Azərbaycan.- 2008.- 29 aprel.- S. 5.
Heydər Əliyev və mədəniyyət adlı üçcildlik nəşrə
hazırlanmışdır
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm
Nazirliyində ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85
illiyi ilə əlaqədar "Heydər Əliyev və mədəniyyət" adlı üçcildlik
nəşrə hazırlanmışdır.
Toplunun 1-ci cildi 1969-1996, 2-ci cildi 1997-1998, 3-cü
cildi isə 1999-2003-cü illəri əhatə edir. Kitabın son cildində
ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimləri ilə
görüşləri, müsahibələri, tövsiyələri, milli-mənəvi dəyərlərə
verdiyi yüksək qiymət barədə materiallar toplanmışdır.
Mayın əvvəllərində oxuculara təqdim ediləcək sanballı
cildlər müasir mədəni yüksəlişlə maraqlanan, ədəbiyyat və
incəsənət tarixi ilə məşğul olan tədqiqatçılar, geniş oxucu kütləsi,
müəllim və tələbələr üçün dəyərli mənbədir.
Azərbaycan.- 2008.- 22 aprel.- S. 1.
Cavadov S.
Heydər Əliyev yadigarları
Salyandakı Şahmat Məktəbi və Tarix-
Diyarşünaslıq Muzeyi gənclərin sevimli yeridir
Yaxşı yadımdadır, keçən əsrin 80-ci ilində Azərbaycan KP
MK-nın birinci katibi işləyən Heydər Əliyevin göstərişi ilə
rayonlarda şahmat məktəbləri və tarix-diyarşünaslıq muzeyləri
yaradılmağa başlanıldı. O zaman Salyan Rayon Partiya
Komitəsinin birinci katibi işləyən Fuad Əliyev bu tapşırığa xüsusi
məsuliyyət və yaradıcılıqla yanaşırdı.
Şahmat məktəbinin binası üçün müxtəlif variantlarda layihələr
hazırlandı. Məlumdur ki, bu qədim Şərq oyununda hər bir fiqurun
öz görkəmi, hərəkət və hücum taktikası var. Elə buna görə də
digər rayonlarda olduğu kimi, Salyanda da çalışırdılar ki, bina
şahmat məktəbi olaraq kənardan özünəməxsusluğu ilə seçilsin.
Çəkilən zəhmət itmədi. Gərgin əmək, düşünülmüş layihə
nəticəsində yaxşı bir bina ucaldıldı. Binanın əsas korpusu şahmat
taxtasını, yarış zalı isə top fiqurunu əks etdirirdi.
Bu günlərdə şahmat məktəbinə baş çəkdik. İlk anda binanın giriş
qapısının yuxarı hissəsində ulu öndərin "Şahmat oyunu əqlin,
təfəkkürün idmanıdır" sözləri diqqəti cəlb etdi. Bəli, Heydər
Əliyev canı, qanı qədər sevdiyi Azərbaycanı, onun gələcəyi olan
gəncləri sağlam, xoşbəxt, hər cəhətdən yüksək səviyyədə görmək
istəyirdi. Arzu edirdi ki, Odlar diyarı adlı bu məmləkət dünyanın
ən sivil dövlətləri sırasına çıxsın, onun övladları öz zəkası,
düşüncəsi, görkəmi, intellektual səviyyəsi ilə ən inkişaf etmiş
ölkələrin insanlarından geri qalmasınlar. Elə buna görə də bütün
rayonlarda şahmat məktəblərinin yaradılmasına çalışdı və buna
nail oldu.
Salyan Rayon Şahmat Məktəbində olarkən ulu öndərin bu
arzusunun çiçəkləndiyini, bəhrə verdiyini bir daha gördük.
Binanın foyesində şahlar dövrünün həyatını özündə əks etdirən
xırda, rəngbərəng daşlarla "toxunmuş" mozaika var. Yarış zalında
asılmış orijinal çılçıraq da insanın xəyalını keçmiş əsrlərə aparır.
Bunları deməkdə məqsədimiz ümummilli liderin göstərişi ilə
yaradılan məktəbin böyük məhəbbətlə, dərin hörmətlə qorunub
saxlanılmasını diqqətə çatdırmaqdır.
