Müasir mərhələdə Azərbaycanda struktur dəyişikliklərin və struktur islahatların əsas istiqamətləri
Bazar iqtisadiyyatına keçidin xarakteri, məzmunu, onun sosial nəticələri hər bir ölkənin sosial-iqtisadi inkişafından, islahatların səmərəlilik dərəcəsindən və dövlətin iqtisadiyyatda struktur dəyişikliklərinə təsirinin intensivlik və səmərəli himayəçilik siyasətindən asılı olaraq formalaşır.
Azərbaycanın müstəqil dövlətə çevrilməsi, bazar sisteminə keçməsi struktur problemlərinin qoyuluşunu, onun meyarlarını, göstəricilərini əsaslı dəyişikliyə uğratmışdır və müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatının inkişaf dinamikası, makroiqtisadi sabitlik, islahatların miqyası, dünya iqtisadiyyatına inteqrasiya məqsədilə aparılan siyasət real iqtisadi durumu qiymətləndirmək , bir sıra zəruri problemlərin həlli yollarında konstruktiv qərar qəbulunu əsaslandırmaq zəruriyyətini yaratmışdır. Azərbaycanın iqtisadi və sosial inkişafının perspektiv istiqamətlərinin əsasını məhz bu gün aparılan bazar iqtisadiyyatının təşəkkülünü təmin edən və idarəetmə fəaliyyətini təkmilləşdirən idarəetmə strukturunun təkmilləşdirilməsi təşkil edir.
Struktur islahatlarının həyata keçirilməsi bir sıra obyektiv zəruriyyət üzündən meydana çıxır. Ölkənin iqtisadi müstəqilliyi, iqtisadi artım, əmtəə və xidmət bazarlarının daxili istehsala möhtaclığı, əhalinin rifahı və sosial tələbatın təmin edilməsi perspektiv struktur siyasətinin aparılması ilə bağlıdır. Struktur siyasət iqtisadi potensialın səmərəli istifadə olunması, istehsal sahələrinin dünya elmi-texniki tərəqqi və standartlarına uyğun məhsul istehsalına yönəldilməsi kimi nəticələri əldə etmək üçün vacibdir.
Struktur islahatlar dünya iqtisadiyyatında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, onun mütərəqqi texnologiya siyasətində rolunun artması və ixracatın strukturunun təkmilləşdirilməsi üçün mühüm strateji istiqamətdir. Ölkədə həyata keçirilən struktur islahatlar respublikanın daxili təsərrüfat əlaqələrinin təkmilləşdirilməsi, onun idarə edilməsində sistemlilik və istehsal xərclərinin aşağı salınması istiqamətində mühüm rol oynayır.
Müasir Azərbaycan Respublikasında struktur dəyişmələri işləməyən müəssisələrin yenidən qurulması, bazar tələbatına uyğun səmərəli istehsal siyasəti yeritməklə yeni iş yerlərinin açılması, əmək haqqının artımı və rəqabət mühiti yaratmaqla təşəbbüskarlığı təmin edən sosial nəticələrin dinamikasıdır. Struktur islahatlar Azərbaycan iqtisadiyyatının strateji məhsulları, onun iqtisadi potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi üçün və sahələrarası nisbətlərin və neft sektoru ilə yanaşı kənd təsərrüfatının, sosial infrastrukturun və emal sənayesinin səmərəli əlaqələndirilməsi üçün böyük əhəmiyyət kəsb edir və son illərdə iqtisadi artımın dinamik artımı, investisiya axının stimullaşdırılmasına şərait yaradılması, inflyasiyanın sabitləşməsi, ixracat yönlü istehsal potensialının formalaşdırılması və ardıcıl sosial siyasətin aparılması şəraiti struktur dəyişmələrinin əlverişli mühitini yaradır. Ali məqsədin seçilməsi ölkə iqtisadiyyatının sahə, ərazi, təsərrüfat quruluşunun məhz həmin məqsədə çatma yolunu qiymətləndirməklə və həmin tədbirlərin imkanlarını nəzərə almaqla əsaslandırılması struktur dəyişikliklərinin metodoloji əsasını təşkil edir və struktur dəyişiklikləri dinamizmi, ixtisaslaşma və kompleksləşmə, əməyə qənaət və məsrəflər, effekt modeli baxımından qiymətləndirilir.
Yeni iqtisadi sistemə keçid mərhələsində müstəqillik əldə edən respublikamız üçün struktur siyasətinin, islahatların özünəməxsus modeli mövcuddur. Bu sahədə ilk növbədə daxili resurslara əsaslanan və sosial yönlü islahatlar məqsədə çatmaq üçün aparılan islahatlar daha realdır. Neft-energetika resurslarının istehsalı, ixracatı və istehlakının inkişafı əhalinin məşğulluğunun təmin edilməsində, kənd təsərrüfatı məhsullarının istehsalı və istehlakı kimi əsas struktur əmələ gətirən sahələrin inkişafı ən səmərəli yoldur.
Məlumdur ki, struktur dəyişikliklərinə liberal yanaşmada əsas güc xüsusi sahibkarlığın, xüsusi investisiyanın və onların inkişafı üçün münasib şəraitin yaradılmasının üzərinə düşür. Bu o demək deyildir ki, bazar iqtisadiyyatına keçid dövründə dövlət sənaye siyasətindən, iqtisadiyyatın üstün sahə və istehsalatlarının inkişafına yardım göstərməkdən imtina etməli, başqa sözlə, yeni iqtisadi sistemə keçid və müstəqillik şəraitində struktur probleminin həlli bütövlükdə bazarın ümidinə buraxmamalıdır. Dövlət burada daxili bazarın və xarici dünya bazarının tələblərini, ölkənin qarşısında duran problemləri həll etmək, milli iqtisadiyyatın resurslarını səfərbər edib hərəkətə gətirmək üçün müvafiq siyasətin formalaşdırılmasını tələb edir. Iqtisadiyyatı sabitləşdirmək və bazar iqtisadiyyatına keçid üçün zəruri olan struktur dəyişiklikləri iki mərhələdə həyata keçirilməlidir. Birinci mərhələdə struktur dəyişiklikləri istehsalın həcminin aşağı düşməsinin qarşısının alınması və maddi-maliyyə sabitliyinin təmin olunması üçün zəruri ilkin şərtlərin yyaradılmasına yönəldilməlidir. Bunun üçün ən başlıca ilkin şərtlərdən biri investisiya qoyuluşunun daha çox əməktutumlu sahələrə yönəldilməsidir ki, bu da investisiya qoyuluşunun fond-kapital tutumunun aşağı düşməsinə səbəb olmaqla, cəmiyyətin əsaslı vəsait qoyuluşuna ümumi tələbatı azaldır.
Ikinci mərhələdə, əsas siyasət daha çox iqtisadi artımın tarazlığının təmin edilməsinə və onun sürətinin artırılmasına yönəldilməlidir. Investisiyanı artırmaqla iqtisadi artımın mütənasibliyinə yalnız iqtisadiyyatda müəyyən sabitləşmə prosesi başa çatdıqdan sonra nail olmaq mümkündür.
Bu gün müstəqillik əldə etmiş respublikamızda struktur investisiya siyasəti ictimai iqtisadi və siyasi problemlərin təsiri altında formalaşır və struktur siyasətinin başlıca istiqaməti respublikada resursların emalı mərhələsini dərinləşdirməyə imkan verən sahələrin inkişafı ilə bağlıdır. Investisiya avans edilmiş kapitaldır və investisiyanın uzunmüddətli məqsədlər üçün qoyulması iqtisadiyyatın sahə quruluşuna təsir edir. Struktur dəyişmələr üçün qoyulan investisiya həmin dövr üçün yeni iqtisadi struktura maddi əməyə və istehsal qabiliyyətinə görə perspektiv elmi-texniki tərəqqi üçün istehsal strukturuna səbəb olur, həmçinin iş yerlərinə və məşğuliyyət səviyyəsinin yüksək olması hesabına istehlak üçün lazım olan resursların artımına səbəb olur. Son nəticədə, respublikada həyata keçiriləcək struktur-investisiya siyasəti Azərbaycanın dünya bazarına çıxış imkanlarının genişləndirilməsinə xidmət etməlidir.
