Xalq qəzeti.- 2007.- 11 dekabr.- S. 4.
Vaşinqtonda Türkiyə və Azərbaycan musiqisi
axşamında ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş əsər səslənmişdir
Azərbaycan–Türkiyə
İş Adamları Birliyinin (ATİB)
ictimaiyyətlə əlaqələr şöbəsindən verilmiş məlumata görə,
Vaşinqtonda keçirilmiş “Azərbaycan–Türkiyə–ABŞ əlaqələri və
onların Avrasiya üçün əhəmiyyəti” mövzusunda beynəlxalq
konfrans “Mayflower Hotel”də Türkiyə və Azərbaycan musiqisi
axşamı ilə yekunlaşmışdır.
Tədbirdə Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist
Murad Hüseynovun ifasında Qara Qarayev, Adil Bəbirov, Tofiq
Quliyev, Fərhad Bədəlbəyli, Vasif Adıgözəlov və Volfqanq
Amadey Motsartın əsərləri səslənmişdir. M.Hüseynov Azər
Dadaşov tərəfindən bəstələnmiş və ümummilli liderimiz Heydər
Əliyevin xatirəsinə ithaf olunmuş əsəri ilk dəfə ifa etmişdir.
Konserti Türkiyənin məşhur pianoçusu və bəstəkarı Fahir
Atakoğlu və “Grammy” mükafatı laureatları Horasio Hernandes
və Con Benites davam etdirmişlər.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsertdə
Vaşinqtona səfər etmiş Azərbaycan və Türkiyə nümayəndə
heyətinin üzvləri, o cümlədən, Türkiyə Respublikasının sabiq
xarici işlər naziri Hikmət Çətin, Azərbaycan Respublikası Milli
Məclis sədrinin müavini Valeh Ələsgərov, xarici işlər nazirinin
müavini Hafiz Paşayev, ATİB idarə heyətinin sədri Əhməd
Erentok və başqaları iştirak etmişlər.
Xalq qəzeti.- 2007.- 15 dekabr.- S. 2.
2008
Həsənov H.
Ümummilli liderimiz milli-mənəvi dəyərlərimizi məhv
olmaq təhlükəsindən xilas etdi
Bu gün nəinki Azərbaycanın, bütün dünya azərbaycanlılarının
öyündüyü Heydər Əliyev həmişə Azərbaycan ilə, azərbaycanlı
olmağı ilə fəxr edirdi. Hələ SSRİ dövründə nüfuzu və şöhrəti ilə
ittifaq miqyasına sığmayan ümummilli liderimiz Azərbaycan adlı
bir məmləkəti mərhələ-mərhələ dünyaya tanıtdı. Onun zəngin
mədəniyyətini, tarixini, milli dəyərlərini başqa millətlərə
çatdırmağa başladı.
Düzü bu idi ki, hələ o zamanlardan Azərbaycanı Heydər Əliyevlə
tanıyırdılar. Bu adlar qoşa çəkilirdi. Əgər gürcülər Stalin
dövründən SSRİ xalqlarının yaddaşında qalmışdısa, ermənilərin
apardığı təbliğat nəticəsində bir qafqazlı obrazı formalaşmışdı.
Doğrudur, Qafqazı tanıyan, bu xalqlara bələd olan alimlər yaxşı
bilirdilər ki, ermənilərin Qafqaz xalqlarına heç uzaq qohumluğu
da yoxdur. Amma erməni təbliğatı öz işini görürdü.
“Qafqazlıyam”, – deyəndə erməni, yoxsa gürcü olduğumuzu
soruşurdular. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci
katibi olandan sonra vəziyyət tamam dəyişdi. “Bakıdanam,
Azərbaycandanam”, — deyəndə müsahibimiz dərhal Heydər
Əliyevin adını
çəkirdi.
