Nailə ƏSKƏR
AMEA Folklor İnstitutu
qaracantali@live.com
NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ”
POEMASINDA DEYİMLƏR VƏ MƏSƏLLƏR
Nizami Gəncəvi orta əsrlər Azərbaycan intibah ədəbiyyatının böyük şairidir. Dövrün tələblərinə uyğun olaraq əsərlərini klassik poeziyanın dili sayılan farsca yazan Nizami yaradıcılığa lirik şeirlərlə başlamışdır. Şairin ilk irihəcmli əsəri olan “Sirlər xəzinəsi” poeması məsnəvi şəklində və qismən sufi eposu ənənələri çərçivəsində qələmə alınmışdır. Bu əsərin yazılmasında XI əsr fars şairi Sənani Qəznəvinin “Həqiqət ül-həqayiq” əsərinin təsiri böyük olmuşdur. Nizami sonrakı dörd poemasını yazarkən sufi eposunun gətirdiyi ənənələri aşmış və bu əsərlərində heç bir poetik təlimin təsirində qalmamışdır. Şübhəsiz ki, böyük şairin dünyagörüşünün formalaşmasında o dövr üçün səciyyəvi olan təsəvvüf təlimlərinin və Şərq fəlsəfi cərəyanlarının təsiri olmuşdur. Bununla belə, “Sirlər xəzinəsi”ni bütünlüklə sufi əsəri hesab etmək doğru sayılmaz, çünki əsərdə janrın ənənəvi prinsiplərinə əməl edilmir, ictimai-sosial problemlərə toxunulur və dünyəvi dəyərlərdən bəhs olunur. “Sirlər xəzinəsi” struktur etibarı ilə sufi eposu hesab olunsa da, məzmun etibarı ilə bu ənənəyə tam sadiq qalınmır (6, 73-78).
Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasını 1174-cü ildə yazmağa başlamış və iki il ərzində əsəri tamamlamışdır. "Sirlər xəzinəsi" "Xəmsə"nin başqa poemalarından fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Əsərdə öz əksini tapan bir çox problemlərin həllində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair əsərin yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən, 20 məqalət və buna bağlı 20 epik hekayətdən ibarətdir.
Nizami Gəncəvi bütün əsərlərində olduğu kimi “Sirlər xəzinəsi”ndə də şifahi xalq ədəbiyyatının bir çox janrlarından, o cümlədən əsatir, əfsanə, rəvayət, deyim və məsəllərdən bəhrələnmişdir. Akademik Həmid Araslı, prof. Cəfər Xəndan, prof. Sədnik Paşayev və digər alimlərimiz Nizami və folklor mövzusunda araşdırmalar aparmış, Nizami dühası ilə ölməzlik qazanmış şifahi xalq incilərini tədqiq etmişlər.
Uzun illər Nizami Gəncəvinin əsərlərində xalq yaradıcılığının izlərini araşdıran folklorşünas alim, prof. Sədnik Paşayev çox haqlı olaraq belə bir qənaətə gəlmişdir: “Nizami yaradıcılığı Azərbaycan folkloru ilə, öz növbəsində Azərbaycan folkloru da Nizami yaradıcılığı ilə elə qaynayıb-qarışmışdır ki, hətta müəyyən mənada bunları bir-birindən ayırmaq, kimin kimdən istifadə etdiyini çox vaxt aydınlaşdırmaq çətinlik törədir” (12, 48).
Nizami “Sirlər xəzinəsi”ni yazarkən xalq arasında yaşayan və günümüzə qədər gəlib çatmış rəvayət, əsatir və əfsanələrdən, mifoloji mətnlərdən geniş şəkildə istifadə etmiş, şifahi xalq yaradıcılığının bir çox incilərini məharətlə yazılı ədəbiyyata gətirmişdir. Bunlara “Süleyman və əkinçi”, “Nuşirəvan və bayquşların söhbəti”, “Firidun və maralın dastanı”, “Kərpic kəsən kişinin söhbəti”, “Bülbül və qızılgül”, “Bir-biri ilə çəkişən iki həkimin dastanı” və digər hekayətləri misal göstərmək olar.
Bu gün toplanaraq çap olunmuş bir çox rəvayət və əfsanələr də vardır ki, “Sirlər xəzinəsi” poemasındakı hekayətlərlə çox yaxından səsləşir. Məsələn, “Bir şahzadənin dastanı” hekayəti xalq arasında yaşayan “Bostan əhvalatı” rəvayəti ilə, “Harun ər-Rəşid ilə dəlləyin dastanı” hekayəti “Xan yurdu” və “Əsir padşah” əfsanələri ilə, “Sultan Səncər və qarı” hekayəti “Şah və qarı” əfsanəsi ilə və s. forma və məzmun baxımından eyniyyət təşkil edir.
Bütün xalqların tarixində şifahi, yəni sözlü ədəbiyyat yazılı ədəbiyyatdan əvvəl yaranmış və tarixi inkişaf yolu keçmişdir. Yazılı ədəbiyyat bütün hallarda şifahi ədəbiyyatdan bəhrələnmiş və özəyini burdan almışdır. Şifahi xalq ədəbiyyatı həyatın müxtəlif sahələrinə aid ibrətamiz, məzmunlu qısa kəlamları və xalq sınağından keçərək çilalanmış inancları ümumiləşdirərək nəsildən-nəslə ötürmüşdür. Bütün dünya xalqlarının mədəniyyət tarixinə nəzər salarsaq görərik ki, xalqların öz həyat tərzi, məişəti və dünyagörüşünə görə xalq deyimləri və məsəlləri; ibrətamiz və hikmətli sözləri formalaşmışdır.
Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində istifadə etdiyi və obrazların dili ilə söylədiyi xalq deyimləri və məsəllər demək olar ki, çox az fərqlə bu gün də dilimizdə işlədilir.
Akademik Həmid Araslının çox doğru olaraq göstərdiyi kimi “Sirlər xəzinəsi”ndə hər beytdə bir aforizm canlanır (2, 48).
Bu aforizm və xalq deyimlərinin bəzilərinə nəzər salaq.
Nizaminin sadə əmək adamlarının halal əməyini və zəhmətini tərənnüm edən bu misraları xalqın işlətdiyi “Səndən hərəkət, məndən bərəkət” deyimindən yaranmışdır:
Halal zəhmət itməyib əlləşmək deyil eyib,
Tanrı səndən hərəkət, məndən bərəkət deyib (10, 83).
Həm şifahi, həm də yazılı ədəbiyyatımızda geniş istifadə olunmuş bir məsəl var: misilsiz gözəlliyi ilə könülləri məftun edən tovuz quşunun ayaqlarının çirkinliyi həmişə onun başının qaxıncı olub. Bunu bəzən maral üçün də söyləyirlər. Şair tovuz quşuna xas olan həmin özəlliyi aşağıdakı kimi verir:
Zər qanadı, görkəmi bir tamaşa tovuzun,
Ayağının eybini qaxma başa tovuzun (10, 111).
Xalq arasında tülkü həmişə hiyləgər, fəndgir bir heyvan kimi məşhur olub. Bu haqda onlarca hekayə və əfsanə vardır. Tülkü bir təhlükə hiss etdikdə qaçmaq üçün yuvasına ehtiyat bir deşik daha açır. Bunu bilən mahir ovçular tülkünü ovlayarkən yuvasında olan iki deşikdən birini əvvəlcədən bağlayır və çox zaman onu dışarı çıxara bilmək üçün yuvanı tüstü ilə doldururlar. Həmin hadisəni şair aşağıdakı kimi şərh edir:
Zirək tülkü itlərdən daim qorxub qaçsa da,
Yuvasından çıxmağa iki deşik açsa da,
Qurtarmayıb ölümdən kələk onu yuvada,
Tüstüsüylə boğubdur fələk onu yuvada (10, 117).
Xalq arasında bir çətinliyə düşmüş insana təsəlli olaraq “Allah dadına çatsın” deyirlər. Nizami Gəncəvi bunu bədii olaraq bu şəkildə qələmə alır:
Həsrətini çəkənlər düşdü can harayına,
Haraya çağıranın özün çat harayına (10, 37).
El arasında qaradinməz, tənha insana adamayovuşmazdır, yalquzaq canavar kimi tək gəzir, deyirlər. Nizami bu məsəli külək haqqında obrazlı olaraq belə ifadə edir:
Yalquzaqtək gəzməyi yerə xoşdur küləyin,
Arxayındır, boş gedir, əli boşdur küləyin (10, 123).
Bu gün də xalq arasında işlənən “Ağılsız dostdan ağıllı düşmən yaxşıdır” məsəli Nizami yaradıcılığında öz əksini özünəməxsus şəkildə tapır:
Fələk açsa başına nə pəstaha yaxşıdır,
Nadan dostdan ağıllı düşmən daha yaxşıdır (10, 139).
"Pişik öz balasını çox istədiyindən yeyər" məsəli hər zaman aktual və işlək olmuş məşhur bir məsəldir. Nizami burada pişiyin irsi xüsusiyyətini nəzərə alaraq məsələni belə şərh edir:
Bir-birinə isnişib həyan olar pişiklər,
Balasını istəkdən yeyən olar pişiklər (10, 140).
Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof, şair dahi Nizami Gəncəvinin bəşəriyyətə bəxş etdiyi, bu gün dünya ədəbiyyatının ortaq malı olmuş poemalarının hər biri dünya durduqca yaşayacaq ölməz söz xəzinəsidir. Mənbəyini Azərbaycan folklorundan almış bu söz xəzinəsi humanist ideyalar tərənnüm edən bəşəri duyğular carçısı, ədalət, məhəbbət fədaisi və mübariz təbliğatçısıdır.
Dostları ilə paylaş: |