Azərbaycan.- 2007.- 16 dekabr.- S. 2.
2008
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 85 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2008-ci il may ayının 10-da müasir Azərbaycan dövlətçiliyinin
banisi Heydər Əliyevin 85 illiyi tamam olur.
Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq
bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində
Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən
çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və
mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən
respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi
proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal
dəyişikliklərə təkan vermişdir. Qısa müddətdə iqtisadiyyat
sahəsində nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi və
milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar
atılmışdır. O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca
ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən
sürətli inkişaf strategiyası təşkil etmişdir.
Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi strateji
proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və
sənayedəki uğurlarla əlaqələndirərək, vahid məcrada həyata
keçirmişdir. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində
baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın
quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin
inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev
tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.
Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi və
misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından
biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik
etdiyi vaxtlarda özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdir.
Həmin dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında
etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin
aradan qaldırılmasının bilavasitə iştirakçısı olması sayəsində
dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi.
Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən
kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün
başlanmasını bildirirdi. O, kommunist partiyası sıralarından
çıxmasına dair ərizəsində kommunist rejiminin ölkəni uçuruma
apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan
etmişdi.
Heydər Əliyevin Azərbaycan parlamentindəki çıxışları,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən qəbul
etdiyi qərarlar və Naxçıvan Ali Məclisinin binası üzərində
üçrəngli bayrağımızı ucaltması suverenliyin qazanılması
istiqamətində atılmış ilk addımlardandır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra,
xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin
iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda
xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etmişdir. Onun
təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi
təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni
vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi
pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş və
cəmiyyəti vahid məfkurə ətrafında birləşdirmişdir. Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü
xalq özünün əsl xilaskarı şərəfinə Azərbaycanın ən yeni tarixinə
Milli Qurtuluş günü kimi yazmışdır.
Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması,
beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət
quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas
qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş
cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin
olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı
proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin
xidmətləridir.
1994-cü ildə Heydər
Əliyevin neft strategiyasının
reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması
Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin
həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu
müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın
təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin
möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu
olmayan templə davamlı inkişafı üçün zəmin yaratmışdır. Hazırda
Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri
xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin
parlaq təcəssümüdür.
Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən
formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının
həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır.
Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş
problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində
strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və
nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir.
İki əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz onun
sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü
minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün
bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan
dövlətinin rəmzi kimi səslənir.
2003-cü il dekabrın 12-də əbədiyyətə qovuşmuş Heydər
Əliyevi son mənzilə yola salmağa yüz minlərlə soydaşımız
gəlmişdi. Vida mərasimində ardı-arası kəsilməyən həmin insan
seli isə on il əvvəl - 1993-cü ildə Vətən darda ikən millətin nicat
yolunu Heydər Əliyevin simasında görənlərin birliyindən
yaranmışdı. Bu möhtəşəm izdihamı ilə xalq ən kədərli günündə
həmrəylik nümayiş etdirməklə Heydər Əliyevin ruhu qarşısında
mənəvi borcunu ödəyir, Heydər Əliyev ideyalarına sonsuz
sədaqətini ifadə edirdi.
Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər
Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın
hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə cərəyan
edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal
dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri
zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer
tutmuşdur.
Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli
inkişafı prosesinə qüvvətli təkan verərək, onu daimi yüksəliş
yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı və dövləti
qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın
müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan
dövlətinin yaşadılmasında müstəsna rolunu nəzərə alaraq qərara
alıram:
1. Azərbaycan Respublikasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi dövlət
səviyyəsində geniş qeyd edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və
Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti
qurumlarla birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını
hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 mart 2008-ci il
Azərbaycan.- 2008.- 12 mart.- S. 1.
Əliyev Q.
Azərbaycançılıq ideologiyasının banisi
Heydər Əliyev: "Mən fəxr edirəm ki,
azərbaycanlıyam"
Azərbaycan xalqı qədim tarixə, zəngin mədəniyyətə malikdir.
