“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu torpaq bazarı obyektlərinin dairəsini müəyyən edir. Həmin normativ aktın 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər:
- xüsusi mülkiyyətdə olan torpaqlar;
- bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları;
- AR-in qanunvericiliyi ilə ipoteka predmeti sayılan torpaq sahələri;
- özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;
Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və başqa şərtlərə əməl etməklə sahiblik, istifadə və sərəncam hüquqlarından ibarətdir. Torpaq üzərində hüquqi şəxslərin və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yarana bilər. Qanunvericilik keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol vermir. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlanma və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ 1 il müddətinə qanunvericiliyə uyğun olaraq özgəninkiləşdirilməlidir. Əks halda müvafiq yerli icra hakimiyyəti və ya bələdiyyə torpaq sahəsini AR-in Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydada məcburi satın alır. Bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: - yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb edilən torpaqları;
- kənd təsərrüfatına azyararlı və yararsız torpaqları;
- hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları;
-qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadə və icarəyə verilmiş torpaqlar.
Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları, eləcə də meşə və su fondu torpaqlarının xüsusi mülkiyyətə verilməsini qanunvericilik qadağan edir. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq ərazi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, həmin ərazidə əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və yaxın dövr üçün tələbat nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ipoteka predmeti sayılan torpaq sahələri də torpaq bazarının obyekti ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ipoteka haqqında müqavilə üzrə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər. Qanun müəyyən edir ki, yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqların, habelə şəhərsalma qaydalarına uyğun olaraq binalar və tikililər ucaldılmasına yol verilməyən şəhər torpaqlarının, xüsusi mühafizə olunan ərazilərdəki torpaqların, habelə xüsusi istifadə şəraitinə malik zonalardakı sahələrin tərkibindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların ipotekasına yol verilmir. İpotekasına yol verilməyən torpaqlar istisna olmaqla, dövlət və bələdiyyə mülkiyyətində olan digər torpaq sahələrinin ipotekasına, həmçinin kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına da yol verilir. Ancaq bir şərtlə ki, həmin torpaqlar bilavasitə kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar olan öhdəliklərin təmin edilməsi üçün ipoteka qoyulsun. Qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri də torpaq bazarı obyektləri sırasına daxildirlər. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadələrindəki torpaqlar nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında əsasnamə» müəyyən etmişdir ki, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) yalnız Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri ola bilərlər. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin ilk növbədə torpağı almaq hüququ qanunvericilikdə tanınır. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər tərəfindən dövlət müəssisə və obyektləri özəlləşdirilərkən onların yerləşdiyi torpaq sahəsi aidiyyəti üzrə dövlət mülkiyyətində və ya bələdiyyə mülkiyyətində qalır və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri adları yuxarıda qeyd olunan subyektlərin satınalma hüququ olmadan yalnız icarəsinə verilir. Dövlət, bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları da torpaq bazarı obyektlərindəndirlər. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında torpaqlardan daimi və ya müvəqqəti istifadə edilməsi başa düşülür. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyənləşdirilmədən həyata keçirilən istifadə daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə aşağıdakılara verilir:
- dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına;
- dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə;
- həmkarlar ittifaqlarına və dini təşkilatlara;
- dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, təbiəti mühafizə, təbii qoruq, tarixmədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə və idarələrinə;
- dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara;
- dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına.
Müstəsna hallarda yuxarıda qeyd edilən istifadəçilərin (mənzil tikintisi istisna təşkil edir) fəaliyyət müddəti məlum olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. Torpaqdan müvəqqəti istifadə qısamüddətli (15 ilədək) və uzunmüddətli (15 ildən 99 ilədək) müəyyən edilə bilər.
Torpaq sahəsinin daimi istifadəsinə verildiyi hüquqi şəxs qanunla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş hüdudlarda sahə üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirir. O, istifadəyə götürdüyü sahədən torpağın verildiyi məqsədlər üçün sərbəst istifadə etmək, o cümlədən həmin sahədə binalar, qurğular və digər daşınmaz əmlak obyektləri ucaltmaq hüququna malikdir. Dövlət mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə öz səlahiyyətləri hüdudlarında müvafiq icra hakimiyyəti orqanları tərəfindən, bələdiyyə mülkiyyətində olan torpaqlar isə bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddəti bitdikdə bu müddət torpaq sahəsini istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunla müəyyən edilən qaydada bağlanan müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin müvəqqəti istifadə müddətinin uzadılması üçün sahələrin mülkiyyətçisi ilə istifadəyəgötürən arasında yeni müqavilə bağlanmalıdır. Torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əməl etməklə həyata keçirə bilərlər. Başqa sözlə desək, əgər torpağın istifadəsi haqqında sənədlərdə onun digərlərinə istifadəyə verməsi nəzərdə tutulmuşdursa, torpağın istifadəçisi onu icarəyə verə bilər. Torpaq bazarının obyektlərindən biri də dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində icarə hüququdur. Azərbaycan Respublikası qanunvericiliyinin müddəalarına görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici ölkələrin hüquqi şəxslərinə, beynəlxalq təşkilatlara, habelə xarici dövlətlərə verilə bilər.