Məsələnin başqa tərəfi də vardı. Vaxtı ilə Heydər Əliyevin
ailəsində — evində qonaq olmuş adamlar — təbii ki, onların
əksəriyyəti tanınmış şəxsiyyətlər idilər — ideal bir Azərbaycan
ailəsindən, azərbaycanlı süfrəsindən məhəbbətlə söz açırdılar. İlk
baxışda burada qeyri-adi heç nə yoxdur. Qonaq həmişə əziz olub.
Ancaq diqqət yetirsək görərik ki, burada çox incə bir məqam var.
Həmin “qonaqlar” Heydər Əliyev ailəsinin qonaqpərvərliyindən
danışa-danışa Azərbaycan adət-ənənəsini, Azərbaycan süfrəsini
təbliğ edirdilər. Bu isə, bütövlükdə Azərbaycanın təbliği idi.
Ümummilli liderimiz birinci dəfə hakimiyyətdə olduğu illərdə
çox dəyərlərimiz yenidən həyata “vəsiqə aldı”. Məsələ bunda idi
ki, 1969-cu ilə qədər dil məsələsi üstündə, Novruz bayramının
keçirilməsi ilə bağlı çox ziyalılarımızın başı “ağrımışdı”. Çünki
onlar imperiya siyasətinin əsl, gizli mahiyyətinə varmadan, milli
adət-ənənələrə SSRİ və respublika konstitusiyalarının verdiyi
imkanlar çərçivəsində əməl etməyə çalışırdılar. Amma bu millilik
imperiyanın sərt təpkisi ilə qarşılanırdı. İmperiya belələrini
müxtəlif yollarla əzirdi, milli bayramların qeyd olunmasına isə
ciddi qadağalar qoyulurdu.
Böyük öndər isə fərqli yol tuturdu. Məsələn, tezliklə
Azərbaycan cəmiyyəti xəbər tutdu ki, Heydər Əliyevin ailəsində
Novruz bayramı çox yüksək, təmtəraqlı, adət-ənənəmizə uyğun
keçirilir. Məhz elə buna görə də Novruz bayramını gizlində də
keçirməkdən ehtiyat edən məmurların da indi evində Novruz
xonçası
bəzədilirdi. Beləliklə, həmin illərdə
tədricən
respublikamızın hər yerində bu bayram qeyd edilməyə başlandı.
Gah Yaz bayramı, gah Bahar bayramı, nəhayət, öz adı ilə Novruz
bayramı kimi adlandırılmağa başlandı. Demə, bu iş üçün nə qərar
lazım imiş, nə də göstəriş.
Elə məsələlər vardı ki, o, doğrudan da hüquqi sənəd tələb edir.
Məsələn, Azərbaycanın dövlət dilinin tətbiq edilməsi. Doğrudur,
bu məsələnin qanunda əks olunması bir az gec oldu. Çünki, o
zaman ayrılıqda bir respublika məsələ qaldıra bilməzdi ki, mən
Konstitusiyamda belə bir dəyişiklik etmək istəyirəm. Buna 1978-
ci ildə şərait yarandı. Təbii ki, Moskvanın göstərişi ilə
Azərbaycan SSR Konstitusiyasında dövlət dilinin rus dili olması
təsbit edilməliydi. Amma ümummilli liderimiz Heydər Əliyevin
gərgin zəhməti, nüfuzu hesabına Əsas Qanunumuzun 73-cü
maddəsində belə bir müddəa əksini tapdı: “Azərbaycan SSR-in
dövlət dili Azərbaycan dilidir”. İmperiyanın tam ruslaşdırma
siyasətinə keçdiyi bir dövrdə bunu etmək həqiqətən böyük
qəhrəmanlıq idi.
Bu çətinliyi bir neçə məsələ özündə şərtləndirirdi. Əvvəla
imperiya rəhbərləri Azərbaycan türklərinin coşğunluğunu yaxşı
bilirdi. Bilirdi ki, yüz illərdən bəridir bu xalqın torpağına,
sərvətinə təcavüz edib, istədiklərini ala bilsələr də, onların
yaddaşına təcavüz edə bilməyiblər. İndi Konstitusiyada dövlət
dilinin Azərbaycan dili kimi təsbit olunması millətin oyanışının
yeni mərhələsi olacaqdı. Sonrası bilirdilər ki, son illər bu məsələ
Azərbaycanda artıq bir neçə dəfə qabardılıb. Deməli, bu məsələ
bir-iki nəfəri yox, respublika ictimaiyyətini narahat edən
məsələdir. Nəhayət, 1970-1980-ci illər elə bir dövr idi ki,
Azərbaycan sürətlə inkişaf edirdi. Milli ruh oyanmışdı. Belə ruhlu
qabaqcıl ziyalılar respublika rəhbəri Heydər Əliyev tərəfindən
müdafiə olunurdular. Odur ki, SSRİ-nin türk respublikaları
Azərbaycana, onun rəhbərinə qibləgah kimi baxırdılar. Bu fikri
sözgəlişi gətirmədik. Rəsul Rzanın dəfn mərasimində Orta
Asiyadan gəlmiş nümayəndə heyətlərindən birinin rəhbəri
ümummilli liderimizə belə demişdir: “Yoldaş Əliyev, biz
Azərbaycana qibləmiz kimi baxırıq. Bunu siz etdiniz”.
Ailədə də, cəmiyyətdə də belədir ki, hər kəs rəhbərin sözünü,
göstərişini əsas götürür. Şagird, tələbə müəlliminə bənzəmək
istəyir. Uşaq valideyninin, müəlliminin sözünü, hərəkətini ən
düzgün sayır. Odur ki, həmin illərdə Heydər Əliyevin hər sözü,
hərəkəti cəmiyyətdə əksini tapırdı. 1970-ci illərdə Novruz
bayramı ərəfəsində Şıx çimərliyi səmtində — “Dostluq” parkında
iməcilik keçirilərkən, Heydər Əliyev yazıçıların yanına gəlir,
onlarla söhbətləşir, zarafat edir, deyib-gülür. Şair Qabil soruşur:
- Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız!
Heydər Əliyev gülümsünüb, cavab verir:
- Qabil, sən niyə mənim rusca gözəl danışmağıma təəccüb
etmirsən, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil
mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız
bilməliyik!
O zaman bu söhbətin əks-sədası böyük oldu. Xüsusən, Heydər
Əliyevin iclaslarda təmiz Azərbaycan dilində danışması dilini
unutmuş məmurları silkələdi. Odur ki, insanlar dövlət idarələrinə
müraciət edəndə artıq sıxılmır, çəkinmir, öz dilində - Azərbaycan
dilində müraciət edirdilər. Bu isə öz-özlüyündə milli ruhumuzu
yüksəldirdi.
Heydər Əliyev öz xalqını yaxşı tanıyırdı. Onun çılğın
nümayəndələrini, qanı coşanları çəkib saxlayır, imperiyanın cəza
maşınlarından qoruyur, imperiyanın öz siyasəti ilə onun
dəyərlərini bərpa edir, cəmiyyətin ümumi inkişafına nail olurdu.
