Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti


İqtisadiyyatın texnoloji strukturu



Yüklə 78,61 Kb.
səhifə4/7
tarix05.03.2023
ölçüsü78,61 Kb.
#86703
1   2   3   4   5   6   7
referat 335

İqtisadiyyatın texnoloji strukturu. İqtisadiyyatın strukturuna belə yanaşma onu birnövlü məhsul və xidmətlər qrupunun istehsalının texnoloji bazasını müəyyənləşdirən texnoloji zəncirlərin, üsulların, bütövlükdə texnoloji törəmələrin məcmusu kimi verməyə imkan verir.
İqtisadiyyatın resurs strukturu. İqtisadiyyatın istehsal və cəmiyyətin sonsuz tələbatının daha yüksək və ya maksimal dərəcədə ödənilməsini təmin edən resurslardan səmərəli istifadə üzrə proseslərin məcmusu kimi verilməsi iqtisadiyyatın əsas resursların qarşılıqlı əlaqəli təkrar istehsal prosesləri üzrə müəyyən strukturunun təşkilinə əsas verir.
Rəsmi sənədlərin, o cümlədən iqtisadi inkişaf problemləri üzrə elmi nəşrlərin təhlili idarəetmə mütəxəssislərinin və xalq təsərrüfatında struktur dəyişikliklərinin tədqiqatçılarının əsas diqqəti təşkilati-funksional struktura, eyni zamanda sahəvi, iri, orta və kiçik istehsal formalarının qarşılıqlı əlaqəsinə, sahələr və regionlar üzrə kapital qoyuluşlarının bölgü nisbətlərinə; texnoloji sistemlərin ayrılmasına yönəltməsi haqqında nəticə çıxarmağa imkan verir.
İqtisadiyyatın strukturunun belə forması dövlətin struktur siyasətinin mahiyyətini, məqsəd, vəzifə, həyata keçirilməsi istiqamətləri və mexanizmini məzmunsuzlaşdırır, onun vaxt çərçivəsini daraldır, nəticədə ölkə iqtisadiyyatının struktur dinamikasına və quruluşuna onun müsbət təsirinin səmərəliliyini azaldır.
Dövlətin struktur siyasəti iqtisadiyyatın mürəkkəb çoxaspektli strukturuna uyğun olmalı və onun transformasiyasının əsas obyektiv tendensiyaların nəzərə almalıdır.
Dövlətin struktur siyasəti sistemli iqtisadi siyasətin bir hissəsi hesab olunur və dövlətin struktur siyasəti investisiya, elmi-texniki, innovasiya, sənaye, aqrar, maliyyə, həmçinin regional siyasətlə fəal qarşılıqlı əlaqədə olan altsistem kimi nəzərdən keçirilir. Dövlətin struktur siyasətinin əsasında iqtisadiyyatın prioritet sahələrinin seçilməsi və onların inkişaf etdirilməsi durur.
Struktur siyasətini, iqtisadiyyatda və sosial sahədə strateji və taktiki məsələlərin həlli vasitəsi kimi dövlətin struktur və struktur dəyişikliklərinə münasibətini əks etdirən, daha optimal proporsional asılılıqların və müxtəlif altsistemlər və iqtisadiyyatda, onun sahələrində, səviyyələrində, təkrar istehsal mərhələlərində və proseslərində elementlər arasındakı struktur əlaqələrinin təyin olunmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin məqsəd, vəzifə, istiqamətləri, həmçinin mexanizmini müəyyənləşdirən sosial-iqtisadi siyasətin bütöv tərkib hissəsi kimi xarakterizə etmək olar.
Bununla yanaşı nisbətlərin və iqtisadi struktur dəyişikliklərin optimallığı bazar iqtisadiyyatının fəaliyyətinin fərqləndirilmiş iqtisadi səmərəliliyi meyarı nöqteyi-nəzərindən qiymətləndirilir.
Xüsusi qarşılıqlı əlaqə struktur, investisiya və innovasiya siyasətləri arasında mövcud olur. Mahiyyət etibarilə struktur siyasəti investisiya və innovasiya siyasətləri vasitəsilə müəyyənləşdirilir, belə ki, bu və ya digər struktur əlaqələrin, iqtisadi nisbətlərin dəyişməsi hər şeydən əvvəl hər bir struktur elementinin əsas tərkib hissələrinin kəmiyyət və keyfiyyət dəyişmələri vasitəsilə baş verir və onları müasir şəraitdə investisiya və innovasiya siyasəti olmadan həyata keçirmək olmaz.
İqtisadi nisbətlərin və struktur əlaqələrinin optimallığı nisbi anlayışdır, belə ki, bir çox hallarda hər bir konkret iqtisadiyyatın inkişafının məqsəd və vəzifələrindən, onun altsistemlərindən, resurs amillərin məcmusundan asılıdır. Buna görə də, hətta birnövlü sistemlərdə(məsələn, regional iqtisadiyyatda) optimal strukturlar müxtəlif ola bilər.
Səmərəli struktur siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi milli iqtisadiyyatın və onun tərkib hissələrinin strukturunun formalaşması sahəsində elmi əsaslandırılmış bilik, bütün səviyyələrdə təsərrüfat sisteminin təhlili, müxtəlif siyasətlərin qarşılıqlı əlaqəsi, əsas nisbət əlaqələrinin dəyişilməsinin dünyəvi tendensiyaları, elmi-texniki tərəqqinin qanunauyğunluğu və onun əsas tendensiyaları, tsiklik iqtisadi dinamika, investisiya və innovasiya siyasətinin effektivliyi hesab olunur.
Makroiqtisadi struktur dinamikasında ən mühüm müasir obyektiv tendensiyalar sırasına dünya iqtisadçıları aşağıdakıları aid edir:

  • iqtisadiyyatda milli iqtisadiyyatın innovasiya tipinə keçilməsi ilə əlaqədə elmtutumlu istehsalın xüsusi çəkisinin, əhəmiyyətinin artımı;

  • ictimai istehsalın istehsal qabağı mərhələsinin və müvafiq olaraq, istehsalın intellektual, investisiya, struktur üzrə sahibkar hazırlığı;

  • ÜDM-da xidmətlərin payının artımı, iqtisadiyyatda xidmət sektorunun differensasiyasının artması;

  • infrastruktur sahələrinin başlıca inkişafı(nəqliyyat, məlumat sistemi, bazar infrastrukturu)

  • iqtisadiyyatın dinamikasında sosial yönümlülüyün güclənməsi

  • regional iqtisadi kompleksin müntəzəm formalaşması əsasında sosial-iqtisadi və elmi-texniki inkişafının tarazlaşdırılması;

  • qeyri-səmərəli istehsal, müəssisə, sahələr, fəaliyyət növlərinin, bazar tərəfindən tələb olunmayan məhsulların aradan qaldırılması;

  • iqtisadiyyatda struktur dəyişikliklərinin sosial-iqtisadi sabitlik və iqtisadi təhlükəsizliyə yüksələn istiqaməti;

  • dünya təsərrüfatında bütövlükdə artım şəraitində milli iqtisadiyyatın beynəlxalq əmək bölgüsünə struktur uyğunlaşmasına artan tələbat;

  • istehsal aparatının geniş miqyaslı texnoloji təzələnməsi şəraitində istehsal istehlakının qabaqlayıcı artımı;

  • struktur dəyişikliklərində, müxtəlif siyasətlərin koordinasiyasında dövlət tənzimlənməsinin rolunun güclənməsi.

Mövcud struktur və onda dəyişikliklərin səmərəliliyinin qiymətləndirilməsinin başlıca meyarları cəmiyyətin inkişafında əsas sosial-iqtisadi məqsədlərə nail olmaqla onların uyğunluğu hesab olunur.
Dövlətin struktur siyasəti dəyişən vəzifələr, daxili və xarici şərtlərlə əlaqədar iqtisadiyyatda vaxtlı struktur dəyişikliklərini həyata keçirmək iqtidarındadır, məqsədli istiqamətlər kimi yalnız sosial-iqtisadi məqsədləri deyil, həmçinin mövcud strukturun xarakterik xüsusiyyətlərindən istifadə etməlidir. Bu xarakteristika kimi, a)iqtisadi nisbətlər və onların dinamikası(məsələn, yığım və istehlakın nisbəti, mülkiyyətin ictimai və xüsusi forması, maddi istehsal və xidmət sahələri və); b)uyğun makroiqtisadi göstəricilərdə ayrı-ayrı sahələrin fəaliyyət növlərinin xüsusi çəkisi(məsələn, ÜDM-də, əmək resurslarında, məşğul əhalidə və s. pay); c)konkret sosial-iqtisadi nəticələrə nail olmaq üçün ayrı-ayrı amillərin-resursların təsir dərəcəsi, səmərəlilik (məsələn, yeni texnologiya və ya innovasiya sahibkarlığın iqtisadi artımın təmin edilməsində təsirinin xüsusi çəkisi, yeni texnoloji sistemin payının artımı, elmtutumlu məhsulların ixracının artması, ayrı-ayrı məhsullara daxili tələbin təmin edilməsində idxalın payının aşağı salınması); d)regionların sosial-iqtisadi inkişafında təbəqələşmənin aşağı salınması və onların əhalisinin həyat təminatı; e)dünya bazarında iqtisadiyyatın əsas sektorlarının başlıca istehsal həlqələrinin rəqabətqabiliyyətliliyi.
İqtisadiyyatda baş verən struktur dəyişikliklərinin mahiyyətini dərk etmək üçün ilk növbədə dövlətin struktur siyasətinin əsas məqsəd, vəzifə və istiqamətlərini şərhini vermək lazımdır.
Cədvəl 1

