Tədəbbür məfhumu.
Lüğət və təfsir kitablarında tədəbbür məfhumu barədə çoxlu məlumatlar verilmişdir. Bunların hamısı bir ümumi nöqtədə birləşir: hadisələrin və işlərin nəticəsi və aqibəti barədə düşünmək, məsələnin dərinliyinə varmaq, zahirdən batinə yönəlmək.
Tədəbbür barədə söylənilənlər belə bir ideya üzərində formalaşmışdır ki, bu məfhum prinsipcə əməli cəhətdən önəm daşıyır. Deməli, tədəbbür əməli bir prosesdir, lakin bu o demək deyildir ki, biz kimsəni bu işə vadar edirik. Əslində tədəbbür görüləsi bir iş deyil, bəlkə keçiləsi bir yoldur. Ona görə tədəbbürün metodologiyasından bəhs edərkən başqa bir üsula müraciət etməli oluruq. Həmin üsul öz-özlüyündə tədəbbürlə sonunclanacaq. Onu həm də nəfəs çəkməklə müqayisə etmək olar. Təbiidir ki, yeməyi, yatmağı, idmanı, istirahəti və başqa işləri düzgün olan insanın nəfəsçəkməsi də düzgün olar. Biz bir nəfərə “bu cür yat”, “bu cür ye”, “bu cür yol get” deyə bilərik, ancaq ona “bu cür nəfəs al” deyə bilmərik.
Düzgün tənəffüs bir yoldur və başqa işlərdən fərqli olaraq istər-istəməz öz-özünə hasil olan bir prosesdir. Tədəbbür bir sıra mərhələlərdən təşkil olunan işlərlə əlaqəli olan bir hal və prosesdir, həmin mərhələlər keçdikcə düzgün tədəbbür də baş tutmalıdır (12.s.160).
Quranın öyrənilməsinin tədəbbürlə əlaqəsi.
Tədəbbürün gerçəkləşməsi və anlaşılması üçün ən mühüm məsələlərdən biri Quranın düzgün öyrənilməsidir. Yəni tədəbbür Quran təlimi ilə birbaşa bağlıdır. Ancaq bu gün bəzən tədəbbür mövzusu bu müstəvidə araşdırılmır, sanki insan Quranı istər, öyrənsin, istər öyrənməsin, onun üzərində tədəbbür edə bilər. İstənilən metodla Quranı öyrənərək tədəbbür əhli olmaq mümkün deyildir. Ancaq müşahidələr göstərir ki, insanları həmişə tədəbbürə də dəvət edirlər, eyni zamanda bunun məziyyətləri sadalanır, onun lazımi şərtləri, mərhələ və üsulları müzakirə olunur. Zənnimizcə bu məsələdə quranşünaslara müraciət etmək, mövzunun mahiyyətini bilmək lazımdır. Bütün islam qaynaqları, o cümlədən əhli-beyt məktəbi göstərirlər ki, Quran üzərində tədəbbür onun qiraət və təlimindən ayrı deyildir. Güman etmək olmaz ki, insan əvvəlcə Quranı öyrənmək mərhələsini keçməli, bir müddətdən sonra onun üzərində düşünməlidir. Quranın öyrənilməsi və təlimi məhz tədəbbür prosesinin başlanğıcıdır. Əgər Quranı öyrənmək metodologiyası düzgün qurularsa, o zaman bu məsələ öz yerini tutacaqdır. Öncə tənəffüs, yemək və yatmaq misalında izah edildiyi kimi, bu məsələ də öz təbii axarını tapmalıdır.
İnsan qəlbi Quran üzərində tədəbbürün qaynaq və vasitəsi kimi.
Quran ilahi dəvət olaraq insanın qəlbində özünə yer tutur və Quran üzərində tədəbbürün yeri və qaynağı da qəlbdir. Tədəbbür məfhumu işlənən ayələri diqqətlə araşdırsaq bir məsələni anlayarıq ki, tədəbbür Qurandan ayrı bir hadisə və amil deyildir. Quran insan qəlbinə nüfuz edərək orada özünə yer tutduğu kimi, tədəbbür də öz-özünə qəlbin dərinliyindən gələn bir haldır və öncə bu barədə Muhəmməd surəsi, 24-cü ayədə işarə edilmişdir.
Deməli, qəlb tədəbbürün gerçəkləşdiyi yerdir və ona görə də Quran qəlbdə yer alır ki, bu məsələ Quranın öyrənilməsi metodu ilə birbaşa əlaqədardır. Yəni Quran elə şəkildə öyrədilməlidir ki, öyrənənin beyninə deyil, qəlbinə nüfuz edə bilsin. Tədəbbürə aid ayələrin üslubundan bəlli olur ki, bu məfhum eyni zamanda “təzəkkür” anlamından ayrı deyil. Tədəbbür və təzəkkür bir həqiqətin iki ifadə tərzidir. Sad surəsi, 29-cu ayədə deyilir:
“ (Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!”.
Bu iki məfhumu nə qədər bir-birindən ayırsaq da onlar mahiyyətcə bir-birinə bağlanır. Quran həmişə insanın qəlbində və yadında olduğu üçün onun “təzəkkür” funksiyası dəyişməz olaraq qalır. Deməli, insan Quranın mənalarını qəlbində daşıdığı halda onlar üzərində düşünməsi təbii məsələdir. Başqa sözlə, Quran ayələri onu bütün həyatı boyu – fərdi və ictimai həyatında izləyəcək, onun niyyət, söhbət və əməllərinə nəzarət edəcək. Deməli, tədəbbür üçün Quran ayələri həm də zikr olunmalı, həmişə canlı və fəal şəkildə Quran təlimi ilə bağlı olmalıdır.
Quran həmişə istisna hallar üçün öz suallarını təbii bir üsul ilə ortaya qoyur və heç vaxt əsl məsələdən söz açmır. Məsələn, iman, itaət və təslim əsl prinsiplər olaraq qalır və onlar barədə sorğu-sual edilmir. Ancaq həmin prinsiplərin əks tərəfindən (Məs, təkzib, inad, küfr) sorğu-sual edilir:
– Niyə onlar iman gətirmirlər? – Niyə təzəkkürdən üz çevirirlər, Onlara nə olub? - Niyə onların təfəkkür, tədəbbür və ağıl çeşmələri quruyub? Onların yolunda hansı maniələr vardır? Belə üslubda işlənən ayələr çoxdur: Nisa:75; Ən’am:119; Tovbə116; Hud:113; Ənkəbut:22,25; Şura:31,47; Casiyə:34; Hədid:8,10
Bütün bu sual doğrun məsələlər qəlbə, daha doğrusu, təfəkkürə mane olan psixoloji amillər, xəstəliklər və əngəllərdir. Onlar qəlbin yolundan götürüldükdə iman və təzəkkürün oraya nüfuzu üçün zəmin yaranır.
Dostları ilə paylaş: |