Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Mövzu 4: Torpağın element və faza tərkibi



Yüklə 0,65 Mb.
səhifə42/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   38   39   40   41   42   43   44   45   ...   161
t.kimya, 1,3

Mövzu 4: Torpağın element və faza tərkibi.
Plan:
1.Torpağın element və faza tərkibi haqqında ümumi məlumat.
2. Torpağın bərk (mineral və üzvi hissə), maye (torpaq məhlulu), qazşəkilli (torpaq havası), canlı (torpaq canlıları) fazaları, onların qarşılıqlı təsiri.
3. Torpağın element tərkibinin xüsusiyyətləri.
1.Torpağın element və faza tərkibi haqqında ümumi məlumat.
Torpağın kimyəvi tərkibi iki göstərici ilə xarakterizə olunur: 1) element tərkibi, 2 ) faza (maddələr) tərkibi. Torpağın əsas kimyəvi xassələrindən biri onun element tərkibi hesab edilir. Məhz bu xassə üzərində onun genezisi və münbitliyi formalaşır. Torpağın element tərkibini bilmədən dərin kimyəvi tədqiqatların aparılması qeyri-mümkündür. Torpaq kütləsində kimyəvi elementlərin toplanmasına və kəmiyyət nisbətinə torpağın element tərkibi deyilir. «Element tərkibi»nin sinonimi kimi bəzən «torpağın xam tərkibi» termini işlədilir. «Xam» sözü əslində «ümumi» anlayışı bildirir və torpaqda olan bütün komponentlərin miqdarını göstərir. Ona görə də «xam tərkib» deyəndə torpaqda olan elementlərin birləşmə formalarından asılı olmayaraq ümumi elementlərin miqdarı başa düşülür.
Torpaq kimyasında və ümumiyyətlə torpaqşünaslıqda element tərkib deyəndə – torpağın genezisi, münbitliyi və kimyəvi tərkibinin vəziyyəti anlaşılmalıdır. Bunu əsasən torpağın potensial münbitliyini qiymətləndirəndə istifadə edir və buna əsaslanaraq torpağın kimyəvi tərkibini analiz etmək üçün üsullar seçilir. Bu istiqamətləri aydınlaşdıraq.
1. Element tərkibi torpaqəmələgəlmə proseslərinin çox mühüm nəticələrini əks etdirir. Element tərkibinə görə torpağın genetik horizontları bir-biri ilə fərqlənir. Məsələn, çürüntülü akkumulyativ horizont yüksək miqdarda C, P və N olması ilə; ilyuvial horizontlar Fe, Al və bir sıra elementlərin toplanması ilə; elyuvial horizontlar isə silisiumun miqdarının artması, digər elementlərin azalması ilə müşayiət olunur. Başqa sözlə genetik horizontları təyin etmək üçün torpağın element tərkibi diaqnostik əlamət kimi qəbul edilir. Genetik horizontların element tərkibinin məcmusu bir torpaq profilində torpaqəmələgəlmə proseslərinin hansı istiqamətdə inkişafına xidmət edir.
Dağ qaratorpaqlarında profil boyu dərinə getdikcə humusun miqdarı azalır, dəmirin miqdarı isə bərabər paylanmışdır. Buradan aydın olur ki, dağ qaratorpaqlarında profil boyu dəmir elementinin yayılmasında ciddi dəyişiklik baş vermir. Başlıca proseslərdən biri odur ki, profildə humusun toplanmasında proqressiv əlamətlər özünü göstərir. Lakin sarı-podzol torpaqlarda tamamilə başqa prosesin getdiyinin şahidi oluruq. Belə ki, humusun profil boyu toplanması yalnız üst qatda gedir və hissə-hissə ilyuvial horizonta üzvi maddə formasında aparılır. Dəmirin yayılmsı elyuvial horizontda toplanır. Dəmirin maksimal miqdarda top- lanması çürüntülü-akkumulyativ horizontda gedir. Çox ehtimal ki, bu elementlərin maksimum bioloji toplanması ilə bağlıdır. Hətta torpağın element tərkibi haqqında olan bu kiçik məlumatlar imkan verir ki, profilin formalaşmasında bəzi mühüm proseslər haqqında ideyalar irəli surək. Element tərkibinin tam analizindən sonra burada gedən proseslərin başlıca istiqamətini, yəni torpaqəmələgəlmənin nəticələrini təyin etmək olar. Lakin, təkcə element tərkibinə görə torpaqda gedən reaksiyaların mexanizmi haqqında mühakimə yürütmək olmaz. (Hüseynov A.M.,Hüseynov N.M-2015). Belə ki, transformasiya ilə bağlı prosesləri, yeni maddələrin əmələ gəlməsini geniş şəkildə fərqləndirilən torpaq kütləsi ilə izah etmək lazımdır.
