QURANDA:
إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ ؛
اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ ؛
صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ
“ Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Bizi doğru (düz) yola yönəlt!
Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (Fatihə: 5-7)
Allahın, adətən, min bir adı haqqında bəhs edilir. Allahın ad və sifətləri, Onun birliyini, qüdrətini, xaliqliyini, mərhəmət və əzəmətini göstərir. Bu adların şeirdə işlədilməsi Tanrı kəlamının şeir dili ilə ifadəsidir. “Valeh və Zərnigar” dastanında Aşıq Valeh aşağıdakı bağlamanı söylədi:
Valeh əbcəd hesabını yad elər,
Belə mənaları tez savad elər,
Bir əlif, bir qayın min bir ad elər,
Ancaq ona demək olmaz ikidi. (8.s. 368)
Nümunə gətirdiyimiz misalda ğayn=1000, əlif=1 olduğu üçün müəmma poetik formasının faydalarına əsasən 1001 rəqəmini alırıq (9, 209-210).
Aşıq Valeh bu beytində klassik poetikanın ən maraqlı növünə istinad edərək Allahın 1001 adına işarə etmiş olur.
Allah-Təalanın bəlli olan gözəl adları (əl-Əsmaül-hüsna) 99-dur. Ədəbiyyatda Tanrının bu adlarının işlədilməsi “Tənsiqus-sifat” adlandırılır.
Allah-Təalanın zatı və sübutu sifətləri mahiyyət etibarı ilə eyni şeylərdir. Bu sifətlər arasında fərq olsa-olsa, zahiri xarakter daşıyır. Onlar zatın cövhərini təşkil edən amillərdir, buna görə də öz Sahibindən kənarda təsəvvür edilə bilməz (6, 69).
Quranda “Əsmaül-hüsna” ilə verilən Allahın gözəl adları içərisində ən çox işlənənlərdən biri də əl-Qədir (Qadir) sifətidir. Allahın qadir sifəti Bəqərə: 20, 129, Nisa: 134, Ənbiya: 87, Yasin: 81, Qiyamət: 40 və s .öz əksini tapmışdır.
Aşıq Qərib dastanının bu yerində Paşadan aldığı qızılı heybəsinə doldurub getmək istəyən Qərib çöldəki göz-gözü görməyən tufanı görüb aldı sazın belə dedi:
Bizim ellər dağdı, daşdı, virandı,
Qadir mövlam hər mətləbi verəndi,
Bayırda qar, çovğun, dolu, borandı,
Vətənimdən ayrı düşdüm, ağlaram! (8.s.116)
Beytin ikinci misrası yuxarıda qeyd etdiyimiz ayələrdən məxəzlənmişdir. Beytdə eyni zamanda dağ, daş, viran və qar, çovğun, dolu, boran sözlərindən istifadə edilmiş, bunlar eyni qəbilə məxsus sözlər olduğundan “muraatun-nəzir” bədii ifadə vasitəsinə nümunədir. Qeyd edək ki, bu poetik forma dastanlarda daha çox işlədilir.
Burada bir neçə xalq dastanından götürülmüş nümunələr üzərində yığcam təhlil göstərir ki, klassik aşıq poeziyasında və datanlarda İslam və Quran motivləri kifayət dərəcədə yar almış, həmin ədəbi növün istər ideya-məzmun və istərsə də bədi-estetik və poetik baxımdan zənginləşməsinə və cilalanmasına xidmət etmişdir. Deməli, sözügedən mövzunun daha geniş və əhatəli tədqiqinə böyük ehtiyac vardır və bu isə həmin sahədə olan boşluğu doldurmaq cəhətdən faydalı olar.
Ədəbİyyat:
1. Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov, B.M.Məmmədəliyev. “Kozan
Ofset” mətbəəsi. Ankara. Məhərrəm, 1481/1997
2. Дж.Фрейзер. Фольклор в ветхой завете. Москва, 1990
3. Təsiri-Quran və hədis dər ədəbiyyati-farsi. Dr. Əliəsgər Hələbi. Tehran 1371
4. Б.М.Гранде. Введение в сравнительное изучение семитских языков. М., 1972
5. Dilsuz və Xəzangül.Azərbaycan dastanları. Bakı: Çıraq, 2005
6. Hacı Sabir Həsənli. Haqqa doğru. Bakı: Elm və həyat, 1998
7. Mahirə Quliyeva. Quran bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı: Nafta-Press, 2008
8. Aşıq Qərib. Azərbaycan dastanları. Bakı: Çıraq, 2005
9. Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı: Ozan, 1999.
Dostları ilə paylaş: |