Bu faktdır ki, işğalçılar həmişə azərbaycanlıların hüquqlarını
tapdayıblar, sərvətlərini talayıblar, dilini, tarixini unutdurmağa
çalışıblar. Ancaq xalqımız bu qovğalardan çıxıb. Onun mübarizlik
ruhunu, azadlıq eşqini söndürə bilməyiblər. Xalqımızın
böyüklüyü, yenilməzliyi də bundadır ki, bu uzun illərdə tarixini,
dilini, dinini, milli-mənəvi dəyərlərini, onların saflığını qoruyub
saxlayıb. Əlbəttə, belə işlərdə xalqın tarixi - qan yaddaşı mühüm
rol oynayıb. Sıxıntılar, təzyiqlər içində olsa da, gənc nəslə
kimliklərini aşılayıblar, bununla da, tarixi və milli-mənəvi
dəyərlərini yaşadıblar. Qeyd etdiyimiz kimi, birinci dəfə
Azərbaycana rəhbərlik edəndə Heydər Əliyev bu istiqamətdə çox
böyük işlər gördü. Amma ötən əsrin sonunda - müstəqilliyimizi
əldə edəndən sonra hakimiyyəti zəbt edənlər bu dəyərləri
qiymətləndirə bilmədilər, daha doğrusu, onları başqa məsələlər
düşündürürdü, milli ənənələri qoruyub-yaşatmaq gücündə
deyildilər. Xalqdan uzaq olan qüvvələr xalq mənafeyini, tarixi və
milli dəyərləri qoruya bilməzdilər. Ancaq şüarçılıq vardı. Bu isə
laqeydlikdən betər idi. Nə böyüyün yeri bilinirdi, nə kiçiyin. Nə
ağsaqqal sözü eşidilirdi, nə ağbirçəyə hörmət qoyulurdu. Dövlətin
idarə olunmasında da vəziyyət beləydi. Müdafiə naziri və yaxud
hansısa bir hərbi hissənin komandiri Ali Baş Komandanın əmrini
eşitmirdi, hətta ona hədə-qorxu gəlirdi. Aşağı dövlət
strukturlarının rəhbərləri Prezidentə “dərs” verir, ona tabe
olmaqdan imtina edir, itaətsizlik göstərirdilər. Odur ki, həm
dövlətçilik, həm də milli ənənələr itirilirdi. Sonda isə
Azərbaycanın büsbütün məhv olmaq təhlükəsi yarandı.
1993-cü ilin iyun ayının əvvəlləri ölkədə vəziyyət belə idi.
Artıq ölkəni xilas etmək ümidi itirilməkdəydi. Odur ki, xalq özü
öz başına çarə qılmalıydı. Özünə rəhbər, lider seçməliydi. Bu
seçimdə xalqa müdrikliyi, qan yaddaşı köməyə gəldi. Dövlət
quruculuğu təcrübəsi olan, Vətəninə qırılmaz tellərlə bağlanan
fədakar bir insanı - Heydər Əliyevi təkidli tələblərlə hakimiyyətə
gətirdi. Gətirdi ona görə ki, əvvəlki rəhbərlərində qorxaqlıq,
biganəlik, səriştəsizlik, vəzifəyə hərislik və digər mənfi
keyfiyyətlər görmüşdülər. Xalq bilirdi ki, Heydər Əliyevi Vətənə
xidmətdən heç nə ilə qorxudub, çəkindirmək olmaz. Xalq
rəhbərdən Azərbaycana qənim kəsilənlərə kəskin və qətiyyətli
cavab gözləyirdi. Prezident Heydər Əliyev öz xalqına arxalanıb
bunu etdi və azərbaycançılıq ideologiyasını formalaşdıraraq,
hüquqi, demokratik dövlət quruculuğuna başladı.
Ümummilli liderimiz dövlətdə vəzifə tutmaq istəyən şəxslərin
zəruri keyfiyyətlərə malik olmasına xüsusi diqqət yetirirdi: “Hər
bir insan həyatda öz yerini tapmalıdır. Hər bir insan öz yerini
tapanda böyük olur. Kim ki, öz biliyindən, bacarığından artıq
iddialar edir, o, həmişə məğlub olur”. Belə kəlamlar istər
dövlətçilik ənənələrində, istərsə dövlət rəhbərinin kadr
siyasətində, istərsə də hər bir kəs üçün yüz illər sonra da əsas
götürüləcək meyarlardır.
Ümummilli liderimiz Heydər Əliyevə görə milli ideologiyanın
əsas komponentləri milli dövlətçilik və milli-mənəvi dəyərlərdir.
Heydər Əliyev deyirdi: “Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür”.
Odur ki, öz ana dilini bilməyən adamları şikəst adamlar
adlandırırdı.
Ümummilli liderimiz Heydər Əliyevin böyük səylə inkişaf
etdirdiyi məsələlərdən biri (milli ideologiyanın tərkib hissəsi
kimi) azərbaycançılıq xətti idi. Böyük azərbaycanlı qürurla
bildirdi ki, “Azərbaycan dili bu gün dərin fikirləri ən incə
çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə
malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki
incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün
hər hansı xalqa bir neçə minillik yaşaması lazım gəlir.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki,
Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”. – Bu,
ümummilli liderimiz Heydər Əliyevin “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli
fərmanındandır. Böyük öndərimizin imzaladığı hər bir sənəd,
dediyi hər bir fikir milli konsepsiyamızın formalaşmasına xidmət
edirdi. Azərbaycan dilini dövlət müstəqilliyimizin mühüm
qarantlarından biri adlandıran ümummilli liderimiz deyirdi ki,
“həyatda uğur qazanmaq üçün xalqımızın, millətimizin milli-
mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi
dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib, müasir həyat tərzi
keçirmək lazımdır”. Bu, birdən-birə avropalaşmaq istəyənlərə
cavab idi. Milli-mənəvi dəyərlərdən uzaq düşənlər həyatda
heçliyə doğru gedənlərdir.
Müstəqillik qazanandan sonra Avropadan xəbərsiz
“avropalaşanlar” milli-mənəvi dəyərlərimizi ayaqlar altına
atırdılar. Bu tipli jurnalistlər də parnoqrafiyanı təbliğ edən
qəzetlər, jurnallar buraxır, asan qazanc yolu tapırdılar. Bu yolla
xalqın yetişməkdə olan nəslin mənəviyyatına güclü zərbələr
vururdular. Soruşanda da deyirdilər ki, biz “Avropa
təmayüllüyük. Avropada belə şeylər adi şeylərdir”. Sadə xalq isə
çaşıb qalırdı. Bu işdə yenə Heydər Əliyev xalqın köməyinə gəldi:
“Ayrı-ayrı jurnallarda, qəzetlərdə parnoqrafiya səviyyəsində
fotoşəkillər nümayiş etdirənlər nə düşünürlər? İndi ən inkişaf
etmiş Avropa ölkələrində, Amerikada, başqa ölkələrdə belə şeylər
yoxdur. Vaxtilə, nə vaxtsa olubdur. Amma indi belə şeylər
yoxdur”.
Böyük siyasi xadim Heydər Əliyev Azərbaycanda hakimiyyətə
qayıdandan sonra milli sahibkarların yetişməsinə hər cür şərait
yaradırdı. Onların inkişafına dövlət qayğısı göstərilirdi. Ancaq bu
imkan və şəraitdən sui-istifadə edib, qanunsuz yollarla
zənginləşmək istəyənlər də artırdı. Bilən də, bilməyən də yeni
iqtisadi münasibətləri özü bildiyi kimi izah edir, ancaq milli-
mənəvi və əxlaqi keyfiyyətləri bununla uyğunlaşdıra bilmirdilər.
Belə bir məqamda Heydər Əliyev belələrinə çılpaq bir həqiqəti
xatırlatdı: “Bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda
qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək
zənginləşmiş, harınlamış insanlar və onların övladları eyş-işrət
içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyir,
nə qədər əziyyətlər çəkirlər”.
Müstəqilliyimizin ilk illəri bir çoxları Azərbaycanın yenidən
hansısa ölkənin işğalı altında olacağını iddia edirdi. Əsas səbəb
kimi də onun balaca bir ölkə olmasını irəli sürürdülər. Ümummilli
liderimiz onları da cavabsız qoymadı. Böyük bir həqiqəti anlatdı
belələrinə: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır
və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük
məmləkət qədər güclü olur”. Bunu ümummilli liderimiz həyatda
da sübut etdi. Vətəndaşlarımızın hüquqi savadlanması, sivil
qanunların qəbul edilməsi, demokratik inkişafda görülən nəhəng
işlər ölkəmizi böyük dövlətlərin cərgəsinə çıxartdı. İndi ölkəmizi
dünya tanıyır, onunla hesablaşırlar. İlk növbədə ona görə ki,
dövlətimiz beynəlxalq aləmdə öz hüquqlarını müdafiə etməyi
bacarır. Çünki onun vətəndaşları da öz hüquqlarını anlayır və
müdafiə edə bilirlər. Bu, ümummilli liderimiz Heydər Əliyevin
xidmətləridir. Həmin siyasi kursu bu gün Azərbaycan Prezidenti
İlham Əliyev uğurla davam etdirir.
