14.Məktəbəqər uşagın psixi inkşafı. Yeni doğulmuş uşaq. Uşaq anadan olarkən yalnız bir neçə: qida, müdafiə, tutmaq, robinzon, babin və s. kimi şərtsiz refleksə malik olur. Bunlar ətraf aləmlə ilkin əlaqə yaratmaq imkanı verir. İkinci həftənin axırlarında uşaqda ilk şərti refleks yaranmağa başlayır. Üçüncü ayın sonunda bütün analizatorlar üzrə şərti refleksin yaranması uşağın ətraf mühitlə əlaqəsini bir növ asanlaşdırır. Anadan olandan bir yaşa qədər olan dövrü çox vaxt iki yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və körpəlik dövrü (2 aydan bir yaşa qədər olan dövr). Bu dövrdə sensor və hərəki funksiyalar, nitqə yiyələnməyə hazırlıq böyüklərlə bilavasitə qarşılıqlı təsir prosesində intensiv imkanları əldə edir. Körpəlik dövründə böyüklərlə bilavasitə - emosional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir. Ana və başqa yaşlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə onun fiziki və psixi inkişafında mühüm rol oynayır. Körpəlik dövründə uşaqda hərəki fəallıq artır, hərəki vərdişlər sürətlə formalaşmağa başlayır. Bir il ərzində uşağın hərəkətlərinin inkişafında heyrətamiz dəyişikliklər baş verir. Bu dövrdə uşaqlarda hərəki vərdişlər, xüsusilə əlin və ayağın mürəkkəb, tənzimlənmiş hərəkətləri sürətlə formalaşır. Bu cür hərəkətlər sonralar uşağın idrak və əqli qabiliyyətlərinin yaranmasında olduqca mühüm rol oynayır. Bir il ərzində uşaq oturmağı, iməkləməyi, ayaq üstə durmağı və nəhayət böyüklərin köməyi ilə yeriməyi öyrənir. Bütün bunların sayəsində uşağın ətraf aləm haqqında müvafiq məlumatlar əldə etməsi asanlaşır. Nəticədə körpədə xarici aləm haqqında təsəvvürlər formalaşmağa başlayır. Körpəlik dövründə uşaqda temperatur, lamisə, görmə, iybilmə və dadbilmə duyğuları kompleks şəkildə inkişaf etməyə başlayır. Bu, körpədə qavrayışın inkişafına imkan verir. Yeni doğulmuş uşaq gözü ilə obyektləri izləyə bilsə də hələ ikidörd aya qədər onun görməsi nisbətən zəif olur. İkinci aydan başlayaraq uşaqda sadə rəngləri fərqləndirmək qabiliyyəti özünü göstərməyə başlayır. İki-üç aylıq körpə anasının gülümsəməsinə özünün gülümsəməsi və hərəkətlərinin ümumi fəallaşması ilə reaksiya verir. Bu canlanma kompleksi adlanır. Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yaşlıların uşaqla intensiv emosional ünsiyyəti uşağın psixi inkişafına müsbət təsir etdiyi halda, laqeyd, ürəkdən gəlməyən ünsiyyət isə canlanma kompleksinin inkişafına mane olur və ümumi psixi inkişafı ləngidə bilir. Uşağın sifətindəki təbəssüm öz-özünə yaranmır. Buna anasının, onu əhatə edənlərin mehriban müraciəti səbəb olur. Ona görə də uşaqla ünsiyyətdə olan adamların üzünün ifadəsi, mimikası xoş, fərəhli, səsi isə cəlbedici, emosional xarakter daşımalıdır. İlk kompleks canlanma ünsürləri uşağın həyatının ikinci ayında özünü göstərir. Bu – susmaq, təbəssüm, qığıldamaq şəklində baş verir. Üçüncü ayda bu ünsürlər bir sistem halında birləşir və eyni vaxtda baş verir. Üçüncü-dördüncü ayda uşaqlar öz davranışları ilə aydın şəkildə göstərirlər ki, onlar yalnız tanış adamları, adətən, ailə üzvlərini görmək, eşitmək və onlarla ünsiyyətdə olmağa üstünlük verirlər. Körpəlik dövrü nitqə yiyələnməyə hazırlıq dövrü adlanır. Birinci yaşın sonunda uşaq xeyli sözü başa düşür, eyni zamanda tək-tək hecaları və sözləri tələffüz edə bilir. Körpədə hafizənin təşəkkülü şərti reflekslərin meydana gəlməsi ilə əlaqədar baş verir. Uşaq ilk dəfə ancaq həyatında mühüm rol oynayan, üzvü tələbatı ilə bağlı olan cisimləri tanıyır. 