O şəb zəbt etdilər tarixi-meracı-məlayı,
Midadi-müşk ilə kitabi-divanxaneyi-məna,
او شب ضبط ايتدلر تارج معراج معلايى
مداد مشك ايله كتاب دوانجانه معنا
Bitir:
Ol zaman tuyulub mənqəbəsi,
Qaldı ol şəxsə ləqəb “Söz əbəsi”.
اول زمان طويولوب منقبسى
قالدى اول شجسه لقب سوز ابسى
Əlyazma beş bölümdən ibarətdir. İlk bölüm meracnamə ilə başlayır. Sonra nət, arxasınca dövrünün bəzi böyüklərinə yazılmış 15 qəsidə gəlir. Qəsidələrin arasında 2 ədəd qəzəl də vardır. Başqa nüsxələrlə qarşılaşdırdığımız zaman Sabitin 30-a yaxın qəsidəsi olduğu məlum olmuşdur.
Qəsidələrdən sonra hər birinin üzərində illəri yazılmış 28 ədəd maddeyi-tarix vardır. Tarixlərdən sonra 2 təxmis və 1 tərciibənd, arxasınca 5 lüğəz gəlir.
Divanın ikinci bölümü 28 hərfi əhatə edən qəzəllərdən ibarətdir. Qəzəllər 334 ədəd təşkil edir. Qəzəlləri “İbtidai-məqətəat” adlı 9 ədəd qitə təqib edir. Qitələrdən sonra 31 ədəd “İbtidai-rübaiyyat” adlı rübailər bölümü yer alır. Arada müsəddəs adlı 3 beyt vardır. Daha sonra hamısı 134 ədəd olmaqla mətlə, müfrəd, fərd, beyt, şeir, nəzm yazılmışdır.
Üçüncü bölüm “İbtidaye-Ədhəmü Hüma dər tövhide-bari” adlı məsnəvisindən ibarətdir. Bu məsnəvi də minacat, nət, meracnamə, mədhlərlə başlayır. Mədhlərdən sonra əsl hekayə yazılır. Məsnəvi xəfif bəhrinin fəilatün, məfailün, fəilün vəznində yazılmışdır. Salimin yazdığına görə bu məsnəvi Sabitin meydana gətirmək istədiyi “Xəmsə”nin ilk əsəridir.
Divanın dördüncü bölümü “Bərbərnameyi-Sabit Əli” əsəridir. Bu əsərdə isə Sabit bir bərbər şagirdinin başından keçən hadisəni nəql edir. Əsər rəməl bəhrinin fəilatün fəilatün fəilün vəznində yazılmışdır. 109 beytdən ibarətdir.
Beşinci bölüm isə “Dərənameyi-Sabit Əli” adlı məsnəvisidir. Məsnəvi bir erməni qadınına aşiq olan, onu əldə etmək üçün hər yola baş vuran və sonunda istəyinə çatan, Söz Əbəsi ləqəbi ilə tanınan hiyləgər bir adam haqqındadır. Rəməl bəhrinin fəilatün (failatün), fəilatün, fəilün (fəulün) vəznində yazılmışdır. 153 beytdən ibarətdir (6, 7, 8).
Dostları ilə paylaş: |