Ramin ALLAHVERDİ
AMEA-nın Folklor İnstititunun elmi işçisi
allahverdiyev1983@mail.ru
KLASSİK ƏDƏBİYYATIMIZDA VƏ NİZAMİ
YARADICILIĞINDA NOVRUZ ƏNƏNƏLƏRİ
Novruz bayramı özünün ritual-mifoloji məzmunu ilə dərin tarixi kökə söykənən mərasimlərdəndir. Bugünün özündə belə ən arxaik detalları ilə yaşamaqda davam edən bu milli bayramımız təkcə folklor yaddaşımızda öz çoxşaxəli əksini tapmamış, eləcə də yazılı ədəbiyyatımızda da dərin izlər buraxmışdır. Bəzən sual meydana çıxır ki, yaşı minilliklərlə ölçülən Novruz mərasimlərinin adət-ənənələri, müxtəlif ayinləri klassik yazılı ədəbiyyatımızda nə üçün geniş şəkildə əksini tapa bilməmişdir. Nəzərə alsaq ki, islam dini özündən əvvəlki bütün əski görüşlərə, o cümlədən ritual-mifoloji görüşlərə qarşı mübarizə apararaq, cahiliyyət dövrü adı altında bu mifoloji görüşləri əks etdirən bütün adətlərə qarşı barışmaz mövqe tutmuşdur, onda bu suala müəyyən mənada cavab tapmış oluruq. Eyni zamanda, xüsusi olaraq qeyd etmək lazımdır ki, o dövrdə elitar ədəbiyyat sayılan klassik yazılı ədəbiyyatımızda bütün əsərlər, demək olar ki, İslam dininin təsiri ilə Allahı və onun sevimli bəndəsi Məhəmməd peyğəmbəri tərənnüm edən nətlərlə başlayırdı. Ona görə, bu dövr bədii yaradıcılıqda, şübhəsiz, əski dünyagörüşləri, mifoloji inamları özündə cəmləşdirən Novruz mərasimlərinin müsbət bir hal kimi geniş şəkildə qələmə alınması heç mümkün də deyildi. Dahi Nizami sanki buna işarə edərək, Novruzla bağlı adətləri öz “İskəndərnamə”sinin “Şərəfnamə” hissəsində “Pis adətlər, zərdüştlük qalıqları” başlığı adı altında vermişdir.
Novruz ilə Səddə bayramlarında,
Ayinlər yenidən olurdu bərpa.
Ər üzü görməmiş gəlinlər, qizlar
Evindən sevinclə dışarı çıxar.
Əllər al xınalı, üzlər bəzəkli,
Hər yandan gəlirdi çoşqun ürəkli
Önündə al-şərab hər üzü lalə
Muğlarla üz-üzə vurar piyalə,
Atəşdən mövludun əfsunlarından
Tüsdüdən don geyər uca asiman (1, 171).
Əlbəttə, burada qız-gəlinlərin bayram gününün ab-havasına uyğun olaraq bəzənib-düzənməsi adəti qeyd olunur, həmin ayinlər zamanı gur tonqalların yandırılması “tüsdüdən uca geyər bütün asiman” kimi poetik deyimlə nəzərə çatdırılır. Poemada bayramı və onun ayinlərini bu cür təntənəli surətdə tərənnüm edən təhkiyyəçinin timsalında böyük şairin Novruza və onun adətlərinə olan məhəbbətini sezmək çətin deyil.
Göründüyü kimi, bununla belə Novruz mərasimi ilə bağlı müxtəlif ayinlərin, adətlərin keçirilməsi və digər məqamlar kifayət qədər açıq-aydın şəkildə böyük klassiklərimizin əsərlərində özünə bu və ya digər formada yer tapa bilmişdir. Bu barədə ədəbiyyatşünaslarımızdan F.F.Qasımzadə “Novruz – bahar bayramı” adlı kitabında Xaqani Şirvaninin şeirlərindən, Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun” “Xosrov və Şirin” poemalarından, Qazi Bürhanəddinin qəzəllərindən, Kişvərinin yaradıcılığından, M.Füzulinin, M.V.Vidadinin, M.P.Vaqifin əsərlərindən, M.Ə.Sabirin satirasından, M.Müşfiqin “Bayram axşamı” şeirindən, H.Cavidin və başqa görkəmli şair və yazarlarımızın əsərlərindən müxtəlif nümunə parçaları gətirməklə Novruz bayramının yazılı klassik və son dövr ədəbiyyatımızda necə əks olunmasını göstərmişdir. Həmçinin müəllif XI əsr Azərbaycan şairi Qətran Təbrizinin “Divan” ında, orta əsr şairlərimizdən Sururinin, Şahinin, Həqirinin öz yaradıcılıqlarında Novruz bayramını vəsf və mədh etdiklərini də qeyd edir. Eləcə də M.F.Axundovun komediyalarında “Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah – caduguni-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran” dramlarında Novruz bayramı ilə bağlı məqamların əks olunduğuna da diqqətimizi yönəldir (2, 41-55).
Ədəbiyyatşünasın da qeyd etdiyi kimi, yazılı ədəbiyyatımızda bu bayramın izləri çox aydın şəkildə əksini tapmışdır. Buna görə, klassiklərimizin ölməz əsərlərindən lazimi nümunələr gətirməklə Novruz mərasiminin klassik ədəbiyyatımızda öz əksini tapmış bəzi məqamlarını, keçdiyi keşməkeşli tarix yolunu diqqətdən keçirmək yerinə düşər.
Xaqani Şirvani Novruz bayramının müəyyən adətlərinə Şirvamşah Mənuçöhr ibn Firiduna, və Şirvanşah Axistana həsr etdiyi mədhiyyələrində toxunur:
Qoy Novruz özü versin sənə xeyr-dua da,
Ariflər “Amin” desin, əbədi ol dünyada (3, 131).
Novruz Ərza hüsnü var, şah bəxti tək ruh oxşayır,
Halı behişti andırır, falı da “Quran” olsun həm.
Çatmış bahar əyyaminə, şahim səadət naminə,
Novruz tökər mey caminə, yüz il xaqan olsun həm.
(4, 141)
Novruzun şən əhval-ruhiyyəli bayram kimi qeyd edilməsi Q.Bürhanəddinin şeirlərindən də görünməkdədir:
Novruzdur sənün ilə bir eyş edəm gərək
Ki, dünya əhli görəvü əyad yad ola (5, 35).
Hürufi şairimiz İ.Nəsimi öz qəzəlində Novruzun əsatiri məzmununa söykənən köhnəliyin təzəliklə əvəz olunmasına diqqəti yönəldir:
Mövsimi-novruzü neyistan aşikar oldu yenə.
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.
Qönçədən gül baş çıxardı, aldı üzündən niqab,
Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.
Köhnə dünya yengi xələt geydi bu mövsümdə uş,
Çöhrəsi dövri bu gün nəqşi-nigar oldu yenə.
Saqiya, cami gətir kim, mən uzatdım tövbəmi,
Köhnə təqvimim mənim bietibar oldu yenə (6, 54).
Burada şair köhnə ilin təzə illə əvəzlənməsinin doğurduğu Novruz əhval-ruhiyyəsini poetik şəkildə təqdim edir. Bu qəzəldə daha maraqlı bir məqam şeyxlərin (din təmsilçilərinin) belə “xoş badəxar olması”, bu bayramın Nəsiminin dövründə, İslamın və digər dini fəlsəfi təlimlərin tüğyan etdiyi bir zamanda təmtəraqla qeyd olunduğunu göstərməklə yanaşı, mərasimin ritual-mifoloji köklərinin kristal möhkəmliyini bir daha təsdiqləyir.
Dahi şairimiz M.Füzuli isə gündüzlə gecənin bərabərləşdiyi Novruz gecəsini xatırladaraq bu məqamı öz metaforik təfəkkür süzgəncindən aşağıdakı kimi keçirdib təqdim edir:
Vəslin mənə Novruz gecəsi oldu müyəssər,
Sanki o gecəm gündüz ilə oldu bərabər (7, 139).
