4. Mənəvi-iradi xüsusiyyətlərinin formalaşması – şagirdlərin tərbiyəsində ən
mühüm məzmun xəttidir. Fiziki tərbiyə dərsləri digər fənlərin tədrisi prosesindən
fəal və mütəhərrik olması ilə fərqlənir. Bu da şagirdlərin mənsub olduqları
davranış xüsusiyyətlərini müəyyənləşdirməyə və buna müvafiq tərbiyə metodları
seçməyə imkan yaradır. Eyni zamanda qeyd etmək lazımdır ki, mənəvi-iradi
xüsusiyyətlərin formalaşması yalnız müvafiq şəraitin yaradıldığı halda
mümkündür. Hər hansı çətinliyin dəf edilməsi, yorulmaya qarşı dözmək, icrası risk
tələb edən hərəkəti yerinə yetirmək və s. bu kimi hallar iradi keyfiyyətlərin
formalaşması üçün zəmin yarada bilər.
Ciddi oyun və yarış qaydaları, onlara riayət olunması şagird psixologiyasında
nizam-intizam anlayışını formalaşdırır. Lakin fiziki tərbiyə prosesində çox mühüm
bir cəhət diqqət mərkəzində saxlanılmalıdır. Bu cəhət oyun, yarış, hətta ən sadə
hərəkətlərin icrasında şagirdlərin tərəf müqabilinin seçilməsi zamanı biri-birinə
fiziki hazırlıq cəhətdən yaxın olan iştirakçıların müəyyən olunmasıdır. Fiziki
cəhətdən nisbətən zəif şagird özünə müvafiq başqa iştirakçı ilə yarışmalıdır. Zəif
şagirdin dərs prosesində fiziki cəhətdən daha yüksək hazırlıqlı şagirdlə yarışmasına
yol vermək olmaz. Belə halda zəif şagirddə müəyyən psixoloji təcrid sindromu
yarana bilər. Belə uşaqlar dərs, oyun, yarışda iştirakdan çəkinir, özünütəcrid
vəziyyətinə düşürlər. Fiziki tərbiyə dərsləri elə təşkil olunmalıdır ki, fiziki
cəhətdən nisbətən zəif şagird bunun hamı tərəfindən seçildiyini hiss etməsin. Bu
kateqoriyaya aid olan şagirdlərin fiziki hazırlığında baş verən cüzi müsbət
dəyişiklik təqdir olunmalı, onlar həvəsləndirilməlidir. Bu səbəbdən də komandalar,
qruplar seçilərkən, çalışmaq lazımdır ki, iştirakçılar fiziki hazırlıq cəhətdən biri-
birinə yaxın olsunlar.
Ümumtəhsil məktəblərində tədris şagirdin əqli, iradi və fiziki cəhətdən inkişafı
və formalaşması dövrünü əhatə edir. Şagird şəxsiyyətinin mənəvi-iradi
xüsusiyyətlərinin formalaşmasına təsiri nöqteyi-nəzərdən metodiki cəhətdən
düzgün təşkil edilmiş fiziki tərbiyə dərsləri müstəsna təsir imkanlarına malikdir.
Bu isə bir sıra amillərlə izah oluna bilər: