Azərbaycan miLLİ elmlər akademiyasi


GÖRÜLƏSİ İŞLƏRİMİZ ÇOXDUR



Yüklə 0,88 Mb.
səhifə19/20
tarix28.12.2021
ölçüsü0,88 Mb.
#17085
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20
GÖRÜLƏSİ İŞLƏRİMİZ ÇOXDUR
Muxtar müəllim, söhbətimizin əvvəlində Folklor İnsti­tu­tu­nun yaranma tarixinə qısa nəzər salsaq, pis olmaz.

− Folklor İnstitutu AMEA Nizami adına Ədəbiyyat İns­ti­tu­tu­nun «Folklor» şöbəsi əsasında yaranıb. Məmmədhüseyn Təhmasib, İsrafil Abbaslı kimi görkəmli folklorşünasların rəh­bərlik etdiyi, Əhliman Axundov, Nurəddin Seyidov, Mirəli Seyidov, Təhmasib Fərzəliyev, Bəhlul Abdulla, Elxan Məm­məd­li, Rza Xəlilov, Oruc Əliyev, Məhərrəm Qasımlı, Füzuli Bayat, Arif Acalov, Əfzələddin Əsgər və b. folklorşünasları­mı­zın vaxtilə çalışdığı həmin şöbə şifahi xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqi sahəsində mühüm işlər görüb. Beş cilddən ibarət «Azərbaycan nağılları», beş cilddən ibarət «Azərbaycan dastanları», iki cilddən ibarət «Azərbaycan aşıq şeiri» kitablarının, həmçinin mifoloji mətn, əfsanə və rəvayət, lətifə, atalar sözü, bayatı, tapmaca toplularının araya-ərsəyə gəlib işıq üzü görməsində Ədəbiyyat İnstitutundakı «Folklor» şöbəsinin böyük zəhməti var. Tədqiqat əsərlərinə gəldikdə isə M.H.Təhmasibin Azərbaycan xalq dastanlarına, M.Seyidov və A.Acalovun Azərbaycan mifologiyasına, İ.Abbaslının Azər­­bay­can-erməni folklor əlaqələrinə, B.Abdullanın məra­sim folkloruna, T.Fərzəliyevin lətifələrə, M.Qasımlı və E.Məm­­mədlinin aşıq yaradıcılığına, F.Bayatın türk epik ənənəsinə, R.Xəlilov, O.Əliyev və Ə.Əsgərin nağıl poetikası­na aid araşdırmalarını xatırlamaq və həmin araşdırmaları məhz Ədəbiyyat İnstitutundakı «Folklor» şöbəsinin tarixi ilə bağlı mühüm faktlar sırasına daxil etmək olar.

Keçən əsrin 80-90-cı illərində şöbənin fəaliyyətində xü­su­si canlanma vardı. O vaxt həmin İnstitutda çalışan bir əmək­­­daş kimi belə bir faktı yada salmaq istərdim ki, mifolo­gi­ya ətrafında gedən qızğın müzakirə və mübahisələr, bu sa­hə­də aparılan yeni istiqamətli araşdırmalar Ədəbiyyat İnstitu­tun­da ayrıca “Mifologiya» bölməsinin yaradılmasını bir zəru­rətə çevirdi və M.Seyidov bölmənin rəhbəri təyin edildi. Yeri gəlmişkən qeyd edim ki, mən ədəbiyyat nəzəriyyəsi üzrə əya­ni aspiranturanı bitirdikdən sonra məhz «Mifologiya» bölmə­sində çalışmağa başladım. Yaxşı yadımdadır ki, folklorşünas­lıq sahəsindəki canlanma Ədəbiyyat İnstitutunun Elmi Şura­sın­da folklorun toplanması və tədqiqi ilə bağlı yeni ideyaların səslənməsinə səbəb oldu. Folklor antologiyaları və folklor külliyyatının nəşrə hazırlanması belə ideyalardan idi. Ən çox Yaşar Qarayevin irəli sürdüyü bu tipli ideyaların həyata keçi­rilməsi «Folklor» şöbəsinin və cəmi üç nəfər əməkdaşı olan «Mifologiya» bölməsinin imkanları xaricində idi. Görüləsi işlərin çoxluğu ayrıca bir folklor qurumunun yaradılması zə­ru­rətini ortaya çıxardı. Beləliklə, 1994-cü ildə Ədəbiyyat İnstitutunun tərkibində «Folklor Sarayı» Elmi-Mədəni Mər­kəzi yaradıldı. Mərkəzə İçərişəhərdə ayrıca bina verildi. Məkanca Ədəbiyyat İnstitutundan ayrılmaq Mərkəzin az-çox sərbəst fəaliyyət göstərməsinə əhəmiyyətli təsir göstərdi. 2003-cü ildə Respublika Prezidenti Heydər Əliyevin tövsiyə­si, AMEA Rəyasət Heyətinin qərarı ilə «Folklor Sarayı» Elmi-Mədəni Mərkəzi Ədəbiyyat İnstitutundan ayrılıb müstə­qil quruma – Folklor İnstitutuna çevrildi.

Folklor İnstitutunun fəaliyyəti ilə bağlı nələri qeyd etmə­yi vacib bilirsiniz?

− Folklor İnstitutunun fəaliyyətini, sözsüz ki, «Folklor Sa­rayı» Elmi-Mədəni Mərkəzinin fəaliyyəti ilə birlikdə götür­mək lazımdır. Və qeyd etmək lazımdır ki, həmin Mərkəz öz fəaliyyətində «Antologiya» hazırlamaq məsələsinə xüsusi diq­qət yetirdi. Birinci cildi (Naxçıvan folkloru) Ədəbiyyat İnstitutunda hazırlanan «Antologiya»nın qalan cildləri «Folk­lor Sarayı» Elmi-Mədəni Mərkəzində, sonra isə Folklor İnsti­tu­tun­da hazırlandı və çap olundu. Nəticədə bu cildlərin sayı 23-ə çatdı. İnstitut «Antologiya» ilə paralel «Azərbaycan folk­loru külliyyatı»nın da nəşrinə başladı. Azərbaycan folklo­runun ayrı-ayrı janrları üzrə tərtib olunan «Külliyyat» üst-üstə 30 cilddə nəşr olundu. «Külliyyat» vaxtilə çap olunmuş mate­ri­al­ları əhatə edirsə, «Antologiya» Naxçıvan, İraq-Türkman, Göyçə, Şəki, Qarabağ, Ağbaba, Gəncəbasar, İrəvan, Zəngə­zur, Şəki-Zaqatala, Dərbənd, Dərələyəz, Ağdaş, Muğan, Loru-Pəmbək, Qazax, Borçalı bölgələrindən toplanan və bir çoxu indiyəcən çap olunmayan folklor örnəklərini əhatə edir.

Folklor İnstitutunun fəaliyyətində qeyd olunası cəhətlər­dən biri beynəlxalq elmi əlaqələrin qurulmasına xüsusi əhə­miy­­yət verilməsidir. Bu əlaqələr sırasında türk respublikaları ilə əlaqələr daha geniş yer tutur. Türk respublikalarındakı müvafiq elmi qurumlarla, görkəmli folklorşünas və sənətşü­nas alimlərlə intensiv əlaqələrin bəhrəsidir ki, 2003-cü ildən bəri İnstitut «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» adlı beynəlxalq elmi konfrans keçirir. Bu beynəlxalq konfran­sın yeddincisi Şimali Kipr Respublikasının Ağdəniz Univer­sitetində keçirilib. AMEA qurumlarından birinin təşkilatçı tərəf kimi xarici ölkədə elmi konfrans keçirməsi az təsadüf olunan müsbət hal kimi qeyd oluna bilər.

Folklor İnstitutuna nə vaxtdan rəhbərlik edirsiniz və rəhbərliyə başladığınız vaxt İnstitutda hansı dəyişikliklər apardınız?