Ədəbiyyat tariximizdən nisgilli, kədərli şair kimi tanıdığımız M.V.Vidadi də Novruz bayramının şən əhval-ruhiyyəsinə qoşulur və öz “Novruziyyə”sində bunu belə səciyyələndirir:
Novruzi-bahar oldu, cahan tazətər oldu,
Rəf oldu ələmlər.
Dağıldı bu şadlıq xəbəri dərbədər oldu,
Yandı oda ələmlər....
Bir mövsümi-güldür bu ki, həqdən nəzər oldu,
Xoş gəldi bu dəmlər,
Ey xəstə Vidadi, bu gün etməzmi sənə rəhm,
Sultani-zəmanə?
Bu eydi-mübarəkdə ki dünya xəbər oldu,
Saçıldı dirəmlər (8, 69).
Böyük mütəfəkkirimiz M.F.Axundovun “Aldanmış kəvakib” povestinin süjet strukturu “Xanbəzəmə” adlı bir Novruz mərasimini xatırladır. “Xan bəzəmə” mərasimi zamanı “...ağsaqqallardan biri ortaya çıxıb, meydana çıxıb yığılanlara deyir:
– Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaş-qabaqlı, sözü ötkəm adam olsun. Ona bir vəzir, bir vəkil, üç fərraş, bir də bir cəllad seçib verin...” (9, 21).
Lazımi adamlar seçildikdən sonra “Xanı təmtəraqla meydanın yuxarı başında qurulmuş taxtda oturdurlar. Vəzir-vəkil də gəlib taxtın sağ-solunda əyləşir. Yaraqlı-yasaqlı fərraşlar xanın hüzurunda əmrə müntəzir dayanırlar. Cəllad qırmızı libas geyib, əlində balta meydanın aşağı başında gözləyir. Xan gözlənilməz əmrlər verir, adamları da onun buyruqlarını can-başla yerinə yetirirlər. Kosayla təlxək də tez-tez xanı güldürməyə çalışır. Min bir hoqqadan sonra xanı güldürüb taxtdan yendirir, aparıb suya basırlar” (9, 21). Yeri gəlmişkən qeyd edək ki, belə bir mərasimin Şuşa şəhərində keçirildiyini C.Bağdadbəyov bu şəkildə qələmə alır: “Xonçanın başında yenə də xan əmr etməkdə idi. Lakin bu əmrlər toylardakı kimi olmayıb, cəzaları yüngül idi. Çillə axşamları axşam yeməyindən sonra iştirak edənlər hazır olub məclis başlanırdı. Rəqs etməkdə məşhur olan “fərraşlar” əvvəlcə məclisi öz rəqsləri ilə açırdılar.
Xanın verdiyi əmrlər yüngül idi. Məsələn, gec qalmış gənc iki dəfə oynamalıdır...” (10, 21) və s.
Ə.Şamil “Xanbəzəmə” mərasimi haqqında başqa maraqlı bir informasiya verir. Onun yazdığına görə, “Ordubadda “Xanbəzəmə”yə şəbədə deyilir. Novruz bayramına iki gün qalmış “Xan” bəzədilir. Xalat geymiş, başına tac qoymuş “Xan” ata mindirilir. “Xan”ı “vəzir”, “vəkil”, “əyanlar” və musiqiçilər izləyirlər. “Xan” at üstündə küçələrdən keçərək gəzintiyə gedir. Yolda onu oynayanlar, alqışlayanlar izləyirlər. Yol boyu “Var olsun Xanımız!”, “Xanımız, ədalətli Xanımız!”, “Xanımız, xalqın dərdinə yanan xandır!”, “Xanımız mərhəmətli xandır!” və s. alqışlar səslənir” (11, 123-124). Müəllifin yazdığına görə, bu “Xan” xalqın bütün şikayətlərini eşidir, adil qərarlar verir (11, 124).
Göründüyü kimi, “Xanbəzəmə” mərasimində xalq özünün ədalətli şah obrazını təqdim edir.