2. Torpağın element tərkibi onun potensial münbitliyi haqqında təsəvvürlər yaradır. Karbonun və azotun üzvi birləşmələrinin yüksək miqdarda olması torpağın münbitlik əlamətləridir. Xlor ionlarının hədsiz toplanması isə bitkilər üçün əlverişli xasə sayılmır. Əlbəttə, torpaqda olan elementlərin hamısı bitkilər üçün mənimsənilə bilən şəkildə olmur. Alümosilikatların kristallik qəfəsinə daxil olan elementlər ya çətin həll olan birləşmələrin, yaxud hidroliz olunmayan humus maddələri komponentinin tərkibində olur. Bunların bitki tərəfindən mənimsənilməsi hissə-hissə ilkin strukturun dağıdılaraq, asan həll olan formalara keçməsi ilə baş verir. Bu elementlərin ümumi miqdarı yaxud ehtiyat formaları göstərir ki, belə torpaqlar öz potensialı hesabına bitkiləri uzun müddət qida maddələri ilə təmin edə bilər. Dağ qaratorpaqlarının azot, fosfor və kaliumla potensial təminatının vəziyyəti aşaəıdakı kimidir. Bu torpaqların 0-20 sm qatında azotun miqdarı 5-10 t/ha çatır ki, bu da 25-30 s/ha payızlıq buğda məhsulu almaq üçün 60-100 il kifayət edər. Fosforun və kaliumun miqdarı isə azotla müqayisədə daha çox illərə bəs edər. Apardığımız hesablamalar əsas verir ki, ehtiyat qida maddələrindən istifadəsinə görə torpaqların bəzi potensial imkanlarını qiymətləndirə bilək. Torpaqda olan ehtiyat qida maddələrini tamamilə səfərbər etmək qeyri-mümkündür. Elə apardığımız bu hesablama da göstərir ki, on illər ərzində torpaqda qida elementləri tükənə bilər. Belə ki, elementlərin tam səfərbər olunması torpağın deqradasiyası, dağılması və qeyri-münbit oksidlər qarışığına çevrilməsi ilə nəticələnə bilər. Beləliklə, torpağın element tərkibi haqqındakı məlumatlar göstərir ki, əkin qatında bütün qida elementlərinin defisitsiz balansını təmin etmək vacibdir.
3. Element tərkibi – torpağın kimyəvi və fiziki-kimyəvi analiz üsullarının seçilməsində ən mühüm amillərdən biridir. İstənilən torpaqda böyük miqdarda elementlər mövcuddur və 10%-dən başlayaraq 10-9 – 10-10 %-dək tərəddüd edir. Elementlərin çoxu kimyəvi analiz zamanı qarşılıqlı təsirə malik olurlar. Belə ki, təyin olunan elementlərin nisbəti bəzən uğursuz sonluqla nəticələnir. Ona görə də torpaqların kimyəvi analizində ən mükəmməl üsullardan geniş istifadə edilir və təyin olunan elementlərə mane olanları ayırmaq üçün mütərəqqi metodlar tətbiq edilir. Torpağın element tərkibi və onun qranulometrik fraksiyaları torpaq minerallarının, xüsusilə zərifdispersli fraksiyaların müəyyən edilməsində diaqnostik əlamət kimi istifadə edilir.
Torpağın faza tərkibi. Torpaq proseslərinin mexanizmini araşdırdıqda təkcə element tərkibi az informasiyalı hesab edilir. Torpaqəmələgəlmə eyni vaxtda, ardıcıl proseslər və kimyəvi reaksiyalar nəticəsində baş verir. Hələlik bu proseslərin tam və təkmilləşmiş təsnifatı yoxdur.
İlkin torpaq-kimyəvi prosesləri aşağıdakı qruplara bölmək olar:
1. Torpağın üzvi və mineral komponentlərinin transformasiya prosesləri.
2. Maddələrin köçürülmə prosesləri.
3. Torpaq horizontları və profilində spesifik mürəkkəb proseslərin formalaşması.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin