İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2011-ci il.
Seyfəddin RZASOY
seyfeddin_rzasoy@mail.ru
NİZAMİ GƏNCƏVİNİN
MİLLİ VƏ ƏDƏBİ KİMLİYİ HAQQINDA
Hər bir xalqın milli düşüncə tarixində elə şəxsiyyətlər olur ki, onlar öz fəaliyyətləri ilə etnik sistemin fövqünə qalxırlar. Belə şəxsiyyətlərin adı öz xalqına daim şöhrət gətirir: onları fiziki və mənəvi cəhətdən yetirən xalq sonralar əsrlər boyunca öz yaşam gücünü, milli mövcudluq impulslarını həmin şəxsiyyətlərin adından və əməlindən alır. Onların yaradıcılığı, qoyub getdikləri mənəvi irs özlərindən çox sonralar da öz xalqı üçün etnoenergetik düşüncə qaynağı rolunu oynayır. XII əsr Azərbaycan şairi Nizami Gəncəvi də məhz belə şəxsiyyətlərdəndir. Onun yaradıcılığı, ölməz «Xəmsə»si bitməz-tükənməz dəyərlər xəzinəsi kimi həm onu yaradan və yetirən xalqı, həm də ümumən bəşəriyyəti etnokosmik yaşam gücü ilə qidalandırır. Nizaminin adı, milli və ədəbi mənsubiyyəti ilə bağlı daim davam edən və son zamanlarda Rusiyada və İranda yenidən qızışan mübahisələr də məhz bununla bağlıdır.
Mübahisələr həm də onunla şərtlənir ki, XX əsr sovet və Azərbaycan şərqşünaslığı Nizamini həm bir yaradıcılıq fenomeni, həm də bir ədəbi şəxsiyyət kimi dəyərləndirməyin, onun tarixi və müasir dəyərlər sistemindəki yerini müəyyənləşdirməyin universal modelini tapıb ortaya qoya bilmədi. Bu cəhətdən XX əsr şərqşünaslığı, əslində, ziddiyyətlərin möhkəmləndirilməsi və bir sıra digər özünəməxsusluqları ilə tarixdə qaldı.
Sovet şərqşünaslığının Nizamiyə yanaşması daim siyasi konyukturaya əsaslandı. Onun istər milli kimliyi, istərsə də yaradıcılığının bədii-estetik mahiyyəti bütün hallarda ideoloji-siyasi müstəvidə dəyərləndirildi. Sovet şərqşünaslığı sosialist Tacikistanına görə dünyanın fars şairi kimi tanıdığı Firdovsinin adının qabağında «fars-tacik şairi» yazdığı kimi, Nizamini də İran, fars, yaxşı halda farsdilli şair hesab edən «burjua» şərqşünaslığının, kapitalist ideologiyasının əksinə olaraq, onun da adının qabağında «Azərbaycan şairi» yazırdı. Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrünü bu şəhərdə keçirmiş, yaradıcılığında doğma yurdunu, onun təbiətini, insanlarını böyük coşqunluqla tərənnüm etmiş, «türklüyü» xüsusi bədii-estetik düşüncə konsepti kimi yaratdığı fəlsəfi düşüncə sisteminin nüvəsinə yerləşdirmiş Nizami haqqında bu çılpaq və sadə həqiqət sovet şərşünaslığında, o cümlədən Azərbaycan sovet nizamişünaslığında heç vaxt siyasi-ideoloji donundan qurtula bilməyib, konyuktur həqiqət olaraq qaldı.
Lakin qeyd etmək lazımdır ki, Azərbaycan sovet nizamişünaslığı daim yaranmış fürsətdən istifadə etməyə çalışdı. «Nizami» adı Sovet Azərbaycanında milli ədəbiyyatın simvoluna çevrildi, şairin adına verilmiş küçələr, mədəniyyət sarayları, rayon, salınmış xiyabanlar, qoyulmuş heykəllər onun öz vətənininə bağlılığını hər zaman təsdiqləyən de-fakto sənədlərə çevrildiyi kimi, ədəbiyyatşünaslıqda da Nizami «bumu» yaşandı: Nizami Azərbaycan ədəbiyyat tarixinin əsas probleminə və prioritet tədqiqat istiqamətinə çevrildi. Sənətkara Azərbaycan və bütöv SSRİ miqyasında möhtəşəm yubileylər keçirildi, yubiley təntənələri müttəfiq respublikalarda da davam etməklə bütöv SSRİ-nin ədəbi məkanında Nizamini məhz Azərbaycan şairi kimi tanıtdırdı. Şairin əsərləri orijinalda, Azərbaycan dilində, o cümlədən SSRİ xalqlarının dillərində dəfələrlə kütləvi tirajla çap olundu. Bütün bu işlərin həyata keçirilməsində Azərbaycan nizamişünaslığı öndə gedirdi və bu fəaliyyət fonunda milli ədəbiyyatşünaslığımızın xüsusi bir sahəsi – «nizamişünaslıq» elmi yaranaraq inkişaf etdi.
