Hüseyn KƏRİMİ
(Əlyazmalar İnstitutu)
ƏYANİ ŞƏBÜSTƏRİNİN «ƏNBİYANAMƏ»SİNDƏ ÇƏNG ÇALAN QOCA SURƏTİ
Bu mövzuya müraciət etməkdə məqsəd «Çəng çalan qoca» hekayəsinin doqquzuncu əsrin sonu, onuncu əsrin əvvəllərinə aid olan və nəzm şəklində qələmə alınmış, tamamilə yeni bir nüsxəsini təqdim etməkdir. Təkamülünün gedişatı folklordan nəsrə, nəsrdən nəzmə doğru olmuş bu hekayənin Əyani Şəbüstərinin «Ənbiyanamə» əsərindəki variantını fərqləndirən cəhət onun Firdovsinin «Şahnamə» əsərinin vəznində və epos janrına xas olan epik dildə yazılmasıdır. Adıçəkilən hekayənin bu əsərdəki forma və məzmunu haqqında bəhs etmək üçün onun digər variantları – «Əsrarüt-touhid» əsərində nəsr şəklindəki variantı, «Müsibətnamə» əsərində nəzm şəklindəki variantı və Mövlananın məsnəvisi ilə müqayisəsini təqdim etmiş və göstərmişik ki, əlavələr, artırmalar və ixtisarlar bu hekayənin günümüzədək necə təşəkkül tapmasına təsir göstərmiş, səbəb olmuşdur. Mövlananın və Əttarın çəng çalan qocası haqqında bir çox məqalələr yazılmışdır və həmin məqalələrdə daha çox bu rəvayətlərin forma və fərqlərindən bəhs edilmişdir. Təqdim etdiyimiz mövzuya aid yazı bu hekayə haqqında mükəmməl və tam məlumat verməklə yanaşı, oxucunu çəng, yaxud tənbur çalan qoca haqqında hekayənin nisbətən yeni və bilinməyən tərəfləri, cəhətləri ilə tanış edir.
«Çəng çalan qoca», yaxud «Tənbur çalan qoca» mənsur bir hekayənin adıdır ki, onun əsas məxəzi Məhəmməd ibn Münəvvərin «Əsrarüt-touhid» («Tövhidin sirləri») əsəridir (21-20 / 5). Bu qısa hekayə Əbu Səid Əbi əl-Xeyrin xadimi Həsən Müəddəbin dilindən şeyxin kəramətlərindən bəhs edərkən belə qeyd olunmuşdur: tənbur çalan qoca; «Həsən Müəddəb dedi ... dərvişlərin məskəni olan evin qapısından qoca bir çəng çalan çıxdı, ... mənə bir qızıl kisəsi verdi və dedi ki, yüz dinardır... şeyxin yanına apardım. Şeyx dedi ki, götür apar Hirə qəbiristanlığına... orada bir qoca var, yatmışdır... qızıl kisəsini ona ver... Bir qoca gördüm, zəif. Başının altına tənbur qoymuş və yatmışdır... Soruşdum ki, necəsən, nəçisən? Dedi ki, ... peşəm tənbur çalmaqdır... İndi qocalmışam, halım, vəziyyətim dəyişib, daha heç kim məni axtarmır, dəvət etmir... Bu qəbiristana gəldim və Allah-Taala üçün zəbur oxumağa başladım... Yuxuya getdim və indi sən məni oyadana qədər yatmışdım... Onunla birlikdə Şeyxin hüzuruna gəldik... O qoca əl-ayağa düşdü və tövbə etdi...» (108/7).
Şeyx Fəridəddin Əttar Nişapuri «Müsibətnamə» əsərində bu hekayəni 29 beytdə nəzmə almışdır, ancaq belə bir fərqlə ki, dastanın dərvişlərin yoxsulluğu və Həsən Müəddəbin qızıl verməsi haqqında olan birinci hissəsini hekayənin sonuna keçirmiş və dastanı nəğməkar qocanın vəsfi ilə başlamışdır. Digər fərq bundan ibarətdir ki, nəğməkar qoca qəbiristanlığa deyil, xaraba bir məscidə getmişdir (777-753 / 6). «Əsrarüt-touhid» əsərində və Mövlananın məsnəvisindəki rəvayətlərlə Əttarın rəvayəti arasındakı əsas fərq bundadır ki, Əttarın rübab çalan qocası nəinki tövbə etmir, bəlkə hətta hərisliklə və ümidlə yalnız Xudavəndi-Taala üçün çalmaq və daha çox ruzi qazanmaq əzmindədir.
... Bundan sonra da gər gətirməsə yuxu özü ilə ölüm,
Cümlə sənin üçün çalacağam rübab. (425 /4)
Əttar bu hekayədən belə bir nəticə çıxarır ki, əqli naqis olan adamların işi asandır. Beləliklə də, o, Allahla və xalqla həyasızcasına danışan, söhbət edən şövq və ilham sahiblərinin üzrünü istəmiş olur (754-753 /6). Bir qədər sonra bu hekayə Mövlananın qiymətli məsnəvisində 179 beytdə və yeddi əlavə dastanda təzahür edir. Heç şübhəsiz, Mövlana bu dastanı, nəzmin və hekayənin üslubunun şahidlik və təsdiq etdiyi kimi, həmin «Müsibətnamə»dən əxz etmişdir. Lakin o, müəyyən dəyişikliklər edərək hekayənin təsir qüvvəsini artırmış və ona daha qəribə bir məzmun bəxş etmişdir. Birincisi budur ki, Mövlananın rəvayətində hadisənin baş verdiyi məkan Mədinə şəhəridir. İkincisi, aydın düşüncəyə, geniş dünyagörüşünə malik olan, başdan-başa zövq əhli olan Əbi Səidin yerinə nəğməkar qocanın dadına yetişən şəxs «əmr be məruf» (lazımlı və xeyir işlərə dəvət) və «nəhy əz münkər» (pis və zərərli əməllərdən çəkindirmək) məsələsində tələbkarlığı, kəskinliyi, ciddiliyi və cəsarəti ilə məşhur olan Ömər ibn Xəttabdır. Üçüncüsü, «Əsrarüt-touhid» və «Müsibətnamə» əsərlərində Əbu Səidin məsələdən agah və xəbərdar olmasının dəlili – səbəbi qeyd olunmamışdır və bilinmir ki, o öz daxili intuisiyası, yaxud bir başqasının verdiyi məlumata əsasən çəng çalan qocanın vəziyyətindən xəbərdar olur (Foruz Ənfər, məsnəvinin şərhi. 756-754).
Onu eşitmişəm ki, Ömərin dövründə,
Vardı bir təkəbbürlü çəng çalan mütrüb.(1913 /8).
Mövlana qocanın çəng çalmaqda məharətini vəsf etdikdən sonra onun səsini «İlahinin nəfəsi» kimi tərənnüm edir və onu dastandan kənarlaşdıraraq, bir hədisin irfani təfsirinə cəlb edir. Sonra Mövlananın dostlarının vəziyyəti və əhval-ruhiyyələri tələb edir ki, bir-neçə beyti nəzm xəttinə düzsün (759 /6).
Mövlana bu dastanı öz düşüncələrini bəyan etmək üçün bir vasitə, bəhanə kimi seçmişdir və bu müjdəçi dastandan bir neçə ikinci dərəcəli, əlavə dastan hasil olmuşdur. Dastandakı məntiqi ardıcıllığı izləmək, bütün dastan boyu nəql edənin – hekayəçinin kim olduğunu anlamaq çətindir və asanlıqla demək mümkün deyildir ki, danışan – birinci şəxs kimdir: mouləvi, Allah, Ömər, yoxsa çəng çalan qoca? (325 /2).
Əyani Şəbüstərinin «Ənbiyanamə» əsərində çəng çalan qoca (845-917).
«Ənbiyanamə» dini-mənzum eposdur, mütəqarib vəznində yazılmışdır. Bu əsərin müəllifi Bürhanəddin İbrahim ibn Həsən Şəbüstəri Nəqşbəndi hicri təqvimi ilə doqquzuncu əsrin axırları, onuncu əsrin əvvəllərində yaşamış, o dövrün böyük alimləri, hikmət sahibləri, şairləri, şərhçiləri və qrammatika mütəxəssislərindən biri olmuşdur. Azərbaycanın Şəbüstər məntəqəsindəndir. Şeirlərini «Əyani» təxəllüsü ilə yazmışdır, lakin ərəb elmləri üzrə çoxsaylı əsərlər yazdığı üçün «Sibuyeyi-sani», yəni «ikinci Sibuyə» kimi tanınmışdır. O, «Şahnamə»nin təqlidçilərindəndir. Firdovsiyə sadiq olduğunu büruzə verməsə də, Sədiyə, Əttara, Nizamiyə və Mövlanaya sonsuz sədaqətini və ehtiramını dəfələrlə qeyd etmişdir.
Mövlananın çəng çalan qocası haqqında daha çox düşünməyin səbəbi Əyani Şəbüstərinin bu dastanı yaradarkən addım-addım Mövlananın məsnəvisi üzərində dayanmasıdır. Əyaninin də çəng çalan qocası Mövlananın məsnəvisində olduğu kimi, ardıcıllığın və məntiqiliyin məhsuludur. Belə ki, öncəki dastanda hadisələrin gedişatı bu hekayəni söyləmək üçün bir zəmin yaratmışdır.
Əyaninin yaşadığı dövr VI-VIII əsrlər saf fars şeirinin X-XI əsrlərin qarışıq və çətin şeirinə keçid dövrü idi. Yaxud ən azı pəhləvanlığa həsr olunmuş, milli və rövnəqsiz irfani şerlər bazarı dövrüdür. IX əsrdə fars şeiri sadəliyə və rəvanlığa mail idi... Dastanları əhatə edən, əxlaqi məsələlərə həsr olunmuş nəzm əsərləri, dini eposlar yaratmaq bu dövrün digər xüsusiyyətlərindəndir (163-195 /3). Əyani ətrafda baş verən və sonralar səfəvilərin hakimiyyəti ilə nəticələnən gərgin hadisələri müşahidəçi kimi izləyir və ümidsizcəsinə öz şeir bazarının kasad olmasından söz açır:
Əyani, kasaddır malın sənin,
Sənin çuxan qaldı özünə.
Onu qoy kənara ki, bəxtin yatmışdır,
Sənin malının yoxdur xəridarı.
İndi şeir bazarının kasadlığı hakim kəsilmişdir və digər tərəfdən də şair özünün ahıllıq dövrünü yaşayır. Beləliklə, ən yaxşısı din aləminin böyüklərinə sitayiş etməkdir. Birdən-birə Mövlananın çəng çalan qoca hekayəsini yada salır ki, ömrü boyu xalq üçün çalmış, lakin bir şey qazanmamışdır. Amma elə ki, Haqq üçün çalmağa başlayır, Haqq-Taala xəlifənin əli ilə ona qiymətli ipək və muzdunu bəxş etdi.
Get, bir-iki gün bu kasad malı,
Peyğəmbərlər bazarında qoy hərraca. (804 / həmin)
Əyani belə bir müqəddimə ilə çəng çalan qoca haqqında hekayənin başlanğıcına gedərək onu söyləməyə başlayır. O bu hekayəni ustadlara xas bir məharətlə, olduqca gözəl, rəvan bir tərzdə 49 beytdə qələmə alır və onu nəzmin zivərləri – gövhərləri ilə bəzəyir. O özünə nəsihət verir və artıq xırdalıqlara varmağa, hekayənin baş verdiyi məkan və zamana işarə etməyə heç bir ehtiyac görmür. Bəlkə işarə əvəzliyi olan «o»ya müraciət edir və bildirir ki, «o qoca çəng çalandan öyrən işi». Beləliklə, Əyani göstərir ki, bu dastan mənəvi məsnəvidə çox məşhurdur və oxucular onunla yaxşı tanışdırlar.
O çəng çalan kişidən öyrən işi
Ki, bükülmüşdür çəng kimi ruzigarın qəmindən... (807-844 / həmin)
«Ənbiyanamə»dəki dastanın aspekti Mövlananın dəyişkən xislətli çəng çalan qocasının əksidir, birbaşa üçüncü şəxs, ən böyük aqil və dəyişməzdir. Şübhəsiz, Əyani Əttarın əsərləri ilə tanış olmuşdur. Lakin özünün çəng çalan qocasını – bu qoca haqqında, sözsüz ki, müstəqil olmayan dastan yaradarkən addımbaaddım Mövlananın məsnəvisinin ardınca getmişdir. Yalnız bir fərqlə ki, əlavə – ikincidərəcəli dastan yaratmamışdır. İkincisi, onun sonda gəldiyi nəticə Əttarın və Mövlananın gəldiyi nəticələrdən tamamilə fərqlidir. O, belə bir nəticəyə gəlir ki, insan öz tamahına qalib gəlməli, sözündə və əməlində müstəsna olaraq Allahı nəzərdə tutmalıdır. Bu ümidlə ki, övliya tərəfindən qəbul edilmiş olsun.
Nəhayət, bu mövzuya aid yazımızda çəng, yaxud tənbur çalan qoca haqqında dastanın əslini – kökünü xatırlatmaqla, onun təkamül yolundan – folklordan, yəni şifahi xalq ədəbiyyatından başlayaraq nəsrə daxil olması, Əbu Səid, Əttar və Mövlana kimi böyük alimlər, müdriklər tərəfindən məsnəvi qəlibində bişdikdən sonra müxtəlif bəhrlərdə nəzm şəklində ərsəyə gəlməsindən bəhs edilir. Belə bir təkamül yolunu keçən hekayə həmin yolun davamında böyük «Ənbiyanamə» əsərinə daxil olmuşdur. Bu hekayənin dörd əsər üzrə müqayisəsi nəticəsində bəzi oxşar və fərqli cəhətlər açıqlanır. «Ənbiyanamə» əsərindəki rəvayət ilə Mövlananın məsnəvisi arasında çox oxşarlıq olduğu üçün Mövlananın məsnəvisinin qeyd olunan özünəməxsus cəhətləri «Ənbiyanamə» əsərinə də aiddir.
Dostları ilə paylaş: |