Yuxarıda qeyd edildiyi kimi, Şəmkir Heydər Əliyev Mərkəzi 2016-cı il başlanması ilə bir neçə əməkdaşlıq sazişlərinin imzalanmasına nail olub. Fevral ayının sonunda isə Şəmkir Heydər Əliyev Mərkəzi digər daha bir böyük uğura – Azərbycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq sazişinə imza atıb.
27 fevral 2016-cı il tarixində Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanmışdır. Tədbir Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, millət vəkilləri Sahibə Qafarova və Sona Əliyeva, rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Əsgər Əsgərov, Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayonun təhsil və səhiyyə işçiləri, yerli ziyalılar və gənclərin iştirakı ilə keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru O.Səmədov Fondun fəaliyyəti haqqında məlumat vermiş, ölkə başçısı tərəfindən “Multikulturalizm ili” elan edilmiş 2016-cı ildə qarşıda duran vəzifələr barədə danışmış, Fondun əməkdaşlıq etdiyi elm və təhsil müəssisələri, idarə və təşkilatlarla, o cümlədən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə fəaliyyətdən söhbət açmışdır.
İcraçı direktor Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü və elmi redaktorluğu ilə nəşr olunmuş “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını təqdim etmiş, 25 dildə işıq üzü görmüş “Henrix Fridrix fon Dits. Homerinki ilə müqayisədə yeni aşkar edilmiş oğuz siklopu. Kitabi-Dədə Qorqud. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitablarını Şəmkir Heydər Əliyev Mərkəzinə hədiyyə etmişdir.
Tədbirdən sonra qonaqlar Şəmkirin nümunəvi təhsil və tərbiyə ocaqları ilə tanış olmuşlar.
Bilik Fondu və Şəmkir Heydər Əliyev Mərkəzi arasında imzalanmış Niyyət Protokolu bölgə əhalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili və həyata keçirilməsini nəzərdə tutur.
Şəmkir Heydər Əliyev Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında imzalanmış Əməkdaşlıq haqqında Niyyət Protokolu çərçivəsində nəzərdə tutulmuş bəzi layihələrin icrasına aprel ayından artıq başlanıb. Bilik Fondu ilə Mərkəzin ilk tədbiri 26.04.2016- cı il tarixində Bilik Fondu ilə Mərkəzin birgə təşkilatçılğı ilə Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsindəki “Azərbaycan multikulturalizminin ədəbi- bədii qaynaqları” kitabının təqdimatı oldu. Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Ceyhun Musaoğlu, müxtəlif icmaların rəhbərləri, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri Şəmkir əhalisinin daima multikultural dəyərlərə hörmətlə yanaşdığını, müxtəlif xalqlar və dini icmaların birgə, problemsiz yaşadıqlarını və daima belə olacağına əminliklərini ifadə etmişlər
May ayının 23-də bu əməkdaşlığın çöx önəmli nəticəsi olan Şəmkir Bilik Evinin açılışı oldu. Niyyət Protokoluna əsasən, fəaliyyətin daha səmərəli təşkili üçün hər iki tərəf Şəmkir Bilik Evinin Şəmkir Heydər Əliyev Mərkəzinin inzibati binasında fəaliyyət göstərməsinə qərar veriblər.
Şəmkir Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Bilik Fondunun dəstəyi ilə fəaliyyətə başlayan Bilik Evinin açılış mərasimində Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, millət vəkili Sona Əliyeva, rayonun idarə və təşkilatlarının nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbir iştirkaçıları Mərkəzdə fəaliyyət göstərəcək Bilik Evinin yaradılmasını həm Şəmkir rayonunda, həm də ətraf bölgələrdə böyük uğurlara imza atacağına, rayonun hərtərəfli və sürətli inkişafına güclü təkan verəcəyinə, bu ocağın ixtisaslı, bacarıqlı kadrların yetişməsində baza rolu oynayacağına əminliklərini bildiriblər.
Onu da qeyd edək ki, artıq Bilik Evinin nəzdində ingilis dili kursları fəaliyyət göstərir.
2016-cı ilin aprel – may aylarında Şəmkir Heydər Əliyev Mərkəzi üçün təqdimatlarla zəngin olub. 27.04.2016-cı il tarixində Mərkəzdə daha bir kitab təqdimatı keçirilib. Belə ki, Şəmkir Heydər Əliyev Mərkəzi, Şəmkir Rayon İcra Hakimiyyəti və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Mərkəzdə tarixçi Rəsul Mehdixanovun müəllifi olduğu Şəmkir rayonunun tarixi, coğrafiyası, burda yaşamış etnoslardan bəhs edən “Şəmkir şəhərinin tarixi” kitabının təqdimatı keçirilib.
May ayında isə Mərkəzdə iqtisadi bir proyektin təqdimatı keçirilib. 12.05.2016- cı il tarixində Türkiyənin "Cebeci" tikinti kompaniyası Şəmkir Heydər Əliyev Mərkəzində öz məhsullarını təqdim edib. Təqdimatda Şəmkir və ümumilikdə Respublikanın qərb bölgəsindən olan turizm şirkətləri, turizm sahəsində çalışanlar və sahibkarlar iştirak ediblər.
2016-cı ilin İyun ayında Şəmkir Heydər Əliyev Mərkəzi gənclərə yönəlik, onların təhsili, sosial problemlərlə bağlı bir neçə layihə həyata keçirib. Təhsillə bağlı tədbirlər sırasında abituriyentlər üçün çox aktual mövzuya həsr edilən imtahan hazırlıqları ilə bağlı seminarı qeyd etmək lazımdır. İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Şəmkir Bilik Evi, Şəmkir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Abituriyentlərin qəbul imtahanlarına hazırlanması” mövzusunda keçirilən maarifləndirici tədbirdə Şəmkir rayon Təhsil şöbəsinin və Şəmkir Gənc Müəllimlər və Gənc Həkimlər Birliyinin nümayəndələri, TQDK-nın Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, həkimlər, “Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin nümayəndəsi Elmira Mirzəyeva, müəllimlər, valideynlər və rayon və kənd məktəblərindən çox sayda abituriyentlər iştirak ediblər.
Konfransın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir.
Günümüzün aktual sosial problemlərinə də öz fəaliyyətində diqqət verən Şəmkir Heydər Əliyev Mərkəzi “Şəmkir Qadın Resurs Mərkəzi” İctimai Birliyi ilə birlikdə erkən nikahlar və məişət zorakılığı məsələlərinin müzakirəsini təşkil edib. Mərkəzlə İctimai Birliyin birgə təşkilatçılığı ilə keçirilən “Erkən nigah səbəbləri, mübarizə yolları və qadınlara qarşı edilən zorakılıqların aradan qaldırılması” mövzusunda maarifləndirici təlimlərin mövzusu yeniyetmələrin, xüsusən də qızların təhsildən yayınması, erkən nikaha məruz qalmaları, yaranan fəsadlar və bu sosial problemdən çıxış yolları, mübarizə metodlarına həsr olunub. Mərkəzin təşkilatçılığı ilə may ayı ərzində Şəmkir rayonunun Dəllər-Cırdaxan və Düyərli kəndlərində, Zəyəm qəsəbəsində və Cahangir Rüstəmov adına məktəbdə bu təlimlər keçirilib. Tədbirdə Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşları, Şəmkir Qadın Resurs Mərkəzi İctimai Birliyinin üzvləri, qəsəbə icra nümayəndəliyinin məsul işçiləri, təlimçi və ekspertlər, məktəbin müəllim və şagird heyəti iştirak ediblər. Məktəblilərə erkən nigahların yaranma səbəbləri, məişət zorakılığına qarşı mübarizə üsulları, hüquqi bunun yolverilməzliyi mövzularında ətraflı məlumat verilib.
Şəmkir Heydər Əliyev Mərkəzi iyun ayında gənclərlə daha iki layihə - sosial mövzulara həsr olunmuş tədbirlər keçirib. Bunlardan birincisi, iyun ayın 21-də keçirilən “Əngəllərə yox deyək” adlı təlimdir. Şəmkir Heydər Əliyev Mərkəzi və “Mətin Gənclər Birliyi”nin birgə təşkilatçılığı ilə keçirilən təlimdə Şəmkir Gənc Müəllimlər Birliyinin üzvləri, rayonun ictimai həyatında fəal iştirak edən gənclər iştirak ediblər. Toplantı zamanı fiziki məhdudiyyətli şəxslər, onların qarşılaşdıqları problemlər, cəmiyyətə inteqrasiyaları mövzusunda çıxışlar edilib, müzakirələr keçirilib.
Gənclərlə bağlı sosial tədbirlərdən biri də “Narkomaniyaya qarşı mübarizə günü” ilə əlaqədar keçirilən “Narkomaniyaya yox!” tədbiri olub. 27.06.2016-cı il Şəmkir Olimpiya Kompleksində keçirilən maarfiləndirici tədbirdə Şəmkir rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Şəmkir Rayon Polis Şöbəsinin nümayəndələri iştirak ediblər. Gənc və yeniyetmə idmançılara narkomaniyanın zərərləri, törədiyi fəsadlar və s. barəsində məlumat verilib.
İlk altı ayın sonu Şəmkir Heydər Əliyev Mərkəzi üçün həm də balacalarla keçirilən əyləncəli tədbirlərlə də maraqlı olub. İyun ayında Beynəlxalq Rus dili Günü ilə bağlı Şəmkir Gənc Müəllimlər Birliyinin üzvləri və məktəblilər əyləncəli proqram keçirildi. Tədbirdə məktəblilərin ifasında rus dilində şerlər, musiqi səsləndirildi, səhnəciklər nümayiş etdirildi, çıxışlar dinlənildi.
İyun ayının 23-də isə Mərkəzdə çox maraqlı və balacaların əyləncəsinə və inkişafına yönəlmiş bir tədbir - “Nağıl şənbəsi” keçirilib. Qeyd edək ki, “Nağıl şənbəsi” Şəmkir Bilik Evi ilə birgə davamlı olaraq keçiriləcək. Layihənin əsas məqsədi körpələrdə dünyagörüşünün formalaşdırılması, təlim və tərbiyənin aşılanmasıdır. Layihə çərçivəsində uşaqların şəxsi inkişafı istiqamətində nağıl və hekayələrin səsləndirilməsi, müxtəlif cizgi filmlərinin uşaqlara nümayişi və uşaq ədəbiyyatına aid kitabların sərgisi nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Şəmkir Heydər Əliyev Mərkəzi 2016-cı il başlanğıcından daha iki əhəmiyyətli layihəyə - “Könüllülər” layihəsinə və pulsuz xarici dil kurslarının təşkilinə başlayib. Şəmkir Heydər Əliyev Mərkəzinə könüllülərin qəbulu rayon gəncləri arasında böyük maraqla qarşılanıb və qısa müddət ərzində çox sayda könüllü toplandı. Bu ilk növbədə rayon gənclərinə öz gələcək iş həyatlarında uğur qazanmaq üçün əhəmiyyətli şans verir. Beləki, Mərkəzdə könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Şəmkir Heydər Əliyev Mərkəzi tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.
Şəmkir Heydər Əliyev Mərkəzi gənclərin, eləcədə az təminatlı ailələrin müraciətlərini nəzərə alaraq pulsuz xarici dil kursları təşkil etməyi nəzərdə tutub. Bu yöndə ilk addım kimi fevral ayının sonunda Mərkəzdə “Conversation club”ın yaradılması oldu. Klubun yaradılmasında məqsəd məktəblilər və gənclərdə dil bacarıqlarının inkişaf etdirliməsinə, aztəminatlı ailələrin övladlarının əlavə keyfiyyətli təhsillə təmin olunmasına töhvə verməkdir.
Bilik Evinin yaradılması ilə bu nəcib təşəbbüs daha da inkişaf etdirilib, Bilik Evi ilə birgə yaraılan ingilis dili kursunda artıq çoxsayda şagirdlər təhsil alırlar.
2016-cı il üçün Şəmkir Heydər Əliyev Mərkəzinin nəzərdə tutduğu daha bir böyük, xüsusi sosial əhəmiyyət daşıyan layihəsi də ödənişsiz hüquq məsləhətxanasının fəaliyyətə başlaması idi. Çox sevindirici haldır ki, bu nəcib təşəbbüs mart ayında reallaşdırıla bildi. 17.03.2016- cı il tarixindən Şəmkir Heydər Əliyev Mərkəzinin nəzdində aztəminatlı və natamam ailələrdən olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı ödənişsiz hüquqi yardıma start verildi. Mart ayından artıq bir neçə aydır ki, hər həftənin iki günü- cümə axşamı və cümə günləri Mərkəzin nəzdində hüquq mütəxəssisi Asif Hüseynov vətəndaşları qəbul edir, aztəminatlı, natamam ailələrin övladlarının, xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqi yardım gərəkən problemlərinin həllində dəstək olur.
Beləliklə, göründüyü kimi 2016-cı ilin yanvar ayından başlayaraq ilk altı ay ərzində Şəmkir Heydər Əliyev Mərkəzi tədbirlərlə, müxtəlif layihələrlə zəngin olub, yeni, bir qədər fərqli müstəvidə fəaliyyətə keçib.
Qeyd edilənlərdən başqa, Şəmkir Heydər Əliyev Mərkəzinin saytı və rəsmi facebook səhifəsi də mövcuddur və mütəmadi olaraq Mərkəzin fəaliyyəti sosial şəbəkələrdə işıqlandırlır, keçirilən tədbirlər, layihələr haqqında press-relizlər, materiallar paylaşılır. Həmçinin saytda və facebook səhifəsində yalnız Mərkəzin tədbirləri deyil, Ulu öndər Heydər Əliyevin həyatı və siyası fəaliyyəti ilə bağlı filmlər, video və foto materiallar paylaşılır. Məsələn, yanvar- mart ayları ərzində mütəmadi olaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “20 il müstəqillik” filmi hissə- hissə Şəmkir Heydər Əliyev Mərkəzinin facebook səhifəsində izləyicilərə nümayiş etdirilib. Sonrakı aylarda da Ulu Öndərə həsr olunmuş filmlərin nümayiş etdirilib.
Şəmkir Heydər Əliyev Mərkəzinin 2016-cı ilin əvvəlindən keçirdiyi tədbirlər bir çox KİV-lərdə, televiziya kanallarında işıqlandırılıb.
Bütün göstərilənlər Şəmkir Heydər Əliyev Mərkəzinin 2016-cı ildə nəzərdə tutduğu, illik iş planına daxil etdiyi tədbirlərin yalnız bir qismi, ilk altı ay ərzində həyata keçirilənləri idi. Sonrakı aylarda da Mərkəz bu və ya digər mövzulu, müxtəlif istiqamətli tədbirlərlə zəngin olacaq, rayonun icitmai-mədəni həyatında əhəmiyyətli rol oynayacaq, öz qarşısına qoyulan məqsədlərə nail olacaq.
Dostları ilə paylaş: |