Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə186/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   182   183   184   185   186   187   188   189   ...   232
Həcər Sultanova

(Əlyazmalar İnstitutu)

Muhyİ Gülşənİnİn həyatı və əsərlərİ
XVI əsrdə Yaxın və Orta Şərqdə regionun ən qüdrətli dövlətinə çevri­lən Osmanlı imperatorluğu istər ölkə daxilində, istərsə də xaricdə öz nüfuzunu artırmaqda idi. Osmanlı imperatorluğu Asiyada, Afrikada da işğalları davam etdimiş, ilkin sivilizasiyalardan biri hesab olunan Misiri də fəth etməyə müvəffəq olmuşdur. Misirin osmanlılar tərəfin­dən işğalından sonra türklər yerli əhali ilə qaynayıb qarışmış, öz mədə­niyyətlərini müxtəlif xalqlar arasında yaymaqla yanaşı, misirlilərin adət-ənənələrinə qarşı böyük ehtiram nümayiş etdirmiş, hər iki mədə­niyyətin çulğalaşmasına vəsilə olmuşlar. Misirdə həm ədəbiyyatın, həm də elmin inkişafı prosesi sürətlənmiş, ədəbi simaların fəaliyyətləri geniş hüdudları aşmağa başlamış, Osmanlı ağalığı ölkənin mədəni, sosial, iqtisadi sferasında ciddi irəliləyişlərin baş verməsinə səbəb olmuşdur.

XVI əsr Osmanlı poeziyası məzmun, forma, dil, üslub baxımından özü­nün ən parlaq çağını yaşamaqdadır. Türk divan ədəbiyyatının təşək­külü prosesinin qismən tamamlandığı bu dövrdə poeziyada ərəb-fars mən­şəli ibarə və izafətlər geniş işləkliyi ilə diqqəti cəlb edir. Dil və üslubda aparıcı mövqeyə malik Osmanlı türkcəsi ustadlar tərəfindən əlverişli bir şeir dili olaraq qəbul edilmiş, hiss və duyğuların ifadəsində zəngin məna çalarlığının yaranmasına vəsilə olmuşdur. “Şəhrəngiz” janrının geniş yayılması ilə diqqəti cəlb edən bu dövrdə şəhər mühiti, onun təsviri, tarixi abidə və tikililərin, dini ibadətgahların obrazlı tə­rənnümü poeziyanın əsas tədqiqat obyektinə çevrilirdi. Lame Çələbinin “Şəhrəngiz-i Bursa” əsəri Sultan Süleyman Qanuninin Bursa şəhərinə gəlişi münasibəti ilə yazılmış, şəhərin gözəl mənzərəsini, şəhər həyatını əks etdirməkdədir. Təzkirəçilik ənənələrinin sürətli inkişaf etdiyi XVI əsr ədəbiyyatı dövrün ədəbi aynası olmaqla ictimai-tarixi mühit haq­qında dolğun bilgiləri özündə təcəssüm etdirir, elm-irfan sahib­lə­ri­nin həyat və yaradıcılıqları haqqında dərin məlumat çatdırmış olur.

XVI əsrdə Osmanlı torpaqlarında dini təriqətlərin çoxalması poezi­ya­ya islami düşüncə tərzinin, dini-irfani baxışların keçidini sürət­lən­dirmiş, şeyxlərin (pirlərin) fövqəladə bacarıq və qabiliyyətlərini, fəzilət­lə­rini izhar edən “mənaqibnamə” lərin yaranmasına zəmin olmuşdur. Os­manlı tarixinə “xəlvətiyyə” kimi daxil olmuş təriqət özünün zikr məc­lisləri, riyazəti, dini ərkanı, təsəvvüfi düşüncə tərzi, islami baxışı ilə bir tərəfdən mövləviliyə, digər tərəfdən isə məlamiliyə meyl etmişdir. Qurani-Kərim, sünnət, vəlilərin kəlamı, mürşidi-kamilə yiyələnmək kimi əsasları özündə ehtiva edən təriqətin vəhdəti-vücud, əqli-küll, mə­la­mət nəşəsi ilə bağlı fəlsəfi görüşləri onların inanc və dünyagörüşündə öz əksini tapmışdır.

Təriqət ədəbiyyatının parlaq simalarından biri, Osmanlı tarixində ilk süni dil hesab edilən “esperanto” nun yaradıcısı Muhyi Gülşəni 1528-1529-cu illərdə Ədirnə şəhərində doğulmuşdur. Əslən Şirazdan olan ta­cir babası Əbu Talib Sufi Xəlilin zülm və istibdadından yaxa qurtarmaq üçün Ədirnəyə gələrək burada məskunlaşmışdır. İlk və orta təhsilini burada Üçşərəfli və Bəyazid mədrəsələrində tamamlayan Məhəmməd Muhyi ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, təxminən on səkkiz yaşında ikən İstanbulda dəftərdar olan qardaşının yanına yollanmış, özünün şair kimi bacarığını inkişaf etdirməyə çalışmışdır. İstanbulda olarkən o, dövrün mötəbər şəxsiyyətləri olan Şeyxülislam Əbu Səid Əfəndi, Muhyiddin Karamani, Süruri ilə tanış olmuş, hətta onlardan bəzilərinin dərslərində iştirak etməyə müvəffəq olmuşdur. Şeyxülislam Əbu Səid Əfəndi Muhyinin əbcəd hesabı ilə bağlı bacarığından dolayı ona “sahib-i tarix” deyə xitab edərdi. İstanbulda olarkən Sultan Süley­man Qanuninin şərəfinə türkcə və farsca qəsidələr yazan Muhyi Heydər ağa vasitəsi ilə onları hökmdara təqdim etmiş və beləliklə hökmran dairə­lərdə öz qüdrətinin tanınmasına şərait yaratmışdır. Heydər ağanın fars dilinə mükəmməl yiyələnən “Kiçik Əcəm” deyə müraciət etdiyi Muhyi Gülşəni tez-tez onun evində təşkil olunan ədəbi məclislərdə işti­rak etmiş, öz məharət və qabiliyyətini nümayiş etdirmişdir. Hülvi Muh­yi­nin bir gün məscidə Muhyiddin İbn əl-Ərəbinin “Füsus əl-Hikəm” əsə­ri ilə getdiyini, Şeyxülislam Çivizadə tərəfindən “mülhid” deyə tən­qidi sözlərə tuş gəldiyini, bu hadisədən sonra həbs olunduğunu, qazı ilə mükalimədən sonra “Füsus əl-Hikəm” ın bəzi mətnlərini şərh etdikdən sonra azad edilmişdir. 1552-1553-cü illərdə Muhyi Qahirədə dəftər­dar­lıq fəaliyyəti ilə məşğul olan qardaşının yanına getmiş, Misir qazısının naibi vəzifəsinə təyin olunmuşdur. Onun həyatında baş verən əlamətdar hadisələrdən birini dəftərdar İsgəndər Çələbinin köməyi ilə Şeyx İbra­him Gülşəninin oğlu Şeyx Əhməd Xəyaliyə mürid olması təşkil edir. Öz üzərində səylə çalışan Muhyi burada Cəmaləddin Xəzrəcidən nü­cum elminin sirlərinə yiyələnmiş, Şeyxi Əhməd Xəyalinin qızları ilə ev­lənmişdir. Təxminən 1554-1555-ci illərdə Ədirnəyə qayıdan Muhyi Gülşəni burada qış səbəbi ilə qıtlıq ilə üzləşmiş olur. Sonrakı illərdə İstanbula səfər edən şair ömrünün son illərini Misirdə keçirmiş, Muh­yid­din İbn əl Ərəbinin “Füsus əl-Hikəm” əsərini tədqiq etməklə məşğul olmuşdur. Mənbələrdə onun 1605-1606-cı illərdə vəfat etdiyi və gülşəni dərgahında dəfn edildiyi qeyd olunmaqdadır.



Məhəmməd Muhyinin çoxşaxəli yaradıcılığı xalqlararası, “esperan­to” olaraq icad edilən dili, divanı, 200-ə yaxın əsəri özündə ehtiva et­mək­lə müxtəlif qaynaqlarda əks olunmuşdur. Muhyi Gülşəninin əbcəd hesabı ilə tarixləri öz əsərlərində qeyd etməsi əsərlərinin yazılmasının xro­nolji ardıcıllığı haqqında zəngin məxəz rolunu oynayır. Burada diq­qətimizi Muhyinin çoxsaylı əsərlərindən haqqında konkret bilgi əldə et­diyimiz 10-una yönəldirik.

  • “Nəfhətül-əshar” 1588-1589-cu illərdə yazılmış bu əsər Muhyi­nin həyatındakı real faktları, Cəmaləddin Xəzrəci ilə tanışlığını, məh­kəmə naibi vəzifəsində çalışdığı müddətdə gülşəniyyə təriqətinə meyl etməsini, qarşılaşdığı mütəfəkkir alimləri və fəna fillah məqamına çat­maq üçün etdiyi seyri-süluk yolçuluğunu ifadə edir.

  • “Əxlaq-i kiram” öyüd, nəsihət xarakteri daşıyan bu əsəri müəl­lif öz oğullarına ithaf etmiş hikmət, ona sahib olmanın fəzilətləri, əxlaq, davranış qaydaları ilə bağlı öz düşüncələrini qələmə almışdır. 1585-ci ildə yazılmış bu əsər didaktik məzmuna malik olmaqla Muhyinin “Əx­laq-i kəbir” əsərindən seçmə, yəni müntəxabat rolunu oynayır.

  • “Kitab-i həqqül yəqin” farsca mənzum formada olan bu əsərdə döv­rün irfan sahibi olan Abdullah bin Mübarəkin təsəvvüfi baxışları, nəfs, bədən, ruh, tövhid və s. anlayışlarla bağlı sual-cavabları ətraflı şə­kildə verilmişdir.

  • Muhyi Gülşəninin ilahi eşqin tərənnümünə həsr olunmuş əsər­lərin­dən biri olan “Silsilətül-işk” ə seyri-sülukunu tamamlayan müridin mütləq varlıqda təcəlli etməsi, ilahi gözəllik, cism aləmi, həqiqi eşq, Tan­rı nuru, ilahi cövhər kimi anlayışlar daxil edilmiş, varlıq ünsürünün izahı təfərrüatı ilə qeyd edilmişdir.

  • “Kəşf-i şəhril-iman hürufi sirr-i üstürlabil-ihsan” müəllifin əb­cəd hesabı nəzərə alınarsa 1598-ci ildə mənzum formada yazılmış, şairin tərcümeyi-halı ilə bağlı bəzi maraqlı məlumatların toplanıldığı əsərdir. Əsərin giriş hissəsində Muhyi türk, ərəb və fars dillərində olan məharətini, şeyxi ilə təsəvvüfi-irfani söhbətlərini, təriqət əhlinin keçdiyi təkamül yolu, cəzbə halı, şeyxi tərəfindən xəlifə seçilməsi, Şeyxülislam Əbu Səid Əfəndinin ilahi ruh və ilahi əxlaq haqqında fikirlərinə geniş yer vermiş, dövrün bir sıra tarixi hadisələrindən söhbət açmışdır.

  • Muhyi Gülşəninin zəngin tərcüməçilik fəaliyyətinin faktiki sü­butu olan “Hüsn ü dil” əsəri məşhur İran şairi Fəttahinin eyni adlı əsə­ri­nin türkcəyə təkmilləşmiş formada tərcüməsi olub şairin məhz bu sahədə olan bacarığının göstəricisidir. Muhyi Lame Çələbi tərəfindən başlanılmış tərcümə işinin davamçısı olmaqla yanaşı, öz fəaliyyətini ge­niş aspektdə aparmaqla tədqiqata yekun vurmuşdur.

  • Misirdə qəzalə ərəbləri tərəfindən mərkəzi hakimiyyətə tabe ol­ma­maq məqsədi ilə qaldırılmış xalq üsyanları, Sultan III Muradın ha­ki­miy­yəti dövründə Hafiz Əhməd paşanın üsyanları yatırmaq üçün gör­düyü tədbirlər Muhyi Gülşəninin “Qəzalə-namə” adlı əsərində əks olun­muş, Misir mühiti, hakimiyyət uğrunda çəkişmələr mənzum şəkildə təsvir olunmuşdur. Muhyinin tərcibənd, təxmis və mürəbbeləri şairin tə­səvvüf və irfana olan sonsuz inam, tanrı feyzi, həqiqi varlıq, ruh və mə­nəviyyata dair ümumi düşüncələrini ifadə etmiş, nəfsə qalib gəlmə­yin yeganə yolu olan həqiqi eşqin vəsfi dönə-dönə vurğulanmışdır.

  • Muhyi Gülşəni icad etdiyi xalqlararası-esperanto bir dil olan “Ba­li­bilən” üçün “Məsadir-i əlsine-i ərbaa” adlı lüğət də tərtib etmiş, türk, fars və ərəb dilinin fonetik, leksik, qrammatik xüsusiyyətlərini nəzərə almaqla söz birləşməsi, cümlə, hökmlərdən nümunə kimi yarar­la­naraq müqayisəli şəkildə dillərin tədrisi prosesini icra etmişdir. Əsər­də əlifba sırası ilə əvvəlcə fars dilində işlənən məsdərlər, daha sonra on­ların türk, ərəb və “Balibilən” dilində qarşılıqları verilmiş, qrammatik kateqoriyaların, feli sifət və felin zaman kateqoriyasının şəkilçiləri əlavə edilmişdir. Muhyinin ortaq olaraq icad etdiyi dil qaydaları nitq hissələrinə şamil edilmiş, sərfə, nəhvə dair təsnifatlara, fonetik hadisə və qanunlara, səs uyuşmaları, suffiks və prefikslərə müəllif tərəfindən aydınlıq gətirilmişdir.

  • Muhyi Gülşəni tərəfindən türklər, farslar və ərəblər üçün müş­tə­rək olaraq icad edilən yeni dilin lüğət və qayda-qanunlarını özündə cəmləşdirən “Lüğət və Qəvaid-i Balibilən” əsəri ön söz, səkkiz sinif, bir xatimə və on kitab kimi qisimlərə ayrılmış, xalqlar arasında dil birliyi yaratmağa xidmət etmişdir. Əsər hərflər, saylar, sərf, nəhv, istilah, məs­dər adları ilə bölgü əsasında qruplaşdırılmış, müəllif tərəfindən lüğət və dilçiliyə dair yeni terminlər də əlavə edilmişdir. Muhyi bu dili yarat­ma­ğın vacibliyi məsələsinə toxunarkən müsəlmanlar arasında din birliyi ilə yanaşı, dil birliyinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş, buna təşəbbüs göstərən ilk adəmoğlu olduğunu vurğulamışdır.

Dəxi bir müstəqil dil qıldım icad,

Bir adəm qılmaq olmaz eylə bünyad.

Edub andə türki, farsi həm,

Ərəb üslubi üzrə oldi möhkəm.

O olub Balibilən nami ol lisanə,

Morattab oldi ol fənni yeganə.

