Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


maddi mövcudatdır. O, eyni zamanda əməyin, sosial münasibətlərin və nitqin



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix08.06.2023
ölçüsü0,59 Mb.
#127081
1   2   3   4   5   6   7   8   9   10   11
292 felsefe m N11felsefede insan problemi eyani

maddi mövcudatdır. O, eyni zamanda əməyin, sosial münasibətlərin və nitqin 
köməyi ilə həyata keçirilən ünsiyyətin subyektidir” 
Bioloji qəbildən olan amillər insanın fərdi və təkrarolunmaz xassələrini 
(valideynlərdən irsən keçən genlərin məcmusu) müəyyən edir. Doğrudur, genlərin 
məzmununa görə oxşar adamlar vardır. Lakin tam eyni olanlar yoxdur. Genlər yalnız 
həmin adamın əlamətlərini göstərən informasiyanın daşıyıcısıdır. 
İnsanda bioloji və sosial tərəflərin vəhdəti necə təzahür edir? Uşaq doğulan kimi 
onda bu vəhdət qərarlaşır. Başqa sözlə o, təkcə anatomik və fizioloji keyfiyyətlərə malik 
olmur. Onda həm də genetik surətdə keçən insani xassələrin rüşeymləri vardır. Deməli, 
insanın bioloji təbiətini müəyyən edən irsiyyət mexanizmi, həm də özündə onun sosial 
mahiyyətini əhatə edir. Bu onda ifadə olunur ki, irsiyyət nəticəsində uşaq bir sıra 
instinktlərə malik olur. Məsələn, böyükləri, onların hərəkətini və səslərini təqlid edir, hər 


23 
şeyə maraq göstərməyə başlayır. O qəmlənməyi, qorxmağı, sevinməyi və gülməyi 
bacarır. Beləliklə, uşaq dünyaya məhz sosial mahiyyət kimi gəlir. Doğrudur, o hələ 
sözün tam mənasında insan deyildir. Obrazlı şəkildə desək, o, hələ insanlığa namizəddir. 
0, tədricən sosial həyata və mədəniyyətə qovuşmaq gedişində insanlıq keyfiyyətlərini 
tam dolğunluğu ilə əldə edir. 
Bu gün elmdə belə bir fikir əsas yeri tutur ki, uşaq doğularkən öz-özlüyündə 
insani qabiliyyətlər deyil, onların ilkin müqəddəm şərtləri irsən keçir. Başqa 
südəmərlərdə olduğu kimi insanda da, genetik material onun xromosomlarındakı DNT 
turşularıdır. Nəzərdə tutaq ki, hər bir hüceyrənin xromosomları özündə bir neçə milyon 
geni əhatə edir. Həm də genetik imkanlar və müqəddəm şərtlər uşağın insanlarla 
ünsiyyəti prosesində reallaşır. Bu o deməkdir ki, bioloji amillərin özü də bir çox 
cəhətdən sosial mühitdə həyata keçir. Məsələn, əgər uşağın genində musiqi imkanları 
olsa belə, onun musiqi ilə məşğul olmasına sosial şərait yoxdursa, bu imkanlar reallaşa 
bilməz. 
Həm də qeyd olunmalıdır ki, insanın genetik potensialının reallaşması vaxt 
amilindən çox ciddi surətdə asılıdır. Belə ki, potensial imkanlar öz vaxtında həyata 
keçirilməzsə, onlar zəifləyə və sönə bilir. Məsələn, kiçikyaşlı uşaqlar müəyyən səbəblər 
üzündən cəngəlliklərə düşüb, heyvanlar arasında bir neçə il olduqdan sonra yenidən 
cəmiyyətə qaytarıldıqda çox çətinliklə dil öyrənirlər. Onlarda insani vərdişlər və psixiki 
funksiyalar çox pis inkişaf edir. Bu qəbildən olan çoxlu faktlar sübut edir ki, insan 
davranışı və fəaliyyətinin əsas cəhətləri yalnız sosial varislik yolu ilə sosial proqramın 
mənimsənilməsi (tərbiyə və təhsil vasitəsilə) prosesində əldə edilir. 
İrsiyyət ilə sosial mühitin qarşılıqlı təsiri insanın bütün həyatı boyu özünü 
göstərir. Lakin bu qarşılıqlı təsir insan orqanizminin formalaşması dövründə (embrional, 
südəmər, uşaqlıq, yeniyetmə və gənclik dövründə) xüsusən mühümdür. 
İnsanın bütün mənəvi dünyası onun ictimai həyatının inikasıdır. Belə ki, hər bir 
insanın praktiki hərəkətləri bəşəriyyətin tarixən qərarlaşmış olan ictimai praktikasının 
fərdi təzahürüdür. İnsanın istifadə etdiyi əmək alətlərində cəmiyyətin işləyib hazırladığı 
müəyyən bilik və vərdişlər təcəssüm olunur. Onlara əsaslanmaqla insan bu alətləri işlədə 
bilir. Hər bir insan fəaliyyətə başlayarkən ona qədər olan təcrübəyə arxalanır. Bir sözlə, 
insanı heyvandan ayıran bütün yaxşı əlamətlər onun cəmiyyətdə yaşaması nəticəsidir. 
Beləliklə, insanda bioloji, psixiki və sosial səviyyələrin vəhdəti iki hissədən əmələ 
gəlir: təbii (irsi) və sosial (həyatda qazanılan). Əlbəttə, hər bir fərd göstərilən 
səviyyələrin riyazi məcmusu deyildir, onların inteqral birliyidir. Məhz bu birlik insanı 
yeni keyfiyyət vəziyyətinə - əsl insan şəxsiyyəti vəziyyətinə gətirib çıxarır. Vaxtilə 


24 
Aristotel insanı "siyasi heyvan" kimi səciyyələndirirdi. Bu fikir insanda bioloji və sosial 
başlanğıcların vəhdətdə olduğunu göstərir. 
İnsan hələ uşaq yaşlarından sosial həyata qovuşmağa başlayır, öz əhatə dairəsini 
genişləndirir. O, özünün və mənsub olduğu xalqın keçmişini, bütövlükdə bəşəriyyətin 
yaratdığı mənəvi sərvətləri öyrənir. 
İnsanın təhlilində morfoloji və fizioloji səviyyədən başlayaraq, onun psixofizioloji 
və mənəvi strukturuna doğru getmək olar. Bu halda biz insanın sosial-psixoloji 
dünyasına daxil oluruq. İnsan öz bədəni ilə təbiət obyektləri sırasına aiddir. Bu o 
deməkdir ki, onun orqanizmi təbiət qanunauyğunluqlarına tabedir. Digər tərəfdən o, 
sosial varlıq kimi cəmiyyətin, onun mədəniyyətinin, bütövlükdə bəşəriyyətin ayrılmaz 
tərəfidir. Doğrudan da, cəmiyyətdən kənarda götürülən insan dənizdən quruya çıxarılmış 
balığa bənzəyir. İstənilən adamı öz ailəsindən, qohumlarından, işlədiyi kollektivdən, 
mənsub olduğu millətdən və bütövlükdə cəmiyyətdən kənarda təsəvvür etmək mümkün 
deyildir. 
İnsanda sosial ilə biolojinin vəhdəti heç də o demək deyildir ki, bu tərəflərin hər 
birini müstəqil öyrənmək olmaz. Bu nəinki mümkündür, hətta zəruridir. Çünki bioloji ilə 
sosialı bir-birindən ayırmadan onu dərindən araşdırmaq ağlasığmazdır. Məsələn, insanın 
təbii-bioloji keyfiyyətlərini öyrənərkən, onun sosial mahiyyətindən müəyyən qədər sərf-
nəzər edirik. Əsas diqqətimizi məhz bu sahənin təhlilinə yönəldirik. Eynilə də insanın 
sosial varlığı tədqiqat obyekti kimi götürüldükdə, onun bioloji orqanizm olması və canlı 
aləmi səciyyələndirən ümumi qanunlara tabeliyi bir kənara qoyulur. Bu halda fikrin 
istiqaməti insanın sosial münasibətləri sistemində yeri və rolunun, cəmiyyət üzvləri ilə 
ünsiyyətinin üzə çıxarılmasına yönəlir. 
Əlbəttə, deyilənlərdən belə nəticə çıxarmaq düzgün olmazdı ki, insanda sosial və 
bioloji amillərin rolu eynidir. Şübhə yoxdur ki, insanın mahiyyəti və təbiəti daha çox 
sosial keyfiyyətlər ilə müəyyən olunur. Bu mənada bioloji əlamətlər nisbətən arxa 
planda özünü göstərir. Lakin bu o demək deyildir ki, insanın bioloji təbiətini nəzərə 
almamaq olar. Xüsusilə də müasir elmi-texniki inqilab əsrində insan biologiyasına laqeyd 
münasibət yolverilməzdir. Belə ki, indiki şəraitdə elmi-texniki inkişaf insanın 
mövcudluğu və fəaliyyətinin bioloji əsaslarına ciddi pozucu təsir göstərir. Müxtəlif əsəb-
psixiki stresslərin çoxalması, ətraf mühitin, suyun, havanın və torpağın çirklənməsi 
insanın özünün bioloji növ kimi gələcək mövcudluğunu ciddi təhlükə altına alır. Buna 
görə də insanda bioloji və sosial tərəflərin nisbəti məsələsini yeni tərzdə mənalandırmaq 
tələb olunur. Doğrudur, başqa canlılarla müqayisədə insanın ətraf mühitin müxtəlif 
amilləri və şəraitinə uyğunlaşmaq imkanları daha genişdir. Lakin nəzərdə tutulmalıdır ki, 
bu imkanlar sonsuz deyildir, tükənə bilər. İndiki texniki sivilizasiya insanın əmək 


25 
fəaliyyətinin müxtəlif sahələrində və ünsiyyət prosesində artmaqda olan əsəb gərginliyi, 
psixoloji yük, ürək-damar xəstəlikləri, psixiki pozuntuların sayının çoxalması ilə 
müşahidə olunur. Təhlükəli cəhət həm də budur ki, insan lax vaxt ətraf mühitdə baş 
verən dəyişikliklərin ona güclü mənfi təsirini birdən-birə və bilavasitə hiss etmir. Həmin 
təsir bir müddət keçdikdən sonra özünü biruzə verir. Bu isə onlara qarşı vaxtında 
mübarizə aparılmasını, qüvvələrin və imkanların səfərbər edilməsini çətinləşdirir. 
Deyilənlərdən bir daha aydın olur ki, insanda bioloji tərəfin rolunu lazımi 
qiymətləndirmək son dərəcə zəruridir. 
İnsanda bioloji və sosial tərəflərin nisbətini düzgün müəyyənləşdirmək o qədər də 
asan məsələ deyildir. İnsana xalis kulturoloji səpkidə yanaşma və yaxud dar bioloji 
baxımdan yanaşma labüddən bioloji ilə sosialın nisbətinin bəsit izahına gətirib çıxarır. 
Bu əsas üzərində də insanın bioloji tərəflərinin şişirdilməsi (panbiologizm) və yaxud da 
sosial amillərin mütləqləşdirilməsi (pansosiologizm) kimi səhvlər özünü göstərir. Buna 
arxalananlar insanın sosial nöqsanı onun qarşısıalınmaz bioloji keyfiyyətləri ilə izah 
edirlər. 
İnsanda sosial ilə biolojinin vəhdəti ona ümumi mənada hərtərəfli və kompleks 
yanaşmanın vacib şərti hesab olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi təxminən 30-
40 min il bundan əvvəl yaranmış zəkalı insan bioloji təkamülün nəticəsidir. Bəs bioloji 
təkamül bundan sonra da davam edirmi? Başqa sözlə desək, o vaxtdan özünü göstərən 
sosial həyatın yeni təşkili formaları (əmək fəaliyyəti, mədəniyyətin inkişafı, həyat 
tərzindəki dəyişikliklər) bioloji təkamülə təsir etmişdirmi? 
Bu suallara cavab verərkən göstərilməlidir ki, insanda təkamül daim baş verən 
prosesdir. Amma bu daha çox onun sosial həyatına aiddir. Bioloji təkamülə gəlincə isə 
qeyd olunmalıdır ki, insan heyvanlar aləmindən ayrıldıqdan sonra o, özünün həlledici 
rolunu tədricən itirməyə başlayır. Adi bir misal gətirək. Sağlamlığı o qədər də möhkəm 
olmayan adamlar təbabətin nailiyyətlərindən istifadə etməklə ömrünü müəyyən qədər 
uzadır və ictimai həyatda fəal iştirak edə bilirlər. Bu onu göstərir ki, sosial həyatda təbii 
seçmənin miqyası və gücü xeyli azalır. Belə ki, tibbi yeniliklər və həyatın sosial təşkili 
fərdi bioloji dəyişkənliyə zəiflədici təsir edir. Məsələn, XIX əsrin ortalarına doğru vərəm 
xəstəliyindən ölənlərin sayı hər milyon nəfərə 4000 nəfər olmuşdursa, hazırda bu 
göstərici 13 nəfərə enmişdir. Bu o deməkdir ki, vərəmə müqavimət göstərmə üzrə təbii 
seçmə demək olar ki, dayanmışdır. Eyni fikri bir sıra başqa xəstəliklər haqqında da 
söyləmək olar. 
Hazırda təbii seçmə gedişində yaranan genetik dəyişikliklər zəif şəkildə özünü 
göstərir. Müxtəlif insan qrupları arasında genetik yaxınlıq çoxdur, digər tərəfdən 
bəşəriyyətin sosial və mədəni təkamülü nəticəsində insanların həyatında böyük 


26 
dəyişikliklər baş verməkdədir. İnsanların həyat şəraitinin yaxşılaşması, onların 
sağlamlığına birbaşa təsir göstərir. Nəticədə insanın təbii seçmədən asılılığı azalır. 
Müasir dövrdə təbii seçmənin rolu əsasən genefondun qorunmasında və insanın 
sağlamlığına mənfi təsir edən situasiyaların qarşısının alınmasında ifadə olunur. 
Bütün bunlar ona dəlalət edir ki, insanın bioloji növ kimi təkamülü zəkalı insan 
yarandıqdan sonra çox zəifləmişdir. Bu müddət ərzində insanın beyni də elə bir ciddi 
morfoloji dəyişikliyə uğramamışdır. Cəmiyyət yarandıqdan sonra genetik informasiya 
insanın həyatında oynadığı başlıca rolu itirməkdədir. Onu tədricən sosial informasiya 
əvəz edir. Sonuncu o deməkdir ki, ən ağıllı və istedadlı insanlar təbii seçimdən daha çox 
sosial amillər ilə müəyyən olunur. Ümumbəşəri proses də həmin amillərə tabedir. 
Bioloji növün inkişafı baxımından bəşəriyyətin gələcək taleyi məsələsi də mühüm 
əhəmiyyət kəsb edir. Bu münasibətdə iki bir-birinə zidd baxış mövcuddur. Birinci 
mövqenin tərəfdarları göstərirlər ki, genomun (genetik inkişafı proqramının) tənəzzülü 
nəticəsində bütün heyvan və bitki növləri tədricən öləcəkdir. İkinci mövqeni təmsil 
edənlərin fikrincə (bunlar daha geniş yayılmışdır) əsas təhlükə insan növünün 
qocalmasında deyildir. Ondadır ki, biosferanın çirklənməsi güclənir, zərərli maddələrin 
mutasiya prosesinə mənfi təsiri artır. 

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin