وَجَعَلُواْ لِلّهِ شُرَكَاء الْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُواْ لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَصِفُونَ
“Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəkdə durur” (Ənam: 100).
Həmin məfhumun poetik ifadəsinə “Dilsuz və Xəzangül” dastanında da rast gəlirik:
Xəzangüləm, gəzdim bu gecə hər yan,
Düşmənin xofindən zari-giryan,
Didarın bir görüb, onda verrəm can,
Sığınıb bir həqqi-sübhana gəldim. (5.s.33)
Şükür haqqa, gördüm gül camalını,
Sağaldı qəlbində yara, xoş gördük.
Məcnunsuz Leylitək dağlar gəzirəm,
Məni bikəs, baxtı qara, xoş gördük. (5.s.35)
Bu bənd “Şükür haqqa” ifadəsi ilə başlayıb. Bu da qeyd etdiyimiz kimi Quran mövzu və motivləri ilə yanaşı, ayrı-ayrı söz və ifadələrin dastanlarda geniş yer aldığını göstərir. İnsanı, dünyanı, bütün varlığı və kainatı yaradan Allaha həmd və şükür etmək hər bir kəsin birinci dərəcəli borcudur.
Şükranlıq arxasında gizlənən dərin mənalar Qurani-Kərimin bir çox ayələrində, o cümlədən, Bəqərə: 52, 153, 185, 243; Ali-İmran: 123; Nisa: 147; Maidə: 6; Ənfal: 26; İbrahim: 7; Nəhl: 14, 78; Ənbiya: 80; Loğman: 12, 14; Səcdə: 9; Səba: 13; Fatir: 12; Yasin: 12, 14, 35, 73; Zumər: 79, 66-cı ayələrdə öz əksini tapmışıdr.
Allahın nemətlərinə görə Ona şükr et, Allah kimsəyə möhtac deyil, O bütün məxluqatı yaratdığı üçün hər cür həmdə və şükrə layiqdir, sizə verilən qulaq,göz, qəlbə görə bəlkə Ona şükr edəsiniz – kimi insanlığı şükranlığa çağıran Allah-Təalanın bu lütfünü bir həyat boyu unutmamaq lazımdır. Yazarlar və şairlər həmin motivi öz yaradıcılıqlarında bədii dillə ifadə etmişlər:
Mələktavusun Dilsuza xoş gəldin deməsi məqamından bir bəndə nəzər salaq:
Başına döndüyüm, ay dərdli Dilsuz,
Şükür haqqa,bu diyara xoş gəldin!
Məcnun kimi səhraları dolanan,
Şükür haqqa, bu diyara xoş gəldin (5.s. 49)
Dilsuzun cavabı da «şükür haqqa, bir də gördüm sizi mən» misrasının sintaktik paralel şəkildə təkrarlanması baxımından diqqəti cəlb edir:
Çəkdin bu dünyada görülməz bəla,
Şükür haqqa, bir də gördüm sizi mən.
Yar halından söylə mənə bir xəbər,
Şükür haqqa, bir də gördüm sizi mən (5.s.49)
Dostları ilə paylaş: |