5-6 aylıq uşaqlar yaxın adamları tanımağa başlayırlar. 7-8 ayda isə adı çəkilən əşyanı axtarırlar. Uşaqlarda emosiyalar çox erkən müşahidə olunur. Bununla yanaşı körpə uşaqlarda emosiyalar çox dəyişkən olur. Erkən uşaqlıq yaşının xüsusiyyətləri. Erkən uşaqlıq dövrü 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə uşaqlar öz tələbatlarını əşyavi-manipulyativ fəaliyyətin köməyi ilə ödəyirlər. Erkən uşaqlıq dövrü özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu dövrdə uşaq nitqə yiyələnir və nəticədə şəxsiyyətin və fəaliyyət subyektinin formalaşması üçün zəmin yaranır. Hələ körpəlik dövrünün sonunda (11-ci aydan) uşaq nitqin fonetik quruluşuna, yiyələnməyə başlayır, getdikcə söz ehtiyatı artır və üçüncü yaşın axırında 300-400-ə çatır. 1 yaş 10 aylıqdan başlayaraq uşaq ayrı-ayrı sözləri cümlədə birləşdirməyə başlayır. Nitqin inkişafı əsasında uşaq əşyaları ən parlaq zahiri əlamətlərinə görə qruplaşdırmağa başlayır. Bunu ümumiləşdirmənin ilkin mərhələsi kimi qeyd etmək mümkündür. Bu dövrdə psixikanın əsas formaları olan hafizə (tanıma şəklində), əyani-əməli təfəkkür, diqqət, qavrayış fəal şəkildə inkişaf etməyə başlayır. İkinci yaşda uşaq yaxın adamları və obyektləri qavradıqdan bir neçə həftə, üçüncü yaşda bir neçə aydan sonra tanıya bilir. Tanıma ilə yanaşı qavranılmış əşyaların xatırlanması da inkişaf edir. Erkən uşaqlıq dövründə nitqin inkişafı ilə bağlı olaraq təfəkkür, xüsusilə əyani-əməli təfəkkür də inkişaf edir. Lakin bu dövrdə uşaqlar öz fikirlərini sözlə ifadə edə bilsələr də, onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub, bu hərəkətlərdə təzahür edir. Bu dövrdə uşaqların fikri fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur. Erkən uşaqlıq yaşında diqqətin yeni xüsusiyyətləri özünü göstərir. Uşağın böyüklərlə nitq ünsiyyəti burada mühüm rol oynayır. Söz siqnalları uşağın diqqətinin müəyyən obyektə yönəlməsinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiqliyinə əsaslı təsir göstərir. Böyüklərin tələbi ilə uşaqlarda ixtiyari diqqətin inkişafı üçün şərait yaranır. Ünsiyyət prosesində uşağın biliyi, təcrübəsi tədricən artır. Nəticədə uşaqda ixtiyari qavrayışın - müşahidənin inkişafı üçün şərait yaranır. Burada böyüklərin uşağın qavrayışını təşkil etməsi əsas rol oynayır. Erkən uşaqlıq dövründə müstəqillik meylinin formalaşması. Erkən uşaqlıq dövründə uşaqlarda şəxsiyyətin inkişafı üçün də zəmin yaranmış olur. Uşaq özünü başqa əşyalardan, onu əhatə edən adamlardan ayırmağa başlayır. Bu isə uşaqda ilkin özünüdərketmə formasının meydana gəlməsinə səbəb olur. Üç yaşında uşaqda özü haqqında təsəvvür yaranır. Nəticədə uşaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri ilə adlandırmağa başlayır. Bununla bağlı olaraq ilk yaş “böhranı”, “üç yaşın böhranı” özünü büruzə verir. Uşaq “mən” kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir; onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Bununla da uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət etməyə, “mən özüm” - deyə şəxsi fəallıq göstərməyə başlayır. Uşağın psixi inkişafında ilk “yaş böhranı” böyüklərlə qarşılıqlı münasibət zamanı tərslik, inadkarlıq, höcətlik kimi neqativ keyfiyyətlər halında diqqəti cəlb edir. Uşağın müstəqil olaraq öz tələbatını ödəmək cəhdi, özünü başqa adamlarla müqayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması və hərəkətlərindəki sərbəstliyi “üç yaşın böhranı” haqqında aydın təsəvvür yaradır. Əgər yaşlılar uşağın müstəqilliyi və sərbəstliyini lazımi şəkildə tənzim və təşkil edərsə yaş böhranı tədricən aradan qaldırıla bilər. İdrak prosesləri və nitqin inkişafı. Məktəbəqədər yaş dövründə uşaqlarda idrak prosesləri və nitqin inkişafında əsaslı dəyişiklik baş verir. Məktəbəqədər dövrdə uşaqların qavrayışının ixtiyari növünün inkişafı üçün şərait yaranır. Burada oyunun rolu böyükdür. Uşaqlar cismin formasını, ölçüsünü, tutduğu yeri qavramağa alışırlar. Bu onlarda məkan qavrayışının inkişafı kimi özünü göstərir. Məktəbəqədər yaşlı uşaqlar ilk vaxtlar ən çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni zamanda obyektlərin böyüklüyünü qavrama bacarığı da özünü göstərir. Bağça yaşının sonunda uşaqlar onları maraqlandıran obyektlərin xassələrini daha tez müəyyənləşdirmək, bir əşyanı başqasından fərqləndirmək, onların arasında mövcud olan əlaqə və münasibətləri aşkara çıxarmaq imkanı əldə edirlər. Nəticədə zahiri perseptiv işlər əqli işlərə çevrilməyə başlayır. Psixoloqlar belə qənaətə gəlmişlər ki, (L.A.Venqer) qavrayışla bağlı olan qabiliyyətlərin əsasını perseptiv işlər təşkil edir. Bu cür qabiliyyətlərin keyfiyyəti uşağın xüsusi perseptiv etalon sistemini mənimsəməsindən asılıdır. Qavrayış zamanı bu cür etalonlar həndəsi füqurlar, rənglər və s. ola bilər. Böyük bağça yaşı dövründə uşaqlarda ətraf aləmin qavranılması genişlənir və dərinləşir. Bu dövrdə qavrayış uşaqlara yaşlıların həyatına qoşulmağa, nüfuz etməyə imkan verir. Bununla bərabər böyüklərlə ünsiyyət qavrayışın məzmununu zənginləşdirir. Tədricən bağça yaşı dövründə ixtiyari qavrayış inkişaf edir, müşahidə və müşahidəçilik özünü göstərməyə başlayır. Böyüklər, tərbiyəçilər uşaqların qarşısına məqsəd qoyur, onları ətraf aləmdəki daha mühüm cəhətləri qavramağa yönəldir, onlara müşahidə etməyi öyrədirlər. Məhz buna görə də böyük bağça yaşlı uşaqlar öz qavrayışlarını daha uzun müddət idarə edə bilirlər. Bağça yaşı dövründə uşaqlarda qavrayışın, müşahidəçiliyin inkişafında oyun aparıcı fəaliyyət növü kimi xüsusi əhəmiyyət kəsb edir. Bu cür oyunlar içərisində didaktik oyunlar xüsusi yer tutur. Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm, yapma, quraşdırma da mühüm rol oynayır. Uşaq nəyisə çəkmək, nəyinsə füqurunu yapmaq üçün birinci növbədə onu diqqətlə müşahidə etməli, onun konturunu, rəngini müəyyənləşdirməli olur. Bütün bunlar uşağı müşahidə etməyə təhrik edir, ixtiyari qavrayışın inkişafına təkan verir. Bağça yaşı dövründə qavrayışla yanaşı olaraq diqqətin təkmilləşməsi prosesi də baş verir. Bu yaş dövrünün əvvəlində uşaqlarda diqqəti zahirən cəlbedici cisimlər cəlb edir. Bu dövrdə hələ uşaqda qavradığı obyektə maraq üstünlük təşkil edir. Başqa sözlə, diqqət qeyri-ixtiyari xarakter daşıyır. Bağça yaşının sonunda diqqət öz inkişafının daha yüksək səviyyəsinə çatır. Böyük bağça yaşlı uşaqlarda diqqətin inkişafı yeni maraqların meydana gəlməsi, dünyagörüşünün genişlənməsi, uşağın ailə həyatında və bağçada yeni şəraitə daxil olması, yeni fəaliyyət növlərinə yiyələnməsi ilə sıx bağlı olur. Böyük bağça yaşlı uşaq gerçəkliyin əvvəllər onu cəlb etməyən cəhətlərinə diqqət yetirməyə başlayır. Uşağın ünsiyyət sahəsinin genişlənməsi, marağının zənginləşməsi ilk növbədə qeyri-ixtiyari diqqətin daha yüksək inkişaf səviyyəsinə qalxmasına səbəb olur. Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da ixtiyari diqqətin meydana gəlməsi üçün də şərait yaranır. Burada qeyriixtiyari diqqətdən ixtiyariyə keçid üçün uşağın diqqətini idarə etmək vasitələri mühüm rol oynayır. Ona görə də uşağa onu əhatə edən cisim və hadisələrin xassələrini, fərqli xüsusiyyətlərini, əsas əlamətlərini görməyi öyrətmək lazım gəlir. Qavrayışda olduğu kimi, bağça yaşlı uşaqlarda ixtiyari diqqətin inkişafında da oyun mühüm əhəmiyyət kəsb edir. Oyun qaydalarına əməl etmək uşaqdan öz diqqətini mərkəzləşdirməyi tələb edir. Bu yaş dövründə diqqətin ən yüksək davamlılığı oyun prosesində baş verir. Başqa fəaliyyət növləri də uşağın diqqəti olmadan səmərəli şəkildə həyata keçə bilməz. İxtiyari diqqətin meydana gəlməsində nitq də mühüm rol oynamağa başlayır. Psixoloji tədqiqatlar göstərmişdir ki, uşaqlarda ixtiyari diqqətin inkişafına öz-özünə hündürdən fikirləşmək xeyli kömək edir. Təcrübə göstərmişdir ki, əgər 4-5 yaşlı uşaqlardan daima nə edəcəyini hündürdən deməyi tələb etdikdə, onlar ixtiyari olaraq və daha uzun müddət öz diqqətlərini hər hansı bir obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər. Məktəbəqədər yaşın sonuna doğru uşaqda tədricən öz diqqətini idarə etmək imkanı, onu az və çox dərəcədə müstəqil təşkil etmək bacarığı özünü göstərir. Bağça yaşı dövründə uşaqların hafizələri də tədricən qeyri-ixtiyari yaddasaxlamadan ixtiyari yaddasaxlamaya keçidlə səciyyələnir. Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, xüsusi olaraq mnemik əməliyyat aparılmasına hazırlanmadıqda, başqa sözlə təbii şəraitdə kiçik və orta bağça yaşlı uşaqlarda yaddasaxlama və yadasalma qeyri ixtiyari xarakter daşıyır. Böyük bağça yaşı dövründə eyni şəraitdə tədricən materialı qeyri-ixtiyari yaddasaxlama və yadasalmadan ixtiyariyə keçid baş verir. Beləliklə bağça yaşının sonunda uşaqlarda yaddasaxlama və yadasalma tədricən ixtiyari xarakter daşımağa başlayır. Bağça yaşının əvvəlində qeyri-ixtiyari görmə-emosional hafizə üstünlük təşkil edir. İxtiyari hafizənin inkişafı uşaqların qarşılarına yaddasaxlama və yadasalma ilə bağlı xüsusi mnemik məqsədlərin qoyulması ilə sıx bağlı olur. Bunun üçün oyun fəaliyyətindən istifadə daha səmərəli nəticə verir. Bir qayda olaraq ixtiyari hafizə böyüklərin tərbiyəvi təsiri sayəsində inkişaf edir. Əvvəlcə yaşlılar uşağın qarşısında nəyisə yaddasaxlama və yadasalma məqsədini qoyur, sonra bu cür məqsədi uşaq özü öz qarşısına qoyur. İlk dövrlər ixtiyari yaddasaxlama təkmilləşmiş xarakter daşımır. Uşaq hələ yaddasaxlamanın səmərəli yollarını bilmir. Lakin bağça yaşının sonuna doğru uşaq tədricən bəzi sadə yaddasaxlama və yadasalma priyomlarından istifadə etməyə başlayır. Məsələn, uşaq materialı diqqətlə qavrayır, onu anlamağa, başa düşməyə çalışır, bir neçə dəfə təkrar edir, mümkün olan əlaqəni yaratmağa çalışır və s. Təcrübə göstərir ki, böyük bağça yaşlı uşaqlar anladıqları, başa düşdükləri sözləri daha yaxşı yadda saxlayırlar. Nitqin və təfəkkürün inkişafı ilə əlaqədar olaraq bağça yaşının sonunda əyani-obrazlı hafizə ilə yanaşı, sözlü-məntiqi hafizə də inkişaf edir. Belə ki, uşaq təkcə konkret, emosional cəhətdən zəngin, əyani materialları deyil, sözün özünü, sözlə ifadə olunan materialları da yaxşı yadda saxlayır. Bağça yaşının sonunda hafizənin möhkəmliyi, davamlılığı artır. Uşağın maraqlandığı, onun üçün mühüm əhəmiyyət kəsb edən materiallar uzun illər onun hafizəsində hifz oluna bilir. Təsadüfi deyildir ki, ən dəqiq və aydın təəssürat, xatirə həmin dövrə aid olur. Bağça yaşı dövründə uşaq təxəyyülü də özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bağça yaşının birinci yarısında uşaqlarda təxəyyül reproduktiv xarakter daşıyır. Uşaqların təxəyyül surətləri əldə etdikləri təəssüratların obrazlar şəklində mexaniki canlandırmaları şəklində özünü göstərir. Bu cür təxəyyül surətləri əqli deyil, emosional əsaslar, emosional təəssürat əsasında yaradılır. Bütövlükdə bağça yaşlı uşaqların təxəyyülləri olduqca zəif olur. Təxəyyülün ayrı-ayrı xüsusiyyətləri böyük bağça yaşı dövründə daha səmərəli şəkildə inkişaf etməyə başlayır. Bağça yaşı dövründə bərpaedici təxəyyül surətləri xeyli inkişaf etsə də hələ solğun olur, uşaq qarşıya qoyulmuş məqsədə uyğun, dəqiq surətlər yaratmaqda çətinlik çəkir. Bu da uşağın həyat təcrübəsinin azlığı, təəssüratlarının zəifliyi, müvafiq biliklərin məhdudluğu ilə bağlıdır. Bağça yaşı dövründə uşaqlarda yaradıcı təxəyyülün inkişafı da özünü göstərir. Uşaqlarda ilkin yaradıcı təxəyyül surətlərinin meydana gəlməsi onların fəaliyyəti ilə sıx bağlı olur. Onlar oyun zamanı, hər hansı bir nağılı və ya hekayəni söyləyərkən buraya özlərinin əlavələrini də edirlər. Bağça yaşlı uşaqların təfəkkürü əsasən əyani-əməli xarakter daşıyır, icra etdikləri işlərlə, dərk etdikləri konkret cisim və hadisələrlə bağlı olur. Uşaqlar ilk ümumiləşdirmələri əsasən zahiri oxşar əlamətlərə görə aparırlar. Nitqin inkişafı ilə əlaqədar olaraq ümumiləşdirmələri mühüm əlamətlər əsasında aparmaq meyli yüksəlir. Bağça yaşı dövrünün əvvəllərində uşaqlar hadisənin mahiyyətini başa düşə bilmədiklərinə görə bəzən qəribə, həqiqətə uyğün olmayan hökmlər irəli sürür, düzgün olmayan nəticələr çıxarırlar. Bu dövrdə uşaqlarda təfəkkürün inkişafı əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqi təfəkkür istiqamətində gedir. Bağça yaşının sonunda uşaqlarda sözlü-məntiqi təfəkkürün inkişaf etməyə başlaması artıq onlarda sözlərə istinad etməyin və mühakimə məntiqini anlamağın meydana gəldiyini göstərir. Bağça yaşı dövrdə uşağın nitq inkişafında da əsaslı irəliləyiş baş verir. Bağça yaşı dövründə uşaqların nitqi daha əlaqəli xarakter daşımaqla dialoq forması əldə edir. Erkən uşaqlıq dövrü üçün xarakterik olan nitqin situativliyini bu dövrdə kontekstli nitq tutmağa başlayır ki, bu da dinləyicidən situasiya haqqında müvafiq izahat tələb etmir. Əvvəlki dövrə nisbətən bağça yaşlı uşaqlarda daha mürəkkəb, müstəqil nitq forması olan müfəssəl (geniş) monoloji ifadə forması təzahür və inkişaf edir. Bu dövrdə nitq inkişafının digər sahələrində də irəliləyiş baş verir. Hər şeydən əvvəl uşağın söz ehtiyatı artır, təxminən 3000-4000-ə çatır. Bunlardan xeyli hissəsi (təxminən 1500) passiv söz ehtiyatı olur. Uşaqlarda nitqin fonetik və qrammatik cəhətdən inkişafı baş verir. Bütün bunlara baxmayaraq həmin dövrdə bəzi uşaqlar bəzi səsləri, məsələn, r , l, ş səslərini tələffüz etməkdə çətinlik çəkirlər. Belə qüsurlar uşağın nitq orqanları inkişaf etdikcə, düzgün təlim-tərbiyə sayəsində tədricən aradan qalxır. Məktəbəqədər yaş dövründə dialoji nitqin inkişafı və təkmilləşməsi ilə yanaşı, monoloji nitq də inkişaf etməyə başlayır.