Gəlin etiraf edək ki, ölkə müxalifətini ən çox himayə edən
Heydər Əliyev olub. Onların şıltaqlığına da həmişə təmkinlə
dözüb. Siyasi partiyaların mətbu orqanlarının nəşriyyata olan külli
miqdarda borcları ucbatından fəaliyyətlərini dayandırmaq
təhlükəsi olanda Heydər Əliyev onların köməyinə çatıb. Böyük
öndər sağlam müxalifətin tərəfdarı idi və inanırdı ki, onlar
dövlətin idarə olunmasında, nöqsanların aşkarlanmasında
əhəmiyyətli rol oynayar. Ancaq ümummilli liderimiz bir
müxalifəti qəbul etmirdi: “Kim müxalifətdə durursa-dursun,
ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə
durmasın”. Bu kəlam müxalifətə göstərilən ən düzgün yoldur. Bu
şərtlərə əməl edən müxalifət inkişaf edər, cəmiyyətdə çəkisi olar.
Ümummilli liderimizin ölkəmizdə apardığı geniş hüquqi islahatlar
da milli-mənəvi dəyərlərə, humanizm ənənələrinə əsaslanırdı.
“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və
günahsıza cəza veriləndə”, — deyirdi Heydər Əliyev. Hər bir
hüquq işçisinə xatırladırdı: “Ədalətsizliklə ədaləti bərpa etmək
olmaz”, “Rüşvətxoru, oğrunu qəhrəman etmək, öz xalqına
xəyanət etməkdir”...
Bu gün nə qədər düşünürsən, elə bir sahə tapmırsan ki, Heydər
Əliyev ayrı-ayrı çıxışlarında ona toxunmasın, fikrini bildirməsin,
məsləhət verməsin, yol göstərməsin. Onun cild-cild kitablara
sığmayan nitqlərini oxuduqca, görürsən ki, az qala, hər cümləsi
bizim üçün fəaliyyət proqramıdır. Bu Böyük İnsan hər birimizi
Azərbaycan üçün yaşamağa çağırırdı, öyrədirdi.
Dövlətimiz bu dəyərlər üstündə ucaldı, inkişaf etdi, qüdrətli bir
ölkəyə çevrildi. Bu gün həmin dəyərlər Azərbaycan Prezidenti
tərəfindən daha inamla həyata keçirilir. Cəmiyyət saflaşır,
möhkəmlənir, azərbaycançılıq ideyası bütün fəaliyyətimizdə
meyara çevrilir.
Bəli, ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə
Azərbaycanda hakimiyyətə qayıtmaqla milli-mənəvi
dəyərlərimizi özümüzə qaytardı, onu məhv olmaq təhlükəsindən
xilas etdi. Bu, onun XİLASKARLIQ missiyası idi.
Xalq qəzeti.- 2008.- 11 aprel.- S. 3.
Mükərrəmoğlu M.
Ulu öndərə həsr olunan beynəlxalq film festivalı
Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin
keçirilməsi ilə bağlı Prezidentimizin imzaladığı sərəncamdan
sonra ölkəmizdə bu istiqamətdə tədbirlər keçirilməkdədir. Yeni
Azərbaycan Partiyasının Gənclər Birliyi və VVS şirkəti birgə ulu
öndərin 85 illik yubileyi münasibətilə “Heydər Əliyev”
beynəlxalq film festivalı keçirəcəklər.
May ayının əvvəllərində baş tutacaq festivalda bu böyük
şəxsiyyətin həyat yolunu, siyasi fəaliyyətini əks etdirən ən yaxşı
filmlər nümayiş etdiriləcək. YAP Gənclər Birliyinin sədri Ramil
Həsənovun bildirdiyinə görə, bundan sonra hər il ulu öndərin
doğum günü ərəfəsində festivalın keçirilməsi qərara alınmışdır.
Festivalın münsiflər heyəti məşhur sənət adamlarından, dövlət
xadimlərindən ibarət olacaq. VVS şirkətinin direktoru Teymur
Nəcəfzadə demişdir ki, bu layihə Heydər Əliyevə həsr olunan əsl
kino bayramına çevriləcək. Burada müxtəlif vaxtlarda və müxtəlif
yerlərdə hazırlanmış kinofilmlər nümayiş etdiriləcək.
Festivalın qalib filmləri xüsusi mükafatla təltif olunacaq.
Layihənin həyata keçirildiyi dövrdə festivalın xüsusi internet saytı
da yaradılacaq. (www.heydar-aliyev.az)
Xalq qəzeti.- 2008.- 11 aprel.- S. 4.
Heydər Əliyev muzeyinin açılışı
Aprelin 18-də Beyləqan şəhərində Heydər Əliyev
muzeyinin açılışı olmuşdur.
Prezident İlham Əliyev ulu öndərin adını daşıyan parkda
yerləşən muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, 200
kvadratmetrdən çox sahəsi olan muzeyin salonlarında Heydər
Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü və müstəqil
Azərbaycanın Prezidenti olduğu illəri əks etdirən fotoşəkillər
vardır.
Heydər Əliyev beş dəfə – 1971, 1976, 1980, 1993 və
1994-cü illərdə Beyləqanda səfərdə olmuşdur.
Muzeydə həmin səfərlərlə bağlı eksponatlar ayrıca guşədə
toplanmışdır.
Dövlətimizin başçısı muzeylə yaxından tanış oldu, xatirə
kitabına ürək sözlərini yazdı.
Xalq qəzeti.- 2008.- 20 aprel.- S.6.
Horadiz şəhərində Heydər Əliyev muzeyi ilə tanışlıq
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham
Əliyev aprelin 18-də Füzuli, Beyləqan və Biləsuvar rayonlarında
olmuşdur.
Əvvəlcə Horadiz şəhərinə gələn dövlətimizin başçısı
burada Heydər Əliyev muzeyində oldu.
Burada rayon ictimaiyyətinin nümayəndələri Prezidenti
səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti
kəsdi, eksponatlarla tanış oldu. Muzeydə ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyətinə, hələ sovet dövründə Azərbaycana
rəhbərlik etdiyi illərdə Füzuli rayonuna səfərlərinə dair
fotoşəkillər, dahi şəxsiyyətə həsr olunmuş kitablar toplanmışdır.
Dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək
sözlərini yazdı.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin
nümayəndələri ilə söhbət etdi.
Horadiz sakini: Bizim sevincimizin həddi-hüdudu yoxdur.
Çünki ulu öndərimizin layiqli davamçısı rayonumuza gəlmişdir.
Arzu edirəm ki, bu gəlişiniz uğurlu və bərəkətli olsun. Dünənki
yağış, bugünkü günəş bütün bu uğurdan xəbər verir. Hazırda
yaşadığımız bu ərazi 1994-cü ildə ulu öndərimizin səyi
nəticəsində düşmən tapdağından azad olunmuşdur. Biz çox
sevinirik ki, Siz bu yerləri abadlaşdırır, inkişaf etdirir və gülüstana
döndərirsiniz. Sizin sərəncamınızla yeni qəsəbələr salındı, çadır
şəhərcikləri ləğv olundu və biz abad qəsəbələrə köçdük. Rahat,
geniş, işıqlı otaqlarda yaşamaq, yurdumuzun gözəl, təmiz
havasını udmaq, suyunu içmək hamımızın arzusu idi. İnanırıq ki,
bizim ən böyük arzumuz da gerçəkləşəcək, yəni işğal altında olan
bütün torpaqlarımız Sizin hərtərəfli, məqsədyönlü fəaliyyətiniz
nəticəsində düşmən tapdağından azad olunacaqdır.
Mən hamımızın əzizi, bütün xalqımızın dərin məhəbbətini
və hörmətini qazanmış Mehriban xanımın da hərtərəfli
fəaliyyətini qeyd etmək istəyirəm. Biz onunla, Sizinlə fəxr edirik
ki, xalqımızı həqiqətən işıqlı gələcəyə aparırsınız. Qarşıdan
prezident seçkiləri gəlir. Mən rayonumuzun bütün ziyalıları
adından əminliklə və qətiyyətlə bildirirəm ki, füzulililər artıq öz
seçimini ediblər. Siz bizim daimi və əbədi Prezidentimizsiniz.
Füzulililər Sizə inanırlar, Sizinlədirlər və Sizi həmişə
dəstəkləyirlər. Siz bu sevgini, bu məhəbbəti öz səmimiyyətinizlə,
işgüzarlığınızla və daim xalqın içində olmağınızla qazanmısınız.
Ulu Tanrı köməyiniz olsun.
İlham Əliyev: Sağ olun, təşəkkür edirəm sizə. Mən
gəlmişəm ki, sizinlə görüşüm, sizə öz hörmət və məhəbbətimi
ifadə edim, sizi dəstəkləyim. Siz ağır vəziyyətdə yaşamış
insanlarsınız. Qeyd etdiyiniz kimi, bu ərazi işğal altında idi.
Ermənilər bu bölgəni də işğal etmişdilər. Ondan sonra bizim
ordumuz Horadiz qəsəbəsini işğalçılardan azad etdi. Bu qəsəbəyə
olunan yardımlar bundan sonra da davam etdiriləcəkdir. Horadizə
şəhər statusu verilibdir. Horadizin inkişafı üçün, bütövlükdə
işğaldan azad olunmuş ərazilərin inkişafı üçün vəsait ayrılmışdır
və yenə də ayrılacaqdır. Bütün çadır şəhərcikləri ləğv edilib və
onların əvəzində yeni gözəl qəsəbələr tikilibdir. Bu onu göstərir
ki, bizim imkanlarımız var. Bütün ərazilər işğaldan azad
olunandan sonra biz həmin yerləri cənnətə çevirəcəyik. Biz bütün
dağıdılmış rayonları bərpa edəcəyik, yüksək səviyyədə evlər,
məktəblər, xəstəxanalar tikiləcəkdir. Yeni istifadəyə verilmiş
qəsəbələrin timsalında görürük ki, nəyi biz edəcəyik. Mən çox
şadam ki, burada işlər çox yaxşı gedir, abadlıq, inkişaf var. Daha
da sürətlə getməlidir və Füzuli rayonunun inkişafına xüsusi diqqət
göstərilməlidir. Siz düşmənlə üz-üzə yaşayırsınız. Sizin
kəndlərinizin bir hissəsi təmas xəttinə lap yaxınlıqda yerləşir.
Yəni burada yaşamaq böyük cəsarət tələb edir, böyük fədakarlıq,
vətənpərvərlik tələb edir. Bütün bu təhlükələrə baxmayaraq siz
burada öz doğma torpaqlarınızda yaşayır, yaradır, bu yerləri
abadlaşdırır, uşaqları böyüdürsünüz, Azərbaycanı inkişaf
etdirirsiniz. Ona görə siz böyük hörmətə layiq olan insanlarsınız.
Bütün Azərbaycan ictimaiyyəti bunu bilməlidir və bilir.
Mən buraya çoxdan gəlmək istəyirdim, ancaq eyni
zamanda, istəyirdim ki, buraya gələndə yaxşı, xoş tədbirlərdə
iştirak edək. Bu gün belə tədbirlər baş verəcək - qəsəbələrin
açılışıdır, sosial obyektlərin təməlqoymasıdır. Həm tibb
mərkəzinin, həm də elektrik stansiyasının təməlinin qoyulması bu
bölgənin abadlaşmasına böyük dəstək olacaqdır.
Sizə cansağlığı, uğurlar arzulayıram. Bilin ki, mən bundan sonra
da rayonun inkişafına öz köməyimi göstərəcəyəm.
Dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə
xatirə şəkli çəkdirdi.
Dostları ilə paylaş: |