Ötən əsrin 80-ci illərinin əvvəllərindən fəaliyyət göstərən
məktəbdə minlərlə salyanlı gənc şahmat oyununun sirlərinə
dərindən bələd olmuş, düşdükləri məclislərdə bu qədim Şərq
oyunundan söhbət düşəndə məyus olmamışlar. Hazırda məktəb
yaşlı 424 uşaq 15 nəfər məşqçi-müəllimin köməyi ilə şahmatın
sirlərinə yiyələnir. Yaş dərəcəsinə görə məktəbdə 36 qrup
fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddət ərzində məktəbin
şahmatçıları rayon, respublika, habelə beynəlxalq turnirlərdə
uğurla çıxış edir, müxtəlif yerlərə, mükafatlara layiq görülürlər.
2005-2006-cı illərdə məktəbdə 120 nəfər 2-ci və 3-cü dərəcəli
şahmatçı yetişmişdir. Ümummilli lider Heydər Əliyevin 85 illik
yubileyi ilə əlaqədar mart ayının 23-ündən 31-inə kimi Masallıda
keçirilən respublika şahmat turnirinin zona yarışında məktəbin
şahmatçıları uğurla çıxış etmişlər. 14 yaşlı Ülvi Qafarov öz
həmyaşıdları arasında 1-ci yeri götürərək Bakıdakı yarışlara
vəsiqə almışdır. Bundan əlavə, məktəbin digər şagirdləri - Hikmət
Mirzəyev 14 yaşlılar arasında 2-ci yer tutaraq 2-ci dərəcəli diplom
almış, Vüsalə Abdulova 10, Fəxriyyə Zərgərli 12 və Vüsalə
Zərgərli 14 yaşlı qızlar arasında 3-cü yerə çıxmışlar.
Salyanda xalqımızın böyük oğlundan qalan yadigarlardan biri də
Tarix-Diyarşünaslıq Muzeyidir. Şəhərin mərkəzində yerləşən
muzey binasının qəribə, yaddaqalan tarixi var. Həmin illərdə
Salyanda işləyən və mənəm-mənəmlik edən prokuror qanunsuz
olaraq öz idarəsi üçün yaraşıqlı bir bina tikdirmişdi. Bundan xəbər
tutan Heydər Əliyev onu işdən azad etdirdi və həmin binanın
Tarix-Diyarşünaslıq Muzeyinə verilməsini tapşırdı. Beləliklə,
respublikada birincilər sırasında - 1981-ci il yanvar ayından
Salyanda Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərməyə
başladı.
Təbib, naşir, şair, filosof, rəssam, ictimai xadim Əli bəy
Hüseynzadənin adını daşıyan ikimərtəbəli binada yerləşən muzey
2 foyedən, 5 zaldan ibarətdir. Buradakı 1-ci zalda rayonun
ərazisindən tapılmış XII-XIX əsrlərə aid eksponatlar, 2-ci zalda
1917-1920-ci illəri əhatə edən, habelə Azərbaycan Demokratik
Cümhuriyyətinin yaranmasını və həmin dövrü əks etdirən
fotoşəkillər, tarixi sənədlər nümayiş etdirilir. 1920-1941-ci illəri
əhatə edən 3-cü zalda savadsızlığın ləğvindən, kolxoz və
sovxozların yaranmasından, 4-cü zalda 1941-1945-ci illər Böyük
Vətən müharibəsində salyanlı döyüşçülərin göstərdiyi şücaətdən,
1988-1993-cü illərdə Qarabağ uğrunda savaşlarda şəhid olmuş
cəsur oğulların qəhrəmanlığından bəhs edilir. Xronoloji qaydada
qurulmuş muzeyin 5-ci zalında isə ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyəti, Salyan rayonunun həyatı ilə bağlı
maraqlı fotoşəkilləri, maraqlı məlumatlar öz əksini tapmışıdır.
Rayonun məktəbliləri, habelə buradakı Müəllimlər İnsitutunun
tələbələri, Texniki Peşə Liseyinin şagirdləri vaxtaşırı olaraq qrup
şəklində muzeyə gəlir, qədim Muğan rayonu olan Salyanın
müxtəlif dövrlərdəki ictimai-siyasi, mədəni, iqtisadi həyatı ilə
yaxından tanış olur, görkəmli şəxsiyyətləri haqda məlumat əldə
edirlər.
Azərbaycan.- 2008.- 29 aprel.- S. 8.
Bünyadov M.
Dəyişməyən böyük yol
Ümummilli lider Heydər Əliyev dünya siyasətçiləri
arasında müdrik siyasətçi kimi böyük nüfuz qazanmışdır.
Respublika iqtisadiyyatının inkişafında qazanılan böyük uğurlara,
eləcə də keşməkeşli illərdə, müstəqilliyimizin qorunmasında,
ümumilikdə bütün tarixi nailiyyətlərə görə Heydər Əliyevə daim
minnətdar olacağıq. Ulu öndər barəsində saatlarla danışmaq olar.
Bu böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısında göstərdiyi
xidmətlərin çərçivəsi yoxdur.
Millətini, vətənini canından artıq sevən, onun yolunda hər cür
çətinliyə sinə gərən, ömrünü belə qurban verməyə hazır olan
Heydər Əliyev həm də sözün əsl mənasında Azərbaycan
mədəniyyətinin əvəzsiz himayədarı idi. Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi dövr mədəniyyət işçilərinin
yaddaşında çoxsaylı beynəlxalq miqyaslı festivallar, baxışlar,
mədəniyyət ongünlükləri və müsabiqələrlə əbədi həkk
olunmuşdur. Bu, faktdır ki, ulu öndərin diqqəti və nəzarəti altında
milli incəsənət və mədəniyyət xadimlərimiz məsuliyyətli
sınaqlardan uğurla keçərək öz peşəkarlıqlarını, istedad və
bacarıqlarını daha da yüksək zirvələrə ucaltmağa nail olmuşlar.
Azərbaycan sənətçiləri əməklərinə verilən qiymətin ilk sevincini,
fəxri adların şöhrətini məhz Heydər Əliyevin sayəsində
duymuşdular. Bəllidir ki, keçmiş SSRİ-də xalq və əməkdar artist
fəxri adlarına layiq görülmək çox çətin idi. Bu təltiflərin təsdiqinə
uzanan yollar bəzən də ziddiyyətli münasibətlərlə üzləşirdi.
Dəfələrlə deyilib və sübuta yetirilib ki, Qara Qarayev, Fikrət
Əmirov, Rəşid Behbudov, Niyazi, Müslüm Maqomayev, Zeynəb
Xanlarova, Adil İsgəndərov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı,
Mehdi Məmmədov, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Tofiq
Kazımov, Həsən Turabov və başqaları respublikamızın şöhrətini,
onun milli mədəni nümunələrini dünyanın bütün ölkələrində
ləyaqətlə tərənnüm edirdilər. Keçmiş Sovetlər Birliyinin
tərkibində olan müttəfiq respublikalar arasında Azərbaycanın
mədəniyyət işçiləri çox fərqlənirdilər. Onlar həm dünya
mədəniyyətinə əbədiyaşar əsərlər təqdim edir, həm də
zəhmətlərinin müqabilində yüksək ad-san, təbrik, mükafat
qazanırdılar. Azərbaycan mədəniyyəti sanki o illərdə bir lider
rolunda çıxış edirdi. Bütün bu nailiyyətlərin Azərbaycanın
ünvanına yazılmasında ən gərgin zəhməti çəkən, cəsarətli
addımların və qərarların sahibi olan məhz ulu öndər Heydər
Əliyev idi.
Heydər Əliyevin bir məqsədi də var idi ki, Azərbaycan
mədəniyyətinin uğurlu nümunələri yalnız respublikanın
səhnələrində, tamaşa salonlarında donub qalmasın. Azərbaycan
mədəniyyətinin, incəsənətinin, musiqisinin tanınması üçün
hərtərəfli mübadilələrin qurulmasına xüsusi fikir verən Heydər
Əliyevin təşəbbüsü ilə ən məşhur teatrların kollektivi, yaradıcı
heyəti tez-tez Bakıya qastrol səfərlərinə gəlirdi. Bunun qarşılığı
kimi də Azərbaycanın incəsənət ustaları keçmiş Sovetlər
Birliyinin və dünyanın məşhur teatrlarında öz yaradıcılıqlarını
məharətlə nümayiş etdirirdilər. O dövrdə "Bolşoy Teatr", "Malı
Teatr", Vaxtanqov, Satira, Sovremennik, Mossovet kimi dünya
şöhrətli teatrların kollektivləri Azərbaycan tamaşaçıları qarşısında
məmnuniyyətlə çıxış edirdilər. Etiraf edim ki, biz indi də həmin
xoş münasibətlərin, əlaqələrin bəhrəsini dadırıq. Bu yaxınlarda
Rusiyanın müxtəlif şəhərlərində qastrol səfərlərində olduq.
Bilirsiniz teatr rəhbərlərinin birinci sözü nədən ibarət olur? "Siz
Heydər Əliyevin vətənindən gəlmisiniz. Bizim sizin sənətinizə
böyük hörmətimiz var". Heydər Əliyev bəşəri duyğularla yaşayan
insan idi. Bu səbəbdən də mədəniyyət aləminə xüsusi diqqətlə
yanaşırdı. O, insanlığın ucalığını həmişə qarşılıqlı mədəni
görüşlərin qovuşuğunda görürdü. Bu sahədə çalışanlara diqqətlə,
həssaslıqla yanaşırdı. Sovet İttifaqının Nazirlər Komitəsində
çalışdığı vaxtlarda da təkcə doğma Azərbaycanının mədəniyyət
xadimlərinə deyil, bütün ölkənin qabiliyyətli, istedadlı insanlarına
yardım əlini uzatmışdı.
Bəzən ötən əsrin 70-ci illərini "teatrın intibah dövrü" adlandırırlar.
Məhz bu intibahın ilhamvericisi, himayədarı Heydər Əliyev idi.
Heydər Əliyevin Akademik Milli Dram Teatrına həmişə xüsusi
diqqəti və qayğısı olub. Yadımdadır, Ümumittifaq "Dostluq"
teatrının xətti ilə bir çox sənət ustaları ilə birlikdə Rusiya,
Ukrayna, Özbəkistan, Qazaxıstan və digər respublikalarda dövlət
səviyyəli tədbirlərin həyata keçirilməsində iştirak edirdim.
Müxtəlif sənət sahibləri, mədəniyyət xadimləri, rejissor və
dramaturqlarla görüşürdüm. Bu səfərlər ərzində tez-tez eşitdiyim
bir cümlə indiyədək yadımdadır: "Kaş bizim ölkədə də Heydər
Əliyev kimi şəxsiyyət olaydı, onda bizim teatrımız da sizin teatr
kimi çiçəklənərdi".
Heydər Əliyev həm də ən tələbkar və həssas tamaşaçı idi. Bu
böyük şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə teatrda
səhnələşdirilmiş elə bir əsərin premyerasını xatırlaya bilmərik ki,
orada Heydər Əliyev iştirak etməsin. Salonda əyləşərkən səhnədə
baş verənləri əsl pərəstişkar, teatr aşiqi kimi seyr edərdi.
Tamaşadan sonra pərdə arxasına keçərək teatr bilicisi kimi
məsləhət və tövsiyələrini verərdi. Ya dərhal, ya da bir neçə
gündən sonra dövlət başçısı kimi sənət adamlarının əməyini
yüksək dəyərləndirərdi. Bu teatrın aktyor, rejissor və rəssamları
arasında onlarla insanı nümunə gətirə bilərəm ki, məhz Heydər
Əliyevin sərəncamı ilə müxtəlif fəxri adlara, mükafatlara layiq
görülüb. Yaradıcı kollektivimizin mənzil şəraitinin
yaxşılaşdırılması naminə Heydər Əliyevin göstərdiyi diqqəti ömrü
boyu yaddan çıxarmarıq.
Mən bir hadisəni heç unuda bilmirəm. Böyük bəstəkarımız Qara
Qarayev Moskvada vəfat etmişdi. Bakıdan böyük bir dəstə oraya
yollanmışdıq. Müəyyən qanqaraldıcı söhbətlər də var idi. Dünya
şöhrətli bəstəkar haqqında "Pravda" qəzetində nekroloq
çıxmamışdı. Nəhayət, Brejnevin imzası ilə bu nekroloq qəzetdə
işıq üzü gördü. O zaman SSRİ Bəstəkarlar İttifaqının sədri
N.Xrennikov mənə pıçıltı ilə dedi: "Bu işin səbəbkarı Heydər
Əliyev oldu. O, güclü şəxsiyyətdir". Qara Qarayevin cənazəsinin
xüsusi təyyarədə Bakıya gətirilməsi də Heydər Əliyevin sayəsində
mümkün oldu. Bu hadisə bizə həm də qürur gətirirdi. Dünya
şöhrətli mədəniyyət xadimləri gül-çiçək dəstələri və çələnglərlə
Azərbaycan bəstəkarını böyük ehtiramla vətəninə yola salırdılar.
Mən ümummilli lider Heydər Əliyev haqqında fikirləşəndə
həmişə deyirəm, yaradıcı surətdə düşünən insanın həyatının
mənası ondadır ki, o, hər yerdə hamıya lazım olmaq üçün
qətiyyən dəyişməyən, təkrarolunmaz yol keçmiş olsun. Heydər
Əliyev hər yerdə Azərbaycandan pərvazlanan insanların pənahı
idi.
Qürur və sevinc hissləri keçiririk ki, ulu öndərin keşməkeşli
illərdən üzü bəri çətinliklə saldığı, lakin inamla inkişaf etdirdiyi o
böyük yol bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən
ləyaqətlə davam etdirilir. Yenə də həmin missiyaların müntəzəm
olaraq mükəmməl şəkildə yerinə yetirildiyinin şahidiyik.
Mədəniyyət xadimlərinin qayğıları öyrənilir, müxtəlif dövlət
mükafatlarına, adlara layiq görülür, yaradıcı fəaliyyətləri üçün hər
cür şərait yaradılır. Bu yaxınlarda teatr haqqında qəbul olunmuş
qanun da bir daha təsdiqləyir ki, mədəniyyət sahəsi daim dövlətin
diqqətindədir. Teatr ocaqlarının təmirə dayanması, onların dünya
standartları səviyyəsində fəaliyyət göstərməsi üçün yeni texniki
avadanlıqlarla təmini, bu məqsədlə müəyyən proqramların
hazırlanması, sərəncamların imzalanması sübut edir ki, Heydər
Əliyevin böyük məhəbbətlə kapitanlıq etdiyi mədəniyyət
gəmisinin sükanı etibarlı əllərdədir!
Azərbaycan.- 2008.- 4 may.- S. 6.
Heydər Əliyev irsinin elektron sənədlər toplusu
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 85 illik yubileyi münasibətilə Prezident
Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron Sənədlər
Toplusu” internet resursu istifadəçilərə təqdim edilmişdir.
Geniş oxucu kütləsinin və tədqiqatçıların ümummilli liderin
zəngin irsini öyrənməyə çox böyük marağını nəzərə alaraq,
internet resursda Heydər Əliyevin Azərbaycan Respublikasının
Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının,
məruzələrinin, bəyanatlarının, müsahibələrinin elektron
versiyaları hazırlanmış və illər üzrə qruplaşdırılmışdır.
Kitabxananın elektron kataloqunda Heydər Əliyev haqqında olan
400-dən çox kitab və 1000-dən çox dövri mətbuat materialı
haqqında biblioqrafik informasiya internet resursun
“Biblioqrafiya” bölməsində yerləşdirilmişdir.
“Xronologiya” bölməsində ilk dəfə olaraq dahi şəxsiyyətin həyat
və fəaliyyətinin əsas sahələri, şərəfli bir ömrün ən vacib
məqamlarının Prezident Kitabxanası tərəfindən tərtib olunmuş
xronologiyası internet istifadəçilərinə təqdim edilmişdir.
Ölkəmizin xarici siyasət kursunun, müstəqil beynəlxalq
münasibətlərimizin və diplomatiyamızın formalaşmasında
misilsiz xidməti olan Heydər Əliyevin Azərbaycan
Respublikasının Prezidenti olduğu dövrdə xarici ölkələrə etdiyi
səfərlərin, bu səfərlər zamanı dövlət rəhbərləri, beynəlxalq
təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərin də tam
xronologiyası tərtib edilərək resursun “Xarici siyasət fəaliyyətinin
xronikası” bölməsində istifadəçilərə təqdim olunmuşdur.
Təməli ümummilli liderimiz tərəfindən qoyulmuş və Prezident
İlham Əliyevin uğurla inkişaf etdirdiyi, müasir Azərbaycan
iqtisadiyyatının əsasını təşkil edən neft strategiyasına, “Əsrin
müqaviləsi”nə, neftimizin dünya bazarlarına nəqlinə, Neft
Fonduna, beynəlxalq neft-qaz sərgilərinə dair rəsmi materialların
tam mətnləri müvafiq sahələr üzrə qruplaşdırılaraq internet
resursun “Neft strategiyası. Əsrin müqaviləsi” bölməsində
verilmişdir.
İstifadəçilər üçün çox əhəmiyyətli sənədli mənbə hesab edilən
bölmələrdən biri də Prezidentin İcra Aparatının rəhbəri, akademik
Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “Müstəqilliyimiz
əbədidir” çoxcildliyinin (22 cild) kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış elektron versiyasıdır. Mövzu-axtarış
sistemi tətbiq edilmiş bu çoxcildlik Heydər Əliyevin Azərbaycan
Respublikasının Prezidenti olduğu dövrdə misli görünməmiş
fəaliyyətini əks etdirən materialların xronoloji toplusudur.
İnternet resursun təqdimatı zamanı ümummilli liderin Prezident
Kitabxanasındakı büstü önünə gül-çiçək dəstələri qoyulmuş,
həyatının müxtəlif dövrlərini əhatə edən fotoşəkillərdən ibarət
slayd göstərilmiş, yubiley münasibətilə təşkil olunmuş zəngin
kitab sərgisinə baxış keçirilmişdir.
Azərbaycan.- 2008.- 7 may.- S. 11.
Xalq qəzeti
2006
Heydər Əliyev muzeyinin açılışı
Sentyabrın 12-də Xırdalan qəsəbəsindəki Heydər
parkında ulu öndərin adını daşıyan muzeyin təntənəli açılış
mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev rəmzi açılışı
bildirən lenti kəsdi.
Muzeyin direktoru Tükəzban Həsənova dövlətimizin
başçısına məlumat verdi ki, 10 bölmədən ibarət muzey dahi
şəxsiyyət Heydər Əliyevin irsinin təbliği, gənc nəslin bu irsdən
yararlanması məqsədi ilə yaradılmışdır.
Burada ulu öndərin uşaqlıq və gənclik illərini,
təhlükəsizlik orqanlarında fəaliyyətini, Azərbaycana rəhbərliyinin
ilk dövrünü, 1981-ci ildə Abşeron rayonuna gəlməsini, müstəqil
Azərbaycan dövlətinə rəhbərlik illərini, kənd təsərrüfatının,
sənayenin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına,
ordu quruculuğuna, mədəniyyətə və idmana qayğısını, yeni neft
strategiyasının həyata keçirilməsini, xarici ölkələrə rəsmi
səfərlərini, tanınmış dövlət xadimləri və siyasətçilərlə görüşlərini,
2001-ci ildə Abşeron rayonunda istifadəyə verilən obyektlərin
açılış mərasimində iştirakını əks etdirən çoxsaylı fotoşəkil və
eksponat toplanmışdır.
Muzeydə ümummilli liderin büstü də qoyulmuş, Abşeron
rayonunda olmasını əks etdirən xüsusi fotoalbom hazırlanmışdır.
Prezident İlham Əliyev muzeyin ayrı-ayrı guşələri ilə tanış oldu,
fotoşəkillərə, Qobu xalçaçılarının toxuduqları, üzərində ulu
öndərin portreti olan xalçaya böyük maraqla tamaşa etdi.
Sonra dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək
sözlərini yazdı:
“Heydər Əliyev muzeyində ulu öndərin həyat və
fəaliyyətini əks etdirən fotoşəkillər bir daha göstərir ki, bütün
dövrlərdə Heydər Əliyev doğma xalqına sədaqətlə xidmət
etmişdir. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev
Abşeron rayonunun sosial-iqtisadi inkişafına böyük diqqət
göstərmişdir.
Bu gün Abşeron rayonu uğurla inkişaf edir, burada
quruculuq, abadlıq işləri sürətlə gedir. Əminəm ki, bundan sonra
da abşeronlular, həmişə olduğu kimi, doğma Vətənimizin
inkişafına öz töhfələrini verəcəklər.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
* * *
Rayon ictimaiyyəti adından xatirə olaraq Prezident İlham
Əliyevə Hökməli xalçaçılarının toxuduqları, üzərində
dövlətimizin başçısının portreti olan xalça təqdim edildi.
Xalq qəzeti.- 2006.- 13 sentyabr.- S. 2.
Azərbaycan
Prezidenti
İlham
Əliyevin
Naxçıvan
Muxtar
Respublikasına
səfəri
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də
Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Dövlətimizin
başçısının şərəfinə Naxçıvan beynəlxalq hava limanında fəxri
qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi hava limanında Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi
şəxslər qarşıladılar. Milli geyimli oğlan və qız Prezidentə gül-
çiçək təqdim etdilər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə
raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin
qarşısından keçdi. Hava limanına gəlmiş minlərlə naxçıvanlı
Prezident İlham Əliyevi hərarətlə salamladı.
Xalq qəzeti.- 2006.- 21 dekabr.- S. 2.
2007
Heydər Əliyev muzeyinin açılışı
Həmin gün Oğuz şəhərində ulu öndərin adını daşıyan muzeyin
açılış mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev rəmzi
açılışı bildirən lenti kəsdi. Dövlətimizin başçısına məlumat verildi
ki, muzey görkəmli dövlət xadimi və siyasi xadim, dahi şəxsiyyət
Heydər Əliyevin irsinin təbliği, gənc nəslin bu irsdən
yararlanması məqsədi ilə yaradılmışdır. Burada ulu öndərin
uşaqlıq və gənclik illərini, ailə həyatını, Azərbaycana
rəhbərliyinin hər iki dövrünü, kənd təsərrüfatının, sənayenin
inkişafına, ordu quruculuğuna, mədəniyyətə və idmana qayğısını,
“Əsrin müqaviləsi”nin imzalanmasını, Bakı–Tbilisi–Ceyhan
layihəsinin həyata keçirilməsini əks etdirən 240-a yaxın şəkil və
eksponat, habelə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif
dövrlərindən bəhs edən kitablar toplanmışdır. Dörd bölmədən
ibarət olan muzeydə Prezident İlham Əliyevin 2005-ci ildə Oğuz
rayonuna səfəri və burada keçirdiyi görüşlərə dair fotoşəkillər də
toplanmışdır.
Dövlətimizin başçısı muzeyin ayrı-ayrı guşələri ilə tanış oldu,
muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
Xalq qəzeti.- 2007.- 2 mart.- S. 5.
Saatlıda Heydər Əliyevin abidəsi açılmışdır
Mayın 10-da Saatlıda ümummilli lider Heydər Əliyevin
abidəsinin açılışı olmuşdur. Tədbir iştirakçıları öncə tamamilə
yenidən qurulmuş Heydər Əliyev meydanında salınmış Şəhidlər
Xiyabanını ziyarət etmiş, torpaqlarımzın bütövlüyü uğrunda şəhid
olmuş Vətən oğullarının xatirəsini hörmətlə anmışlar.
Sonra Heydər Əliyevin abidəsinin açılış mərasimi keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Hüseynov abidənin
örtüyünü açmışdır. Ümummilli liderin xatirəsi bir dəqiqəlik
sükutla yad olunmuşdur. Abidə önünə əklil və gül-çiçək dəstələri
qoyulmuşdur. V.Hüseynov dünya şöhrətli dahi şəxsiyyətin həyat
və fəaliyyəti barədə danışmışdır. O demişdir ki, azərbaycançılıq
ideyasının, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin
formalaşmasında, ölkəmizin dünyaya inteqrasiyasında fenomen
tarixi şəxsiyyət olan ulu öndərin rolu əvəzsizdir. Bizim hər
birimiz haqlı olaraq fəxr etməli və qürur duymalıyıq ki, Heydər
Əliyevin Azərbaycanında yaşayır, çalışırıq. Bu gün
Azərbaycanımız əsl inkişaf yolundadır. Biz sabahımıza,
gələcəyimizə ümummilli liderin siyasi kursunun ən layiqli
davamçısı, ürəkdən inanıb etibar etdiyimiz ölkəmizin Prezidenti
İlham Əliyevin rəhbərliyi altında gedirik. Heydər Əliyevin
uzaqgörənliklə söylədiyi kimi, dahi rəhbərin axıra çatdıra
bilmədiyi taleyüklü məsələləri, planları, işləri indi bizim
köməyimiz və dəstəyimizlə İlham Əliyev həyata keçirir.
Digər natiqlər – Yeni Azərbaycan Partiyası icra katibinin
müavini, parlamentin deputatı Mübariz Qurbanlı, “Yeni
Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, Yeni
Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütfəli
Şıxəliyev, Saatlıda çıxan “Dönüş” qəzetinin baş redaktoru Qaçay
Əhmədov da ulu öndərin uğurlu sosial-iqtisadi inkişaf
strategiyasının gətirdiyi dividendlərdən bəhs edərək, bu siyasətin
Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata
keçirildiyini, xalqın qarşıdakı prezident seçkilərində də indiki
ölkə başçısını yeganə namizəd kimi dəstəkləyəcəklərini
bildirmişlər.
Dostları ilə paylaş: |