Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə204/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   200   201   202   203   204   205   206   207   ...   232
Samirə Əlİyeva

(Əlyazmalar İnstitutu)

ŞƏRƏF XANIM BİNTİ ƏR-RUMİNİN QƏSİDƏLƏRİ

HAQQINDA ÜMUMİ MƏLUMAT

XIX əsr Osmanlı ədəbiyyatının qadın şairləri içərisində özünəməx­sus yer tutan Şərəf Xanım Divanının nüsxələrində 23 ədəd qəsidə yer almışdır. Bildiyimiz kimi, ən əski lirik şeir janrlarından hesab edilən qə­si­dənin həcmi əsasən on beş, bəzən də otuz beytdən çox olur. Belə lirik şeirlər mədh, tərif niyyəti ilə yazılır. Burada konkret bir şəxsiyyət, ya da müəyyən bir hadisə və onun cərəyanı təntənəli bir üslubda mədh edilir. Klassik Şərq ədəbiyyatında qəsidələr əruzun bir sıra bəhrlərində yazılırdı. Mətlə qafiyəsi qəsidə ənənəsinə uyğun beytlərin hamısında saxlanılırdı. Qəsidə bəzi ədəbi formaların başlancığını özündə cəmləş­dirən sinkretik janrdır. Münacat, nət, mədhiyyə, fəxriyyə, qitə və mər­siyyə kimi klassik şeir formaları onun bətnində təşəkkül tapmış; hətta bəzi sənətkarlar qəsidənin müəyyən hissəsində qəzəldən istifadə etmiş və ona “təğəzzül” demişlər. Şərqdə qəsidəyə maraq, daha tez, hətta mi­lad­dan əvvəl oyanmışdır. İlk öncə ərəb ölkələrində “Tayfa və qəbilə qəsidələri” yaranmışdır. V-VI əsrlərdə Ümrul-Qeysin və Əntərə ibn Şəa­dad mündərəcəsinə qəzəl və qəsidə ünsürləri hopan qəsidələr yaz­mışlar. Əməvilər və Abbasilər dövründə qəsidə geniş yayılan şeir janrı idi. Türk Xaqanı Sultan Mahmud Qəznəvi qəsidəyə böyük əhəmiyyət verirdi. Haluk İpəktənə görə, Türk ədəbiyyatında qəsidənin başlanğıcı olduqca qədimdir. XIII yüzillikdə Mevlananın Divani-Kəbirində 300-ə qədər qəsidəsi vardır. Bunlar şairin gerçək sevgilisi üçün söylədiyi tövhid və münacatlardır. Qəsidələr farsca olduqları halda, Mevlana türk şairlərincə çox oxunduğu üçün təsirləri böyük olmuşdur. (H.İpəktən, Eski Türk Edebiyyatı, səh.43).

Şərəf Xanımın Divanında: on birbeytlik 1 qəsidə; on ikibeytlik 3 qə­sidə; on beşbeytlik 1 qəsidə; on altıbeytlik 1 qəsidə; on yeddibeytlik 1 qəsidə; on səkkizbeytlik 8 qəsidə; iyirmi beşbeytlik 1 qəsidə; otuz beyt­lik 1 qəsidə; otuz birbeytlik 1 qəsidə; otuz doqquzbeytlik 1 qəsidə; qırxbeytlik 2 qəsidə; qırx ikibeytlik 1 qəsidə; qırx üçbeytlik 1 qəsidə yer almışdır. Deməli, qəsidələrin həcminə görə ən kiçiyi on bir beyt, ən böyüyü qırx üç beytdir. Şərəf Xanım qəsidələrini əruzun 10 müxtəlif qəlibindən istifadə edərək yazmışdır:


  1. “Məfa`İlün məfa`İlün məfa`ilün məfa`ilün” (Həzəc bəhri): 6 qəsidə;

  2. “Fə`ilatün Fə`ilatün Fə`ilatün Fa`ilün” (Rəməl bəhri): 4 qəsidə;

  3. “Məf`ulü Fa`ilətü Məfa`ilü Fa`ilün” ( Müzari bəhri): 3 qəsidə;

  4. “Məfa`ilün Fə`ilatün Məfa`ilün Fə`ilün” (Müctəss): 3 qəsidə;

  5. “Fa`ilatün Fa`ilatün Fa`ilatün Fa`ilün” (Rəməl bəhri): 2 qəsidə;

  6. “Fə`ilatün Məfa`ilün Fə`ilün” (Həfif bəhri): 1 qəsidə;

  7. “Məf`ulü Məfa`ilu Məfa`ilü Fə`ilün” (Həzəc bəhri): 1 qəsidə;

  8. “Məf`ülü Məfa`İlün Məf`ilü Məfa`İlün” (Həzəc bəhr): 1 qəsidə;

  9. “Müftə`İlün Müftə`İlün Fa`İlün” (Səri bəhri): 1 qəsidə;

  10. “Məf`ulü Məfa`İlün Fə`İlün” (Həzəc bəhri): 1qəsidə;

Qəsidələrdə istifadə edilən qafiyə və rədiflərə gəldikdə, 23 qəsi­də­nin 17-də rədifdən istifadə etmiş, 1 qəsidədə qafiyə ilə yanaşı həm də rə­difdən istifadə etmiş, 4 qəsidədə isə yalnız qafiyə ilə kifayətlənmişdir. Şə­rəf xanım qəsidələrində rədif və qafiyə kimi işlənmiş sözlər bun­lar­dır: “la ilahə illallah”, “-a ya Rəsulallah”, “əssəlami əleyk”, “-sin əfən­dim”, “et ya Həzrəti-Mevlana”, “-Monlayi-Rum”, “-dür Güruhi-Mev­levi”, “Qadirilərün”, “dur Yazıçızadə”, “-dur Əhmədi-Bican”, “-i dərvi­şün”, “ağlamazmısın”, “olsun”, “-dür bu”, “-mi olur”, “olsun”, “-i”, “an”, “əskəri-islam”, “an”, “oldı”. Əruzun qısa qəliblərindən olan həzəc bəh­rinin “Məf`Ulü MəfA`İlün FƏ`İlün” qəlibində yazılmış “-i” hərfinin bə­zən rədif, bəzən də qafiyə funksiyasını daşıdığı 40 beytlik qəsidə ol­duqca böyük maraq doğurur. Bu qəsidə Ali Paşanın xarici bir ölkədəki səfir vəzifəsini bitirib öz ölkəsinə dönüşü və təşrifini təbrik etmək məq­sədilə yazılmış bir qudümiyyə xarakteri daşıyır. Bu qəsidənin əvvəl qis­min­də fələkdən şikayət, daha sonra mədhiyyə və təşriflə dönüşü müj­də­ləmə, əsərin sonunda isə dua hissələri yer almışdır. Bu mənzumədə klassik qəsidə ənənələrindən kənara çıxılaraq şairənin öz təxəllüsü keçən tac beyt 35-ci beyt hesab edilir. ب nüsxəsində “Küdumiyyə Bə­rayi-Ali Paşa” başlığı altında verilən həmin əsərdən bir parçanı diq­qə­tinizə çatdırırıq:

Məf`Ulü məfa`ilün fə`Ulün

... Görmüş degil idi mülki-Əfrənc,

Zatın kibi bir səfiri-ali.
Vəsfində nə dənlü etsəm ifrat,

Təsdiq edər İngilis kralı.


Zatın ilə fəxr edərsə çoxmı,

Dünyada olan bütün əhali.

Hökm eylə sipehrə qeyri bitsin,

Biçarə Şərəflə ixtilali...

Şərəf xanımın qəsidələrinə nəzər saldıqda belə bir qənaətə gəlmək olur ki, “Şərəf xanım bir mərsiyə” şairidir. Belə ki, şairə 8 qəsidəsini mər­siyəyə ayırmışdır ki, bunların da hamısı Kərbəla mərsiyəsidir. O, Ali-Əbayə olan məhəbbətindən və Kərbəla hadisəsinin onun ruhunda açdığı dərin təəssürata və acılara görə yaşadığı dövrdə hər il bir “Kər­bəla mərsiyəsi” yazacağını ifadə etmişdir. Bunlardan 18 beytdən ibarət olan və əruzun Müzari bəhrinin Məf`Ulü fa`İlatün məf`ulü fa`ilatün qəlibində qələmə aldığı “ağlamazmısan” kəlməsindən rədif olaraq isti­fa­də etdiyi qəsidəsi hiss və duyğularının təlatümünün təzahürü kimi səs­lənir:

Məf`Ulü fA`İlatün məf`Ulü fA`İlatün

Gəldi Mühərrəm, ey dulü can, ağlamazmısan,

Matəm zamanı rüzu şəban ağlamazmısan.
Netdi Yezid mərdüməki-Fəxri-aləmə,

Yad eyləyüb o vəqti, aman, ağlamazmısan.

Şərəf xanımın divanında həm də klassik qəsidə anlayışına və qaydalarına uyğun yazılmış iki bahariyyə mövcuddur. Bunlardan biri Müctəss bəhrinin Məfa`ilün fə`ilatün Məfa`ilün Fə`ilün qəlibiylə Validə Sultanın mədhinə yazılmış 31 beytlik bir mənzumədir. Qəsidədə 1-20-ci beytlər nəsib, 21-25-ci beytlər təğəzzül, 25-ci beyt girizgah, 26-29-cu beytlər mədhiyyə, 30 və 31-ci beytlər isə dua xarakteri daşıyır. Klassik qəsidələrdə əgər təğəzzül, yəni qəsidənin daxilində qəzəl yerləşibsə, şairin adı həm qəzəlin sonunda, həm də qəsidənin son beytlərində keçir. Lakin bu qəsidədə şairə yalnız təğəzzül bölməsində 25-ci beytdəki məx­ləsi ilə kifayətlənmişdir, yəni əsərdə “tac beyt” yoxdur. Bu qəsidə ba­hariyyə formasında yazıldığı üçün burada bir cox çicək ünsürünün adı keçməkdədir: qönçə, sünbül, şəbbu, civan pərçimi (boymadərən), zülfi-arus (gəlin teli), həzəran, hüsni-yusif, buz çiçəyi, kartopu, yasə­mən, qərənfil, lalə, gül, bənövşə, nərgiz və s. Onu da qeyd etmək lazım­dır ki, əvvəlki dövr klassik qəsidələrində işlənməyən “buz cicəyi”, “kar­topu” kimi çiçəklər də bu əsərdə sayılmaqdadır.

Həzəc bəhrinin Məfa`ilün məfa`ilün məfa`ilün məfa`ilün ölçüsündə yazılmış Ali Emin Paşa vəsfinə həsr edilmiş “oldı” rədifiylə yazılmış 40 beytlik bahariyyə də olduqca maraqlıdır. Bu mənzumə də klassik qə­sidə qaydalarına uyğun bir şəkildə qələmə alınmışdır. 1-17-ci beytlər nə­sib, 18-21-ci beytlər təğəzzül, 22 və 23-cü beytlər girizgah, 24-36-cı beytlər mədhiyyə, 37-ci beyt fəxriyyə, 38-ci beyt tac beyt, 38-40-cı beyt­lər dua xarakteri daşıyır. Şairənin adı həm təğəzzülün sonunda, həm də tac beytdə verilmişdir. Bu qəsidə də bir bahariyyə olduğundan bir çox çiçək və gül adları əsərdə öz əksini tapmışdır: qönçə, gül, sün­bül, çadır çiçəyi, fulya, ərgəvan, nərgiz, zülfi-arus, civan pərçimi, bə­növ­şə, lalə, şəbbu, ay çiçəyi, gecə səfası, fülbəhri, zərrin-qədəh, çərxi-fələk, leylak, şakayık, zanbaq, xaşxaş çiçəyi, qərənfil, yasəmən, hər dəm tazə, ətirşah, kartopu. Bu əsərdə bəlkə də Şərəf xanımın qadın ol­ma­sından irəli gəlir ki, sələflərindən fərqli olaraq özündən əvvəlki ba­ha­riy­yələrdə çox pastlanmayan fülya, ay çiçəyi, fulbəhri, leylak, xaşxaş çiçəyi, hər dəm tazə, ətirşah, kartopu kimi çicəklər də özünəməxsusluğu ilə xatırlanmışdır.


Açıl, ey qönçeyi-ziba, açıl, fəsli-bəhar oldı,

Həzarın həsrəti-didar ilə dərdi həzar oldı.


Donandı hər tərəf üşkufeyi-əlvan ilə yer-yer,

Yenə sün`i-cənabi-Kidgari açikar oldı...


Bənəfşə çıxdı hərcayi deyü ifrati-yə`sindən,

Olub sünbül pərişan, lalə yeksər dağdar oldı...

Qərənfil yasəmən eşqiylə sinə çak-çak etdi,

Ya hər dəm tazəyə meyl etmədə biixtiyar oldı



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin