Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universitetinin Kolleci Diplomqabağı Təcrübə Hesabat
Tələbə : Ələkbərli Əsmər İxtisas : Yer quruluşu və torpaq müfəttişliyi Qrup : 304 Mövzu: Torpaq Bazarı Tədris ili : 2022-2023 Müəllim : Aydəmirova Gövhər Bakı -2023 PLAN:
Torpağın sosial, iqtisadi və təbii varlıq kimi qiyməti bir çox torpaqsevər aqillərimiz tərəfindən verilmişdir: “Müqəddəs varlıq”, “Bəşər övladının əzəli və sonu”, “Ana torpaq”, “Ana vətən”, “Ata yurdu”, “Çörək ağacımız” və s. Torpaq hazırkı və minilliklərdən gələn nəsillərdən bir çox qəlboxşayan ifadələr eşitmişdir. Hər bir insan beşiyi, ocağı kimi torpaq da ən gözəl, dəyərli və qiymətli müraciətlərə layiqdir. O, bütün bəşəriyyətdən həmişə haqlı olaraq diqqət və hörmət tələb edir. Yerin üzərində duran hər bir şəxs onun yaşaması üçün torpağın ilkin şərt olduğunu anlamalıdır və unutmamalıdır. Yer öz “kosmik uçuş”unu insanların iradəsindən, istəyindən asılı olmayaraq davam etdirir və etdirəcəkdir. O, sanki bu “uçuş”u ilə bütün insanlığın başına dolanır, onu bəlalardan hifz edir, bəşər övladına yaşaması üçün ruzi, bərəkət qismət edir. İnsanların həyatı və mövcudluğu torpağın bizə bəxş etdiyi yaşıl tarlalarsız qeyrimümkündür. Məhz bütün bunlara görə də, cəmiyyətlərdə torpaq insanlara verilmiş təbii və əvəzsiz nemət, bütün sərvətlərin anası, hər bir canlının yaşayış məskəni kimi qəbul edilir. Torpaq hər bir kəsə lazımdır. İnsan torpaqda anadan olur, yaşayır və təsərrüfat fəaliyyətini onunla bilavasitə və ya dolayısı ilə təmasda olmaqla həyata keçirir. Torpaq vətəndaş cəmiyyətinin mövcudluğu üçün ərazi, sahibkarlıq fəaliyyətində istehsal vasitələrinin yerləşdirildiyi məkan, kənd və meşə təsərrüfatlarında istehsal vasitəsidir. Torpaq cəmiyyətin həyatındakı əvəzsiz rolu ilə özünə qarşı düzgün sahibliyə, onlardan səmərəli istifadəyə və onların üzərində sərəncama böyük şəxsi və kollektiv maraq yaradır. Bu çox çətin və şərəfli vəzifənin öhdəsindən yalnız o vaxt layiqincə gəlmək mümkündür ki, torpaq ehtiyatları ilə bağlı insanlar arasında münasibətlər vətəndaş cəmiyyəti üzvlərinin hamısı üçün məcburi olan müəyyən hüquq qaydaları ilə nizamlansın, onların tanıdığı qanunlarda təsbit edilsin, hüquq normaları hər bir şəxsin və bütövlükdə cəmiyyətin rifahına xidmət etmiş olsun. Azərbaycan Respublikasında da torpaq insanların həyat və təsərrüfat fəaliyyətinin əsası kimi qorunmalı, istifadə olunmalı və bəşəriyyətin gələcəyi naminə həmişə ona qayğı göstərilməlidir. Azərbaycan Respublikası dövlət müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra ölkəmizdə torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin təsbiti əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və deqradasiyadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəldilmiş bir çox qanunvericilik aktları qəbul edilmişdir. Müasir bazar iqtisadiyyatı Azərbaycanda torpaq bazarının da mövcudluğunu müəyyənləşdirir. 7 may 1999-cu ildə «Torpaq bazarı haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən torpaq bazarı dedikdə torpaq dövriyyəsi proseslərində torpaq sahələrinin alqı-satqısı, ipotekası, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişməsi ilə bağlı dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər arasında yaranan iqtisadi və hüquqi münasibətlər başa düşülür. Azərbaycan Respublikasının müasir torpaq bazarında aşağıdakı əqdlər həyata keçirilir:
- torpaq sahələrinin alqı-satqısı;
- torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi;
- torpaq sahəsinin ipotekası;
- torpaq sahəsinin dəyişdirilməsi;
- torpaq sahəsinin bağışlanması;
- torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi;
- torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi və s.
orpaq bazarının təşkili və torpaq bazarında yaranan ictimai münasibətlərin tənzimlənməsi məsələləri dövlətin prioritet vəzifələrindən biri sayılır. Dövlət Azərbaycan Respublikasında torpaq bazarı münasibətlərinin ümumi qaydalarını müəyyənləşdirmək və torpaq üzərində mülkiyyət hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə müvafiq normativ-hüquqi aktlar təsbit etmişdir. Bunun nəticəsində torpaq bazarının təşkilinə, bazarda subyektlərin maraqlarının uzlaşdırılmasına və hüquqlarının reallaşmasına mükəmməl zəmin yaranmışdır. Torpaq bazarının təşkili sahəsində dövlət siyasəti formalaşdırılmışdır ki, bu siyasətin həyata keçirilməsi müəyyən prinsiplərə, rəhbər ideyalara, müddəalara əsaslanır. Bu prinsiplər əsasən aşağıdakılardan ibarətdir:
- torpaq bazarının sistemli şəkildə təşkil edilməsi;
- torpaq bazarı əqdlərinin və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dövlət qeydiyyatının məcburiliyi və s.
Torpaq bazarının təşkili sahəsində dövlətin qarşısında bir sıra mühüm vəzifələr müəyyən edilmişdir. Bu vəzifələr aşağıdakıları nəzərdə tutur:
- dövlətin aqrar siyasətinin həyata keçirilməsi;
- torpaq hərraclarının və müsabiqələrinin təşkili qaydalarına dair normativ-hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi;
- torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları üzrə əqdlərin sənədləşdirilməsi üçün əsasnamələrin və müqavilələrin hazırlanması və təsdiq olunması;
- torpaq bazarını səciyyələndirən rəsmi məlumatların müntəzəm toplanması, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə aşkarlaşdırılması və s.
Torpaq kateqoriyalarının hüquqi rejimlərinin müxtəlifliyi, torpaq sahələrinə malik olan subyektlərin hüquqi titullarının (torpaq mülkiyyətçisi, torpaq istifadəçisi, torpaq icarəçisi) rəngarəngliyi, ayrıayrı torpaq kateqoriyalarının məqsədli təyinatı və torpaqlardan bütövlükdə cəmiyyətin maraqları naminə səmərəli istifadəsi torpaq bazarı iştirakçılarının səlahiyyətlərini daha düşünülmüş şəkildə səciyyələndirir. Mülki hüquq torpaq bazarına xas olan bütün bu rəngarəngliyi nəzərə almaq üçün hüquqi vasitələrə malik deyildir. Mülki hüquq mülki dövriyyənin vahid ümumi qaydalarını müəyyən edir. Mülki hüquqda əmlak münasibətlərini tənzimləmənin metodu kimi fiziki və hüquqi şəxslərin iradələrinə uyğun olaraq öz maraqlarını gerçəkləşdirmək üçün mülki hüquqları əldə etmək və həyata keçirmək sərbəstliyi tanınır. Onlar müqavilə əsasında öz hüquqlarını və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsi). Mülki qanunvericilik mülkiyyətin toxunulmazlığını, müqavilə azadlığını, şəxsi həyata kimsənin özbaşına qarışmasının yolverilməzliyini elan edir. Ancaq bu prinsiplər əsasında torpaq bazarı əqdlərinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi düzgün olmazdı. Məsələn, torpaqla bağlı əqdlərin bağlanması mülki hüququn ayaqqabı, mebel və digər istehlak mallarının satışı zamanı nəzərdə tutulan vahid və ümumi qaydalarla həyata keçirilməməlidir. Torpaqla bağlı əqdlərin mülki qanunvericiliyin göstərdiyi kimi tam azadlığı yol verilməzdir. Hüquqi tənzimləməyə bu cür yanaşma bazar iqtisadiyyatlı qərb ölkələrinin inkişafında artıq keçilmiş mərhələdir.
