Yevgeni Nikitiç Qapon (1904-1950) – torpaqların fiziki-kimyəvi problemlərinin öyrənilməsində, atmosfer azotunun fiksasiya olunması və torpaq kolloidlərinin quruluşu haqqında çox original işləri olubdur. Ən məşhur tədqiqatı torpaqda ion mübadiləsinin qanunauyğunluqları hesab edilir. O, torpaqda kationların mübadiləsinin izoterm xarakterini izah etmişdir və Qapon tənliyini təklif etmişdir.
N. P. Remezov (1899-1961) elementlərin bioloji dövranı haqqında tədqiqatları dünya alimləri tərəfindən qəbul edilmiş və torpaqşünaslıq elmində yeni istiqamət sayılmışdır. Bundan başqa N.P.Remezov torpağın turşuluğunu, buferlik qabiliyyətini, oksidləşmə-reduksiya xassələrini, əhənglənməsini, üzvi maddələrinin tərkibini, mübadilə kationlarını və s. tədqiq etmişdir.
Evdokiya Vasilyevna Arinuşkina (1899-1994) elm aləmində məşhur kimyaçı-torpaqşünas kimi qəbul edilmişdir. Onun tədqiqatları əsasən torpaq mikroelementlərinin öyrənilməsinə və torpağın kimyəvi analizlərinin sistemləşdirilməsinə həsr edilmişdir. Torpaq-bitki sistemində mikroelementlərin vəziyyəti, birləşmə formaları və dinamikası onun işlərinin əsasını təşkil edirdi.
İvan Serqeyeviç Kauriçyev torpaqda N.P.Remezov tərəfindən başlanılmış oksidləşmə-reduksiya proseslərinin tədqiqi suvarma və meliorasiya işlərinin geniş inkişafı ilə əlaqədar olaraq professor Kauriçyev iki aspektdə daha da təkmilləşdirdi. Birincisi oksidləşmə-reduksiya rejimini tiplərə ayırmaqla onun torpağın xassələrinə və elyuvial-qleyli proseslərin inkişafına təsirini müəyyənləşdirmək oldu.. İlk dəfə İ.S.Kauriçyev oksidləşmə-reduksiya rejiminə görə torpaqları qruplaşdırdı və elyuvial-qleyli prosesin konsepsiyası əsasında bir sıra torpaq formalarını təklif etdi. Onun işlədiyi ikinci aspekt isə oksidləşmə-reduksiya şəraitinin dəyişkən valentli kimyəvi elementlərin transformasiyasına təsiri oldu. Bu tədqiqatlar bir çox kimyəvi elementləri, o cümlədən Mn, Fe, S, N, Cu, Cr, Se və fosfor birləşmələri, üzvi birləşmələri əhatə edirdi. Tədqiqatların nəticələri imkan verdi ki, kimyəvi maddələrin tətbiqi və aqrotexniki tədbirlərin həyata keçirilməsi oksidləşmə şəraitinə uyğun nizamlansın.