Rüxsarə Məmmədova
(Əlyazmalar İnstitutu)
Əbdülqənİ Nuxəvİ kolleksİyasından
Əlİ İbn Əbu Talİbİn «Dİvan»ı
Həzrət Əli (ə.s.) elmin mal-dövlətdən bir neçə mərtəbə üstün olması barədə buyurub: I Elm Peyğəmbərlərin mirası, mal-dövlət isə Kisra (İran padşahı), Qeysər (Rum padşahı) və Fironun mirasıdır.
2. Elm öz sahibini qoruyar, var-dövləti isə sahibi gərək qorusun.
3. Alim öləndə də elm ondan ayrılmır, var dövlətsə vərəsələr arasında bölüşdürülür.
4. Dünya əhalisi 4 qismdir: 1) Əmirlər (hakimlər); 2) Dövlətlilər; 3) Alimlər; 4) Kasıblar; Əmir də dövlətli də, kasıb da alimə möhtacdır, aliminsə onlara heç bir ehtiyacı yoxdur.
5. Allah-taala elmi öz saleh və bəyəndiyi bəndələrinə verər, mal-dövləti isə qeyrilərinə (zalım və kafirlərə).
6. Elm paylamaqla artar, mal-dövlətsə xərcləməklə azalar. Şəmsəddin Əbdülqəni Nuxəvi Məhəmməd oğlu Xalisəqarızadə də belə alimlərdən yəni, Peyğəmbərlərin varislərindəndir. Onun da bizlərə irs qoyub getdiyi kitablar bundan belə neçə 100 illər yaşayacaq və insanların maariflənməsinə xidmət edəcəkdir. O, pedaqoji fəaliyyətə başladığı ilk illərdən etibarən müəllimə, dərs vəsaitinə olan ehtiyacı dərindən dərk etdiyindən bu sahədə olan çətinlikləri dəf etmək üçün bütün ömrünü dövrünün bu ehtiyaclarını aradan qaldırmağa sərf etmişdir. Nuxəvi Azərbaycan tarixində görkəmli alim, müəllim, kitabşünas, mətnşünas kimi iz qoymuşdur. O, kitab mədəniyyətinin əlyazma şəklində inkişaf etdirilməsində, yayılmasında və toplanmasında böyük xidmətlər göstərmiş ziyalılardan biridir.
Əbdülqəni Nuxəvi xalqını elmi savadlandırmaq üçün imkanında olan hər şeyi səfərbər etmişdir. O, hətta böyük maddi vəsait hesabına yaratmış olduğu zəngin kitabxanasını belə öz xalqından əsirgəməyərək, ümumi kitabxana kimi onların xidmətinə vermişdir. Onun bu sahədə əldə etdiyi hər bir uğuru sevindirir, daha da inamla işləməyə ruhlandırırdı. «Biz nəzəriyyə və təcrübəyə, elmlərin və maarifin yayılmasına nail olduq» deyən vətənpərvər və humanist alim, öz pedaqoji və maarifçilik fəaliyyətinin uğurlu nəticələrindən iftixar və təvazökarlıqla danışır. O, öz xalqının gözəl gələcəyini görür və ona inanırdı. Əbdülqəni Nuxəvi bilirdi ki, onun maarifləndirdiyi nəsil, yetişdirdiyi ziyalılar gələcək nəslin inkişafında böyük işlər görəcəkdir.
Maarifçi alim çalışmışdır ki, onun dərs dediyi tələbələr hərtərəfli dərin biliyə yiyələnən ziyalılar kimi yetişsinlər. Buna görə də o, ana dili və şərq dillərinin, ədəbiyyat və ədəbiyyatşünaslığın, tarixin, fəlsəfənin, məntiqin və digər ictimai fənn və elmlərin tədrisi ilə kifayətlənməyib, bütün ömrü boyu gecə-gündüz öz üzərində çalışaraq, təbiyyat elmlərini də öyrənmiş və tərtib etdiyi dərsliklərə bu elm sahələrinə dair əsərlər də daxil etmişdir.
F.e.doktoru Kamandar Şərifli Əbdülqəni Nuxəviyə həsr etmiş olduğu, onun həyat və yaradıcılığı, pedaqoji və mətnşünaslıq fəaliyyətini əks etdirən «Əbdülqəni Nuxəvi Xalisəqarızadə» adlı kitabında qeyd edir: «Əbdülqəni Nuxəvi geniş biliyə malik olan alim və maarifçi olmaqla bərabər həm də gözəl katib və xəttat olmuşdur. Əlyazmalar institutunda saxlanılan əlyazma abidələrində onun qələminin məhsulu olan nəsx, nəstəliq və şikəstə xətt nümunələri özünün ən gözəl çalarlarını tapmışdır. Onun qələmindən çıxmış hər bir kitab böyük sənətkarlıqla yazılmış və xüsusi estetik zövqlə tərtib edilmişdir».
Əbdülqəni Nuxəvinin qələmindən çıxmış əsərləri tədqiq edərkən biz bunun dönə-dönə şahidi oluruq.