Məqsəd və vəzifələr

İstiqamətlər

İqtisadiyyatın özünü inkişafın kompleks resurs bazasının hazırlanması(geniş ictimai təkrar istehsal).
Elmi-texniki və innovasiya sahələrinin inkişafı hesabına daha çox enerji və resurs ehtiyatının təmin edilməsi.
İqtisadiyyatın səmərəli inkişaf meyarı əsasında mülkiyyətin bütün formalarının proporsional inkişafı.
İqtisadiyyatın ilkin həlqələrinin rəqabətqabiliyyətliliyinin və iqtisadi davamlılığının təmin edilməsi.
Regionların –ölkə subyektlərinin sosial-iqtisadi inkişaf səviyyəsinin tarazlaşdırılması

İlkin istehsal həlqəsinin yenidən qurulması.
İqtisadi münasibətlərdə mütərəqqi idarəetmə üsullarının inkişafı.
Elm, istehsal və bazarın inteqrə olunması.
İstehsal, ictimai və şəxsi istehlak arasındakı optimal qarşılıqlı münasibətin gözlənilməsi.
İqtisadiyyatın sahəvi strukturunun optimallaşdırılması.
İstehsal və bazar bölgüsündə iri və kiçik formaların qarşılıqlı əlaqəsinin optimllaşdırılması.
Fəaliyyətin prioritet sahələrinin məhsullarına tələbin stimullaşdırılması.
İnvestisiya fəaliyyətinin aktivləşdirilməsi.

Iqtisadiyyatda struktur dəyişiklikləri əvvəlki sahə nisbətlərinin, istehsalın başlıca texniki müasirləşdirilməsi; rəqabətqbiliyyətli məhsulların buraxılışının təmin edilməsi; iqtisadiyyatın yeni düzgün strukturunun formalaşdırılması; təsərrüfat əlaqələri sisteminin səmərələləşdirilməsi məqsədlərini izləməlidir. Bütün bu dəyişikliklərin mahiyyəti cəmiyyətin istehsal qüvvələrinin dünya təsərrüfatı əlaqələrinə fəal qoşulmuş bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılmasından ibarətdir.
Struktur dəyişiklikləri həm daxili, həm də xarici amillərin təsiri altında baş verə bilər. Daxili və xarici səbəblər problemi struktur dəyişikliklərinin öyrənilməsində çox böyük əhəmiyyət kəsb edir. Elmi-texniki tərəqqi, rəqabət, xarici iqtisadi konyukturada dəyişikliklər, sosial-iqtisadi irəliləyişlər və digər çoxsaylı amillərin təsiri altında baş verən struktur dəyişiklikləri istənilən iqtisadiyyatda baş verir. Onlar həm mənfi, həm də müsbət istiqamətli ola bilər. Mənfi dəyişikliklər istehsal və investisiyanın azaldılmasında, müəssisələrin dayandırılması, bağlanması və ləğvində, daha zəif, həyat qabiliyyəti olmayan və sadəcə təsərrüfat sisteminin lazımsız seqmentinin aradan qaldırılmasında özünü göstərir. Müsbət istiqamətli dəyişikliklər istehsal və kapital qoyuluşlarının artımında, müəssisənin iş fəaliyyətinin səmərəliliyinin yüksəlməsində, dəyişən mühit tələblərinə adekvat olan təsərrüfat həlqələrinin rəqabətqabiliyyətinin formalaşmasında aşkarlanır.
Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidin təcrübəsi göstərir ki, struktur dəyişikliklərinin iki qütb modeli mövcuddur. Onlardan birincisi-Çin üçün xarakterikdir və müsbət istiqamətli dəyişikliklərə üstünlük verilir: istehsal, investisiya və ixracın həcmi artır; mütərəqqi texnologiya ilə təchiz edilmiş müasir müəssisələr yaranır; xaricdən iri kapital qoyuluşu axınları baş verir; əhalinin real gəlirlərinin səviyyəsi qalxır. İkinci model üçün mənfi dəyişikliklər xarakterikdir ki, burada istehsalın böhranı xüsusilə böyük əhəmiyyət kəsb edir.
Struktur dəyişiklikləri modellərini xarakterizə edən amillər sırasında, birinci-onların mahiyyətini şərtləndirən institutsional islahatlar, ikincisi-islah texnologiyaları fərqləndirilir.
Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid zamanı iki prinsipial yanaşma –təkamül yolu və “şok terapiyası” mövcuddur. Təkamül yolu strategiyası dərin ictimai dəyişikliklərlə əlaqədar risklərdən qaçmaq və ölkədə siyasi həmrəyliyi təmin etməyin zəruriliyinə əsaslanır. Belə strategiyanın həyata keçirilməsi təsərrüfatın əsas parametrlərini-qiymət, tələb və gəlirlərin səviyyəsini stabil vəziyyətdə saxlamağa imkan verir. Bu müəssisələrə yeni şəraitə uyğunlaşmağa, dövlətə isə-əsas diqqəti islahatlara yönəltməyə kömək edir.
“Şok terapiyası” yolu ilə ilk öncə Şərqi Avropa ölkələri getmişlər. Bu yolun seçilməsinin mahiyyəti bazar iqtisadiyyatına keçid müddətini minimallaşdırmaqla yanaşı, eyni zamanda onun siyasi dönməzliyinə nail olmaq cəhdi bəzən keçid böhranı adlanan dərin ümumtəsərrüfat böhranına səbəb olan iqtisadiyyatda kəskin qeyri-sabitliyə səbəb olur.
Qeyd etdiyimiz kimi struktur dəyişiklikləri müəyyən amillərin təsiri altında baş verir və bu amillər sırasında elmi-texniki tərəqqini qeyd edə bilərik. Belə ki, cəmiyyətin maddi-texniki bazasını islah edən ETT mikro, mezo və makro səviyyələrdə iqtisadiyyatda struktur dəyişikliklərinə səbəb olur. Qeyd etmək lazımdır ki, istehsalın texnoloji strukturunda dəyişikliklər elmi biliklərin maddiləşdirilməsində ilkin sahə hesab olunur, keyfiyyət parametrlərinin dəyişilməsi və istehsal resurslarının strukturunda dəyişiklikləri xarakterizə edir.
Iqtisadiyyatın strukturunun texnoloji bölməsi təşkilati bölmə ilə üzvi surətdə əlaqədədir. Təşkilati-iqtisadi struktur vasitəsilə istehsal qüvvələri və istehsal münasibətləri arasında qarşılıqlı əlaqə baş verir. Iqtisadiyyatın texniki və təşkilati strukturu arasında düz və əks əlaqə mövcuddur. Texnika və texnologiyada dəyişiklik istehsalın təşkili və onun idarə edilməsində struktur dəyişikliklərinə səbəb olur. Eyni zamanda elmi biliklərin maddiləşdirilməsinin sürəti və texniki yeniliklərin genişlənməsi əhəmiyyətli dərəcədə mövcud təşkilati strukturun tez bir zamanda dəyişən cəmiyyət tələbatlarına uyğunlaşması qabiliyyətindən asılıdır.
Iqtisadiyyatda struktur dəyişikliklərin digər səbəbi əmək bölgüsüdür. K.Marks onu istehsalın, deməli bütövlükdə iqtisadiyyatın maddi bazası kimi nəzərdən keçirmişdir. Əmək bölgüsü kateqoriyası yalnız texniki deyil, həm də xalq təsərrüfatının iqtisadi struktur bazasını xarakterizə edir.
Struktur dəyişikliklərin digər səbəbi kimi mülkiyyət münasibəti, hər şeydən əvvəl istehsal vasitələrinə münasibəti qeyd etmək olar. Struktur dəyişiklikləri və istehsal vasitələrinə mülkiyyət anlayışları bir-biri ilə sıx əlaqədədirlər. İstehsal vasitələrinin mənimsənilməsi və özgəninkiləşdirilməsi münasibəti kimi özünün klassik siyasi iqtisadi anlayışında hakim istehsal münasibətləri nöqteyi-nəzərindən mövcud real iqtisadi strukturu əks etdirir və öz növbəsində istehsal, istehsal olunmuş məhsulun bölgüsü, mübadilə və istehlakı strukturunu müəyyənləşdirir. Əgər struktur dəyişiklikləri fasiləsiz prosesdirsə, onda istehsal vasitələrinə mülkiyyət hər bir vaxt kəsiyində verilmiş prosesin sosial-iqtisadi mahiyyətini əks etdirən nəticədir. Cəmiyyətin iqtisadi strukturunun inkişafı-mülkiyyətin bir formasından digər formasına keçiddir.
Struktur dəyişikliklərin digər bir səbəbi kimi iqtisadiyyatda müxtəlif növ tsiklik prosesləri qeyd edə bilərik. Q. Menşanın fikrincə “bazis innovasiyaların axını, qabarma və çəkilmə dinamikası iqtisadi strukturda dəyişiklikləri müəyyənləşdirir...”
Obyektiv iqtisadi qaydada tsiklik tərəddüdlərin bir neçə növü məşhurdur. Onlardan O. Tofflerin uzun dalğaları, Kondratyevin uzun dalğaları, əhəmiyyətsiz texnoloji təkmilləşdirmə ilə əsas kapitalın təzələnməsinin qısa dalğaları. Bu tsikllərin hər biri struktur dəyişikliklərinə müəyyən dərəcədə təsir göstərir.
S. M. Menşikov və L. A. Klimenko iqtisadi tsiklları struktur böhranları və dəyişiklikləri ilə əlaqələndirirlər. Ayrılıqda onlar iqtisadi strukturda dəyişikliklər vasitəsilə “uzun dalğaların” yuxarı və aşağı nöqtələrini müəyyənləşdirirlər. Iqtisadiyyatda struktur dəyişiklikləri bir sıra göstəricilərlə xarakterizə olnur ki, onlara struktur dəyişiklikləri indeksi (struktur dəyişikliklərin kütləsinin müəyyən vaxt kəsiyində dəyişməsi), struktur dəyişikliklərin sürəti (vaxt vahidində struktur dəyişikliklərin kütləsinin dəyişilməsi sürəti), intensivliyi (iqtisadi subyektlərin məcmu maraqları və müəyyən vaxt anına onların dəyişilməsi sürəti arasındakı qarşılıqlı əlaqə), gücü (fərdin öz iqtisadi marağını həyata keçirməsi və müəyyən tələbatın ödənilməsi istəyi və qabiliyyəti), struktur dəyişikliklərin istiqaməti (sosial-iqtisadi tərəqqi istiqaməti xüsusunda struktur dəyişiklərin istiqamətini əks etdirən göstərici), keyfiyyəti, multiplikatoru və s. aid edilir.
Bütün bu qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, ümumi sosial-iqtisadi siyasətin bir hissəsi hesab olunan dövlətin struktur siyasəti iqtisadiyyatın dövlət tənzimlənməsi sistemində xüsusi rol oynayır. Struktur dəyişiklikləri isə istənilən siyasətin: sənaye, investisiya, elmi-texniki, innovasiya, maliyyə, pul-kredit və s. bir hissəsi hesab olunur. Buna görə də, onun işlənib hazırlanması və həyata keçirilməsi yalnız dövlət təşkilatlarının qayğısı hesab olunmamalıdır.
Struktur siyasəti dövlət hakimiyyət orqanlarının milli iqtisadiyyatın quruluşu anlayışı, onun elementləri, onların proporsional asılılıqları və struktur əlaqələri, həmçinin onların fəaliyyət qanunauyğunluğu və cəmiyətin sosial-iqtisadi inkişafının taktiki və strateji məqsədləri daha səmərəli nail olunması üçün iqtisadiyyatın tənzimlənməsinin təcrübi fəaliyyətində bu biliklərdən istifadə ilə xarakterizə olunur.
Müasir dövrdə bazar iqtisadiyyatına keçid şəraitində daxili və xarici bazarların tələblərinə müvafiq olaraq həyata keçirilən struktur dəyişiklikləri vasitəsilə müntəzəm olaraq, iqtisadiyyatın dinamikasının canlandırılması və iqtisadi artım məqsədilə obyektiv və subyektiv zəminlər yaradılmalıdır. Lakin dövlətin struktur siyasəti buna qabil deyildir. Müxtəlif istiqamətlər üzrə razılaşdırılmış səylər lazımdır: struktur, innovasiya, investisiya, sənaye, sosial. Lakin mütərəqqi struktur dəyişikləri iqtisadi dinamikanın müsbət yüksəlişi üçün əsas şərait, bazanı yaradır. Bu nöqteyi-nəzərdən , sosial indikatorların dəyişilməsi üzrə bu və ya digər dövrdə struktur siyasətinin səmərəliliyinin qiymətləndirilməsi düzgün deyildir. Onlara struktur dəyişiklikləri aparılan zaman istiqamətlənmək lazımdır. Lakin bu zaman struktur dəyişiklikləri və sosial nəticələr arasındakı vaxt laqını nəzərə almaq lazımdır.



Yüklə 78,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin