Aynur Hacıqədİrlİ
(Əlyazmalar İnstitutu)
Osmanlı İmperİyası və Makedonİya məsələsİ
XIX əsrin II yarısında Osmanlı İmperiyasının beynəlxalq vəziyyəti daha da gərginləşmişdi. Qeyd edək ki, bu dövrdə yalnız Osmanlı İmperiyası üçün deyil bütövlükdə beynəlxalq vəziyyət gəgin olaraq qalmaqda idi. Çin limanları iri dövlətlər tərəfindən bölünmüş, yaponlar ABŞ təhdidi altında yaşayırdı, Əfqanıstan Rusiya dəstəyi ilə ingilislərə qarşı müqavimət göstərirdi. Mustafa Armağanın qeyd etdiyi kimi “belə vəziyyətdə Osmanlının əli-qolu bağlanmışdı. Edə biləcəyi bir şey isə qürurunu və torpaq bütünlüyünü qorumaq üçün vaxt qazanmaq və sülh dövrünün imkanlarından istifadı etmək idi. (5, s. 211)
Bu dövrdə yaşanan problemlərdən biri də Makedoniya məsələsi idi. Makedoniya deyərkən haralar nəzərdə tutulur? Bu məsələ ilə bağlı əski çap kitablarından Əhməd Səlahəddinin Makedoniya məsələsi və Balkanların axırı əsərinə müraciət etdik. Kitabda belə bir faktla üzləşdik:
“İdarətən Makedoniya Selanik və Manastr və Kosova vilayət sələsəsindən ibarətdir ki, Üskübdür. Fəqət ümumiyyətlə qəbul olunur ki, Makedoniya bu üç vilayət hüdudlarına qədər gedib çıxmır. Bu üç vilayət sahə məcmuəsindən bir tərəfdən mütəədid Arnavudluq sancaqlarını və digər tərəfdən Tağın şimalında əski Serbiyaya aid olan Kosova vilayəti qismini çıxartmaq lazımdır. Ondan başqa cənubda rumların məskunlaşdığı Vyestriça vadisinin də Makedoniya qismindən olmadığı söylənilir.” (2, s. 24)
Osmanlı tarixində Makedoniya məsələsi 1878-ci il Berlin Traktatı ilə özünə yer almışdı. Berlin konfransında qəbul edilmiş bu Traktata görə Rusiya Avropa dövlətlərinin verdiyi qərarla razılaşmaq məcburiyyətində qaldı. Traktata əsasən Bolqar dövləti üç hissəyə bölündü: şimal hissəsi Osmanlı İmperiyasına xərac pdəyəcək muxtar bir prenslik oldu; Şərqi Rumeli adlanan cənub hissəsi Osmanlı idarəsi altında yarımmuxtar bir əyalət oldu; Makedoniya və Trakya isə yenidən birbaşa Osmanlı idarəsi altına verildi. (1, s.97)
Makedoniyanın ərazisinin əhatə etdiyi rayon böyük strateji və iqtisadi əhəmiyyətə malik bir məkandır. Mərkəzi Avropanı Ağ dənizə bağlayan Moraviya ilə Vardar vadiləri burada yerləşir. Ona görə də Serbiya və Bolqarıstan dənizə çıxış üçün əlverişli bir rayon olduğundan Makedoniyanı daim öz ərazilərinə birləşdirmək istəmişlər. Avropa və Asiyada hun, slavyan, və türk fəthləri buradan keçərək reallaşdırılmışdır. Burada nüfuz bərqərar etmiş dövlət ümumən regionda təsir dairəsi formalaşdırmağa müvəffəq olurdu.
Makedoniya bir çox millətlərin məskunlaşdığı bir ərazi olduğundan Berlin Traktatından sonra burada öz nüfuzlarını bərqərar etmək istiqamətində müxtəlif siyasi avantüralar həyata keçirmək istəyirdilər və bu davamlı hal almışdı. Bu mənada, Makedoniyada məskunlaşan millətlərin nisbəti də maraq doğururdu. Burada həmin dövr 1 508 507 müsəlman türklər, 896 497 bolqar, 307 000 rum, 100 717 serb, 99 000 ulah, az sayda alban və yəhudi yaşayırdı.
Makedoniyalıların dili serbcədən çox bolqarcaya, özləri də serbdən çox bolqara bənzəyirlər. Lakin onlar Bolqarıstan bolqarlarından daha çevik, daha mahirdirlər. Bu keyfiyyət yəqin ki, rum irqi ilə qaynayıb-qarışmanın nəticəsidir. (2, s. 25)
Makedoniya uğrunda mübarizə aparan əsas dövlətlər isə Bolqarıstan, Yunanıstan və Serbiya idi. Sonradan bu mübarizəyə Rumıniya da qoşulmuşdu. Strateji əhəmiyyət daşıyan bu rayonda möhkəmlənmək istəyən əsas dövlət Bolqarıstan idi. Bolqarlar buraya etdikləri iddianı tarixi haqları kimi qələmə verir və bunu bolqar çarı Simonun yaratmış olduğu keçmiş Böyük Bolqarıstan imperatorluğunun ərazisi olması ilə izah etməyə çalışırdılar. Ayastefanos Andlaşması ilə bu ərazilərin onlara verilməsini ön plana çəkən bolqarlar öz haqlarının Berlin Traktatı ilə pozulmasını qabardırdılar. Ona görə də, onlar Makedoniyaya olan iddialarında haqlı olduqlarını israr edirdilər.
1885-ci ildə Avropanın etirazına rəğmən Şərqi Rumeli Bolqarıstanla birləşərək Berlin Traktatının ən azından bir qismini pozdu. Bununla da Makedoniya məsələsi həll edilməmiş qaldı. (1, s. 99)
Bolqarıstanda Makedoniyanın ələ keçirilməsinin slavyan birliyinə gedən əsas yol adlandırmaqla, Ağ dənizə yeni ticarət qapısı açacaqlarına ümid bəsləyidilər. Bu səbəbdən də, açıq şəkildə «Bizim gələcəyimiz Makedoniyadadır. Makedoniyasız Bolqar Dövləti Balkanlarda köməksiz və əhəmiyyətsiz olacaqdır. Salonik Bolqar dövlətinin qapısı olmalıdır» iddialarını bəyan edirdilər. Ona görə də, burada bolqarlar pravoslav kilsə və ibtidai təhsil məktəbləri açmağa başladı ki, bu qarşıya qoyulmuş məqəsədə nail olmaqda ilkin addımları səciyyələndirirdi. Bolqarıstanın baş naziri Stambulov Makedoniya məsələsində sultan Danohri və Üsküpdə Bolqar yepiskopluğunun açılmasını xahiş etmiş və buna 1890-cı ildə nail olmuşdu. Sultanın belə bir razılıq verməsi isə Roma katoliklərinin qəzəbinə səbəb olmuşdu. Bu səbəbdən eyni zamanda katolik və pravoslav kilsələri arasında da kəskin mübarizə başlanmış oldu. Bu mübarizədə öz marağından çıxış edən sultan 1897-ci ildə türk-yunan müharibəsi zamanı yunanlardan intiqam almaq məqsədilə bolqarlara daha dörd kilsə tikmək üçün razılıq vermişdi. İstanbulun Bolqarıstana loyal siyasəti onun Makedoniyada möhkəmlənməsini əsaslandırmış oldu. Belə ki, 1895-ci ildə Makedoniyada artıq 600-dən çox bolqar məktəbi fəaliyyət göstərirdi ki, bu məktəblərdə də 25-30 min tələbə təhsil alırdı. Bolqarıstan hər il bu məktəblərə 1-2 milyon frank həcmində maliyyə vəsaiti sərf edirdi. Lakin proseslərin bu istiqamətdə inkişaf etməsi paralel olaraq, Osmanlı dövlətinin də əleyhinə təkamül etməkdə idi. Belə ki, Bolqarıstanın Makedoniyada açmış olduğu həmin məktəb və təhsil mərkəzləri eyni zamanda Osmanlı dövlətinə qarşı mübarizə aparan millətçilərin yetişdirilməsi ilə məşğul olurdu. Bu faktor 1893-cü ildə Bolqarıstanın baş naziri Stambulovun həyatına sui-qəsd edilməsindən sonra açıq şəkildə özünü büruzə vermiş oldu. Yeni baş nazir isə Stambulovdan fərqli olaraq, sultan hökumətinə loyal mövqedən deyil, ona qarşı mübarizə mövqeyindən çıxış edirdi. Həmin il Resnedə Makedoniya Daxili Ixtilal Təşkilatının yaradılması bunun bariz nümunəsi idi. Ilk dövrlər türklərə qarşı mənəvi və psixoloji mübarizə aparan Təşkilat gizli fəaliyyət göstərirdi. Bu fəaliyyətin məntiqi nəticəi kimi, 1895-ci ildə Sofiyada Makedoniya Xarici Ixtilal Komitəsi yaradıldı. Hər iki təşkilatın əsas məqsədi Makedoniyanı Bolqarıstana birləşdirmək idi.
Romalılar isə Makedoniyanı Bizans imperatorluğunun bərpası istiqamətində başlıca keçid adlandırırdılar. Qeyd etməliyik ki, yunanlar da Makedoniyaya tarixi haqlarının olduğunu iddia edir, bunu bir zamanlar Makedoniyanın Yunan kralı Filip və İskəndərin hakim olduğu bu ərazinin Bizans imperiyasının daxili rayonlarından biri olması ilə əsaslandırmağa çalışırdılar. Bu mövqedən çıxış edən Yunanıstan kralı I Georgi, hətta Yunanıstanın Makedoniyasız yaşaya bilməyəcəyini deyirdi. (3, s.57) Bu məqsədlə də 1894-cü ildə, yunanlar Makedoniyada Etniki Eterya təşkilatı yaratdılar ki, bundan əsas məqsəd ilk növbədə antibolqar təbliğatının aparılmasını intensivləşdirmək və burada Yunanıstanı təbliğ etmək idi. Bildiyimiz kimi, Yunanıstanın bütün rum dilində danışanları bir dövlət içində birləşdirmək arzusu 1920-ci ildə faciəvi sonluqlarla nəticələndi. (1, s.94)
Serblər də bolqar və rumlar kimi Makedoniyaya tarixi haqları olması iddiaları ilə çıxış edirdilər. Bu istiqamətdə təbliğatın əsas ana xəttini makedoniyalıların bütünlüklə serb olduqları, Üsküpün Serb hökmdarı Duşanın dövründə Serbiyanın paytaxtı olması təşkil edirdi. Ona görə də, serblər Bütün Makedoniyanın Serbiyaya məxsus olduğunu iddia edir və bu məsələdə heç bir tərəfə güzəştə getməyəcəklərini bəyan edirdilər. Serbiyanın belə açıq təcavüzkar mövqedən çıxış etməyə ruhlandıran isə onların Avstriya-Macarıstan tərəfindən dəstəklənməsi idi. Əslində Berlin Traktatı ilə Avstriya-Macarıstana Bosniya-Herseqovinanı himayəsinə almaq icazəsi də verilmişdi. (1, s.97) Lakin 1879-cu ildə Bosniya-Herseqovinada Avstriya-Macarıstanın nüfuzunun bərqərar edilməsi Serbiyanın ciddi narazılığına səbəb olmuşdu və Avstriya-Macarıstan Serbiyanı nominal olaraq dəstəkləməklə Bosniya-Herseqovina itkisi ilə barışmağı təlqin etməyə səylər göstərirdi. Buna görə də tərəfər 1881-ci ildə Serbiyanın Makedoniyaya genişlənməsini əsaslandıran müqavilə imzalamışdılar. Avstriyanın xarici işlər naziri Baron Haymer Bu məsələ ilə əlaqədar bildirmişdi ki, «Makedoniyanın Bir hissəsi olan Kosovo üzərində Serbiyanın iddiasını bir rəsmi sövdələşmə ilə tanımağa indidən razıyıq və buna hazırıq. Gələcəkdə Avropanın Böyük dövlətləri tərəfindən toplanacaq bir konfransda bu ərazinin Serbiyaya birləşdirilməsini tanımağa yönələn siyasətimizdə bütün nüfuzumuzdan istifadə edəcəyik». Avstriyanın bu vədi həmin müqvilənin 7-ci maddəsində öz əksini tapmışdı.
