Ədəbİyyat:
1.K.Şərifli. Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarizadə kitabxanasının kataloqu.Bakı -2009
2.Каталог арабских рукописей института рукописей им. К.С.Кекелидзе Тбилиси-1978
3.اسما ئيل باشا البغدادى. هدية العا رفين أ سماالمؤلفين و اثا رالمصنفين. استانبول -1951
4. شيخ اقا بزرك الطهرانى . الذريعة الى تصانيف الشيعة. الجزءالحاد يعشر. تهران-1959
Könül Bağırova
(Əlyazmalar İnstitutu)
Azər Buzovnalının heca vəznlİ şeİrlərİ
Milli ədəbiyyatımız bütün dövrlərdə xalqın həyat tərzini, milli tarixini, düşüncə ve ideoloji fikrini, baş verən müxtəlif tarixi-ictimai hadisələri, mədəni dəyişiklikləri dərindən və geniş şəkildə əks etdirmişdir. Bu mənada XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda və qonşu regionlarda baş verən həm ictimai-siyasi, həm də mədəni inqilabların, yeniliklərə təkan verən proseslərin milli ədəbiyyatımızda əks olunması müxtəlif ədəbi istiqamətlərin, cərəyanların formalaşmasına və müəyyənləşməsinə səbəb olmuşdur. Bu dövrdə bir sıra şair və yazıçılar mütərəqqi və bəşəri ideyalarla zəngin olan bədii irsləri ilə ədəbiyyatımızda yeni cığırlar açırdılar. Bu dövrün yetişdirdiyi şairlərdən biri olan Azər Buzovnalının yaradıcılığının müxtəlif aspektlərdən – həyat və yaradıcılığı, tərcüməçilik fəaliyyəti, müxtəlif janrda yazdığı əsərlərin xüsusiyyətləri, müxtəlif şəxslərin ədəbi mühitə qədəm qoymasındakı rolu və s. məsələlərin araşdırılması şairin yaşadığı dövrün ədəbi mühitinin tədqiqində xüsusi əhəmiyyət kəsb edir. Onun lirik yaradıcılığı müxtəlif janrlara bölünərək tədqiq obyektinə çevrilə biləcək qədər zəngin və rəngarəngdir. Şairin yaradıcılığının dolğun və əhatəli hissəsini məhz onun lirik-aşiqanə məzmunlu şeirləri təşkil edir. Azər Buzovnalı, lirikasının özülünü təşkil edən qəzəlləri ilə daha çox tanınsa da, şair klassik ədəbiyyatın təsiri ilə şeirlər yazan bəzi dövrdaş qələm əhlindən fərqli olaraq, yalnız məhəbbət mövzusu ilə kifayətlənməmiş, ictimai-fəlsəfi, ümumbəşəri məzmunlu qəzəllər də qələmə alaraq dövrünün aktual problemlərini yaradıcılığında güzgü kimi əks etdirməyə müvəffəq olmuşdur.
Azər Buzovnalı klassik şeir örnəkləri ilə yanaşı heca vəznli şeirlərdə də öz bədii təxəyyülünü əks etdirmişdir. Klassik üslubda rəvan və axıcı şeirlər müəllifi olan Azər heca vəznində yazdığı şeirlərdə həm təbiət gözəlliklərini, saf məhəbbəti, həm də dövrünün ictimai-siyasi mənzərəsini tərənnüm etmişdir. Həyatının müxtəlif dövrlərində, istər erkən gənclik çağlarında, istərsə də ömrünün ahıl yaşlarında şifahi xalq ədəbiyyatının nümunələrindən, zəngin folklor irsimizdən təsirlənərək yazdığı heca vəznli şeirləri, qoşmaları mövzu və ideya baxımından müxtəlifdir, rəngarəngdir. Belə ki, şair klassik poeziya nümunələri ilə öz şairanə məharətini nümayiş etdirməklə kifayətlənməmiş, həm də xalq ədəbiyyatı əsasında formalaşan janrlarda da qələmini sınayaraq şeirlər yazmışdır. Onun yaradıcılığının müəyyən dövrlərini tədqiq edən alimlərdən biri olan M. Sultanov bu haqda yazır: “Şair əsərlərini əsasən əruz vəznində yazmışdır, lakin onun heca vəznində də əsərləri yox deyildir. Xüsusən şairin vaqifanə qoşmaları öz səlistliyi və lirikliyi ilə nəzəri cəlb edir” (4, s.15). Şairin heca vəznli lirik yaradıcılığına toxunan A.Zeynalzadə, erkən yaşlarından şeir yazmağa həvəs göstərən Azərin bir müddət xalq ədəbiyyatı səpkisində də qoşmalar yazdığını qeyd edir (4, s.275 ).
