2) “Tənbihul-ğafilin”. ƏYİ B-6360; Əsər 94 babdan ibarətdir. Həcmi 275 vərəq, ölçüsü 14,5x21,5sm, xətti gözəl nəsx, köçürülmə tarixi h.901 (m.1496). Katibi Həmzə bin Rəsul. Kağızı filiqranlı Avropa istehsalı, cildi karton, əlyazma yaxşı vəziyyətdədir. Mətni qara, babların başlıqları və haşiyələrdəki bəzi şərhlər qırmızı mürəkkəblə yazılmışdır. Əlyazma nömrələnib, başlanğıc vərəqində sahiblik möhrü vardır. 3a-4a vərəqlərində əsərin fehristi, 4b-275a-da vərəqlərində əlyazmanın mətni verilmişdir.
Başlanır: (4b) بسم الله الرّحمن الرّحيم ربّ برّ ولا تعدّ الحمد الله الّذى
Bitir: (275a) تمت الاحاديت تاريخ ٩٠١
Əsərin Türkiyə əlyazma nüsxələri: 1. Bayəzid kitabxanası Vəliyyəddin əfəndi. No: 1876: 2. Bayəzid kitabxanası. No: 1427; 1670; 1671; 1672; 1673: 3. Süleymaniyə kitabxanası Yazma Bağışlar No:1911; 1913; 3812; 4461: 4. Əsad əfəndi kit. No: 3780/12; 3526/2: 5. Tirnovalı kit. No: 867; 866: 6. Ayasofiya kit. No: K.1741; O. 2817.
“Tənbihul-ğafilin” başda olmaqla fiqhə dair digər əsərlərində də Hz. Peyğəmbərin (s.ə.s.) hədisləri, iman, namaz, ibadət, Qurani-Kərimin təfsiri, Ramazan ayının fəzilətləri, ər-arvad münasibətləri, təmizlik qaydaları və s. söhbət açılır. İslam aləmində çox oxunan və mədrəsələrdə külli olaraq tədris olunan əsərlərdəndir. Əbul-Leysin əsərlərindən bir neçəsi Əndəlüs krallığı zamanında İspanyalı müsəlmanlar tərəfindən Aljomia (Aljomiado) ləhcəsinə tərcümə edilmişdir. “Tənbihul-ğafilin” əsəri müstəqil şəkildə (Qahirə, 1311) və “Bustanül arifin”lə birgə Kəlkük, Bağdad, Bombey, Beyrut, Dəməşq və eyni zamanda Türkiyədə nəşr olunmuşdur. Osmanlı zamanında Yahya oğlu tərəfindən edilmiş bir tərcüməsi Topqapı Sarayı Muzeyi kitabxanasında saxlanılmaqdadır.
“Bustanil-arifin” (İstanbul: “əl-Amirə” mət. h.1289 (m.1872); Misir: “Aləmiyyə” mət. h.1311 (m.1893), “Qurratul-uyun və fərahul-qalbi-məxzun” (Misir: “Meymuniyyə” mət. h.1304 (m.1886), “ər-Ru`dul-fiqh” (Misir: “Amir Osmaniyyə” mət. 1902) əsərlərinin əski çap nüsxələri Əlyazmalar İnstitutunda Ərəb dilli kitablar siyahısında yer almışdır.
Əbul-Leys əs-Səmərqəndi əl-Hənəfinin əsərlərinin tədqiqi və Azərbaycan dilinə tərcüməsi tədqiqatçıların diqqətindən kənarda qalmaması gərəkən mühüm vəzifələrdəndir.
Dostları ilə paylaş: |