Rəxşəndə Kərİmova
(Əlyazmalar İnstitutu)
Əlyazma nüsxələrİndə xütbə
Xütbə nədir? Xütbə ərəb mənşəli söz olub, “xitabə” sözündəndir. İzahlı lüğətlərdə “cümə”, “bayram günlərində xitab etmək”, “müraciət etmək” anlamını verir. Sözün 2-ci mənası kitab və ya məqalənin başında gözəl xətlə yazılmış müqəddimə deməkdir. Məntiq elmində beş növ nitq bəhsi vardır. Aristoteldən bizə çatmış bu fənlər məntiq alimlərinin fikrincə, “sənaəti-xəms” (beş hünər və ya sənət) adlanır. Bu bəhslərdən biri olan, ictimaiyyətdə son dərəcə əhəmiyyətli rol oynayan xütbə İslamın ilk dövrlərindən çox mühüm xüsusiyyətə malik olmuşdur. İslam tarixinə görə ilk xütbə söyləyən şəxs Məhəmməd peyğəmbər (s) olmuşdur. Tarixi mənbələrə əsasən ilk minbər xurma ağacından düzəldilib. Allah tərəfindən vəhy gəlmişdir ki, üç pillədən ibarət minbərin arxası qibləyə, üzü camaata qoyulsun, minbərdə əyləşəcək adam çıxış edərkən onun üzü adamlara, xütbə söyləyən adama qulaq asanların üzü isə qibləyə olsun. Qadınlar arasında ilk xütbə oxuyan Peyğəmbərimizin (s) nəvəsi Zeynəb (ə) olmuş və ilk dəfə Kufədə, İbn Zeyəddinin sarayında və Şam şəhərində (indiki Dəməşq) minbərin qarşısında dayanaraq xütbə oxumuşdur. Peyğəmbərdən sonrakı dövrlərdə xütbə xəlifə tərəfindən oxunar və namazı da qılınarmış. Daha sonralar isə yeni qaydalar tətbiq olunaraq xütbə zamanı xəlifənin və sultanın adı çəkilməyə başlamışdı. İbn Xaldunun qeyd etdiyinə görə, xəlifənin adından ilk xütbə oxuyan şəxs Əlinin (ə) xilafəti dövründə Bəsrə valisi olan Abdullah ibn Abbas olmuşdur. Abbasilər dövründə islam torpaqlarının genişləndirilməsi, rəsmi işlərinin artması xəlifənin xalqdan uzaqlaşmasına və xütbə qanunlarının dəyişməsinə yol açdı. Din alimi xətib olaraq seçilmiş, xütbədə xəlifənin adı və ləqəbi zikr edilməyə başlamış və onun adına dualar edilməsi xilafətin simvoluna çevrilmişdi. Hakimiyyət dəyişikliyi zamanı yeni xəlifənin adına xilafətin mərkəzində və ölkənin digər yerlərində xütbə oxudulmuş və ilk xütbədə xətibə xələt geydirilmiş və mükafat verilmişdir.
Fiqh alimlərinin fikrincə, “Ey iman edənlər! Cümə günü namaz üçün azan oxunduğu zaman Allahı zikr etməyə tələsin ” (Cümə 62/9) ayəsində “Allahı zikr” kəlməsində məqsəd xütbədir. Həmçinin Rəsuli - Əkrəmin xütbəsiz cümə namazı qıldırmamasını diqqətə alaraq cümə xütbəsinin fərz olduğu bildirirlər. Cümə xütbəsi İslamda böyük və çox mühüm bir yer tutur. O, insanlarla həftəlik ünsiyyət, təlim, islami dəyərlərə dəvətin davamiyyəti və cəmiyyətdəki fərdlərin bir-birinə bağlılığı kimi çox önəmli rol oynayır. Fəzl bin Şazan Nişapuri İmam Rzaya (ə) istinad edərək söyləmişdir: “Xütbə ona görə cümə günündə qərarlaşdırılıb ki, o gün islami baxışa əsasən cəmiyyətin toplandığı gündür. Gərək hamı cümə günü toplantısına qoşulsun. Bu göstərişdə hədəf Allahın moizə edən rəhbər vasitəsilə cəmiyyəti itaətə rəğbətləndirilməsi, günahdan çəkindirməsi, camaata dini vəzifələrini anlatması, həqiqi məsləhətlərini (xeyri-zərəri) deməsidir”. Cümə xütbəsinin səhih olması üçün onun cümə günü namazdan əvvəl deyilməsi, xütbə zamanı niyyət edilməsi, müəyyən qism kütlənin olması, rükunlarının ərəb dilində oxunması, həmçinin minbərdən oxunması, xətibin dəstəmazlı olması, xütbədən əvvəl bir surənin oxunması, xətibin səsini yüksəltməsi və ikinci xütbənin qısa olması şərtdir. Allahın Rəsulu “Namazın uzun, xütbənin qısa olmasını” buyurub. Ramazan və Qurban bayramlarında o, cümlədən yağışın yağmasına görə oxunan xütbələr sünnətdir. Ramazan və Qurban bayramlarının xütbəsi cümədən fərqli olaraq namazdan sonra oxunur və xütbəyə təkbir gətirilərək başlanır. Həcc ibadətinin yerinə yetirilməsi zamanı oxunan xütbələr də sünnətdir. Həzrət Əlinin (ə) “Nəhcul-bəlağə” kitabının bir qismi onun müxtəlif növ xütbələrindən ibarətdir. Orada müxtəlif bəlağətli moizələr, qəhrəmanlıq və ictimai mövzuları əhatə edən xütbələr var.
AMEA-nın Əlyazmalar İnstitutunda xütbələrdən ibarət məcmuələr qorunub saxlanılır. B 4156/22662 şifrəsi altında mühafizə olunan əlyazma 244 səhifədən ibarətdir. Müəllifi Şeyxulislam Qazi Zəkəriyyə olan bu məcmuədə xütbələr 155b-156a “Xutbətu-l İstisqa”, 156b-157a “Xutbətu fi şəhri Şaban” , 157a-158a “Xutbətu -l eydi - l fitr” yer alır. Hüseyn əl Qədari tərəfindən h.1308-ci ildə (m.1890) köçürülmüş xütbələr sarımtıl rəngli Rus istehsalı olan kağızda qara mürəkkəblə ruqi xətti ilə köçürülmüşdür. Kağızın sağ tərəfində onu istehsal edən fabrikin möhürü var. Möhürün ortasında şir şəkli, şəklin kənarlarında “Товарещество Кувшинова № 4” sözləri yazılıb. Xütbənin və müəllifin adı, o cümlədən, yazılarda istifadə edilən hərəkələr qırmızı mürəkkəblə yazılıb. Əlyazmanın cildi kartondur, ölçüsü 19,5x23,5 sm-dir.
A 979/1426 şifrəsi altında mühafizə olunan əlyazmada xütbələr aşağıdakı səhifələrdə yerləşir: 8b-13a “Xutbətu-l Cümə”, 13b-16b “Xutbətu-l eydi-l fitr”, 16b-21b “Xutbətu-l eydi-l ədha”, 30b-32a “Xutbətu-l Cümə”, 32b-34b “Xutbətu-l Cümə”, 38b-41a “Xutbətu-l Cümə fi şəhri Ramazanu-l mubarək”, 42a-45a “Xutbətu-l Cümə”, 49a-56a “Xutbətu-l eydi-l ədha”. 1b-27b-yə qədər xütbələr nəsx xətt ilə qara mürəkkəblə sarı rəngli Avropa kağızında yazılıb. Başlıqlar və orta əsr mətnşünaslığında istifadə edilən şərti işarələr qırmızı mürəkkəblə verilib. Şərq üsulu ilə səhifələnib. 30b-35a qədər olan hissə nəsx xətt ilə yazılıb. Başlıqlar və bəzi işarələr bənövşəyi rəngdədir. 35b-56a olan xütbələr iri nəsx xətt ilə yazılıb. Yazılı abidə cildsizdir, ölçüsü 19x 12 sm-dir.
A 687/1133 şifrəsi altında mühafizə olunan əlyazma məcmuədir. 84 səhifədən ibarət olan əlyazmada 73 b-78 a səhifələrində “Xutbətu-l eydi-l fitr”, 78b-81b səhifələrində “Xutbətu-l eydi-l ədha” yer alır. “Xutbətu-l eydi-l ədha”nın sonu naqisdir. Mavi rəngli Avropa kağızına qara mürəkkəblə nəsx xətt ilə yazılıb. Başlıqlar, mətndə bəzi sözlər və işarələr qirmizı mürəkkəblə qeyd olunub. Əlyazma cildsizdir, ölçüsü 19x12 sm-dir.
A 886/25946 şifrəsi, “Xutbətu-l eyd-l Ramazan” adı altında qorunub saxlanılan əlyazma sarımtıl rəngli Rus istehsalı olan kağızda iri nəsx xətt ilə yazılıb. 19 səhifədən ibarət olan yazılı abidədə xütbənin adı və yazılmış bəzi sözlərin üzərindən qəhvəyi mürəkkəblə xətlər çəkilib. 1b-19a səhifələrini əhatə edən xütbə Avropa üsulu ilə səhifələnib. h.1282-ci ildə (m.1865) köçürülən əlyazmanın cildi yoxdur və ölçüsü 17,5x11 sm-dir.
Yuxarıda sadalanan əlyazmalardan əlavə Əlyazmalar İnstitutunda aşağıdakı şifrələr altında saxlanılan xütbələr vardır: A-195, A-688, A-694, A-718, A-761, A -772, A-820 A-879, A-892, A-927, A-951, A-996, A-1050, A-1089, B-215, B-725, B-1403, B-1925, B-2294, B-2320, B-4231, B-4738, B- 6409, B- 6729, C-385, C- 775, C- 901.
Dostları ilə paylaş: |