Ümumiyyətlə, müxtəlif dövrlərdə şairin həyat və yaradıcılığını, ədəbi fəaliyyətinin müxtəlif istiqamətlərini araşdıran alimlər Azərin, əsasən, yaradıcılığının ilkin dövrlərində heca vəznli şeirlərə müraciət etdiyini qeyd edirlər. Lakin şairin əlyazmalarını araşdırdığımız zaman ömrününün ahıl çağlarında da bu növ şeirlər qələmə aldığının şahidi oluruq. Belə ki, A.Buzovnalının AMEA M.Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi fondunda qorunan avtoqraf şeir dəftərlərinin əksəriyyətində şair hər bir şeir nümunəsinin altında qələmə aldığı tarixi qeyd etmişdir ki, bu da onun təkcə gənc yaşlarında deyil, qocalıq dövründə də heca vəznli şeirlər yazdığını göstərir. Məsələn, fond 12, s.v. 9 şifrəsi altında qorunan “Könlüm istər danışasan, güləsən” misralı, “Gözəl qız”, “Yox-yox”, “Olsam da bir, olmasam da bir”, “Qocalıq” rədifli şeirlərin sonundakı tarixlər yuxarıda qeyd edilən fikirləri sübuta yetirir (1).
Onun əlyazmaları, nəşr edilən müxtəlif məzmunlu şeirləri ədəbiyyatımızın müxtəlif janrlarına məxsus ənənələri əsərlərində vəhdət halında yaşadan, həm klassik, həm də şifahi xalq ədəbiyyatını əhatə edən bədii nümunələrdir. Şairin ideyalarının, təfəkkür tərzinin incə təcəssümü olan bu əsərləri XIX əsrin ikinci yarısı, XX əsrin birinci yarısında Azərbaycan ədəbi mühitinin əksidir. A.Buzovnalı heca vəznli şeirlərə müraciət etməklə çevrəsində cərəyan edən hadisələri, o cümlədən, cəmiyyətdəki müxtəlif ictimai-siyasi prosesləri, mənəvi hisslərini, aşiqin hicran və vüsal dəmindəki duyğularını, dövrə və zəmanənin insanlarına qarşı içərisində tüğyan edən üsyanlarını dolğun şəkildə, xalqın anlaya biləcəyi dildə və qavrayacağı tərzdə canlandıra bilmişdir.
A.Buzovnalının qoşmalarında cəmiyyəti narahat edən məsələlər, ictimai fikirlər qüvvətli və aktualdır. Sadə dildə yazılmış qoşmalarda şair həm dövrünün insanlarını, həm də müxtəlif ictimai-siyasi dəyişikliklər, mədəni inqilablar xaosunda yaşayan xalqın təmsilçisi olaraq öz arzularını, hisslərini də təsvir etmişdir. Bu baxımdan şairin xalq ədəbiyyatının ən mükəmməl və praktik növü olan qoşma janrına müraciət etməsi və bu janrda qələmini sınaması təsadüfi deyildir. Şair bu şeir növündən istifadə edərək yaşadığı mühitin daha real mənzərəsini yaratmağa çalışırdı. Ədəbiyyatşünaslıqda qoşmanın lirik yaradıcılıq sferasında bədii üslub cəhətdən mövqeyi haqqında olan fikirləri ümumiləşdirərək P.Kərimov lirik poeziyanın yeni, realist istiqamətdə inkişaf etməsində klassik ədəbiyyatın kanonlarının, ənənəvi obraz-üslub sisteminin pozulmasında, fərdi üslub konsepsiyasının bərqərar olmasında həyat hadisələrini, insan hisslərini hərtərəfli əks etdirməyə imkan verən, aşıq şeirinin ən universal və çevik janrı qoşmanın rolunun böyük olduğunu qeyd edir (3, s.201).
A.Buzovnalı heca vəzninin bütün meyarlarına, ölçülərinə riayət etməyə çalışaraq gözəl sənət nümunələri yaratmışdır. Bu baxımdan onun fond 12, s.v. 9 şifrəsi altında saxlanılan qoşmalarından örnəkləri nəzərdən keçirək:
Eşqü qismətim ruzi-əzəldən,
Dilşad olsam da bir, olmasam da bir.
Çəkdiyim cəfadır hər bir gözəldən,
Mütad olsam da bir, olmasam da bir.
Gözümün yaşilə bəslənən şəcər,
Verməyir hasili-kamına səmər,
Çəkdiyim zəhmətlər həp olur hədər,
Bu yolda hasilim tək əzab olur.
Məhəbbət mövzusunda yazan şair cananın ona verdiyi əzablardan, düşdüyü durumlardan, əhatəsindəki insanların onun sevgi yolundakı çəkdiyi əziyyətlərinə biganə qalmasından dərin təəssüf, həzin bir duyğu ilə bəhs edir. Ümumiyyətlə, onun məhəbbət hissləri ilə yoğrulan qoşmalarının əsas lirik qəhrəmanı dərdli, lakin eşqinə, sevdasına sadiq, bəzən bədbin, bəzən də eşq oduna yanmasından usanmayan, bununla fəxr edən bir aşiqdir. Azər o aşiqin timsalında həm də özünün daxili aləmini, mənəviyyatını və nəhayət, qəlbinin incə tellərini riqqətə gətirən ümidlərini, arzu və istəklərini oxucuya çatdırmış, onu düşünməyə sövq etmişdir.
Şairin qələmə aldığı müxtəlif məzmunlu qoşmalar həm qafiyə quruluşu, həm də hecalarının, bəndlərinin müəyyən sayda olması, möhürbəndlərin yazılması kimi şifahi xalq ədəbiyatının bu növünün ənənəvi xüsusiyyətlərini əks etdirmək baxımından da diqqəti cəlb edir.
Çoxların yaratmış təbiət qəşəng,
Hərəyə vermişdir bir tərzdə rəng,
Yarada bilməmiş bununla həmsəng,
Bir rəngi-digərdir mənim sevdiyim.
Eşqin şərərindən yaxıldı Kərəm,
Əslim, yüz Kərəmcə səni istərəm,
Əslini, Kərəmi yaxan Azərəm,
Atmazam mən, sən atsan daşın.
Şairin qoşmalarının mühüm hissəsi gözəlliyin təsvirinə həsr olunmuşdur desək yanılmarıq. O həm özündən əvvəl, həm də dövrünün söz sənətkarlarının tez-tez müraciət etdikləri təşbehləri, simvolik obrazları, orijinal ibarələri, xarici və batini gözəlliyi əks etdirən epitetləri öz fərdi poetik dil üslubuna uyğunlaşdıraraq, şeirlərində ən yüksək zövqlə ifadə etmişdir. Şairin istifadə etdiyi “sərv boylu”, “şirin dəhən”, “simintən”, “ahu gözlü”, “kirpiyi ox”, “qaşı kaman” və s. ifadələr onun qoşmalarının əsas bədii təyinləri kimi şairin ruhunu oxşayan gözəlin daha qabarıq şəkildə insan təxəyyülündə canlanmasına rəvac verir:
Dedim qaşın kaman, kirpiyin oxdur,
Dedi, batil güman, öylə şey yoxdur.
Dedim sənin kimi gözəllər çoxdur,
Həpsi böylə şeymi, söylədi yox, yox.
Həsrətəm görməyə gül kimi üzün,
Tərlan tək baxışın, can alan gözün.
Şəkkər tək ləbindən səhdili sözün,
Görməkdir bir kürrə müddəa mənə.
Qaradır bəxtimtək sürməsiz gözü,
Ay kimi aydındır qarəsiz üzü,
Dirildir ölünü danışan sözü,
Bəs, ruhpərvərdir mənim sevdiyim.
A.Buzovnalı məşuqun daxili və xarici gözəlliyini daha dolğun təsvir etmək üçün onu təbiətin bənzərsiz varlıqlarının gözəlliyi ilə müqayisə edir, qələmə aldığı ifadələrlə hər bir varlığın öz incəlik və gözəlliyini qurban verməsi, hər bir yaradılışın yenidən təbiətə dönməsi ilə qarşılaşdıraraq, sanki sevgilisinə həyatın fəlsəfəsini anladır, bir növ ibrət dərsi verməyə çalışır.
Yolunda başıma yağsa da daşlar,
Fərəhimdəndir axan gözümdən yaşlar,
Anlamaz bu zövqü sevdasız başlar,
Bu sevdadan xali olmasın başım.
Şairin heca vəznli şeirlərində cinas sözlərdən ibarət təcnislərə də rast gəlinir. Məlum olduğu kimi qafiyə təşkil edən sözlərin müxtəlif mənalar daşıması təcnisin əsas şərtlərindəndir və şeirdə belə qafiyyələri yaratmaq şairdən xüsusi istedad və yüksək sənətkarlıq tələb edir.
Könlüm istər danışasan, güləsən,
Bənzəyirsən iki açmış gülə sən...
Bu misralarda forma cəhətdən eyni olan, lakin intonasiyasına görə fərqlənən “güləsən” və “gülə sən” sözləri cinas qafiyə təşkil etmişdir.
X.Əlimirzəyev heca vəznli şeirlərin xüsusiyyətlərindən bəhs edərkən qeyd edir ki, Azərbaycan ədəbiyyatı tarixində heca vəznində yazılmış şeir nümunələri təkcə mövzu, ideya, ictimai məzmun, poetik gözəllik cəhətdən deyil, həm forma şəkli xüsusiyyətlərinə görə olduqca zəngin və rəngarəngdir. Həm şifahi, həm də yazılı ədəbiyyatımızda mövcud olan iki hecadan tutmuş 16 hecaya qədər saysız-hesabsız şeir şəkilləri buna əyani misaldır” (2, s. 243 ). A.Buzovnalının yaradıcılığında da qoşma və təcnislərdən başqa müxtəif mövzuları əhatə edən 10-11 hecadan ibarət heca vəznində yazılmış örnəklərə də rast gəlinir. Şair bu şeir janrlarına müraciət etməklə, poeziyamızın ümumi inkişaf tarixində xüsusi yeri, əhəmiyyəti olan sənət inciləri yaratmaqla söz sənəti sahəsində onların hər birinin bədii möhürünü vurmuşdur. Şair Azərbaycan ədəbiyyatı tarixində heca vəzninin sənətkarlıq xüsusiyyətlərindən bir ustad kimi bəhrələnmiş, lakin yaradıcılığında, əsasən, 11 hecalı şeir nümunələri yaratmışdır.
Açılsa naz ilə dərci-dəhəni,
Dür saçar ləbləri gəlincə sözə,
Axdırar qaməti sərvü çəməni,
Soldurar gülləri gəlsə yüz-yüzə.
Göründüyü kimi 11 hecadan ibarət müxtəlif məzmunlu şeirlərdə sevgili cananın məftunedici gözəlliyinin tərənnümü əks olunmuşdur. “Mən qaldım” rədifli şeirdə şair yaşadığı dövrü, ömrünün son günlərini, dost-tanışlarının onu və fani dünyanı tərk etməsini, pərişan halını, məyusluğunu təsvir edir, digər tərəfdən vaxtilə səmimi münasibətdə olduğu qələm dostu, sirdaşı Səməd Mənsurun dünyasını dəyişməsini dərin hüznlə yad edərək yazır:
Az qalmış altmışa yetişsin yaşım,
Qocaman dağlar tək ağarmış başım,
Köçüb getdi bir-bir hamı sirdaşım,
Bu dar fənada tənha mən qaldım.
Dar oldu Mənsura bu dar fəna,
Tərk etdi dünyanı axır bivəfa,
Hicrində söz ilə hər sübhü məsa,
Çəkib ah eyləyən mənə mən qaldım.
Məlum olduğu kimi heca vəzninin əsas tələblərindən biri şeirin ahəngini tənzimləyən bölgüdür. Bədii sənətkarlıq xüsusiyyətlərini, bədii ədəbiyyatın ölçü və prinsiplərini öz yaradıcılığında mükəmməl şəkildə əks etdirən şair bölgü sisteminə də xüsusi diqqət ayırmışdır. Onun 11 hecalı şeirləri 6-5, 5-6, 4-4-3 bölgü sistemində qələmə alınmışdır. “Qocalıq” rədifli bu şeir 11 hecalıdır, 4-4-3 bölgü sistemindədir.
Cavan şair sözüm yoxdur sözünə,
Qismət olmaz hər cavana qocalıq,
Qəm dünyanı qaraltmasın gözünə,
Gətirməsin səni cana qocalıq.
Ümumiyyətlə, Azər Buzovnalı nikbin ruhlu bir şair olmuşdur. Onun həm qəzəllərində, həm də heca vəznində yazılmış şeirlərində bunu duymamaq qeyri-mümkündür. A.Buzovnalı yaradıcılığında ruh yüksəkliyi, həyata bağlılıq, hər bir qaranlıq gecənin sonunda sübh şəfəqlərinin varlığına ümid və inam əsas motivlərdəndir. Yuxarıda qeyd etdiyimiz “Qocalıq” rədifli şeirində də o qocalığın hər insana nəsib olmadığını vurğulayır, yenə də özünün nikbin əhvali-ruhiyyəsini Allah tərəfindən ona bəxş edilən uzun ömrün timsalında yaşada bilir.
Yolunda başıma yağsa da daşlar,
Fərəhimdəndir axan gözümdən yaşlar,
Anlamaz bu zövqü sevdasız başlar,
Bu sevdadan xali olmasın başım.
Səni görüm şad xəndan olasan,
Qızılgül tək nə saralıb, solasan,
Mənim kimi sinnü salə dolasan,
Yaraşıqdı çün insana qocalıq.
Şair insan taleyinin şən çağı olan cavanlıqla, qəmli dövrü olan qocalığı qarçılaşdıraraq qüvvətli bədii təzad yaratmışdır:
Cavanlıq ki, ömrün bahar çağıdır,
İxtiyarlıq qış tək ona yağıdır,
Gənclik onun çiçəkli mehr bağıdır,
Bənzər qəmli bir zamana qocalıq.
Azər Buzovnalı Azərbaycan ədəbiyatı tarixində həm klassik, həm də heca vəznində yazdığı şeirləri ilə rəvan, emosional, fərdi dil üslubu ilə tanınan söz ustadlarındandır. Onun klassik üslubda yazdığı qəzəlləri heca vəznli şeirlərindən dil və üslub etibarilə fərqlənir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və başqa söz sərkərdələrindən təsirlənib qələmə aldığı qəzəllərində ərəb-fars sözləri, söz birləşmələri, istilahlardan bəzi dövrdaş qələm dostlarından fərqli olaraq daha sadələşmiş şəkildə istifadə etməyə çalışmışdır. İzafət tərkibləri, alınma sözlər onun müasir dövrün ədəbi mühitinin dil və üslub sistemindən uzaqlaşdırmamışdır. Əksinə onu dilimizi sadələşdirib, canlı xalq dilinin obrazlı ifadələrindən istifadə etmək yolu ilə zənginləşdirməsinə sövq etmişdir. Məsələn, şairin XIX əsrin sonlarında qələmə aldığı şeirlərinin dili ilə XX əsrin əvvəllərində yazdığı şeirlərin dil və üslubu arasında fərqlər var. Belə ki, yaradıcılığının ilkin dövrlərinə aid olan şeirlərində ərəb-fars sözləri, ifadələri daha çox istifadə olunurdusa, sonrakı dövrlərdə qələmə alınan poetik örnəklərdə isə sadə xalq dili üstünlük təşkil edirdi.
Lirik yaradıcılığını araşdırarkən görürük ki, Azər Buzovnalı milli ədəbi ənənələri və Azərbaycan dilinin zənginliklərini əsərlərində qabarıq şəkildə tərənnüm edərək özünün bədii söz sənətini lazımınca tanıtmağa nail olmuşdur.
Dostları ilə paylaş: |