Azərbaycan sovet nizamişünaslığı «burjua-sovet» ideoloji qarşıdurma modelindən Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsində kifayət qədər uğurla istifadə edirdi. Bu model Azərbaycan nizamişünaslarına Nizamini fars, İran şairi hesab edən nəhəng Qərb şərqşünaslarının yaradıcılığına, o cümlədən bu məsələdə xüsusi fəallıq edən İran alimlərinə sərbəst tənqidi münasibət bəsləməyə imkan verirdi. Qərb alimlərinə sovet ideoloji yanaşmasında birdəfəlik olaraq «mürtəce burjua ideologiyasının daşıyıcıları» damğasının vurulması bundan istifadə edən Azərbaycan ədəbiyyatşünaslarına «milli məsələyə» toxunmağa, daha doğrusu, «milli məsələnin» «formaca – milli, məzmunca – sosialist» modelindən kənarda qalıb, haqqında danışılması yasaq olan məsələlərindən də söz açmağa şərait yaradırdı. Bu cəhətdən Azərbaycan alimləri şairin yaradıcılığında daha çox sosial idealların təcəssümünə fikir verən sovet alimərindən fərqli olaraq, Nizaminin ana vətəni, milli və ədəbi kimliyi mövzularını da heç vaxt diqqətdən kənarda qoymurdular. Əslində, Həmid Araslı, Rüstəm Əliyev, Azadə Rüstəmova, Qəzənfər Əliyev, Nüşabə Araslı, Çingiz Sadıqoğlu, Xəlil Yusiov və başqa nizamişünasların yaradıcılığına (bax: 1; 2; 3; 4; 5; 6 və s.) diqqət versək, onların şairlə bağlı çox incə və həssas milli nöqtələrə toxunduqlarının şahidi olarıq. Ancaq sovet nizamşünaslarının bütövlükdə mənsub olduğu siyasi məkanın ideoloji çərçivəsi onlara Nizaminin milli və ədəbi kimliyi məsələsini bütün çılpaqlığı ilə qoymağa imkan vermirdi. Məsələn, bu problemin qoyuluşu Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan kütləvi oxucusunun 1991-ci ildə Rüstəm Əliyevin tərcüməsində tanış olduğu «Azərbaycan şairi Nizami» əsərindəki səviyyəyə gedib çatmırdı (bax: 7; fəl.e.d. Yadigar Türkelin çevirməsində yeni nəşri üçün bax: 8). Halbuki böyük mütəfəkkir Rəsulzadənin sistemli şəkildə qoyduğu məsələlərdən sətiraltı şəkildə Azərbaycan nizamişünasları da bəhs etmişdilər. Ancaq bütün bunlarla bərabər həqiqət ondan ibarətdir ki, Azərbaycan alimləri dövrün yol verdiyi imkanlardan istifadə etməyə çalışaraq, Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına mənsubiyyətini özünəməxsus yollarla gerçəklik faktına çevirə bildilər.
Bu gün Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsi Rusiya və İranda yenidən aktuallaşıb. Rusiya artıq bir sovet dövləti olmaqdan çıxıb: ümummilli sovet məkanı, ümumsovet maraqları ortadan qalxıb. Bundan istifadə edən maraqlı (şovinist-siyasi) dairələr indi Nizminin milli və ədəbi kimliyi məsələsini də Rusiyanın keçmiş sovet respublikalarından olan Azərbaycanla münasibətlərində siyasi alver predmetinə, o cümlədən siyasi müstəqilliyi iqtisadi potensialı ilə hər gün daha da artan xətlə güclənən Azərbaycana qarşı təzyiq vasitələrindən birinə çevirmək istəyirlər.
İrana gəlincə onun mövqeyi Rusiyadan bir qədər fərqlidir. Burada həm siyasi, həm də milli faktorlar var. İranın Qərblə, Amerika ilə hər gün daha da gərginləşən hazırkı siyasi durumunda onu daha da çətin vəziyyətə salmaq istəyən daxili və xarici qüvvələr bu ölkənin onun ən yaxın qonşusu olan Azərbaycanla münasibətlərini korlamaq, bu ölkələri düşmən etmək istəyirlər. Təbii ki, qonşu dövlətdə İran-Azərbaycan münasibətlərinin bütün dialektik mahiyyətini dərk edənlər var. Türk və fars etnosunun yaratdığı İran siyasi fenomeni, İranın xüsusilə son minillikdəki siyasi tarixinin məzmun və mahiyyətcə birmənalı olaraq türklərlə bağlılığı müasir Azərbaycan və İran dövlətlərini vahid tale müstəvisində qovuşduran ilahi dialektikadır. Azərbaycan (o cümlədən Türkiyə) elə dövlətdir ki, onu İrana düşmən olmağa heç nə məcbur edə bilməz. Bu gün İranla «can bir qəlbdə olan» Ermənistan onu öz mənafeyi naminə fikirləşmədən qurban verər. Ona görə müasir İranda və dünyada onun Azərbaycanla candan və qandan gələn qardaşlığını düşmənçiliyə çevirmək istəyən qüvvələr var və bu niyyət xüsusilə Ermənistanın İrana münasibətdə yeritdiyi xarici siyasətin heç də gizlədilməyən əsasını təşkil edir. Nizaminin azərbaycanlı olmaması haqqında son dövrlərdə İrandan gələn səslərin arxasında erməni məkrinin durduğu da aydın görünür.
Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına mənsubluğu, yaxud məsələnin daha geniş aspekti kimi, onun milli və ədəbi kimliyi məsələsi tədqiqatçılardan bu problemin həllinin uyğun metodoloji modelinin tapılmasını tələb edir. Mövcud yanaşmalarda kifayət qədər ağıllı məqamlar, aktual tezislər, ciddi postulatlar olsa da, problemin həllinin metodoloji sistemi bugünə qədər ortaya qoyulmamışdır. Bu, bir məqalənin həllə edəcəyi məsələ olmasa da, onun ümumi konturlarına toxunmaq, əsas tezislərindən bəhs etmək mümkündür.
Dostları ilə paylaş: |