Xatirə KƏRİMOVA
(Əlyazmalar İnstitutu)
MİRZƏ KAZIM BƏY VƏ ONUN
“TÜRK-TATAR DİLİNİN ÜMUMİ QRAMMATİKASI” ƏSƏRİ
AMEA-nın M.Füzuli adına Əlyazmalar institutunun çap kitabları arasında IX-195/292 şifrəli Mirzə Kazımbəyin “Türk-tatar dilinin umumi qrammatikası” əsəri də mühafizə olunmaqdadır.
Görkəmli azərbaycan alimi, şərqşünası M.Kazımbəy olduqca maraqlı və çətin bir ömür sürmüşdür.
M.Kazımbəy 1802-ci ilin 22 iyulunda Cənubi Azərbaycanın Rəşt şəhərində anadan olmuşdur. Bir qədər sonra atası Dərbəndə qazi təyin olunur və ailəsi ilə birgə bu şəhərə köçür. Atası Məhəmməd Qasım Kazımbəy Dərbəndin tanınmış ruhani şəxslərindən biri kimi tanınırdı. Kazımbəy İslam dininin əsaslarını öyrənməklə yanaşı Azərbaycan, fars, rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Atası oğlunun İran və Ərəbistanda dini təhsil almasını, ruhani olmasını istəyirdi. Lakin o 1820-ci ildə İran leyhinə cəsusluq fəaliyyətində günahlandırılır, bütün dini rütbələrindən məhrum edilir və Həştərxana sürgün edilir.
Kazımbəy dilçiliyə tərcümələri ilə başlamışdır. Sonralar o fransız, alman və tatar dillərinə də mükəmməl öyrənir. 1825-ci ildə təhsilini davam etdirmək üçün Böyük Britaniyaya, Londona dəvət olunur. Lakin rus hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermirlər. Rusiya İmperiyasının xüsusi sərəncamı ilə Kazımbəy Omska tatar dili müəllimi olaraq göndərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən Kazımbəy Karl Fuks adlı tarixçidən Kazan universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır. 1828-ci ildə Britaniya Kral Şərqşünaslıq Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaranmış “Türk dilləri” fakultəsinə rəhbər təyin olunur. Elmi fəalliyətinə görə, həmçinin Rusiyada şərqşünaslıq sahəsində ali təhsilin təşkilində fəal iştirakına görə Kazım bəyi 1835-ci ildə Peterburq Elmlər Akademiyasının müxbir üzvü seçirlər.
Kazımbəy şəxsiyyətinin unikallığı ondadır ki, o şərq, müsəlman mədəniliyini rus və qərbi avropa elminin ənənələrini özündə birləşdirərək, Rusiya şərqşünaslığının uzaqgörən təşkilatçısı, dünya səviyyəli, istedadlı şərqşünas alim olmuşdur.
Mirzə Kazımbəy azərbaycan dilinin ilk elmi qrammatikasının naşiri kimi öz adını elmdə qızıl hərflərlə yazdırmışdır. 1839-cu ildə yazdığı “Türk-tatar dilinin qrammatikası” adlı əsərini Kazanda çap etdirir. Əsər müəllifə dünya şöhrəti gətirmişdir. Bu əsər Rusiyada türk dilinin qrammatik tədqiqatları tarixində mühüm mərhələ olaraq, elmdə böyük səs-küyə səbəb oldu. Təsadüfi deyildir ki, bu qrammatikanın 1846-cı ildə “Türk-tatar dilinin ümumi qrammatikası” adı altında çap olunmuş təkrar nəşri Demidov mükafatına layiq görülmüşdür. Əsərin təkrar nəşri bir çox yeni filoloji araşdırmalar ilə daha da zənginləşdirilmişdir.
Əsər müəllifin özü tərəfindən yazılmış müqəddimə, mündəricat və 3 hissədən ibarətdir. “Türk-tatar dilinin ümumi qrammatikası” demokratikliliyi, əlverişliliyi və asanlığı ilə çox seçilirdi. Bu əsərində Kazımbəy osmanlı, azəri və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisəsini aparır. Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri “Tatar” və ya “Türk-tatar” adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunur. 1921-ci ildə Jan Denin “Türk dilinin qrammatikası” əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur. Əvəzsiz tədris vəsaiti olan bu əsər 1848-ci ildə alman alimi Senker tərəfindən alman dilinə tərcümə olunaraq Leypsiqdə nəşr olunmuş və Avropada fəxri yer tutmuşdu. Əsərdə Mirzə Kazımbəy “Azərbaycan dili” terminini ilk dəfə olaraq elmi surətdə əsaslandırmış və “Azerbican” formasında elmi dövrəyə daxil etmişdir. Bu “qrammatikanın” sayəsində nəinki rus hətta, qərbi avropa şərqşünaslarının, müəllimlərinin və şərq dilləri mühazirəçilərinin parlaq pleyadası yetişdirilirdi. Əsərin əhəmiyyəti indi də öz aktuallığını elmdə qoruyub saxlamışdı.
Dostları ilə paylaş: |