ГАЛИБ САЙЫЛОВ
НИЗАМИ ГЯНДЖЕВИ И ЕТНИЧЕСКАЯ ПАМЯТЬ
Резюме
В статье говорится о том, что в произведения великого поэта мировой литературы Низами Гянджеви богаты фольклорными мотивами. Выявлена, что фольклорные мотивы в произведенях поэта изпользованы в качестве этнической памяти.
Fidan QASIMOVA
AMEA Folklor İnstitutu “Folklor və
yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi
NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNDƏ XALQ
ADƏT-ƏNƏNƏLƏRİ VƏ İNANCLAR
Azərbaycan yazılı ədəbiyyatının dahi nümayəndələrindən biri olan Nizami Gəncəvinin yaradıcılığı illərdir tədqiqatçıların ən çox müraciət etdiyi sahələrdən biridir. Onun tükənməz tədqiqat mənbəyi olan əsərləri şairin elmi-fəlsəfi, dini, ibrətamiz, öyüd-nəsihət xarakterli fikirlərini əks etdirmək baxımından daima diqqət mərkəzində olmuşdur. Öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir üslub yaratmış şair, yaşadığı dövrdən başlayaraq bizim dövrümüzədək neçə-neçə şair və yazıçıların yaradıcılığının ilham mənbəyi olmuşdur.
Nizami də əsərlərini yazarkən müxtəlif mənbələrə müraciət etmişdir. Belə mənbələrdən ən başlıcası şifahi xalq ədəbiyyatıdır. Belə ki, xalq yaradıcılığına müraciət onun əsərlərini məzmun və forma baxımından daha da zənginləşdirmişdir. O həm Azərbaycan, həm də başqa – ərəb, hind, İran xalqlarının şifahi xalq yaradıcılığından böyük sənətkarlıqla faydalanmışdır. Şifahi xalq ədəbiyyatının atalar sözləri və məsəllər, mərasim folkloru, əfsanə və rəvayət və s. kimi növlərinə müraciət edən şair bunlardan istifadə ilə öz fikirlərini daha mükəmməl və demək istədiyi mənaları daha təsirli ifadə etməyə müvəffəq olmuşdur. Nizami yaradıcılığının folklorla bağlılığı haqqında Azərbaycanın bir sıra tanınmış alim və tədqiqatçıları söz açmışlar. Bu haqda nə qədər danışılsa da, yenə də azdır. Nizaminin folklora marağını göstərən digər bir cəhət onun əsərlərində xalq adət-ənənələri və inanclarının bədii əksidir. Hər zaman xalq içərisində yaşayan, onun həyat tərzi, gündəlik məşğuliyyəti, sevinc və kədəri ilə yaxından tanış olan şairin əsərlərində xalqımızın adət-ənənələrinə və inanclarına müraciəti heç də təsadüfi deyildir.
Xalqımızın ən qədim dövrlərdən qalan adətlərindən biri ailə qurmaqla bağlıdır. Nizami də əsərlərində bunlardan ətraflı bəhs etmişdir. Gələcəyin anası olan qızlarımızın özlərini uca tutması, öz namus və ismətlərini qoruması, təmiz sevgi və el adətlərinə uyğun olaraq ailə qurmaları ilə bağlı Nizaminin Məhinbanunun dili ilə verdiyi aşağıdakı sözlər çox dəyərlidir:
Yaraşmaz кişinin dalına düşməк,
Bu sifət qadında olmasın gərəк.
Çox təzətər gülü əldə tutdular,
İyləyib, iyləyib, sonra atdılar.
Çox şərab töкdülər gül qədəhlərə,
Daddılar, sonra da töкdülər yerə.
Bilirsən, baş uca olduğu zaman,
Xoşdur ərə getməк eşqbazlıqdan. (1, 177)
Məhinbanunun nəsihətlərinə qulaq asan Şirin xalqımızın el adəti ilə ailə qurmaq üçün böyük çətinliklərə dözür:
Düşünürdü: Xosrov gözləyər ədəb,
Onu yaxşılıqla eyləyər tələb.
Şah adam göndərib кəsdirər кəbin,
Gəlin кimi gedər saraya Şirin. (1, 328)
Sonda isə Şirin öz arzusuna, sevgisinə çatır və ən önəmlisi isə budur ki, öz xasiyyətinə görə şah da daxil olmaqla, hər kəsin hörmətini qazanır:
Pıçıltıyla şaha söylədi Şapur:
"Əgər ay tutuldu, üzrü var, odur.
Çünкi bu günəcən o qəlb parladan
Yaxşı ad saxlamış eldə hər zaman.
İndi qorxur şahın hissi, xəyalı,
Ay üzünə qoysun xəcalət xalı."
Şah baxdı xoş barlı ağac toxmuna,
Gördü кi, peyvəndsiz əl yetməz ona.
Əhd etdi, söz verdi, and içdi, hərgiz
Ona əl vurmasın əsla кəbinsiz.
Toplasın dünyanın böyüкlərini,
Niкahla bənd etsin o dilbərini. (1, 414)
Göründüyü kimi xalqımızın elçilik adəti Nizaminin də yaradıcılığında öz əksini tapmışdır. Ağsaqqal və ağbirçəklərin iştirakı ilə elçilik mərasiminin keçirilməsi, bundan sonra qohum olmağa hazırlaşan iki ailənin başçıları arasında kəbin məsələsinin həlli, südpulu və s. məsələlər barəsində razılıq əldə edilməsi kimi adətlərinin çoxu indi də Azərbaycanda yaşamaqdadır.
Əvvəlki adətlərdən biri də toy üçün uğurlu gün seçilməsidir ki, buna da “Xosrov və Şirin” əsərində rast gəlirik. Əsərdən də göründüyü kimi, münəccimlər vasitəsilə toy üçün uğurlu gün və saat seçilirdi. Toy vaxtı bəy və gəlinin başına doğranmış şəkər, kiçik sikkələr və gülab səpirdilər:
Şah dedi: "Bir gecə qoy münəccimlər
Yaxşıya, yamana baxsın bir qədər.
Qaranlıq gecəyə göz gəzdirərəк.
Bir gün seçsinlər кi, olsun mübarəк.
Ay кəcavəsini salıb o günə,
Bəlкə də gətirəк günəş bürcünə."
Münnəcimlər xeyli ölçüb biçdilər,
Toy üçün uğurlu bir gün seçdilər. (1, 417)
Nizami yaradıcılığında toy adətlərindən başqa yas mərasimləri də öz əksini tapmışdır. Bildiyimiz kimi, yas mərasimində itirilən şəxsin üzüntüsüylə qara paltar geyinilir və bu paltar bəzən bir ay müddətinə əyindən çıxarılmırdı. Bu adətə “Xosrov və Şirin” əsərində də rast gəlirik. Məsələn, əsərdə belə bir hissə var ki, Məryəmin ölümündən sonra Xosrov ona hörmət əlaməti olaraq qara paltar geyinir və bir ay müddətinə taxta da çıxmır:
Məryəmin vücudu кöçdü aləmdən,
Məryəm ağacı təк şah çıxdı qəmdən.
Adına eləyib hörmət, ehtiram,
Bir ay yas saxladı onunçün tamam.
Hörmət üçün bir ay çıxmadı təxtə,
Qara paltar geydi o qara bəxtə. (1, 324)
Yasda icra edilən başqa bir adət ölmüş insanın paltarlarının ehtiyacı olanlara verilməsidir. Xosrov da vəfat edəndə Şirin onun hər şeyini ehtiyacı olanlara paylayıb, möhtacları sevindirir:
Sonra da Xosrovun bütün varını,
Təzə-кöhnəsini, paltarlarını
Yoxsula, möhtaca payladı Şirin.
Ondan razı qaldı hər yoxsul, misкin. (1, 451)
Yas mərasimi, yəni yasda icra edilən adətlər Nizaminin “Leyli və Məcnun” əsərində də təsvir edilmişdir. Burada Leylinin ölümü zamanı anasının saçını yolub, üzünü cırması, oxşamalar, ağılar deyib, qızı üçün ağlaması təsvir edilmişdir. Yasda əziz insanın ölümü münasibəti ilə icra edilən elə bu hərəkətlər indi də xalqımızın yas mərasimlərində icra edilən adətlərdəndir:
Qızını o halda görüncə ana
Elə bil qiyamət göründü ona.
Ağarmış başından götürüb örpək,
Saçını küləyə verdi səmən tək.
Anıb övladının qara gözünü,
Yolub saçlarını, cırdı üzünü.
Nə oxşama varsa dedi əzbərdən,
Nə saçı vardısa yoldu o birdən.
Ağladı, baxdıqca qızın boyuna,
Gözündən qan tökdü həyat suyuna.
Gah qızın üstündə sıxdı gözünü,
Gah onun alnına qoyub üzünü,
Gözünün yaşını tökdü fəğanla,
Yudu o çeşməni bu axan qanla.
Ananın naləsi göyə yüksəldi,
Fələk bu nalədən naləyə gəldi. (3, 249)
Qonaqpərvərlik xalqın milli dəyərlərini, mənəvi keyfiyyətlərini özündə əks etdirir. Xalq özünün humanist adət-ənənələrini belə vasitələrlə yaşadır və gələcək nəsillərə çatdırır. Qədim tarixə malik olan bu adət özündə xalqın mənəvi aləmini ehtiva edir.
Azərbaycan xalqına məxsus qonaqpərvərlik adətləri Nizami Gəncəvinin əsərlərində də təsvir edilmişdir. Onun təsvir etdiyi qonaqlıq adətləri xalqımızın mədəniyyəti, milli xüsusiyyətlərindən xəbər verir. Yaradıcılığında qonaqpərvərlik adətindən dəfələrlə söhbət açan şair "Yeddi gözəl" əsərində belə yazır:
Bağ qönçəsi kimi qonaq sevəndi,
Yanağı gül kimi gülürdü, şəndi.
Vardı işrət üçün mehman otağı,
Göydə Sürəyyaya dəyərdi tağı.
Süfrələr salmışdı, döşənmiş yerə,
Ədəb öyrətmişdi xidmətçilərə.
Gəlsəydi bir nəfər uzaqdan əgər,
Cilov tutub, qonaq eyləyərdilər.
Süfrə salardılar otağa layiq,
Yemək verərdilər qonağa layiq. (4, 129)
Verilən bu nümunədə xalqın qonaqlıq adətləri, qonağı qarşılamaq, ona qulluq, ümumiyyətlə, qonaqpərvərliyə məxsus olan bütün xüsusiyyətlər aydın görünməkdədir. Şair qonağa xüsusi otaq ayrılması, diqqətlə qulluq göstərilməsi, ləziz yeməklərdən ibarət süfrə açılmasının təsvirini verməklə hər bir ailədə qonağın hörmətlə qarşılandığını göstərir. Xalqımızın adətinə görə evə qonaq gələrkən onun qabağına gedib, əgər atlı gəlibsə tez cilovundan yapışıb “xoş gəlmisiniz” deyərək düşürüb gülərüzlə evə dəvət edirlər. Şair də burada atlı qonağın qarşılanmasını təsvir etmişdir.
Qonaqlıq haqqında danışan Nizami həmçinin evə gələn qonağa hədiyyə verilməsi adətini də təsvir edir. O göstərir ki, qonaqla ev sahibi bir-birlərinə hədiyyələr təqdim edirlər. Bildiyimiz kimi, bu da xalqımızın qədimdən gələn qonaqpərvərlik adətləri sırasında xüsusi yer tutur:
Elə ki, qonaqçı yığdı süfrəni,
Saysız töhfələrə qərq etdi məni.
Verdiklərimi də onlara qatdı... (4, 133)
Azərbaycanda qonağa olan hörməti şair xüsusi qeyd etməklə xalqının qonaqpərvərliyini belə qeyd edir:
Sən mənim hörmətli bir mehmanımsan,
Əziz tutulmalı daima mehman. (4, 141)
“İskəndərnamə” əsərində də qonaq qarşılamaq adəti ilə bağlı təsvirlər vardır. Nizami əsərin “Şərəfnamə” hissəsində göstərir ki, Bərdə hökmdarı Nüşabə İskəndəri şahlara layiq bir təntənə ilə qarşılayır, onun şərəfinə ziyafət verir; ölkənin naz-nemətləri, hər cür şirniyyat, yemək-içmək süfrə üstünə düzülür. O, bu torpağın zənginliyi, var-dövləti, xalqın qonağa hörmət və ehtiramı və s. ilə İskəndəri heyran qoyur:
Hər çeşid yeməklər axdı hər yandan
Yeməklər bişmişdi qoçdan, toğludan.
Uzun və yuvarlaq inçə çörəklər,
Saraydan boşalmış qapıya qədər.
Kökələr yoğrulmuş yağla, şəkərlə
Şəkərli küncütdə dada bax hələ
Ənbərlə yoğrulmuş dadlı yeməklər,
Cənnət yeməyindən verirdi xəbər
Süfrədə quzular coşğun sevincdən
Quş kimi qol qanad açmışdı şən-şən.
Ən dadlı mürəbbə, limonlu şərbət
Püstədə, badamda var başqa ləzzət
Var hədsiz paludə-ənbər qoxuyan
Çox məğzi palüdə sağalar ondan
Tər halva və badam halvası daşır,
O qədər çoxdur ki, qablardan aşır.
Gülabla çəkilmiş şərbət, gülşəkər,
Saçdığı şirənin nəfəsi ənbər. (2, 220-221)
Göründüyü kimi, Nizami milli adət-ənənələrimizə uyğun olaraq süfrəmizin bolluğunu təsvir etmişdir. Süfrədə bu çeşiddə nemətlərin təqdimi xalqımızın qonaqpərvərlik və səxavətinin göstəricisidir.
Qonaqlıqla bağlı təsvirlər Nizaminin əsərlərində dəfələrlə verilir. Onun “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İskəndərnamə” kimi əsərlərində xalqın qonaqlıq adətlərini təsvir edən səhnələr çoxdur.
Nizami Gəncəvinin hər bir əsərində xalq adət-ənənələri ilə bağlı çoxlu nümunələrə rast gəlinir. Bu xüsusiyyət onun xalq adət-ənənələrini yaxşı bilməsi və qədim adətlərə hörmətinin bariz nümunəsidir.
Şairin əsərlərində adət-ənənələrlə yanaşı bəzi xalq inanclarına da rast gəlmək mümkündür. Belə inanclardan biri övladı olmayanların kasıblara əl tutması, çoxlu nəzir verməsi və bunun nəticəsində də övladla mükafatlandırılmasına inamdır. Nəzir-niyazla uşağın dünyaya gəlməsi onun əsərlərində tez-tez müşahidə olunur. Daima nağıllarda, dastanlarda görünən bu xüsusiyyət şairin “Yeddi gözəl” əsərində də özünü göstərir. Nizami bu əsərdə 20 ildən sonra nəzir-niyazla dünyaya gələn Bəhramdan bəhs edir (4, 52). Buna “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında da rast gəlirik:
Əl üstə - səxavət, ayaq üstə - din.
Nəsli ta itməsin qoca dünyadan,
Bir övlad istədi böyüк xudadan.
Xeyli nəzir verdi, bir xeyli qurban,
Nəhayət lütf etdi allah bir oğlan. (1, 75)
Nizami əsərlərində müşahidə edilən digər bir cəhət münəccimlərin ulduzlara baxmaqla gələcəyi təyin etmələri ilə bağlıdır. “Yeddi gözəl” əsərində də təsvir edilir ki, Bəhram anadan olanda o, yaşasın deyə atası onu münəccimlərin göstərişi ilə Ərəbistana göndərir. Bu üsulla insan taleyini dəyişəcəyinə inanan hökmdarın bu hərəkəti, əvvəlki dövrlərdə xalqın baş verən bəzi hadisələr qarşısında əlacsız qaldıqları zaman atdıqları addımların, inancların göstəricisidir. Məsələn:
Münəccimlər baxıb gecə göylərə,
Gəldilər qərara belə bir kərə.
Dedilər: - Şahzadə gərək İrana
Vida edib getsin Ərəbistana.
Səadət bəxş edər ömrünə bəlkə
Ərəb məmləkəti, o qədim ölkə.
Hər kəsə bir diyar şərafət verər,
Bəlkə o yurd ona mal, dövlət verər. (4, 53)
Göründüyü kimi, ibtidai təfəkkür çağlarından qalmış belə inamlarla insanlar baş vermə səbəblərini bilmədikləri hadisələrə təsir etməyə cəhd göstərmiş, xəta-bəladan, xəstəlik, ölüm kimi hallardan uzaq olmağa, öz arzu və istəklərinə çatmağa çalışmışlar.
Bunu da qeyd etmək lazımdır ki, şifahi xalq ədəbiyyatı Nizami yaradıcılığına təsir etdiyi, onu məna və sənətkarlıq baxımından qidalandırdığı kimi, Nizami poeziyasının özü də xalq yaradıcılığına güclü təsir göstərmiş, ona yeni-yeni fikirlər, mövzular vermişdir.
Dostları ilə paylaş: |