− 2011-ci ildən Folklor İnstitutunun direktoruyam və bu vəzifəyə seçildikdən sonra apardığımız əsas dəyişiklik İnstitu­tun strukturunu qaydaya salmaqdan ibarət olub. Struktur dəyi­şikliyi iki istiqamətdə aparılıb: 1. əvvəlki şöbələrdən bəzilə­rinin adları yeni adlarla əvəz olunub; 2. yeni şöbələr yaradılıb. Məsələn, «Aşıq musiqisi» şöbəsinin adı «Musiqi folkloru» adı ilə əvəz edilib. Çünki belə düşünmüşük ki, biz yalnız aşıq mu­si­qi­sini yox, bütövlükdə xalq musiqisini öyrənməliyik. Yaxud bizdə «Azərbaycan folkloru» adlı bir şöbə vardı. Belə hesab etdik ki, bu şöbənin adı İnstitutun adı ilə az qala eyniyyət ya­rat­dığına görə dəyişilməlidir. Və dəyişib şöbənin adını «Klas­sik folklor» şöbəsi qoyduq. Nəzərə aldıq ki, folklorşünaslıqda arxaik folklor, klassik folklor və çağdaş folklor anlayışları var və bizim İnstitutun da şöbələri həmin anlayışlar ətrafında qu­rul­malı­dır. Şöbələrin ümumi istiqaməti barədə aydın təsəvvür yaratmaq üçün deyə bilərəm ki, «Mifologiya» və «Mərasim folkloru» şöbələri arxaik folklorun araşdırılması ilə məşğul olur. Klassik folklorla isə yalnız həmin adı daşıyan şöbə yox, həm də «Dədə Qorqud» və «Aşıq yaradıcılığı» şöbələri məşğul olur. Müasir folklora, yəni bu günün özündə yaranan folklor nümunələrinin öyrənilməsinə gəlincə, qeyd edilməlidir ki, bizdə həmin sahədə bir boşluq vardı. Boşluğu müəyyən qədər doldurmaq üçün İnstitutda «Müasir folklor» şöbəsini yaratdıq və bu gün folklorda hansı proseslərin getməsini araş­dırmağı şöbənin başlıca vəzifəsi kimi nəzərdə tutduq. Şifahi ədəbiyyatı öyrənməyin, onun özünəməxsus cəhətlərini üzə çıxarmağın mühüm yollarından biri yazılı ədəbiyyatla müqa­yi­sələrin aparılmasıdır. Bu ehtiyacı nəzərə alıb «Folklor və yazılı ədəbiyyat» şöbəsinin yaradılmasını vacib saydıq. Am­ma belə qərara gəldik ki, həmin şöbə ədəbiyyatşünaslığımızda geniş yayılmış yazıçı və folklor mövzusu ilə qapanıb qalma­sın, şifahi yaradıcılıq tipi ilə yazılı yaradıcılıq tipi arasındakı fərqləri ortaya çıxaracaq mövzulara baş vurmağa daha çox cəhd göstərsin.

Folklor İnstitutunun fəaliyyətindən danışarkən topla­ma materiallarını əhatə edən kitabları xüsusi qeyd etdiniz. Toplama sahəsində hansı addımları atdığınızı bilmək maraqlı olardı.

−Toplama bizim folklorşünaslığın ən ciddi problemlə­rin­­dən biridir. Folklorumuzun zənginliyi müqabilində toplama işinin kəmiyyət və keyfiyyəti, çox təəssüf ki, fəxr ediləsi, öyü­nüləsi səviyyədə deyil. Problemi, heç olmasa, müəyyən qədər aradan qaldırmaq üçün, əlbəttə, ölçülü-biçili addımlar atmaq lazımdır. Belə addımlardan birini ayrıca «Folklorun toplanması və sistemləşdirilməsi» şöbəsinin yaradılmasında gördük. Belə hesab etdik ki, şöbə həm folklorun toplanması, həm də toplanmış materialların sistemləşdirilib arxivdə yer­ləş­di­rilməsi işi ilə çağdaş dünya folklorşünaslığının tələbləri səviyyəsində məşğul olmalıdır. Şöbənin başçılığı və bilavasitə iştirakı ilə ayrı-ayrı bölgələrə folklor ezamiyyələri təşkil olun­du. Qərara aldıq ki, zəngin folklor nümunələri topladığımız rayonların hər birinə aid «Folklor örnəkləri» adı altında çox­cildli kitablar buraxaq. Belə kitabların birincisi Masallıya həsr edildi. «Masallı folklor örnəkləri»nin birinci cildini çap etdik və indi həmin kitabın ikinci və üçüncü cildləri üzərində iş ge­dir. «Örnəklər» silsiləsindən Masallı ilə yanaşı, Bakı, Şəki, Quba, Saatlı, Yardımlı, Şərur, Gədəbəy və b. rayonlara da aid çoxcildli toplular hazırlanır.