“Lüğət və Qəvaid-i Balibilən” əsərində Osmanlı türkcəsinin səs uyuş­ması, həm etimoloji, həm də terminoloji spesifikası, felin zamana, şəxsə görə dəyişmə ardıcıllığı sıralanmış, ərəb dilinin söz düzümü əsas götürülmüşdür. Özünü “dilsizlərə dil verən” qismində təqdim edən Muh­yi məsdərləri əmələ gətirmək üçün fel köklərinə (-əm, am) şəkil­çi­sini artırmış, indiki zamanda işlənən fellərin əmələ gəlməsi yollarından bəhs edərkən “mi” hissəciyindən istifadəni önə sürmüş, feli sifət şəkil­çi­si olan (-ən, an) şəkilçisini nümunə göstərmişdir. Muhyi Gülşəninin xalq­lararası-esperanto bir dilin qurucusu olmasını ilk dəfə 1966-ci ildə Midhat Sərtoğlu “Həyat Tarix” məcmuəsində “İlk milletlerarası Dili Bir Türk İcat Etmişdi” məqaləsi ilə aşkara çıxarmış, əlində olan bir nüsxəni tədqiq etdikdən sonra “Balibilen Dili dünyanın ilk Espe­ran­tosudur” adlı tezisini ictimaiyyətə təqdim etmişdir. Tədqiqatın genişmiq­yaslı təşkil olunması nəticəsində Mustafa Koçun gərgin əməyi sayəsində “Baleybelen” nəşr olunmuşdur.

Muhyinin farsca, türkcə qəzəllərindən ibarət olan “Divan” ı Misirin Xidiviyyə kitabxanasının məcmuəsində yer almış, təəssüf hissi ilə qeyd etməliyik ki, başqa bir nüsxəsi aşkar olunmamışdır. Divanda yalnız bölmələr üzrə qəzəllərin verilməsi onu ənənəvi divanlardan fərqlən­di­rən cəhət kimi diqqət cəlb etsə də, qəsidələr, rübailər kənar hissələrdə pə­rakəndə şəkildə verilmişdir.

“Mənaqib-i İbrahim Gülşəni” Muhyinin yaradıcılığında dönüş nöq­təsi hesab ediləcək bir əsər olub gərgin əmək sayəsində 36 ilə ərsəyə gəlmişdir. Əsəri Əhməd Xəyalinin xahişi ilə qələmə almış, xəlvətiyyə təriqətinin bir qolu olan gülşəniyyənin yaradıcısı İbrahim Gülşəninin tərifəlayiq fəzilət və kəramətlərini geniş şəkildə nəql etmişdir. “Məna­qib-i İbrahim Gülşəni” ədəbi əsər olmaqla yanaşı, dövrün sosial, iq­tisadi, mədəni hadisələrini, hakimiyyətdə olan hökmdarların idarəçilik sisteminin bəzi məqamlarını əks etdirir. Məhz bu səbəbdən əsər tarixi mahiyyət kəsb etməklə XVI əsr mühitinin öyrənilməsində açar rolunu oynayır. Əsərdə Azərbaycan, Türkiyə, Misir, Təbriz və Yaxın Şərqdə baş verən hadisələr qələmə alınmış, şeyx və pirlərin ədəbi mövqeyi, təriqət ədəbiyyatı, mürşidi-kamillərin ədəbi baxışları, eləcə də övliya­la­rın şeir örnəkləri verilmişdir. İlk vaxtlar adı “Kalbi-kitabi-əshabi-tə­ra­yik” kimi verilsə də, Muhyi Gülşəni sonradan əsərini Əflakinin “Məna­qibül-arifin” əsərinə bənzətmək məqsədi ilə adında dəyişiklik etmişdir. “Mənaqib-i İbrahim Gülşəni” bir sai, on təqəllob, bir silahdar və bir rikab­dar adlı hissələrdən ibarət olmaqla 1605-ci ildə tamamlanmışdır. Əf­lakinin “Mənaqibül-arifin” adlı əsəri ilə oxşarlığı hər ikisinin yazıl­ma­sına 36 ilin sərf olunmasında da özünü nümayiş etdirir. Əlyazma nüsxələri “İstanbul kütuphaneleri. Tarih-Cografiya yazmaları kataloq­ları”nda İstanbul Millet kütuphanesi (Ali Emiri Efendi. Şeiriyye №1046), İstanbul Millet kütuphanesi (Ali Emiri Efendi. №1045), İstan­bul Süleymaniyye Kütuphanesi (Esad Efendi. №1342) şifrələri ilə qeyd edilmiş, əlyazmaların elmi-paleoqrafik təsviri verilmişdir. Ali Emiri Efen­di. Şeiriyye. №1046 şifrli nüsxə adi rüqə xətti ilə yazılmış, 212 sə­hi­fədən ibarət olub kənarlarında bəzi təshihlərə yol verilmişdir. Ali Emiri Efendi №1045 şifrli nüsxə qəhvəyi rəngli meşin, 536 səhifədən təşkil olunmuşdur. Süleymaniyye kütuphanesi. Esad Efendi. №1342 şifrli nüsxə 127 səhifəli, təliq xətti ilə yazılmış, üstü əbru kağızı ilə ör­tül­müşdür.

