Ölkənin cəza çəkmə sistemində məhkumların əməyə cəlb edilməsi, belə müəssisələrdə istehsalın
dircəldilməsinə praktiki əsasların yaradılması üçün ilk növbədə buna qanunvericilikdə mane olan
halların aradan qaldırılması ilə başlamaq zəruridir. Əks halda dövlət proqramlarında nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi mümkün olmayacaqdır.
Hazırda dövlət tərəfindən həyata keçirilən satınalmaların bir hissəsinin tenderdən kənar icbari
qaydada belə müəssisələrə sifariş şəkilində yönəldilməsi müsbət variantlardan biri ola bilər.
Ölkədə iri satınalmalar həyata keçirən bir sıra mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən,
Təhsil, Müdafiə, Nəqliyyat nazırliklərinin, eləcədə digər mərkəzi icra hakimiyyəti orqanlarının
sifarişlərinin və dövlət satınalmalarında iştirak edən dövlət şirkətlərinin subpodrat sifarişlərinin
bir hissəsi icbari qaydada belə müəssisələrə yönəldilərsə, bu müəssisələrdə məhkumların
məşğulluq problemləri əsaslı surətdə həll oluna bilər. Bunun üçün “Dövlət satınalmaları
Haqqında” Qanuna müvafiq əlavələrin və dəyişikliklərin edilməsi zəruridir. Əlavə və
dəyişikliklər vasitəsi ilə tenderdənkənar sifarişlərin verilməsinin həcmi, prosedurları və qaydaları
elə nizamlana bilər ki, sifariş nəticəsində isehsal olunan malların və ya göstərilən xidmətlərin
keyfiyyət göstəriciləri, eləcə də podratçı tərəfin öhdəliklərə əməl etmələri dəqiq
reqlamentləşdirilsin.
Digər bir üsul qanunda nəzərdə tutulan qapalı tenderlərə, yalnız belə müəssisələrin cəlb edilməsi
ola bilər. Bunun üçün də qanunvericilikdə qapalı tenderlərə cəlb etmə ilə bağlı əlavə müddəalar
daxil edilə bilər.
Cəza Çəkmə Müəssisələrinin hər hansı sifariş olmadan malları istehsal edərək bazara çıxarmaq
və satış yolu ilə gəlir əldə etmək imkanları da məhduddur. Bunun üçün müəssisələrdə sərbəst
vəsait yoxdur. Belə olan halda müvafiq aktla belə müəssisələrə onların təklifləri
qiymətləndirilməklə dövlət büdcəsindən faizsiz məqsədli kreditlər verilə bilər.
Müvafiq hüquqi əsaslar yaradıldıqdan və maliyyə resurslarının ayrılmasından sonra müəssisələr
biznes təkliflərini müvafiq dövlət və bank strukturlarına təqdim edə bilərlər. Təkliflər
qiymətləndirilməklə həmin müəssisələrə nisbətən uzunmüddətli kreditlər ayrıla bilər.
Dostları ilə paylaş: