F.Köçərli, Omər Faiq, M.Hadi və b.) bəzi hallarda İslam dini mövqeyindən çıxış etsələr də,
əslində yeni üsul məktəblərin açılmasını, Darvinin təkamül və Eynşteynin nisbilik
nəzəriyyəsini, kainatın maddi vəhdətdən ibarət olmasını, təbii-tibbi biliklərin yayılmasını və s.
geniş təbliğ edirdilər. Bu cəhətdən ''Əkinçi" qəzeti, "Füyzat" və "Şəlalə" məcmuələri
səhifələrində təbiətşünaslığa dair dərc olunmuş çoxsaylı yazılar xüsusi əhəmiyyət kəsb edirdi.
34
Deməli, bu dövrdə ictimai-fəlsəfi fikirdə təbii-elmi ideyaların realist təbliği, mətbuatda, elmi-
bioloji, tibbi baxışlarda, fəlsəfi araşdırmalarda naturalist-materialist istiqamət güclənir.
subyektiv idealist dini-mistik mövqelər zəifləyir.
Altıncısı, XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikri üçün, ölkənin milli
müstəqilliyi; suverenliyi və demokratik inkişafını türkçülük, islamçılıq və müasirlik mənəvi
prinsipləri ilə vəhdətdə həyata keçirilməsində görən xüsusi fəlsəfi-ideya cərəyanı də mövcud
idi. Bu cərəyanın xalqımızın milli mənlik şüurunun oyanmasında, öz soy kökünə və mütərəqqi
milli dəyərlərə qayıtmasında, müstəqil Azərbaycan dövlətçiliyi ideyalarının yaradılması və
reallaşmasında (1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyəti) böyük mütərəqqi
xidməti olmuşdur. Həmin ideya cərəyanının yaradıcıları və təbliğatçıları əsasən
M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, A.Topçubaşov, Q.Vəzirov və b. olmuşlar.
Abbasqulu ağa Bakıxanov Qüdsi 1794-cü ildə Bakının Xilə (indiki Əmircan) kəndində
anadan olmuş, ilk təhsilini burada almış, sonra Qubaya atasına məxsus olan Əmsar kəndinə
köçmüş, bir sıra Şərq və rus dillərini, ilahiyyat, ədəbiyyat və fəlsəfə elmlərini öyrənməyə
başlamışdır. Sonradan o, Tiflis şəhərində işləmiş, 1828-ci ildə baş komandanın dəftərxanasında
Şərq dilləri üzrə tərcüməçi işləmiş, hərbi xidmətdə polkovnik rütbəsinə qədər yüksəlmişdir.
Abbasqulu ağa Bakıxanov 1826-1829-cü illər Rusiya, İran və Türkiyə müharibələrində,
Türkmənçay sülh müqaviləsinin bağlanılmasında iştirak etmiş, Polşada, Peterburqda olmuş,
1835-ci ildə Qubaya qayıdaraq orada "Gülüstan" adlı ədəbi məclis düzəltmiş, elmi və ədəbi
yaradıcılıqla məşğul olmuşdur. O, 1846-cı ildə Məkkə ziyarətinə getmiş, bir neçə ay sonra isə
Təbrizə, Tehrana, İstanbula, Ərəbistana səyahət etmiş, 1847-ci ildə Məkkə və Mədinə şəhərləri
arasında yerləşən Fatimə vadisində vəfat etmişdir.
Abbasqulu ağa Bakıxanovun "Qüdsün bağları", "Müxtəsər qrammatika", "Qəribəliklərin
kəşfi", "Əxlaqın islahı", "Tərəzinin mahiyyəti", "Kainatın sirrləri", "İşıqlar taxçası",
"Gülüstani-İrəm" adlı əsərlərində dilçilik, məntiq, əxlaq, tarix, fəlsəfə, psixologiya, coğrafiya
və digər elmlərdən, onların öz dövrü üçün aktual problemlərindən söhbət salınır, onlara
müəllifin öz münasibəti bildirilir və mühüm tövsiyələr verilir.
A. Bakıxanovun yaradıcılığında onun 1841-ci ildə yazdığı "Gülüstani-İrəm" əsəri mühüm
yer tutur. Bu əsərdə Azərbaycanın və Dağıstanın qədimdən 1813-cü ilə qədərki tarixinin
mənbələr əsasında şərhi, müxtəlif tarixi dövrlərin siyasi xarakteristikası verilmiş, ölkənin
mədəni tarixi həyatı məsələləri işıqlandırılmışdır. Bakıxanov bu əsərdə tarixə sadəcə
rəvayətlər, hekayətlər toplusu kimi yanaşmamış, tarixin mənasından, onun bəşəri yaddaş və
əxlaqi bir elm olmasından bəhs etmişdir. O, göstərmişdir ki, tarix insan nəsilləri arasında,
müxtəlif xalqlar arasında mövcud olan əlaqənin saxlanmasının ən böyük vasitəsidir. Ona görə
də tarixə, onun öyrənilməsinə faydalı bir məşğələ kimi yanaşmaq lazımdır.
Abbasqulu ağa Bakıxanovun dünyagörüşü islama uyğunlaşdırılmış klassik fəlsəfə
əsasında təşəkkül tapmışdır. O, hikmətin (fəlsəfənin) məqsədini təhsil və maariflənməkdən
ibarət saymışdır. Bununla yanaşı, o, varlığın peripatetizm və panteizmdə araşdırılan ən ümumi
prinsiplərini islam ehkamlarının izahı kimi təqdim etmişdir. Onun fikrincə, varlığın vaçib və
35
mümkün varlığa bölünməsi, vahiddən çoxun çıxarılması, çoxun təkdən törənməsi təhqiqat və
hekayət əsərlərindən formalaşmışdır. Əslində isə vahiddən zəruri surətdə törəmə Allahın
yaradıcılıq işindən başqa bir şey deyildir. Allahın əvvəlcə yaratdığı varlıq dunyada şeyləri tam
əhatə etmək noqteyi-nəzərdən əql (ağıl), işləri nizamlamaq baxımından qələm, ilkin və son
olması baxımından işıq və ya nurdur . Allahın vahidliyini onun təkliyindən ibarət sayan
A.Bakıxanov yazır ki, "çoxluğun mövcudluğuna baxmayaraq, o, öz vahidliyində qalır.
Dəyişiklik yalnız onun zahiri təyinlərində olur, özü isə zaval tapmaz." "Onun özundən başqa
hər şey məhv olacaqdır" ayəsini bu münasibətlə təkrarlayan A.A.Bakıxanov dini və fəlsəfi
təfəkkurün eyniyyətindən çıxış etmiş, Allahı hər şeyi özündə ehtiva edən varlıq kimi
əsaslandırmağa çalışmışdır.
A.Bakıxanov fəlsəfəni metafizika ilə eyniləşdirməklə əslində Aristotelçilik mövqeyində
durmuş, varlıq və yoxluğun nisbətində dünyanı bir haldan başqa hala keçən proses kimi
təsəvvür etmişdir. Onun fikrincə, varlıqda yoxluq bir haldan başqa hala keçmək deməkdir.
Bütün şeylər bir şəkildən başqa şəklə girmək üçün həlak olur. Lakin bu dəyişiklik mütləq
aləmin intizamı dairəsindən kənara çıxmaz.
O, eyni zamanda dünyanın quruluşundan, səma cisimlərinin meydana gəlməsi və ondakı
dəyişikliklərdən də bəhs etmiş, hərəkəti Kainatdakı bütün dəyişikliklərin əsası adlandırmışdır.
Astronomiyadakı iki nəzəriyyəyə münasibətini bildirərkən A.A.Bakıxanov düzgün elmi
mövqedə dayanaraq N. Kopernikin heliosentrik sistemini müdafiə etmişdir. O, göstərirdi ki,
Kopernikin heliosentrik nəzəriyyəsi sanballı dəlillərlə əsaslandırıpmışdır, o, Quran ayələri ilə
də müdafiə oluna bilər. Onun fikrincə, "kəhkəşanda günəşdən savayı ulduzlar çoxdur. Hər bir
səyyarə özü bir aləmdir. Bizim aləmimiz də həmin səyyarələrdən biridir."
A.A.Bakıxanov özünün məntiqə dair fikirlərini "Tərəzinin mahiyyəti" ("Tərəzi gözü",
"Eyn-əl-Mizan") əsərində ifadə etmişdir. Əsərin "Tərəzinin gözü" adlandırılması ondan irəli
gəlir ki, məntiq də fikirləri tərəzi gözü kimi çəkir, onun düzgünlüyü və ya yalanlığı dərəcəsi
yoxlanılır. O, məntiqi peripatetizm istiqamətində anlayaraq onun əhatə etdiyi problemləri
təsəvvurlər və təsdiqlər olmaqla iki yerə bölür, onların hər birisinin mə'na və məzmununu açıb
göstərir. Onun fikrincə, muhakimələr və ya hökmlər təsdiqin başlanğıcları (muqəddimələri),
sillogizm (əqli nəticə) və onun növləri isə təsdiqin məqsədləridir. O, eyni zamanda
mühakimələri qəti və şərti olması nöqteyi-nəzərindən öyrənmiş, qəti mühakimələri birləşdirici
və bölücü mühakimələr növləri kimi araşdırmışdır.
A.A.Bakıxanovun fəlsəfi dünyagörüşü onun əxlaqa, etikaya dair fikirləri ilə başa çatır. O,
əxlaqa saflığı və kamilliyi həqiqətdə axtararaq göstərir ki, "ürəyin aynası küdurətin pasından
təmizləndikdə bütün şeylərin həqiqətini əks etdirən və haqqı göstərən bir güzgüyə çevrilir."
"Ürək nəfsini pisliklərdən təmizlənsə, Allahın işıqlarını əks etdirər". O, insana cəmiyyətdə
yaşayıb fəaliyyət göstərən, öz ağlı və iradəsi ilə sərbəst hərəkət edən varlıq kimi yanaşaraq
göstərir ki, o, cəmiyyət qarşısında məs'uldur, öz öhdəsinə düşən borcları, vəzifələri
unutmamalıdır. Onun fikrincə, insan həmişə yaxşılıq etməyə çalışmalı, öz əxlaqını təmizləyib
36
islah etməlidir. Çünki bilik əldə etməyin məqsədi yaxşılıqdan ibarətdir. Onsuz görülən iş
bəhrəsiz ağac kimi bir şeyə bənzəyər.
Abbasqulu ağa Bakıxanova görə xeyirxahlığın, yaxşılığın, müsbət əxlaqi keyfiyyətlərin
ölçüsü ədalət və insafdır.
Abbasqulu ağa Bakıxanov əməksevərlik, təvəzökarlıq, düzlük, mənəvi saflıq və digər
müsbət kamilliyə nail olmaqda elmin, maarifin roluna böyük üstünlük vermişdir. O, əxlaqda
rasionalizmə istinad edərək göstərmişdir ki, insan öz davranış qaydalarını düşünüb seçməli, bu
işdə ağlın gücünə arxalanmalı, ağılla elmdən böyük bir sərvətin olmadığını dərk etməlidir.
XIX əsrin görkəmli mütəfəkkir, maarifçi və alimlərindən biri də, yaradıcılığı ilə
Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin
professoru Mirzə Məhəmməd Əli Kazım bəy idi. Bir neçə Şərq və Avropa dillərini bilən, rus
şərqşünaslığının banilərindən olan Mirzə Kazım bəy XIX əsr Asiya və Avropanın elmi
dairələrində şöhrət qazanmışdı. Mirzə Kazım bəyin mədəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi
və fəlsəfi cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və qnoseologiya
problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri elmi dəyəri,
çoxşaxəliliyi və orijinallığı ilə fərqlənir. Mirzə Kazım bəy xurafatın əleyhinə çıxmış, maarifi və
elmi yüksək dəyərləndirmişdir. O, elmin milli və bölgə zəmininin olmasının vacibliyini xüsusi
qeyd edirdi: “Qərb öz siyasəti ilə Asiyada maarifi bərpa edə bilməz… ölkənin islahatçıları
ölkənin özündə doğulmalıdırlar”. M.Kazım bəyin “Bab və babilər” əsərində təbiətin bir-
birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) aləmdən ibarət olmasından,
təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığından bəhs
olunur. Onun “Firdövsiyə görə mifologiya” əsərində müxtəlif bölgə mifləri, onların mənşəyi və
təşəkkülündə ədəbi və dini təfəkkür formaları və psixoloji amillər tədqiq edilmiş, “Şamil və
müridizm”, “Bab və babilər” kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş
Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik
görüşlərinin elmi şərhi verilmişdir.
Azərbaycanda Maarifçiliyin fəlsəfi ideyalarının yayılması və inkişafında şair-mütəfəkkir
Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani və b. özlərinə məxsus yer tutmuşlar.
Dostları ilə paylaş: |