A.H. NƏZƏROVA
ALINMA FƏLSƏFİ TERMİNLƏRİN DİLİMİZƏ
UYĞUNLAŞDIRILMASI YOLLARI
Açar sözlər: alınma terminlər, üslub, terminlərin qarşılığı, istifadə qaydaları
Ключевые слова: заимствованные термины, стилъ, соотествие терминов, правила исполъзования
Key words: borrowings, style, equivalent of terms, rights of using
Müasir dövrün qanunauyğunluğunu nəzərə alaraq, deyə bilərik ki, artıq istənilən elm sahəsinə aid mətnləri terminlərsiz təsəvvür etmək mümkün deyil. Lakin bu, o demək deyil ki, hər söz termindir. Termin - hər şeydən əvvəl, müəyyən elm sahəsinə aid olub, məhz bir anlayışı ifadə edir; formaca yığcam və istifadə qaydası olduqca rahatdır.
Azərbaycan dilində, eləcə də dünya dillərinin çoxunda alınma terminologiya milli mənşəli terminologiyadan daha geniş yayılmışdır. Müasir Azərbaycan dilində alınma fəlsəfi terminlərin işlənmə qaydalarında bəzi problemlərin də olduğu diqqətdən yayınmır. Bu problemlərdən başlıcası, alınma mənşəli terminlərdən istifadə edərkən, qarşılığının verilməməsidir.
Dilimizdə tez-tez rast gəldiyimiz alınma terminlər var ki, onların Azərbaycan dilində qarşılığı var. Məsələn: konfort – rahatlıq, tolerant –dözümlü; sillabus - tədris proqramı; bonus – pay, hədiyyə; fundament – özül, kontrol – yoxlama; abstrakt - mücərrəd; natura - təbiət; perespektiv – gələcək; unversal – hərtərəfli və s. Bədii və elmi əsərlərdə bu terminlərin işlədilməsi daha məqsədəuyğundur.
Məlum olduğu kimi, terminlər hər hansı bir elm sahəsi ilə əlaqədar olur. Sözün elmi üslubdakı əsas işinə, vəzifəsinə onun terminoloji funksiyası deyilir. Mətndə bilavasitə terminoloji funksiya daşıyan söz, yaxud ifadə isə termindir. Əslində terminlər bütün elm sahələri üçün xarakterikdir və elmi üslubu terminsiz təsəvvür etmək olmaz. Bədii və elmi əsərlərdə milli terminlərin daha çox işlədilməsi məqsədəuyğundur. Lakin milli terminlərin dilimizə tətbiq edilməsi üçün müəyyən ədəbiyyatlar və bu ədəbiyyatların təhsildə tətbiqi yolları haqqında proqramlar, layihələr işlənib hazırlanmalıdır.
Elmi tədqiqatlar göstərir ki, getdikcə dünyada fəlsəfi təfəkkürün inteqrasiyası güclənir. Hər bir tədqiqatçı çalışdığı sahə üzrə bütün təlimləri, konsepsiyaların adlarını, mülahizələri və onların mahiyyətini mənimsəməyə cəhd göstərir. Ona görə də dünyanın əsas dillərini bilmək, daha doğrusu, ixtisasa aid müxtəlif dillərdə məlumatları bilavasitə qəbul etmək lazım gəlir. Bu baxımdan milli terminologiyanı yaymağın və alınma terminlərin dilimizə uyğunlaşdırılmasının təmin olunması məsələlərinin həlli yollarından biri də tədqiqat işlərində həmin terminlərin düzgün istifadə qaydalarıdır.
Odur ki, dilçi alımlərimiz öz ideya və nəzəriyyələrini geniş miqyasda təqdim edərkən milli söz və terminlərdən ən yüksək dərəcədə istifadə etməlidir. Ölkəmizdə inkişafda olan bütün sahələrdə hər hansı bir layihəni təqdim edərkən onun mətnində dilimizin imkanları hesabına yaranmış terminlərdən istifadəsi vacibdir. Bu baxımdan qarşıya çıxan problemləri həll etmək və terminlərin istifadə qaydalarını müəyyənləşdirmək üçün dilçi mütəxəsislərlə, dilçi alimlərlə məsləhətləşmələr aparmaq zəruridir.
Bildiyimiz kimi, terminlərin əsas xüsusiyyətləri aşağıdakılardır:
-
hər bir dilin elmi üslubunda beynəlmiləl terminlər milli terminləri sıxışdırır;
-
elmi üslub get-gedə daha çox formullara, şərti işarələrə, müxtəlif xalqlardan olan mütəxəssislərin hamısı üçün anlaşıqlı digər vasitələrə meyil edir;
-
müxtəlif araşdırmaların nəticələrinin daha çox elan edildiyi dillər (məsələn, ingilis, alman, fransız, rus və s.) müəyyənləşir.
Azərbaycan ədəbiyyatında istifadə olunan terminologiyanın böyük bir hissəsi məhz ərəb və fars dillərindən keçən söz və ifadələrdir. Avropa dilindən keçən terminologiya, əsasən, rus dili vasitəsilə dilimizə keçmişdir. Bunun bir neçə tarixi-qneseoloji səbəbləri vardır: belə ki, ilkin orta əsrlərdə Azərbaycanın da daxil olduğu İslam mədəni bölgəsində fəlsəfi, xüsusilə də elmi dil olaraq ərəb dilinə üstünlük verilirdi. Bu dilin ifadə imkanları olduqca geniş olduğundan sözlərin əmələgəlmə, törəmə prosesi imkan verirdi ki, üç və ya dörd samitli feillərdən müxtəlif formalarda xeyli miqdarda söz əmələ gəlsin. Bu səbəbdən ərəb ədəbi dilində minlərcə söz ehtiyatı, hər bir kəlmənin çoxsaylı sinonimi vardır. Keçən əsrin əvvəllərində Azərbaycanda ərəb əlifbası mövcud olduğu üçün dil və ədəbiyyat sahəsində də ərəb mənşəli terminlər daha üstünlük təşkil edirdi. Bu dövrdə şeir, ümumiyyətlə, poeziya sahəsində fars dili digər dillərlə müqayisədə xeyli öndə idi. Danışıq dili olaraq isə bölgədə türk dili geniş yayılmışdı. Türk dilindən danışıqda çox istifadə edilməsi bu dövrə aid dastanların dilinə, şifahi xalq ədəbiyyatı nümunələrində öz əksini tapır.
Müasir Azərbaycan dilində milli terminologiyanı mövcud dil bazası və həmin elm sahəsinə müvafiq söz və ifadələrə şəkilçilər artırmaqla zənginləşdirmək olar. Beləliklə, terminlərin izahında sözün mahiyyəti və mənbəyi aydın göstərilməlidir. Alınma terminlərdən istifadə zamanı həmin terminin yazılışı və deyilişi Azərbaycan ədəbi dilinə uyğunlşdırılmalıdır. Bu zaman dilçi alimlərin köməyindən istifadə olunması daha səmərəli nəticələr verər.
Dostları ilə paylaş: |