Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təhsil müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur.
Tyutorların sayı təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir. Bu zaman dövlət ali təhsil müəssisələrində hər bir tyutora 100-dən az olmamaq şərti ilə tələbə müəyyənləşdirlir. Özəl ali təhsil müəssisələri isə bu normativi özləri müəyyənləşdirirlər.
Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslərdən seçilir.
Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.
Tyutorlar:
tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyur;
tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;
tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;
müəyyən olunmuş müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edirlər və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;
tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər;
yay semestrinin təşkilində iştirak edirlər.
Tələbə və müəllim mobilliyi
Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbələrin akademik mobilliyi onların digər ali təhsil müəssisələrində, o cümlədən xarici ölkə ali təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaqla təmin edilir. Tələbənin digər ali təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı ali təhsil müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri təhsilalanla göndərən və qəbul edən ali təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən tanımalıdır.
Digər ali təhsil müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma) üzrə nəzərdə tutulmuş kreditlərin 30%-ni aşmamalıdır.
Tələbənin akademik mobilliyinin ali təhsil müəssisələri arasında təmin edilməsi üçün aşağıdakı sənədlər nəzərdə tutulur:
akademik transkript
tələbənin ərizə (təhsil alacağı dildə doldurulur) forması
tədris razılığı
məlumat paketi
Professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminar, praktik məşğələlər, laboratoriya keçirilməsi) ali təhsil müəssisələri arasında xüsusi razılıq əsasında həyata keçirilir.