Avstriya ilə müvafiq razılaşmalar əldə edən Serb kralı Aleksandr 1894-cü ildə Istanbula səfər etdi və sultandan Makedoniyada, xüsusilə də Kosovoda serb məktəblərinin açılmasına razılıq aldı. Qısa bir zamanda burada 100-dən çox serb məktəbləri açıldı ki, bu məktəblərdə 5 mindən çox tələbə və şagird təhsil almağa başladı. Makedoniyada bir serb yepiskopluğunun açılması məsələsi isə 1896-cı ildə həll edilmiş oldu. Üsküpdə açılan bu yepiskopluğa qarşı rumlarla birgə bolqarlar da mübarizə aparmağa başladılar. Kosovo və Üsuküpün qədim Serbiya adlandırılmasına qarşı bolqarlar açıq mübarizəyə başladılar. Buna cavab olaraq serblər də analoji mövqedən çıxış etməyə başladılar. Nəticədə bolqar, yunan və serblər bir-biri ilə mübarizə etməyə başladılar.
Belə bir vəziyyətdə Makedoniyadakı türk əhalisi ən çox zərər çəkən və zərbə alan tərəf kimi çıxış edirdi. Həmin dövr, yəni hələ 1897-ci ildə bu proseslərə dair öz düşüncələrini qeydə almış Tunalı Hilmi özünün «Makedoniya Mazisi Hali İstikbali» adlı əsrində bu məsələyə toxunaraq yazırdı ki, « türklər hələ də müdafiə olunmaq haqda düşünmürlər. Sabahını düşünməyi ağlına gətirməyən bir Makedoniya sakini var idisə də,o da türklərdir. Bu gün özünü düşünməyən bu xalq sabah məhv olacaqdır». Zaman və həmin siyasi proseslərin məntiqi nəticəsi Hilminin uzaqgörənliyini təsdiqləmiş oldu. Türklər Avropa Türkiyəsini XX əsrin əvvəllərində əbədi olaraq itirmiş oldular. Belə bir vəziyyətdə Osmanlı dövləti buradakı prosesləri öz gücü hesabına məqsədəuyğun istiqamətə yönəltmək iqtidarında olmadığından Makedoniyada serb, yunan və bolqarların bir-birinə qarşı mübarizə aparmasını burada öz nüfuzunun qalmasının əsas vasitəsi kimi baxırdı. Sultan II Əbdül Həmid özünün siyasi xatirələrində bu münasibətlə yazırdı ki, «Bizim Avropadakı qüdrətimizin Balkan dövlətlərinin bir-biri ilə anlaşa bilməmələri üzərində qurulduğu doğrudur».
Makedoniyada bolqar, yunan və serblər arasında qızğın mübarizə getdiyi bir dövrdə, həmin mübarizə ulahların da Makedoniyaya iddiaları çərçivəsində daha da kəskin xarakter almış oldu. Ulahlar yunan mənşəli bir xalqdır. Roma imperatorluğunun rumın legionu, hələ eramızın IV əsrində barbarların hücumlarına məruz qalaraq məğlub olduqdan sonra,onların böyük bir qismi Karpat dağlarına çəkilmiş, bir qismi isə Dunay çayını keçərək cənuba doğru hərəkət etmiş, Makedoniyaya qədər olan bir ərazidə, eləcə də Pidus dağ silsilələrində məskunlaşmışdılar. Əsas məşğuliyyətləri isə kosmopolit səviyyədə ticarət etmək olmuşdur. Pravoslav olan və rumın dilində danışan ulahlar, uzun müddət yunan mədəniyyətinin təsiri altında olmuşlar.
XIX əsrin ikinci yarısında Balkanlarda milli-azadlıq hərəkatı başladıqdan sonra onlar da bu mübarizəyə qoşulmuş və öz məqsədlərinə nail olmaq uğrunda mübarizəyə başlamışdılar. Onların əsas himayədarı isə Rumıniya idi ki, onlara hələ 1869-cu ildən etibarən müxtəlif sahələri, o cümlədən siyasi mübarizəni əhatə edən müvafiq ədəbiyyatlar göndərməyə başlamışdı. (3, s.59) Ulahların mübarizəsinə təkan verən isə pravoslav papası Marqariti olmuşdur. Belə ki, o Ulah kilsəsini Roma katolik kilsəsinin təsiri altından çıxarmaq məqsədilə kilsənin katolik kilsəsindən ayrıldığını bəyan etmişdi ki, bu da Roma katoliklərinin etirazına səbəbolmuşdu. Bu etirazdan isə o, siyasi məqsədlər üçün istifadə etməyi qərarlaşdırmış, nəticədə ulahlar dini zəmində başladıqları mübarizələrinə sonradan siyasi rəng vermiş və Makedoniyada gedən siyasi proseslərə təsir etməyə başlamışdılar. Bununla belə ulahların «Ulah imperatorluğu» yaratmaq və Rumıniya ilə birləşmək məqsədləri əvvəlcədən utopik bir ideya idi və heç bir halda reallığı nəzərə almırdı. Çünki ilk növbədə onların sayı kifayət qədər olmamaqla bərabər Rumıniya ilə həmsərhəd deyildilər. Digər tərəfdən Rumıniya ulahları onların mübarizələrinin ilk günündən etibarən yalnız bolqarların irəliləmələrinin qarşısını almaq məqsədilə dəstəkləyirdi. Ona görə də sonradan onlar Balkanlarda slavyan xalqları tərəfindən assimilyasiya olunmamaq məqsədilə sultandan yardım istəməyə məcbur oldular. Bu məqsədlə də 1897-ci ildə türk-yunan müharibəsi zamanı Fessaliyada kompakt halda yaşayan ulahlar buranın türk hakimiyyəti altında qalması uğrunda mübarizə aparmış və bunun üçün hətta Avropa dövlətlərinə müraciət də etmişdilər. Belə bir addıma əsas verən faktor isə türklərin xristinlara, xüsusilə də ulahlara yaratmış olduğu mədəni inkişaf şəraiti idi. Belə bir şəraiti isə yunanlar onlara vəd etmirdi. Ona görə də ulahların türk hakimiyyəti altında qalmaq istəməsi və bunun uğrunda apardıqları mübarizə tam səmimi idi.
Ulahların belə bir mövqedən çıxış etməsi isə yunan, bolqar və serblərin onlara qarşı birləşməsinə təkan vermiş oldu. Nəticədə, bu üç millətin ulahlara qarşı törətdikləri qırğın və iğtişaşları nəzərə alaraq, Rumıniya sultana təyziqlər etməyə başladı. Nəticədə Ulah faktorunun Makedoniyada ayrıca bir ünsür olmasına dair sultan 1905-ci il mayın 25-də xüsusi bir fərman imzaladı. Bu fərman yunanların ulahlara qarşı istibdadını daha da artırmış olduğundan,onlar Rumıniyadan yardım istədilər. Nəticədə, Rumıniya və Yunanıstan arasında hərbi-siyasi vəziyyət gərginləşdi.
Makedonyadakı bu proseslər 1898-ci ildə özünün kulminasiya nöqtəsinə çatmış oldu. (3, s. 61) Belə ki, münaqişə tərəfləri bir-biri ilə apardıqları mübarizə çərçivəsində, eyni zamanda türklərə qarşı da iğtişaşlar törədirdi. Bu iğtişaşların törədilməsində isə boqarlar əsas yer tuturdular. Bolqarlara qarşı mübarizə aparan serb və ulahlar isə türklərə yardım edirdilər. Etnik münaqişə məngənəsində boğulan Makedoniyada bu siyasi proseslərin fonunda Osmanlı dövlətinin nüfuzu aşağı düşmüşdü. Belə bir vəziyyətdə Avropa dövlətlərinin diqqətini Makedoniyaya yönəltmək istəyən bolqarlar Makedoniyadakı siyasi proseslərdə türkləri günahlandıran geniş bir təbliğat kompaniyasına başlamışdılar. Həmin dövr buradakı prosesləri işıqlandıran fransız jurnalisti Stefan Lusan yazırdı ki, «əgər həqiqəti söyləsək demək olar ki, Makedoniyadakı bütün qətl və iğtişaşlar bolqar terroristləri tərəfindən əvvəlcədən hazırlanmış və qəbul olunmuş mexanizmlə gerçəkləşdirilir. Məqsəd isə Portanın vəhşi, mədəniyyətsiz bir ölkə kimi yanlış olaraq tanıtmaq, xristianların burada ən ibtidai hüquqlara malik olmadığını Avropa dövlətlərinin nəzərinə çadırmaqdır. Halbuki, belə bir halı sezmək çox çətindir. Bunun üçün onlar Makedoniyadakı xarici vətəndaşlara qarşı qəsdlər təşkil edir, onları oğurlayır, xarici vətəndaşlara məxsus müəssisələri yandırırlar». Dağıdılan həmin müəssisələrin əksəriyyəti isə Salonikdəki Osmanlı Bankına məxsus idi. Bu addımlar isə 1896-cı ildə ermənilərin İstanbuldakı Osmanlı Bankına qarşı törədilən terror aktından bəhrələnirdi.
Qeyd edək ki, XIX əsrin II yarısındn başlayaraq, Osmanlı Türkiyəsində ermənilərin guya çətin durumda olduqlarını bəhanə edərək xarici dövlətlər Türkiyədən yeni güzəştlər tələb edirdilər. Makedoniya məsələsi ilə təxminən eyni zamanda baş verən bu çıxışların xaricdın dəstəklənməsi Osmanlı İmperiyasında mərkəzdənqaçma meyllərini stimullaşdırmaq idi. Avropa dşvlətləri tərəfindən silahlandırılan ermənilər 1894-1895-ci illərdə üsyan qaldırdılar Anadolu və İstanbulda qarışıqlıq yaratdılar. (6, s. 60)
Lakin Bolqarlar ermənilərdən də uzağa getdilər. Belə ki, onlar Salonikdəki Osmanlı Bankının divarları altında lağım açmaq kimi dəhşətli bir faciənin həyata keçirilməsinə başladılar. Bu proses 1903-cü il aprelin 7-də başa çatdıqdan sonra lağım açılan yerlərə dinamit qoyaraq Bankı yerlə yeksan etdilər. Analoji addım Vardar körpüsünə münasibətdə də atıldı. Frank məhəlləsində isə davamlı olaraq bombalar partladıldı. Nəticədə Makedoniya məsələsinə dair 1903-cü il oktyabrın 3-də Avstriya-Macarıstan və Rusiya imperatorlarının görüşü oldu. Bu görüşdə Makedoniyada islahatların keçirilməsinin məqsədəuyğun olmasına dair razılaşma əldə olundu. Bu isə Osmanlı dövlətinin daxili işlərinə qarışmağın başlanğıc mərhələsi idi.