Xəzərin sahillərində yerləşən, Qərblə Şərqin qovuşduğu bir
məkan olan Azərbaycan qədim dövrlərdən təkcə tükənməz təbii
sərvətlər mənbəyi və neft diyarı kimi yox, həm də böyük tarixi
şəxsiyyətlər, elm, mədəniyyət və incəsənət xadimləri yetirən bir
məmləkət kimi tanınmışdır. Qədim dövrlərdən başlayaraq
bugünümüzə kimi Azərbaycan xalqının gözəl adət-ənənələrini,
milli-mənəvi dəyərlərini, etnik psixoloji xüsusiyyətlərini özündə
yaşadan və birləşdirən bir baxışlar sistemi kimi azərbaycançılıq
ideologiyası yaranmış və formalaşmışdır. Babək, Koroğlu, Qaçaq
Nəbi, Mehdi Hüseynzadə kimi qəhrəmanlarımız, Nizami, Füzuli,
Nəsimi, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd
Vurğun, Nəsirəddin Tusi, Yusif Məmmədəliyev, Bəhmənyar kimi
dahi şair və yazıçılarımız, Cavanşir, Məhəmməd Cahan Pəhləvan,
Şah İsmayıl Xətai, Nəriman Nərimanov, Fətəli Xan Xoyski,
Əlimərdan bəy Topçubaşov kimi dövlət xadimlərimiz
azərbaycançılıq ideyalarının yaranmasında, formalaşmasında,
qorunmasında və yayılmasında mühüm rol
oynamışlar.Azərbaycançılıq ideologiyası XX əsrin
ikinci yarısında özünün daha dinamik və yüksək inkişaf
mərhələsinə qədəm qoymuşdur. Bu, bilavasitə XX əsrin ikinci
yarısından başlayaraq dövlət və siyasət səhnəsinə çıxmış, özünün
titanik fəaliyyəti ilə dünya siyasətinin korifeylərindən birinə
çevrilmiş, zəmanəmizin görkəmli ictimai-siyasi və dövlət xadimi,
böyük tarixi şəxsiyyət və dünya azərbaycanlılarının ümummilli
lideri olan Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olmuşdur.
1969-cu il iyul ayının 14-də Azərbaycan rəhbəri seçilən
Heydər Əliyev sonrakı 34 illik fəaliyyəti dövründə Azərbaycan
xalqının və millətinin şanını, şöhrətini, qürurunu və iftixarını
bütün dünyaya tanıtmış və dünyanın ən böyük azərbaycanlısı və
dünya azərbaycanlılarının ümummilli lideri adını qazanmışdır.
Dünya şöhrətli siyasətçi olan Heydər Əliyev siyasi həyatın və
dövlət qurulucuğunun digər sahələrində olduğu kimi,
azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında
da misilsiz xidmətlər göstərmişdir.
Bəs azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər
Əliyevin oynadığı özünəməxsus rol nədən ibarətdir?
İlk növbədə Heydər Əliyevin uzun müddət dövlət idarəçiliyi
sistemində fəaliyyət göstərən bir tarixi şəxsiyyət kimi əldə etdiyi
nailiyyətlər bütün dünyada "Azərbaycan" və "azərbaycanlı"
sözlərinin mahiyyətini, dəyərini və tutumunu xeyli artırmışdır.
Heydər Əliyev dünya siyasətində mühüm rol oynayan və o dövrdə
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə bərabər səviyyədə götürülən
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində 20 il fəaliyyət
göstərdikdən, Azərbaycan DTK-nın sədri olduqdan və həmin
sistemdə ilk azərbaycanlı olaraq general-mayor hərbi rütbəsi
aldıqdan sonra, Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi kimi və 14 il bu ağır vəzifədə işləyərək
SSRİ-nin o zaman geridə qalmış aqrar bir respublikası olan
Azərbaycanı həmin dövrdə qabaqcıl və inkişaf etmiş bir
respublika səviyyəsinə gətirib çıxardıqdan sonra və ən nəhayət,
yenə də dünyada ilk azərbaycanlı kimi SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü kimi bütün türk-
müsəlman dünyasının təmsilçisi olaraq bu mühüm dövlət və
partiya postunda Azərbaycan dövlətini və xalqını bütün dünyada
tanıdandan və şöhrətini bütün dünyaya yayandan sonra iftixar
hissi ilə belə demişdir: "Mən həmişə fəxr etmişəm və bu gün də
fəxr edirəm ki, azərbaycanlıyam".
Bütün dünyanın nəzərində Azərbaycan xalqı dahi elm, sənət,
mədəniyyət xadimləri yetirən bir xalq olmaqla bərabər, həm də
böyük siyasətçi və dövlət xadimi yetirə bilən bir xalq imici
qazandı. Və o zaman SSRİ-nin bir çox regionlarında
azərbaycanlılara adətən qara fəhlə və yaxud bazarda alver edən
xalq kimi baxan insanların da baxışlarında köklü dəyişikliklər baş
verdi. Heydər Əliyev öz varlığı və siyasi fəaliyyəti ilə bütün
dünyada olan azərbaycanlılara hörmət və ehtiram qazandırdı.
Onun azərbaycançılıq qarşısında ən böyük xidmətlərindən biri
məhz bundan ibarətdir.
Bundan əlavə, Heydər Əliyev azərbaycançılıq ideologiyasının
elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında
formalaşmasında da mühüm rol oynamışdır. Heydər Əliyev
demişdir: "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin
adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bugünü və gələcəyi ilə
bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə
uyğun olmalı, müxtəlif sosial təbəqələrin, siyasi partiyaların bir
ideya ətrafında birləşməsinə yol açmalıdır".
