Kükürdün mənimsənilə bilən formaları. Torpaqda kükürdün stabil formaları Fe, Cu və s. ilə birləşmiş halda, üzvi birləşmələrin tərkibində və bitki tərəfindən mənimsənilən və tez yuyulan sulfatlar, məsələn, CaSO4.2H2O (gips) rast gəlinir. Torpağın su-hava rejimi kükürd birləşmələrinin çevrilməsini təmin edir. Torpağın yaxşı havalanma gedən yuxarı qatlarında sulfidlər elementar kükürdə qədər parçalana bilir. Kipləşmiş torpaqlarda isə anaerob şəraitdə əksinə proses baş verir. Yağıntıların və tətbiq olunan gübrələrin miqdarından asılı olaraq il ərzində 100-180 kq/ha kükürd yuyulur. Bitkilər kükürdü sulfat ionu (SO42-) şəklində mənimsəyir. Bitkilər az miqdarda kükürdü yarpaq ağızcıqları vasitəsilə SO2 formasında mənimsəyə bilir.
Mövzu 8. Torpaqda qələvi elementlərin birləşmələri. Plan. 1. Müxtəlif mineralların tərkibində kalium və natrium birləşmələrin miqdarı. 2. Azərbaycanın müxtəlif torpaq tiplərində qələvi elementlərin ehtiyatı: bilavasitə, yaxın, potensial ehtiyat elementləri və onların miqdarı. 3. Torpaqda kalium və natrium tərkibli mineralların bir tipli birləşmələri və geokimyəvi fərqli cəhətləri. 4. Şoran torpaqların müxtəlif fraksiyalarında natrium və kaliumun miqdarı.
1. Müxtəlif mineralların tərkibində kalium və natrium birləşmələrin miqdarı. Torpaqda D.İ.Mendeleyevin elementlərin dövri sisteminin I və II qrup elementləri çox geniş hüdudlarda variasiya edərək, müxtəlif forma və birləşmələr əmələ gətirirlər. Torpaq və süxurlarda bu makroelementlərdən ən çox Na, K, Mg və Ca olur, onların miqdarı kütlədə tam faizlərlə ifadə olunur, yaxud 0,3-0,9 M/kq-a çata bilir. Bu qrupun qalan elementləri kəmiyyətcə miqdarına görə mikro və ultramikroelementlərə aid edilir. Qələvi metallara ancaq Li-Cs yarımqrupu elementləri aid edilir. Bunların oksidləri su ilə qarşılıqlı təsirə girəndə qələvilər əmələ gəlir. Bu elementlər xarici elektron təbəqəsində olan yeganə elektronu çox asanlıqla verə bilirlər və bir valentli kation əmələ gətirirlər. Xarici elektron təbəqəsində bir elektronla təsvir olunurlar s1 , ancaq K, Rb və Cs-un tamamlanmamış orbitalları mövcuddur. Torpaq kütləsinin formalaşmasında real konstitusion rolu ancaq kalium və natrium oynayır və bir çox birləşmələrin qurulmasında fəal iştirak edirlər.
Torpaqların və süxurların tərkibində kalium və natrium müxtəlif qrup birləşmələr əmələ gətirirlər. Bunların çox hissələri turş və əsası minerallar sayılan çöl şpatı və slyudalarda mühüm birləşmələr əmələ gətirərək, torpaq uducu kompleksində və həll olan duzlarda mübadiləvi kationları (k+ və Na+) kimi iştirak edirlər ( Cədvəl 1).