Yan Voldemaroviç Peyve (1906-1976) – torpaqşünaslıqda yeni mikroelementlərin biokimyası istiqamətinin əsasını qoymuşdur. Hələ 30-cu illərdə bor, mis və başqa mikroelementlərinin kətan bitkisinin məhsuldarlığına təsirini öyrənmişdi. Bu problemin ən aktiv işlənmə dövrü 1946-1958-ci illərdə onun yaratdığı torpağın biokimyası və mikroelementləri laboratoriyasında oldu. Y.V.Peyve mikroelementlərin profildə yayılmasını və miqdarını, torpaq əmələgəlmə prosesi və kimyəvi elementlərin xüsusiyyətləri ilə əlaqələndirirdi. Bunun əsasında isə torpaqda mikroelementlərin idarəolunma qanunauyğunluşdarını aydınlaşdırdı. Bütün bu işlərin yekunu «Torpağın biokimyası» monoqrafiyasında öz əksini tapdı. Bundan başqa Y.V.Peyve torpaqda mütəhərrik kalium birləşmələrinin, alüminiumun, humuslu maddələrin və bir çox mikroelementlərin təyin edilməsinin yeni metodları torpaq kimyası elminə töhvə verdi. Ümumiyyətlə, XX əsr və XXI əsrin birinci onilliyində Moskva Dövlət Universitetində kimyaçı-torpaqşünasların bu elmin inkişafında böyük xidmətləri olmuşdur. Bunlardan N.Q.Zırin, M.A.Qlazovskaya, V.Q.Mineyev, F.A.Tixomirov, D.S.Orlov, L.A.Qrişina, Q.V.Dobrovolski, Q.V.Motuzova, L.K.Sadovnikova və başqalarını göstərmək olar.
3. Azərbaycanda torpaq kimyasının inkişafında Həsən bəy Zərdabinin xidmətləri. Azərbaycanın elmi tarixində xüsusi yer tutan Həsən bəy Zərdabi (1837-1907) öz elmi dünyagörüşünün çoxşahəli olması ilə fərqlənir. O, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Azərbaycanda torpaqşünaslıq haqqında bir sıra elmi məsələləri əsil alim kimi inkişaf etdirmişdir. Onun torpaq haqqındakı fikirləri öz dövründəki torpaqşünaslıq elminin yüksək səviyyəsində yazılmış, elmin müasir nailiyyətləri sırasında mühüm əhəmiyyət kəsb edir. H.M.Zərdabinin torpaqşünaslıq haqqındakı fikirləri əsasən torpaq kimyası bölməsini əhatə etməklə, dağ süxurlarının aşınma prosesindən, torpaqəmələgətirən amillərin rolundan, elementlərin torpaq əmələgəlmə prosesində iştirakından, torpağın fiziki-kimyəvi xüsusiyyətlərindən, münbitliyindən, torpaq analizlərindən, əlverişsiz torpaqları yaxşılaşdırmaq üçün müvafiq tədbirlərdən (qranulometrik tərkibi dəyişmək, şoran torpaqların meliorasiyası, bataqlıq torpaqları yaxşılaşdırmaq, torpaq eroziyasının qarşısını almaq, meşə meliorasiyası və s.), daha sonra torpağın aqroistehsalat keyfiyyətindən, növbəli əkin sistemini tətbiq etməklə torpağı qida elementləri ilə zənginləşdirmək üçün düzgün şumlamadan, peyin, quş zılı, çay lili və s. ilə gübrələməklə onu daha da gücləndirməkdən ibarətdir. H.M.Zərdabinin bu fikirləri «Əkinçi» (1875-1877) və «Kaspi» (1899-1903) qəzetlərində dərc etdirdiyi məqalələrində və «Torpaq, su və hava» adlı kitabında verilmişdir. Onun torpaq kimyasına aid ən mütərəqqi fikirlərindən biri seçilmiş əsərləri səh.164-də yazırdı: «Hər əkinçiyə vacibdir ki, öz torpağının xüsusiyyətlərini bilsin. Bunu isə yalnız imtahan, yəni analiz etməklə bilmək olar». O, hər şeydən əvvəl torpağın qranulometrik tərkibini, torpaqdakı rütubətin, üzvi hissənin, karbonatların miqdarını təyin etməyi zəruri hesab edirdi. Bütün inkişaf etmiş dünya ölkələrində olduğu kimi, Azərbaycanda da torpaqların mənşəyi, diaqnostikası, sistematikası və yayılması qanunauyğunluqlarının dəqiqləşdirilməsi, torpaqşünaslıq elminin bir sıra yeni nəzəri və tətbiqi sahələrinin inkişaf etdirilməsi problemini ortaya qoyurdu.
Torpaqlarda gedən kimyəvi proseslərin mahiyyətinin açıqlanması və öyrənilməsi Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqların kimyası laboratoriyasının yaradılması zərurətini doğurdu. Belə ki, 1959-ci ildə torpaqların kimyası laboratoriyası təşkil edildi. Torpaqların kimyası laboratoriyası öz tədqiqatlarında torpaqlarda gedən kimyəvi, fiziki-kimyəvi məsələləri öyrənməklə, Azərbaycanın ayrı-ayrı regionlar üzrə torpaqların lil fraksiyalarının mineraloji tərkibi və mikromorfoloji xüsusiyyətləri ilə yanaşı, yüksək dispers mineralların xüsusiyyətlərini, onların kimyəvi tərkiblə bilavasitə asılılığı qanunauyğunluqlarını da müəyyən etməyə çalışmışdır. Torpaq mineralogiyası sahəsində aparılan bu tədqiqatlar 1975-ci ildə torpaqların kimyası və mineralogiyası laboratoriyasının təşkil edilməsinə səbəb oldu. 1976-1993-cü illərdə laboratoriyanın rəhbəri k.t.e.d., prof. İsgəndər Şahbala oğlu İsgəndərov olmuşdur.
1975-ci ildən başlayaraq laboratoriyada Azərbaycan torpaqlarının lil fraksiyalarının mineraloji, mikromorfoloji xüsusiyyətləri və onların ana süxurlar ilə əlaqəsinə dair sanballı tədqiqat işlərinin aparılmasına başlanmışdır. Tədqiqatların nəticəsində hər bir torpaq tipinə dair mineraloji tərkib müəyyənləşdirilmiş, mikromorfoloji xüsusiyyətlərdən asılı olaraq torpaqlarda gedən proseslərin istiqaməti və torpaqəmələgəlmənin mahiyyəti öyrənilmişdir.