Toplama-tərtib işlərindən danışarkən Folklor İnstitutu­nun keçən ildən bəri AMEA rəhbərliyinin maddi və mənəvi dəstəyi ilə həyata keçirdiyi «Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması» adlı layihədən bəhs etmə­mək mümkün deyil. Həmin layihə çərçivəsində Qarabağın işğal altında olmayan rayonlarında, eləcə də respublikamızın müxtəlif bölgələrində köçkün həyatı yaşayan qarabağlılar arasında toplama işi aparıldı və hər cildi beş yüz səhifəyə ya­xın olan «Qarabağ: folklor da bir tarixdir» adlı kitab hazırlan­dı. Həmin kitabın üç cildi 2012-ci ildə çap edildi. Keçən il çoxcildli Qarabağ toplularını çap etdirməklə yanaşı, Folklor İnstitutu «Qarabağın musiqi folkloru» adlı üç diskdən ibarət xüsusi albom buraxdı. Alboma unudulan, yaxud unudulmaqda olan xalq mahnıları və rəqsləri də daxil edildi. Qarabağ folk­lo­runun toplanıb öyrənilməsi sahəsində görülən işlərin yeku­nu olaraq, İnstitut keçən ilin axırında «Qarabağ folkloru: prob­lemlər, perspektivlər» mövzusunda elmi konfrans keçir­di. Həmin işlər bu il də davam etdirilib. Qarabağ folklor top­lularının dördüncü cildi çap olunub, beşinci və altıncı cildləri çapdadır. Qarabağın ayrı-ayrı rayonlarında qeydə alınan xalq oyunları və meydan tamaşalarının video-lentləri hazırlanıb. Bununla xalq oyunları və meydan tamaşalarının hərtərəfli araşdırılması üçün baza yaradılıb. «Qarabağ folkloru: prob­lem­lər, perspektivlər» mövzusunda növbəti konfransı isə bu ilin noyabr ayında Ağcabədi şəhərində keçirəcəyik. Yeri gəl­miş­kən qeyd edim ki, mövzu ilə əlaqədar ayrı-ayrı bölgələrdə elmi konfrans keçirmək Folklor İnstitutunun fəaliyyət xətlə­rindən biridir. Həmin xəttə uyğun olaraq, bu ilin iyun ayında Şamaxı şəhərində «Folklorun toplanması və sistemləşdiril­məsi» mövzusunda elmi konfrans keçirmişik. Bölgələrdə konfranslar keçirməklə, həmçinin müxtəlif folklor tədbirlərin­də yaxından iştirak etməklə qeyri-maddi mədəni irsin üzə çı­xa­rılması, özümüzə və dünyaya tanıdılması sahəsində bir can­lanma yaratmaq istəyirik.

Azərbaycan Respublikasından kənarda qalan ellərimiz diqqətdən də kənar qalmır ki? Həmin ellərin folkloru ilə bağlı hansı işlər görülür?

−Bir az əvvəl «Antologiya»dan danışarkən İraq-Türk­man, Dərbənd, Qərbi Azərbaycan və Borçalı folklor örnəklə­rin­dən ibarət topluların çap olunmasını xatırlatdım. Əlavə ola­raq deyə bilərəm ki, son vaxtlar Borçalıda toplama işləri apar­mışıq və bu işlərin nəticəsində «Borçalı folklor örnəkləri» se­ri­yasından iki kitab buraxmışıq. Azərbaycan Respublikasın­dan kənarda qalan ellərimizin folkloru ilə bağlı işlər sırasında Güney Azərbaycan toplularını xüsusi qeyd etmək lazım gəlir. Bu il mərhum folklorşünas alimimiz İsrafil Abbaslının tərtib­çiliyi ilə «Güney Azərbaycan folkloru» seriyasından ilk toplu­nu çap etdirdik. Həmin seriyadan ikinci toplu çapa təqdim edilib. Güney Azərbaycanın son dərəcə zəngin folklorunu əks etdirən bu cür topluları, ara vermədən hər il nəşr etdirmək üçün Güneydə yaşayan və mədəniyyətimizin təbliğinə vətən­pər­vər­cə­sinə yanaşan ziyalılarla əlaqələrin möhkəmləndiril­mə­si­nə çox böyük ehtiyac var.

Yəqin, razılaşarsınız ki, folklorumuzu dünyaya tanıt­maq vacib bir iş olduğu kimi, dünya xalqları folklorunu tər­cümə, nəşr və tədqiq etmək də çox vacibdir.