Başqa sözlə, "kim müxalifətdə durursa-dursun, ancaq
Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə
durmasın" deyərək o, bütün azərbaycanlıları vahid bir ideya
ətrafında birləşməyə, milli birliyə çağırırdı.
Heydər Əliyev milli ideologiyamızın əsasını təşkil edən
azərbaycançılıq ideologiyasının əsas prinsiplərinin "dövlətçilik"
və "milli vətənpərvərlik"dən ibarət olduğunu dəfələrlə
vurğulamışdır. Onun söylədiyi "Dövlətçilik Azərbaycanın
müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır,
Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir, dövlətçilik hər
bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş
vətənpərvərlik hissləri ilə yaşamalıdır" fikri hər bir
azərbaycanlının qəlbinə hakim kəsilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev müxtəlif yığıncaqlardakı
çıxışlarında dəfələrlə vurğulamışdır ki, bizim bütün təbliğatımız,
bütün dövlət orqanları Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək
üçün hər bir vətəndaşda milli vətənpərvərlik hissləri yaratmalıdır.
Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü
olmalıdır ki, o, milli mənafeyi şəxsi mənafeyindən, öz şəxsi
yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun.
Heydər Əliyevin söylədiyi bu fikirlər hansısa şairin, yazıçının,
alimin və yaxud dövlət işçisinin haradasa söylədiyi fikirlər deyil,
bu, ömrünün 50 ildən çoxunu dövlət işində işləmiş və yuxarıda
söylənilən prinsipləri öz siyasi fəaliyyətində əsas qanun kimi
götürmüş dünya şöhrətli bir şəxsiyyətin həyat fəaliyyətinin əsasını
təşkil edən prinsiplərdir. Heydər Əliyevin Vətəni sevməsi adi bir
vətəndaşın öz vətənini sevməsi demək deyildir. Bu, bütün ömrünü
canından artıq sevdiyi Vətəninə həsr etmiş tarixi bir şəxsiyyətin
sevgisidir: "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı Heydər
Əliyevin dilindən səsləndikdən sonra dünyanın bütün ölkələrində
yaşayan azərbaycanlılar da öz milli mənşəyini, azərbaycanlı
olduqlarını gizlətmədən, iftixar və qürur hissləri ilə bəyan etməyə
başladılar. Dahi rəhbərin "Azərbaycanın dövlət müstəqilliyi
dönməzdir, əbədidir, sarsılmazdır" kəlamı da bu gün bütün dünya
azərbaycanlılarının mübarizə simvoluna çevrilib. Heydər Əliyevin
milli qeyrətindən və vətənpərvərliyindən qaynaqlanan bu fikir
bizim gələcəyə inamımızı artırır, bizi mübarizələrə səsləyir və
zaman-zaman da səsləyəcəkdir. Heydər Əliyevin azərbaycançılıq
ideologiyasının bütün sahələrinə daxil olan hər bir məsələ ilə
əlaqədar fəaliyyətilə bağlı cild-cild kitablar yazılmışdır və bundan
sonra da yazılacaqdır.
İlk növbədə Azərbaycan xalqı və milləti ilə bağlı onun göstərdiyi
xidmətə nəzər salaq. 70-ci illərə qədər Azərbaycan xalqı əsasən
kənd yerlərində yaşayan, kustar əkinçiliklə, qoyunçuluq-
maldarlıqla, xırda sənətkarlıqla və ticarətlə məşğul olan bir xalq
idi. 70-80-ci illərdə Azərbaycanın bütün şəhər və kəndlərində
sistemli və məqsədyönlü şəkildə işə salınan saysız-hesabsız zavod
və fabriklər bütün əhalini nizam-intizamlı, bilikli və təhsilli,
sənaye əsaslı əməyə cəlb etdi. Respublikamızda nizam-intizam
möhkəmləndi, cinayətkarlıq xeyli azaldı və qeyri-sağlam həyat
tərzinə imkan və şərait qalmadı. Azərbaycan xalqı keçmiş SSRİ
məkanında və dünyada işgüzar, əməksevər xalq imici qazandı.
Əhalinin sosial tərkibində köklü dəyişiklik baş verdi. Sənaye
müəssisələrində
işləyən fəhlələrdən, texniklərdən,
mühəndislərdən, ustalardan və s. ibarət böyük sosial qruplar
formalaşdı.
