Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


NAILA ASKER IDIOMS AND SAYINGS IN NIZAMI GANJAVIS



Yüklə 1,1 Mb.
səhifə47/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   ...   43   44   45   46   47   48   49   50   ...   78
Nizami-folklor

NAILA ASKER

IDIOMS AND SAYINGS IN NIZAMI GANJAVIS

POEM OF "TREASURY OF MYSTERIES"

SUMMARY

Great Azerbaijani poet of XII century Nizami Ganjavi have been widely used folk literature in his works, derived advantage from a lot of folklore genre. In this paper, it will be given general information about the Nizami Ganjavis poem of "Treasury of Mysteries” and idioms and sayings that are used in the work will be reviewed.
НАИЛЯ АСКЕР

ИДИОМЫ И ПОГОВОРКИ В ПОЭМЕ НИЗАМИ ГЯНДЖЕВИ «СОКРОВИЩНИЦА ТАЙН»

РЕЗЮМЕ

Великий азербайджанский поэт XII века Низами Гянджеви широко использовал многие фольклорные жанры и мотивы народной литературы в своих произведениях. В этой статье дана общая информация о идиомах и поговорках в поэме Низами Гянджеви "Сокровищница тайн".



Ramiz ƏLƏKBƏROV

AMEA Folklor İnstitutunun

kiçik elmi işçisi
XEYİR VƏ ŞƏR” HEKAYƏSİNDƏ FOLKLOR MOTİVLƏRİ
Şifahi ədəbiyyatın yazılı ədəbiyyatdan əvvəl yaranması sə­bə­bindən dünya ədəbiyyatı fonunda həm klassiklərin, həm də müasirlərin yazıb-yaratdıqları əsər­lərin əksəriyyətində folklor­dan ya dolayısı ilə bəhrələnmənin, ya da birbaşa isti­fadənin şa­hidi oluruq. Folklor ilkin və əbədi yaddaş olduğuna görə, təkcə ədə­biy­yatda yox, başqa yaradıcılıq sahələrində də stimulverici və aparıcı rol oynayır. Öz ifadəsini əvvəlcə folklorda tapan milli və bəşəri dəyərlər bütün böyük sənətkarların yaradıcılıq yoluna işıq salmış, onları istiqamətləndirmişdir. Şifahi ədəbiyyatdan bəhrələnmə, təsirlənmə bütün dövrlər üçün ənənədir və bu ənənədən yan keçmək mümkünsüzdür.

Xalqın mifologiyası, inam və etiqadı, adət-ənənəsi ilə bağlı motivlər, insani dəyərlərin ifadəsi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaratdığı bütün əsər­lərdə özünü qabarıq şəkildə göstərir. Xalq təfəkküründə, əksər folklor örnəklərində ideya-məzmun xüsusiyyəti kəsb edən xeyirlə şərin mübarizəsi, insan arzusunun ifadəsi olaraq, ədalət naminə haqqın qələbə çalması N.Gəncəvinin əsərlərində aparıcı xətt kimi görünür.

Həm şifahi, həm də yazılı ədəbiyyatda əzəli-əbədi mövzu statusu qazanmış xeyirlə şərin mübarizəsi mövzusu N.Gəncə­vi­yə qədər olan dövrdə və ondan sonrakı dövrdə əksər qələm sa­hiblərinin müxtəlif ədəbi üsullarla müraciət etdikləri mövzudur.

N.Gəncəvi yaradıcılığında folklorla bağlı süjetlər və mə­qam­lar barədə tədqi­qatçı alimlərdən M.Əlizadə, H.Araslı, M.Ələk­bərov, Ə.Axundov, R.Azadə, S.P.Pirsultanlı, T.Xalisbəyli, S.Rzasoy və başqaları elm tarixinə öz dəyərli töhfələrini vermiş­lər. Ənənəvi bəhrələnmə və ifadə tərzi şairin “Xəmsə”yə daxil olan birinci əsəri “Sirlər xəzinəsi”ndə özünü göstərir və sonra yazılmış poemalarda bu xəttin daha təkmil və mükəmməl şəkildə davamının şahidi oluruq. Poemada yazılı ədəbiyyatda alleqoriya adı ilə tanıdığımız ədəbi üsuldan istifadə olunmuşdur. Görkəmli folklor tədqiqatçısı M.H.Təhmasibin qeyd etdiyi kimi, nağıl janrının ən qədim növü heyvanlardan danışan nağıllardır. Alimin fikrincə, bu cür nağıllar daha sonralar alleqorik nağılların və təmsillərin yaranmasında çox əhəmiyyətli rol oynamışdır. “Sirlər xəzinəsi” əsərinə forma və məzmun baxımından nəzər saldıqda sırf folklor nümunələri təsiri bağışlayır.

“Xosrov və Şirin” poemasında şairin yaşadığı dövrə qədər mövcud olan, əsərlə oxşar məz­mun­lu, müxtəlif variantlı xalq əfsanə və rəvayətlərinə istinad edilmişdir. “Fərhad və Şirin nağılı”, “Şahzadə Süleyman” nağılı bu qəbildəndir. Bu ardıcıllıq istinad nöqtəsi kimi şairin digər əsərlərində də davam etdirilir.



Konkret məqsədimiz dahi şairin “Yeddi gözəl” poema­sın­da bütün dövrlər üçün aktual səslənən bir mövzuda işlənmiş “Xe­yir və Şər” adlı hekayə üzərində dayanmaq və hekayədə folk­lorla daxili bağlılıq təşkil edən bəzi elementləri diqqətə çat­dırmaqdır.

Şairin nağıla verdiyi ad əsərin ideyasını birbaşa diqtə edir ki, bu da ədəbi üsullardan biridir. Hər hansı bədii əsərdə təsvir olunan hadisələr və ya epizodlar həyatidir. Həyati olanlar real­lıqdır. Xeyir və Şər həyatda əks qütblər olduğu kimi, əsərdə də əks qütblərdə dayanırlar:

Gəncin biri Xeyir, o biri Şərdi,

Onlar adları tək işlər görərdi.



Qəhrəmanların adı şərti olaraq onların daxili aləmlərini, mə­nəvi dünyasını təcəssüm etdirəcək şəkildə seçilmişdir və bu adlar onların əməllərini şərtləndirir. Xeyir yola nabələddir – Şər yola bələddir, Xeyir səxavətlidir – Şər tamahkardır, Xeyir ina­nandır – Şər hiyləgərdir, Xeyir yaxşılığı sevir – Şər pisliyi və s.

Əsərin məzmun və janr xüsusiyyətindən əlavə folklor mo­tivləri ilə səsləşən, bağlılıq təşkil edən bir neçə anlayışın, ob­razın işləndiyi bəzi misralara diqqət yetirək:

“Yol getmək”, “yeddi gün” və “su” anlayışları:

Yedi gün getdilər qızğın çöl boyu,

Qurtardı zavallı Xeyirin suyu.

Sudan yoldaşına vermədi xəbər,

Bir kəlmə dinmədi, danışmadı Şər.
“Göz” anlayışı:

Şər dedi o gövhər ikicə gözdür,

Bu ondan, o bundan daha əzizdir.

Gözünü satmasan bunu yaxşı bil,

Bu sudan içməyin heç mümkün deyil.
“Yarpaq” anlayışı:

Dedi ki, “O yüksək ağacdan varın,

Gedin tez bir neçə yarpaq qoparın.

Suyu çıxanadək əzin yarpağı,

Sürtün yarasına sözümün sağı,

Bu əlac olunsa, xəstənin yenə,

Fər gələr, nur gələr kor gözlərinə.

Yaman olursa da əgər göz dağı,

Şəfadır dediyim ağac yarpağı.
“Xilaskar” anlayışı:

Yolun kənarında bir çeşmə vardı,

Soyuqdu el suyu ordan alardı.

Qız o şirin sudan gəlib doldurdu,

Sonra evlərinə getməyə durdu.

