Həsən Əlirza oğlu Əliyev (1907- 1993). O, torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində alim və ictimai-siyasi xadim kimi xalqın yaddaşında qalmaqdadır. Onun «Pirsaat düzünün torpaqları və perspektivası», «Azərbaycan Respublikasının torpaqları», «Qəhvəyi-meşə torpaqları», «Böyük Qafqazın torpaqları», «Naxçıvan Muxtar Respublikasının torpaqları» və s. monoqrafiyalarında torpaqşünaslığın mühüm problemlərini şərh etmiş, torpaqdan düzgün istifadəni elmi cəhətdən əsaslandırmış və torpaqlarda kimyəvi elementlərin birləşmələrinin formaları, miqdarı və çevrilmələrini izah etmişdir.
Akademik Cəbrayıl Məmməd oğlu Hüseynov (1913- 1964). Onun işlərinin əsas istiqaməti kimya sənaye tullantılarından yeni gübrə və stimulyatorların alınması (superfosfat, qumbrin, ÜMMK, MU, NBM və s.) və onları torpağa tətbiq etməklə münbitliyini artırmağa yönəldilmişdir. Bundan başqa torpaqda fosfor rejimi və onun istifadəsinin artırılması üsulları mərhum akademikin adı ilə bağlıdır. Torpaq kimyasının inkişafında bu institutun mineral gübrələr və mikroelementlər laboratoriyasının böyük xidmətləri olmuşdur. Təşkil olunduğu gündən 1978-ci ilə kimi bu laboratoriyaya k.t.e.d., prof. Rizvan Qafar oğlu Hüseynov (1911-1979) qəhbərlik etmişdir. Sonrakı illərdə k.t.e.d., prof. F.H.Axundov və k.t.e.d., prof. Z.R.Mövsümov olmuşdur. Laboratoriyada Respublikamızın müxtəlif tip torpaqlarında becərilən bitkilərin gübrələmə sisteminə, torpaqların qida maddələri ilə təmin olunmasını göstərən kartoqramların tərtibinə, bitkilərin azot, fosfor, kalium və mikroelementlərlə qidalanma rejiminin öyrənilməsinə dair tədqiqatlar aparılır.
AMEA-nın müxbir üzvü Məmməd-Emin MəmmədƏli oğlu Salayev (1909-2002). Tədqiqat sahəsi əsasən torpaqların genezisi, coğrafiyası və xəritəçiliyinə aid olsa da torpaq kimyasının inkişafında xidmətləri olmuşdur. Belə ki, yüksək dağ zonasında ilkin torpaq əmələgəlmə prosesi və bu prosesin torpaqəmələgəlmə məhsullarının miqrasiyası, humus əmələgəlmə şəraiti, meşə və çay subasarlarında torpaqların genezisi, sistematikası və nomenklaturası coğrafi və stasionar tədqiqatlar nəticəsində öyrənilərkən həmişə bu proseslərin torpaq kimyası ilə bağlılığı diqqət mərkəzində olmuşdur.