inam hissinin formalaşdırılması olduqca əhəmiyyətli amildir. Ancaq burada daha mühüm məsələ
şagirdin yaş, psixoloji, əqli, fiziki hazırlığına müvafiq
motivin yaradılmasıdır.
Şagird hansı məqsədlə güclü, sürətli, çevik və s. olmaq istəyir? Öz bacarığını,
vətənin və dövlətin inkişafına, ədalət və humanizmə, tərəqqiyə həsr etmək istəyən
vətəndaşmı? İşğal altında olan torpaqların azad olması uğrunda döyüşərək öz
canını vətən uğrunda Mübariz İbrahimov kimi qurban verməyə hazır olan bir
əsgərmi? Mötəbər yarışlarda ölkəsinin bayrağını qaldırmaq istəyən idmançımı, və
yaxud özünün fiziki hazırlığı ilə öyünən, mənəviyyatı qüsürlu, yaşadığı cəmiyyətin
ictimai, hüquqi, etik qaydalarına riayyət etməyən eqoist bir fərdmi?
Əslində fiziki tərbiyə dərsi təşkil və müəllimin istifadə etdiyi metod və
üsulların tətbiqi səviyyəsindən asılı olaraq birinci sadalananların da, sonuncu
bəndin də həyata keçirilməsi prosesinə çevrilə bilər. Beləliklə, fiziki tərbiyə
qarşısında şagirdlərin yalnız fiziki hazırlığının artırılması deyil, cəmiyyət üçün
bundan daha mühüm olan, şagirdin tərbiyəsi məsələsi dayanır.
Fiziki tərbiyə prosesi iradi xüsusiyyətlərin formalaşdırılması üçün əlverişli
mühitdir. Bu mühitin yaradılması bir neçə məsələnin həllindən asılıdır. Bunlar
aşağıdakılardır:
-
tədris prosesində məcburi metodlardan imtina edilməsi;
-
şagirdi könüllü olaraq tədrisə cəlb edən, dərs və məşğələlərdən məmnunluq,
sevinc duymağa şərait yaradan metodlardan istifadə olunması;
-
icrası cəsarət, iradə tələb edən hərəkətlərdən tədris prosesində məqsədli
istifadə olunması və onların struktur çətinliyinin tədricən artırılması.
Qeyd olunan hərəkətlərin icrası zamanı təhlükəsizlik qaydalarına tam riayət
olunması olduqca mühüm vəzifədir. Bu məqsədlə dərs əvvəlcədən planlaşdırılmış
təlim nəticələrinin həllinə istiqamətləndirilməlidir.