Bütün bu deyilənlərə əsasən belə qənaətə gəlmək olar ki, M.F.Axundzadə məhz bu mərasimin strukturuna əsaslanıb belə bir bədii əsəri yazır. Povestin əvvəlində deyilir: Baharın əvvəli idi: Novruzdan üç gün keçmişdi. İstirahətdə olan Şah Abbasın yanına gələn Münəccimbaşı şaha ərz edir ki, Novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bundan İranda sahibisəltənətdə ziyan yetişə bilər. Mövlanə Cəmalləddin isə şaha bildirir ki, Novruzdan on beş gün keçənədək səltənətdən müvəqqəti əl çəkə və taxt-tacı bir başqasına tapşıra ki, ziyan ona ötsün (12, 189-190).
Psixoanalitik təhlil metodunun məşhur banilərindən olan alman psixoloqu Karl Yunq bədii yaradıcılıqda simvollardan, bədii yaradıcılığa təhtəlşüuru təsirdən bəhs edən yazısında qeyd edir: “Biz öz təcrübəmizdən bilirik ki, çoxdan tanıdığın şairi bəzən birdən özün üçün yenidən kəşf edirsən. Bu o vaxt baş verir ki, bizim şüurumuz öz inkişafında yeni pilləyə qalxır və bu səviyyədən biz şairin sözlərində gözlənilmədən nəsə yeni bir şey eşitməyə başlayırıq. Hər şey lap əvvəldən onun əsərində var idi, lakin gizli simvollar olaraq qalırdı və bunu oxumağa bizə yalnız dövrün yeniləşmiş ruhu imkan verir. Başqa təzə gözlər lazım gəlir, çünki köhnələr yalnız o şeyləri görə bilir ki, onları görməyə artıq adət etmişdir” (13, 208-209).
Məhz bu nöqteyi-nəzərdən əslində xalqın həmişə arzuladığı və Novruz bayramı zamanı “Xanbəzəmə” mərasimində “reallaşdırdığı” ədalətli şah obrazı və ölkənin ədalətli idarəsi motivinin M.F.Axundovun sözügedən povestində əksini tapması təhtəlşüurdan (və yaxud şüuraltı folklor yaddaşından) gələn inikas kimi izah oluna bilir.
Bayramın bir sıra əsrarəngiz adət-ənənələri, ayinləri M.Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasında xalqın ruhuna uyğun, son dərəcə təbiiliyini gözləməklə təsvir olunur.
Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq.
Bəy şalına bayramlığın bağlamaq (14, 41).
Ə.Cavadın yaradıcılığında bu mərasimlər xüsusi yer tutur. O, öz etnoqrafik etüdlərində “Çillə şərqisi”, “Yaza xitab”, “Böyük Çillə”, “Kiçik Çillə”, “Xıdır Nəbi”, “Yel Baba”, “Qarının borcu”, “Boz ay”, “Dördatlı Yencə Gün”, “Dörd çərşənbə” şeirlərində Novruz və qış mərasimləri ilə bir sıra mərasimi, əsatiri məqamları poetik dillə təqdim edir .
Şair bu mövsümü mərasimlərin bütövlükdə vahid tamı əhatə etməsini sezmiş və hər birini vahid tamın ayrı-ayrı ünsür mərasimləri kimi qələmə almışdır. Doğrudan da qışı səciyyələndirən hər bir lokal mərasim qış dövrünün ritual-mifoloji sistemi kimi özünü göstərir. Bu sistemin ən ilkin mərhələsi “Böyük Çillə”, “Kiçik Çillə”, “Xıdır Nəbi”, “Boz ay” və çərşənbə ritualları, çillə çıxarmaq ayini nəhayət yeni ilin gəlişi, qarının borcu və s. bütövlükdə vahid ritual-mifoloji bir sistemin zəncirvari həlqələri kimi özünü göstərir.
Aparılan bu kiçikhəcmli araşdırma bir daha göstərdi ki, klassik yazılı ədəbiyyatımızda Novruz bayramının çeşidli adət-ənənələri bu və ya digər şəkildə əksini tapmışdır. Düşünürük ki, Novruz mərasimlərinin izlərinin yazılı ədəbiyyatımızda daha da dərindən araşdırılması üçün zəmin yaradılması məqsədi daşıyan bu məqalə tədqiqatçılarımızı gələcəkdə həm də bu istiqamətdə araşdırmalar aparmağa cəlb edə biləcək.
Dostları ilə paylaş: |