“Mənaqib-i İbrahim Gülşəni” də Şeyx İbrahim Gülşəninin mürşid kimi ədəbi fəaliyyəti, qeyri-adi bacarıqları, sahib olduğu üstünlüklər, insanlara qarşı münasibətdə adil olması, təriqət əhlinin iman, ibadət anlayışlarına yanaşma tərzi şərh olunmuşdur. 1426-1427-ci illərdə Bər­də­də anadan olmuş Şeyx İbrahim Gülşəni əsərdə öz kökünü Oğuz Ata­ya bağlamış, uşaq yaşlarından etibarən Qurani-Kərimə vaqif olmuş, türk­cə kitablardan müxtəlif təfsir və hədislər oxumuşdur. İbrahim Gül­şəni dövrünün bir sıra elmlərindən agah olmaq məqsədi ilə Mavərən­nəhrə yola düşmüş, Təbrizə çatdıqda Molla Həsənlə tanışlıqdan sonra bu­rada qalmağı qərarlaşdırmışdır. Uzun Həsən ilə tanış olmağa müvəf­fəq olan İbrahim Gülşəni qısa zaman ərzində sultanın hörmətini qazana­raq “tərxan” rütbəsinə yiyələnmişdir. Uzun Həsən bir sıra dövlət əhə­miyyətli məsələlərin həllində onun məsləhətlərindən faydalanmış, hətta orduda ruh yüksəkliyi yaratmaq üçün döyüşlərdə belə İbrahim Gülşə­nini öz yanında aparmışdır. Əsərdə Şirazda yerli əhaliyə qarşı münasi­bətdə amansızlıq nümayiş etdirən Uzun Həsənin qardaşı Sultan Xəlilin İbrahim Gülşəni ilə tanışması, Sultan Xəlilin gördüyü vaqeənin şeyxə əyan olması, şeyxdən üzr istəyib etdiyi səhvlərdən ibrət götürməsi faktı ətraflı şəkildə nəql olunmuşdur. Şeyxin sahib olduğu kəramətlərdən biri onun yuxu yozma ilə bağlı nümayiş etdirdiyi fövqəladə bacarıqlar idi. Zaviyəyə gələn insanların yuxusu öncədən ona məlum olarmış, ondan mədət uman insanları naümid geri qaytarmaz, hər kəsin dərdinə əlac olarmış. Nəql olunur ki, bir dəfə şeyxin yanına gələn bir fəqir əzab içində qəbirdə uyuyan birinin əzab çəkdiyini söyləyir. Bir müddətdən sonra yenidən qəbrə enən həmin şəxs mərhumun əzab-əziyyətdən azad olunduğunu görür. Şeyxdən bunun səbəbini soruşduqda bu hadisəni ölən şəxsin övladının “Bəsmələ” oxuması ilə əlaqələndirir. Yəni mərhu­mun günahları uca yaradan tərəfindən övladının “Bəsmələ” oxumasına görə bağışlanılır. Şeyx İbrahim Gülşəninin Misirə gəlişi, Məmluk sul­tanı tərəfindən ona Müaviyyə mədrəsəsində hücrənin ayrılması, burada irşad fəaliyyətinə başlaması, bir müddətdən sonra Misirə səfər edən Os­manlı sultanı Yavuz Səlim şeyx ilə şəxsən görüşüb onun hal-əhvalı ilə maraqlanması mənaqibdə əks olunmuşdur. “Mənaqib-i İbrahim Gülşə­ni” də Sultan Səlimin şeyx üçün Qahirədə asitanə inşa etdirməsi, dər­gaha təsəvvüf əhli və müridlərin sürətli axını mürşidi-kamilin fəzilətləri mədh olunmaqdadır. “Mənaqib” həmçinin Mövlanə Cəlaləddin Rumi­nin şeyxlə bağlı az qala bütün mənbələrdə anılan hələ iki yüz il öncədən yazdığı aşağıdakı şeirin də ilkin qaynağıdır.

Didəm rox-e xub-e qolşeni ra

An çeşme çerağ-e rouşəni ra

An qeble-yi səcdəgah-e can ra

An eşrəto cay-e iməni ra

Del qoft ke, can separəm anca

Beqozərəm həsti-yo məni ra

“Mənaqib-i İbrahim Gülşəni” də Ağqoyunlu-Osmanlı münasibətləri, o dövrdə Azərbaycanın sosial-iqtisadi vəziyyəti, Avropa dövlətləri ilə münasibətlər, dövr üçün səciyyəvi olan torpaq sahibliyi formaları, XV-XVI əsrlərdə Azərbaycan mədəniyyəti və ədəbiyyatının təşəkkülü kimi məsələlər müzakirə olunmuşdur. Uzun Həsən, Sultan Süleyman Qanu­ni, Sufi Xəlil, Mövlanə Cəlaləddin Rumi, vəziri-əzzəm İbrahim paşa kimi şəxsiyyətlərin adları çəkilmiş, onların fəaliyyətləri istər müsbət, is­tərsə də mənfi yöndə qiymətləndirilmişdir. Həm də tarixi əsər xarakteri daşıyan mənaqibin əvvəlki təqəllübündə Mövlana Həzrətlərinə Şeyx İbrahim Gülşəninin anadan olmasının əyan olması, ikinci təqəllübdə öz kökünü Oğuz Ataya bağlayan İ.Gülşəninin şəcərəsindən, üçüncü təqəl­lübdə onun Təbrizə gələrək Molla Həsən, Sultan Həsənlə qarşılaşması, dördüncü təqəllübdə Gülşəninin Dədə Ömər Rövşəninin məqamında ər­bəin çıxarması və riyazətlə məşğulluğu, beşinci təqəllübdə şeyxin Mi­sirdə təşkil etdiyi dini-irfani söhbət və məclislər, altıncı təqəllübdə Əcəm diyarında Gülşəninin insanları imana çağırışı, nəql etdiyi ibrəta­miz hekayələr, yeddinci təqəllübdə şeyxin öz müridləri ilə təsəvvüfi istilahların müzakirəsinə dair rəvayətləri, səkkizinci təqəllübdə İbrahim Gülşəninin Sultan Süleyman Qanuni ilə İstanbulda tanışlığı, sultanın şeyxə qarşı sonsuz sevgi və hörməti, doqquzuncu təqəllübdə Misirə qa­yıdan şeyxin ömrünün son illəri, ədəbi fəaliyyəti, onuncu təqəllübdə Şeyx İbrahim Gülşəninin vəfatı, Müntəci Məhəmməd Əfəndinin şeyxlə bağlı gördüyü qorxulu vaqeə və s. faktlar xronoloji ardıcıllıqla nəql olun­muşdur. “Mənaqib-i İbrahim Gülşəni” əsəri Azərbaycan ədəbiy­yat­şünaslığı üçün ətraflı şəkildə tədqiqinə ehtiyac duyulan əsər olmaqla ya­naşı, tarixin bir sıra qaranlıq səhifələrini aydınlatacaq qüdrətə də ma­likdir.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin