Birincisi, bu məsələdə ilk növbədə milli kimliklə ədəbi kimliyin münasibətlərini aydınlaşdırmaq lazımdır. Çünki bunlar heç də həmişə biri-birini təsdiq etmir. Bu baxımdan:
milli kimlik – yaradıcı şəxsin milli-etnik mənsubiyyəti;
ədəbi kimlik – onun hansı milli-ədəbi maraqları təmsil etməsidir.
İnsanın milli etnik mənsubiyyəti də onun milli kimliyini heç də həmişə təyin etmir. L.N.Qumiloyun dediyi kimi, bir insanın milləti onun etnik-bioloji mənsubiyyəti ilə yox, özünü milli baxımdan kim olaraq dərk etməsi (milli özünüdərklə) müəyyənləşir. Bu halda Nizaminin milli-etnik mənsubiyyəti, yəni onun bioantropoloji subyekt olaraq Azərbaycan türkü, yoxsa fars olması şairin öz yaradıcılığından boy verən milli kimliyini təsdiq, yaxud inkar etmir. Bu cəhətdən Nizami yaradıcılığında aydın ifadələnmiş, onun insan konsepsiyasının əsas bədii-estetik konsepti səviyyəsinə qədər inkişaf etdirilmiş türk milli kimliyi açıq şəkildə boy verir. Türklük Nizami yaradıcılığının ruhuna hopmuş, yaratdığı bədii dünyanın ab-havasına, rəng-ruhuna çevrilmişdir. Keçən əsrin 20-ci illərində İrana səfər etmiş akademik Marrın şəhadətinə görə, İran alimləri farsca yazdığına görə onu İran-fars şairi hesab etsələr də, «Əz asare-Nizami buye-türk miyayəd» («Nizaminin əsərlərindən türk iyi gəlir») deyərək, şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər.
İran-fars alimlərinin bu etirafı, əslində, Nizaminin milli kimliyini açıq şəkildə ortaya qoyduğu kimi, onun milli-etnik mənsubiyyətini də aydınlaşdırır. Yaradıcılığı «türk ətri saçan» şair bütün varlığı ilə türklüyə bağlı olmuş və o, türklüyü həm fəlsəfi-ilahi, həm də bədii-estetik konsept səviyyəsində mənalandırmışdır.
Dostları ilə paylaş: |