Bir çox sahələrdə çalışmasına baxmayaraq əsas fəaliyyəti mətnşünaslıqla bağlı olan Əbdülqəni Nuxəvi iş zamanı əvvəl əsərin müəllifini, onun yaradıcılığını öyrənər, sonra həmin əsərin müxtəlif vaxtlarda ayrı-ayrı katiblər tərəfindən köçürülən nüsxələri, ona yazılan şərh və haşiyələri toplayıb cəm edərək düzgün mətni tərtib edərdi. O, Şərqin görkəmli ziyalılarının yaradıcılığını öyrənərək, onların əsərlərinin düzgün variantını tərtib etmişdir, o cümlədən: Əbdürrəhman Cami, Əhməd Təbrizi, Mahmud Zəməxşəri, Məhəmməd Füzuli və s.
Əbdülqəni Nuxəvinin əlyazma kolleksiyası içərisində Əli ibn Əbu Talibin nəzmlə tərcümə edilmiş “Divan”ı da vardır. AMEA-nın Əlyazmalar İnstitutunda nadir əlyazmalar fondunda mühafizə olunan bu nüsxənin 1a titul vərəqində ərəb dilində belə bir qeyd vardır: “Bu xəlifələrin sonuncusu Əmirəlmuminin Əli ibn Əbu Talibin “Divan”ıdır. Onu xüləfai-raşidini sevən Əbdülqəni Nuxəvi yazdı”.
Əli ibn Əbu Talib səhabə arasında Quran, hədis və xüsusi ilə də fiqh sahəsində özünü qəbul etdirmiş şəxsiyyətdir. Fəsahəti və üstün xitabəti ilə tanınan Həzrət Əlinin gözəl və hikmətli sözləri qaynaqlardan nəql edilmişdir.
1800 beytdən artıq olan “Divan” İslam poeziyasının ən nadir incilərindəndir. Əlyazmanı tədqiq edərkən gorürük ki, katib Əbdülqəni Nuxəvi “Divan” ın müxtəlif nüsxələrini müqayisəli surətdə araşdırmış, nüsxə fərqlərini mətnin haşiyəsində qeyd etmişdir.
Əlyazma mətninin yazılmasında üç müxtəlif rəngli mürəkkəbdən istifadə olunmuşdur. Bu da mətnə xüsusi gözəl tərtibat forması vermişdir.
Orijinalın mətni qara, tərcümə qırmızı, ayrı-ayrı sözlər və başlıqlar isə yaşıl rəngli mürəkkəblə yazılmışdır.
Katib ayrı-ayrı məzmunlu şeirləri bir-birindən ayırmaq üçün onların arasında xüsusi olaraq bu söz və ifadələrdən istifadə etmişdir:
قشعه اخری (başqa qitə), - قطعه دیگر (digər qitə)
نطق آخر (başqa nitq), - نطق دیگر (digər nitq)
رجز آخر (başqa rəcəz), - رجز دیگر (digər rəcəz)
رجز (rəcəz), - بیت (beyt), نطق (nitq)
بیت دیگر (digər beyt), - مناجاة (münacat).
“Divan” ənənəvi quruluşa malikdir, yəni ərəb hərflərinin əlifba sırasına uyğun tərtib edilmişdir. Mətn divanın orijinalından və sətirlər altında yazılmış tərcümədən ibarətdir. Müəllif vəzni, qafiyəni Əli (əs.)-ın fikirlərini məna baxımından saxlamaq məqsədilə tərcüməni hərfi prinsipə əsaslanaraq edib. Ərəb kəlmələrinin bəziləri olduğu kimi, bəziləri isə mənaya yaxın ərəb və fars sözləri ilə əvəz edilib.
Yüksək tərtibatı ilə fərqlənən bu nadir əlyazma nüsxəsinin kim tərəfindən tərcümə edildiyinə kitabın heç bir yerində rast gəlinmir. Bəzi tədqiqatçılar “Divan”ın Səlahəddin Abdullah əl-Üşşaqi (1196öt) (1781-1782) tərəfindən tərcümə edildiyi fikrini irəli sürürlər. Mənim fikrimcə bu heç də belə deyil. Çünki tərcümədə Azəri türkcəsi özünü daha çox büruzə verir.
Bu divanın məhz Nuxəvi tərəfindən tərcümə edildiyini düşünürəm. Çünki I beytdə ortaq sözlər ola bilər, amma sonrakı beytlərdə türk sözlərindən az istifadə edilmişdir.
Bu surətilə insan bir-birinin kəfvidir, zira
Pedər madər olupdur cümləyə Adəm ilə Həvva.
Alimlərlə oturub-durmağın, onlarla dostluq etməyi mədh etdiyi şeirdə isə tamamilə fərqlidir.
Müsahib olma nadana həzər et ey dele dana
Ke ze hər söhbəte cahel edər alimlər əfna.
Qərnindən qiyas olur cəhanın xəlqi sirr tapa,
Qiyas ilə şəbih olur biri-birinə çün əşya
Nitəkim qəlb olur qəlbə dəlil olunsa gər əlqa.
Sönməz aləmdən dukəndi cövhəre-mehrü-vəfa
Qalmadı sidqü-səfa və münqəti oldu rica.
Dostları ilə paylaş: |