Ümumiyyətlə, struktur dəyişmələrinin əsas meyarı əmək bölgüsünə təsir etməklə iqtisadi artımın təmin olunmasına və istehlakın təkmilləşdirilməsinə yönəlməli, ÜDM-un istehsal strukturunda əmək tutumlu sahələrin keçid dövrü üçün üstün artması strateji məqsəd olmalıdır. Bu məqsədlərə nail olunması isə ÜDM-un təkrar istehsal strukturunun təkmilləşdirilməsini tələb edir. Təkrar istehsalın səmərəli təşkilinin idarəetmə strukturu investisiya amilinin düzgün təhlili və istifadəsi yolu ilə mümkündür. ÜDM-un istehsal strukturunda mülkiyyət münasibətlərinin tənzimlənməsi və yerli resurslara əsaslanan ənənəvi fəaliyyətin təşkili və xidmət sahələrinin daha üstün artımına yönəldilən struktur dəyişmələr məhz dövlətin himayəçilik siyasəti ilə bağlıdır.
Azərbaycan Respublikasının ÜDM-un sahə strukturunda özəl sektor daha çox üstünlük təşkil edir. Belə ki, qeyri-dövlət sektorunun ÜDM-un sahə strukturunda xüsusi çəkisi 62%, kənd təsərrüfatı məhsulunun istehsalında 95% və əmtəə dövriyyəsində 98%-ə çatır. ÜDM-un bölgüsü və yenidən bölgüsündə istehsal yönlü vəsaitin artımı və dövlət büdcəsinin yenidən bölgüsündə rolunun artması, investisiya həcmində və kredit resurslarının tərkibində daxili resursların artması struktur islahatlarının həyata keçirilməsində dövlətin rolunu əsaslandırır.
Struktur islahatlarının reallaşma mexanizmi onun miqyası, əhatə dərinliyi və vəzifələri, səlahiyyət və hüquqlar, real iqtisadi vəziyyət, perspektivdə gözlənilən nəticələri əldə etmək məqsədilə həyata keçirilir. Istənilən ölkədə aparılan struktur islahatlar mövcud meyllərə baxışlar, motiv və davranışa yeni müstəvidə fəaliyyət diktəsi deməkdir.
Idarəetmə strukturunun mövcud tələblər və dünya inteqrasiya sisteminə üzvi surətdə aktiv fəaliyyət çərçivəsinə daxil olmaq üçün idarəetmə strukturunun nəticələrini aşağıdakı istiqamətlərdə qiymətləndirmək məqsədə uyğun olardı.
Ilkin növbədə optimal idarəetmə strukturu, həm ölçüsü, həm də tabelilik vəzifə bölgüsü baxımından paralelizmi aradan götürür. Digər tərəfdən sahibkarlığın inkişafı, liberal iqtisadiyyatı təsərrüfatdaxili razılaşmaların sayını azaldır, tabelilik prinsipində sistemliliyin təmin edilməsi prioritet istiqamətlərin qərar qəbulunda rolunu artırır. Iqtisadi idarəetmə sistemində texnoloji prosesin ahəngdarlığı fəaliyyətinin konsepsiyasının qanunvericilik bazasını və onun idarə edilməsi mexanizmi və reallaşmaya nəzarət bir sistemin əlində olur. Hər hansı strateji iqtisadi istiqamətin siyasəti formalaşır, onun reallaşdırılmasında məqsədli problem tədbirlərinin resurs, kadr və təşkilati məsələləri vəhdətdə həll olunur. Vahid məqsədəuyğun olaraq, sahə, ərazi, resurs və idarəetmə sisteminin əlverişli variantının seçilməsində, resurs qıtlığının, pul artıqlığının düzgün yenidən bölüşdürülməsində əlverişli şərait yaranır.
Özəlləşdirmə proseslərinin dərinləşməsi, ayrı-ayrı sahələrin təsərrüfat fəaliyyətində sərbəstlik və məhz idarəetmə strukturlarında asılılıq dərəcəsini azaldır. Bu da öz növbəsində çevik bazar tələbatına uyğun olaraq, strateji planlaşdırmanı həyata keçirməyə imkan verir. Məhz funksional vəzifələrinə görə təşkilati-iqtisadi idarəetmə strukturları strateji məhsulların istehsalına, dövlətin himayəsinə, proqnozların elmi əsaslarına və resursların əvəz edilməsi yollarına imkan verir. Idarəetmənin struktur islahatlarının digər konseptual məqsədi mərkəzləşdirilmiş dövlət resurslarına qənaət, dövlət büdcəsinin gəlirlərində vahid siyasət və onun xərclənməsində nəzarət, həmçinin prioritet istiqamətlərə uyğun təsnifatlaşdırma və bölgü sistemi təmin olunur.
Idarəetmənin struktur dəyişmələri həmçinin sahə və funksional vəzifə bölgüsündə əlaqələndirmə, tarazlı və iqtisadi stimul mexanizmlərinin yaranmasına imkan verir.
Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci il tarixi fərmanı ilə Dövlət Əmlak Nazirliyi, İqtisadiyyat, Ticarət, Dövlət Antiinhisar siyasət və Sahibkarlığa kömək komitəsi və xarici investisiyalar agentliyi ləğv edildi və onların bazasında İqtisadi İnkişaf Nazirliyi yarandı. Iqtisadi İnkişaf Nazirliyi məhz iqtisadiyyatın bütün potensialını özündə cəmləşdirən və inkişaf meyarları prizmasında həmin potensialın istifadəsi və artımı yollarını, imkanlarını özündə üzvi surətdə bağlayan təşkilati struktur vahididir. Iqtisadi siyasətin konsepsiyası, onun məqsədlər sistemi və təşkilati idarəetmə aspektlərinin bazar strukturasına uyğun inkişaf etdirilməsi və möhkəmləndirilməsi bu nazirliyin əsas vəzifəsi olmalıdır. Strateji məqsədlər baxımından çox əhəmiyyətli olan bu nazirliyin effektli fəaliyyəti, məhz dövlətin aparıcı iqtisadi siyasətini formalaşdırmaq və onun icrası mexanizmlərini təkmilləşdirməkdə aparıcı institut olmalıdır. İqtisadi İnkişaf Nazirliyi iqtisadiyyatın bazar iqtisadiyyatına keçid şəraitində konseptual inkişaf müddəalarına uyğun məqsədli proqramlar və proqnozlar tərtib etməklə onların reallaşmasının sosial iqtisadi nəticələrini qiymətləndirməklə proqram xarakterli tədbirlərin əsaslandırılmasının ən əlverişli variantını seçməlidir. Azərbaycan gerçəkliyinə uyğun resurs yanaşma imkanları daxilində aktiv proqnoz siyasəti yeritməlidir. O cümlədən, respublikanın ali məqsədləri olan iqtisadi müstəqillik kontekstində mövcud iqtisadi və sosial durumu keyfiyyətcə dəyişə bilən tədbirlər sistemi və mexanizmlər əsaslandırılmalıdır. Proqnozlaşdırmanın alternativ halları göstərilməli və müxtəlif ssenarilərə uyğun inkişaf meylləri və onların sosial nəticələri qiymətləndirilməlidir. Belə ki, bazar tipli iqtisadi idarəetmə mexanizmləri ilə strateji planlaşma əsasında vəhdəti təşkil edib, xüsusi məqsədli proqramlar tərtib olunmalıdır.
Azərbaycan reallığı üçün strateji planlaşma və konkret fəza proqnoz göstəriciləri respublikanın əhalisinin maddi və mənəvi tələbatının ödənilməsinin əsas mənbələri tapılmalı və onların inkişaf xətti müəyyən edilməlidir. Proqnozların aparılmasında Azərbaycan iqtisadi müstəqilliyini təmin edən onun dinamik və tarazlı inkişafına şərait yaradan resurs potensialının mövcud durumu, onların iqtisadi dövriyyəyə cəlb olunmasında əldə olunan keyfiyyət və kəmiyyət dəyişmələrinin artımı və bu artıma uyğun gələn tədbirlərin əsaslandırılması həyata keçirilməlidir. Makroiqtisadi proqnozlar, tədbirlər, resurslar və qərar qəbulu funksiyalarının tarazlığı, əməliliyi və ahəngdarlığı məhz yeni nazirliyin funksional vəzifəsi olaraq uzlaşmış inkişaf meyllərini təmin edə bilər. Təbii ki, nazirliyin əsas məqsədi həmin nazirliyin tabeliyində olan struktur vahidlərinin özünün vəzifə və səlahiyyətlərinin düzgün bölüşdürülməsi, səbəb və nəticə əlaqələri ilə bir-birinə məntiqi bağlılığı ilə xeyli asılıdır. İqtisadi İnkişaf Nazirliyi proqnoz göstəricilərinə uyğun resurs potensialını, onlardan istifadənin əlverişli variantını və təşkilati idarəetmə strukturunu müəyyən edir. ETT-in aparıcı istiqamətlərini, onun mikroiqtisadi təhlili və proqnozunu, həmçinin istehsal potensialının, maliyyə, valyuta, pul-kredit siyasətini proqnozlaşdırmaya uyğun əsas istiqamətlərini müəyyən edir. Ali məqsədlərə nail olmaq üçün mülkiyyət münasibətlərini, rəqabət mühitini və investisiya, antiinhisar tədbirlərinin həyata keçirilməsində birbaşa əlaqələr və məsuliyyətlər vahid orqanda həyata keçirilir.
Iqtisadi problemlərin həll prioritet iqtisadi islahatların sahə, ərazi və strateji məhsullar və xidmət fəaliyyəti üzrə konkret proqramının tərtibinə əsas verir.
Ilkin növbədə dövlət gəlirlərinin formalaşmasının mənbələri, idxal və ixracın əsas istiqamətləri və sahibkarlığın inkişafında ərazi və sahə strukturunun təkmilləşdirilməsi istiqamətləri verilir. Ölkənin iqtisadi inkişaf göstəriciləri ilə yanaşı onun büdcə gəlirləri ilə tarazlığı, ən aparıcı makroiqtisadi tarazlığı təmin edən büdcə kəsirinin həddi gəlirlərin formalaşma mənbələri, formaları və ayrı-ayrı təsərrüfat subyektlərinin vergi yükünün əsas istiqamətləri verilir. Ölkə iqtisadiyyatının aparıcı həlqəsi olan neft sektorunun və digər sahələrin büdcə gəlirlərinin formalaşmasında rolu, ölkədə struktur siyasətinin həyata keçirilməsinin maliyyə tələbatı, kadr potensialı, kredit resurslarına olan tələbatı müəyyən edilir. Ölkənin iqtisadi və sosial inkişafının maddi və maliyyə tələbatının ödənilməsi yollarının ən əlverişli variantı axtarılır. İqtisadi İnkişaf Nazirliyinin islahatlar proqramları çərçivəsində əsas vəzifələri dövlət gəlirlərinin formalaşmasına stimul yaratmalı, həmin gəlirlərin istifadəsinə nəzarət etməli və ərazi inkişaf meyllərinə iqtisadi idarəetmə sistemi və iqtisadi mexanizmlər vasitəsilə təsir etməlidir. Məhz inkişaf xətti tarixilik, varislik və aparıcı qlobal məqsədlə lokal idarəetmə funksiyalarının vəhdətində həll edilməlidir.
Ümumi daxili məhsulun dəyər quruluşu ilə onun maddi əşya strukturu, istehlak və istehsal strukturu təkrar istehsal və artım arasında nisbətlər inteqral effekti nəzərə almaqla idarə olunur. Bu məqsədlə dövlətin proteksionist siyasəti, onun mərhələləri, prioritetləri müəyyən olunmalıdır. Belə ki, dövlət gəlirləri sahibkarlıq subyektləri olaraq, dövlətin, sahibkarların və müştərək müəssisələrin yeni təsərrüfat formalarına eyni şərait yaratmaqla ədalətli bölgü və yenidən bölgü sistemləri tətbiq etməklə mümkündür. Dövlət gəlirlərinin formalaşmasında bazar tipli vergilərin xüsusi çəkisi artmalı, həmçinin dolayısı vergidən qaçmaqla birbaşa vergi sisteminin üstün artmasını təmin edən struktur vergi siyasəti daha sürətlə inkişaf etdirilməlidir. Əhali gəlirləri strukturunda sahibkarlıq və fərdi gəlirlərin inkişafına stimul yaradan himayəçilik və stimullaşdırma mexanizmləri aparıcı rol oynamalıdır.
Tədqiqatlar göstərir ki, islahatlar baş verdikcə, iqtisadiyyatın transformasiyası formalaşdıqca əhalinin əmək haqqı şəklində aldığı gəlirlər azalır, sahibkarlıqdan gələn gəlirlər artır. Belə ki, 2000-ci il əhali gəlirlərinin formalaşmasında əmək haqqı gəlirləri 26.5%, sahibkarlıqdan fəaliyyətindən gələn gəlirlər isə 48.4% təşkil etmişdir. Son illərdə əhali gəlirlərinə sosial transfertlərdən və sığorta ödəmələri hesabına formalaşmasında üstün artma meylləri müşahidə olunur. Əhali gəlirləri əhali məşğulluğunun strukturu ilə müəyyən olunur. Məşğulluq strukturu bazar tələbatına uyğun məhsulların istehsalı ilə bağlı sahələrin inkişafı və həmin sahələrin sahibkarlıq fəaliyyəti kimi ərazi tənzimlənməsi və sahə stimullaşdırılması yolu ilə reallaşır. Bu baxımdan məşğulluq siyasəti sosial yönlü siyasətin, sosial müdafiənin əsas istiqamətlərindən olsa da, onun iqtisadi əsası, maliyyə təminatı və maddi maliyyə dayaqları məhz strateji iqtisadi planlaşmanın obyekti kimi baxılır.
Sahibkarlıq fəaliyyətinin makroiqtisadi problemləri, onun inkişaf istiqamətləri məhz bütövlükdə regional iqtisadi siyasətin tərkib hissəsidir. Sahibkarlığın strukturu mikrosəviyyədə istehlak seqmeqntlərinin strukturu ilə müəyyən olunur. Belə ki, əhalinin tələbatı, ixracat strukturu və əmtəə xidmət bazarında mal təklifinin strukturu sahibkarlıq fəaliyyətinin sahə strukturunu müəyyən edir. Dövlətin istehlak bazarının formalaşmasına təsiri mikro səviyyəli tədbirlərlə istehlakçının hüquqlarını qorumaqla idxal və ixrac siyasəti ilə formalaşır.istehlak strukturunun dinamikası əhalinin alıcılıq qabiliyyəti və bazarın formalaşması meylləri və struktur dəyişmələri arasında elastikliyin təminatı və uzlaşması, idarəetmə strukturunda vahid sistem halında aparılan qərarların ayrı-ayrı təsərrüfat subyektləri, hüquqi fiziki şəxslər tərəfindən qəbul edilməsinin adekvatlığı ilə ölçülür.
Sahibkarlığın marketinq strukturu, daxili bazar seqmentində həmin məhsulların çeşidinə, keyfiyyətinə və onların əldə edilməsi üçün əhalinin alıcılıq qabiliyyətinə uyğun olaraq inkişaf etdirilir. Istehlak strukturu məhz əhali gəlirinin strukturu və əhalinin istehlak davranışı ilə mümkün olur. Iqtisadi inkişaf meylləri real bazar tələbatının proqnozlaşdırılması, tələbata təsir edən amillərin qiymətləndirilməsi və onların əvəz edilməsi hallarında yollar axtarılması ilə mümkündür. Struktur islahatları həyata keçirən hüquqi şəxs, investor və sahibkar özünün resurs təminatının imkanları daxilində və özünün tələbatının ödənilməsi baxımından qərar qəbul edir.
Istehsal və istehlak strukturları təkrar istehsalın kənar mərhələləri olmasına baxmayaraq, onların struktur uzlaşması keyfiyyət baxımından qiymətlənir. Istehlak strukturunda dəyişmə meylləri demoqrafik struktura, əhalinin məşğulluğu, onların gəlirlərinin strukturu və əmtəə xidmət dövriyyəsinin strukturu ilə vəhdətdə formalaşır.
Struktur islahatların aparıcı həlqəsi elm tutumlu, material tutumlu, yaxud əmək tutumlu olmaqla sosial müdafiə, iş yerləri və resursların istifadəsi baxımından seçilir. Struktur yanaşma metodologiyası iqtisadi və sosial inkişafın əsas istiqamətləri üzrə tətbiq edildiyi və uyğun olaraq, idarəetmə orqanının funksional idarəetmə vəzifəsinə tətbiq edildiyi kimi idarəetmənin iqtisadi mexanizmlərində öz əksini tapmalıdır. Belə ki, eyni iqtisadi səmərə göstəricisi müxtəlif resurs və təşkilati idarəetmə strukturu ilə mümkün olduqda seçmə həmin subyektin səlahiyyətinə verilir. Bu isə demokratik idarəetmə prinsiplərinin təminatı üçün müxtəlif həllərin əsaslandırılması ilə mümkündür. Iqtisadi inkişafın dövlət tənzimlənməsi məhz iqtisadi qanunlar və onların reallaşma mexanizmlərinin adekvatlığı, həmçinin iqtisadi qanunlar ilə real gerçəkliyin uyğunluğunu və mövcud reallığı transformasiya edən normativ aktların mexanizmlərinin işlənməsi vacibdir. Bunun üçün İqtisadi İnkişaf Nazirliyi sahibkarlığa kömək, antiinhisar və rəqabət mexanizmlərinin iqtisadi əsaslarını yaratmaq strateji məhsulların istehsalı, idxal və ixracı üçün dövlət himayəsinin hazırlanması və investisiya şəraitinin şərtlərini təmin edə bilər.
Ümumiyyətlə, iqtisadi inkişaf genetik bir proses olub, onun əsas istiqamətləri əlbəttə, həmin nazirliyin özünün idarə edilməsindən, struktur potensialından və nazirlik daxilində ayrı-ayrı departamentlərin vəzifə, hüquq və səlahiyyətlərinin uzlaşmasından xeyli asılıdır. Ilkin növbədə rəqabət mühiti, demokratik prinsiplər və alternativ əsaslarla sosial-iqtisadi nəticələri qiymətləndirən kadr potensialı olmalıdır.
Nazirliyin funksional təyinatına uyğun olaraq, keyfiyyət dəyişmələrində sahə maraqları, ərazi və şəxsi maraqlar vəhdətdə həll olunmalı və prioritet sahələrin inkişaf tendensiyası naminə sosial gərginliyin azaldılması tədbirləri həyata keçirilməlidir.
Iqtisadi İnkişaf Nazirliyinin səlahiyyətləri, vəzifə və hüquqları həmin nazirliyin statusunda və həmin nazirliyin Dövlətin İqtisadi Siyasətində rolundan ibarətdir. Ölkə prezidentinin apardığı iqtisadi və sosial siyasətin həyata keçirilməsində nazirliyin rolu və vəzifələri müəyyən olunur. Miqyasına və yuxarıdakı problemlərin həllində nazirlik aparıcı strateji məqsədlər proqramı hazırlamaqla ölkənin iqtisadi strategiyasının əsas parametrlərini hazırlayacaq. O cümlədən, idxal-ixrac strukturuna daxili bazarın istehlak strukturuna, tələb və təklifin dinamikasına, zəruri məhsulların istehsalına, həmçinin onları tənzimləyən nazirliklərə və beynəlxalq səviyyəli qruplara iqtisadi idarəetmə strukturlarına təsir edəcək. Mövcud nazirliyin səmərəli fəaliyyəti onun elmi əsaslarla təmin olunmuş və informasiya təminatı olan strukturların olması ilə bağlıdır. Bu isə öz növbəsində nazirliyin kadr siyasətində proqramatik fikirli, iqtisadi problemləri qoyub, onları həll etmək yollarını əsaslandıran kadr siyasəti ilə bağlıdır.
Yeni bazar iqtisadiyyatı strukturlarının yaranması, sahibkarlığın yeni fəaliyyəti, infrastruktur bölmələrinin işinin təşkili peşəkar kadrlardan istifadə üçün şərait yarada bilər. Indiki bazar iqtisadiyyatı şəraitində idarə aparatının sadələşməsi, onun əhatə dairəsinin genişlənməsi ümumi istiqamətdə genişlənmə olub xətti asılılığı azalda bilər ki, bu da sərbəstlik və təşəbbüskarlıq fəaliyyətini yüksəldər. Struktur idarəçilik siyasəti dövrün tələbidir. Bazar iqtisadiyyatına keçid müddətinin azaldılması üçün atılan radikal addımdır. Bu islahatlar bütün beynəlxalq səviyyələrdə və düşünən elmi təfəkkürə malik olan bütün orqanların fikri olmalıdır.
Dostları ilə paylaş: |