Birdən qulağına gəldi uzaqdan,

Yaralı xəstədən qopan ah-fəğan.

Eşidib o yana qız tez yüyürdü,

Gəlib qan içində bir gənci gördü.

Hər şeydən əvvəl hekayətin süjet xətti, təhkiyə tərzi xalq na­ğılları, əfsanə və rəvayətləri ilə üzvi vəhdət, daxili bağlılıq təş­kil edir. Əsərdə yol, su və göz obraz­ları ilk baxışda şərti an­layışlar təsiri bağışlasa da, əsas obrazların daxili aləminin açıl­ma­sı, ide­ya­nın oxucuya çatdırılması baxımından özül rolunu oy­nayır. Qəhrə­man­ların yol getməsi, yolda bir-birinə rast olması, yolda hər hansı obyekt və hadi­səylə rastlaşması, yola tədarük görülməsi, səfərə çıxma və qayıdış, üç yol ayrıcına çatmaq və sair bir çox süjetli folk­lor nümunələrinin dramatizmini təmin edənə amil­lərdəndir və bir az dolayısıyla ömrün əslində yol, in­sanın yolçu olmasını, ömür yolunun hamar olmadığını, keşmə­keş­lərin, nəticə çıxarmağa va­dar edən çətinlik­lərin labüdlüyünü diqtə edən fəlsəfi izahdır. Su həyat nişanəsidir, bəkarət mücəssə­məsidir, suda ilahi bir təmizlik var. Gözdə ilahi nur var. Göz həyati əhəmiy­yətin­dən başqa insan dərdinin və kədərinin tər­cümanıdır. Təsadüfi deyil ki, folklorda hər üç anlayış haqqında kifayət qədər deyimlərə və yaxud söylə­mələrə rast gəlirik. Əsər­də əsas surətlərin xarakterinin açılmasın­da mayasında folklor ruhu olan bu üç epizodik obraz mühüm rol oynayır.

“Xeyir və Şər” hekayətində digər folklor nümunələri ilə səsləşən obrazlardan biri yarpaq obrazıdır. Xeyirin gözləri sən­dəl ağacının yarpağından hazırlanmış məlhəmin köməyi ilə sa­ğalır – mücərrəd vasitələrlə yox, məhz təbiət elementi ilə. Bu təsviri biz “Hatəmin nağılı” adlı nağılda, “Məlik Dücar” adlı nağılda, “Kitabi-Dədə Qorqud” dastanlarında müşahidə edirik. “Hatəmin nağılı”nda İbrahimin atasının gözləri, “Məlik Dücarın nağılı”nda Məlik Dücarın gözləri, “Kitabi-Dədə Qorqud” das­tan­larında Buğacın yarası yarpaqlardan və yaxud dağ çiçək­lə­rindən hazırlanmış məlhəmlə – yəni təbii vasitələrin köməyi ilə sağalır. Zaman və məkan fərqindən asılı olmayaraq, bu təsvirlər xalq inam və etiqadına, xalq hikmətinə – folklora söykənir. “Ko­roğlu” dastanında da Alı kişinin gözlərini ənənəvi olaraq Qoşa­bulağın suyu, yəni təbii vasitə sağaltmalı idi.

Əsərdə folklor elementlərini özündə əks etdirən çalarlar­dan biri “yeddi gün” ifadəsidir. Xeyirlə Şər susuz çöldə yeddi gün yol getməli olurlar. Yeddi rəqəmi xalqımızın mifik təfəkkü­rün­də uğur­lu rəqəm statusu qazanmış, bir çox şifahi ədə­biy­yat nümu­nələrində müxtəlif çalarlarda işlənmişdir. “Yeddi oğul, bir qız” ifadəsi, “yeddi gün, yeddi gecə toy eləmək” ifadəsi, “yeddi ağac yol getmək”, “yeddi qardaş dağı” ifadələri və sair bu qəbil­dəndir.

Bir çox nağıllarda ənənəvi olaraq əsərin qəhrəmanı dara, çətinliyə düşəndə onlara kömək edən xilaskar obrazlar təsvir olunur. Bu obrazlar bəzən nurani qoca, xeyirxah insan, bəzən gö­yərçin və yaxud başqa canlılar şəklində təqdim olunur. Məsələn, “Məlikməmməd” nağılında xilaskar rolunu Zümrüd quşu oynayır. “Məlik Dücar” nağılında xilaskar rolunu göyərçin­lər oynayır. “Xeyir və Şər” bu cəhətdən də xalq nağılları ilə səsləşir. Belə ki burada xilaskar rolunu kürd qızı – xeyirxah insan obrazı oynayır. Və başqa nağıllarda olduğu kimi burada da xilaskar obrazının rast gəlməsi – peyda olması təsadüflə bağlı olur.

Əsərdə folklorun tərkib hissəsi olan milli-etik dəyərləri məz­mununda ifadə edən parçalar da diqqət çəkəndir. Yaxşılığa qiymət vermək, çörəyə hörmət, mənəvi borc hissi Xeyirin diliylə aşağıdakı parçada öz ifadəsini tapır:

Süfrəndən bu çörək yediyim qədər,

Sənə şükr eyləyə bilsəydim əgər,

Haqqını verməyə yaradan tarı,

Mənə kömək əli verəydi barı.

Ayrılıq gəlsə də çox ağır mənə

İcazə ver, artıq, gedim vətənə.

Aman istəyəni bağışlamaq, haqq öz yerini tutduqdan sonra insanlıq naminə günahkarın günahını əfv etmək milli dəyərlər sistemində mərdlik, xeyirxahlıq, ləyaqət hissi kimi həmişə təqdir olunmuşdur. Şər aman istədikdə, Xeyir adına uyğun hərəkəti ilə insanlıq fövqünə yüksəlir:

Nələr bacarırsan, mənə durma et,

Et ancaq özünə, adına nisbət.

Xeyir bu nöqtəni eyləyincə yad,

Tez onu ölümdən eylədi azad.

“Xeyir və Şər” hekayəsinin digər xalq nağılları ilə səsləş­məsi onların süjet xəttində olan oxşarlıqda və yaxud paralellikdə özünü göstərir. “Məlik Dücarın nağılı”nda padşah Məlik Dücarı öldürmək üçün ov bəhanəsi ilə susuz səhraya aparır. Məlik Dücar susuzluqdan əzab çəkir. Padşah ətrafda olan yeganə bulağı bir qarıya tapşırır və su istəyənin gözünü çıxarıb sonra su verilməsini tapşırır. Sonra su­suz­luqdan ölmək dərəcəsinə çatan Məlik Dücarı həmin bulağa göndərir. Məlik Dücar əlacsız qalıb suyun əvəzində gözlərini verir. Bu nağılda da xilaskar rolunu göyərçinlər və başqa bir imanlı qarı oynayır. Burada da Məlik Dücarın gözləri şəfa­verici yarpağın məlhəmi ilə sağalır.

“Hatəmin nağılı”nda Hatəm atasının gözlərinin dərmanının qarovulçuları divlər olan bir bağdakı ağacın yarpaqları olduğunu öyrənir. Uzun əzab-əziyyətdən sonra həmin bağı tapıb yarpaqları əldə edir və atasının gözləri həmin yarpaqların köməyi ilə şəfa tapır.

“Mərd və Namərd” nağılı həm süjet baxımından, həm də surətlərin xarak­terik xüsusiyyətləri baxımından, cüzi fərqlər nəzərə alınmazsa, “Xeyir və Şər” nağılı ilə paralellik təşkil edir. Tədqiqatçı alim T.Xalisbəylinin qeyd etdiyi kimi, bu oxşar motivlərin əksəriyyəti çox qədim ənənələrlə bağlı olan ilkin çağların nağılları ilə bağlıdır.

“Xeyir və Şər” nağılı süjetli folklor nümunələrində olduğu kimi haqqın, ədalətin zəfər çalması, təntənəsi ilə bitir və bu da xalq nağıllarında ənənəvi sonluqla səsləşmənin bir nümunəsidir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin