Materialist dialektikanın strukturu təbiətin dialektikası, cəmiyyətin
dialektikası, dialektik məntiq və idrak nəzəriyyəsindən ibarətdir.
Deyilənlərdən aydın olur ki, materialist dialektika eyni zamanda həm ontologiya,
həm məntiq, həm də qnoseologiya kimi çıxış etməklə onların vəhdətini təşkil edir.
Fəlsəfi elm olmaq etibarilə dialektikanın mürəkkəb xarakteri onun funksiyaları vasitəsilə açılır. Həm də bu halda dialektikanın funksiyalarının məzmunu
onun predmeti, sistemi və strukturu ilə müəyyən olunur. Materialist dialektikaya təbiət,
cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında elm kimi verilən
tərifdə onun funksiyaları öz ifadəsini tapmışdır. Həmin funksiyalar aşağıdakılardır:
a) Ontoloji funksiya. Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun
təbiət və cəmiyyətin hərəkəti və inkişafının ən ümumi qanunları haqqında elm
olmasında tapır. Dialektikanın qanunları xarici aləmin inkişafının obyektiv, həqiqi
qanunları olduğundan fəlsəfi elm kimi dialektika hər şeydən əvvəl təbiət və cəmiyyət
haqqında elmlərin nailiyyətlərinə istinad edərək təbiətdə və cəmiyyətdə baş verən
hadisələrin dialektik xarakterini tədqiq etməlidir.
b) Məntiqi funksiya. Materialist dialektikanın bu funksiyası onun həm də təfəkkür
haqqında elm olması ilə səciyyələnir. İdrak prosesində bütün elmlər öz anlayış və
kateqoriyalarını işləyib hazırlamaqda məntiqi təfəkkürün formalarından istifadə etsələr
də, bunların heç biri tədqiqatın məntiqini öyrənməklə məşğul olmur. Bu vəzifəni yalnız
məntiq olmaqla dialektika yerinə yetirir. Lakin məntiq olmaq etibarilə dialektikanı nə
formal məntiqlə, nə də elmi tədqiqatın məntiqi ilə eyniləşdirmək olmaz. Belə ki, bu
sonuncular xüsusi elmlər sahəsinə aid olub, dialektikanın tərkibinə daxil olmurlar.
Dialektika həm də dialektik məntiqdir, bu sonuncu isə materialist dialektikanın ən dərin
ifadəsidir.