Heydər Əliyevin Azərbaycan xalqının təhsillənməsi,
maariflənməsi və savadlanması istiqamətində apardığı
düşünülmüş siyasəti təqdirəlayiq idi. Bütün rayonlarımızda və
kəndlərimizdə saysız-hesabsız məktəblər, uşaq bağçaları, klub və
mədəniyyət evləri, kinoteatrlar, kitabxanalar və s. kimi mədəni-
maarif müəssisələri və ictimai-iaşə obyektləri tikildi. Azərbaycan
xalqının böyük bir hissəsini təşkil edən əmək adamlarının, fəhlə
və kəndlilərin balaları yüksək səviyyədə orta təhsil alaraq Heydər
Əliyevin birbaşa rəhbərliyi, qayğısı və nəzarəti, "Qoy ədalət zəfər
çalsın" devizi altında apardığı siyasətin nəticəsində ali məktəblərə
qəbul olundular. Təkcə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin
ali məktəblərinə seçilib göndərilməsi (hər il 800-900-a qədər ən
savadlı, qabiliyyətli azərbaycanlı gənclər yola salınırdı) siyasəti
ilə onun azərbaycançılığa etdiyi xidməti heç nə ilə ölçmək olmaz.
Bu gün həmin gənclər həm müstəqil Azərbaycan Respublikasının
dövlət quruculuğunda, həm də bütün dünyaya səpələnərək bir çox
sahələrdə böyük fəaliyyət göstərirlər. Azərbaycanlı neftçi
ailələrinin Qərbi Sibirə, Tümenə və keçmiş SSRİ-nin digər
müxtəlif regionlarına göndərilməsinin arxasında da böyük siyasət
dayanırdı. Bu siyasət özlüyündə dünyada Azərbaycan
diasporunun yaranmasında və formalaşmasında mühüm rol
oynamışdır.
Sovetlər Birliyi tərkibində olduğumuz zamanlarda Azərbaycan
şampan şərabının sədası Fransa sərgilərindən, Ağdam, Şamaxı
çaxırlarının, Tovuz, Göyçay, Kəpəz, Gəncə konyaklarının şöhrəti
Kremldən gəlir, SSRİ elitasının süfrəsini bəzəyirdi.
SSRİ Xalq təsərrüfatı malları sərgisində hər il yüzlərlə növ
məhsul Azərbaycan emblemi ilə nümayiş etdirilirdi. Azərbaycan
əməkçiləri 12 il dalbadal Ümumittifaq sosializm yarışının qalibi
kimi bütün dünyada əməksevər xalq imici qazanmışdı. Hər il
SSRİ iqtisadiyyatına 200-dən artıq sənaye məhsulları göndərilirdi.
Azərbaycan üzümçülərinin, pambıqçılarının, tütünçülərinin,
meyvə-tərəvəzçilərinin şöhrəti bütün dünyaya yayılırdı. SSRİ
dağıldıqdan sonra biz keçmiş SSRİ miqyasında bir çox sahələrdə,
o cümlədən də neft maşınqayırması sahəsində olan mövqelərimizi
itirdik. Sovet İttifaqının müxtəlif ərazilərində, Qərbi Sibir,
Tümen, Uzaq Şərq kimi neft-qaz rayonlarında əsas neft qazma-
kəşfiyyat işlərini aparmış, Azərbaycanın neftçi alimləri, eləcə də
Xəzər dənizinin Türkmənistan, Qazaxıstan və Rusiya
sektorlarında aşkar edilən bütün neft və qaz yataqlarını
Azərbaycan neftçi alimləri, geoloqları, fəhlələri aşkar etmişdilər.
Azərbaycan neft maşınqayırması məhsulları ilə bütün SSRİ
məkanını təmin edirdi. Azərbaycan Neft və Kimya Akademiyası
bütün SSRİ-ni, Afrikanı, Yaxın və Orta Şərq ölkələrini neftçi alim
və mütəxəssislərlə təmin edirdi. Həmin institutun yetirməsi
Eduard Duş Santuş Həbəşistan Respublikasının Prezidenti
seçilmişdi.
SSRİ-nin dağılması ilə sadalanan nailiyyətlərin bir çoxunu
Azərbaycan Respublikası itirdi, bu, özlüyündə xarici dövlətlərlə
respublikamızın iqtisadi, siyasi və mənəvi əlaqələrinin
zəifləməsinə və beynəlxalq aləmdən təcrid olunmasına gətirib
çıxardı. Azərbaycan Respublikası 1988-1993-cü illərdə
beynəlxalq aləmdə ancaq ərazisində müharibə gedən, qeyri-stabil
inkişaf edən, iqtisadiyyatı geriləyən və tənəzzül edən bir
respublika imici qazandı.
1993-cü il 15 iyunda ümummilli lider Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışı ilə bütün bu geriləmələrə son
qoyuldu. İlk öncə Azərbaycan neftinin əvvəlki şöhrətini
qaytarmaq, onun zəngin neft və qaz ehtiyatlarına dünyanın aparıcı
dövlətlərini və şirkətlərini cəlb etmək xətti götürüldü. 1994-cü il
sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndə dünyanın 8
qabaqcıl ölkəsinə məxsus olan 11 transmilli şirkət iştirak edirdi.
Daha sonra qısa zaman kəsiyində dünyanın 15 aparıcı ölkəsinə
məxsus olan 33 şirkəti ilə 20-dən artıq beynəlxalq əhəmiyyətli
neft müqavilələri bağlandı ki, bu müqavilələrin nəticəsində 30 il
müddətinə Azərbaycan neft sənayesinə 100 milyard ABŞ
dollarından artıq vəsait qoyulması və 4 milyard tondan çox neft
çıxarılması
nəzərdə tutulurdu.
Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti
nəticəsində hazırlanmış yeni neft strategiyasının həyata
keçirilməsi nəticəsində qısa müddət ərzində Bakı-Novorossiysk
və Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri çəkilmişdir.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Batumi-Qars dəmir
yolunun, Yeni İpək yolunun çəkilişinə başlanması ilə Azərbaycan
dünyanın nəzərində yenidən öz tarixi şöhrətini bərpa etdi. Bu gün
Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın ən yüksək
sürətlə inkişaf edən dövlətlərinin cərgəsində özünə yer almışdır.
Azərbaycan neftinin şan-şöhrəti bərpa olunmuş, onun qeyri-rəsmi
pasportu rolunu oynayan "Odlar yurdu" "neft ölkəsi" adı ilə
yenidən dünyanın nəzərini cəlb etmişdir. Bir sözlə, ümummilli
liderimiz Heydər Əliyevin yeni neft strategiyasının uğurla həyata
keçirilməsi nəticəsində Azərbaycan yenidən dünyada tanınmış və
məşhurlaşmışdır.
Ümummilli liderimiz müasir dünyada idmanın oynadığı rolu
düzgün dəyərləndirərək Azərbaycan idmanının dirçəlməsi,
ölkəmizdə olimpiya hərəkatının başlaması üçün də təxirəsalınmaz
tədbirlər görülməsinin vacibliyini vurğulayaraq demişdir: "İdman
kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən
ikinci bir vasitə yoxdur".
Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident
seçilmiş, nəticədə qısa zaman ərzində Azərbaycanda idman və
olimpiya hərəkatı böyük vüsət almış, dünya idmanı sırasında
layiqli yer tutmuşdur. Azərbaycan 2013-cü ildə Beynəlxalq Yay
Olimpiya Oyunlarına ev sahibi olmaq təşəbbüsü ilə çıxış etmişdir.
Artıq bunun üçün hər cür şərait var. Əgər bu, baş tutarsa,
Azərbaycan Respublikasının dünyada nüfuzunun nə qədər
artacağını
təsəvvür etmək çətin deyil.
Heydər Əliyevin azərbaycançılıq ideologiyası qarşısında
xidmətlərindən biri də keçmiş SSRİ-nin Moskva, Sankt-
Peterburq, Ulyanovsk, Rostov, Taqanroq kimi şəhər və
vilayətlərində Azərbaycanla bağlı abidələr qoyulması, elm və
incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, Azərbaycanın
görkəmli şəxsiyyətlərinin adlarına heykəllərin qoyulması, küçə və
meydanlara adların verilməsi sahəsində göstərdiyi xidmətdir.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK
Siyasi Bürosu üzvü kimi Moskvada fəaliyyət göstərərkən Nizami
Gəncəvinin "Xəmsə"sinin Moskvada çap edilməsi, Qara
Qarayevin SSRİ Bəstəkarlar İttifaqının katibi, Tahir Salahovun
SSRİ Rəssamlar İttifaqının birinci katibi kimi fəaliyyəti, Fikrət
Əmirovun "Min bir gecə" baletinin bütün İttifaq televiziyası ilə
göstərilməsi, "Nizami", "Dədə Qorqud", "Babək", "Nəsimi" və
digər milli ruhlu tarixi bədii filmlərin SSRİ ekranlarına çıxması,
xarici ölkələrə səfərlər zamanı azərbaycanlıların da nümayəndə
heyətlərinin tərkibinə daxil edilməsi Heydər Əliyevin bu
ideologiya sahəsində göstərdiyi xidmətlər sırasındadır.
Müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Heydər
Əliyevin təşkilatçılığı ilə Bakıda Məhəmməd Füzulinin 500
illiyinin, "Dədə Qorqud" dastanının 1300 illiyinin dünya
səviyyəsində qeyd olunması, dünya şöhrətli musiqiçi
M.Rostropoviçin Azərbaycana dəvət olunub dəfələrlə
konsertlərinin təşkil edilməsi, xarici səfərlərdə dünyanın
Vaşinqton, Paris, London, Tokio, Roma, Moskva və s. böyük
şəhərlərində neft müqavilələrinin imzalanmasıyla dünyanın
diqqətini Azərbaycana yönəltməsi onun azərbaycançılıq
ideologiyasına verdiyi layiqli xidmət nümunələridir. Heydər
Əliyev Siyasi Büro üzvü kimi Moskvada fəaliyyət göstərərkən
Azərbaycan mədəniyyəti ilə bağlı tədbirləri tez-tez təşkil edir, özü
şəxsən həmin tədbirlərdə digər dövlət xadimləri ilə bərabər iştirak
edir, tabeliyində olan qurumların rəhbərlərini də bu işə şəxsən
cəlb edirdi. Bu onun milli vətənpərvərlik hisslərinin yüksək
olmasından, öz xalqına və millətinə nə qədər bağlı olmasından
xəbər verirdi.
Azərbaycan dilinin dövlət dili statusu alması, onun bir ünsiyyət
vasitəsi kimi bugünkü səviyyədə inkişaf etməsi, qrammatik elmi
əsaslarının yaradılması, latın qrafikinə keçilməsi məsələləri də
Heydər Əliyevin birbaşa xidməti sayəsində mümkün olmuşdur.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet
hakimiyyəti dövründə o, qədim tarixi adlarımızın, milli
ziyalılarımızın qorunub-saxlanmasında mühüm xidmətlər
göstərmişdir. O zaman Heydər Əliyevin təşəbbüsü ilə
Kirovabadın bir hissəsində Yeni Gəncə qəsəbəsi salındı. Şəhərin
köhnə hissəsi iki inzibati rayona bölündü. Şəhərin qədim hissəsi
olan bir rayona Kəpəz adı, digər bir rayona isə Nizami adı verildi.
Milli ziyalılarımızın qorunması sahəsində Heydər Əliyevin
göstərdiyi xidmətlər Azərbaycanda milli oyanışın baş verməsinə,
milli ruhun dirçəlməsinə səbəb olurdu. Heydər Əliyev
uzaqgörənliklə sanki SSRİ-nin yaxın gələcəkdə dağılacağını
görürmüş kimi ziyalılarımızı hər cür təzyiqlərdən məharətlə
qoruyurdu. Bir zaman "Gülüstan" poemasını yazan Bəxtiyar
Vahabzadə dövlət mükafatı alaraq Azərbaycanın xalq deputatı
seçilməklə toxunulmazlıq statusu qazandı. Ziya Bünyadov
Azərbaycanın Rusiya tərkibinə daxil olmasının 150 illiyi tamam
olarkən müstəmləkəyə çevrildiyimiz tarixi özümüzə bayram
etdirərək guya Azərbaycanın çar Rusiyası tərkibinə könüllü daxil
olduğunu yazan alimlərə cavab olaraq bildirmişdi ki, Azərbaycan
Rusiyanın tərkibinə könüllü deyil, zorakılıqla daxil edilmişdi,
daha doğrusu, çar Rusiyası Azərbaycanı işğal etmişdi. Həmin
dövrdə Ziya Bünyadov da məhz Heydər Əliyevin qayğısı
sayəsində dövlət mükafatı almışdı. 70-80-ci illərdə keçmiş SSRİ
rəhbərlərindən heç biri milli məsələyə, milli hisslərə Heydər
Əliyev qədər dərin bələd olmamış və diqqət göstərməmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və
dövləti, eləcə də azərbaycançılıq ideologiyası qarşısında
göstərdiyi çox mühüm əhəmiyyətli məsələlərdən biri də
Azərbaycan diasporunun inkişaf etdirilməsi və təşkilatlandırılması
olmuşdur. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş, on illərlə
başqa millət və xalqların içərisində yaşayaraq öz milli-mənəvi
dəyərlərinə yadırğamış olan dilini, dinini, adət-ənənələrimizi
unutmaq dərəcəsinə gələn minlərlə soydaşımızın yenidən bir
araya gəlməsi üçün Heydər Əliyev kimi dünyada tanınan
şəxsiyyətə ehtiyac var idi.
Maraqlıdır ki, xaricə axının statistikasına görə XX əsrin 60-70-ci
illərinə qədər Azərbaycan Respublikası və azərbaycanlılar aşağı
yerlərdən birini tuturdular. Buna səbəb kimi azərbaycanlıların öz
vətəninə, torpağa, əkin-biçinə bağlılığını, habelə həmin dövrdə
Azərbaycanın əsasən geridə qalmış aqrar kənd təsərrüfatı ölkəsi
olmasını, azərbaycanlıların isə təhsil səviyyəsinin aşağı olmasını,
rus və başqa Avropa dillərini zəif bilmələrini göstərmək olar.
Məhz 70-80-ci illərdə Azərbaycan Respublikasının coşqun sosial-
iqtisadi inkişaf sürəti götürməsi, ölkədə sənayeləşmənin, aqrar-
sənaye komplekslərinin inkişaf etdirilməsi və hər il minə qədər ən
savadlı Azərbaycan gəncinin SSRİ-nin qabaqcıl təhsil
mərkəzlərinə oxumağa göndərilməsi nəticəsində bütün SSRİ
məkanında güclü Azərbaycan diasporunun təşkilatlanması və
inkişafı üçün zəmin yarandı.
Eyni zamanda məhz Heydər Əliyevin birbaşa rəhbərliyi və
qayğısı sayəsində Azərbaycanda 70-80-ci illərdə milli
özünüdərkin yüksəlişi başlandı. Yazıçı və şairlərin əsərlərində,
milli ruha, millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı
məsələlərə önəm verildi. Heydər Əliyevin hakimiyyətinin sovet
dövründə dünya azərbaycanlılarının təşkilatlanması, onlarla
Azərbaycan arasında əlaqələrin qurulması istiqamətində xeyli iş
görüldü.
Xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni
Əlaqələr Cəmiyyətinin yaradılması həmvətənlərimizin birliyinə
xidmət edən mühüm bir addım idi.
Məhz bütün bunların nəticəsində 80-ci illərin sonlarında SSRİ-
nin dağılması ərəfəsində Azərbaycan xalqının yüksək milli-
azadlıq ruhu özünü qabarıq şəkildə büruzə verdi. 1989-cu ilin 31
dekabr günündə o taylı-bu taylı azərbaycanlılar Azərbaycan-İran
və Azərbaycan-Türkiyə sərhədi boyunca uzanan tikanlı məftilləri
söküb bir xalqın ikiyə bölünməsinə etiraz edərək öz
həmrəyliklərini bildirdilər. Bu, Azərbaycan tarixində ən
əhəmiyyətli hadisələrdən biri idi. Azərbaycanlıların nümayiş
etdirdikləri bu milli həmrəylik dünyanı lərzəyə saldı.
1991-ci il dekabr ayının 16-da o vaxt Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri işləyən Heydər Əliyev 31
dekabr gününün Azərbaycan tarixinə milli həmrəylik günü kimi
daxil olmasının təşəbbüskarına çevrildi. Naxçıvan MR Ali
Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü əsasında milli
həmrəylik və birlik gününün təsis olunması ilə bağlı qərar qəbul
edildi. Qərarda deyilirdi: "Çoxəsrlik zəngin tarixə malik olan
Azərbaycan öz inkişafının müxtəlif mərhələlərində dəfələrlə
xarici istilaya məruz qalmış, onun torpaqları zəbt edilmiş və
parçalanmış, dövlət müstəqilliyi və suverenliyi əlindən
alınmışdır..."
Qərarda göstərilirdi ki, Naxçıvanda təşkil olunan "Sərhəd
hərəkatı" Azərbaycanın ikiyə bölündüyü 150 ildən artıq bir dövr
ərzində ilk dəfə olaraq Arazın o tayında, bu tayında olan
həmvətənlərin ünsiyyətini yaratdı. 1989-cu il dekabrın 31-i dünya
azərbaycanlılarının həmrəylik bayramına çevrildi. Odur ki, 31
dekabr gününün hər il geniş qeyd edilməsi təklifi irəli sürüldü.
Müstəqillik dövründə Heydər Əliyev azərbaycançılığın
bayraqdarı olmuş, müstəqil dövlətimizin simvolu olan üçrəngli
bayrağımızı BMT-nin, Avropa Şurasının və digər beynəlxalq
təşkilatların və dövlətlərin ən görkəmli yerlərində qaldırmış və
Azərbaycanın himnini dəfələrlə səsləndirmişdir. Ümummilli lider
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu
gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir
respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə
kimi qəbul edilir.
Müstəqil Azərbaycan Respublikasının Prezidenti olduqdan
sonra artıq daha böyük səlahiyyətləri olan Heydər Əliyev xaricdə
məskunlaşmış soydaşlarımızla əlaqələri dövlətimizin xarici
siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Dünya
azərbaycanlılarının əsl həmrəyliyinin yaradılması yolunda 1997-ci
il dekabrın 27-də Respublika sarayında keçirilən toplantı əsas
addımlardan biri oldu. Həmin toplantıda ümummilli liderimizin
dərin məzmunlu çıxışında deyilirdi: "Biz - bu torpaqda yaşayan
azərbaycanlılar başqa ölkələrdə yaşayan soydaşlarımız haqqında
həmişə düşünmüşük, onlarla əlaqə yaratmaq istəmişik və onlarla
həmrəyliyimizi bildirməyə çalışmışıq... Bugünkü müstəqil
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının
dayağıdır və bütün dünya azərbaycanlıları üçün örnəkdir...
Azərbaycan xalqı, Azərbaycan milləti yaşayıb, yaşayır və
yaşayacaqdır!" Heydər Əliyev dünya azərbaycanlılarının tarixi
Vətənlə hərtərəfli münasibətini, milli özünəməxsusluğunu
qorumağı, diasporlararası əlaqələri genişləndirməyi və xaricdə
yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsini çox önəmli
hesab edirdi. 2001-ci ilin 9-10 noyabrında Dünya
azərbaycanlılarının Bakıda keçirilmiş I qurultayı dünya
azərbaycanlılarının vahid ideya - azərbaycançılıq ideyası ətrafında
daha sıx birləşməsi yolunda əhəmiyyətli bir addım oldu. 2002-ci
ilin 5 iyulunda Prezident Heydər Əliyevin fərmanı ilə Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin
yaradılması Azərbaycan diasporunun formalaşmasında və
təşkilatlanmasında müstəsna əhəmiyyət kəsb etdi. Komitə qısa
müddət ərzində dünya azərbaycanlılarının həmrəyliyinə,
soydaşlarımızın mənəvi birliyinin yaradılmasına əhəmiyyətli
təkan verdi.
Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin dünya
azərbaycanlılarının həmrəyliyini öz siyasətinin prioritet
istiqamətlərindən birinə çevirməsinin daha bir bariz nümunəsi
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ictimai-siyasi
şöbəsinin nəzdində xaricdə yaşayan azərbaycanlılarla iş üzrə
sektorun yaranmasıdır. Bu qurum Azərbaycan diasporunun
inkişafına dövlət qayğısını nümayiş etdirən növbəti addımdır.
2002-ci il dekabr ayının 27-də Heydər Əliyev Azərbaycan
diasporunun tam formalaşması və təşkilatlanması yolunda növbəti
bir əhəmiyyətli addım atdı. "Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının
Qanunu qəbul edildi. Bu qanun xarici ölkələrdə yaşayan
soydaşlarımız qarşısında çox geniş perspektivlər açdı və onların
Azərbaycanın mənafeyi ətrafında daha sıx birləşməsinə şərait
yaratdı.
Ümummilli liderimiz Heydər Əliyevin başladığı bu nəcib işi
indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla
davam etdirməkdədir. Azərbaycan diasporunun inkişafı və
möhkəmlənməsi müasir dövrümüzdə də öz aktuallığını saxlayan
əsas məsələlərdən biridir. Prezident İlham Əliyev Rusiya,
Qazaxıstan, Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Özbəkistan
və digər ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun
üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə
maraqlanmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
diasporunun əldə etdiyi mühüm əhəmiyyətli nailiyyətlərin
sırasında 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və
Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya
Azərbaycanlıları Konqresinin II qurultayını, 2006-cı il mart
ayının 16-da Bakıda keçirilən Dünya azərbaycanlılarının II
qurultayını və 2007-ci il noyabr ayının 17-19-da yenə Bakıda
keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və
əməkdaşlıq qurultayını qeyd etmək olar.
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya
azərbaycanlılarının I qurultayında Heydər Əliyev bəyan etdi:
"Dünyada yaşayan bütün azərbaycanlıların bir Vətəni vardır, o da
Azərbaycandır". O, bütün dünyada yaşayan 50 milyondan çox
azərbaycanlını vahid ideya ətrafında birləşərək milli birliyə
çağırdı. "Azərbaycan xalqı qəhrəman xalqdır. Biz ya ayağa qalxıb
torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət
olmadığımızı etiraf etməliyik. Xalqımız çoxəsrlik tarixində milli
mənliyini, Vətənini qoruyub-saxlamağa qadir olduğunu dəfələrlə
sübut edibdir" deyən Heydər Əliyevin ən böyük arzusu, niyyəti və
məqsədi Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanın
işğal olunmuş ərazilərini işğaldan azad etmək idi. O, dəfələrlə
vurğulamışdı ki, "biz nəyin bahasına olursa-olsun, lazım gələrsə
son damla qanımıza qədər vuruşaraq torpaqlarımızı azad
edəcəyik". Tale imkan versəydi, Heydər Əliyev, şübhəsiz ki, həlli
yollarını aydın gördüyü bu problemi də Azərbaycanın ərazi
bütövlüyünün qorunub-saxlanması şərtilə həll edəcək, tarixi
torpaqlarımızı erməni işğalından azad edəcəkdi. Əfsus ki, bu
tarixi missiya ümummilli liderimiz Heydər Əliyevə nəsib olmadı.
Lakin müdrik dövlət xadimi Dağlıq Qarabağ probleminin və
Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün bütün
siyasi, iqtisadi, hərbi və mənəvi bazanı yaratmışdır. Onun
müəyyən etdiyi düzgün xarici siyasət və bünövrəsini qoyduğu,
qurub-yaratdığı güclü Azərbaycan Respublikasının bu gün
dünyada olan nüfuzu, Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı cənab İlham Əliyevin Prezident olduğu müddətdə
atdığı uğurlu addımlar bu ümummilli problemin də tezliklə həll
olunacağını deməyə və azərbaycanlıların milli qürurunun
tapdalanmayacağına inam yaradır. Heydər Əliyev təsadüfən
söyləməmişdir: "...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram
və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Dostları ilə paylaş: |