AMEA Folklor İnstitutu Nİzamİ POEZİYASINDA məkan, zaman və kəmİyyət vəhdətİ: DİNİ-MİFOLOJİ
DÜŞÜNCƏ KONTEKSTİNDƏ Nizami epik əsərlərini dünyanın ilkin ümumi strukturuna uyğun şəkildə qurur. Həmin struktura əsasən bütün yaranışların – istər maddi, istərsə də mənəvi quruluşu eynidir. Söhbət varlıqların zahiri görünüşündən, həcmindən, ölçüsündən deyil, təbiətindən, tərkibindən, fəaliyyət sistemini formalaşdıran əlamətlərindən gedir. Doğrudur, mifik təsəvvürlərdə dünyanın meydana gəlməsi ilahi qüvvələrlə əlaqələnir. Müəyyən prinsip və ardıcıllıqla varlıqlar – göy, ulduzlar, günəş, ay, yer, dağ, çay, dəniz, məxluqat mühüm dörd ünsürün – su, od, torpaq və havanın vəhdətindən əmələ gəlir. Bütün varlıqlar durğunluqdan çıxdığı nöqtədən uzaqlaşıb təzədən ora – başlanğıca can atır. Onları hərəkətə gətirən qüvvə Nizamidə eşqdir. Bu strukturda canlıların, xüsusilə, insanın doğulması böyük əhəmiyyət kəsb edir. Ağıl, şüur, daha doğrusu, mənəvi aləm Adəm vasitəsi ilə göydən yerə endirilir, bundan sonra Yaradıcı öz funksiyasının cüzi bir hissəsini bəşər oğluna güzəştə gedir. İnsanlar artıb çoxaldıqca ağlın meydanı da genişlənir, fikirlər haçalaşır, qarşıdurmalara gətirib çıxardır. İnsan özünü dərk etdikcə, onda böyüklük, iqtidarlıq meylləri artır. İddiaları yatağına sığmayıb hərisliyə, şəhvətə dönür. Öz Yaradıcısına doğru can atanların bəziləri dünyanın naz-nemətinə uyub yollarını azırlar. Onda Tanrı insanların arasından birini seçib peyğəmbərlik zirvəsinə qaldırır və onu ideyalarının daşıyıcısına çevirir.
Beləcə dünyada hər şey başlanğıcdakı dünya modelinin analoqu kimi eyni formada doğulub inkişaf edir. Nizami poemasının quruluşunun həmin strukturla üst-üstə düşən tərəfləri çoxdur. Diqqət yetirsək, görərik ki, başqa əsərlərinin girişində olduğu kimi «Leyli və Məcnun»da da yaxşı, yaxud pisi, xeyir, yaxud şəri meydana gətirən Allahdır. Tövhid və nət hissələrində Tanrının dünyayaratmada gördüyü bütün işlər İslam mifologiyasına və Azərbaycan türklərinin ilkin inanclarına əsasən verilir. Sonra şair Allahın yer üzündəki seçmə insanlarından bəhs açır. Adəmdən başlayaraq Məhəmmədə qədər olan əksər peyğəmbərlərin – Musa, Yaqub, Süleyman, Davud, Yusif və İsanın həyatının ibratəmiz məqamlarını poetik dillə diqqət mərkəzinə çəkir. Şair bir növ göylə yer arasında körpü yaradan həmin müqəddəs insanların fəaliyyətindən ibrət aynası kimi faydalanır. Ümumiyyətlə, Nizaminin məhəbbət dastanını ilkin təsəvvürlərdəki strukturla müqayisə etdikdə məqsədli şəkildə onları təkrarladığının şahidi oluruq.