Sual 1. Dialektikanın mahiyyəti və strukturu Dialektika yunan sözü olub mübahisə etmək, müsahibə aparmaq bacarığı deməkdir.
Dialektika quldarlıq demokratiyasının inkişafı ilə əlaqədar olaraq mübahisə etmək, öz
fikrilərini sübuta yetirmək, adamları ona inandırmaq, özünün haqlı olduğunu
əsaslandırmaq və bununla da dövlət, məhkəmə və başqa işlərin müzakirəsi zamanı
tərəfdarlar qazanmaq bacarığının yüksək qiymətləndirildiyi qədim yunan fəlsəfəsində
meydana gəlmişdir.
Qədim Yunanıstanda dialektika dedikdə, müsahibə yolu ilə müsahibin
mühakimələrindəki ziddiyyəti aşkara çıxarmaq, həqiqəti sübuta yetirmək sənəti başa
düşülürdü. O zaman xüsusi hazırlıq və böyük ustalıq tələb edən dialoq sənəti onun
iştirakçılarının müzakirə olunan məsələlər ətrafında bir-birlərinə suallar verən alternativ
nöqteyi-nəzəri başa düşməyi, onun nöqsanlarını, ziddiyyətlərini aşkara çıxarmaqla öz
mövqeyinin üstünlüyünü sübuta yetirməyi ehtiva edirdi. Mübahisə prosesində
müsahiblərin şərik olduqları bir iddiadan hər iki tərəfin mühakimələrinin cilalandığı
üçün başqasına doğru getməklə mövqelər yaxınlaşır və daha düzgün olur. Nəticədə
müxtəlif mövqelər nəzərə alınmaqla mühakimələrin birtərəfliliyi aradan qaldırılır,
həqiqətə yaxınlaşırdı.
Belə ictimai polemika praktikası böyük dialoq ustası olan Sokratın fəaliyyətində
geniş tətbiq olunmuşdur. O, dialektikaya, müxtəlif, hətta əks fikirlərin toqquşması və
uzlaşdırılması yolu ilə həqiqətin aşkara çıxarılması sənəti kimi baxırdı. Dialektikaya
mübahisə, dialoq sənəti kimi baxılması Orta Əsrlərdə və sonralar da davam etmişdir.
Uzun və mürəkkəb inkişaf yolu keçərək dünyanı dərk etməyin və dəyişdirməyin yeganə
həqiqi fəlsəfi metoduna çevrilən, dünyaya vahid, rabitəli bir tam kimi baxan, onu əbədi
hərəkətdə, dəyişmə və inkişafda götürən dialektika təbiət, cəmiyyət, təfəkkür və idrakın
ən ümumi inkişaf qanunları haqqında təlimə çevrilmişdir.