəziri də kasıblara, ehtiyacları olanlara paylayır. Məsələn, Mir Tağı Ağa haqqında belə bir əhvalat danışılır:
“Bi adam ağaya bi paçka pul boyun olub. Belə olub da kişi boyun alıb, amma gətirmiyib. Ağa girib onun yuxusuna ki, mənim səndə əmanətim var, niyə gətirmirsən? Kişi də gəlib o vaxtı, o, 20 yanvarda olub, deyib burda Masallı şoferlərindən kim var? Biri çıxıb deyib neynirsən? Deeb hansı kətdənsən? Deeb Bədəlan kəndinnən. Deer bu gecə Mir Tağı ağa mənim yuxuma girmişdi, deer mənim səndə əmanətim var, niyə vermirsən? Gələ bu 25 manatlıq paçkanı apar çatdır ona. O da deyib ki, hə, çatdıraram. Hə gəlir deer, ağa, səninçün pul gətirmişəm bir xeyləm, deeb, ədə, mənə pul lazım idi elə, zarafatnan.
Ağa deeb, hə, otur maşına sür bu evdə saxlagınan, o evdə saxlagınan, belə -belə. Saxlıyıb, bi 25-dik o qadına, bu qadına verib, kasıba-kusuba, helə-helə axırda bi dənə gilə qalıb. Deeb İman bala, bu da sənün, şoferin də yəni. Şofer deyib, ağa, bə kişinin yuxusuna niyə girmişdin? Axı demişdin mənim səndə əmanətim var? Deeb elə muna görə olub, camaatlara paylamay ücün” (110).
Bir müştərək motiv də seyidin ilanları qovması və ya ilanlı evi təmizləməsi və ya ilandan insanları qorumasıdır. Bu müştərək motiv Qızılağaclı Mir Cəfər Ağa, Şıxlarlı Mir Əlican Ağa, Masallılı Mir Tağı Ağa haqqında söylənir. Hadisələr fərqli olsa da, xalqın seyidlərin kəramətinə inanması, ilanları dəf etməsi kimi motivlər dəyişməzdir.
“Əlihəsən Kərbəlayi Ağakişi oğlu deyir. Bir gün anam rəfdə olan kasaların içində çox qorxu bəxş edən qızıl ilan görür. Mir Cəfər Ağanı gedib gətirirlər. Ağa ilana üz tutub deyir. “Ey Allahın heyvanı, buranı tərk eylə. Bir də buralara gəlmə”. İlan rəfdən düşür. Rahatca çıxıb gedir, bir daha oralarda ilan görsənmir” (27). Ümumiyyətlə, Azərbaycanda, o cümlədən də Masallıda seyidlərin ilanlarla bağlı göstərdikləri çoxlu kəramətləri vardır. Aşağıda bu kəramətlərdən birini verməklə məsələnin fərqli olduğunu görmək mümkündür.
Belə ki, Masallı şəhərində adı hörmətlə xatırlanan Mir Tağı Ağanın öz həyətindəki ilanları qovması belə nəql edilir:
“Bi dəfə həyətə bir neçə dənə ilan gəlmişdi, daşdarın arasınnan çıxmışdı. Anam da məni orda gözətçi qoymuşdu ki, daşdarın arasınnan çıxıb uşağları vira bilər ilan. Hamısı başdarın çıxardıb baxır üzümüzə. Mən də hardasa 5-6-cı sinifdə oxuyuram. Durmuşam qoruyuram. Anam təşvişnən dedi, görən bı ilannar nətər olacağ? Ağam işdə, bı ilannarı neyniyək, elə bil üstümüzə atılmağ istiyir. Hansıki indi o ocağ olan yer var ha, bax orda. Hamımız bir-bir nöbeynən gəlib dururuğ, anam çörəyin yedi, mən durdum, sora belə-belə də. Bi də gördüy atam gəlir. Bu evimiz yarısı tikilmişdi. Atamın gəlməyinə elə sevinnəm ki, gəlib bıları öldürəcəy. Gördüm atam gəldi həyətə girdi, ilannar onnan da yox oldu. Dedim:
– Ay dadaş, bırda ilan var idi.
Dedi:
– Ay qızım, orda ilan qalmaz.
Gəldi ayağın qoydu o daşın üstünə, mən bayağdan o daşın arasına baxıram ki, o ilan məni vıracağ. İndi həmin ilannar yoxa çıxdı. Dedim:
– Yox ay ata, bırda ilan var idi.
Dedi:
– Qızım, sənə dedim axı, orda ilan qalmaz.
Daşı götürdüm itələdim, çay daşları idi, bı tərəfə - o tərəfə. Heş nə yoxdu. Nə ilanı gördüm, nə də yuvasını. Elə bil qeybə çəkildi” (124).
Övliya mənqəbələrində ən məşhur kəramət motivlərindən biri də susuz yerdən su çıxarmaqla xalqın ehtiyacını qarşılamaqdır. Toplanan materiallarda seyidlərin də su olmayan yerdən su çıxarması söylənməkdədir. Belə ki, bu tip hadisələr Masallı seyidləri haqqında da söylənir.
“Mir Həsən Ağanın kəramətinin əlaməti nədi? Yəni camaat onu Xırmandalıda deyib arabaynan gəliblər ki, aparsınlar. Ağa deyib, siz gedin, mən gələrəm. Arabaynan gələnlər gəlir görür ki, Ağa burdadı. Məmmədxanlı camaatı deyib, ay Ağa, bizim suya ehtiyacımız var. Kənd əhli yalvarır ki, ağa, cəddinə qurban olaq, suyumuz qəhətə çıxıb. Deyir, ağa dua oxuyub, sonra üzünü camaata tutub deyir ki, məni qovun, harda yorulub yıxılsam, orda quyu qazarsız, su olar. Ağanı qovurlar, qovurlar, axırda yıxılır. Orda quyu qazırlar su çıxır” (25, 104). Susuz yerdən içməli su çıxarmaqla camaatı çətin vəziyyətdən qurtarmaq Seyid Miriş haqqında da söylənilir.
“Həsənnilər sudan çox korruğ çəkirmişlər. Mənim babam Miriş də ağır seyid olub. Deyəllər, ay ağa, başıva dönüm, gəl gedəy bizim kənddə bir dənə quyu qazaq. Hər tərəfdə quyu qazılıb. Bizdə şirin sudu, orda şor sudu. Bir dənə quyu qaz, ordan şirin su çıxsın. Ağanı aparıllar ora. Bizdə Qəndəlaş deyilən bir bitki bitir. Ağa həmin ağacdan bir dənə budağ kəsər. Deyər, gəlin dalımca. Başdıyar bunu at kimi çappağa. Gələr kəndin qabağında dayanar, ayağını vurar, deyər, qazun buranı. Qazallar bıranı, su başdıyar çeşmə vurmağa. Onun dörd tərəfini qazallar, ordan duzlu su çıxar. İndi o Miriş quyusunun adını qoyublar Daşdı quyu. Bu faktdı, belə bir şey olub” (25, 121).
Masallıda övliyalarla bağlı çox az şey (bəzi pirlər, türbələr, bulaqlar) qalsa da, imam övladları adlanan seyidlər haqqında daha çox sey qalmışdır. Cənub bölgəsində, konkret olaraq Masallıda hər zaman seyidlərə xüsusi hörmət göstərilmiş, onların saf, təmiz insanlar olduqları, üzü hörmətlərinə Cənab Allahın niyyətləri yerinə yetirdiyi düşünülmüş, kəramətləri haqqında saysız-hesabsız mənqəbələr söylənmişdir. Zamanında yazıya alınmasa da, hələ də xalq arasında seyidlərin kəramətləri haqqında söyləntilər dolaşmaqdadır.
Müştərək motivlərdən biri də ölən övliyanın mələklər və ya ərənlər tərəfindən bir gecəyə müqəddəs yerlərdən olan Kəbəyə və ya Kərbəlaya aparılmasıdır. Məsələn, Seyid Atanın cənazəsini Kəbəyə götürmək üçün savaşan qaib ərənlərin Bakirqan ərənlərinə yenildiyi nəql edilir.
“Seyid Ata uzun müddət Hakim Atanın türbəsində mücavirlik etdi. Axırda bu fani dunyadan getmək vaxtı gəldi. Müridləri:
– Sizi Kəbəyə götürək, yoxsa burda dəfn edək? – deyə soruşdular.
Seyid Ata bu cavabı verdi:
– Tabutumu böyük bir arabaya qoyub Kəbə tərəfə çıxarın. Həmin gecə heyvanlarınızı bərk bağlayın. Səs-küy salmayın. Evinizdə oturun, bir səs eşitsəniz çölə çıxmayın. Dan yeri söküləndə baxın, araba harada olsa, məni orada dəfn edin.
Həqiqətən də elə etdilər. Həmin gecə Kəbə ərənlərinin ruhları ilə Bakırqan ərənlərinin ruhları Seyid Atanın cənazəsi üstündə dava etdilər. Axırda Bakırqan ərənlərinin ruhları qalib gəldi. Kəbədən gələn ruhlar Seyid Atanın cənazəsini qoyub getməli oldular.
Səhəri Seyid Atanın müridləri baxdılar ki, araba Hakim Atanın türbəsi yanında durub. Müridlər Seyid Atanı elə oradaca da dəfn etdilər” (14, 53-54).
Masallı seyidləri haqqında söylənənlərdən də göründüyü kimi, Seyid Atanın möcüzəsindən fərqli bir vəziyyətlə qarşılaşırıq. Belə ki, Masallıda məşhur olan Seyid Rza haqqında fərqli bir əhvalat söylənir. Onun haqqında yayılan mənqəbədə tam tərsinə - Kərbəla ərənlərinin Seyid Rzanın cənazəsini Kərbəlaya götürdüyünü görürük. Daha doğrusu, gələn ərənlərin yerli ərənlərdən güclü olduğu, cənazəni apardıqları göstərilir.
“Ağam öləndə vəsiyyət elədi ki, məni Kərbəlaya əmanət qoyun, orda doğulub, orda anadan olub, gəldi yollar bağlandı. Ağamın üçü günü idi, adamlar görüblər ki, onu aparıllar. Səhər gedib görüblər ki, doğrudan da qəbir açılıb, axı qəbri örtmüşdülər. Onun o qədər möcüzələri olub ki” (123).
Bütün bu misallardan da göründüyü kimi, övliya mənqəbələrinin, dərviş kəramətlərinin seyidlərin kəramətlərinə transformasiya edilməsində funksional-semantik rolu böyük olmuşdur, çünki təsəvvüfdə seyidliyi övliyalıq hesab etmək də sufi adəti kimi məşhurdur.
Dostları ilə paylaş: |