Məhz belə bir vəziyyətdə Ingiltərə xarici işlər naziri Lord Ləndsduv təkliflə çıxış etdi. Onun təklifinə əsasən islahat işi tam olaraq Osmanlı dövlətinin öz ixtiyarına verilməli idi. Bu mümkün olmadığı halda Makedoniyaya ayrıca bir xristian valisi təyin edilməsi təklif edilirdi. Nəhayət belə bir halın qeyri-mümkünlüyü şəraitində isə Makedoniyadakı Osmanlı valisinə iki xristian köməkçisinin təyin edilməsinin məqsədəuyğun olduğu təklif edildi. Makedoniyadakı Osmanlı valisinə iki xristian yardımçının təyin edilməsi təklifi Almaniya istisna olmaqla, Bütün Avropa dövlətləri tərəfindən qəbul olundu. Qeyd edək ki, nəzərdə tutulan həmin yardımçılar ayrıca jandarm və polis qüvvələri ilə təmin edilirdi. Sultanın təklifinə əsasən bu proseslərdə islahatları nəzarətdə saxlayacaq xüsusi bir təşkilatın da formalaşdırılması nəzərdə tutulurdu ki, bu təşkilat da Avropanın «sivil agentləri»ndən təşkil olunurdu. İngilislər həmin proseslərə öz nəzarətlərini yaratmaq təklifini etsələr də, bu qəbul olunmadı. Buna sultan da etiraz etdi. Bununla belə əldə olunmuş razılaşmanın saxlanması və sultanı daha bir neçə məsələdə güzəştə getməyə məcbur etmək məqsədilə Avropa dövlətləri Avstriya admiralı Riperin komandanlığı altında Midilliyə bir hərbi gəmi göndərməklə gömrük məntəqələrini, poçt mərkəzlərini nəzarətə aldılar. Bu hal sultanı İngiltərənin nəzarət təklifini də qəbul etmək məcburiyyətində qoydu. Bütün bu razılaşmalar isə öz əksini Müzenberq proqramında tapdı.
Sultan II Əbdül Həmid Müzenberq proqramının həyata keçirilməsi məqsədilə Hüseyn Hilmi Paşanı Makedoniyaya yeni vali təyin etdi. 1903-cü il dekabrın 8-də fəaliyyətə başlayan Hilmi Paşa qısa zamanda ədalətli bir idarə sistemi yaratmağa müvəffəq oldu. Lakin Bu müsbət irəliləyişlərə baxmayaraq Makedoniyada seperatizm prosesləri sönmədi. Çünki bu prosesin yalnız Makedoniya miqyaslı olmadığı artıq tam şəkildə özünü büruzə vermiş oldu. Yalnız bundan sonra, yəni Makedoniyada islahatların keçirlilməsi bayrağı altında davam edən bolqar hərəkatına Avropa dövlətlərinin qarışmasından sonra Balkanlarda baş verən proseslər Osmanlı dövlətinin parçalanması istiqamətində yeni mərhələyə keçmiş oldu.
Nəticə olaraq qeyd edək ki,1878-ci il Berlin Traktatı heç kimi razı salmamışdı. Buradakı maddələrə sonradan dəfələrlə nəzər yetirilməsi və bunun ardınca baş verən çəkişmələr yeni Avropa ittifaqlarının yaranmasına şərait yaratdı. Rusiya, Britaniya və Fransa bir tərəfdə, Almaniya, Avstriya-Macarıstan və Osmanlı İmperiyası digər tərəfdə birləşdilər. (1, s. 96) Yeri gəlmişkən qeyd edək ki, 1872-ci ilin sentyabrında Almaniya, Avstriya-Macarıstan və Rusiya birləşərək Üç İmperatorlar Liqini yaratmışdılar. Lakin 1877-1878-ci il rus-türk müharibəsindən sonra Balkanlar məsələsində razılığa gələ bilmədiklərinə görə münasibətləri pozuldu.(5, s. 24) Almaniya da bu iki dövləti bir ittifaqda saxlaya bilmədiyindən Avstriya-Macarıstana üstünlük verdi. 1879-cu ilin oktyabrında Almaniya və Avstriya-Macarıstan arasında müdafiə İttifaqı yarandı. (5, s. 25) Bu yaranmış bloklar arasındakı gərginlik 1914-cü il Birinci Dünya Müharibəsinə gətirib çıxartdı.
Dostları ilə paylaş: |