Məsələn, Fransada çoxdan bəri “Aqrar Məcəllə” qüvvədədir. Həmin məcəllədə torpaq üzərində xüsusi mülkiyyət hüququ xeyli məhdudlaşdırılmışdır. Belə ki, torpaq münasibətləri sahəsində icarəçilərin hüquqları çox geniş, mülkiyyətçilərin hüquqları isə o qədər məhduddur ki, Fransa Mülki Məcəlləsinin 540-ci maddəsindən, yəni torpaq sahəsi üzərində mülkiyyətçinin sərəncamvermək üzrə mütləq hüququndan heç nə qalmamışdır. Torpağın sahibi onun mülkiyyətçisi yox, onu becərəndir. Almaniya Federativ Respublikasının Konstitusiyası (14–cü maddə) mülkiyyətçinin öz əmlakını ictimai maraqların təmin olunması üçün istifadəsi üzrə öhdəliklərini nəzərdə tutur. Konstitusiya cəmiyyət üçün zəruri olan hallarda mülkiyyət hüququnun, o cümlədən torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verir. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatlı ölkələrdə torpaqla bağlı əməliyyatların həyata keçirilməsində artıq tam sərbəstlik yoxdur. Bu ölkələrin əksəriyyətində torpaq sahələri ilə möhtəkirliyə qarşı mübarizə məqsədilə müəyyən edilmişdir ki, alınmış torpaq sahələri yalnız qanunla müəyyənləşdirilmiş müddət keçdikdən sonra satıla bilər. Yaponiyada bu müddət 3 ildir. Hollandiyada torpaq nəzarəti orqanları torpaq üzərində mülkiyyət hüququnun başqasına keçməsi ilə bağlı hər bir əqdi təsdiq etməlidir. Almaniya Federativ Respublikasında bir hektardan artıq bütün torpaqlar yalnız yerli hakimiyyət orqanının razılığı ilə satıla bilər. Bunun üçün torpaq sahəsinin potensial alıcısının onu almasını əsaslandırmasını, habelə alıcının peşə hazırlığı barədə sənəd təqdim edilməsini nəzərdə tutan xüsusi icazə proseduru hazırlanmışdır. Bəzi ölkələrdə (Fransa, AFR, Danimarka) kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədləri üçün alqı-satqısı ya qadağan edilir (xüsusilə məhsuldar torpaqların yerləşdiyi zonalarda), ya da məhdudlaşdırılır (yerli hakimiyyət orqanlarının, habelə həmin ərazidə yaşayan şəxslərin razılığı tələb olunur). ABŞ dövlətinin torpaq bazarında yaranan münasibətləri tənzimləmək hüququ torpaqların ilkin xüsusi mülkiyyətçiyə verildiyi andan tanınmışdır. Son yüzillikdə dövlətin bu sahədə bir sıra hüquqları hələ də saxlanılır. Dövlət hakimiyyətinin icra orqanlarına torpaqlardan istifadənin mülkiyyətçiyə əvəz ödənilməsi ilə müşayiət olunan tənzimlənməsini həyata keçirməyə icazə verilmişdir. Belə tənzimlənmə əhalinin sağlamlığının qorunması, onun təhlükəsizliyi və firavanlığı nöqteyi-nəzərindən həyata keçirilir. Dövlət hakimiyyətinin icra orqanlarının tənzimləmə səlahiyyətlərinə torpaqların zonalaşdırılması, ətraf mühitin çirklənməsi üzərində nəzarət, torpaq sahələrinin minimal və maksimal həddinin müəyyənləşdirilməsi və mülkiyyətçiyə əvəz ödənilməsi daxildir. ABŞ-ın qanunvericiliyinə görə dövlətin xüsusi mülkiyyətdə olan torpaqların ictimai ehtiyaclar üçün onun ədalətlə əvəzi ödənilməsi şərti ilə özgəninkiləşdirməsi hüququ saxlanılır. Fransa qanunvericiliyi torpaq bazarı subyektləri üçün daha yüksək təminatları müəyyənləşdirir və torpaqda təsərrüfat işləri aparan subyektləri hətta torpaq mülkiyyətçilərindən belə müdafiə edir. Misal üçün qeyd edək ki, torpaq mülkiyyətçisi torpaq sahəsini öz seçiminə görə sata bilməz, o əvvəlcə həmin sahəni fermerlərə və icarəçilərə təklif etməlidir. Əgər icarəçi torpağın satış qiymətini yüksək sayarsa, o daha aşağı qiymətin müəyyənləşdirilməsi barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Bazar iqtisadiyyatlı xarici ölkələrin təcrübəsindən gətirilən nümunələr sübut edir ki, Azərbaycanda torpaq mülkiyyəti mülkihüquqi statusa malik olmalı deyil, əsas etibarı ilə mövcud ənənəyə görə torpaq və ekoloji qanunvericiliklə tənzimlənməlidir.