− Folklorumuzu ümumtürk folkloru, həmçinin dünya folk­loru kontekstində götürüb öyrənmək, heç şübhəsiz, daha ciddi elmi qənaətlərə gəlməyə zəmin yaradır. Amma belə bir zəmin hazırlamağın yolu müxtəlif xalqlara məxsus folklor örnəklərinin dilimizə çevrilib, elmi şərhlərlə çap olunmasın­dan keçir. Bu zərurəti nəzərə alıb «Türk xalqları folkloru» və «Dünya xalqları folkloru» adlı seriyalar müəyyənləşdirdik və akademik tərcümə-tərtib işlərinə başladıq. Görülən işlərin nəti­cəsi olaraq deyə bilərəm ki, «Türk xalqları folkloru» se­riyasından «Tuva nağılları», «Dünya xalqları folkloru» seri­ya­sından isə «Fransız nağılları» bu gün-sa­­bah oxucuların ixtiyarına veriləcək.

Folklor İnstitutunun planlaşdırdığı tərcümə işi yalnız folklor örnəklərini yox, həm də mifologiya və folklorşünaslı­ğa aid tədqiqat əsərlərini əhatə edir. Odur ki, İnstitutda xüsusi bir «Dünya folklorşünaslığı» seriyası da müəyyənləşdirilib. Bu se­riyadan Frezer, Propp, Boratav və b. folklorşünasların ən məş­hur elmi əsərlərinin tərcümə və nəşr edilməsi nəzərdə tutulur.

İnstitut əməkdaşlarının apardığı tədqiqatların ümumi istiqaməti barədə məlumat vermək də maraqlı olardı.

−Tədqiqatların ümumi istiqamətini müəyyənləşdirərkən biz, ilk növbədə, folklorşünaslığın təməl problemlərinə diqqət yetirdik. Sirr deyil ki, folklorla məşğul olan, folklorşünaslıq üzrə dissertasiyalar müdafiə edən həmkarlarımızın bir çoxu şifahi ənənənin yazılı ənənədən fərqlənən cəhətlərini nəzərə almırlar və nəticədə folkloru yazılı ədəbiyyat meyarları ilə araş­dırırlar. Bu yanlışlıq aradan götürülsün deyə biz folklorun toplanması və sistemləşdirilməsinin nəzəri əsaslarının öyrə­nil­məsini diqqət mərkəzində saxladıq. İstədik həmkarlarımız folkloru toplamağın həm təcrübi, həm də nəzəri bazası əsasın­da şifahi ənənənin nə demək olduğunun məğzinə vara bilsin­lər. Folklorun toplanması və sistemləşdirilməsinə ayrıca elmi konfrans həsr etməklə bu sahədə işimizi heç də bitmiş sayma­dıq. Qərara aldıq ki, şifahi ənənənin prinsiplərini incəliklərinə qədər izləmək üçün söyləyici problemini ön plana çıxaraq və gələn il həmin problemə ayrıca bir konfrans həsr edək.

Əlbəttə, folklorşünaslığın təməl problemləri ilə bağlı araş­dırmalar konfranslarla məhdudlaşmır və ayrı-ayrı əmək­daş­ları­mızın çap etdirdikləri müxtəlif elmi kitabları da əhatə edir. Folklorumuzu dünya folkloru müstəvisində götürmək və dünya folklorşünaslığının nailiyyətləri zəminində araşdırmaq baxımından gənc folklorşünas İlkin Rüstəmzadənin «Azər­bay­­can nağıllarının süjet göstəricisi» adlı əsərini xüsusi xatır­latmaq olar. İ.Rüstəmzadə dünyada məşhur olan Aarne- Tomp­­­son sistemi əsasında bizim nağılları süjet xəttinə və mo­ti­vinə görə qruplaşdırıb və Azərbaycan folklorşünaslarının stolüstü kitabına çevriləcək bir əsər ortaya qoyub. Biz həmin əsəri “Gənclər üçün Prezident mükafatı”na təqdim etmək fik­rindəyik.

Folklorun toplanması, nəşri və araşdırılması sahəsində görüləsi işlərimiz çoxdur. Elə bilirəm ki, son vaxtlar AMEA-da başlanan canlanma Folklor İnstitutuna da öz müsbət təsiri­ni göstərəcək və biz nəzərdə tutduğumuz işləri istənilən səviy­yə­də həyata keçirə biləcəyik.



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin